Facebook Twitter WhatsApp

Hilyəyi-Səadət (Rəsulullahın xarici görünüşü)

Sual: Rəsulullahın xarici görünüşü necə idi?
CAVAB
Rəsulullah əfəndimizin, görünən bütün bədən üzvlərinin şəkli, sifəti, gözəl xasiyyətləri, həyatı bütün incəliklərilə, çox geniş və açıq şəkildə alimlər tərəfindən sənəd və sübutları ilə yazılmışdır. Bunlara “Siyər” kitabları deyilir.

Böyük İslam alimlərindən imam Əhməd Kastalani həzrətlərinin, “Məvahibi-lədünniyyə” adlı iki cild kitabından mühüm çıxarışlar ixtisarla aşağıda qeyd olunmuşdur:
Peyğəmbər əfəndimizin mübarək üzü, bütün əzayi-şərifəsi və mübarək səsi bütün insanların üzlərindən, əzasından və səslərindən gözəl idi. Mübarək üzü bir az yuvarlaq idi. Şən olduğu zamanda mübarək üzü ay kimi nurlanırdı. Sevindiyi mübarək alnından bəlli olurdu.

Rəsulullah əfəndimiz, gündüz necə görürdüsə, gecə də elə görürdü. Önündə olanları gördüyü kimi, arxasında olanları da görürdü. Bunu isbat edən yüzlərlə hadisə kitablarda yazılmışdır. Gözdə görmə xüsusiyyəti yaradan Allahü təalanın, digər üzvdə [orqanda] da yaratmağa gücü çatar.

Ətrafına və geriyə baxacağı zaman, bütün bədəni ilə dönüb baxardı. Yer üzünə nəzəri, səmaya baxmasından çox olurdu. Mübarək gözləri böyük idi. Mübarək kiprikləri uzun idi. Mübarək gözlərində bir az qırmızılıq vardı. Mübarək gözlərinin qarası qara idi. Fəxri-aləm əfəndimizin alnı açıq idi. Mübarək qaşları nazik, qaşlarının arası açıq idi. İki qaşı arasında olan damar, qəzəblənəndə qabarardı. Mübarək burnu gözəl olub, orta yeri bir az yüksək idi. Mübarək başı böyük idi. Mübarək ağzı kiçik deyildi. Mübarək dişləri bəyaz idi. Mübarək ön dişləri seyrək idi. Söz söylədiyi zaman, sanki dişləri arasından nur çıxardı. Allahü təalanın qulları arasında ondan daha fasih və şirin dilli kimsə görülmədi. Mübarək sözləri çox asan anlaşılar, könülləri alar və ruhları cəzb edərdi. Söz söylədiyi zaman kəlimələri inci kimi düzülərdi. Bir kimsə saymaq istəsə, kəlimələri saymaq mümkün idi. Bəzən yaxşı anlaşılması üçün üç dəfə təkrar edərdi. Cənnətdə Muhamməd əleyhissalam kimi danışılacaqdır. Mübarək səsi, heç kimin səsinin çatmadığı yerə çatardı.

Peyğəmbər əfəndimiz gülərüz idi. Təbəssüm edərək gülərdi. Gülərkən, mübarək dişləri görünərdi. Güldüyü zaman, nuru divarlar üzərinə ziya verərdi. Ağlamağı da, gülməyi kimi sakit idi. Qəhqəhə ilə gülmədiyi kimi, yüksək səslə də ağlamazdı, amma mübarək gözlərindən yaş axar, mübarək sinəsinin səsi eşidilərdi. Ümmətinin günahlarını düşünüb ağlayardı və Allahü təalanın qorxusundan, Qurani-kərimi eşitdikdə və bəzən də namaz qılarkən ağlayardı.

Rəsulullah əfəndimizin mübarək barmaqları iri idi. Mübarək qolları ətli idi. Mübarək ovuclarının içi geniş idi. Bütün bədəninin ətri müşkdən gözəl idi. Mübarək bədəni həm yumşaq, həm də qüvvətli idi. Ənəs ibn Malik deyir ki, Rəsulullaha 10 il xidmət etdim. Mübarək əlləri ipəkdən yumşaq idi. Mübarək təri müşkdən və çiçəkdən daha gözəl ətirli idi. Mübarək qolları, ayaqları və barmaqları uzun idi. Mübarək ayaq barmaqları iri idi. Mübarək ayaqlarının altı çox yüksək deyil, yumşaq idi. Mübarək qarnı geniş, sinəsilə qarnı bərabər idi. Çiynin yuxarı sümüyü iri idi. Mübarək sinəsi geniş idi. Rəsulullahın qəlbi-şərifi, nəzərgahı-ilahi idi.

Rəsulullah əfəndimiz çox hündür boylu deyildi, ancaq qısaboylu  da deyildi. Yanına hündür bir adam gələndə, o adamdan hündür görünərdi. Oturduğu zaman, mübarək çiyni, oturanların hamısından yuxarı olardı.

Mübarək saçları və saqqalının tükü çox buruq və çox düz deyil, yaradılışdan dalğalı idi. Mübarək saçları uzun idi. Əvvəllər kəkil buraxardı, sonradan iki yerə ayırmağa başladı. Mübarək saçlarını bəzən uzadar, bəzən də kəsər, qısaldardı. Saç və saqqalını boyamazdı. Vəfat etdiyi vaxt, saç və saqqalında ağ tüklərin sayı iyirmidən az idi. Mübarək bığını qırxardı. Bığlarının uzunluğu və şəkli, mübarək qaşları qədər idi. Əmrində xüsusi bərbərləri var idi.

Rəsulullah əfəndimiz misvaqını və darağını yanından ayırmazdı. Mübarək saçını və saqqalını darayarkən güzgüyə nəzər edərdi. Gecələri mübarək gözlərinə sürmə çəkərdi.

Kainatın əfəndisi (sallallahü aleyhi və səlləm) önünə baxaraq sürətlə yeriyərdi. Bir yoldan keçdiyi gözəl ətrindən bəlli olardı.

Peyğəmbər əfəndimiz qırmızı ilə qarışıq bəyaz bənizli, çox gözəl, nurlu və sevimli idi. Bir kimsə, Peyğəmbər (aleyhissalatü vəssəlam) qara idi desə, dindən çıxar.

Gözəl xasiyyətlərin hamısı Rəsulullah əfəndimizdə toplanmışdı. Gözəl xasiyyətləri Allahü təala tərəfindən verilmiş, çalışaraq, sonradan qazanmış deyildi. Bir Müsəlmanın adını söyləyərək, heç bir zaman lənət etməmiş və əsla mübarək əli ilə heç kimi döyməmişdir. Özü üçün heç bir şeydən intiqam almamışdır. Allah üçün intiqam alardı. Qohumuna, Əshabına və xidmətçilərinə təvazu göstərərək yaxşı rəftar edərdi. Evin içində çox mülayim və gülərüz idi. Xəstələri ziyarətə gedər, cənazələrdə iştirak edərdi. Əshabının işlərinə yardım edər, uşaqlarını qucağına alardı. Ancaq qəlbi bunlarla məşğul deyil idi. Mübarək ruhu mələklər aləmində idi.

Rəsulullah əfəndimizi qəflətən görən adamı qorxu tutardı. Əgər mülayim davranmasaydı, Peyğəmbərlik hallarından, əsla heç  kim yanında otura bilməz, sözünü dinləməyə taqət gətirə bilməzdi. Halbuki, o, həyasından, mübarək gözləri ilə heç kimin üzünə baxmazdı.

Peyğəmbər əfəndimiz, insanların ən səxavətlisi idi. Ondan bir şey istənib, onun da yox dediyi görülməmişdir. İstənilən şey varsa verər, yoxdursa, cavab verməzdi. O qədər yaxşılıqları, o qədər ehsanları var idi ki, Yunan imperatorları, İran şahları o qədər ehsan edə bilməmişdilər. Ancaq o, sıxıntı ilə yaşamağı sevərdi. Elə bir həyat yaşayırdı ki, yemək və içmək yadına belə düşməzdi. Yemək gətirin yeyək və ya filan yeməyi bişirin buyurmazdı. Yemək gətirsələr yeyər, hər nə meyvə versələr qəbul edərdi. Bəzən aylarla az yeyər, aclığı sevərdi. Bəzən də çox yeyərdi. Yeməyi üç barmağıyla yeyərdi. Yedikdən sonra su içməzdi. Suyu oturaraq içərdi. Başqaları ilə yemək yeyərkən, hamıdan sonra süfrədən əl çəkərdi. Hər kəsin hədiyyəsini qəbul edərdi. Hədiyyə gətirənə qarşılıq olaraq qat-qat artığını verərdi.

Çeşidli paltar geyinmək adəti-şərifəsi idi. Xarici dövlətlərin elçiləri gələndə bəzənərdi. Yəni, bahalı və nəfis geyim geyinərək, gözəl üzünü göstərərdi. Üzüyünü möhür olaraq istifadə edərdi. Üzüyünün üzərində “Muhammədün Rəsulullah” yazılı idi. Yatağı dəridən olub, içi xurma ağacının lifləri ilə dolu idi. Bəzən bu yatağın üzərinə, bəzən yerə sərili dəri üzərinə, bəzən də həsir və ya quru torpaq üzərinə yatardı. Mübarək ovucunun içini sağ yanağının altına qoyub, sağ yanı üstündə yatardı.

Rəsulullah əfəndimiz, zəkat malı almaz, çiy soğan və sarımsaq kimi şeyler yeməz və şeir söyləməzdi.

Sərvəri-aləm əfəndimizin mübarək gözləri yatar, amma qəlbi- şərifi yatmazdı. Ac yatıb, tox qalxardı. Heç vaxt əsnəməzdi. Mübarək bədəni nurani olub, kölgəsi yerə düşməzdi. Paltarına milçək qonmaz, ağcaqanad və digər böcəklər mübarək qanını içməzdi. Allahü təala tərəfindən Rəsulullah olduğu bildirildikdən sonra, şeytanlar göylərə çıxaraq xəbər almaz və kahinlər danışa bilməz olmuşdular.

Hər kim, Peyğəmbər əfəndimizi yuxuda görsə, mütləq ki, Onu görmüşdür, çünki şeytan Onun şəklinə girə bilməz.

Nübuvvət möhrü
Sual: 
Hər kəsə Lazım Olan İman kitabında, “Hər peyğəmbərin sağ əlinin üstündə nübuvvət möhrü vardı. Muhamməd əleyhissalamın isə, sol kürəyindəki dərisinin üzərində, ürək hizasında idi” deyə yazılıb. Bir radioda oxunan ilahidə, “Nübuvvət möhrü quluncundaydı” deyilirdi. Qulunc xəstəlik deyilmi? Çiyin və kürək ağrısına deyilmir?

CAVAB
İlahini yazan adam, ola bilər ki, şivəli ifadədən istifadə etmişdir. Bəzi bölgələrdə, çiyin deyil, qulunc deyirlər. Bu sözü, “Çiyinlərində nübuvvət möhrü vardı” kimi anlamaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину