Quranı-kərimi açıq-aşkar oxuyan ilk səhabədir.
Abdullah ibn Məsud həzrətləri, Əshabı-kiramın məşhurlarından olub ilk imana gələnlərdəndir.
Gəncliyində kasıb idi. Bu səbəbdən çobanlıq edirdi. Bir gün qoyun güdərkən Peyğəmbər əfəndimiz və Həzrəti Əbu Bəkir ilə qarşılaşdı. Rəsulullah əfəndimiz:
— Ey gənc! İçmək üçün südün varmı? deyə soruşdu. O da:
— Yox əfəndim, deyincə, Peyğəmbər əfəndimiz, heç vaxt balası olmamış bir qoyunun məməsini əlləri ilə sığallayıb, dua etdi. Qoyunun məməsi dərhal süd ilə doldu. Həzrəti Əbu Bəkir, böyük bir qab gətirib doldurdu. Bu süddən içdilər. Peyğəmbər əfəndimiz sonra: “Çəkil, büzül” buyurdu. Qoyunun məmələri köhnə halına gəldi.
Necə sağdınız?
Abdullah ibn Məsud olanları heyrətlər içində seyr etdi. Dözə bilməyib soruşdu:
— Bu necə oldu? Heç vaxt südü olmayan qoyundan bu qədər südü necə sağdınız? Söylədiyiniz duanı lütfən mənə də öyrədin.
Peyğəmbər əfəndimiz, başını sığallayıb:
— Allahu təala sənə rəhmət etsin! Sən Haqqı öyrənə biləcək bir uşaqsan, buyurdu.
Bu möcüzəni görən və danışmaları eşidən gənc:
— Siz sıravi bir kimsə deyilsiniz. Sənin, Cənab Haqqın Peyğəmbəri olduğuna inandım, deyib Kəliməyi-şəhadət gətirdi və Müsəlman oldu.
Kimsə yoxdurmu?
Abdullah ibn Məsud həzrətləri Məkkədə ilk dəfə açıq-aşkar Quranı-kərim oxuyan səhabədir.
Bir gün Əshabı-kiram bir yerdə oturub söhbət edirdilər. İçlərindən biri:
— Rəsulullahdan başqa heç kimsə çıxıb Quranı-kərimi müşriklərə qarşı açıq-aşkar oxuya bilmədi. Bunu edəcək kimsə yoxdurmu? dedi. İbni Məsud həzrətləri dərhal qabağa atılıb:
— Mən oxuyaram, dedi.
— Biz, sənə bir zərər vermələrini istəmərik. Müşriklərin qəbiləsindən qorxacaqları bir kimsə oxusun.
— Buraxın gedim! Siz dua edin! Allahu təala məni qoruyar!
Ertəsi gün Məqamı İbrahimə getdi. Müşriklər orada toplamışdılar. İbni Məsud həzrətləri Bəsmələ şərifə çəkib, “Ərrahmanu alləməl Quranı…” deyərək Rəhman surəsini oxumağa başladı.
Müşriklərin hamısı birlikdə üzərinə getdilər. Təpik yumruq vurmağa başladılar. Üzü-gözü hər tərəfi yara içində oldu. Ancaq ona, sanki heç bir şey edilməmiş kimi sakit-sakit Quranı-kərimi oxumağa davam etdi. Oxuması bitdikdən sonra Əshabı-kiramın yanına gedib dedilər ki:
— Qorxduğumuz başımıza gəldi. Bir daha gedib onların yanında oxuma!
— Xeyr yenə gedib oxuyacağam. Müşrikləri ilk dəfə belə pərişan halda gördüm. Onların acizliyi məni çox sevindirir. Mənə edilən işgəncələrdən acı hiss etmirəm.
O, ertəsi günü yenə gedib, təkrar oxudu. Yenə vurdular. Hətta qızğın qumlara uzadıb işgəncə etdilər. O yenə oxumağına davam etdi. Sonunda müşriklər çarəsiz qaldılar.
Məkkəli müşriklər digər Müsəlmanlara etdikləri kimi, Abdullah ibn Məsuda da çox əziyyət və işgəncə etdilər. İşgəncələr dözə bilməyəcək hala gələndə icazə ilə iki dəfə Həbəşistana hicrət etdi. Rəsulullah əfəndimizin hicrət etməsindən sonra Həbəşistandan Mədinəyə hicrət etdi. Burada əvvəl Muaz ibn Cəbəlin evində qonaq qaldı. Sonra Məscidi Nəbinin yanında bir ev tutaraq ora köçdü.
İbni Məsud həzrətləri cüssəsindən gözlənilməyən qəhrəmanlıqlar göstərmişdir. Hərblərdə Rəsulullahın yanından ayrılmayıb, can-fəda bir şəkildə döyüşərdi. Bədir döyüşündə küfrü və imansızlığı ilə məşhur Əbu Cəhilin başını o kəsmişdir.
Döyüşdə Əshabı kiramdan Afra xatunun uşaqları Muaz və Muavviz qılınc zərbələri ilə Əbu Cəhili tərpənə bilməyəcək şəkildə yaralayıb yıxdılar. Öldüyünü zənn edib oradan uzaqlaşdılar. Peyğəmbər əfəndimiz Əbu Cəhili xəbər alıb:
— Görəsən Əbu Cəhil nə etdi, nə oldu? Kim baxar? buyuraraq, araşdırılmasını əmr etdi. Axtardılar tapa bilmədilər. Gəlib vəziyyəti bildirəndə Peyğəmbər əfəndimiz:
Allahu təala zəlil etdi
— Axtarmağa davam edin! Əgər onu tanıya bilməsəniz, dizindəki yara izinə baxın. Bir gün mən və o Abdullah ibn Cüdanın ziyafətinə getdik. İkimiz də gənc idik. Mən ondan bir az böyük idim. Orada onu itələyincə yıxıldı, dizlərindən biri yaralandı. Bu iz onun dizindən itmədi, buyuraraq Əshabına asan tanımaları üçün işarə verdi.
Bununla da İbni Məsud həzrətləri yerindən atılıb axtarışa getdi. Bir müddət axtardıqdan sonra ölülər arasında tərifə uyğun yaralı birini gördü. Yanına yaxınlaşıb soruşdu:
— Sən Əbu Cəhilsən?
— Bəli, Əbu Cəhiləm.
— Ey Rəsulullahın düşməni! Nəhayət Allahu təala səni həqir və zəlil etdi.
Aldığı yaralardan ağrılar içində qıvrınan İslam düşməni Əbu Cəhil hələ inadına, düşmənliyinə davam edirdi. Ən kiçik bir peşmanlıq əsəri yox idi. Əbədi olaraq Cəhənnəmdə qalmaq üzrə dünyadan ayrılmaqda ikən belə məlun hələ ağzından kin qusurdu:
— Nə deyə məni zəlil və həqir edəcək ey qoyun çobanı! Həqir olan sizlər olacaqsınız! Sən mənə zəfərdən bəhs et! Kim qazandı kim itirdi?
— Zəfər Allah və Rəsulunun tərəfindədir, ey məlun. Artıq sonun gəldi. Zəhər qusan başını, bu iyrənc bədənindən ayıracağam.
— Həqiqətən, məni sənin kimi birinin öldürməsi mənə çox ağır gələcək.
— Bax, Allah və Rəsuluna qarşı gələn onlara düşmənlik bəsləyənin sonu belə zəlil olmaqdır. Sən və sənin kimi olanların sonları belə olacaq. Burada zəlil olduğunuz kimi axirətdə daha zəlil olacaqsınız! Əbədi olaraq Cəhənnəm odu ilə yanacaqsınız. Cəhənnəmdə indiki bu halınızı çox axtaracaqsınız,ancaq tapa bilməyəcəksiniz.
İbni Məsud həzrətləri başını kəsmək üçün Əbu Cəhilin dəbilqəsini çıxararkən:
— Nə olar heç olmazsa boynumu gövdəmə yaxın kəs ki, başım heybətli görünsün, deyərək küfrünün, qürur və təkəbbürünün nə dərəcəyə çıxmış olduğunu göstərdi.
Ümmətin fironu
İbni Məsud Əbu Cəhilin başını qılıncıyla qopardı. Qılıncını, dəbilqəsini aldı. Başına bir ip bağlayıb sürükləyərək Rəsulullahın hüzuruna apardı. Sevinc içində:
— Ya Rəsulallah! Bu, Allahu təalanın düşməni Əbu Cəhilin başıdır, dedi. Peyğəmbər əfəndimiz də:
— O Allah ki, Ondan başqa ilah yoxdur, buyurdu.
Sonra İbni Məsud həzrətləri ilə birlikdə Əbu Cəhilin cəsədinin yanına getdi. Ona xitab ilə:
— Allahu təalaya həmd olsun ki, səni zəlil və həqir etdi. Ey Allahın düşməni! Sən bu ümmətin fironu idin! buyurdu.
Həzrəti Abdullah ibn Məsud Ühüddə, Xəndəkdə, Biəti Ridvanda, Məkkənin fəthində və Təbuk səfərlərində iştirak etmişdir. Peyğəmbər əfəndimizin vəfatından sonra da Yərmuk hərbinə qatılmışdır. Kufə qazılığına təyin olunmuşdur. Orada xəzinə gözətçiliyi də etmişdir. Həzrəti Ömər Kufə xalqına yazdığı məktubda belə deyirdi:
— Ey Müsəlmanlar! Sizə iki yoldaşımı göndərirəm. Ammar vali, Abdullah qazı olacaqdır. Onları dinləyin və söylədiklərinə əməl edin. Çünki ikisi də Rəsulullahın Əshabından olub Bədir qəhrəmanlarındandır. İbni Məsudu yanımda tutmayaraq sizin yanınıza göndərməyi dogru bildim. Özü eyni zamanda beytülmal hesablarına da baxacaqdır.
Günahdan şikayət
Həzrəti Osmanın son zamanlarında Mədinəyə qayıtdı. 60 yaşının üzərində ikən xəstələndi. Xəlifə Həzrəti Osman, ziyarətinə gəldi. Dedi ki:
— Bir istəyin varmı?
— Allahu təalanın rəhmətini istəyərəm.
— Bir həkim gətirəkmi?
— Ehtiyac yoxdur! Məni xəstə edən həkimdir.
Bu xəstəlikdən vəfat etdi. Cənazə namazını Həzrəti Osman qıldırdı. Vəsiyyəti üzərinə Cənnət-ül-Baqi qəbiristanlığına dəfn edilmişdir.
Abdullah ibn Məsud Rəsulullahın hüzurunda, məclislərində tez-tez iştirak edərdi. O dərəcə ki, Rəsuli əkrəmin Əhli beytindən olduğu zənn edilərdi. Rəsulullahın əşyalarını daşıyardı. Onlara olan hörmətindən çox gözəl geyinərdi.
Peyğəmbər əfəndimiz Abdullah ibn Məsudu Quranı-kərim öyrədənlərin başında sayardı və “Quranı-kərimi, İbni Məsud, Salim, Übey ibn Kab, Muaz ibn Cəbəldən öyrənin!” buyurardı. 70 surəni Rəsulullahın mübarək ağızlarından eşidərək əzbərləmişdir. Asim, Həmzə, Kisai, Haləf, Aməş kimi məşhur qiraət imamlarının silsiləsi İbni Məsudda son tapır.
Rəsuli əkrəm Qurani-kərimi ondan dinləməyi çox sevərdi.
Peyğəmbər əfəndimiz bir gün ona buyurdu ki:
— Nisa surəsini oxu dinləyək.
— Qurani-kərim sizə endi. Biz, Onu sizdən oxuduq və sizdən öyrəndik.
Rəsuli əkrəm bunun üzərinə buyurdu ki:
— Bəli elədir,ancaq mən Quranı-kərimi başqasından dinləməyi sevirəm.
İbni Məsud oxumağa başladı. Məalən; “Halları nə olacaq? Hər ümmətdən bir şahid gətirəcəyimiz zaman…” (Nisa:41) ayəti-kəriməsinə gələndə, Rəsulullahın mübarək gözlərindən yaşlar axdı.
İbni Məsud kimi
İbni Məsud həzrətləri Quranı-kərimi çox gözəl oxuyardı. Həzrəti Ömər buyurur:
Bir gün Rəsulullah əfəndimiz Həzrəti Əbu Bəkir ilə Müsəlmanların vəziyyətini danışırdı. Mən də yanlarındaydım. Sonra birlikdə çıxdıq. Baxdıq, tanımadığımız biri məsciddə Quranı-kərim oxuyur. Rəsulullah əfəndimiz dinləməyə başladı. Daha sonra da bizə dönüb buyurdu ki:
— Kim Qurani-kərimi endiyi andakı təzəliyi kimi oxumaqdan xoşlanırsa, İbni Məsud kimi oxusun!
İbni Məsud həzrətlərinin bədəni zəif idi. Peyğəmbər əfəndimiz bir gün Əshabına buyurdu ki:
— Siz İbni Məsudun bədəninin zəif olduğuna baxmayın. Mizanda hamınızdan ağırdır.
В корзине: 0 шт.
на сумму: 0