Facebook Twitter WhatsApp

Ənəs ibn Malik

Rəsulullahın xidmətçisidir.

Mədinəli uşaqlar həm qaçır, həm də sevinclə qışqıraraq ətrafa səs salırdı:

— Rəsulullah əfəndimiz gəldi!  Kainatın əfəndisi gəldi!

Günlərlə, aylarla gözlənilən Allahın Rəsulu budur, gəlirdi…

Uşaqlar arasında ən coşqunu şübhəsiz Həzrəti Ənəs idi. Ancaq 9-10 yaşlarında idi. Bütün varlığı ilə qaçır, sevinclə qışqırırdı. Diqqətlə baxmasına baxmayaraq Aləmlərin Əfəndisini heç cür görə bilmədi.

Müjdəni verin!

             Bir müddət daha o həyəcanla qaçdılar, qışqırdılar. Nəhayət Qusva adlı dəvələri üzərində Rəsulullah əfəndimiz və yoldaşları göründülər. Qəlbləri dayanacaq kimi idi.  Mədinənin çox uzaqlarında idi. Bir müsəlman əmi  Kiçik Ənəs və yoldaşlarına dedi ki:

— Qaçın! Mədinəlilərə müjdəni verin!  Sevgili Peyğəmbərimizin təşrifini bildirin!

Bunun üzərinə uşaqların yarısı nəfəs-nəfəsə şəhərə qaçmağa başladılar. Böyük müjdəni çatdırmaq üçün son səylərini sərf edirdilər. Bu xəbəri səbirsizliklə gözləyən saysız Müsəlman,  Mədinə üfüqlərində doğan Nura doğru qaçdılar. Bütün insanların və cinlərin Peyğəmbərini qarşılamaq üçün tələsdilər.

Hər tərəfdən səslər yüksəlirdi:

— Vəda təpələrindən üstümüzə ay doğdu.

— Buyurun, ya Rəsulallah, bizə buyurun.

— Səfa gəldiniz sevgili Peyğəmbərimiz, səfalar gətirdiniz…

— Hörmət və şərəflə sizi salamlayırıq, ey Allahın Sevgilisi.

— İnşallah Mədinədə, əmniyyətə, hüzura qovuşacaq və qovuşduracaqsınız.

Rəsulullah əfəndimiz bu səslərin sədasında şəhərə girdilər.

Sevgili Peyğəmbərimizin yanlarında ən yaxın dostları Həzrəti Əbu Bəkir vardı. Qadınlar və uşaqlar şeirlər oxuyurlar, hansının Rəsulullah olduğunu bir-birlərindən soruşurdular.

Mədinə qurulduğu gündən bəri belə sevincli və həyəcanlı anlar yaşanmamışdı.  Müsəlmanların çoxu Əfəndimizi öz evlərinə aparmaq, qonaq etmək şərəfinə qovuşmaq istəyirdilər. Bu səbəblə Qusvanın ipini tutmağa çalışırdılar. Lakin sevgili Peyğəmbərimiz buyurdu ki:

— Onu sərbəst buraxın. Kimin evinin qarşısında dayanarsa, oraya qonaq olarıq, İnşallah.

Ən sonunda Əbu Əyyub Xalid ibn Zeyd həzrətləri bu şərəfə qovuşdu. Əfəndimiz bir müddət O mübarək şəxsin evində qonaq qaldılar.

Artıq bütün Mədinəli Müsəlmanlar üçün Rəsulullaha xidmət yarışı başlamışdı. Hər kəs əllərində və evlərində nə varsa ikram edirdi.

Kasıbın hədiyyəsi

Ümmü Süleym də oğlu kiçik Ənəsin əlindən tutaraq sevgili Peyğəmbərimizin hüzuruna gələrək dedi ki:

— Ya Rəsulallah!  Bizlər zəngin deyilik. Sizə təqdim edəcək çox bir şeyimiz yoxdur. Ancaq çox sevdiyimiz bu kiçik oğlumuzu xidmət etsin deyə sizə hədiyyə edirik. Xahiş edirik qəbul edin!

Peyğəmbərimiz bu səmimi təklifə çox məmnun qaldılar. Kiçik Ənəsin başını oxşayıb, dua etdilər. Ana və atasını üzməyib onu öz yanlarına aldılar. Mədinə xaricində qaça-qaça Əfəndimizi qarşılayan bu kiçik Müsəlman, məgər öz səadətinə doğru qaçırmış! Beləcə iki cahanın Əfəndisi ilə gecə və gündüz birlikdə olmaq  səadətinə qovuşmuş oldu.

O da bu böyük nemətin əvəzini ödəmək üçün böyük güc sərf etdi. Əfəndimizin heç bir sözlərini qaçırmadan, diqqətlə xidmət etdi.

Sevgili Peyğəmbərimiz Ənəs ibn Malikə sanki uşaq deyil, yetkin bir insan kimi davranırdılar. Bir dəfə qaş-qabaqlı görülmədi, sərt danışdıqları eşidilmədi, onun kiçik ürəyini qırdıqları, incitdikləri eşidilmədi.

Elə o sıralarda bir gün kiçik Ənəs yoldaşları ilə birlikdə oyun oynayırdılar. Həzrəti Peyğəmbər uşaqlara doğru yaxınlaşdılar. Sevgiylə salam verdilər. Onlar da hörmətlə salamlarını aldılar.  Sonra Əfəndimiz yavaşca  Ənəsin əlindən tutdular. Birlikdə yaxınlıqdakı divar dibinə getdilər. Orada onun qulağına bir şeylər söylədilər.

Ümmü Süleymin ağıllı oğlu dərhal qaçaraq uzaqlaşdı. Bəlli ki, Əfəndimiz ona bir vəzifə vermişdilər. Özləri də o divar dibində oturdular. Gözləməyə başladılar…

Bir müddət sonra Həzrəti Ənəs qaçaraq gəldi. Həzrəti Rəsula öyrəndiklərini ərz etdi. Rəsulullah əfəndimiz oradan məmnun ayrıldılar.

Nə üçün gecikdin?

Yaşı kiçik, vəzifəsi böyük Həzrəti Ənəs daha sonra evinə gəldi. Hava qaralmaq üzrə idi. Anası onu həsrətlə gözləyirdi. Dərhal soruşdu:

— Harada qaldın balam? Nə üçün gecikdin?

Oğlunun gözləri, par-par yanırdı. Cavab verdi:

— Əfəndimiz bir işə göndərdilər, anacan. Bu səbəbdən gecikdim.

Həzrəti Ümmü Süleym daha da maraqlandı:

— O iş nə idi?

— Sirdir, cavabını verdi və susdu.

O vaxt anası:

— Afərin oğlum! Rəsuli Əkrəmin sirlərini daim mühafizə et, saxla. Onları heç kimə söyləmə.  Bütün ömrüncə belə davran, deyə bildirdi.  Sonra da sevgi ilə balasını bağrına basdı.

Aylar və illər keçir, kiçik Ənəs sevgili Peyğəmbərimizin yanlarında böyüyürdü. O şərəfli ocaqda tərbiyə edilirdi.  Daim birlikdə dəstəmaz alar, namaz qılar, oruc tutardılar.

Qiyamət nə zamandır?

            Bir gün məscidi-şərifə səhradan bir adam gəldi. Əfəndimiz namaza durmaq üzrə idilər.  Amma o adam soruşdu:

— Ya Rəsulallah! Qiyamət nə vaxt qopacaq?

Sevgili Peyğəmbərimiz namaza başladılar. Namazı bitirib salam verdikdən sonra:

— Qiyaməti soruşan haradadır? deyərək göz gəzdirdilər.

O kimsə cavab verdi:

— Buradayam, ya Rəsulallah!..

— Qiyamət üçün nə hazırladın?

Sualı soruşan kimsə xəcalətli bir şəkildə ərz etdi ki:

— Anam atam, Sənə fəda olsun ey Allahın Rəsulu! Təəssüf ki, qiyamət üçün çox şey hazırlığım yoxdur. Nə çox oruc tuta bildim, nə namaz qıla bildim. Yalnız, Allah və Rəsulunu çox sevirəm.

Bu cavab üzərinə, sevgili Peyğəmbərimiz belə buyurdular:

— İnsan qiyamətdə sevdikləri ilə birlikdə olar.

Bunu eşidən Müsəlmanlar başqa heç bir müjdəyə bu qədər sevinmədilər.

Həzrəti Ənəs yaxşı günlərdə, çətin anlarda, İslam üçün edilən döyüşlərdə daim Əfəndimizlə birlikdə idi. Rəsulullahın savaşları çox olmaqla birlikdə, döyüşdükləri doqquz dənədir: Böyük Bədir, Ühüd, Xəndək, Bəni Qureyza, Bəni Mustalak, Xeybər, Məkkənin Fəthi, Taif və  Huneyn Qəzalarıdır. Həzrəti Ənəs bunların çoxunda iştirak etmişdir. Kainatın Əfəndisini heç vaxt tərk etməmiş, xidmətlərini heç zaman əskik etməmişdir.

Zaman keçdikcə Ümmü Süleymin kiçik oğlu Ənəs 20 yaşlarında bir cavan oldu.  Zəkası, tərbiyəsi, elmi və cəsarətiylə yaşıdlarını geridə buraxdı. Həzrəti Ənəs bu arada şahid olduğu hadisələri sonrakı alimlərə nəql etdi.  Rəsulullahın son günlərindəki bir hadisəni belə danışır:

Sizləri ağladan nədir?

Bir səhər Həzrəti Əbu Bəkir və Həzrəti Abbas birlikdə gedirdilər. Bir camaata rast gəldilər. Bunlar Mədinəli Müsəlmanlar idilər. Hamısı da kədərlə ağlayırdılar. Qəlbləri çox incə, həssas, yumşaq olan Həzrəti Əbu Bəkir soruşdu:

— Ey Qardaşlarım! Sizləri ağladan şey nədir?

— Bizlər, Rəsulullah Əfəndimizin vəziyyətini düşünürük. Ona ağlayırıq.

Həqiqətən sevgili Peyğəmbərimiz bir müddət idi ki, narahat idilər. Bunu bilən Mədinəlilər qrup-qrup toplanıb, kədərlərini paylaşırdılar. Ürəyi sevgi və ayrılıq kədəri ilə çarpan, Həzrəti Əbu Bəkir də ağladı. Bir az sonra da Əfəndimizin mübarək evlərinə çatdı.  Gördüklərini, eşitdiklərini hörmət ilə ərz etdi.

Sevgili Peyğəmbərimiz çəkdiyi bütün ağrılara baxmayaraq məscidə keçdilər. Bunu görən Əshabı-kiram da oraya qaçışdılar. Əfəndimizin üzərlərində uzun bir əba və başlarında, qara sarıq var idi. Gözəl bir xütbə oxudular. Əvvəl Allaha həmd və şükr etdilər.  Sonra da ağır-ağır buyurdular ki:

— Ey Nas! Sizlərə Ənsarı, yəni  Mədinəli Müsəlmanları vəsiyyət edirəm. Digər insanlar çoxalır. Ənsar isə azalır. Onlar, öz zərərlərinə belə olsa sizə qarşı vəzifələrini yerinə gətirdilər. Artıq sizlər də Onlara baxın. İstəməyərək sizlərə bir qüsurları toxunsa, o qüsurlarını bağışlayın!  

Bu sevgili Peyğəmbərimizin son Xütbələri oldu. Bir daha minbərə çıxa bilmədilər. Dünya həyatlarını və  Peyğəmbərlik vəzifələrini şərəflə tamamladılar.

Hər ikisini də gördüm

Göz yaşları arasında Həzrəti Ənəs dedi ki:

— Sevgili Peyğəmbərimizin Mədinəyə gəldikləri günü də, vəfat etdikləri günü də gördüm. Müsəlmanlar birincisi qədər sevincli,  ikincisi qədər kədərli gün yaşamadılar.

Həzrəti Ənəsin atası Malik hicrətdən əvvəl Müsəlman olmamış və Həzrəti Ənəsin anası Ümmü Süleym ilə dalaşıb, evi tərk etmişdi. Çıxdığı bir səfərdə ölmüşdü. Ümmü Süleym daha sonra Əbu Talha ilə evlənmişdi.

Həzrəti Ənəs bütün qəzalara qatılmışdı. Böyük Bədir zəfərində 12 yaşında olduğu halda döyüş meydanında idi. Əfəndimizin vəfatlarında 20 yaşında idi. 70-80 il daha yaşadı.  Əfəndimizin ən yaxınlarında olduğu üçün Onun bütün əmr və qadağanlarını çox yaxşı bilirdi. Bunları olduğu kimi Müsəlmanlara nəql etdi. Uzun ömrünü tək bu işə həsr etdi.

Həzrəti Əbu Bəkir dövründə Bəhreyndə zəkat və vergi toplamağa məmur edildi. Həzrəti Ömərin zamanında Bəsrəyə yerləşib, həyatının sonuna qədər orada elm öyrətməyə davam etmişdir. Çox və qiymətli tələbələr yetişdirdi. Həsəni Bəsri həzrətləri bunların arasındadır.  100 yaşlarında Bəsrədə vəfat etmişdir.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину