Facebook Twitter WhatsApp

Zübeyr İbn Avvəm

Cənnətlə müjdələnənlərdəndir.

Həzrəti Zübeyr Peyğəmbər əfəndimizin bibisi olan Həzrəti Safiyyənin oğludur. İlk Müsəlmanlardandır. Cənnətlə müjdələnən on səhabədən biridir.

İman etdiyi vaxt əmisi çox hirslənmişdi. Dindən dönməsi üçün onu atəşə salıb çıxardırdı. Əmisinin, “Daha çox inad etmə, atalarının dininə qayıt” təklifinə qarşı deyirdi ki:

— Əsla küfrə dönmərəm! Allah birdir. Fayda və zərəri olmayan bütlərə tapınmaram. Lə iləhə illəllah Muhammədun Rəsulullah.

Beləcə, edilən bütün işgəncələrə böyük bir səbr və  mətanət göstərirdi.

Allah sizi yenə toplayar

            İman edənlər çoxaldıqca müşriklər müsəlmanlara ağıllara gəlməyən işgəncələr edirdilər. Peyğəmbər əfəndimiz bu dözülə bilməyəcək işgəncələri görüncə buyurdu ki:

— Siz heç olmasa yer üzünə dağılın! Uca Allah, sizi yenə toplayar.

Əshabi-kiram soruşdular:

— Ya Rəsulullah hara gedək?

— Həbəş ölkəsinə getsəniz yaxşı olar. Həbəş ölkəsində heç kim zülmə məruz qalmaz. Oralar  doğruluq yurdudur. Allahu təala sizi bəlkə orada fərahlığa qovuşdurar.

Bundan sonra içlərində Zübeyr ibn Avvəm həzrətlərinin də olduğu 15 nəfərlik bir karvan Həbəşistana hicrət etdi. Həbəş hökmdarı Nəcaşi onları çox yaxşı qarşıladı. Orada rahat bir şəkildə yaşadılar. Nəcaşi də daha sonra Müsəlman oldu.

Həzrəti Ümmü Sələmə danışır:

“Biz Həbəşistanda hüzur içində yaşayarkən, bir qrup Həbəşli Nəcaşiyə üsyan edərək səltənətini əlindən almaq istədi. Onların Nəcaşiyə üstün gəlməsindən qorxurduq. Çünki onlar bizə yaşamağa imkan  verməzdilər.

Nəcaşi də bunların üzərinə getdi. Döyüş Nil çayının digər tərəfində oldu. Vəziyyət çox çətin idi. Nəcaşinin qalib gəlməsini istəyirdik. Əshabdan bəziləri dedilər ki:

— Kim döyüş cəbhəsinə gedib, bizə xəbər gətirər?

Həzrəti Zübeyr ibn Avvəm cavab verdi:

— Mən gedərəm!

— Yaxşı, sən get!

Həzrəti Zübeyr bu sırada, Müsəlmanlardan ən cavan olanı idi. Həzrəti Zübeyr ibn Avvəma bir su dərisi şişirdilər və sinəsinə asdılar. Sonra Nil üzərində üzdü və orduların qarşılaşdığı Nilin o biri tərəfinə keçdi. Onların yanında hazır oldu.

Müjdə, Nəcaşi zəfər qazandı!

Biz isə Nəcaşinin düşmənə qalib gəlməsi və məmləkətinin başında qalması üçün Allahu təalaya dua etdik. Bu vəziyyətin nə olacağını maraqla gözləyərkən Həzrəti Zübeyr uzaqdan göründü. O, qaça-qaça gəlirdi və  paltarıyla işarə edir,belə səslənirdi:

— Müjdə, Nəcaşi zəfər qazandı və Allahu təala onun düşmənini məhv etdi və ona məmləkətində qalmağa qüdrət verdi.

O zamana qədər belə  sevindiyimizi xatırlamıram.

Nəcaşi Allahu təalanın izniylə o kafiri məğlub edərək sağ-salamat sarayına qayıtdı.  Rəsulullahın  yanına gələnə qədər biz onun yanında gözəl bir həyat yaşadıq. Sonra Əshabi-kiram Məkkədən Mədinəyə hicrət edəndə, biz də Həbəşistandan Mədinəyə hicrət etdik.”

Peyğəmbər əfəndimiz Mədinəyə hicrət etdiyi zaman Həzrəti Zübeyr ibn Avvəmı, Ənsardan  Kab ibn  Malik ilə qardaş etdi.

Peyğəmbər əfəndimiz Bədir müharibəsində Həzrəti Zübeyr ibn Avvəmın sağ ordusuna sərkərdəlik etdi və buyurdular ki:

— Mələklərin əlamətləri və nişanları vardır. Siz də özünüzə bir əlamət və nişan seçin!

Döyüş şiddətli keçirdi

Bunun üzərinə Zübeyr ibn Avvəm həzrətləri başına sarı bir sarıq bağladı. Hər iki tərəf bütün gücləriylə hücuma keçdi.

Zübeyr ibn Avvəm danışır:

“Bədir günü mən müşriklərdən Ubeydə ibn Səid ilə qarşılaşdım. O başdan ayağa qədər zirehə bürünmüşdü, gözlərindən başqa heç bir yeri görünmür və at üzərində idi. Uşaqlıqdan bəri böyük qarınlı olduğu üçün ona, Əbu Zatil Kirş — Qarın Atası  deyilərdi.  O, “Mən Əbu Zatil Kirşəm! Mən Əbu Zatil Kirşəm!” deyə  meydan oxuyurdu.

Əlimdəki nizəmi dərhal onun gözünə batırdım. Ubeydə yıxılıb öldü. Ayağımı yanağına basdım, bütün qüvvətimlə nizəmi çəkib çıxardım. Ancaq nizəmin iki tərəfi əyilmişdi.”

Mələklərin də qatıldığı Bədir döyüşü çox şiddətli keçirdi. Peyğəmbər əfəndimiz dayanmadan Allahu təaladan kömək diləyir və Ona yalvarırdı.

Həzrəti Zübeyrin Bədir hərbi əsnasında göstərdiyi qəhrəmanlıq çox böyük idi.  Bədənində yaralanmayan bir yer qalmamışdı. Üç böyük qılınc zərbəsi almışdı.  Bunlardan biri boynunda idi. Bədir  müharibəsi Müsəlmanların qalibiyyətiylə nəticələndi. Bu döyüşdə 14 Əshabi-kiram şəhid oldu. 70 müşrik öldürüldü.

Məkkəli müşriklər bu məğlubiyyəti unuda bilməmiş, bir il sonra yenidən Mədinəyə hərəkət etmişdilər. Ühüddə iki ordu yenə qarşılaşdı. Həzrəti Zübeyr ibn Avvəm və  Miqdad ibn Əsvəd, İkrimənin əmrindəki süvariləri qarşılayıb darmadağın etdilər.

Zübeyr ibn Avvəm və Miqdad ibn Əsvəd, minik süvariylə eyni tutulardı. Zübeyr ibn Avvəm həzrətləri, müşriklərin sancaqdarı olan Kilabı  öldürdü və  yeddi yoldaşı ilə Peyğəmbər əfəndimizin  yanında şəhid olana qədər ayrılmamaq şərtilə and içdilər.

 Onu yerə sal!

Bu  döyüşün başında Məkkəli müşriklərdən biri vuruşmaq üçün igid istədi. Hər kəsin çəkindiyini, geri dayandığını zənn edərək diləyini üç dəfə təkrarladı.

Buna qarşılıq Zübeyr ibn Avvəm  başına sarı bir sarıq bağlayaraq meydana çıxdı. Birdən dəvənin üzərinə sıçrayıb kafirin boğazına sarıldı. Dəvə üzərindəki bu mübarizə davam edərkən Peyğəmbər  əfəndimiz buyurdu ki:

—  Onu yerə sal!

Zübeyr ibn Avvəm  o müşriki yerə saldı. Üstünə çöküb onu öldürdü. Peyğəmbər əfəndimiz bu barədə buyurdu ki:

— Əgər Zübeyr, onun qarşısına çıxmasaydı, mən çıxacaqdım.

Ühüd döyüşündə müşriklərin oxçuları Peyğəmbər əfəndimizi ox yağışına tutunca, Əshabi-kiram Peyğəmbər əfəndimizi ortalarına aldılar. Atılan oxlar Peyğəmbər əfəndimizin sağından, solundan keçir, ya  önünə düşür və ya üstündən aşıb keçirdilər. Zübeyr ibn Avvəm və yoldaşları, Peyğəmbər əfəndimizin ətrafında pərvanə kimi dönərək gələn oxlara və qılınclara bədənlərini sipər etdilər.

Həmd olsun yaxşıdır

Bir çox Əshabi-kiram vuruşa-vuruşa şəhid oldu. Düşmən geriləmiş, zəfərə yaxınlaşmışdı. Zəfər sevinciylə bir qisim Səhabənin tərk etdikləri yerdən düşmən süvariləri  hücuma keçdi və Peyğəmbər əfəndimizə qədər  gəldilər. Peyğəmbərimiz yaralandı. Əshabi-kiram dərhal toplandı və  nəticədə döyüş yenidən Müsəlmanların lehinə döndü.

Ühüd döyüşü bitmişdi. Peyğəmbər əfəndimizin vəfatı şayiəsi Mədinəyə çatanda, Peyğəmbər əfəndimizin bibisi Safiyyə Xatun dərhal Ühüdə hərəkət etdi. Ühüd meydanına gəlincə oğlu Zübeyri və Həzrəti Əlini görüb əvvəl Rəsulullahın halını soruşdu. Həzrəti Əli, “Həmd olsun yaxşıdır” dəyincə fərəhləndi. Ancaq Həzrəti Safiyyə, “Onu mənə göstər” dedikdə, Həzrəti Əli Peyğəmbər əfəndimizi göstərdi. Peyğəmbərimiz yaralı idi.  Peyğəmbərimizin sağ olduğuna şükür etdi.

Həzrəti Safiyyə ata-ana bir olan qardaşı Həzrəti Həmzənin vəziyyətini də görmək istəyirdi. Peyğəmbər əfəndimiz Həzrəti Safiyyənin də gəlməkdə olduğunu görəndə Zübeyr ibn Avvəmə buyurdu ki:

— Ananı qaytar, qardaşının cəsədini görməsin.

Zübeyr ibn Avvəm həzrətləri, “Anacan! Rəsulullah qayıtmanızı əmr edir”  deyincə, Həzrəti Safiyyə dedi ki:

— Əgər ona ediləni mənim görməməm üçün qayıdacaqsam, onsuz da mən qardaşımın cəsədinin kəsilib biçildiyini bilirəm. Hər çətinliyə razıyıq. Allah yolunda bundan daha betər olanlarına da razıyıq. Savabını Allahu təaladan gözləyəcəyik.  İnşallah səbr edib,  dözəcəyik.

Həzrəti Zübeyr ibn Avvəm, vəziyyəti Peyğəmbər əfəndimizə bildirəndə, buyurdu ki:

— Elə isə qoy görsün!

Həmzə üçün gətirdim

            Həzrəti Safiyyə qardaşı Həzrəti Həmzənin cəsədinin yanına oturub səssizcə ağlamağa başladı. Bu sırada Peyğəmbər əfəndimiz də səssizcə ağladılar.

Həzrəti Zübeyr ibn Avvəm belə rəvayət edir:

“Anam Safiyyə binti Abdülmuttalib Ühüddə yanında gətirdiyi iki əbanı çıxarıb dedi ki:

— Bunları qardaşım Həmzə üçün gətirmişdim.

Həzrəti Həmzəni  kəfənlədilər və Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Əli və Həzrəti Zübeyr ibn Avvəm qəbirə endirdilər. Eyni qəbirə onun kimi şəhid olan Həzrəti Abdullah ibn Cahşı da qoydular.”

Ühüddən qayıdarkən Peyğəmbər əfəndimiz yolda münafiqlərdən Əbu Azzəl Cüməhini  tutdu. Rəsulullah əfəndimiz onu Bədirdə əsir etmişdi. Sonra mərhəmət göstərərək onu öldürməmişdi.  O, “Ya Rəsulallah, məni burax” dedi. Rəsulullah əfəndimiz də belə buyurdu:

— Vallahi bundan sonra artıq sən əllərini bir-birinə sürtüb Muhammədə iki dəfə hiylə etdim deyə bilməyəcəksən.

Zübeyr ibn Avvəm həzrətləri Allah yolunda qılınc sıyıranların ilkidir. Bir gün Peyğəmbər əfəndimizin yaralandığını zənn edib qılıncını sıyırdı. Dərhal Məkkənin yuxarı  qismində olan Rəsulullahın yanına qaçdı. Peyğəmbər əfəndimiz onu belə əli qılınclı görüncə soruşdu:

— Ey Zübeyr! Nə var, nədir bu halın?

— Əfəndim, sizə bir zərər verdilər deyə qorxdum, onun üçün qılıncımı sıyırdım.

Bir kəs yoxdurmu?

Həzrəti Cabir ibn Abdullah deyir ki:

“Xəndək günü iş ağırlaşdığı vaxt Rəsulullah əfəndimiz bizə, “Bəni Qurəyzanın vəziyyətini öyrənib gələ biləcək bir adam yoxdurmu?” deyə soruşdular. Zübeyr ibn Avvəm, “Mən gedər, öyrənib gələrəm” dedi.  Gedib  onların vəziyyətini öyrənib gəldi.

İşlər yenə ağırlaşdığı zaman Rəsulullah əfəndimiz yenidən soruşdular:

— Bizə, Bəni Qurəyzanın vəziyyətindən  öyrənib gələ biləcək bir adam yoxdur?

Yenə Zübeyr ibn Avvəm  dedi ki:

— Mən,  gedər öyrənər, gələrəm.

Gədib onların vəziyyətini öyrənib gəldi və vəziyyəti ərz etdi:

—          Ya Rəsulullah! Onları qalalarını təmir edərkən və hərb təlimləri keçərkən gördüm. Həmçinin heyvanlarını toplayırdılar.

Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:

— Hər Peyğəmbərin bir həvarisi vardır. Mənim də həvarim Zübeyrdir.”

Bəni Qurəyza Yəhudilərin vəziyyətlərini müşahidə və öyrənmək üçün Peyğəmbər əfəndimizin göndərdiyi kimsələrin ilki Zübeyr ibn Avvəm idi.

Xəndək döyüşündə də müşriklər təxribata məruz qaldılar. Mədinədə qalan Yəhudilər Əshabi-kirama arxadan hücum edərək sözləşməni pozdular. Peyğəmbərimiz də döyüşdən sonra onları Mədinədən çıxardılar. Yəhudilər Xeybər qalasında toplandılar.

Peyğəmbərimiz Xəndək döyüşündən sonra da Xeybər üzərinə getdilər. Xeybərdə məşhur Yəhudi cəngavəri Merhab qaladan çıxaraq igid istədi. Həzrəti Əli çıxaraq Mərhabı öldürdü. Mərhabın qətlindən sonra onun oğlu Yasir atasının intiqamını almaq üçün meydana çıxaraq, “Mənə qarşı gələcək varmı?” deyə qışqırdı.

Oğlum şəhidmi olur?

Həzrəti Zübeyr dərhal atını sürərək onu qarşıladı və ikisi də şiddətli bir müharibəyə  başladılar. Oğlunun bu hərəkətini seyr edən Həzrəti Safiyyə Rəsulu əkrəmə yaxınlaşıb soruşdu:

— Ya Rəsulallah! Oğlum şəhidmi olur?

Rəsulu əkrəm də, “Xeyr” buyurdu. Rəsulu əkrəmin bu bəyanından bir neçə dəqiqə sonra Həzrəti Zübeyr rəqibini öldürdü. Zübeyr ibn Avvəm Xeybər döyüşündə də böyük qəhrəmanlıqlar göstərdi. Nəticədə Xeybər qalası da alındı.

Xeybər qalasının fəthindən sonra Məkkəni fəth etmək üçün hazırlıqlar edildi.

Peyğəmbər əfəndimizin Məkkəni fəth etmək üçün hazırlıqlar etdiyini müşriklərə xəbər vermək üçün  yazılan məktub bir qadın vasitəsi ilə gizlicə Məkkəyə göndərildi.

Sarə adındakı bu qadın bu məktubu başına yerləşdirdikdən sonra üzərindən saçlarını  hörüklər halında hörərək məktubu gizlətdi və Qurəyşlilərə təslim etmək üçün yola çıxdı.

Tələsik gedin!

Bu vəziyyəti Cəbrayıl əleyhissəlam Peyğəmbərimizə bildirdi. Peyğəmbər əfəndimiz də Həzrəti Əli  Həzrəti Zübeyr və Həzrəti Mikdad ibn Əsvədə buyurdu ki:

— Tələsik gedin! Hah deyilən yerə çatdığınızda orada yanında bir məktub olan heyvan üzərində bir  qadın  tapacaqsınız. Məktubu ondan alın və mənə gətirin!

(Hah; Mədinə ilə Məkkə arasında bir yer olub Mədinə vahələrindəndir.)

Həzrəti Əli və yoldaşları dayanmadan at çaparaq Hah deyilən yerə çatdılar. Qadın orada idi. Həzrəti Əli qadından soruşdu:

—  Yanındakı məktub haradadır?

Qadın cavab verdi:

— Mənim yanımda məktub filan yoxdur.

Qadının əşyalarını axtardılar məktubu tapa bilməyincə Həzrəti Əli qılıncını çəkib dedi ki:

— Rəsulullah əfəndimiz bizə sənin yanında məktub olduğunu söylədi. Rəsulullah əsla yalan danışmaz. Ya məktubu çıxararsan və ya  təpənə qılıncı endirərəm.

Qadın andlar edərək inkara davam etdi isə də Həzrəti Əli və yoldaşlarının işi möhkəm tutduğunu anlayınca çarəsiz qalıb saçının arasından məktubu çıxarıb verdi. Beləcə xəbər vermənin qarşısı alındı. Həzrəti Əli və yoldaşları da məktubu Rəsulullaha gətirdilər.

Fəth hazırlıqları tamamlanınca Hicrətin 8-ci ilində Rəsulu əkrəmin başçılığı altında  hərəkət edən minlərlə mücahid Məkkəyə doğru irəlilədi. Həzrəti Zübeyr bu hərəkət əsnasında  Rəsulu əkrəmin bayrağını daşıyırdı. Peyğəmbər əfəndimiz əsgərlərini Zi Tuva deyilən yerdə  hissələrə böldü. Bir qismini Zübeyr ibn Avvəmın əmrinə verərək Məkkənin Quda tərəfindən girmələrini əmr buyurdu.

Budur, o, Zübeyrdir

Məkkəli müşriklər Məkkəni hərbsiz təslim etdilər. Məkkənin fəthindən sonra Xunəyn  vadisində  Həvazin müşrikləriylə döyüş baş verdi. Bu döyüşdə Həvazin qəbiləsi məğlub olaraq  geri çəkilməyə başladı.  Qəbilənin irəli gələnlərindən Malik ibn Avf getdi və iki dağ  arasında yüksək bir mövqedə yoldaşlarına dedi ki:

— Dayanın, zəifləriniz getsin və geridə qalanlar bizə çatsınlar! Məğlubiyyətə uğrayanlar gəlib onlara qovuşana qədər dayandılar. Malik gələnlərdən soruşdu:

— Geriyə baxın nə görürsünüz?

— Ayaqları uzun bir süvari görürük. Nizəsini çiyni üzərinə qoymuş və başına bir qırmızı sarıq bağlamışdır.

— Baxın o, Zübeyr ibn Avvəmdır. And içirəm ki, əlbəttə o sizə çatar. Ona görə də yerinizdə möhkəm dayanın, ayrılmayın!

Həzrəti Zübeyr ibn Avvəm o iki dağ arasındakı təpəlik yerin dibinə çatdı. Həvazinlilər  də onu gördülər. Çatıb onlara hücum etdi. Oradan çıxardıb uzaqlaşdırıncaya qədər onlarla döyüşdü.

Səhabədən Hubəyb ibn Adiyi kafirlər tutub Məkkəyə apardılar. Edam etdilər. Kafirlər görsün də sevinsinlər deyərək ipdən endirmədilər. Qırx gün ipdə qaldı. Bədəni çürüyüb iylənmədi. Həmişə təzə qan axırdı.

Yetmiş atlı yetişdi

Rəsulullah əfəndimiz, bunu xəbər alaraq onun cəsədini gətirmək üçün Zübeyr ibn Avvəm və  Miqdad ibn Əsvədi göndərdilər.  Zübeyr və Miqdad cəsədi gecə ağacdan endirdilər. Mədinəyə gətirərkən  arxalarından yetmiş atlı yetişdi.

Bu iki Müsəlman özlərini qorumaq üçün Hubəybi yerə buraxdılar. Yer yarılıb Hubəyb itdi. Kafirlər də bu halı görəndə qayıtdılar.

Həzrəti Zübeyr ibn Avvəm Taif Mühasirəsində, Təbuk səfərində və Vida həccində iştirak etmişdir.

Amr İbni As Misirin qəlbi olan Fustat şəhərini tutmaq üçün Həzrəti Ömərdən dörd min nəfərlik ordu istədiyi zaman Həzrəti Ömər ona hər biri min nəfəri əvəzləyən dörd adam göndərmişdir ki, bunlar; Həzrəti Zübeyr ibn Avvəm, Həzrəti Miqdad ibn Əsvəd, Həzrəti  Ubadə ibn Samit və Həzrəti Məsləmə ibn Muhalləd idi. Zübeyr ibn Avvəm yeddi aylıq  mühasirədən sonra Fustat şəhərini tutmağa müvəffəq olmuşdur.

Sonra İskəndəriyyəyə səfər edərək bu yerin də alınmasında böyük rol oynamışdır.

Həzrəti Zübeyr namaz qılarkən İbni Cərmuz  tərəfindən şəhid edildi.  Şəhid olduğu zaman 67 yaşında idi. Həzrəti Əli Həzrəti Zübeyrin vəfatına çox kədərləndi, cənazə namazını şəxsən özü qıldırdı.

Həzrəti Zübeyr ibn Avvəm uzun boylu, ağ bədənli, zərif, nəzakətli bir kimsə idi.  Əmanətə son dərəcə riayət edər, həssaslıq göstərərdi. Həzrəti Zübeyr ibn Avvəm özünə əmanət edilən şeyləri saxlamaq üçün nə edəcəyini bilməzdi.

Ticarət və əkinçiliklə məşğul olardı. Mədinənin ən zənginlərindən sayılardı. Mədinə ətrafındakı torpaqlardan başqa Bəsrə, Kufə və Misirdə də bir xeyli əmlakı vardı. Şəhid edildiyi zaman  varislərinin hər birinə qırx min dirhəm gümüş qaldı.

Dilənçilikdən xeyirlidir

Ətrafındakı kasıbların hamısının həyatını təmin etmək xüsusunda böyük səylər göstərmişdir. Borc pul istəyənə borc pul verər, cihada getmək istəyənləri Allah rizası üçün  təchiz edərdi. Zəkatını vaxtında və müntəzəm verərdi. Bu hədisi-şərifi nəql edərdi:

“Birinizin ipi alıb odun yüklənərək satması və Allahın onun üzünü ağ etməsi,  dilənçilikdən xeyirlidir. İstədiyi  kimsədən bir şey alsın və ya almasın belədir.”

Bütün sərvətinə və zənginliyinə baxmayaraq o, sən dərəcə sadə yaşayardı. Sadə geyinər, sadə yemək yeyər və zinət əşyasına iltifat etməzdi. Ancaq silahına həssaslıq göstərərdi.  Belə ki, qılıncının  tutacağını  gümüşdən düzəltdirmişdi.

“Talha ilə Zübeyr, Cənnətdə qonşularımdır” hədisi-şərifi ilə mədh edildi.

Az hədis bildirdi. Bir dənəsi belədir:

“Bilmədiyini hədis olaraq söyləyən Cəhənnəmdə əzab görəcəkdir.

Həzrəti Ömər vəfat edəcəyi zaman xəlifə olmağa layiq gördüyü altı adamdan biri Talha, biri də Zübeyrdir.