Qüslün fərzi hənəfidə üç, malikidə beş, şafidə iki, hanbəlidə birdir. Hənəfidə:
1-Bir dəfə ağıza su almaq. Dişlərin arasını və diş diblərini islatmaq fərzdir. [Hənəfi məzhəbində olan şəxs, zərurət olmadan plomb və qapaq qoya bilməzlər. Taxma diş qoydurmaq olar, qüsl alarkən onları çıxarıb altını yumaq lazımdır. Zərurət olarsa, plomb və qapaq qoydurmaq caizdir. Lakin qüsl, dəstəmaz alarkən və namaza durarkən “Şafi və ya maliki məzhəbini təqlid edirəm” deyə niyyət etmək lazımdır.]
2-Bir dəfə buruna su vermək.
3-Bir dəfə bütün bədəni yumaq. Bədənin isladılmasında çətinlik olmayan yerlərini yumaq fərzdir. Bədənin bir yeri zəruri bir səbəblə, yəni insanın özü etmədiyi, yaradılışında mövcud olan hər hansı bir səbəblə isladıla bilməzsə, əfv olunur, qüsl səhih olur.
“Dürr-ül-muxtar”da deyilir ki, dişlər arasında və ya dişin dibində qalan yemək qüslün səhih olmasına mane olmur. Fitva belədir. Çünki onların altı islanır. Diş arasında qalan maddə qatı olduqda, mane olunduğu deyilir. Doğru olan da budur. İbni Abidin (rahimə-hullahü təala) bunu izah edərkən buyurur ki, “Xülasə” kitabında da mane olmadığı yazılıb. Çünki su axıcı olduğu üçün yeməyin altına sızır. Suyun sızmadığı anlaşılarsa, bu alimlərə görə də qüsl səhih olmur. “Hilyə” kitabı bunu açıq bildirir. Dişdə qalan şey ağızda əzilərək qatılaşmışdırsa, suyu sızdırmayacağı üçün qüsl səhih olmur. Çünki burada zərurət yoxdur. [Yəni öz-özünə hasil olan bir şey deyildir. Bunları təmizləməkdə çətinlik də yoxdur].
“Hələbii saqir”də deyilir: Bir şəxsin dişləri arasında çörək, yemək və başqa artıqlar var ikən, qüsl alsa, fitvalara görə altına su keçmədiyini zənn etsə belə, qüslu səhih olur. Çünki su axıcı olduğu üçün altına keçir. Belə fitva verildiyi “Xülasə”də yazılmışdır. Bəzi alimlərə görə, dişdə qalan maddə qatıdırsa, qüsl caiz olmaz. “Zahirə” kitabında da belə yazılmışdır. Doğru olan da budur. Çünki altına su keçmir, zərurət və çətinlik də yoxdur.
“Dürr-ül-müntəqa”da deyilir: Diş dibində yemək artığı var ikən qüsl edən şəxsin qüslu səhih olur. Olmaz deyənlər də vardır. Ehtiyatlı olaraq, yemək artıqlarını əvvəlcədən çıxarmaq lazımdır. “Mərak-il-fələh”in “Tahtavi” haşiyəsində deyilir: Diş dibində və ya dişlərin arasında yemək artığı qalmışdırsa, qüsl səhih olur. Çünki su axıcı olduğu üçün hər yerə sızır. Artıqlar çeynənərək sərtləşibsə, qüslə mane olur. “Fəth-ül-qadir”də də belə yazılıb.
“Bəhr-ür-raik”də deyilir: Diş dibində və ya dişlərin arasında yemək qalmışdırsa, qüsl səhih olur. Çünki su lətif, yəni axıcı olduğu üçün hər yerə sızır. “Təcnis”də də bu cür yazılmışdır. Sədr-üş-şəhid Hüsaməddin deyir ki, qüsl səhih olmaz, artıqları çıxarıb, dişin içindən su axıtmaq lazımdır. Çıxarıb altını yumaq tədbirli olar.
“Fətavai Hindiyyə”də deyilir: “Diş çuxurunda və ya dişləri arasında yemək artığı qalanın qüslü səhihdir” sözü daha doğrudur. “Zahidi”də də belə yazılıb. Lakin artığı çıxarıb diş dibinə su axıtmaq daha ehtiyatlı olar. “Kadihan”da deyilir: Dişlərində yemək artığı qalanın qüslünün tam olmayacağı“Nətifi”də yazılmışdır. Bu artıqları çıxarıb altını yumaq lazımdır.
“Əl-məcmuat-üz-zühdiyyə”də deyilir: İstər az, istərsə də çox olsun, dişlərin arasında qalan təam qırıntısı qatı xəmir kimi olub, suyun nüfuzuna (keçməsinə) mane olarsa, qüslə da mane olur.“Hələbi”də də belə yazılmışdır. “Yemək artıqlarını çıxarmaqda çətinlik yoxdur. Plomb və qapaq isə çıxarıla bilməz. Çıxarılmasında çətinlik vardır” demək düzgün deyil. Düzdür, çətinlik var. Amma insanın etdiyi bir şey çətinliyə səbəb olarsa, başqa məzhəbi təqlid etmək üçün üzrlü səbəb olar, fərzi tərk etmək üçün səbəb ola bilməz. Fərzin tərk edilməsi üçün başqa məzhəbin təqlid edilə bilməməsi və bu halda zərurət və çətinliyin eyni zamanda mövcud olması lazımdır. ”Diş plombu və qapaq, diş ağrısının qarşısını almaq və dişi tələf olmaqdan qorumaq üçündür. Buna görə zərurət olmurmu?”, soruşulsa, cavabında deyərik ki, zərurət olması üçün, başqa məzhəbi təqlid edə bilməmək şərtdir.
“Qüsl alarkən, dişlərin yuyulması hökmü, qapaq və plombun zahirinə keçər” sözü, islamiyyətə uyğun söz deyil. Tahtavi “İmdad” haşiyəsində deyir: “Dəstəmaz aldıqdan sonra məst geyinənin dəstəmazı pozulduqda, dəstəmazın pozulması ayaqlara deyil, məstlərə keçir”. Dini kitabların yalnız dəstəmaz alarkən və yalnız məst üçün söylədikləri bu sözü, diş qapağı və qüsl almaq üçün söyləmək, özbaşına uydurma fitva verməkdir. Plomb və qapaq olan dişi sıx saqqala bənzətmək də doğru deyil. Çünki dəstəmaz alarkən sıx saqqalın dibini yumaq məcburi olmasa da, qüsldə onun altındakı dərini də yumaq fərzdir. “Dəstəmaz alarkən sıx saqqalın altındakı dərini yumaq fərz olmadığı üçün, qüsldə da onun yuyulması fərz olmaz”, deyən şəxs qüsl alarkən sıx saqqalın altını yumaz. Beləliklə də onun və ona inananların qüslləri və dolayısı ilə namazları səhih olmaz.
Qapaq və plombu ayaqdakı çata qoyulan mərhəmə yaxud yara və sınıq üzərinə qoyulan sarğı taxtasına, gips sarğılarına bənzətmək də din kitablarına uyğun deyildir. Çünki onları yara və qırıq üzərindən çıxarmaq çətin və ya zərərli olduqda, başqa məzhəbi təqlid etmək imkanı yoxdur. Bu üç səbəbə görə, onların altını yumaq hökmü qüvvədən düşür.
Şiddətli ağrı verən çürük dişi çıxarmaq, onun yerinə çıxarıla bilən süni diş, yaxud yarım və ya bütün damaqlı diş qoydurmaq istəməyib, plomb və ya qapaq qoydurmaqda insan sərbəst olduğu üçün, plomb, qapaq və ya körpü deyilən sabit diş qoydurmaq zərurət hesab olunmur. Zərurət olduğunu söyləmək, altlarının islanmasının qüvvədən düşməsinə səbəb ola bilməz. Çünki bu zaman başqa məzhəbi təqlid etmək mümkündür. Zərurətin olduğunu deyərək, Şafii və ya Maliki məzhəbini təqlid edənlərlə alay etməyə heç kimin haqqı yoxdur.
İnsanı bir şey etməyə məcbur edən səmavi səbəbə, yəni insanın əlində olmayan səbəbə“Zərurət” deyilir. İslamiyyətin əmr və ya qadağan etməsi, şiddətli ağrı, bir üzvün və ya həyatın tələf olma təhlükəsi, başqa bir şey edə bilməmək məcburiyyəti zərurətdir. Bir fərzə mane ola biləcək və ya bir haram işləməyə səbəb ola biləcək bir şeyin qarşısını almağın çətin, əziyyətli olmasına “Hərac”deyilir. Allahın əmrlərinə və qadağalarına “Əhkami- islamiyyə” deyilir. Əhkami-islamiyyədən bir hökm yerinə yetirilən zaman, yəni bir əmr icra olunarkən və ya bir qadağan olunmuş işi etməkdən çəkinərkən öz məzhəbinin alimlərinin məşhur, seçilmiş sözlərinə uymaq lazımdır. İnsanın etdiyi müəyyən bir şey üzündən, alimlərin bu sözlərinə uymaqda çətinlik olarsa, seçilməmiş, zəif sözlərinə uymaq lazımdır. Buna uymaqda da çətinlik olarsa, bu hökm başqa məzhəbi təqlid edərək icra olunur. Başqa məzhəbi təqlid etməkdə də çətinlik olarsa, həraca, yəni çətinliyə səbəb olan şeyin edilməsində zərurət olub olmamasına baxılır:
1-Həraca səbəb olan şeyin edilməsində zərurət mövcud olduğu zaman, o fərzi icra etmək qüvvəsini itirir.
2-Həraca səbəb olan şeyin edilməsində zərurət yoxdursa [dırnaq boyası kimi] və ya zərurət olduğu zaman, bir neçə şey edilə bildiyi halda hərac, çətinlik mövcud olan şey edilərsə, o ibadət səhih olmaz. Çətinlik olmayan şeyi edərək o fərzi yerinə yetirmək lazımdır. Zərurət olsa da, olmasa da, yalnız hərac, çətinlik mövcud olduğu üçün, başqa məzhəbin təqlid ediləcəyi “Fətavəl-hadisiyyə”də, “Xülasat-üt-təhqiq”də, Tahtavinin (rahimə-hullahü təala) “Mərak-il-fələh” haşiyəsində və molla Xəlil Əsirdinin (rahimə-hullahü təala) ”Mafüvat” kitabında yazılmışdır. Molla Xəlil 1259-cu [m. 1843] ildə vəfat etmişdir.
Ağrıyan, çürüyən dişini çıxararaq, taxma protez və ya damaqlı diş qoydurmaq istəməyib, plomb və ya qapaq qoyduran bir hənəfi, qüsl alarkən Şafii və ya Maliki məzhəbini təqlid etməlidir. Çünki bu iki məzhəbdə qüsl alarkən ağız və burnu yumaq fərz deyildir. Şafii və ya Maliki məzhəbini təqlid etmək çox asandır. Qüsldə, dəstəmazda və namaza başlayarkən və ya unutduğu halda namazdan sonra, xatırladığı zaman Şafii və ya Maliki məzhəbini təqlid etməyə niyyət etmək, yəni qəlbdən keçirmək lazımdır. Bu zaman qüslün, dəstəmazın və namazın Şafii və ya Maliki məzhəbinə görə səhih olmaları lazımdır. Bir şəxsin qüsl, dəstəmaz və namazının Şafii məzhəbinə görə doğru olması üçün, bu şəxs, dərisi, nikah bağlaması əbədi haram olan on səkkiz qadından başqa bir qadının dərisinə dəydiyi zaman, əlinin içi özünün ön və arxa övrət yerinə dəydiyi zaman dəstəmaz almalı, imam arxasında səssizcə Fatihə oxumalıdır. Maliki məzhəbini təqlid etmək üçün “Səadəti Əbədiyyə” kitabının 146-cı və 158-ci səhifələrinə baxın! Başqa məzhəbi təqlid etmək, məzhəb dəyişdirmək deyildir. Təqlid edən bir hənəfi, hənəfi məzhəbindən çıxmış olmur. Yalnız o ibadətin, yəni qüsl, dəstəmaz və namazın, uyduğu məzhəbdəki fərzlərinə və müfsidlərinə (pozan şeylər) tabe olur. Vaciblərdə, məkruhlarda və sünnətlərdə öz məzhəbinə tabe olur.
Əhməd Tahtavi (rahimə-hullahü təala) “Mərak-il-fələh” haşiyəsində deyir: “Başqa məzhəblərdəki bir imama uymağın doğru olması üçün, uyanın məzhəbinə görə, namazı pozan bir şeyin o imamda olmaması, əgər varsa, uyanın bunu bilməməsi lazımdır. Güvənilən söz budur. İkinci fikrə görə, imamın öz məzhəbinə görə namazı doğru olarsa, uyanın məzhəbinə görə doğru olmadığı görülsə belə, o imama uymaq səhihdir”. İbni Abidində də belə yazılmışdır. Tahtavinin və İbni Abidinin (rahimə-hümullahü təala) bu sözlərindən aydın olur ki, diş qapağı və plombu olmayan hənəfinin, qapaq və plombu olan imama uymasının doğru olub olmaması haqqında alimlərin iki müxtəlif hökmü var: Birinci hökmə görə, dişində plombu, qapağı olmayan hənəfinin, plombu, dış qapağı olan imama uyması doğru deyil. Çünki bu imamın namazı Hənəfi məzhəbinə görə doğru deyil. İkinci hökmə görə, bu imam, Şafii və ya Maliki məzhəbini təqlid edirsə, diş qapağı və plombu olmayan hənəfinin ona uyması səhihdir. İmam Hinduvani “(rahmətullahi aleyh) belə ictihad etmişdir. Maliki məzhəbi də belədir. Diş qapağı və plombu olan saleh bir imamın maliki və ya şafii məzhəbini təqlid etmədiyi bilinmədikcə, plombu olmayan hənəfilər də bu imama uymalıdır. Ondan, maliki və ya şafii məzhəbini təqlid edib etmədiyini soruşmaq, araşdırmaq caiz deyildir. Bu ikinci hökm, hər nə qədər zəif olsa da, çətinlik olduğu zaman zəif hökm ilə əməl etmək lazım olduğu yuxarıda qeyd olunmuşdur. Fitnəyə mane olmaq üçün də zəif hökm ilə əməl edilməli olduğu “Hadika”da yazılmışdır. Məzhəblərə qiymət verməyib, fiqh kitablarına uyğun ibadət etməyən şəxsin Əhli sünnət olmadığı aydın olur. Əhli sünnət olmayan da ya bidət sahibidir, ya da imanı getmiş, mürtəd olmuşdur. Biz, diş qapağı, plomb qoymayın, demirik. Bunları qoydurmuş qardaşlarımızın ibadətlərinin qəbul olması üçün yol göstəririk.
Qüsl on beş növdür: Beşi fərz, beşi vacib, dördü sünnət, biri müstəhəb. Fərz olan qüsl: qadın hayz (aybaşı) və nifasdan (zahılıq) kəsildikdə, kişi cima etdikdə, yəni qadınla yaxınlıq etdikdə, şəhvətlə məni axarsa, ihtilam olub (yuxuda cünub olmaq) yatağında və ya paltarında məni görərsə qılmadığı namazın vaxtı çıxmadan öncə qüsl etmək fərzdir.
Vacib olanlar: meyiti yumaq, həddi-buluğa çatmamış bir şəxsin həddi-buluğa çatdıqda qüsl alması, bir yerdə yatmış ər və arvadın arasında görülmüş məninin hansınınki olduğu bilinmədikdə ikisinin də qüsl alması, bir şəxsin üzərinə məni bulaşdıqda və onun nə zamandan olduğu bilinmədikdə və bir qadın dünyaya uşaq gətirdikdə qan gəlməsə belə, qüsl alması. (Qan gəlsə, qüsl fərz olur).
Sünnət olanlar: Cümə günü üçün, bayram günləri üçün, ihram vaxtı- nə niyyətlə olursa olsun, Ərafata çıxmazdan əvvəl qüsl almaq. Müstəhəb qüsl, bir kafirin imana gəldikdə aldığı qüsldür (küfr halında ikən cünub idisə, qüsl fərz olur, cünub deyil idisə müstəhəb olur).
Qüslün haramı üçdür:
1-Kişilərin kişilərə və qadınların qadınlara qüsl vaxtı göbəkdən dizin altına qədər olan yerlərini göstərmələri.
2-Müsəlman qadınların qüsl edərkən kafir qadınlara görünməsi (digər vaxtlarda da bu hökm belədir).
3-Suyu israf etmək.
Qüslün sünnətləri hənəfidə on üçdür:
1-Su ilə istinca etmək. Yəni ön cinsiyyət üzvünü və arxa övrət yerini yumaq.
2-Əlləri biləklərə qədər yumaq.
3-Bədəndə nəcasət varsa, təmizləmək.
4-Ağıza su alıb çalxalamaq (məzməzə) və buruna su vermək (istinşaq). Ağızda və burunda iynə ucu qədər islanmayan yer qalarsa, qüsl səhih olmaz. Əvvəldə namaz dəstəmazı almaq.
5-Qüsl üçün niyyət etmək.
6-Hər əzanı suyu tökərkən ovuşdurmaq.
7-Əvvəlcə başa, sonra sağ çiyinə, sonra da sol çiyinə üç dəfə su tökmək.
8-Əl və ayaq barmaqlarını hilallamaq. Yəni barmaq aralarını islatmaq.
9-Önünü və arxasını qibləyə döndərməmək.
10-Qüsl edərkən dünya kəlamı söyləməmək.
11-Məzməzə və istinşaqı üç dəfə etmək.
12-Hər əzada sağdan başlamaq.
13-Qüsl etdiyi yerdə sidik toplanırsa, sidiyə getməmək.
Bu saydıqlarımızdan başqa sünnətlər də vardır.
“Əl-fıkhü aləl-məzahib-il-ərbəa”da deyilir: “Cünub olan kişi və qadının qüsl almadan əvvəl, dəstəmazsız edilməsi caiz olmayan, islam dininin əmr etdiyi ibadət və əməllərdən birini etməsi dörd məzhəbdə də haramdır. Məsələn, cünub ikən fərz və ya nafilə namaz qılmaq halal deyil. Su tapmadıqda və ya xəstəlik kimi bir səbəblə su işlədə bilmədikdə, təyəmmüm etmək lazımdır. Cünub ikən fərz və ya nafilə oruc tutmaq səhihdir. Qurani-kərimi tutmaq və ya oxumaq haramdır. Qurani-kərimi dəstəmazsız tutmaq da halal deyil. Məscidə girmək haramdır. Düşməndən qorunmaq üçün və ya bir hökm çıxarmaq üçün, bir-iki qısa ayət oxumaq, məsciddən vedrə, ip, su götürmək üçün və ya başqa yol tapmadığı üçün girib dərhal çıxmaq caizdir. Dua niyyəti ilə bir qısa ayət, məsələn Bəsmələ oxumaq olar. Məscidə girmədən öncə təyəmmüm etmək lazımdır.”
В корзине: 0 шт.
на сумму: 0