Facebook Twitter WhatsApp

Cəfəri Təyyar

Cənnətə uçaraq gedən səhabədir.

Peyğəmbər əfəndimiz 36 yaşında olduqları zaman Hicaz torpaqlarında şiddətli bir quraqlıq və aclıq hökm sürürdü. Demək olar ki, hər kəs hər gün bunun ağırlığını daha çox, daha dərindən hiss edirdi. Peyğəmbər əfəndimizin əmisi Əbu Talib böyük bir ailənin rəisi idi.  Ailəsini dolandıracaq bir sərvətə sahib deyil idi. Bunun üçün dolanmaqda hər kəsdən daha çox çətinlik çəkirdi.

Yükünü bir az yüngülləşdirək

Peyğəmbər əfəndimiz kiçik yaşdan bəri yanında böyüdüyü və yaxşılığını gördüyü əmisinə bu çətin zamanlarında bir kömək etmək, onun dolanışıq yükünü yüngülləşdirmək istəyirdi. Bu səbəblə əmilərinin ən zəngini olan  Həzrəti Abbasa bir gün belə bir təklif etdilər:

“Ey Əmim, bilirsən ki, qardaşın Əbu Talibin çox uşağı var. İnsanların uğradığı bu qıtlıq və aclığı da görürsən. Əbu Talibə gedək, onun ailə yükünü bir az yüngülləşdirək. Himayə edib böyütmək üçün oğullarından birini mən yanıma alım, birini də sən alarsan.  Övladlarından ikisini onun üzərindən almaq kafi gələr”.  

Həzrəti Abbas, “Olar” deyincə qalxıb, Əbu Talibin yanına gəldilər.  Ona dedilər ki:

“Xalqın, içində olduğu qıtlıq və darlıq qalxana qədər, sənin uşaqlarından bir qismini yanımıza alıb yükünü yüngülləşdirmək istəyirik”.

Əbu Talib də onlara dedi ki:

“Oğullarımdan Uqayli və Talibi mənə buraxıb istədiyiniz ala bilərsiniz”.

Beləcə Peyğəmbər əfəndimiz Həzrəti Əlini, Həzrəti Abbas da Həzrəti Cəfəri yanına aldı.

Bir gün Əbu Talib oğlu Cəfər ilə şəhər kənarına gedərkən Peyğəmbər əfəndimizi gördü. Həzrəti Əli ilə birlikdə namaz qılırdılar. Əbu Talib oğlu Cəfərə:

“Get, sən də qardaşının yanında dur namaza başla”, dedi.

Cəfər də gedib Həzrəti Əlinin yanında namaza durdu. Namazdan sonra Peyğəmbər əfəndimiz Ona dua edərək buyurdu ki:

“Haqq təala sənə iki qanad versin.  Cənnətə onlar ilə uçasan”.

Allahu təala bu duanı qəbul etdi. Həzrəti Cəfər Mutə döyüşündə şəhid olmaqla şərəfləndi. Allahu təala ona iki qanad verdi. Firdevs Cənnətinə uçdu.  Bunun üçün Cəfəri Təyyar  deyə məşhurdur.

Qureyş müşriklərinin Əshabı-kirama qarşı etdikləri zülm və işgəncədən sonra  Peyğəmbər əfəndimiz bir qisim Əshabın Həbəşistana hicrət etmələrinə icazə verdi. Karvan Həzrəti Cəfərin başçılığı ilə hərəkət etdi. Həbəşistanda çox yaxşı qarşılandılar.

Təslim edilməsini istəyin

Məkkəli müşriklər bu vəziyyətdən xəbərdar olan zaman toplandı. Həbəşistan hökmdarı Nəcaşiyə iki elçi göndərməyə qərar verdilər. Son dərəcə qiymətli hədiyyələr hazırladılar. Nəcaşinin din adamlarına, dövlət ərkanına hədiyyələr ayrıldı. Bu işə Abdullah ibn Rabiə ilə Amr ibn As vəzifələndirildi. Bu iki elçiyə Nəcaşinin hüzurlarında nələr söyləyəcəkləri öyrədildi. Onlara deyildi ki:

“Hökmdarla danışmadan əvvəl onun patriklərinə və sərkərdələrinin hər birinə hədiyyəsini verdikdən sonra Nəcaşinin hədiyyəsini təqdim edin. Bunu etdikdən sonra oradakı Müsəlmanların sizə təslim edilməsini istəyin. Nəcaşinin Müsəlmanlar ilə danışmasına imkan verməyin”.

Məkkəli müşriklərin elçiləri Həbəşistana gəldilər və dövlət ərkanının hədiyyələrini verdikdən sonra Məkkəli mühacirlərin onlara təslim edilməsi barəsində kömək etmələrini istədilər.

Məmləkətimizə sığınmışdırlar

Patriklər bunu qəbul etdilər. Bundan sonra Məkkəli elçilər Nəcaşinin hədiyyələrini təqdim etdilər. Məlik Nəcaşiyə belə söylədilər:

“Ey Məlik! İçimizdən bəzi kimsələr sizin məmləkətinizə sığımışdırlar. Bu gələnlər öz millətlərinin dinini tərk etdikləri kimi sizin dininizə də girməmişlər. Öz başlarına uyğun uydurma bir dinləri vardır. Nə biz nə də siz bu dini tanımazsınız.

Bizi bunların mənsub olduqları millətin əşrafı, sizin məmləkətinizə sığınan adamların ataları və öz qohumları göndərdi. İstəkləri gələnlərin geri dönməsidir. Çünki onlar bunların hallarını daha yaxından tanıyır. Onların öz dinlərində xoş görmədiklərini daha yaxşı bilirlər”.

İstər Amr ibn As və istərsə də Abdullah ibn Rabianın ən çox arzu etdikləri şey, Nəcaşinin bu sözləri dinləyərək, arzularına uyğun hərəkət etməsi idi. Elçilər bu sözləri söylədikdən sonra Nəcaşinin  patrikləri söz alaraq belə demişdilər:

“Bunlar çox doğru söylədilər. Bunların millətləri onlarla daha yaxşı məşğul ola bilər, onların nəyi bəyənib bəyənmədiklərini daha yaxşı təqdir edərlər. Onun üçün siz bu adamları  təslim edin ki,  bunlar onları məmləkətlərinə  və millətlərinə aparsınlar.

Məlik Nəcaşi bu sözlərə çox hirsləndi və dedi ki:

“Vallahi xeyr! Mən bu adamları təslim etmərəm. Mənə  sığınan, məmləkətimə gələn adamlara xəyanət edə bilmərəm. Onlar məni başqalarından seçmiş və mənim məmləkətimə gəlmişlər. Onun üçün gələn mühacirləri sarayıma dəvət edər, onlara bu adamların söylədikləri sözlərə qarşı nə cavab verəcəklərini soruşar, cavablarını dinləyərəm. Əgər mühacirlər bunların dedikləri kimi isələr, onları təslim edər və  öz millətlərinə qaytararam.  Elə deyilsə onları qoruyar, ölkəmdə qaldıqca onlara yaxşılıq edərəm”.

Kimə inanarlar

Daha əvvəllər Nəcaşi səmavi kitabları araşdırmışdı. Muhamməd əleyhissəlamın gəlmə zamanının yaxın olduğunu, qövmünün ona yalançı deyib inanmayacaqlarını və  Məkkədən çıxaracaqlarını bilirdi.

Nəcaşi Məkkəli elçilərdən soruşdu:

— İnandıqları adam kimdir?

— Muhamməddir.

Nəcaşi bu adı eşidəndə Onun Peyğəmbər olduğunu anladı və bəlli etmədi.  Gələnlərdən təkrar soruşdu:

— Onun dini və məzhəbi nədir və nəyə dəvət edər?

— Onun məzhəbi yoxdur.

— Məzhəbi və dinini bilmədiyim bir qrup ki, gəlib mənə sığınmışlar. Mən onları sizə necə təslim edərəm? Məclis quraq, sizlərlə üzləşdirək. Hamınızın da vəziyyətləri məlum olsun. Onların da dinini bilim.

Nəcaşi Məkkəli müşriklərlə üzləşdirmək üçün Müsəlmanları sarayına dəvət etdi.  Müsəlmanlar əvvəl öz aralarında məsləhətləşdilər və “Həbəş hökmdarının xoşuna gələcək və uyğun şəkildə nələr söyləyək” deyə məsləhətləşdilər. Həzrəti Cəfər dedi ki:

— Bizim bu xüsusdakı bildiklərimiz Peyğəmbərimizin buyurduğundan ibarətdir, deyərik.  Nəticə nə olsa ona da razıyıq.

Hamısı qəbul etdilər. Yalnız Həzrəti Cəfərin danışması üçün ittifaq etdilər.

Böyük bir divan quruldu

Nəcaşi də alimlərini topladı. Böyük bir divan quruldu. Sonra mühacirləri gətirdilər.  Müsəlmanlar gəldikləri zaman salam verdilər və  səcdə etmədilər.  Nəcaşi Müsəlmanlardan soruşdu:

— Niyə səcdə etmədiniz?

— Biz Allahu təaladan başqasına səcdə etmərik. Peyğəmbər əfəndimiz bizi Allahdan başqasına səcdə etməkdən çəkindirib, “Səcdə, tək Allahu təalaya məxsusdur” buyurdu.

Nəcaşi dedi ki:

— Ey hüzuruma gətirilmiş olan qrup! Mənə söyləyin. Ölkəmə nə üçün gəldiniz?  Halınız nədir? Tacir deyilsiniz, bir istədiyiniz də yoxdur. Sizin orada çıxmış olan Peyğəmbərinizin halı nədir?

Həzrəti Cəfər belə cavab verdi:

— Ey Hökmdar! Mən əvvəl üç söz söyləyəcəyəm. Əgər doğru söyləyərsəm məni təsdiq edin, yalan söyləyərsəm yalanlayın. Hər şeydən əvvəl əmr et ki, bu adamlardan tək biri danışsın, digərləri sussun!

Məkkəlilər adına Amr ibn As dedi ki:

— Mən danışaram.

Nəcaşi bunun üzərinə:

— Ey Cəfər, əvvəl sən danış! dedi.

Həzrəti Cəfər danışmağa başladı:

— Mənim, üç sözüm var. Bu adamdan soruşun. Biz tutulub əfəndilərimizə veriləcək kölələrik?

Nəcaşi soruşdu:

— Ey Amr! Onlar köləmidirlər?

— Xeyr! Ona kölə deyil, azaddır!

— Həzrəti Cəfər təkrar danışdı:

— Görəsən biz haqsız yerə bir kimsənin qanını tökdük ki, qanı tökülənlərə veriləcəyik?

Birinin qanını tökdülərmi?

Nəcaşi Amrdan soruşdu:

— Bunlar, haqsız yerə birinin qanını tökdülərmi?

Xeyr, bir damcı belə qan tökmədilər.

Bu səfər Həzrəti Cəfər Nəcaşiyə xitabən dedi ki:

Başqasının mallarından haqsız yerə aldığımız, üzərimizdə ödəməli olduğumuz mallar varmı?

Nəcaşi də Amrdan  soruşdu:

— Ey Amr! Əgər bunların ödəyəcəkləri bir çox qızıl belə olsa, borcları  varsa, onu, mən ödəyəcəyəm! Söyləyin!

— Xeyr, bir qəpik belə yoxdur!

—  O halda siz bunlardan nə istəyirsiniz?

— Onlar ilə biz bir dində idik. Onlar dinini tərk etdilər. Muhammədə və dininə tabe oldular.

Nəcaşi Həzrəti Cəfərə dedi ki:

— Siz olduğunuz dini buraxıb nə deyə başqasına tabe oldunuz? Qövmünüzün dinindən ayrıldığınıza, nə mənim dinimdə, nə də bunların dinində olmadığınıza görə, sizin qəbul etdiyiniz bu din haqqında məlumat verin!

Həzrəti Cəfər belə cavab verdi:

— Ey hökmdar! Biz cahil bir millət idik. Bütlərə tapınardıq. Ölmüş heyvan leşi yeyər,  hər cür pisliyi edərdik. Qohumlarla münasibəti kəsər, qonşularımıza pislik edərdik.  Qüvvətli olanlarımız zəif olanlarımızı əzərdi.

Allahu təala bizə, özümüzdən doğruluğunu, əminliyini, iffət və təmizliyini, soyunun düzgünlüyünü bildiyimiz bir Peyğəmbər göndərənə qədər biz bu vəziyyətdə idik. O Peyğəmbər bizi Allahu təalanın varlığına, birliyinə inanmağa, Ona ibadətə, bizim və babalarımızın tapındığı  daşları və  bütləri tərk etməyə dəvət etdi.

Böhtandan saxladı

— Doğru sözlü olmağı, əmanətə xəyanət etməməyi, qohumluq haqlarına riayət etməyi,  qonşularla gözəl davranmağı, günahlardan və qan tökməkdən çəkinməyi bizə əmr etdi.  Hər cür əxlaqsızlıqlardan, yalan söyləməkdən, yetimlərin malını yeməkdən, namuslu qadınlara dil uzatmaqdan və  böhtan etməkdən bizi çəkindirdi.

— Allahu təalaya şərik, ortaq qoşmadan ibadət etməyi, namaz qılmağı, zəkat verməyi, oruc tutmağı bizə əmr etdi. Biz də qəbul etdik və iman etdik. Onun Allahdan  gətirib  bildirdiklərinə tabe olduq.  Allahu təalaya ibadət etdik, Onun bizə haram qıldığını haram, halal etdiyini halal olaraq qəbul etdik.

— Bu səbəblə qövmümüz bizə düşmən olub, bizə zülm etdilər. Bizi dinimizdən döndərib, Allaha ibadətdən imtina etdirib bütlərə tapınmaq üçün müxtəlif işgəncələrə məruz qoydular. Bizi pərişan etdilər. Bizi sıxışdırdıqca sıxışdırdılar. Bizimlə dinimizin arasına girdilər və bizi dinimizdən ayırmaq istədilər.

— Biz də məmləkətimizi buraxaraq sənin ölkənə sığındıq. Səni başqalarından seçdik.  Sənin himayənə, qonşuluğuna can atdıq. Sənin yanında zülmə, haqsızlığa uğramayacağımızı ümid edirik.

Nəcaşi Həzrəti Cəfərə dedi ki:

— Sən, Allahın bildiklərindən bir az bilirsənmi?

— Bəli, bilirəm.

— Ondan mənə bir az oxu!

Şirin və gözəl kəlam

Həzrəti Cəfər də Məryəm surəsinin  ilk ayələrini oxumağa başladı. O oxuduqca Nəcaşi ağlayırdı. Gözlərindən axan yaşlar saqqalını isladırdı. Rahiblər də çox ağladılar. Nəcaşi və Rahiblər dedilər ki:

— Ey Cəfər! Bu şirin və gözəl kəlamdan bir az daha oxu!

Həzrəti Cəfər Kəhf surəsindən oxudu.  Nəcaşi özünü tuta bilməyərək:

— Vallah, bu eyni şamdan fışqıran bir nurdur. Həzrəti Musa və Həzrəti İsa da onunla gəlmişdir, dedi.

Nəcaşi daha sonra Qureyş elçilərinə dönüb dedi:

— Gedin! Vallah mən nə onları sizə təslim edər, nə də onlara bir pislik düşünərəm.

Bunun üzərinə Abdullah ibn Əbi Rabiə ilə Amr ibn As Nəcaşinin hüzurundan çıxdılar.

Amr ibn As Nəcaşinin hüzurundan əli-boş çıxınca yoldaşı Abdullaha dedi ki:

— Onların bir qəbahətini Nəcaşinin yanında ortaya qoyub, köklərini kəsim sən də gör. Onların Məryəm oğlu İsanı bir qul olaraq bildiklərini aşkar edəcəyəm.

Ertəsi günü Nəcaşinin yanına gəlib:

— Ey Hökmdar! Onlar Məryəm oğlu İsa haqqında ağır sözlər söyləyirlər. Onlardan Həzrəti İsa üçün nə söylədiklərini soruş, dedi.

Nə cavab verəcəyik?

Bunun üzərinə Nəcaşi mühacir Müsəlmanlara adam göndərdi.  Müsəlmanlar təkrar bir araya toplandılar. Bir-birlərindən soruşdular:

— İsa əleyhissəlam haqqında soruşsalar nə cavab verəcəyik?

Həzrəti Cəfər dedi ki:

— Həzrəti İsa haqqında Allahu təalanın buyurduğunu, Peyğəmbər əfəndimizin bizə gətirdiyini söyləyərik.

Nəcaşinin hüzuruna çıxınca, Nəcaşi soruşdu:

— Siz  Məryəm oğlu İsa haqqında nə bilirsiniz?

Həzrəti Cəfər belə cavab verdi:

— Biz Həzrəti İsa haqqında Peyğəmbər əfəndimizin bizə Allahu təaladan gətirib təbliğ etdiyini söyləyərik. Onun Allahın qulu və Rəsulu olduğunu, dünyadan və kişilərdən imtina edərək Allaha bağlanmış  əfif  bir qız olan Həzrəti Məryəmdən atasız olaraq dünyaya  gəldiyini qəbul edərik. Allahu təala Həzrəti Adəmi torpaqdan yaratdığı kimi  Həzrəti İsanı da atasız yaratmışdır, deyirik.

Nəcaşi əlini yerə uzadıb yerdən bir saman çöpü götürdü və dedi ki:

And içirəm ki, Məryəm oğlu İsa da sizin söylədiyinizdən çox bir şey deyildir. Arada bu çöp qədər belə fərq yoxdur.

Siz nə deyərsiniz  deyin

Nəcaşi bunu söylədiyi zaman ətrafdakı hökumət məmurları və sərkərdələri aralarında pıçıldaşmağa və  deyinməyə başladılar. Nəcaşi bunu görüncə onlara:

— And içirəm ki, siz nə desəniz deyin, mən bunlar haqqında yaxşı şeylər düşünürəm, dedi.

Sonra Müsəlman mühacirlərə dönərək davam etdi:

— Sizi və yanından gəldiyiniz şəxsi təbrik edirəm! Mən buna inandım ki,  O Allahın Rəsuludur. Onsuz da biz onu İncildə görmüşdük. O Rəsulu Məryəm oğlu İsa da xəbər vermişdi. Vallah əgər O, buralarda olsaydı gedib onun ayaqqabılarını daşıyar, ayaqlarını yuyardım! Gedin! Ölkəmin əl dəyməmiş qismində hər cür təcavüzdən uzaq, təhlükəsiz və  hüzur içində yaşayın. Sizə pislik edəni məhv edərəm. Mənə dağ qədər qızıl versələr də, sizlərdən heç birini incitmərəm.

Nəcaşi bundan sonra Qureyş elçilərinin gətirdikləri hədiyyələr üçün:

— Mənim bunlara ehtiyacım yoxdur! Başqalarının qəsb etdiyi bu mülkümü Allah mənə geri verərkən, xalqı mənə boyun əydirərkən, məndən rüşvət almadı, deyərək hədiyyələrini özlərinə geri verdi.

Nəcaşi İslamiyyəti seçmiş və Əshabı-kiramı çox sevindirmişdi.

Bir gün Nəcaşi köhnə paltarlarını geyib sarayından çıxdı. Başında tac və əynində padşahlıq paltarı yox idi. Torpaq üzərinə oturdu. Keşişlər buna mat qaldı. Sonra Həzrəti Cəfəri və digər Əshabı-kiramı çağırdı. Onlar gəldilər. Məliki bu vəziyyətdə görüb susdular.  Nəcaşi Həzrəti Cəfərə dedi ki:

— Mən ətrafa xəbərçilər göndərdim. Mənə müjdə xəbəri gətirdilər. Allahu təala Rəsuluna kömək etmiş, Bədir döyüşündə düşmənlərini məhv etmişdir. Kafirlərdən Şeybə, Utbə ibn Rabiə, Əbu Cəhil, Ümeyyə ibn Xələf  hamısı həlak olmuş və bir çoxu da əsir alınmışdır.

Həzrəti Cəfər sevincini açıqlayıb şükür etdikdən sonra soruşdu:

— Ey Məlik! Belə köhnə paltarlar geymənizə səbəb nədir?

Hansına sevinəm

Nəcaşi belə cavab verdi:

— İncildə gördüm ki, Haqq təala qullarına bir neməti başqasına xəbər verən insanın təvazö etməsi lazımdır, buyurur. İndi Haqq təala Sevgili Peyğəmbərinə zəfər ehsan etmiş. Mən də bunu sizə xəbər vermək üçün belə etdim.

Həzrəti Cəfər və yanındakı Müsəlmanlar bir neçə il qaldıqdan sonra Həbəşistandan Mədinəyə gəldilər. Beləliklə, iki dəfə hicrət etdilər. Dönüşləri hicrətin yeddinci ilində  Hudeybiyyədən sonra və Peyğəmbər əfəndimiz Xeybərdə olduqları sırada olmuşdu. Peyğəmbər əfəndimiz Həzrəti Cəfər ilə qarşılaşanda onun alnında öpüb bağrına basdı və buyurdu ki:

— Mən Haybərin fəthinə, yoxsa Cəfərin gəlişinə sevinəcəyimi bilmirəm. Sizin hicrətiniz iki dəfədir. Siz, həm Həbəş ölkəsinə, həm də yurduma hicrət etdiniz.

Həzrəti Cəfər Həbəşistandan qayıtdıqdan iki il sonra Mutə səfəri qərarlaşdırıldı. İslam Ordusu qısa zamanda hazırlandı. Rəsulullah əfəndimiz mübarək sancağı (bayrağı)  Həzrəti Zeyd ibn  Harisəyə təslim etdi və  buyurdu:

— Zeyd ibn Harisəni cihada çıxacaq olan bu insanların başına sərkərdə təyin etdim. O şəhid olarsa yerinə Cəfər ibn Əbu Talib keçsin, O da şəhid olarsa yerinə Abdullah ibn Rəvaha keçsin. O da şəhid olarsa, müsəlmanlar aralarında uyğun birini seçib onu özlərinə komandir seçsinlər!

Sayları çox idi

Peyğəmbər əfəndimiz tərəfindən yola salınan mücahidlər yollarına davam etdilər.  Şam torpaqlarından Maan deyilən yerə gəlib çatdıqları zaman bir az istirahət etdilər.  Mücahidlər irəliləyərkən Məşarif deyə bilinən kənddə düşmən əsgərlərinin yaxınlaşmaqda olduğunu görüncə, dərhal  Mutəyə çəkilib döyüş nizamını qurdular.

İki tərəf arasında çox şiddətli bir döyüş başladı. Müsəlmanların başında olan Zeyn ibn Harisənin əlində Peyğəmbər əfəndimizin sancağı (bayrağı) vardı. Yunan əsgərlərinin nizə zərbələriylə mübarək bədəni parçalanıb qan fışqırana qədər qəhrəmanca hücum edib döyüşməkdən geri qalmadı və şəhid oldu.

Bundan sonra Həzrəti Cəfər dərhal sancağı aldı. Əlində sancaq atını düşmənə doğru sürdü. Düşmən əsgərləri Həzrəti Cəfərin  heybətindən qorxub aralarında belə danışdılar:

— Bunun öhdəsindən kim gələr?

Sancağı yerə salmadı

Həzrəti Cəfər düşmən əsgərlərinin arasına girmişdi. Nəhayət bir düşmən əsgəri Həzrəti Cəfərin qoluna bir qılınc zərbəsi vurdu. Sağ əli kəsilən Cəfər sancağı digər əlinə aldı. Bir az sonra o əli də kəsiləndə sancağı buraxmamaq üçün qolları ilə sinəsinə qaldırdı.

Nəhayət nizə və qılınc zərbələriylə şəhid oldu. Şəhid olduğu zaman mübarək bədənində yetmişdən çox nizə, qılınc və ox yarası var idi və hamısı da bədəninin ön qismində idi.  Sonra sancağı Abdullah ibn Rəvaha almış, o da şəhid olanda Xalid ibn Vəlid almışdır.

Yunanlarla edilən bu döyüşdə sərkərdələrin şəhid olduqlarını Cəbrayıl əleyhissalam Peyğəmbər əfəndimizə bildirmişdi. Həzrəti Peyğəmbərimiz də məsciddə Müsəlmanlara xəbər vermişdi. Peyğəmbər əfəndimiz çox kədərlənmişdilər.  Əshabı-kiram dedilər ki:

— Ya Rəsulullah! Sizi kədərli görmək bizi daha çox kədərləndirir.

Bunun üzərinə kədərlərinin şəhidlərin Cənnətdə, taxtlar üzərində oturduqlarının  özünə göstərilməsinə qədər davam edəcəyini bəyan etdilər.

Həzrəti Cəfərin xanımı Həzrəti Əsma binti Umeys deyir:

“O gün çörək bişirəcəyim xəmiri yoğurduqdan sonra uşaqlarımı yudum, təmizlədim,  gözəl ətirlər vurdum. Rəsulullah təşrif etdi.  Buyurdu ki:

— Ey Əsma! Cəfərin uşaqları haradadır? Onları mənə gətir!

Uşaqları gətirdim. Onları sevdi, oxşadı və mübarək gözlərindən yaş axdı. Bunun üzərinə onlardan soruşdum:

— Ey Allahın Rəsulu! Nə üçün ağlayırsınız? Yoxsa Cəfər və yoldaşlarından sizə bir xəbər gəldi?

Peyğəmbər əfəndimiz buyurdu ki:

— Bəli, onlar bu gün şəhid oldular.

Bunu eşidincə ağlamağa başladım. Peyğəmbərimiz ağzımdan uyğun olmayan bir söz çıxmaması üçün xəbərdarlıq edərək evlərinə getdilər.”

Bundan sonra Peyğəmbər əfəndimiz kəriməsi Həzrəti Fatimənin yanına getdi. O da ağlayırdı.

Peyğəmbərimiz Həzrəti Cəfərin ailəsi üçün yemək hazırlanmasını əmr etdi. Üç gün ev əhlinə yemək yedirildi və bu sünnət oldu.

Kasıbların atası

Peyğəmbər əfəndimizin kədəri davam edərkən Cəbrayıl əleyhissalamın gələrək, Həzrəti Cəfərin kəsilən iki əli yerinə Allahu təala tərəfindən yaqutdan iki qanad ehsan olunduğunu, o qanadlarla Cənnətə uçmaqda olduğunu xəbər verməsi üzərinə Peyğəmbər əfəndimiz Həzrəti Cəfərin ailəsinə;

— Ey iki qanadlı məsud şəxsin uşaqları, deyərək bu vəziyyəti müjdələmişdi.

Bunun üçün, Həzrəti Cəfər, Təyyar — Uçan adıyla tanınmışdır.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину