Facebook Twitter WhatsApp

Əshabi-kirama dil uzatmaq olmaz

Sual: Allahu təalanın Tövrat, İncil və Qurani-kərimdə mədh etdiyi və “Hamısından razıyam, hamısına Cənnəti vəd etdim” deyə buyurduğu əshabi-kirama ibni səbəçilər haşa, münafiq, kafir deyib ağlasığmaz sözlər söyləyirlər. İlk üç xəlifəyə söyməyi ibadət qəbul edirlər. Allah tərəfindən təriflənən Rəsulullahın dostlarına söyməyin dindəki yeri nədir?
CAVAB
Qurani-kərimdə və hədisi-şəriflərdə Cənnətlə müjdələnən əshabi-kiramdan hər hansı birinə kafir demək küfrə səbəb olar. Əshabi-kiramın istisnasız hamısının Cənnətlik olduğu ayə və hədislərlə bildirilmişdir. Budur, bir ayəti-kərimə məalı:

“Məkkənin fəthindən əvvəl Allah üçün mal verib savaşanlar daha sonra xərcləyib savaşanlarla eyni deyildir. Onların dərəcəsi sonradan Allah yolunda xərcləyən və savaşanlardan daha yüksəkdir. Bununla yanaşı, Allah (əshabın) hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir”. (Hədid, 10)

Ayəti-kərimədə “Və küllən vaadallahu husna” buyurulur. Yəni “Allah hamısına Cənnəti söz vermişdir” buyurulur. Fəzilət baxımından, əlbəttə, Məkkənin fəthindən əvvəl müsəlman olanlar daha sonra müsəlman olanlardan üstündür. Amma hamısı Cənnətlikdir.

Ayəti-kərimədə fəthdən əvvəlkilərə “Hüsna” (Cənnət) vəd edildiyi kimi, fəthdən sonrakılar o dərəcəyə qovuşmasa belə, onlara da “Hüsna” söz verilmişdir. Dörd xəlifə də fəthdən əvvəl Allah yolunda malını sərf etmiş və savaşmışdır. Bu ayəti-kəriməni inkar edib üç xəlifəyə zalım, kafir kimi sözlər deyənin özü kafirdir. Satışda bir çox məal vardır. Hamısı da “Və küllən vaadallahu husna” ayəsini bir neçə kəlmə fərqi ilə eynisini bildirmişdir. “Küllən” kəlməsini kimisi “hamısı”, kimisi də “hər biri” olaraq tərcümə etmişdir. “Hər biri Cənnətlik” demək istisnasız hamısının Cənnətlik olduğu deməkdir. İndi tərcümələrə baxaq:
Diyanətin məalındakı ifadə eynilə belədir: “Allah hamısına Cənnəti vəd etmişdir”.

Ömər Nəsuhi Bilmənin tərcüməsindəki ifadə: “Allah hamısına da çox gözəl mükafat vəd etmişdir”.

Süleyman Atəşin tərcüməsindəki ifadə: “Allah hamısına da ən gözəl nəticəni vəd etmişdir”.

Vəhhabilərin payladığı tərcümədəki ifadə: “Allah hamısına da ən gözəl olanı vəd etmişdir”.

Həsən Bəsri Çantayın tərcüməsindəki ifadə: “Allah hər birinə ən gözəl olanı (Cənnəti) vəd etdi”.

Tibyan təfsirindəki ifadə: “Allah hər birinə hüsnanı (Cənnəti) vəd etdi”.

A. Fikri Yavuzun tərcüməsindəki ifadə: “Allah hamısına Hüsnanı-Cənnəti vəd buyurdu”.

Həzrəti Osmana dil uzadan S. Qutubun ifadəsi: “Hamısına da Allah ən gözəl olanı vəd etmişdir”.

Əshaba qarşı çıxan Məvdudinin ifadəsi: “Allah hər birinə ən gözəl olanı vəd etmişdir”.

Almalılı Həmdi Yazır, Konyalı M. Vəhbi, Əli Aslan və Cəlal İldırımın təfsirində, M. Əli Sabuni Safvətut Təfasirdə və satışlardakı digər təfsir və tərcümələrdə də eyni ifadələr keçir.

Allahu təala sadəcə əshabi-kiramın Cənnətlik olduğunu bildirməklə qalmayıb, o mübarək insanları sevərək onların yolundan gedən müsəlmanlardan da razı olduğunu, onları da Cənnətə qoyacağını bildirmişdir. Budur, ayəti-kərimə tərcüməsi:
“Mühacirlərin [Məkkədən hicrət edənlərin] və ənsarın [Mədinədə mühacir əshaba kömək edənlərin] əvvəl gələnlərindən Allah razıdır və onlar da Allahdan razıdır. Allah onlara altından çaylar axan Cənnətlər hazırladı. Onlar Cənnətdə sonsuz olaraq qalacaq”. (Tövbə, 100)

Allahu təalanın zatı kimi sifətləri də sonsuzdur. Razı olması da sonsuzdur. “Allah əshabdan bir neçə il razı oldu və sonra vaz keçdi” demək olmaz. Allah sözündən dönməz. İki ayəti-kərimə tərcüməsi:
“Allah əsla sözündən dönməz” (Ali-imran, 9; Zumər, 20; Rəd, 31)

“Allah vədindən dönməz” (Rum, 6)

İbn Hacər Məkki həzrətləri deyir:
“Əraf” və “Hicr” surələrində buyurulur: “Biz azimuşşan, qəlblərindəki kin və düşmənçilik kimi şeyləri kökündən çıxarıb atdıq”. Deməli, heç bir səhabə başqa səhabəyə həsəd və kin bəsləməz. Çünki hamısı haqqulyakin mərtəbəsinə çatmışdır. Aralarındakı müharibələr ictihad səbəbiylə olmuşdur. Hər biri öz ictihadıyla hərəkət etməyə məcbur olduğundan heç biri pislənməz. Əshabi-kiramdan birini pisləmək “Allah onlardan razıdır” tərcüməsindəki ayəyə inanmamaqdır. (Təthirul-cənan)

Allahu təala səhabə düşmənlərinə fürsət verməmək üçün, sadəcə cihad edənlərin deyil, evlərində oturanların da Cənnətlik olduğunu bildirmişdir. Budur, ayəti-kərimə tərcüməsi:
“Möminlərdən oturanlarla malı və canıyla Allah yolunda cihad edənlər bir olmaz. Allah mal və canıyla cihad edənləri dərəcə baxımından oturanlardan üstün qılmışdır. Bununla yanaşı, Allah hamısına da ən gözəl olanı (Cənnəti) vəd etmişdir, amma cihad edənləri oturanlardan çox böyük əcirlə üstün qılmışdır” (Nisa, 95). Bu ayədə “Hamısı Cənnətlikdir” buyurulur.

Həzrəti Adəmdən bəri bir çox Peyğəmbər gəlmişdir. İçlərində ən qiymətlisinin bizim Peyğəmbərimiz olduğu, ən yaxşı əshab da onun əshabı və ən yaxşı ümmət də onun ümməti olduğu bildirilmişdir. Budur, bir ayəti-kərimə tərcüməsi:
“Sizlər insanların yaxşılığı üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz; yaxşılığı əmr edib pislikdən çəkindirir və Allaha inanırsınız”. (Ali-imran, 110)

Əshabi-kiram bir-birinin dostu idi. Budur, ayəti-kərimə tərcüməsi:
“İman edib hicrət edənlər, Allah yolunda mal və canlarıyla cihad edənlər və sığındırıb kömək edənlər bir-birilərinin dostlarıdır”. (Ənfal, 72) Əshabi-kiramı bir-birinə düşmən kimi göstərmək bu ayəti-kəriməyə ziddir.

Burada bunu sübut etmək üçün gözəl bir misal verək:
Əshabi-kiramın, ənsarın böyüklərindən, Peyğəmbər əfəndimizin mehmandarı, sancaqdarı və katiblərindən olan Xalid bin Zeyd Əbu Əyyub Ənsari həzrətləri (Türkiyədə Əyyub Sultan adıyla məşhurdur) 670-ci ildə İstanbulda şəhid olmuşdur.


Rəsulullah əfəndimiz Mədinəyə hicrət edəndə dəvə onun qapısının ağzında çökmüşdür. Məscid tikilənədək yeddi ay bu mübarək səhabənin evində qonaq qaldı. Bütün əshabi-kiram istədiyi halda Rəsulullahı yeddi ay evində qonaq saxlamaq şərəfi bu mübarək zata nəsib oldu. Mədinə əhalisi həzrəti Xalidin evinə gəlib Rəsuli-əkrəmi ziyarət etdi.

Həzrəti Xalid Bədir, Uhud, Xəndək, Hudeybiyə və başqa qəzalarda Rəsulullah əfəndimizin yanında olub xeyir və dualarına qovuşmuşdu. Bir çox müharibələrdə sancaqdarlıq xidmətiylə şərəflənmişdi. Buna görə ona Rəsulullahın sancaqdarı ünvanı verildi. Yüz əlli hədisi-şərif xəbər vermişdir. Qoca olduğu halda həzrəti Muaviyənin dövründə Süfyan bin Əvfin komandasındakı orduyla İstanbulu fəth etməyə getmişdi. Yezidin də olduğu əsgərlərin arasında otuz üç səhabə var idi. Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Abdullah ibn Zübeyr həzrətləri də Əbu Əyyub Ənsarı Xalid həzrətləri ilə birlikdə idilər. Onlardan həzrəti Xalid dizenteriyadan vəfat etdi.

Əbu Əyyub Ənsari həzrətləri Cəməl və Siffin qəzalarında həzrəti Əlinin yanında oldu. Komandanlarının arasında yer tutmuşdu. Hakimlərin qərarı ilə həzrəti Müaviyə xəlifə seçildiyi gün Mədinədə həzrəti Əli tərəfindən təyin edilmiş vali idi. Suriya, Fələstin müharibələrində Misir və Kiprin fəthində iştirak etdi. Çox şücaətli və qəhrəman idi. Bir müharibədə üzr səbəbiylə iştirak etmədiyinə görə çox üzülürdü.

İlk imana gələnlərdən və həyatda ikən adıyla Cənnətlə müjdələnən on kişidən biri olan həzrəti Talha ilə axirət qardaşı idi. Bunu Rəsulullah "səllallahu əleyhi və səlləm" etmişdi.

[Hansı ki, o Talha həzrətləri hicrətin 36-cı ilində Cəməl döyüşündə həzrəti Əliyə qarşı savaşanların arasında idi. Bu müharibədə şəhid olunca həzrəti Əli çox üzülmüşdü. Ağlayaraq, yanına gedib mübarək əlləriylə üzünün torpağını silmişdi. Cənazə namazını özü qıldırmışdı.]

Bəli, bu böyük səhabə, Rəsulullahın sancaqdarı, həzrəti Əlinin komandan və valilərindən həzrəti Xalid bir müddət əvvəl özünə qarşı savaşdığı həzrəti Müaviyənin xəlifəliyi dövründə İstanbulun fəthi üçün təşkil etdiyi orduya qatıldı. Bir-birilərini sevməsəydi, həzrəti Əlinin buyurduğu kimi bir-birilərini qardaş bilməsəydi, heç həzrəti Müaviyənin xəlifəliyi dövründə onun əmrinə tabe olub fəth üçün göndərdiyi orduya qatılardımı? Hansı ki, bu onun şəhid olmasına səbəb olmuşdu. (Qisasi-Ənbiya, Şəvahüdun-nübüvvə, Təzkireyi-Qurtubi müxtəsəri, Haqq sözün vəsiqələri, əshabi-kiram, Əbədi səadət)

Əshabi-kiramın bir-birinə qarşı çox mərhəmətli olduğunu, hamısının bir-birini sevdiyini, məsələn, həzrəti Əlinin həzrəti Müaviyəni sevdiyini bu ayəti-kərimə bildirir:

“Muhammed əleyhissəlam Allahın Rəsuludur və onunla birlikdə olanların [əshabi-kiramın] hamısı kafirlərə qarşı şiddətli, çətin və lakin bir-birlərinə qarşı mərhəmətli, yumşaqdır. Onları çox vaxt ruku və səcdədə görərsən. Allahdan ehsan və riza istəyərlər. Çox səcdə etdikləri üzlərindən bəlli olar. Bu onların Tövratdakı vəsfidir. İncildəki vəsfi də belədir: Onlar əkinə bənzəyir. İncə bir cücərti yerdən çıxıb, qalınlaşıb yüksəldiyi kimi, az və qüvvətsiz olduqları halda qısa zamanda ətrafa yayıldılar. Hər tərəfi iman nuru ilə doldurdular. Hamı cücərtiyə baxıb, az bir müddətdə necə böyüdüyünü görərək təəccüb etdiyi kimi, şan-şöhrətlərinin dünyaya yayıldığını görənlər heyrətləndilər və kafirlər qəzəblənib acıqlandılar”. (Fəth, 29). Əshabi-kirama qəzəblənənlərin kafir olduğu yenə bu ayəti-kərimədə bildirilmişdir.

Adam öldürmək, zina, içki və oğurluq çox böyük günah olsalar da, kafirlik deyil. Çünki Qurani-kərimdə buyurulur:
“Allah istədiyinin şirkdən [küfrdən] qeyri günahlarını əfv edər”. [Nisa, 48-116]

“Möminlərdən iki tayfa bir-biriylə çarpışsalar, aralarını düzəldin; möminlər, əlbəttə, qardaşdır, qardaşlarınızın arasını düzəldin”. [Hucurat, 9-10]

Məkkənin fəthindən sonra müsəlman olan həzrəti Vəhşi və digərləri tərtəmiz bir müsəlman və Cənnətlik səhabə olub əvvəlki günahları da savaba çevrilmişdir. Qurani-kərimdə buyurulur:
“Tövbə edib iman edən və saleh əməl işləyənlərin günahlarını savaba çevirərəm”. (Furqan, 70)

Bu xüsus kafir ikən müsəlman olan hamı üçün keçərlidir. Hansı günah olursa-olsun şirk, yəni kafirlik daxil tövbə edildikdə Allahu təala onu bağışlayar. Bu xüsus qiyamətə qədər belədir.
Allahu təala Rəsuluna “Sənə endirdiyim bu Quranı açıqla” buyurur. (Nəhl, 44)
Rəsulu açıqlayaraq buyurur:
“Əshabıma dil uzatmaqda Allahdan qorxun! Məndən sonra onları pis əməllərinizə alət etməyin! Onları sevən məni sevdiyi kimi sevər. Məni sevməyən də onları sevməz. Onları incidən məni incitmiş olar. Məni incidən də Allahu təalanı incitmiş olar. Bunun da cəzası yubanmadan verilər. (Buxari)

“Əshabımın heç birinə dil uzatmayın! Onların şəninə yaraşmayan heç bir şey söyləməyin! Allaha and içirəm ki, bir şəxs uhud dağı qədər qızıl sədəqə versə, əshabımdan birinin bir ovuc arpası qədər savab ala bilməz”. [Əbu Davud]

“Əshabım cin və insanların hamısından üstündür”. [Bəzzar]

“Əshabımın hansına uysanız, Allahu təalanın sevgisinə qovuşarsınız”. [Beyhəki]

“Əshabım göydəki ulduzlar kimidir. Hansına uysanız hidayətə çatarsınız”. [Darəmi, Beyhəki, İbn Adiy, Münavi]

“Rəbbim mənə vəhy etdi ki, əshabım göydəki ulduzlar kimidir. Bəzisi bəzisindən parlaqdır. Onlardan birinə uyan hidayət yolundadır”. [Deyləmi]

“Əshabımın, qohumumun və göstərdiyim yolda gedənlərin sevgisində mənim haqqımı qoruyun! Onları sevmək surətiylə Peyğəmbərlik haqqımı qoruyanları Allahu təala dünya və axirətdə bəlalardan, zərərlərdən qoruyar. Peyğəmbərlik haqqımı düşünməyib onları incidənləri Allahu təala sevməz. Allahın sevmədiklərinə də əzabı yaxındır”. [Təbərani]

“Əshabımın adını eşitdikdə susun, şənlərinə yaraşmayan söz deməyin”. [Təbərani]

“Əshabımı pisləyənə Allah lənət etsin”. [Təbərani, Beyhəki, Hakim]

“Əshabımın qüsurlarını söyləməyin! Qəlbləriniz onlara qarşı dəyişər. Əshabımı yaxşılıqla anın ki, qəlbləriniz ülfət etsin!” [Deyləmi]
“Əshabım kimi heç kəs islamiyyətə xidmət edə bilməz”. [İ.Suyuti]
“Məni görən müsəlman Cəhənnəmə girməz”. [Təbərani]
“İnsanların ən xeyirlisi əsrimdəki müsəlmanlardır [Əshabi-kiram]. Onlardan sonra ən yaxşıları onlardan sonra gələnlərdir [tabiin]. Onlardan sonra ən yaxşıları onlardan sonra gələnlərdir [təbə tabiin]. Artıq onlardan sonra yalan yayılar. Onların [əshabımın yolunda olmayanların] sözünə və işlərinə inanmayın! [Buxari, Müslim, Tirmizi]

“Əshabımın arasında fitnə çıxacaq. O fitnələrə qarışanları Allahu təala mənimlə olan söhbətləri hörmətinə əfv edəcək. Sonra gələnlər bu fitnələrə qarışan əshabıma dil uzadaraq Cəhənnəmə girəcək”. [Müslim]

“Əshabımı pisləyən xaric, qiyamətdə hər möminin qurtuluş ümidi var”. [Hakim]

“Əshabımı pisləyənlər müsəlmanlıqdan ayrılmış olar”. [Beyhəki]

“Allahu təala mənə əshab və qohum olaraq ən yaxşıları seçdi. Bir çoxları əshabıma və qohumlarıma dil uzadıb pisləməyə çalışarlar. Belə insanlarla oturub-durmayın! Birlikdə yeyib-içməyin. Onlardan qız alıb-verməyin”. [Darə Qutni]

Ağacın altında söz verən əshab
Allahu təala ağacın altında sözləşmə edən əshabdan da razı olduğunu bildirmişdir. Budur, ayəti-kərimə tərcüməsi:
“Ağacın altında sənə söz verənlərdən Allah razıdır. Qəlblərində olanı bilmiş, onlara güvən hissini vermiş və onları çox yaxın bir fəthlə mükafatlandırmışdır”. (Fəth, 18)

İmam Bəqavi deyir ki, Cabir bin Abdullah dedi ki, Rəsulullah “Ağacın altında mənimlə sözləşənlərdən heç biri Cəhənnəmə girməz!” buyurmuşdur. Bu sözləşməyə “Beyətür-ridvan” deyilir. Çünki Allahu təala onlardan razıdır. (Məalimüttənzil)

[Onlar 1400 kişi idilər. Hudeybiyyədə “Beyətul-ridvan” edildi və 8-ci ildə Məkkə fəth edildi. Bu 1400 səhabənin arasında üç xəlifə və irəlidə həzrəti Əli ilə savaşacaq olan əshab da var idi.


Mavəraunnəhr alimləri buyurmuşdur:
“Üç xəlifə “Fəth” surəsinin “Sənə ağacın altında söz verən möminlərdən Allah razıdır” tərcüməsindəki 18-ci ayəsinin arasına da girməklə şərəfləndiyi üçün, onları pisləmək küfrdür.

Üç xəlifə ayəti-kərimələrdə Cənnətlə müjdələndiyi kimi, hörmət olaraq adla da Cənnətlə müjdələnmişdir. Hədisi-şərifdə buyurulmuşdur:
“On kişi Cənnətdədir: Əbu Bəkr, Ömər, Osman, Zübeyr, Talha, Əbdürrəhman ibn Əvf, Əli bin Əbutalib, Səd bin Əbu Vəqqas, Əbu Ubeydə bin Cərrah və Səid bin Zeyd”. [Tirmizi, İbn Macə]

“Bir nəfəri Əbu Bəkr, Ömər, Osman və Əlidən üstün görən məni yalanlamış olar”. [Rafii]

“Bu dörd kişinin sevgisi münafiqin qəlbində toplanmaz. Əbu Bəkr, Ömər, Osman və Əli”. [İbn Əsakir]

“Allahu təala namazı, zəkatı və orucu fərz etdiyi kimi, Əbu Bəkri, Öməri, Osmanı və Əlini sevməyi də fərz etdi”. [Vəsilə]

“Cəbrayıl dedi ki, Allahu təala buyurur ki, hər ümmət qiyamətdə susuzluq görəcək. Təkcə Əbu Bəkr, Ömər, Osman və Əlini sevənlər müstəsnadır”. [Rafii]

“Başçınız Əbu Bəkr olduqda onu zahid və axirətə rağib görərsiniz. Ömər olduqda onu güclü, əmin və Allah yolunda heç kimdən çəkinməyən görərsiniz. Başçınız Əli olduqda doğru yolda olar və başqalarını da doğru yola çəkər. Sizi doğru yola aparan görərsiniz”. [Hakim, İ.Əhməd]

“Ümmətimin ən mərhəmətlisi Əbu Bəkr, dində ən sağlam olanı Ömər, ən həyalısı Osman və ən yaxşı hökm verəni də Əlidir”. [İbn Əsakir, Əbu Yala]

“Hər Peyğəmbərə əşraf və kərimdən yeddi şəxs verildi. Mənə isə 14 kişi verildi. Əli, Həsən, Hüseyn, Cəfər Təyyar, Həmzə, Əbu Bəkr, Ömər, Musab ibn Ümeyr, Bilal, Salman, Ammar, Abdullah ibn Məsud, Mikdad və Hüzeyfə ibn Yəmani”. [Hakim, Əbu Nuaym]

“Sünnəmə və xüləfayi-rəşidin yoluna möhkəm sarılın!” [Buxari]

Həzrəti Əbu Bəkr və həzrəti Ömər Bədir savaşına qatılanlardandır. Bədir əhlinin şanı üçün hədisi-şəriflərdə buyurulur:
“Bədir savaşına qatılan müsəlmanlar Cənnətlikdir”. [Darə Qutni]

“Allahu təala Bədir əhlinə rəhmətiylə təcəlli edib belə buyurdu: “Nə edirsiniz edin, mən sizi indidən bağışladım”. [Hakim]

“Cəbrayıl gəldi və mənə dedi ki, Bədirdə olanları necə sayırsınız? Dedim ki, xeyirlilərimizdir. Dedi ki, Məlaikədən Bədirdə olanlar da bizim nəzərimizdə mələklərin xeyirlisidir”. [Buxari]

“Əshabi-Bədirdən birinə necə söz deyə bilərsən? Əgər sən uhud dağı qədər qızılını Allah yolunda versən, onun dərəcəsini əldə edə bilməzsən”. [Hakim]

Səhabə düşmənləri deyir:
“Bu üç xəlifə bir neçə yaxşı iş görsələr də, daha sonra pislik edərək verdiyi sözü pozmuş və Allah rizasını onlardan qaldırmışdır. Peyğəmbər Əlinin xəlifə olmasını əmr etdiyi halda bu əmrə uymadılar. Fatiməni incitdilər. Hədisi-şərifdə “Onu incidən məni incitmiş olar. Məni incidən də Allahı incitmiş olar” buyurulmuşdur. “Əhzab” surəsində “Allaha və Rəsuluna əziyyət verənlərə dünyada da, axirətdə də lənət olsun” buyurulmuşdur. Bu pis işlərindən ötrü üç xəlifənin üçünü də pisləmək və onlara söymək lazımdır”.

Belə sözlərlə Allahu təala haşa, cahilliklə günahlandırılmış olar. Allah onların nə edəcəklərini bilmirdi? Allahın zatı kimi sifətləri də əbədidir. Bir neçə illiyə razı olub sonra rizasını götürməz. Allah verdiyi sözdən dönməz. (Ali-imran, 9)

İlk dörd xəlifəni pisləmək Rəsulullahı pisləməkdir. Rəsulullah aləmlərə rəhmət idi, çox dəyərli idi, onun əhli-beyti, xanımları və əshabı da çox dəyərli oldu. (Fəth, 29)

Bir hədisi-şərifdə buyurulur:
“Allahu təala məni insanların ən əsilzadəsi olan Qüreyş qəbiləsindən seçdi və mənə onların arasından ən yaxşılarını əshab olaraq ayırdı. Onlardan bir neçəsini mənə vəzir olaraq və islam dinini insanlara çatdırmaqda köməkçi olaraq seçdi. Bəzilərini də əshar olaraq ayırdı. Onlara söyüb iftira atanlara Allahu təalanın, bütün mələklərin və insanların lənəti olsun! Allahu təala qiyamət günü onların fərz və sünnələrini qəbul etməz” [Hakim] (Bu dörd xəlifə eyni zamanda əshardan idi)

Allahu təala ağacın altında söz verən əshabdan razı olduğu vaxt onların niyyətini, əlbəttə, bilirdi. Allahu təala onların verdiyi sözü bəyəndikdə imanla gedərlər. Çünki Allah sonra kafir olacaqların heç bir işindən razı olmaz. İmansız öləcək olanlar gözəl iş görsə də, Allah onların belə işlərini bəyənməz. Kafirlərin gördüyü gözəl işlər üçün “Nur” surəsinin 39-ci ayəsində “Kafirlərin gördüyü gözəl işlər çöldə görünən ilğıma bənzəyir. Susuz olanlar bunu uzaqdan su zənn edər. Yanına gedəndə bir şey tapmaz” və “Maidə” surəsinin 57-ci ayəsində “Kafir olaraq ölənin etdiyi bütün yaxşı işlər yox olar. Dünya və axirətdə fayda verməz” buyurulmuşdur. Axirətdə işə yaramayan bir işdən Allahın razı olduğunu demək Allahın sifətlərini inkar etməkdir.

Həzrəti Əlinin ilk xəlifə olmasını Rəsulullah bildirməmişdir. Əgər bildirsəydi, həzrəti Əli bu əmri gizlətməyib açıq şəkildə deyər və həzrəti Əbu Bəkrin xəlifəliyini qəbul etməzdi. Necə ki, “Xəlifələr Qüreyşdəndir” hədisi-şərifini deyərək ənsarın xəlifə olmasını qəbul etmədi. Ənsar da razı olub xəlifəlik istəyindən vaz keçdilər.

Fatiməni incitməmək üçün olan əmrlər hər cür incitməyimiz demək deyil. Çünki həzrəti Əli onu bir neçə dəfə incitdi. İncitməyi günah olmadı. Bunun kimi Rəsulullah “Aişəni üzərək məni incitməyin! Bilin ki, onun yatağında ikən mənə vəhy gəlir” buyurmuşdur. Aişəni incitməyin özünü incitmək olduğun bildirdi. Halbuki həzrəti Aişə həzrəti Əlidən, əlbəttə, incimişdi. Buna görə də “İncitməyin” əmri “Şeytana uyaraq incitməyin” deməkdir. Yoxsa islamiyyətin əmrini yerinə yetirmək üçün üzmək qadağan deyil. Həzrəti Əbu Bəkr “Biz Peyğəmbərlər miras buraxmırıq. Buraxdıqlarımız fəqir-füqəraya sədəqədir” hədisi-şərifinə tabe olub Fədək xurmalığının gəlirini həzrəti Fatiməyə verməyib kasıblara payladı. Həzrəti Əli də xəlifə olunca Fədək xurmalığının gəlirini həzrəti Fatimənin mirasçılarına vermədi və əmrə tabe olub kasıblara payladı. (Rəddi rəvahid)

Bu halda həzrəti Əbu Bəkr Fədək xurmalığı üzündən günahlanarsa, eyni işi görən həzrəti Əli də günahlanmış olar. Həzrəti Əliyə bu günahı yükləyənlər aydın məsələdir ki, həzrəti Əlinin deyil, yəhudi ibn Səbənin yolundadır. Həzrəti Əli haşa, qorxaq idi? Kimdən qorxurdu? Həm də həzrəti Əbu Bəkr, həzrəti Ömər və həzrəti Osman da vəfat etmişdi. Üstəlik xəlifə də özü idi. Bütün ixtiyar da əlində idi. Deməli, həzrəti Əli doğru olanı etmişdi.

Əhli-beyti sevirmiş kimi görünərək
İmam Rəbbani həzrətləri buyurur:

Peyğəmbərimizin xəlifələrini söyməyə ibadət deyən din necə bir dindir? Din böyüklərini söyməyi və pisləməyi imanlarının təməli zənn edənlərin doğru yoldan nəsibi nə ola bilər? Onlar on iki firqədir. Hamısı da əshabi-kirama kafir deyir. Olmayan şeyləri danışırlar. Dörd xəlifədən üçünə söyməyi ibadət bilirlər. Belə kəslər haqqındakı əzabları bildirən hədis-şərifləri də eşitdikdə başqalarına aid edirlər. Kaş ki, getdiyi yolun mənasını bilib bu yoldan çəkinsəydilər. Peyğəmbərimizin "səllallahu əleyhi və səlləm" əshabi-kiramına düşmənçilik etməsəydilər, nə gözəl olardı. Xristianlar özlərinə isəvi, yəhudilər də musəvi deyir. Heç biri özlərinə kafir demir. Öz dinsizliklərini bəyənməyənlərə kafir deyirlər. Hamısı da aldanırlar. Hər ikisi də kafirdir.

Əshabi-kirama düşmən olmağı Abdullah İbn Səbə adında bir yəhudi dönməsi ortaya çıxardı.
Onlar deyəsən Peyğəmbərin əhli-beytini də özləri kimi zənn edirlər. Onları da həzrəti Əbu Bəkr ilə həzrəti Ömərə düşmən bilir və onları da özləri kimi iki üzlü, münafiq düşünürlər. Həzrəti Əlinin üç xəlifə ilə məşhur olan dostluğunun siyasət və göstəriş olduğunu və onlara haqlı bilərək, qəlbindən gələrək deyil, münafiqliklə hörmət və sevgi göstərdiyini zənn edirlər. Necə də qəribə şeydir. Onlar əgər əhli-beyti Rəsulullahı sevdikləri üçün sevirsə, onun düşmənlərinə də düşmənlik etməli idilər. Onun düşmənlərinə əhli-beytin düşmənlərindən daha çox söyüb lənət etməlidirlər. Onların heç birinin Rəsulullahın ən böyük düşməni olan və mübarək vücuduna və incə ruhuna əziyyət və işgəncələr verən Əbu Cəhlə lənət edib söydüyü görülməmişdir. Lakin Rəsulullahın ən çox sevdiyi həzrəti Əbu Bəkri, həzrəti Öməri və həzrəti Osmanı əhli-beytin düşməni zənn edərək ayəti-kərimə və hədis-şəriflərlə mədh edilmiş olan o böyük zatlara lənət etməkdən və çirkin şeylər söyləməkdən çəkinmirlər. Bu necə müsəlmanlıqdır?

Əhli-sünnə dörd xəlifənin xilafətinin doğru olduğunu, dördünün də xəlifə olduğunu bildirir. Çünki Peyğəmbərimiz buyurub: “Məndən sonra xəlifəlik otuz ildir”. Bu qeybdən xəbər verən hədisi-şəriflərdəndir. Otuz il həzrəti Əlinin xilafətiylə tamam oldu. Bu hədisi-şərif dörd xəlifəni göstərir və xilafət sıraları da düzgündür. Onlar isə üç xəlifənin xilafətinin doğruluğuna inanmır. Zorla, gücdən istifadə edərək xəlifə olduqlarını deyirlər. Həzrəti Əlidən başqa heç kimin xəlifə ola bilməyəcəyini deyirlər. Həzrəti Əlinin üç xəlifəyə beyət etməsinin təqiyyə olduğunu, yəni istəmədən, idarə etmək üçün olduğunu deyirlər. Bu sözləriylə insanların ən yaxşısının əshabı arasında nifaq, ikiüzlülük olduğunu və bir-birilərini aldadaraq keçindiyini zənn edirlər.

Çünki onlara görə həzrəti Əlini sevənlərlə sevməyənlər illərlə bir-birilərini yalandan sevmişlər. Qəlblərindəki ayrılığı gizlətmişlər, düşmənliklərini dostluq şəklində göstərmişlər. Onlara görə Peyğəmbərimizin mübarək söhbətlərində ədəblənən, yetişən əshabi-kiramın hamısı yalançı, hiyləgər və iki üzlü olmuşdur. Qəlblərində olanları saxlayıb olmayanları göstərmişlər. Buna görə də bu ümmətin ən pisi onlar olmuşdur. Onların sözlərindən belə çıxır ki, söhbət və dərslərin ən pisi haşa, Rəsulullahın söhbətidir. Çünki pis niyyətlər ondan sirayət etmiş olur. Onlara görə əsrlərin ən pisi əshabi-kiramın əsridir. Çünki onların əsri güya düşmənçilik, intiqam və ikiüzlülük ilə dolu idi. Halbiki Allahu təala “Fəth” surəsində “Onlar öz aralarında davamlı olaraq və daha çox mərhəmətlidirlər” buyurur.

Bu ümmətin öndə olanları bu qədər pis niyyətli olarsa, sonradan gələnlərdə artıq yaxşılıq ola bilərmi? Onlar Peyğəmbər əfəndimizin söhbətində olmağın üstünlüyünü və bu ümmətin nə qədər xeyirli və qiymətli olduğunu bildirən ayəti-kərimə və hədisi-şərifləri görüb eşitməmişlər? Yoxsa bunları eşidib inanmamışlar? Qurani-kərimi və hədisi-şərifi bizlərə o öyrətdi. Əshabi-kiram pis olarsa onlardan öyrənilən din pis olmazmı? Bəlkə onların məqsədi bu pərdə altında dini yıxmaq və islamı ortadan qaldırmaqdır? Əhli-beyti sevən görünərək islamiyyəti yox etməyə çalışırlar. Kaş ki, həzrəti Əlini sevənlərə qiymət verib barı onlara ikiüzlülük damğasını vurmayaydılar. Həzrəti Əlini sevən və sevməyən zənn etdikləri əshabi-kiram otuz il bir-biriylə yalan, kin və ikiüzlülük edərək keçinmişlərsə, onların harasında yaxşılıq qalır. Onların hansı sözlərinə inanmaq olar?

Həzrəti Əlini iki üzlülük edib susduğunu deyirlər. Onun şeyxeyni, yəni həzrəti Əbi Bəkrlə həzrəti Öməri mədh edən sözlərinə görəsən nə deyəcəklər? Xəlifə ikən bir çox insanlar arasında dediyi üç xəlifənin xilafətinin doğruluğunu bildirən sözləri qarşısında nə edəcəklər? Çünki ikiüzlülüklə xilafətin öz haqqı olduğunu və üç xəlifənin xilafətinin haqsız oduğunu söyləmədiyini desələr də, onların xilafətlərinin doğru olduğunu və özündən daha yüksək olduqlarını söyləməsi lazım deyildi. Bundan başqa üç xəlifənin üstünlüyünü bildirən hədisi-şəriflərə və onları və başqalarını Cənnətlə müjdələyən hədisi-şəriflərə nə deyəcəklər? Çünki Peyğəmbərimizin də ikiüzlülük etdiyini demələri caiz deyil. Peyğəmbərlərin doğrunu bildirməsi lazımdır. Bundan başqa onları mədh edən ayəti-kərimələrə nə deyəcəklər? Allahu təalaya da dil uzadacaqlar?

Allahu təala Qurani-kərimdə “Tövbə”, “Maidə”, “Mücadilə” və “Bəyyinə” surələrində buyurur ki, “Biz onların hər birindən razıyıq. Onların da hər biri Allahdan razıdır”. Demək, həm sevmiş və həm də sevilmişlər.

“Əraf” və “Hicr” surələrində məalən “Biz onların qəlblərindəki kini və xəyanəti çıxarıb atdıq” buyurulur. Bu ayəti-kərimə göstərir ki, heç bir səhabə heç bir səhabə üçün kin və küdurət bəsləyə bilməz. Bunların kökü onlardan sökülüb atılmışdır.

Bu ayəti-kərimə və hədisi-şəriflər onu göstərir ki, Allahu təala və Onun Rəsulu əshabi-kiramın hamısını adil bilmişdir. Allahu təalanın və Onun Peyğəmbərinin adil bildiyi şəxsləri başqalarının adil bilməməyinin nə əhəmiyyəti və zərəri var?

Bəli, bu söylədiklərimiz həzrəti Əlini və Peyğəmbər əfəndimizi sevənlər üçündür. Amma bir nəfər Peyğəmbər əfəndimizi araya qatmadan onu doğrudan-doğruya sevirsə, ona sözümüz yoxdur. Çünki söz başa düşməz. Onun məqsədi islam dinini yıxmaq və islam ehkamını pozmaqdır.

Əshabi-kiramı pisləmək necə caiz ola bilər ki, onlar islam dinini yüksəltmək üçün və Rəsulullaha kömək etmək üçün insan gücünün üstündə çalışdılar. Din uğrunda gecələrini gündüzlərinə qatdılar. Mallarını Allahu təala yolunda fəda etdilər. Qohumlarını, ailələrini, uşaqlarını, vətənlərini və evlərini, axar sularını, tarlalarını və ağaclarını Rəsulullahın sevgisi yolunda tərk etdilər. Onun mübarək vücudunu öz vücudlarına və onun sevgisini mallarının, övladlarının sevgisinə tərcih etdilər.

Onlar həmin insanlardır ki, vəhyi, yəni Qurani-kərimin enməsini görmək və Cəbrayıl ilə bərabər oturmaq şərəfinə qovuşdular. Möcüzə və qeyri-adiliklərə şahid oldular. Başqalarına eşitmək nəsib olan nemətləri və elmləri gördülər. Onlardan sonra heç kimə verilməyən qəlb təmizliyi onlara verildi.

Onlar həmin isanlardır ki, başqaları dağ boyda qızıl sədəqə versə, onların bir ovuc arpa sədəqəsi savabına, hətta yarısına çata bilməz.

Onlar həmin isanlardır ki, Allahu təala onları Qurani-kərimdə mədh edərək “Onlardan razıyam, onlar da məndən razıdır” buyurmuşdur. “Fəth” surəsinin sonunda da onlara acığı tutub düşmən olanlara “kafirlər” buyurmuşdur.

Çəkinin! Din böyüklərinə dil uzatmaqdan, islamın böyüklərini pisləməkdən çəkinin! Aman, çəkinin! Çox çəkinin! (Məktubat, 2.c. 36.m.)

Möminə kafir deyənin özü kafir olar
Şeyxeyni [Həzrəti Əbu Bəkr və Həzrəti Ömər] söymək küfrdür. Şeyxeyni söymək onlara düşmənlik etmək deməkdir. Onlara düşmənlik isə küfrdür. Çünki hədisi-şərifdə “Onlara düşmənlik mənə düşmənlikdir. Onları incitmək məni incitməkdir. Məni incitmək də Allahu təalaya əziyyət verməkdir” buyurulmuşdur.Əli bin Həsən ibni Əsakirin bildirdiyi hədisi-şərifdə “Əbu Bəkrlə Öməri sevmək imandır. Onlara düşmənlik küfrdür” buyurulmuşdur.Bir möminə kafir deyənin özü kafir olar. Bir hədisi-şərifdə “Bir nəfər bir möminə onun kafir olduğunu bildirən bir söz söyləsə, [məsələn, “Ey Allahın düşməni” desə] özü kafir olar” buyurulmuşdur. O halda şeyxeynə kafir deyən, onları kafir bilən kafir olar. Biz yaxşı bilirik ki, həzrəti Əbu Bəkrlə həzrəti Ömər mömindir. Allahu təalanın düşməni deyildirlər. Onlar Cənnətlə müjdələnmişdir. O halda onlara kafir deyən kafir olar.


Dövrün böyük alimi Əbu Züra Razi buyurur:
“Rəsulullahın əshabından birini pisləyən zındıqdır. Çünki Qurani-kərim, əlbəttə, doğrudur; Rəsulullah, əlbəttə, doğru söyləyir. Bizlərə onlardan gələn xəbərlər, əlbəttə, doğrudur. Bunların hamısı əshabi-kiramı tərifləyir və yüksəldir. Onları pisləmək Qurani-kərimə və hədisi-şəriflərə inanmamağı göstərir. Bu isə zındıqlıq, dəlalət və pozuqluqdur”.

Səhl bin Abdullah Tüsturi buyurur:
“Əshabi-kiramı böyük bilməyən şəxs Rəsulullaha iman etmiş olmaz”.

Abdullah bin Mübarəkdən soruşuldu ki, həzrəti Müaviyə ilə Ömər bin Əbdüləzizdən hansı daha üstündür? Cavabında buyurdu ki, həzrəti Müaviyə Rəsulullahın yanında gedərkən, atının burnuna girən toz Ömər bin Əbdüləzizdən daha üstündür. Bu şəkildə Rəsulullahın söhbətinin və mübarək üzünü görməyin səbəb olduğu böyüklüyə heç bir böyüklüyün çata bilməyəcəyini bildirdi. Bu üstünlük başqa bir dəyər verilmədən tək söhbətin üstünlüyüdür və bütün əshabda vardır. Buna başqa dəyərlər də əlavə edən, məsələn, Rəsulullahla birlikdə cihad edən və sonra gələn möminlərə ondan eşitdiklərini bildirən və ya onun uğrunda malını xərcləyən səhabə, əlbəttə, daha yüksək, daha üstündür. Heç bir şübhə yoxdur ki, iki xəlifə əshabın böyüklərindən idi. Hətta ən üstünləri idi. O halda şeyxeynə kafir demək, hətta bir az kiçiltmək küfrdür. Bu zındıqlıq olub doğru yoldan ayrılmaqdır.

Şəmsüləimmə Muhammed bin Əhməd Sərahsinin “Mühit” kitabında deyilir:
“Şeyxeyni pisləyən imamın arxasında namaz qılmaq caiz deyil. Çünki o, Əbu Bəkrin xəlifə olduğunu qəbul etmir. Halbuki onun haqq xəlifə seçildiyini bütün əshab sözbirliyi ilə bildirmişdir”.

Tahir bin Əhməd Buxarinin “Xülasə” adındakı fətva kitabında deyilir:
“Əbu Bəkrin xilafətinə inanmayan kafirdir. Bidət sahibinin arxasında namaz qılmaq məkruhdur. Bidəti küfrə çatsa, ona uyanın namazı səhih olmaz. Küfrə səbəb olmazsa, səhih, lakin məkruh olar. Ömərin xilafətinə inanmayanın da kafir olduğu doğrudur”.

Onların xəlifəliyinə inanmayan kafirdirsə, onlara söyüb lənət edənlərin hökmü arıq aydındır. Görünür ki, bu həddi aşmağa küfr demək ayəti-kərimələrə, hədisi-şəriflərə və din alimlərinin sözlərinə tamamilə uyğundur.

Yaxşı bilmək lazımdır ki, əshabi-kiramın işlərinə qarışmaq, onların haqqında ağlına gələni söyləmək bir müsəlman üçün son dərəcə ədəbsizlik və eyibdir. Müsəlman adını daşıyan şəxs əshabi-kiramın arasındakı ayrılığı, çəkişmələri Allahu təalaya buraxıb hamısını yaxşı tanımalıdır. Onları sevməyin Muhammed əleyhissalamı sevmək olduğunu bilməlidir. Çünki “Onları sevən məni sevdiyi üçün sevər” buyurmuşdur.Bir müsəlman üçün qurtuluş yolu ancaq budur.

İmam Şəfii həzrətləri buyurur:
“Əshabi-kiramın arasındakı qanlara əlimizin bulaşmasından Allahu təala bizi qoruduğu kimi, biz də dilimizi qarışdırmaqdan qoruyaq”. Ömər bin Əbdüləziz həzrətləri də belə söyləmişdir.

Əsahi-kiramın heç birinə “Haqlı idi”, “Yanıldı” kimi deməyimiz düzgün deyil. Hamısı üçün yalnız yaxşı olduqlarını deməliyik. Hədisi-şəriflərdə də belə buyurulmuşdur. “Əshabım anıldığı zaman dilinizi qoruyun” hədisi-şərifinin mənası “Əshabım anıldığı zaman, bir-biriləriylə olan müharibələr söyləndiyi zaman özünüzü qoruyun” deməkdir. Bir qismini bəyənib digərlərini pisləməkdən qorunun. Bu əmrə uymaq lazımdır. (Rəddi rəvahid)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину