Facebook Twitter WhatsApp

Kafirlərin təlaşı və sualları

Bu gedib-gəlmək, çox qısa vaxtda oldu. Qayıtdığında, mübarək yataqları hələ isti idi. Gəldikdə, necə gedib-qayıtdığından bəhs etdi. Burakla Məscidi-Aqsaya getdiyini, oradan göyləri keçərək Cənnəti, Cəhənnəmi və daha başqa yerləri gəzdiyini söylədi. Qayıdarkən yolda, dəvəli yolçular gördüyünü, bir dəvənin ürküb yıxıldığını söylədi. “İnşallah çərşənbə günü Məkkəyə gələrlər” buyurdu. Kafirlər bu hadisəni eşitdikdə inkar edib, “Ağla ziddir, belə şey mümkün deyildir” dedilər. “Bu iş burada bitdi, mal, mülk, səltənət verdik, mübarizəsindən döndürə bilmədik. Amma artıq ondan qurtulduq” deyə sevinclərindən oynamağa başladılar. Bir neçəsi dərhal Həzrəti Əbu Bəkrin evinə gəldi. Çünki onun ağıllı, təcrübəli, hesablı bir tacir olduğunu bilirdilər.

Qapıya çıxdıqda dərhal soruşdular:
"Ey Əbu Bəkir, sən dəfələrlə Qüdsə gedib-gəlmisən, yaxşı bilirsən. Məkkədən Qüdsə gedib-qayıtmaq nə qədər vaxt çəkər" dedilər. Həzrəti Əbu Bəkir, "Bəli, yaxşı bilirəm, bir aydan artıq " dedi. Kafirlər bu sözə sevindilər. “Ağıllı, təcrübəli adamın sözü belə olar” dedilər. Gülərək, lağa qoyaraq və Həzrəti Əbu Bəkrin də bunlarla bir ağılda olmasına sevinərək, "Sənin əfəndin, bir gecədə Qüdsə gedib- gəldiyini söyləyir, artıq lap ağlını itirib" deyərək, Həzrəti Əbu Bəkrə sevgi, hörmət və güvən göstərdilər. Həzrəti Əbu Bəkir, Rəsulullah əfəndimizin mübarək adını eşitdikdə "Əgər O söylədisə, inandım. Deməli, bir anda gedib-gəlmişdir. O, həqiqəti söyləyir. Ondan yalan sadir olmaz" deyərək içəri girdi. Kafirlər çaşıb qaldılar. "Sən bir işə bax, Muhamməd nə yaman sehirbaz imiş. Əbu Bəkri sehirləyibmiş" deyirdilər.
Həzrəti Əbu Bəkir dərhal geyinib, Rəsulullah əfəndimizin yanına gəldi. Böyük izdihamın arasında yüksək səslə, "Ya Rəsulallah! Meracınız mübarək olsun! Allaha sonsuz şükürlər edirəm ki, bizi, sənin kimi böyük Peyğəmbərə xidmətçi etməklə şərəfləndirdi. Parlayan üzünü görməklə, qəlbləri fəth edən, ruhları çəkən şirin sözlərini eşitməklə nemətləndirdi. Ya Rəsulallah! Sənin hər sözün doğrudur, inandım. Canım sənə fəda olsun" dedi.

Kafirlər bu vəziyyətə çox qəzəbləndilər. Möminlərin qüvvətli imanına, Peyğəmbərin hər sözünə dərhal inanmalarına, Onun ətrafında pərvanə kimi toplanmalarına dözə bilmirdilər. Peyğəmbər əfəndimiz daha əvvəl Qüdsü, Məscidi-Aqsanı görməmişdi, bunu kafirlər də bildikləri üçün, Rəsulullahı utandırmaq, məğlub etmək üçün, imtahan etməyə cəhd edərək suallar verməyə başladılar:
“Sən Qüdsə getdim deyirsən. De görək! Məscidin neçə qapısı, neçə pəncərəsi var?”
Rəsulullah hamısına cavab verərkən, Həzrəti Əbu Bəkir, “Doğrudur ya Rəsulallah, eynilə elədir, ya Rəsulallah” deyirdi. Çünki Həzrəti Əbu Bəkir, tacir idi, Qüdsü Məscidi Aqsanı yaxşı tanıyırdı, dəfələrlə gedib- gəlmişdi. Kafirlərin özləri də oraları çox yaxşı bilirdilər. Buna görə də kafirlər, “Yanlış söyləyirsən” deyə bilmirdilər, inad üçün də olsa, Rəsulullahın cavablarını inkar edə bilmirdilər.
Rəsulullah əfəndimiz, ədəbindən, həyasından qarşısındakının üzünə belə baxmazdı. Məscidi Aqsanın neçə pəncərəsi olduğunu bilmirdi. Daha sonra bu hadisə haqqında belə deyirdi:
“Məscidi-Aqsada ətrafıma baxmamışdım. Onların soruşduqlarını görməmişdim. Qüreyş məni yalanladıqda, o anda Cəbrayıl əleyhissalam, Məscidi-Aqsanı gözümün önünə gətirdi. [Televizor ekranı kimi] görürdüm, sayırdım. Suallarına, dərhal cavab verirdim.” [Buxari]

Çərşəmbə günü günəş batarkən, Rəsulullahın bəhs etdiyi karvan Məkkəyə gəldi. Karvandakılar, fırtına kimi bir şey olduğunu, bir dəvənin yıxıldığını söylədilər. Bu hal möminlərin imanını qüvvətləndirdi, kafirlərin düşmənliyini artırdı.

Qurani-kərim ayələrinin nazil olması, möcüzələrin görülməsi möminlərin imanlarını qüvvətləndirdiyi kimi, kafirlərin də düşmənliklərini artırırdı. İki ayə məali:
“Möminlər, Allah anıldıqda qəlbləri ürpəyən, ayələr oxunduqda imanları artan [qüvvətlənən] və yalnız Rəblərinə arxalanıb güvənən kimsələrdir.” [Ənfal 2]

“And olsun ki, sənə Rəbbindən endirilən ayələr, onların 
[kafirlərin] çoxunun azğınlığını və küfrünü artırır.” [Maidə 64]


Həzrəti Xızır və Musa əleyhissalam
Bir şəxs, elm təhsili görmədən də mərifət və kəramət sahibi ola bilər. Qurani-kərimdə, Kəhf surəsinin 60-cı ayəti-kəriməsindən 82-ci ayəsinin sonuna qədər qeyd edilən hadisədə, elmi-lədünnidən, batin elmindən bəhs edilir.


Qissə ixtisarla belədir:
Həzrəti Musa, “Ya Rəbb, məndən daha alim olan və batin elmini bilən şəxsi hardan tapa bilərəm?” deyə soruşdu. Allahü təala da, “Ya Musa, yola çıx, çantana qoyduğun balıq canlanıb dənizə girdiyi yerdə, o şəxsi tapacaqsan” buyurdu. Həzrəti Musa, Həzrəti Yuşa ilə yola çıxdılar. Bir bulağın yanında oturdular. Bu bulaq abu-həyat idi. Bu suya toxunan ölü canlanırdı. Bu sudan bir damcı balığa dəydikdə, balıq canlanıb dənizə girdi. Həzrəti Yuşa bunu görsə də söyləməyi unutdu. Həzrəti Musa soruşduqda, xatırlayıb balığın canlanıb dənizə girdiyini söylədi. Oraya geri qayıtdıqda, o şəxsi gördülər. Həzrəti Musa, “Mənə batin elmini öyrədərsənmi?” dedi. O şəxs, “Allahü təalanın mənə öyrətdiyi elmin hamısını sən bilməzsən. Bilmədiyin üçün də etdiyim hərəkətlərə səbir edə bilməzsən” dedi. Həzrəti Musa, “İnşallah məni səbir edənlərdən görəcəksən” dedi. O şəxs, “Ya Musa, sənə qəribə gəlsə, ancaq hərəkətlərimə görə məndən heç bir şey soruşmayasan dedi.

Üçü bir gəmiyə mindilər. Gəmiçilər, bunların yaxşı insanlar olduqlarını anlayaraq pul almadılar. O şəxs, gəminin bir taxtasını sökdü çıxardı. İçəri su girməyə başladı. Həzrəti Musa, “Gəmiçilər, bizə yaxşılıq etdilər, pul almadılar. Sən isə onları dənizdə boğacaqsan” dedi. O şəxs, “Bəs mənim işimə qarışmayacaqdın? dedi.

Gəmidən endikdə, sahildə oynayan uşaqları gördülər. O şəxs, uşaqlardan birini öldürdü. Həzrəti Musa, “Uşağın günahı nə idi?” deməkdən özünü saxlaya bilmədi. O şəxs, “Yenə də işimə qarışdın” dedi.

Antakyaya çatdılar. Heç kim onlara yemək vermədi. O şəxs, yıxılmaq üzrə olan bir binanın nəhəng divarını bir əli ilə tutub düzəltdi. Həzrəti Musa, “Bunu puluyla etsəydin, bir çörək pulu çıxarardıq” dedi. O şəxs, “Artıq ayrılıq vaxtımız gəldi. Çünki üç dəfə işimə qarışdın” dedi. Həzrəti Musa, “Bunların hikməti nədir?” dedi. O şəxs, “Bunları Allahü təalanın əmri ilə etdim. Gəmiçilər on qardaş idilər. Gəminin qazancı ilə keçinirdilər. Bir dərəbəyi, sağlam gəmiləri zorla alırdı. Bu gəminin qüsurlu, xarab olduğunu eşitdikdə almaqdan daşınacaqdı. Biz də yaxşılığa yaxşılıq etmiş olduq.

Günahsız uşağa gəldikdə, onun ana-atası saleh idilər. Uşaq böyüdüyündə, küfrə zorlayaraq onlara zülüm və işkəncə edəcəkdi. Bunun yerinə nəslindən 70 Peyğəmbər əmələ gələcək xeyirli bir övlad verməsi üçün dua etdim.

Düzəltdiyim divar, yetimlərə aid idi. Ataları divarın altına bir xəzinə gizləmişdi. Divarı düzəltməsəydim, yıxılacaqdı və xəzinə meydana çıxacaqdı, yadlar görüb götürəcəkdi. Yetimlərə də bir yaxşılıq etmiş olduq.

Qurani-kərimdəki bu qissə, batin elminə sahib olan kəramət sahibi insanların olduğunu açıq-aydın bildirir. Cənab Haqqın ehsanı boldur. Dilədiyinə bu elmi verir, onu mərifət sahibi edir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину