Bəziləri “Namaz qılmayan, içki içən, açıq gəzən və ya başqa günah işləyən boş yerə oruc tutmamalıdır” deyir. Bu söz dinə ziddir. Bir neçə günah işləyənin digər günahları da işləməsi lazım deyil. Həm oruc tutub, həm də günah işləyən oruc tutmaqla hasil olan böyük savaba qovuşa bilməz; lakin axirətdə “Niyə oruc tutmadın?” deyə hesaba çəkilməz. Oruc borcunu ödəmiş olar; hətta orucun bərəkətiylə digər günahlardan da uzaqlaşmaq imkanı olar. İmam Rəbbani həzrətləri buyurur:
«Bütün günahlara tövbə edib hamısından qaçmaq böyük nemətdir. Bu edilə bilməzsə, bəzi günahlara tövbə etmək də nemətdir. Bunların bərəkətiylə bəlkə bütün günahlara tövbə etmək nəsib olar. Bir şeyin tamamı ələ keçməzsə, hamısını da əldən vermək olmaz».
Namazın dinimizdəki yeri oruca görə daha əhəmiyyətli olsa da, birisinə namaz qılmadığı üçün «Oruc da tutma» deyilməz. Əksinə, «Namaz qıla bilmirsənsə, orucu heç olmasa, tərk etmə» deyilər. Namaz qılmamaqla böyük bir günaha girən şəxs oruc tutmazsa, günah miqdarı daha da çox artar.
Bir neçə günaha mübtəla olan şəxs birindən imtina etmək istəsə, ona «Digərlərini buraxmadığına görə, bu günaha da davam et» deyilməz. Günah miqdarı nə qədər azaldılsa, o qədər yaxşı olar. Allahdan qorxub bir günahdan imtina etmək iman əlamətidir. Hədisi-şərifdə«Ömründə bir dəfə Allahı anan və ya Ondan qorxan müsəlman Cəhənnəmdən çıxar» buyurulmuşdur. (Tirmizi)
Günah işləyən oruc tutarsa və ya zəkat verərsə, «Aman, bunları heç olmasa, tərk etmə» demək lazımdır! Bu ibadətləri də etməzsə, dindən tamamilə uzaqlaşa bilər. Qorxutmaqdan çox müjdələyici olmaq lazımdır. Peyğəmbər əfəndimiz «Allahın rəhmətindən ümid kəsdirib dindən nifrət etdirənlərə lənət olsun! Asanlaşdırın, çətinləşdirməyin» buyurmuşdur. (Buxari)
Günah işləyən müsəlmanlıqdan çıxmaz. Bir hədisi-şərifdə buyurulub:
«Cəbrayıl əleyhissalam "Ümmətinə müjdə ver ki, müşrik olaraq ölməyən Cənnətə girər" dedi. Mən "Zina və oğurluq edən də Cənnətə girərmi?" deyə üç dəfə soruşdum. "Bəli zina və oğurluq edən də Cənnətə girər" dedi. Daha sonra "İçki içsə də, yenə axırda Cənnətə girər" dedi». (Buxari)
Bu əhli-sünnə etiqadıdır; günahları yüngül saymaq deyil. Bu inanc insanı günaha sövq etməməlidir! Hər günah qəlbi qaraldar, insanı küfrə sürüyüb Cəhənnəmdə əbədi qalmağa səbəb ola bilər. Hər günahdan qaçmaq lazımdır. Çünki Allahın qəzəbi günahların içində gizlənmişdir. Bəlami Baura çox ibadət edən böyük bir alim ikən bir günah üzündən imansız öldü. Günah işləyən dərhal tövbə etməlidir!