Facebook Twitter WhatsApp

Əbu Bəkir Siddiq

Peyğəmbərlərdən sonra insanların ən üstünüdür.

Həzrəti Əbu Bəkir, hələ Müsəlman olmamışdı. Uzun müddət təsirində qaldığı bir yuxu gördü.  Göydən  bütöv ay enib, Kəbəyi- müəzzəməyə gəlmiş və sonra parça-parça olmuş, parçalar Məkkədəki hər evin üzərinə düşmüş,  sonra da yenidən bir araya gəlib göyə yüksəlmişdi.  Amma, öz evinə düşən ay parçası evdə qalmış, yenidən göyə yüksəlməmişdi. Həzrəti Əbu Bəkir, evin qapısını bağlayaraq, ay parçasının çıxmasına mane olmuşdu.

         Qövmündən Peyğəmbər gələcək

Səhər açılanda həyəcanla oyanan Həzrəti Əbu Bəkir,  dərhal bir Yəhudi aliminə gedib, yuxusunu danışdı. O da dedi ki:

— Bu yuxu  qarışıq yuxulardan biridir.  Bunun  təbiri edilə bilməz. Amma bu söz Onu  razı salmamışdı. Davamlı bu yuxunun yozumunu düşünürdü.

Bir müddət sonra ticarət məqsədiylə getdiyi yerdə, rahib Bahiraya yuxusunu danışdı. Yuxu Bahiranın çox diqqətini çəkdi. Bunun üçün Həzrəti Əbu Bəkirdən soruşdu:

— Sən haralısan?

— Qureyşdənəm.

— Yaxşı. İndi yuxunu yozaram. Məkkədə bu qövmdən bir peyğəmbər gələcək, Onun hidayət nuru hər yerə yayılacaq. Sən, O həyatda ikən Onun vəziri, vəfatından sonra da Xəlifəsi olacaqsan!.. Həzrəti Əbu Bəkir nə edəcəyinə çaşmış halda ikən, rahib Bahira sözlərinə belə davam etdi:

— İndi sən dərhal məmləkətinə qayıt.  Ona qovuş!  Ona vəhy gəlməyə başladığı vaxt, get hər kəsdən əvvəl Ona iman et!

Həzrəti Əbu Bəkir bu yozumu heç kimə danışmadı. Peyğəmbər əfəndimiz, peyğəmbərliyini təbliğə başlayarkən soruşdu:

-Peyğəmbərlərin, peyğəmbər olduqlarına dair dəlilləri vardır. Sənin dəlilin nədir?

Peyğəmbər əfəndimiz buyurdu ki:

—         Peyğəmbərliyimə dəlil, o yuxudur ki, bir Yəhudi alimindən yozumunu istədin. O alim, “ Qarışıq bir yuxudur, yozula bilməz” dedi. Sonra rahib Bahira doğru yozum etdi.  Ya Əbu Bəkir, səni Allahu təalaya və Rəsuluna iman etməyə dəvət edirəm.

Bundan sonra, Həzrəti Əbu Bəkir, kəlmeyi-şəhadət gətirərək Müsəlman oldu. Onsuz da bir gecə əvvəl belə düşünmüşdü:

 Ağılıma batmır

“Ata və babalarımızın seçdiyi din, heç ağılıma batmır. Çünki heç bir zərər və fayda verməyə qadir olmayan bir heykələ tapınmaq,  ibadət etmək ağıla sığan bir iş deyil. Bu qədər böyük bir kainatın yaradıcısı olması lazımdır. Amma bunu öz ağlım ilə tapmağım mümkün deyildir. Sabah gedib vəziyyəti Muhamməd əleyhissəlama danışım. Bu vəziyyəti ancaq Ona ərz edə bilərəm. Çünki, yetkin və ağıllı, doğru fikirli, heç yalan danışmayan bir kimsədir. Hər kəs Ondan Muhamməd-ül-əmin deyə bəhs etməkdədir. O necə məsləhət görsə ona uyğun hərəkət edərəm”

Rəsulullah əfəndimiz də, eyni gecə, Həzrəti Əbu Bəkiri İslama dəvəti düşünmüşdü. Səhər açılanda hər ikisi də eyni düşüncə ilə bir-birlərinin evinə getmək niyyətilə evlərindən çıxdılar. Yolda qarşılaşdıqlarında, “Sözləşmədən birləşdik” dedilər.

Həzrəti Əbu Bəkir Peyğəmbər əfəndimizin hüzurlarında Müsəlman olar-olmaz, dərhal yaxın yoldaşları yadına düşdü:

-Ya Rəsulallah, yaxın yoldaşlarımın Müsəlman olmalarını arzu edirəm, icazə versəniz onları hüzurunuza gətirim.Onların də əbədi səadətə qovuşmalarını istəyirəm, deyərək yoldaşlarının yanına qaçdı.

Yoldaşlarım dediyi, Həzrəti Osman, Həzrəti Talha ibn Ubeydullah, Həzrəti Zübeyr, Həzrəti Abdurrahman ibn Avf, Həzrəti Sad ibn Əbu  Vaqqas və Həzrəti Əbu Ubeydə ibn Cərrah kimi, gələcəkdə Əshabı kiramın öndə gedənlərindən və Cənnətlə müjdələnənlərdən olacaq kimsələrdi.

         Gəlin iman edin

Həzrəti Əbu Bəkir, yeni Müsəlman olmasının eşq və şövqüylə, Məscidi- harama çatdığında,  dözə bilməyib, müşriklər tərəfinə dönərək səsləndi:

          Bütün kainatın yaradıcısı olan Allahu təalanı  qoyub, nə üçün gedib, bu aciz bütlərə tapınır, onlara üz sürtürsünüz. Gəlin, Allaha  və Onun rəsulu  Muhamməd əleyhissəlama iman edin!

Bundan sonra müşriklər, hamısı birlikdə üstünə getdilər. Onu çox faciəvi şəkildə döydülər. Qəbiləsindən gələn bəzi kimsələr, onu huşsuz bir halda evinə apardılar.

Həzrəti Əbu Bəkir, uzun bir müddət özünə gələ bilmədi. Ayılmağı üçün edilən bütün  səylərdən bir nəticə çıxmırdı. Artıq, ümidsiz  bir şəkildə  başında gözləməyə başladılar. Nəhayət axşam üstü bir az özünə gələr kimi oldu.  Gözünü açar-açmaz, ağzından çıxan ilk kəlimə bu oldu:

— Rəsulullah, nə edir, O nə haldadır? Ona bir şey oldumu?

Anası Ümmülhayr sevinc içində dedi ki:

— Balam, bir şey arzu edərsənmi, yeyib içmək istəyərsənmi?

— Anacan, mən Rəsulullaha bir şey oldumu deyə soruşuram. Onun  haqqında mənə  xəbər gətirmədiyin təqdirdə, nə bir loxma yeyərəm, nə də bir şey içərəm.

-Övladım, vallahi, Onun haqqında bir xəbərim yoxdur. Onun üçün  sənə cavab verə bilmirəm. Sən  bir az ye, özünə gəl.  Sonra Onun vəziyyətini öyrənərsən.

— Xeyr ana!.. Sən Ümmi Cəmilə get və de ki: “Oğlum Əbu Bəkir, səndən Rəsulullahı soruşur.  Görəsən nə haldadır?

 Anası da iman etdi

 Anası dərhal gedib, Ümmi Cəmilə vəziyyəti danışdı.

Daha sonra, anası  və Həzrəti Əbu Bəkir Ümmi Cəmilin köməyilə, yavaş-yavaş  Həzrəti Ərkamın evinə çatdı. Peyğəmbər əfəndimizi sağ-salamat görüncə çox sevindi, Rəsulullaha sarıldı. Artıq bütün ağrılarını unutmuşdu. Peyğəmbər əfəndimizə dedi ki:

— Ya Rəsulallah! Bu mənim anam Səlmadır.  Ona dua etməyinizi istəyirəm. O da hidayətə qovuşsun!

Peyğəmbər əfəndimiz dua buyurdu. Beləcə anası da, iman ilə şərəfləndi və ilk Müsəlmanlardan oldu.

Rəsulullah əfəndimiz Meraca çıxdıqdan sonra, ertəsi gün, Kəbə yanında meracını danışarkən, bunu eşidən müşriklər inkar edib, lağ etməyə başladılar. Müsəlman olmağa niyyəti olanlar da imtina etdilər.

Müşriklər, “Oldu, bu dəfə əlimizə fürsət keçdi” deyərək gedib Həzrəti Əbu Bəkirdən soruşdular:

—         Ey Əbu Bəkir!  Sən dəfələrlə Qüdsə gedib-gəlmisən. Yaxşı bilərsən. Məkkədən Qüdsə gedib gəlmək,  nə qədər vaxt çəkər?

—         Yaxşı bilirəm. Bir aydan çox çəkər.

         Meracınız mübarək olsun!

         Kafirlər bu sözə sevindi. “Ağıllı, təcrübəli adamın sözü belə olar” dedilər.  Gülərək, lağ edərək və Həzrəti Əbu Bəkirin də öz ağıllarında olduğuna sevinərək, “Sənin əfəndin, Qüdsə bir gecədə gedib gəldiyini söyləyir” deyərək, Əbu Bəkirə sevgi və hörmət göstərdilər.

Həzrəti Əbu Bəkir, Rəsulullahın mübarək adını eşidincə;

—         Əgər O dedisə, inandım.  Bir anda gedib gəlmişdir, deyib içəri girdi.

Kafirlər nə baş verdiyini başa düşə bilmədilər. Önlərinə baxıb gedirlər və bir tərəfdən də deyirdilər ki:

—         Muhamməd nə yaman sehrbaz imiş. Əbu Bəkirə də sehr  etmiş.

Həzrəti Əbu Bəkir dərhal geyinib, Rəsulullahın yanına gəldi. Böyük izdiham arasında, yüksək səslə dedi ki:

—         Ya Rəsulallah! Meracınız mübarək olsun! Allahu təalaya çox şükürlər olsun  ki, bizləri, sənin kimi böyük Peyğəmbərə xidmətçi etməklə şərəfləndirdi.  Parlayan üzünü  görməklə və  qəlbləri alan, ruhları cəzb edən şirin sözlərini eşitməklə nemətləndirdi.  Ya Rəsulallah! Sənin hər sözün doğrudur, inandım. Canım sənə fəda olsun!

Beləliklə, Həzrəti Əbu Bəkir, o gün  tərəddüdə düşən Müsəlmanların tərəddüdlərini  yox etdi, digərlərinin  mənəviyyatını gücləndirdi.  Belə tərəddüdsüz iman etməsindən ötəri  Rəsulullah, o gün Həzrəti Əbu Bəkirə  Siddiq dedi. O, bu adı almaqla, bir qat daha yüksəldi.

         Birlikdə hicrət edərik.

Məkkədə müşriklərin, Müsəlmanlara etdikləri təzyiqlər və işgəncələrə görə Müsəlmanların çoxu,  Rəsulullah əfəndimizin icazəsiylə Mədinəyə hicrət etdi.  Həzrəti Əbu Bəkir də hicrət üçün icazə istədiyində, Rəsuli əkrəm buyurdu ki:

—         Səbr et.  Ümid edirəm ki, Allahu təala mənə də icazə verər. Birlikdə hicrət edərik. 

—         Anam-atam sənə fəda olsun ya Rəsulallah! Belə ehtimal  vardırmı?

—         Bəli vardır.

Peyğəmbər əfəndimizin bu cavabları,  Həzrəti Əbu Bəkiri sevindirmişdi.  Bundan sonra Həzrəti Əbu Bəkir hazırlıqlara başladı. Hicrət üçün iki dəvə satın aldı və o günü gözləməyə başladı. Artıq Məkkədə yalnız, sevgili Peyğəmbərimiz ilə Həzrəti Əbu Bəkir, Həzrəti Əli, kasıblar, xəstələr, qocalar və müşriklərin həbsə atdığı möminlər qalmışdı.

Digər tərəfdən Mədinəli Müsəlmanlar, yəni Ənsar, hicrət edən Məkkəliləri yəni Mühacirləri çox yaxşı qarşılayıb, qonaq etdilər. Aralarında qüvvətli bir  birlik meydana gəldi.

Rəsulullah əfəndimiz, hicrət gecəsi, Allahu təalanın əmri ilə  evində  Həzrəti Əlini qoyub, müşriklərin üstünə torpaq səpərək uzaqlaşıb, Həzrəti Əbu Bəkirin evinə getdi. Həzrəti Əbu Bəkirə buyurdu ki:

—         Hicrət etməyimə icazə verildi.

Həzrəti Əbu Bəkir Siddiq həyəcanla soruşdu:

—         Mübarək ayağınızın tozuna üzümü sürtüm ya Rəsulallah! Mən də sizinlə birlikdəyəmmi?

Əfəndimiz cavab verdilər:

—         Bəli…

—          Anam-atam fəda olsun.

Həzrəti Əbu Bəkir sevincindən ağladı. Göz yaşları arasında dedi ki:

—         Anam-atam sənə fəda olsun ya Rəsulallah! Dəvələr hazırdır,hansını arzu etsəniz, onu qəbul buyurun.

—         Mənim olmayan dəvəyə minmərəm. Ancaq dəyərini ödəyib alaram.

Bu  qəti əmr qarşısında məcbur qalan Həzrəti Əbu Bəkir, dəvənin dəyərini söylədi.

Həzrəti Əbu Bəkir,  Abdullah ibn Ürəykıt adında, bələdçiliyi ilə məşhur olan şəxsi çağırıb, yol göstərməsi üçün ödənişlə tutdu və dəvələri üç gün sonra  Səvr  dağındakı mağaraya gətirməsini əmr etdi.

Səfər ayının 27-ci cümə axşamı günü, Peyğəmbər əfəndimiz və Əbu Bəkir Siddiq, yanlarına bir miqdar yemək alaraq yola çıxdılar. İzləri bəlli olmasın deyə barmaqlarına basaraq gedirdilər. Həzrəti Əbu Bəkir, Rəsulullahın ətrafında, bəzən sola, bəzən sağa, önə, arxaya keçirdi. Peyğəmbərimiz, nə üçün belə etdiyini soruşduqda dedi ki:

—         Ətrafdan gələcək bir təhlükəni önləmək üçün belə edirəm. Əgər bir zərər gələrsə əvvəl mənə gəlsin. Canım yüksək şəxsinizə fəda olsun ya Rəsulallah!

—         Ya Əbu Bəkir! Başıma gələcək bir müsibətin, mənim yerimə, sənin başına  gəlmiş olmasını istəyirsənmi?

—         Bəli ya Rəsulallah! Səni haqq dinlə, haqq peyğəmbər olaraq göndərən Allahu təalaya and içirəm ki, gələcək bir müsibətin sənin yerinə mənim  başıma gəlməsini istəyirəm.

Mağara qapısı önünə gəldiklərində, Həzrəti Əbu Bəkir dedi ki:

—         Allah xatirinə ya Rəsulallah, içəri girməyin! Mən girim, orada zərərli bir şey varsa, mənə gəlsin, mübarək şəxsinizə bir kədər, bir əzab dəyməsin.

Ayağını ilan sancdı.

Sonra içəri girib, içərini süpürüb təmizlədi.  Sağında, solunda irili-xırdalı bir neçə dəlik  vardı. Əbasını parçalayıb, dəlikləri bağladı, amma biri açıq qaldı. Onu da topuğu ilə tıxayıb, Rəsulullahı içəri dəvət etdi.

Peyğəmbər əfəndimiz içəri girdi və mübarək başını Həzrəti Əbu Bəkirin qucağına qoyub yatdı. O zaman, Həzrəti Siddiqin ayağını ilan sancdı. Rəsulullahın oyanmaması üçün səbir edib, heç hərəkət  etmədi. Ancaq gözünün yaşı Rəsulullahın mübarək üzünə damlayınca buyurdu ki:

—         Nə oldu ya Əbu Bəkir?

—         Ayağım ilə bağladığım dəlikdən, bir ilan ayağımı sancdı.

Rəsulullah əfəndimiz, Əbu Bəkirin yarasına, yaxşı olması üçün mübarək ağzının suyundan sürüncə, ağrısı dərhal keçdi, şəfa tapdı.

Rəsulullah əfəndimiz və Əbu Bəkir Siddiq içəridə ikən müşriklər onların izinə düşərək mağaranın önünə qədər gəldilər. Mağaranın ağzının bir hörümçək toruyla örtüldüyünü və iki göyərçinin də yuva saldığını  gördülər. İz axtaran Qürz ibn Alkama dedi ki:

—         Burada artıq iz kəsildi.

Müşriklər dedilər ki:

—         Əgər, onlar bura girmiş olsaydılar, onda qapının üzərindəki hörümçək torunun cırılmış olması lazım gələrdi. Bu hörümçək torunu Muhamməd doğulmadan əvvəl hörmüşdür.

         İçəri baxmadan qayıtdılar.

Müşriklər qapı önündə söhbət edərkən, içəridə Həzrəti Əbu Bəkir narahat olmağa başladı.  Kainatın sultanı əfəndimiz buyurdu ki:

—         Ya Əbu Bəkir! Kədərlənmə! Şübhəsiz Allahu təala bizimlədir.

Müşriklər içəri baxmadan qayıtdılar.

Mağarada üç gecə qalıb bazar ertəsi gecəsi yola çıxdılar. Sentyabr ayının 20-si və Rəbiül-əvvəl ayının 8-ci bazar ertəsi günü Mədinədə Quba kəndinə gəldilər. O gün, Müsəlmanların Hicri şəmsi il başlanğıcı oldu.

Həzrəti Əbu Bəkir qəbilədə və səfərdə Rəsulullahdan heç ayrılmadı. Ona hər zaman yoldaşlıq etdi. Hər zaman malını, canını fəda etməyə hazır halda yanında gözləyərdi.

Bədir döyüşündə bir ara, İslam əsgəri çətinə düşməyə başladı. Ona görə , Peyğəmbər əfəndimiz Sad və Səid həzrətlərini göndərdi. Sonra  Həzrəti Əbu Zəri göndərdi. Daha sonra Həzrəti Öməri göndərdi. Bir saat keçdiyi halda, çətinlik davam edirdi. Bunu görən, Həzrəti Əbu Bəkir qılıncını çəkib atına minmək istədikdə, Peyğəmbər əfəndimiz əlindən tutub buyurdu:

—         Yanımdan ayrılma ya Əbu Bəkir! Bədənimə və qəlbimə gələn hər çətinlik, sənin mübarək üzünü görməklə yüngülləşir. Səninlə qəlbim qüvvətlənir.

Peyğəmbər əfəndimiz, Həzrəti Əbu Bəkiri ağlayarkən görüncə buyurdu ki:

—         Ya Əbu Bəkir, ağlama! Yoldaşlığı və malı mənə səndən daha bərəkətli olanı yoxdur.

 

         Həzrəti Əbu Bəkirin imanı.

Həzrəti Əbu Bəkir dilinə hakim olmaq, gərəksiz heç bir şey danışmamaq üçün mübarək ağzına daş qoyardı. Məcbur olmadıqca əsla dünya kəlamı danışmazdı. Hədisi-şərifdə buyuruldu ki:

“Əbu Bəkirin imanı, bütün möminlərin imanı ilə ölçülsə, Əbu Bəkirin imanı ağır gələr.”

Peyğəmbər əfəndimizin ilk xəlifəsi və peyğəmbərlərdən sonra insanların ən üstünü olmaq fəziləti, üstünlüyü, yalnız Həzrəti Əbu Bəkirə nəsib olmuşdur. O, dini qüvvətləndirmək, Peyğəmbər əfəndimizi məmnun etmək üçün malını  verməkdə, düşmənə qarşı cihad etməkdə həmişə qabaqda olmuşdur.

Hədid surəsində məalən buyuruldu ki:

“Məkkəyi-mükərrəmənin fəthindən əvvəl, malını verən və cihad  edənə, fəthindən sonra malını paylayan və cihad edəndən daha böyük dərəcə vardır. Allahu təala hamısına Cənnəti vəd etdi.”

Bu ayəti-kərimənin, Həzrəti Əbu Bəkirin fəzilətinin və dərəcəsinin yüksəkliyini  göstərdiyini alimlərimiz söz birliyi ilə bildirmişdirlər.

Tövbə surəsində də, əvvəl iman edənlərdən, hər fəzilətdə önə keçənlərdən, Allahu təalanın  razı olduğu bildirilmişdir.

Allah və Rəsulunu saxladım.

Təbuk qəzasında, Rəsulullah, hər kəsin kömək etməsini əmr buyurunca, hər kəs malının bir qisimini gətirib verdi. Həzrəti Ömər, hər zaman ən çox köməyi edən Həzrəti Əbu Bəkiri, bu dəfə keçərəm deyə, malının yarısını götürüb gətirdi. Sonra Həzrəti Əbu Bəkir də malını gətirib təslim etdi. Peyğəmbər əfəndimiz soruşdu:

—         Ya Ömər, evində nə qədər mal saxladın?

—         Ya Rəsulallah,  bu qədər də evdə saxladım.

Sonra Həzrəti Əbu Bəkirə dönüb soruşdu:

—         Ya Əbu Bəkir, sən evində nə qoydun?

—         Ya Rəsulallah, evimdə heç nə qoymadım. Hamısını buraya gətirdim. Onlara Allah və Rəsulunu  saxladım.

Rəsulullah əfəndimiz Həzrəti Ömərə dönərək buyurdu ki:

—         İkinizin arasındakı fərq, cavablarınız arasındakı fərq qədərdir.

Həzrəti Əbu Bəkirin Peyğəmbər əfəndimizin vəfatında sonra da çox böyük xidmətləri oldu. Çünki Peyğəmbər əfəndimiz vəfat edincə, Əshabı-kiramın ağlı başından getdi. Məsciddə ağlaşmağa başladılar. Heç kimin inanmağı gəlmirdi.

Hələ Həzrəti Ömər tamamilə özündən keçmiş bir halda idi. Peyğəmbər əfəndimizin mübarək üzünə baxıb deyirdi ki:

-Rəsulullah huşunu itirib, lakin huşsuzluğu çox ağırdır.

Ölüm sözünü ağzına almadığı kimi, heç kimin də söyləməsini istəmirdi.  Rəsulullahın evindən çıxıb dedi ki:

— Kim “Rəsulullah öldü” desə,  qılıncımla boynunu vuraram!

  Rəsulullah da vəfat edəcəkdir.

 Həzrəti Əbu Bəkir ilə Həzrəti Abbasın Əshabı-kiram arasında bir ağırlığı vardı. Əshabı-kirama ancaq bunlar təskinlik verə bilərdi. Bunun üçün  birlikdə məscidə getdilər. Həzrəti Əbu Bəkir buyurdu ki:

—         Ey insanlar! Rəsulullahın, “Mən vəfat etməyəcəyəm” dediyini  aranızda eşidən vardırmı?

—         Xeyr, belə bir söz eşitmədik.

Sonra Həzrəti Ömərdən soruşdu:

—         Ya Ömər, bu barədə sən bir şey eşitdin mi?

—          Xeyr eşitmədim.

Sonra Əshabı-kirama dönüb buyurdu ki:

—         Heç kim, Rəsulullahın vəfat etməyəcəyini söyləyə bilməz.  Canabı Haqqa and içirəm ki, Rəsulullah ölümü dadmışdır. Allahu təala Qurani-kərimdə, “Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəkdir” buyurmaqdadır. Rəsulullah, İslamiyyətin bütün hökmləri tamamlandıqdan sonra,  aramızdan ayrıldı. Artıq özümüzə gəlib, dəfn  işlərini tamamlamalıyıq.

Sonra, Həzrəti Abbas da buna bənzər söhbətlər etdi. Beləcə Əshabı-kiramın ağlı başlarına gəldi.

Sevgili Peyğəmbərimiz bir gün Əshabı-kiram ilə söhbət edərkən, “Şəhidliyin fəzilətlərini” başa salırdı. Şəhidlərin şəfaəti haqqında buyurdu ki:

—         Qiyamət günündə şəhidlər məhşər yerinə gələrkən, orada olan Peyğəmbərlər ayağa qalxarlar. Onlar,  uşaqları, qohumları və dostlarından 70 min adama şəfaət edərlər.

         Qəzanız mübarək olsun

Bu sözləri eşidən Həzrəti Nəvfəl, Rəsulullah əfəndimizdən  şəhid olmaq üçün dua istədi. Rəsulullah əfəndimiz də dua etdi.

Bir müddət sonra, müharibəyə qatıldılar. Peyğəmbər əfəndimiz də aralarında vardı. Bu müharibə Həzrəti Nəvfələ duasından sonrakı ilk müharibə idi. Və bu müharibədə Həzrəti Nəvfəl şəhid düşərək arzusuna qovuşdu.

Peyğəmbər əfəndimiz və Əshabı müharibədən qayıdırdılar. Qarşılamağa gələnlər arasında, Həzrəti Nəvfəlin xanımı, uşaqları və qoca anası  vardı.

Qoca anası, “Qəzanız mübarək olsun” dedikdən sonra Rəsulullahdan oğlunu soruşdu. Peyğəmbər əfəndimizin gözləri yaşardı. Oğlunun şəhidlik xəbərini verməyə mübarək ürəyi dözə bilmədi. Əlləriylə arxanı işarə edib yoluna davam etdi.

Həzrəti Nəvfəlin anası Peyğəmbər əfəndimizin dərhal arxasından gələn, Allahın aslanı Həzrəti Əlidən də eyni şəkildə oğlunu soruşdu. O da şəhidlik xəbərini verə bilməyib arxanı işarə etdi.

Qoca qadın daha sonra Həzrəti Ömərə və Həzrəti Osmana  rast gəldi. Onlardan da oğlunun vəziyyətini soruşdu. Onlar da cavab verə bilməyib Rəsulullahın etdiyi kimi arxanı işarə etdilər.

Ən son gələn Həzrəti Əbu Bəkir idi.  Qadıncığaz böyük bir ümidlə sevgili  Peyğəmbərimizin əziz dostuna yaxınlaşaraq eyni şeyləri soruşdu.

Həzrəti Əbu Bəkir öz-özünə düşündü:

“Ya Rəbbi! Nə qədər çətin bir vəziyyətdəyəm. Əgər  doğrunu söyləsəm, qəmli ürəkləri üzmüş olacağam. Bunu etməkdən sevgili Peyğəmbərimiz çəkindi.  Ona necə zidd davrana bilərəm.  Sən mənə elə bir şey ilham et ki, bu yazıqların ürəyi daha çox yanmasın Allahım!”

Ya Allah!.. Ya Nəvfəl!..

Daha sonra, Həzrəti Əbu Bəkir bütün qəlbi ilə:

—   Ya Allah!.. Ya Nəvfəl!.. deyə qışqırdı.

Elə o sırada yaydan çıxmış ox kimi bir atlı ildırım sürətiylə yanlarına çataraq dedi ki:

—         Buyur ya Siddiq, mənimi çağırdın?

Bu atlı, Həzrəti Nəvfəldən başqası deyildi.

Sonra, Cəbrayıl əleyhissəlam gəlib, Peyğəmbər əfəndimizə bunları söylədi:

—         Ya Rəsulallah! Haqq təalanın salamı var. “Əgər Peyğəmbərin mağara yoldaşı Siddiq, bir dəfə daha “ALLAH” desəydi,  ucalığım haqqı üçün bütün şəhidləri dirildərdim. Çünki, Əbu Bəkir cahiliyyə dövründə belə yalan  danışmamışdır” buyurdu.

Bu hadisədən sonra Həzrəti Nəvfəl  illərlə yaşadı. Nəhayət, “Yəmamə” cəngində yenidən şəhidlik şərbətini içdi.