Facebook Twitter WhatsApp

Zəkat kimlərə verilər

Sual: Ana və ataya zəkat verilərmi Kimlərə verilməz

CAVAB: Anaya, ataya, babaya, nənəyə, övlada, nəvəyə, arvada və kafirə zəkat verilməz. Kasıb olmaq şərti ilə gəlinə, kürəkənə, qayınanaya, qayınataya, qayına, ögey uşağa zəkat verilər. Xala, əmi, dayı, bibi kimi qohum-əqrabaya zəkat vermək daha çox savabdır. İmameynə görə borclu və kasıb kimsəyə, xanımı zəkat verə bilər. (Məvkufat)

Sual: Kasıb bir uşağa zəkat vermək istəyirəm. Yaşı kiçik olduğu üçün zəkatı atasına verə bilərəm

CAVAB: Bəli.

Sual: Zəkat verən zəngin birisi zəkatını başqa zəngin bir kimsənin kasıb uşağına və ya kasıb xanımına, yaxud zənginin kasıb atasına verə bilərmi

CAVAB: Bir kimsə zəkatını başqa bir zənginin kiçik oğluna verə bilməz, amma zənginin böyük uşağına, zənginin xanımına və ya zənginin atasına kasıb isələr zəkat verə bilər. (S.Əbədiyyə)

 Burada böyük demək həddi-buluğa çatmış deməkdir. Kiçik isə hələ ki, həddi-buluğa çatmamış deməkdir.

Sual: Qızımın övladlığa götürdüyü uşağa zəkat verə bilərmi

CAVAB: Qızınızın övladlığa götürdüyü uşaq onun uşağı olmadığı kimi, sizin də nəvəniz deyil. Ona zəkat verə bilərsiniz. Hətta, qızınız da ona zəkat verə bilər.

Sual: Kasıb qardaşa zəkat verilərmi

CAVAB: Bəli.

Sual: Bacıma zəkat verə bilərəm

CAVAB: Bacınız və ya onun uşaqları əgər zəngin deyillərsə, zəkatınızı onlara verməyinizdə hər hansı bir maneə yoxdur.

Sual: Bir kasıb aldığı zəkatı hər hansı bir zənginə və ya birbaşa zəkat verən zənginə hədiyyə etsə, zənginin o pulu istifadə etməsi caiz olar

CAVAB: Kasıb aldığı zəkatı zənginə verə bilər. Verdiyi hədiyyə olar. Zənginin bunu alması halal olur. Çünki kasıb öz şəxsi mülkündən vermişdir. Bir hədisi-şərif məalı belədir

Bu beş Müsəlman zəngin zəkat ala bilər

1- Allah yolunda cihad edən,

2- Zəkat toplamaqla vəzifəli olan,

3- Borclu və borcunu ödəyə bilməyən zəngin,

4- Öz məmləkətində zəngin olduğu halda, olduğu yerdə pulsuz qalan və çox alacağı varsa da, ala bilməyib möhtac qalan.

5- Kasıb aldığı zəkatı zənginə hədiyyə edərsə, zəngin bunu ala bilər. [Əbu Davud]

Sual: Zəkatı hər kasıba vermək olar

CAVAB: Malını israf edənə, haramda istifadə edənə zəkat və fitrə vermək uyğun deyildir. Verilərsə savabı az olar.

Saleh olmayan kasıb Müsəlmana da zəkat vermək səhihdir. Fəqət salehlərə verib, onları üstün tutmaq çox savabdır. Fasiqə zəkat vermək quraq yerə əkin əkməyə bənzər, birə 3-5 alına bilər. Salehlərə vermək isə münbit torpağa əkin əkməyə bənzər. “Sulaq”, verimli torpağa toxum atılarsa daha çox məhsul alınar.

 Kafir digər ibadətlər kimi zəkat verməklə də mükəlləf deyildir. Qeyri-müsəlmana zəkat vermək caiz deyildir. Rəsulullah (sallallahu aleyhi və səlləm) Muaz ibn Cəbəl həzrətlərini Yəmənə göndərərkən zəkatın və uşrun kimlərdən alınıb, kimlərə veriləcəyini belə buyurmuşdu “Müsəlman zənginlərindən al, kasıblarına ver”.(Buxari)

 Bu hədisi-şərifi açıqlayan alimlər zəkatın Müsəlman zənginlərdən alınacağını və onların (Müsəlmanların) kasıblarına veriləcəyini, qeyri-müsəlmana verilməyəcəyini bildirmişlər.

Sual: Qohum-əqrabaya sədəqə, zəkat vermək çox savabdır deyirlər. Amma mənim qohumlarım fasiqdirlər. Verdiyim pula gedib içki içəcəklər. Onlara da zəkat və sədəqə vermək lazımdır

CAVAB: Saleh qohumlara verib, onları üstün tutmaq lazımdır. Çünki zəkatı saleh olan kasıb qohuma vermək daha savabdır. Hədisi şərifdə “Kasıb qohumu var ikən başqalarına verilən zəkatı Allahu təala qəbul etməz” buyruldu. Yəni, zəkat borcundan qurtulsa da, zəkatdan hasil olan böyük savaba qovuşa bilməz.

Sual: Zəkat verilərkən saleh olmayan yaxın qohumamı, yoxsa qohum olmayıb saleh olan başqa birisinəmi vermək daha yaxşıdır

CAVAB: Saleh olanı seçmək lazımdır.

Sual: “Harbi” və ya “zimmi” olan qeyri-müsəlmana zəkat verilərmi

CAVAB: “Zimmi” İslam idarəsi altında yaşayan qeyri-müsəlman vətəndaşa deyilir. “Harbi” zimmi olmayan qeyri-müsəlman deməkdir. Dörd məzhəbdə də qeyri-müsəlmana zəkat verilməz. (Məzahibi Ərbəa)

Sual: Məmur fitrə, zəkat ala bilərmi

CAVAB: Dinən zəngin olmayan kimsə, dolğun maaşlı məmur da olsa fitrə və zəkat ala bilər. Ehtiyacı olan əşya və borclarından artıq olan zəkat nisabı qədər malı, pulu olan Müsəlmanın fitrə verməsi vacib olur. Fitrə, zəkat alması haram olur.

 Fitrə nisabına qatılacaq malın ticarət üçün olması şərt olmadığı kimi, əlində bir il qalmış olması da lazım deyil. (Dürrül muxtar)

 El arasındakı zənginliklə, dinin bildirdiyi zənginlik fərqlidir. Nisab miqdarı malı və ya pulu olmayan bir kimsənin lyuks avtomobili olsa da zəngin sayılmaz. Əksinə, evi olmayan, kirayədə qalan bir kimsə nisab miqdarı pula, qızıla və ya ticarət malına sahib isə dinən zəngin sayılır. Belə bir kimsənin zəkat verməsi lazımdır və zəkat alması caiz olmaz.

 Nisaba malik olmayan hər kəs kasıb sayılır və zəkat ala bilər. Nisaba maliksə fitrə verməsi vacib olur. Məmur 600 manat maaş alırsa, fəqət nisaba malik deyilsə, yəni borclarını çıxdıqdan sonra nisab miqdarı pulu, malı qalmırsa kasıb sayılır. Əksinə yüksək maaş alan bir kimsə, borclarını çıxdıqdan sonra nisaba malik isə zəngin sayılır və fitrə verməsi lazımdır. (Rəddül Muxtar)

Sual: Zəkat olaraq verəcəyim miqdar, borcu olmayan bir kasıba nisab miqdarından artıq verilə bilər

CAVAB: Artıq olmaz. Artıq olarsa zəkat məkruh olur. Əgər o kasıbın uşağı, xanımı varsa, məsələn, bir evdə üçü də kasıb isələr verilən zəkat üçə bölünər. Hər birinə verilən miqdar nisabı keçmirsə məkruh olmaz. Uşağın kiçik olmasının zərəri yoxdur. Yetər ki, kasıb olsun.

Sual: Kasıba 100 qr. qızıl zəkat verilsə, səhih olarmı

CAVAB: Kasıba verilən qızıl onu zəngin edəcək qədər artıq olmamalıdır. Borcsuz kasıba nisab miqdarı və ya daha çox zəkat vermək məkruh olur. Borclu kasıba borcunu ödəyib nisaba çatmayacaq qədər zəkat verilə bilər. Məsələn; kasıbın 80 qr qızıl borcu var isə o kasıbın 170 qr qızılı alması məkruh olmaz. Çünki borcunu ödədikdən sonra əlində nisab qədər pulu qalmır.

Sual: 1 kq. qızıl borcu olan kasıba 1 kq qızıl zəkat vermək caizdir

CAVAB: Bəli.

Sual: Zəkat və fitrə eyni insana verilə bilər Zəkat bir neçə şəxsə bölünərək verilə bilərmi

CAVAB: İkisinə də olar.

Sual: Əldəki pul nisabdan aşağı düşərsə zəkat almaq caiz olar

CAVAB: Qurban nisabına malik isə zəkat ala bilməz.

Sual: Zəkatı verib kasıb olan il dolmadan zəkat ala bilər

CAVAB: Qurban nisabına malik olmadığı gün zəkat ala bilər.

Sual: Dükanları, evləri olan zəkat nisabına malik deyilsə zəkat ala bilər

CAVAB: Ala bilməz.

Sual: Üç evini kirayə vermiş olan zəkat verməlidir Verməli deyilsə zəkat ala bilər

CAVAB: Birdən artıq ev zəkat nisabına daxil deyilsə də, qurban nisabına daxildir. Qurban nisabına malik olanın da zəkat alması haram olur. (Rədd-ül Muxtar)

Sual: Uşağa və dəliyə zəkat verilərmi

CAVAB: Atası zəngin isə uşağa zəkat verilməz. Atası kasıb isə kasıb olan uşağa zəkat verilər. Dəliyə də kasıb isə zəkat verilər.

 Uşağa, dəliyə veriləcək zəkat atasına, vəlisi olan qohumuna və ya qəyyumuna verilər. Zənginin kiçik oğluna kasıb olsa da zəkat verilməz; amma həddi-buluğa çatmış oğlu kasıb isə verilər. (S. Əbədiyyə)

 Sual: “Dini elm öyrənən tələbəyə zəngin də olsa zəkat verilər” deyilir. Mən hər gün dini kitab oxuyub, dinimi öyrənməyə çalışıram. Zəngin də olsam zəkat ala bilərəm

CAVAB: Dinini öyrənmək hər Müsəlmanın vəzifəsidir. Dini elm təhsil alan tələbə fərqlidir.

 Sual: Şafii məzhəbində qadın kasıb olan ərinə zəkat verə bilər

CAVAB: Bəli, verə bilər. (Mizan)

Sual: Atası və ya anası zəngin olan həddi-buluğa çatmamış uşağa zəkat verilə bilər

CAVAB: Atası zəngindirsə zəkat verilə bilməz. Atası kasıb, anası zəngin isə ona zəkat verilə bilər. Çünki həddi-buluğa çatmamış bir uşaq anasının malı ilə zəngin sayılmaz. (Rədd-ül muxtar)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину