Sual: Ramazan ayının əhəmiyyəti nədir?
CAVAB
Bu mövzuda imam Rəbbani həzrətləri buyurur:
Mübarək Ramazan ayı çox şərəflidir. Bu ayda edilən, nafilə namaz, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən savab başqa aylarda edilən fərzlər kimidir. Bu ayda edilən bir fərz, başqa aylarda edilən yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar. Cəhənnəmdən azad olar. O oruclunun savabı qədər ayrıca buna da savab verilər. O oruclunun savabı heç azalmaz.
Bu ayda əmri altında olanların işlərini yüngülləşdirən, onların ibadət etmələrinə asanlıq göstərən amirlər də bağışlanar, Cəhənnəmdən azad olar. Şərif Ramazan ayında Rəsulullah əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və yaxşı iş edə bilənlərə bütün il bu işləri etmək nəsib olar. Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili günah işləməklə keçər.
Bu ayı fürsət bilmək, əldən gəldiyi qədər ibadət etmək lazımdır. Allahu təalanın razı olduğu işləri etmək, bu ayı axirəti qazanmaq üçün fürsət bilmək lazımdır.
Qurani-kərim Ramazanda endi. Qədr gecəsi bu aydadır. Ramazani-Şərifdə iftarı erkən açmaq, sahuru gecikdirmək sünnətdir. Rəsulullah bu iki sünnətə çox əhəmiyyət verərdi.
İftarda tələsmək və sahuru gecikdirmək bəlkə insanın acizliyini, yeyib-içməyə və ümumiyyətlə hər şeyə möhtac olduğunu göstərmək üçündür. İbadət etmək onsuz da bu deməkdir.
Xurma ilə iftar açmaq sünnədir. İftar açanda “Zəhəbəz-zama' vəbtəllət-il uruq və səbət-əl-əcr inşaallahu təala” duasını oxumaq, təravih qılmaq və xətm oxumaq əhəmiyyətli sünnədir.
Bu ayda hər gecə Cəhənnəmə girməsi lazım olan minlərlə müsəlman bağışlanar, azad olar. Bu ayda Cənnət qapıları açılar. Cəhənnəm qapıları bağlanar. Şeytanlar zəncirlərə bağlanar. Rəhmət qapıları açılar. Allahu təala bu mübarək ayda Onun şanına yaraşacaq şəkildə qulluq etməyi və Rəbbimizin razı olduğu, bəyəndiyi yolda olmağı hamımıza nəsib etsin! Amin. “Məktubat 1.c. 45.m”.
Açıqda oruc yeyən bu aya hörmət etməmiş olar. Namaz qılmayan da oruc tutmalı və haramlardan uzaqlaşmalıdır. Bunların orucu qəbul olar və imanlarının olduğu aydın olar.
Ramazani-şərifdə oruc tutmaq çox savabdır. Üzrsüz oruc tutmamaq böyük günahdır. Hədisi-şərifdə “Üzrsüz Ramazanda bir gün oruc tutmayan bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o bir günkü savaba qovuşa bilməz” buyuruldu. [Tirmizi]
“Amma dini bir üzür varsa, oruc tutmamaq günah olmaz”.
Ramazanda oruc tutmaq haqqındakı hədisi-şəriflərdən bir neçəsi belədir:
“Ramazan ayı mübarək bir aydır. Allahu təala sizə Ramazan orucunu fərz etdi. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin [Qədr gecəsinin] xeyirindən məhrum qalan hər xeyirdən məhrum qalmış sayılar”.[Nəsai]
“Ramazan ayında oruc tutmağı fərz bilib, savabını da Allahu təaladan gözləyərək oruc tutanın günahları bağışlanar”. [Buxari]
“Ramazan orucunu tutub ölən adam Cənnətə girər”. [Deyləmi]
“Ramazan ayı gəldikdə "Ey xeyir əhli xeyirə qaç! Şər əhli sən də pisliklərdən əl çək" deyilir”. [Nəsai]
“Ramazan bərəkət ayıdır. Allahu təala bu ayda günahları bağışlayar, duaları qəbul edər. Bu ayın haqqını güdün! Ancaq Cəhənnəmə gedəcək olan bu ayda rəhmətdən məhrum qalar”. [Təbərani]
“Ramazani-Şərif ayı gəldiyi zaman Allahu təala mələklərə möminlərə istiğfar etmələrini əmr edər”. [Deyləmi]
“Fərz namaz sonrakı namaza qədər; Cümə sonrakı Cüməyə qədər; Ramazan ayı sonrakı Ramazana qədər olan günahlara kəffarə olar”. [Təbərani]
“Arxa-arxaya üç gün oruc tuta bilən Ramazan orucunu tutmalıdır”. [Əbu Nuaym]
“Ramazan orucu fərz, təravih sünnədir. Bu ayda oruc tutub gecələrini də ibadətlə keçirənin günahları bağışlanar”. [Nəsai]
“Bu aya Ramazan deyilməsinin səbəbi günahları yandırıb əritdiyi üçündür”. [i. Mənsur]
“Ramazan ayında ailənizin nəfəqəsini bol edin! Bu ayda çəkilən xərclər Allah yolunda çəkilən xərclər kimi savabdır”. [İbni Əbiddünya]
“Ramazanın əvvəli rəhmət, ortası bağışlama, sonu isə Cəhənnəmdən qurtuluşdur”. [i. Əbiddünya]
“İslam kəlmeyi-şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir”. [Müslim]
“Cənnətdəki gözəl köşklər sözü xoş, salamı çox, yemək yedirən, oruca davam edən və gecə namazı qılan kəslərə verilər”. [İbni Nəsr]
“Oruc tutan möminin susması təsbih, yuxusu ibadət, duası müstəcəb və əməlinin savabı da çoxdur”. [Deyləmi]
“Xüsusilə oruclu ikən çirkin, pis söz söyləməyin! Biri sizə sataşsa, ona "Mən orucluyam" deyin!” [Buxari]
“Gerçək oruc yalnız yeyib-içməyi deyil, boş və həyasızca sözləri də tərk edərək tutulan orucdur”. [Hakim]
“Allahu təalanın gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə ancaq oruclular oturar”. [Təbərani]
“Allah yolunda bir gün oruc tutanı Allahu təala yetmiş illik məsafə qədər Cəhənnəmdən uzaqlaşdırar”. [Buxari]
“Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır”. [Müslim]
“Oruclu ikən ölənə qiyamətə qədər oruc tutmuş kimi savab yazılar”. [Deyləmi]
“Oruclu ikən ölən Cənnətə girər”. [Bəzzar]
“Oruc tutan, namaz qılan kimsə mükafatını qiyamətdə ağlı qədər alar”. [Xatib]
“Oruc şəhvəti kəsər”. [İ. Əhməd]
Mübarək vaxtlarda günahlardan ciddi uzaq durmaq; taatlari, ibadətləri və hər növ xeyratı artırmaq lazımdır. Çünki Allahu təala tərəfindən sevilən kimsə fəzilətli vaxtlarda fəzilətli əməllərlə məşğul olar. Nifrət etdiyi qul isə fəzilətli vaxtlarda pis işlərlə məşğul olar. Pis işlərlə məşğul olanın bu hərəkəti əzabının daha şiddətli olmasına və Allahu təalanın ona daha çox nifrət etməsinə səbəb olar. Çünki o belə etməklə vaxtın bərəkətindən məhrum qalmış və onun hörmət və şərəfini tapdalamış olar. “Məvizai-həsənə”
Rəsulullah əfəndimizin yuxusu
“Yuxumda əcaib şeylər gördüm. Ümmətimdən birini əzab mələkləri tutmuşdu. Aldığı dəstəmazlar gəlib onu içindəki çətin vəziyyətdən qurtardı. Birini gördüm, qəbri onu sıxırdı. Qıldığı namazlar gəlib onu qəbir əzabından qurtardı. Birinə şeytanlar müsəllət olmuşdu. Etdiyi zikrlər gəlib şeytandan onu qurtardı. Birinin də susuzluqdan dili çıxmışdı. Tutduğu Ramazan orucu gəlib susuzluğunu apardı.
Birini zülmət bürümüşdü. Etdiyi həcc gəlib qaranlıqdan çıxardı. Birinə ölüm mələyi gəlmişdi. Ata-anasına etdiyi yaxşılıqlar gəlib ölümünə mane oldu, gecikdirdi. Birini müsəlmanlarla danışdırmırdılar. Sileyi-rəhm gəlib ona şəfaət etdi, onlarla danışdı. Peyğəmbərinin yanına getmək istəyən birinə mane olurdular. Aldığı qüsl onu götürüb yanıma gətirdi. Atəşdən qorunmaq istəyən birinə sədəqəsi gəlib atəşə pərdə oldu. Birini zəbanilər götürüb Cəhənnəmə apararkən etdiyi əmr bil-məruf və nəhy anil-münkər gəlib qurtardı. Biri Cəhənnəm atəşinə atılmışdı. Allah qorxusu ilə tökdüyü göz yaşları gəlib oradan xilas etdi.
Birinə əməl dəftəri solundan verilərkən Allah qorxusu gəlib dəftərini sağa götürdü. Savabları yüngül gələn birinə özündən əvvəl ölən uşaqları gəlib savabını ağırlaşdırdı. Cəhənnəmin kənarında qorxudan titrəyən birinə Allahu təalaya olan hüsnü-zənni gəldikdə titrəməsi dayandı. Siratdan zorla keçən biri Cənnətə gəldi. Lakin qapılar bağlı idi. Kəlmeyi-şəhadəti gəlib onu Cənnətə qoydu”. [Təbərani, Hakimi, Tirmizi]
Sual: Günah işləməmizə şeytanlar səbəb olduğuna görə, Ramazanda bağlı olan şeytanlar necə günah işləyir?
CAVAB
Günah işləməmizə təkcə şeytanlar deyil, öz nəfsimiz də səbəb olur. Nəfsin zərəri şeytanınkından daha çoxdur. Nəfsin hər istədiyi öz zərərinədir. Ramazanda günah işləyən nəfsimizdir. Bu ayda şeytanlar bağlı olduğu üçün, vəsvəsə verə bilməzlər. Ramazanda əsnəmələr də şeytandan deyil. Əsəbi əsnəmələr yorğunluq, yuxusuzluq kimi hallarda meydana gəlir. “Məktubati-Rəbbani”
Oruclu ikən ölmək
Sual: Dəstəmazlı ikən ölən şəhid olur. Oruclu ikən ölənə də bir əcr vardırmı?
CAVAB
Bəli, əcri böyükdür. Bir hədisi-şərifdə “Oruclu ikən ölən Cənnətə girər” buyuruldu. “Bəzzar”
В корзине: 0 шт.
на сумму: 0