Facebook Twitter WhatsApp

Sad İbn Əbi Vaqqas

Rəsulullahın oxçusu olmuşdur.

Sad ibn Əbi Vaqqas həzrətləri, Həzrəti Əbu Bəkir vasitəsilə müsəlman olmuş, Əshabı kiramın böyüklərindən bir şəxsdir. İlk Müsəlmanların yeddincisidir. Müsəlman olması belə oldu:

On yeddi yaşında idi. Bir gecə qeyri-adi bir yuxu gördü. Yuxusunda özünü zil qaranlıqda gördü. Çarəsiz bir halda ikən, birdən ortalıq işıqlanmağa başladı. Sonra nur  saçan bir ay doğuldu.

 Səni də aramıza alaq

Ayın doğulduğu tərəfə doğru irəliləməyə başladı. Bir müddət irəlilədikdən sonra bir neçə adam gördü. Diqqətlə baxdığı zaman önlərində Həzrəti Əbu Bəkir, onun arxasında Zeyd ibn  Harisə və Həzrəti Əli vardı. Onlara dedi ki:

— Siz bura nə vaxt gəldiniz?

— Yeni gəldik. İstəsən səni də aramıza alaq. Aydınlığa birlikdə gedək.

Səhər açılanda bu yuxunu xatırlayınca çox təəccüb etdi. Üç gün bunu yozmağa çalışdı. Sonunda bir  nəticə çıxarda bilməyib Həzrəti Əbu Bəkirin yanına getdi. Ondan soruşdu:

— Ya Əbu Bəkir, mən üç gün əvvəl belə bir yuxu gördüm. Bunun yozması nədir?

— Gəl mənimlə, səni cahanı işıqlandıran nura aparım! Yuxunun yozması budur.

Sonra birlikdə Peyğəmbər əfəndimizin hüzuruna getdilər. Peyğəmbər əfəndimiz ona kəlimeyi-şəhadət gətirməsini buyurdu. O da Rəsulullahın hüzurunda müsəlman oldu.

Anası müsəlman olduğunu eşidəndə çox hirsləndi. Amma yenə də anasına qarşı lazımi hörməti göstərirdi. Onu üzməmək üçün əlindən gələni edirdi. Özünə olan bağlılığını bilən anası oğlundan soruşdu:

— Sənin dinin qohuma yaxşı rəftar edilməsini, onları üzməmək lazım gəldiyini və onların əmrlərinə tabe olmaq lazım olduğunu əmr etmirmi?

— Dinimiz, ana-atanı və qohumu üzməməyi əmr edir.

Bunun üzərinə anası əsas məqsədini söylədi:

— Ya Sad! Vallah, sən bu yeni dindən imtina edib atalarımızın dininə dönənə qədər yeyib içməyəcəyəm. Ölmüş olsam belə bu əhdimdən dönməyəcəyəm. Ana qatili olaraq da hər kəs səni ayıblayacaq!

 İstər ye, istər yemə!

O günə qədər anasını üzməyən, bir dediyini iki etməyən Həzrəti Sad, Allahu təalaya və Onun Rəsuluna olan məhəbbət və imanının qüvvətli olması səbəbiylə bu təklif qarşısında titrəyərək anasına bu cavabı verdi:

— Ey ana, sənin yüz canın olsa və hər birini İslamiyyəti buraxmağım üçün versən, mən yenə dinimdən imtina etmərəm! Artıq istər ye, istər yemə! Bu sənin biləcəyin bir işdir. Mənim qərarım qətidir. Geri dönməyim mümkün deyildir. Bunu belə bil!

Anası oğlunun İslamiyyətə olan bu bağlılığını görüncə, çarəsiz qalıb yeməyə-içməyə başladı.

Sad ibn Əbi Vaqqas həzrətlərinin başından keçən anasıyla əlaqədar bu hadisədən sonra, Allahu təala, övladın ana-ataya hansı hallarda tabe olacağı, onların hansı əmrlərini yerinə yetirəcəyi xüsusunda, Ənkəbut surəsinin səkkizinci ayəti-kəriməsini göndərdi.

Bu ayəti-kərimədə məalən (məna olaraq) buyuruldu ki:

“Biz  insana ana-atasına yaxşılıq etməyi tövsiyə etdik. Bununla yanaşı haqqında bilgi sahibi olmadığın, ilah tanımadığın bir şeyi Mənə şərik qoşmaq üçün sənə əmr edərlərsə, artıq onlara bu barədə itaət etmə! Dönüşünüz ancaq Mənədir. Mən də etdiyiniz əməllərin qarşılığını sizə verəcəyəm.”

İlk qan axıdan oldu

Sad ibn Əbi Vaqqas həzrətləri, Əshabı kiramın ən cəsur və qəhrəmanlarındandır.

İslamiyyətin ilk illərində Müsəlmanlar müşriklərdən çox əza və cəfa görürdülər. İbadətlərini rahat bir şəkildə edə bilmirdilər. Bir gün Həzrəti Sad ilə bir neçə səhabə bir vadidə namaz qılırdılar. Bu sırada müşriklərin azğınlarından bəziləri onları lağ və təhqir etməyə başladılar.

Sad ibn Əbi Vaqqas həzrətləri bunların üzərinə getdi. Əlinə keçirdiyi bir dəvə sümüyü ilə müşriklərin başçılarının başını yardı. Beləcə, “Allah yolunda, ilk müşrik qanı tökən səhabə” adını qazandı.

Ühüd döyüşündə çox qəhrəmanlıqlar göstərdi. Peyğəmbər əfəndimizin yanından heç ayrılmadı.

Sad ibn Əbi Vaqqas həzrətləri, həmçinin “Allah yolunda ilk ox atan səhabədir”. Oxçuların rəisidir. Ühüd müharibəsində 1000-dən çox ox atdı. Peyğəmbər əfəndimizin böyük iltifatlarına məzhər oldu. O ox atarkən Peyğəmbər əfəndimiz buyurardı ki:

— At ya Sad!

Həmçinin onun üçün belə dua buyurmuşdur:

— İlahi, bu sənin oxundur. Onun atışını düzəlt! Allahım, Sənə dua etdiyində də, Sadın duasını qəbul et! Bizdən geri qalmasın!

Sad ibn Əbi Vaqqas həzrətləri Vida həccindən sonra Məkkədə xəstələndi. Onu ziyarətə gələn Peyğəmbər əfəndimizə dedi ki:

— Ya Rəsulallah, siz Mədinəyə qayıdacaqsınız. Mən burada ölərsəm dostlarımdan ayrı qalacağam.

Peyğəmbər əfəndimiz, Mədinəyə birlikdə qayıdacaqlarını işarə verərək buyurdu ki:

— Xeyr, sən bizdən geri qalmazsan! Ümid edirəm ki, sən uzun zaman yaşayacaqsan. Belə ki, səndən bəzi qövmlər faydalanacaq, bəziləri də məhrum qalacaqdır.

Peyğəmbər əfəndimiz sonra da belə dua etdilər:

— Ya Rəbbi, Əshabımın Məkkədən Mədinəyə qayıtmasını tamamla!

Bunun üzərinə Həzrəti Sad şəfa tapıb Mədinəyə qayıtdı.

Sad İbn Əbi Vaqqas həzrətləri, Həzrəti Ömər zamanında Həvazin bölgəsində zəkat toplamaq üçün göndərilmişdi. Bu sırada İran tərəflərindəki hadisələr böyüyüncə, həm bu hadisələri önləmək, həm də düşmənə bir dərs vermək üçün bir İslam ordusu hazırlandı. Bu ordunun başına kimin keçirilməsi gərəkdiyini müşavirədə müzakirə edildi.

Bəziləri şəxsən bu ordunun başına başçı olaraq Xəlifə Həzrəti Ömərin gətirilməsini  istəyirdilər. Bir qismi də bunun müxtəlif səbəblərlə uyğun olmayacağını, başqa birinin sərkərdəliyə gətirilməsini istəyirdi. Bu sırada Sad ibn Əbi Vaqqas həzrətlərinin Həvazindən məktubu gəldi.

 Budur, axtardığın adamı tapdın!

Sad ibn Əbi Vaqqasın adını eşidən Əshabı kiramın hamısı söz birliyi ilə Həzrəti Ömərə dedilər ki:

— Bax, axtardığın adamı tapdın!

Bunun üzərinə Həzrəti Ömər, Sad ibn Əbi Vaqqası Mədinəyə çağırdı. Onu İslam ordusuna baş sərkərdə təyin edərək bunları söylədi:

— Ya Sad, Rəsulullahın dayısıyam deyə əsla qürurlanma! Allahu təala pisliyi ancaq yaxşılıq ilə yox edər. Allahu təalaya qulluqdan başqa bağ yoxdur. İnsanların üstünlükləri son nəfəslərində məlum olar. Düşmənin çoxluğundan deyil, Allahdan qorx!

— Namazlarınızı müntəzəm qılın! Ordunda günah işləyən əsgər olmasın! Günah  işləyənləri dərhal uzaqlaşdır! Allahın Rəsulu nə etdisə, necə hərəkət etdisə, sən də elə et! Səbri tərk etmə!

Həzrəti Ömər bu şəkildə nəsihət etdikdən sonra Sad ibn Əbi Vaqqas əmrindəki əsgərlə  Mədinədən çıxdı. İran torpaqlarında olan İslam əsgərləri ilə birləşərək məşhur Qadsiyə  zəfərini qazandı.

Qadsiyə döyüşü, İslam ordusu ilə İran ordusu arasında oldu. İslam ordusu Fərat çayının bir qolu olan Atik çayının Qadsiyə deyilən yerində qərargah qurdu. Hərbdən əvvəl İranın paytaxtı Mədayinə elçilər göndərildi. İran  Kisrası Yəzdi Cürd ilə görüşdülər. İranlıları İslama dəvət edərək dedilər ki:

— Ya Müsəlman olarsınız, ya da  cizyə verərsiniz və ya hərb edərsiniz!

Ya Sad, müjdə!

 İran Kisrası buna hirslənərək dedi ki:

— Əgər məndən əvvəl elçi öldürən bir məlik olsaydı mən ikincisi olub sizi öldürərdim!

Bundan sonra bir miqdar torpaq gətirərək sözlərinə belə davam etdi:

— Məndə sizin üçün başqa  şey yoxdur. Ən böyüyünüz kimdirsə, bunu götürsün və rəisinizə aparsın və bilin ki, hamınızı Qadsiyə xəndəyində basdırmaq üçün sərkərdəm Rüstəmi göndərmək üzrəyəm.

Bundan sonra elçilər arasında olan Asim ibn Amr qalxıb torpağı götürüb çıxdılar.  Yoldaşlarıyla birlikdə Həzrəti Sadın yanına qayıdıb dedilər:

— Ya Sad, müjdə! Allahu təala onların torpağını bizə verdi.

Əshabı kiram verilən bu bir parça torpağın daha sonra İran torpağının hamısının veriləcəyinə dair Allahu təalanın bir müjdəsi olduğuna inandılar.

Həzrəti Sadın elçilərinin təklifini rədd edən Kisranın ordusu da Atik çayı sahilinə gəlib qərargah qurdu. 120 min nəfərdən ibarət olan İran ordusunun 30 mini zirehli və bir-birlərindən ayrılmaması üçün də zəncirlə bağlı idilər.Həmçinin, İran ordusunun ön sıralarına fillər yerləşdirilmişdi. İslam ordusu isə 34 min nəfər idi.

Həzrəti Sad yenə elçi göndərərək, “Sizə üç gün izn verilir. Bu üç gün içində ya Müsəlman olarsınız, ya cizyə verərsiniz və ya cəngə hazır olarsınız” deyə bildirdi.

Səbat edin!

Onlar üç gün içində bu şərtləri qəbul etmədilər. Dördüncü gün hərb başladı. Hərb  başlamadan əvvəl Həzrəti Sad əsgərlərinə belə xitab etdi:

— Mövqelərinizdə səbat edin! Zöhr namazından sonra, dörd-beş təkbir gətirəcəyəm. İlkində, siz də təkbir gətirərsiz, hərbə hazır olarsınız! İkinci təkbirdə siz də təkbir gətirib, silahlanarsınız! Üçüncü təkbirdə, siz də təkbir gətirib əsgəri hərb üçün coşdurarsınız! Dördüncü təkbirdə düşmən üzərinə hücum edin və “ La havlə vəla qüvvətə illa billah” deyin!

İslam əsgərləri bildirilən əmrlə düşmənə hücum etdilər. İran ordusu özləri ilə gətirdikləri fillərlə cavab verdilər. İlk gün şiddətli vuruşmalar oldu. Sonrakı günlərdə İslam ordusu  tətbiq etdikləri dahiyanə taktikalarla İran ordusunu  dağılmağa məruz qoydular.

Əvvəlcə İran ordusunun sərkərdələri öldürüldü. İran ordusunun baş komandiri Rüstəm də öldürülüncə, ordu dağıldı. Qaçmağa başladılar. Qaçmağa çalışanların çoxu da çaya düşərək boğuldu, qalanlar da əsir edildi. Bu hərbdə Müsəlmanlar 2000 şəhid verdi. İranlıların hamısı öldürüldü. Beləcə, Müsəlmanlar böyük zəfər qazandılar.

Daha sonra Həzrəti Ömərin əmri ilə Sasani Dövlətinin paytaxtı və İran Kisrasının olduğu Mədayin şəhərinə doğru hərəkət edildi. İslam əsgərinin Mədayinə hərəkət etdiyini, İran Kisrası Yəzdi Cürd eşidincə qorxudan şəhəri tərk etdi. İslam ordusu Mədayin şəhərinə asanca girərək buranı fəth etdi.

Sad ibn Əbi Vaqqas həzrətləri bu fəthi məktubla Həzrəti Ömərə belə bildirdi:

İman edənlərin köməkçisidir

“Rəhman və Rəhim olan Allahu təalanın adıyla. İraq valisi Sad ibn Əbi Vaqqasdan,  möminlərin əmri Ömər-ül Faruka. Allahın salamı üzərinə olsun! Özündən başqa haqq, məbud olmayan, tayı-bərabəri olmayan Allahu təalaya həmd edər, Onun Həbibi olan Muhamməd əleyhissəlama salət (dua) və salam edərəm.

Allahu təala bizə ehsanı ilə gözün görmədiyi meydanlarda at oynatmağı nəsib etdi. Kisranın yurdunun böyük bir qismini ələ keçirdik. Ordu komandirlərinin çoxunu öldürdük. Bu döyüşdə mələklər onların üzlərinə və arxalarına vururdular. Çünki Allahu təala iman edənlərin köməkçisidir. İman etməyənlərin köməkçisi yoxdur.

Yəzdi Cürd qaçdı. Qızı əsir olaraq ələ keçirildi. Bundan sonra nə edəcəyimiz xüsusunda Mədayin şəhərində əmrlərinizi gözləyirəm. Allahu təalanın salamı bütün Müsəlmanların üzərinə olsun!”

Həzrəti Sad həyatının sonlarına doğru Mədinəyə yaxın Aqiq deyilən yerdə xəstələndi və orada 675-ci ildə vəfat etdi. Mübarək cəsədi Mədinəyi- münəvvərəyə aparıldı. Namazını  Mədinə valisi Mərvan qıldırdı. Vəsiyyətinə uyğun şəkildə Bədir hərbində geymiş olduğu paltarı ilə dəfn edildi. Sad ibn Əbi Vaqqas həzrətləri Cənnətlə müjdələnən on səhabədən ən son vəfat edəndir.

Sad ibn Əbi Vaqqas Cənnətdədir

Həzrəti Sad heybətli, orta boylu, əsmər bənizli, cəsur, sözü, özü doğru böyük bir şəxs idi. Çox səxavətli olub, sadəliyi sevərdi. Sad ibn Əbi Vaqqas həzrətləri Peyğəmbərimizin dayısı idi. Bunun üçün Peyğəmbərimiz ona, “Bu mənim dayımdır. Belə bir dayısı olan varsa mənə göstərsin” deyərək fəxr edərdi.

Həzrəti Sad Cənnətlə müjdələnən on səhabədən biridir. Belə ki, Peyğəmbər əfəndimiz bir hədisi şərifində buyurdu ki:

— Əbu Bəkir Cənnətdədir, Ömər Cənnətdədir, Osman Cənnətdədir, Əli Cənnətdədir, Talha Cənnətdədir, Zübeyr Cənnətdədir, Abdurrahman ibn Avf Cənnətdədir, Sad ibn Əbi Vaqqas Cənnətdədir, Səid ibn Zeyd Cənnətdədir, Əbu Ubeydə ibn Cərrah Cənnətdədir.

Sad ibn Əbi Vaqqas həzrətləri buyurdu ki:

Rəsulullah əfəndimiz hər namazından sonra şübhəsiz belə dua edərdi: “Ya Rəbbi!  Xəsislikdən, qorxaqlıqdan, rəzil ömür deyilən qocalıqdan, ağılsızlıqdan, dünya fitnəsindən, yəni Dəccalın fitnəsindən və qəbir əzabından sənə sığınıram.”

Həzrəti Sad buyurdu ki:

Rəsulullah əfəndimiz Əshabı kiram arasında qardaşlıq elan etdiyi zaman Həzrəti Əlini özünə qardaş seçərək buyurdu ki:

— Ya Əli! Sən mənim dünyada da, axirətdə də qardaşımsan. Ya Əli, Musanın yanında Harun necə idi isə, sən də mənim yanımda eləsən. Lakin bir fərq var ki, məndən sonra Peyğəmbər gəlməyəcəkdir.

Üç gün ağladım

Rəsulullaha bir kəndli gələrək dedi ki:

— Mənə, söyləyə biləcəyim bir kəlimə öyrət.

Rəsulullah əfəndimiz buyurdu ki:

— “Allah birdir, Ondan başqa heç bir ilah yoxdur və Onun ortağı da yoxdur. Allah hər şeydən ucadır. Bütün həmdlərin hamısı Allaha məxsusdur. Aləmlərin Rəbbi olan Allahın şanı nə ucadır. Günahdan qaçmağa qüvvət, ibadət  etməyə qüdrət, ancaq əziz və hakim olan Allahın köməyi ilədir” de!

Kəndli bir daha dedi ki:

— Bunlar Rəbbim üçündür. Özüm üçün nə deyim?

Rəsulu əkrəm əfəndimiz buyurdu ki:

— “Allahım məni bağışla və qoru! Mənə hidayət ver və ruzi ver” de!

Sad ibn Əbi Vaqqas həzrətləri buyurdu ki:

— Mömin bir yaxşılıqla qarşılaşsa, Allaha şükür edər. Bir müsibətlə qarşılaşanda da həmd və səbr edər. Beləcə hər işində savab qazanar. Hətta xanımının ağzına qoyduğu tikədən də savab alar.

Bir kimsə gündüz xətm oxusa, mələklər ona axşama qədər dua edər. Gecə oxusa, səhərə qədər dua edər.

Qadsiyə zəfərindən sonra bir müddət Mədayində qalan Həzrəti Sad şəhərin havasının və suyunun əsgərlərə yaxşı gəlmədiyini görüncə, vəziyyəti Həzrəti Ömərə bildirmişdi. Buna görə də Həzrəti Ömər yeni bir şəhər təsis edilməsini əmr etdi. Həzrəti Sad da Kufə şəhərini saldı və şəhərə ilk vali təyin edildi.

 Mənə dua et!

Həzrəti Ömər şəhid olmazdan əvvəl özündən sonra yerinə keçəcək xəlifəni seçmək üçün altı nəfərlik bir şura təşkil edilməsini vəsiyyət etmişdi. Bildirmiş olduğu altı adamdan biri də Sad ibn Əbi Vaqqas həzrətləriydi. Əgər Sad xəlifə seçilməzsə ona vəzirlik verilməsini də vəsiyyət etmişdi. Həzrəti Osman xəlifə seçilincə, Həzrəti Ömərin tövsiyəsinə uyaraq Həzrəti Sadı yenidən Kufəyə vali təyin etdi.

Ömrünün sonlarına doğru gözləri görməz olmuşdu. Bu halda ikən Məkkəyə gəlmişdi.  Məkkə xalqı ətrafına toplanıb, “Mənə dua et, mənə dua et” deyincə, hamısına dua etdi.

Abdullah ibn əs-Saib buyurur:

“Mən gənc idim. Bir ara ona yaxınlaşdım və özümü tanıtmağa çalışdım. Məni tanıdı və soruşdu.

— Sən Məkkənin, Quranı-kərimi ən yaxşı oxuyanlarından biri deyilsənmi?

Mən də, “ Bəli” dedikdən sonra soruşdum:

— Əfəndim, sizin duanız məqbul olur, hər kəsə dua edirsiniz. Özünüz üçün də dua etsəniz, gözləriniz açılsa, olmazmı?

Həzrəti Sad gülümsəyərək buyurdu ki:

— Oğlum, Allahu təalanın mənim haqqımdakı təqdiri, yəni gözümün görməməsi, gözümün görməsindən daha gözəldir.”

Sad ibn Əbi Vaqqas həzrətləri bir gün Peyğəmbərimizə dedi ki:

— Ya Rəsulallah, dua buyur, Allahu təala, mənim hər duamı qəbul etsin!

Rəsulullah əfəndimiz cavabında buyurdu ki:

— Duanızın qəbul olması üçün halal yeyin! Çox insan vardır ki, yedikləri və geydikləri haramdır. Sonra əllərini qaldırıb dua edərlər. Belə dua necə qəbul olunar?

Saleh kimsə

Həzrəti Aişə belə deyir:

Rəsulullah əfəndimiz döyüşlərin birində gecə Mədinəyə dönüb gəldiyində buyurdu ki:

— Nə olardı, saleh bir kəs ətrafımızda nəzarətçilik etsəydi

Birdən bir səs eşitdik. “Kimdir o?” buyurdu.

Bu arada Sad ibn Əbi Vaqqasın səsi eşidildi:

—  Mənəm, Sad ibn Əbi Vaqqas.

Peyğəmbərimiz soruşdular:

— Bura nə üçün gəldin?

—  İçimdən bir səs, “Rəsulullah təkdir, qorxuram ki, din düşmənləri ona bir sıxıntı və əziyyət verərlər” dedi. Bunun üçün xidmətinizə gəldim. Bunun üzərinə Rəsulullah əfəndimiz, ona xeyir dua etdi və istirahətə çəkildilər.

Ühüd döyüşündə bir ara müşriklər Ühüd dağına çıxmağa başlayınca, Rəsulullah əfəndimiz, yanında olan Həzrəti Sada buyurdu ki:

— Onları geri çevir!

Həzrəti Sad dedi ki:

— Ya Rəsulallah, yanımda tək oxum qaldı. Onları necə geri çevirim?

Peyğəmbər əfəndimiz əmrini üç dəfə təkrarladı. Bundan sonra Həzrəti Sad belə danışır:

Bir ox daha tapdım

“Çantamda qalan bir oxu götürdüm. Müşriklərdən birinə atıb öldürdüm. Sonra ox çantama əl atdığımda bir ox tapdım. Baxdığım zaman az əvvəl atdığım ox idi. Yenidən o oxu atıb başqa birini öldürdüm. Sonra bir daha baxdığım zaman yenə eyni oxu gördüm. Onu da atıb yenə birini öldürdüm. Bir neçə dəfə eyni şəkildə oxu atdım. Bu vəziyyəti görən müşriklər, çıxmaqdan imtina edərək qayıtdılar. Mən də öz-özümə, “ Bu  mübarək bir oxdur” dedim və bu oxu həmişə yanımda daşıdım.”

Rəvayətə görə Həzrəti Sad bu oxu atdıqca ağappaq üzlü bir mübarək şəxs bu oxu geri gətirirdi. Həzrəti Sad deyir ki:

— Uhudda Rəsulullahın sağında və solunda ağ paltarlı iki adam gördüm ki, onlar ən şiddətli şəkildə vuruşurdular. Onları nə daha əvvəl nə də daha sonra gördüm.

“Həzrəti Sadın  iman etməyən qardaşı Utbə, Ühüddə müşriklərin arasında idi. Həzrəti Sad bu qardaşı ilə döyüşmək üçün onu çox axtarmışdı. Buyurdu ki:

“Vallah, qardaşım Utbəni öldürmək üçün hiss etdiyim qəzəbi heç bir adamı öldürməyə qarşı hiss etməmişəm. Qardaşımı tapıb öldürmək üçün iki dəfə müşriklərin sıralarını yardım, ancaq gözümdən qaçdı. Üçüncüsündə, Rəsulullah mənə buyurdu ki:

— Ey Allahın qulu! Sən nə etmək istəyirsən? Yoxsa sən özünü öldürtməkmi istəyirsən?

Bundan sonra onu axtarmaqdan imtina etdim. Utbəni  Xatib ibn Əbi Bəltəa öldürdü.”

Hərb hiylədir

Ühüd döyüşünün sonunda müşriklər Ühüdü tərk edib Məkkəyə qayıtmağa qərar verdikdə, Rəsulullah əfəndimiz Həzrəti Sadı kəşfiyyat vəzifəsi ilə göndərdi. Həzrəti Sad müşriklərin getmə qərarı alıb dönüş hazırlıqlarını görüncə, geri dönüb yüksək səslə dedi ki:

— Ya Rəsulallah! Müşriklər dəvələrinə mindilər, atları ehtiyyata alıb, Məkkəyə  yönəldilər!

Rəsulullah əfəndimiz buyurdu ki:

— Yavaş danış, şübhəsiz hərb hiylədir. Çünki müşriklər qayıdarsa, bu sevincinin bir bənzərini görə bilməzsən.

Sonra Peyğəmbər əfəndimizin təkrar soruşmaları üzərinə, Sad ibn Əbi Vaqqas həzrətləri, gördüklərini və eşidiklərini təkrarladı. Müşriklərin getdikləri qətiləşdiyi halda Sadın üzü kədərli idi. Rəsulullah əfəndimiz kədərinin səbəbini soruşdular. Həzrəti Sad dedi ki:

— Müsəlmanlar zəfər qazanmadan müşriklərin getməsinə sevinməyini xoş görmədim.  Rəsulullah əfəndimiz də buyurdu ki:

— Onsuz da, Sad hərb xəstəsidir.

Həzrəti Sad 675-ci ildə vəfat etdi. “Aşərəyi-mübəşşərə”dən sonra ən son vəfat edəndir.  Mədinəyi- münəvvərədə dəfn edilmişdir.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину