Facebook Twitter WhatsApp

Qəflətdən necə xilas olmaq olar

Sual: Qəflət nədir? Qəflətdən necə xilas olmaq olar?
CAVAB
Dini kəlmələrin lüğəti mənasına deyil, xüsusi mənasına baxmaq lazımdır. Qəflət, Allahü təalanı unutmaqdır. Hər nə şəkildə olur-olsun, Allahü təalanı xatırlamaq isə qəflətdən xilas olmaqdır. Dinin əmrlərinə riayət edərək görülən bütün işlər, alış-verişlər, yemək-içmək, qəflətdən qurtulmaq və Allahü təalanı xatırlamaq deməkdir.

Evinə, məscidə bilmədən sağ ayaqla girən şəxs qəflətlə girdiyi üçün savab qazana bilməz. Sünnət olduğunu düşünərək sağ ayaqla girsə, savab qazanar. Buna görə qəflətə qalib gəlmək üçün çalışmaq lazımdır! Qurani-kərimdə məalən “Qafillərdən olma” buyurulur. (Əraf 205)

Hədisi-şəriflərdə də buyuruldu ki:
“Qəflətlə yatan, Qiyamətdə elə də diriləcək. O halda özünüzü Allahü təalanı anaraq yatmağa öyrəşdirin!” [Deyləmi]

“Qafillər arasında Allahü təalanı anan, quru kollar arasındakı yaşıl ağac kimidir.” [Əbu Nuaym]

“Qafil olduğu halda, qəflətindən xəbərsiz insana təəccüb edilir. Bu insana da təəccüb edilir ki, ölüm onun arxasınca gedir, o isə dünyanın arxasınca qaçır. Rəbbinin ondan razı olub-olmadığını bilmədən qəhqəhə ilə gülənə də təəccüb edilir.” [Əbu Nuaym]

Qəflətin sonu peşmanlıqdır. Qəflət neməti yox edər, xidmətləri əngəlləyər. Qəflət yuxusunun sonu sonsuz peşmanlıq ola bilər. Salehlərdən bir nəfər xocasını yuxuda görüb soruşur:
- Qiyamətdə ən böyük peşmanlıq nədir?
Xocası buyurur ki:
- Qəflətin nəticəsi olan peşmanlıqdır...

Zünnuni Misri həzrətlərini yuxuda görüb soruşurlar:
- Vəfatından sonra sənə nə etdilər?
- Allahü təala mənə buyurdu ki:
“Məni sevdiyini söyləyirdin, amma Məndən qafil olurdun. Bu isə yalançılıqdır.”

Zünnuni Misri həzrətlərinə belə deyilirsə, bizə nələr deməzlər? Bir dəfə də yuxuda görülən bir çox şəxs dünyada qəflət içində yaşadığını söyləmişdir. Buna görə hədisi-şərifdə “İnsanlar yuxudadır, öldükdə oyanacaqlar” buyurulmuşdur. Ölmədən əvvəl oyanmaq lazımdır. İş işdən keçdikdən sonra oyanmaq faydasızdır.

Əzrayıl əleyhissalamla qardaş kimi görüşən Yaqub əleyhissalam dedi ki:
- Səndən bir xahişim var. Əcəlim yaxınlaşdıqda mənə qabaqcadan xəbər ver!
- Sənə iki-üç xəbərçi göndərərəm.
Bir müddət sonra Əzrayıl əleyhissalam yenə gəlir. Yaqub əleyhissalam sual edir:
- Ziyarətimə gəlmisən?
- Xeyr, canını almağa gəldim.
- Bəs necə oldu, mənə iki-üç xəbərçi göndərəcəkdin?
- Sənə üç xəbərçi gəlmədimi? Saçların qara idi, ağarmadımı? Bədənin qüvvətli idi, zəifləmədimi? Dimdik durarkən, indi belin bükülmədimi?

Xəbərçi istəyiriksə, çoxdur. Hər gün müxtəlif səbəblərlə ölənlərə və ya məzarlara baxmaq kifayətdir. Mütləq olacaq şeyi oldu bilmək lazımdır! Ölüm mütləqdir. Əzrayıl əleyhissalam gəldiyi vaxt, hazıram deməyi bilməliyik.

Şakik Bəlhi həzrətləri buyurur ki:
“İnsanlar üç şey söyləyirlər. Amma hərəkətləri ilə ona müxalif çıxırlar.
1- Biz quluq deyirlər, lakin şef kimi yaşayırlar.
2- Allah bizim ruzimizə zamindir deyirlər, ancaq qəlblərini ruzi qazanmaqla məşğul edirlər.
3- Əlbəttə ki, biz də öləcəyik deyirlər, amma ki, heç vaxt ölməyəcəkmiş kimi dünyaya sarılırlar.”

Bir nəfər çuvalını itirir, axtarır, tapa bilmir. Namaza durduqda xatırlayır. Köləsi adama deyir ki, “Sən namaz qılmırdın, çuval axtarırdın?”. Adam təbehinə görə köləni azad edir. Hər işi qəflətdən uzaq halda etməyə çalışmaq lazımdır!

Qəflətə səbəb olan şeylər
İnsanların qəflətə, hətta günaha, üsyana, küfrə dalması müxtəlif səbəblərdən olur. Bunlar, insandan insana dəyişməklə yanaşı, cəhalət, təkəbbür, dostunu-düşmənini tanımamaqdan irəli gəlir. İnsanın qəflətinə səbəb olan çox şey olsa da, üçü əsasdır:
1- İnsanı tanımamaq, yaradılış qayəsini bilməmək.
2- İşlərin səbəblərlə yaradıldığını bilməmək.
3- Ölümü unutmaq.

1- İnsanı tanımamaq, yaradılış qayəsini bilməmək
İnsan nə üçün yaradıldığını və başına gələcəkləri bilib unutmasa, qəflətə düşə bilərmi və ya təkəbbürlənə bilərmi? Rəbbinə üsyan edə bilərmi? Deməli, insan yaradılış qayəsini düşünmür. Əgər insanlar istənildiyi kimi düşünə bilsəydilər, Qurani-kərimdə tez-tez, “Heç düşünmürsünüzmü?” deyə xəbərdarlıq edilərdimi?

Bir insan bir alət, bir cihaz düzəltdikdə, bunun necə və harada istifadə ediləcəyinə aid bir kitabçasını hazırlayır. Kitabçası ilə də anlamaq çətindirsə, istifadəsini öyrənmək üçün kurslar açır. Bir cihaz səhv istifadə olunsa, məhv olar, əldən çıxar. Hər şeyin yaradanı Cənab Allah da, insan adlanan bu müəzzəm cihazı yaradıb, özbaşına buraxmayıb, “Sizi boş yerə yaratdığımızı zənn etdiniz?” buyurmuşdur. Nə etmək lazım olduğunu Peyğəmbərləri vasitəsilə kitablar göndərərək bildirmişdir.

Nə olduğunu, kim olduğunu, səadət və fəlakətinin nədə olduğunu bilməyən, öldükdən sonra başına gələcəkləri düşünməyən insan ağıllı ola bilməz. Allahü təala, “Mən, cin və insanları ancaq [Məni tanısınlar] Mənə qulluq, ibadət etsinlər deyə yaratdım” buyurur. (Zariyət 56)
O halda insan qul olduğunu bilməli, qulluq vəzifələrini yerinə yetirməlidir.

2- İşlərin səbəblərlə yaradıldığını bilməmək
Allahü təala hər şeyi səbəblərlə yaradır. Qüdrətini səbəblər arxasında gizləmişdir. Adəti-ilahi belədir. Ancaq bu adətini bəzən pozur, səbəbsiz də yaradır. Bunu sevdiklərinin xatiri üçün edər. İnsan çalışır qazanır, mənim malım deyir, mən qazandım deyir. Bunun kimi özündə olan hər nemətə, hər uğura “mənim” deyir, “mənim uğurlarım, mənim qabiliyyətim, mənim elmim...və s.” deyir və nankor olur.

Dərdlərin, bəlaların gəlməsinə səbəb günah işləməkdir. Qurani-kərimdə məalən buyurulur ki:
“Sizə gələn müsibət öz əllərinizlə işlədiyiniz [günahlar] üzündəndir.” [Şura 30]

“Sənə gələn hər yaxşılıq Allahın [bir ehsanı, bir neməti olaraq] gəlir, hər pislik də [günahlarına qarşılıq olaraq] özündə gəlir. [Hamısını yaradan Allahü təaladır.]” [Nisə 79]
Peyğəmbərlərə və digər böyük şəxsiyyətlərə isə bəla onların dərəcələrinin yüksəlməsi üçün gəlir.

Təvəkkülə biganə qalmamalıyıq . Təvəkkül - dinimizin bildirdiyi səbəblərə sarıldıqdan sonra nəticəni səbəblərdən deyil, səbəbləri yaradandan gözləməkdir. “Bir işə başladığın zaman Allaha təvəkkül et, Ona güvən” ayəsi, təvəkkül ilə yanaşı əzm edərək çalışmağın lazım olduğunu göstərir. (Ali İmran 159)

3- Ölümü unutmaq
Dünya həyatı yuxu kimidir. Öldükdə yuxu bitəcək, həqiqi həyat başlayacaq. Hədisi-şərifdə, “İnsanlar yuxudadır, öldükdən sonra oyanacaqlar” buyuruldu. Ölmədən əvvəl oyanmaq lazımdır. Peyğəmbər əfəndimiz, “Bu insana təəccüb edilir ki, o dünyanın arxasında, ölüm də onun arxasındadır” buyurdu. O halda, “Nəsihət olaraq ölüm kifayətdir” hədisi-şərifini düşünərək ölənlərdən ibrət almağa çalışmalıyıq.

Ümumiyyətlə, çox yaşamağı istəmək, dünya ləzzətlərinə düşgün olmaq, ölümü unutmaq, sağlamlığa və gəncliyə aldanmaqdan irəli gəlir. Belə insanın qəlbi qatı olur, ibadətləri vaxtında etmir, tövbəni gecikdirir, nəsihət təsir etmir, ölümü unudur, yadına belə düşmür. Daima dünya malına və rütbəsinə qovuşmaq üçün ömrünü sərf edir. Axirəti unudur, dünyanın faydasız zövqü-səfasını düşünür. Bunlardan qurtulmaq üçün ölümün hər an gələ biləcəyini düşünməli, səhhətin, gəncliyin ölümə mane olmadığını unutmamalıyıq.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину