Facebook Twitter WhatsApp

Təsəvvüf nədir?

Sual: Təsəvvüf nədir?

CAVAB

Təsəvvüf, qəlbi saflaşdırmaq, pis xasiyyətlərdən təmizləmək və yaxşı xasiyyətlərlə doldurmaq deməkdir. Təsəvvüf hal işi olduğu üçün, yaşayan bilər, tərif ilə başa düşülməz.

Təsəvvüf elmi, qəlb ilə edilməsi və çəkinilməsi gərəkən şeyləri və qəlbin, ruhun təmizlənməsi yollarını öyrədər. Buna “Əxlaq elmi” də deyilir.

Təsəvvüf əhli öz dərəcəsinə görə təsəvvüfü tərif etmişdir. Bir neçəsi belədir:

Təsəvvüf, dinin əmrlərinə uyub, yasaqlarından qaçarak qəlbi pis xasiyyətlərdən təmizləyib, yaxşı xasiyyətlərlə doldurmaq deməkdir.

Təsəvvüf, sünnəti-səniyyəyə sarılmaq və bidətlərdən qaçmaqdır.

Təsəvvüf, nəfsin iman və itaət etməsi, bütün ibadətlərin və xeyirli işlərin həqiqi və qüsursuz olmasıdır. Allahu təalanın lütfü ilə daha yüksəklərə çıxanlar da olur.

Təsəvvüf, fani olan hər şeydən üz çevirib, baqi olana bağlanmaqdır.

Təsəvvüf, İslam əxlaqı ilə bəzənməkdir.

Təsəvvüf, ölmədən əvvəl ölməkdir.

Təsəvvüf, başdan sona ədəbdir, tamamilə ədəbdən ibarətdir.

Təsəvvüf, qədərə rizadır.

Təsəvvüf, Haqq təalaya itaətdir, qeydsiz, şərtsiz təslimiyyətdir.

Təsəvvüf, ümid etməyi tərk edib, əmələ davam etməkdir.

Təsəvvüf, qəlbi pis xasiyyətlərdən təmizləmək və yaxşı xasiyyətlərlə doldurmaqdır.

Təsəvvüf, namaz, oruc və gecələri ibadət etmək demək deyildir. Bunları etmək hər insanın qulluq vəzifəsidir. Təsəvvüf, insanları incitməməkdir. Bunu edən, vasil olmuş, yəni məqsədə qovuşmuşdur.

Təsəvvüf, insanı ibadətlərdə lazım olan ixlasa və insanlara qarşı lazım olan gözəl əxlaqa qovuşduran yoldur. İnsana bu yolu mürşidi-kamil öyrədər.

Təsəvvüf, hər sözündə, hər işində dinə sarılmaqdır.

Təsəvvüf, izdirab çəkməkdir. Sakitlik və rahatlıqda təsəvvüf olmaz. Yəni, aşiqin məşuqu axtarmağa çalışması, məşuqdan başqası ilə rahat olmaması lazımdır.

Təsəvvüf, Rəsulullahın mübarək qəlbindən çıxıb, övliyanın qəlblərinə gələn bilgilərdir.

Təsəvvüf, öz nəfsinin eyiblərini, qüsurlarını bilməkdir və dinə uymaqda asanlıq və ləzzət əldə etməkdir və gizli olan şirkdən, küfrdən qurtulmaqdır.

Təsəvvüf, hər kəsə mərhəmətli olmaq və asan olan əməli tərk etməkdir.

Təsəvvüf, Allahu təalanı görürmüş kimi ibadət etməkdir. Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təalanı görürmüş kimi ibadət et! Sən Onu görməsən də, O səni görür.” [Buxari]

Allahu təalanın gördüyünə inanan Onun bəyənmədiyi bir şeyi edə bilərmi? Yanındakı iki mələyin, günah və savabları təsbit etməklə vəzifəli olduğunu bilən kimsə pis işlər görə bilərmi?

Təsəvvüfə yeddi yüzdən çox tərif verilmişdir. Hamısının özəyi əhəmiyyətlini mühümə tərcih etməkdir. Yəni çox əhəmiyyətli işi əhəmiyyətli işdən əvvəl etməkdir.

Ağlayan bir insanı görsək, nəyə kədərlənərək ağladığını bilə bilmərik. Əgər ayağına tikan batdığı üçün ağlayırsa, tikan bizə batmadığı üçün, ona verdiyi izdirabı anlaya bilmərik. Bir dəlinin nə üçün güldüyünü bilə bilmərik. “Bunun üçün gülürəm" desə belə, o hadisə dəliyə təsir etdiyi kimi bizə təsir etməz. Aşiqin halı bir başqadır. Təsəvvüf də belə bir hal işi olduğu üçün biz bilə bilmərik.

Təsəvvüfdə məqamlar

Təsəvvüf ərbabından Mövlana Abdurrahman Cami həzrətləri buyurur ki:

Təsəvvüfdə, məqamların sonuna çatan mütəsəvviflər iki çeşiddir: Birincisi, Peyğəmbər əfəndimiz aleyhissəlamın izindən gedərək, kamilliyə çatdıqdan sonra, insanları irşad üçün xalqın dərəcəsinə endirilmiş irşad əhli olanlardır.

İkincisi, yüksəldikləri dərəcələrdə tərk edilib insanların yetişməsi ilə vəzifəli olmayanlardır. Bunlara övliya deyilir.

Təsəvvüf yolunda irəliləyənlər də iki qisimdir: Birincisi, Allahu təaladan başqa hər şeyi unudub, yalnız Onu istəyər. [Yunus Əmrənin, “Mənə sən lazımsan, sən” deməsi kimi]. İkincisi də Cənnəti istəyən taliblərdir.

İmamı Rabbani həzrətləri buyurdu ki:

“Təsəvvüf əhlindəki hallar və mərifətlər məhəbbətin çox olmasından hasil olur. Allahu təalanın sevgisi bu böyükləri o qədər bürüyür ki, başqa şeylərin ismi və cismi xatırlarına gəlmir, başqa bir şey görmürlər. İstər-istəməz sevgi sərxoşluğu ilə onları bu halın bürüməsi ilə başqa şeyləri yox bilirlər. Allahu təaladan başqa bir şey görmürlər. Həllac Mənsurun Ənəl-haqq deməsi kimi. Bu halların və mərifətlərin zirvəsində başqa kamilliklər və üstünlüklər vardır ki, o, kamilliklərin yanında bu hallar və mərifətlər okean yanında bir damcı kimidir”.

Təsəvvüf, Yəhudi və ya Yunan filosoflarının uydurması deyildir. Təsəvvüf bilgilərinin hamısı Rəsulullah əfəndimizdən gəlməkdədir. Bunların adları sonradan qoyulmuşdur. Rəsulullahın Peyğəmbər olduğu bildirilmədən əvvəl qəlblə zikr etdiyi mötəbər əsərlərdə yazılıdır.

Zikr və nəfs muhasibəsi Rəsulullah və Əshabı-kiram zamanında da var idi. Hicri 2-ci əsrin sonlarında Əhli-sünnətdən qəlblərini qəflətdən qoruyanların və nəfslərini Allaha itaətə qovuşduranların bu hallarına Təsəvvüf və özlərinə Sofi adı verildi. Özünə ilk dəfə sofi deyilən şəxs Əbu Haşim Sofidir.

Təsəvvüf, İslam əxlaqı ilə əxlaqlanmaq üçün lazım olan bilgiləri öyrədən bir elmdir. Tibb elmi, bədən sağlamlığına aid bilgiləri öyrətdiyi kimi, təsəvvüf də qəlbin, ruhun, pis xasiyyətlərdən qurtulmasını öyrədər, qəlb xəstəliklərinin əlamətləri olan pis işlərdən uzaqlaşdırar, Allah rizası üçün gözəl iş və ibadət etməyi təmin edər. Onsuz da dinimiz əvvəl elm öyrənməyi, sonra buna uyğun iş və ibadətin Allah rizası üçün edilməsini əmr edər. Qısaca din- elm, əməl və ixlasdan ibarətdir.

İmamı Malik həzrətləri buyurdu ki:

Fiqhi öyrənmədən təsəvvüf ilə məşğul olan dindən çıxar, zındıq olar. Fiqhi öyrənib təsəvvüfdən xəbəri olmayan bidət əhli, sapıq olar. Hər ikisini əldə edən həqiqətə qovuşar. (Mərac-ül bəhrayn)

Qəlbin, pis xasiyyətlərdən təmizlənməsi üçün, Allah üçün olmayan hər şeyin sevgisini qəlbdən çıxarmaq lazımdır. Bu yolda irəliləmək Peyğəmbərlərin əxlaqındandır.

Pis sifətlər- cahillik, qəzəb, riya, kin, həsəd, kibir, ucub, xəsislik, mal və məqam sevgisi, təriflənməyi sevmək, eyiblənməkdən qorxmaq, sui-zənn, öyünmək kimi şeylərdir.

Gözəl xasiyyətlər- elm, təfəkkür, riza, həya, təvazö, mərhəmət, mürüvvət, cömərdlik kimi gözəl işlərdir. Pis sifətlərdən qurtulmaq və gözəl xasiyyətlərlə bəzənməklə qəlb təmizlənmiş olar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину