Facebook Twitter WhatsApp

İmam Muhamməd Qazali

İXTİSARLA

  İslam alimlərinin ən böyüklərindən biri olan Muhamməd ibn Muhamməd ibn Muhamməd ibn Əhməddir. Əbu Hamid, ləqəbi Hüccətül-İslam və Zeynəddin Tusidir. 450-ci (miladi 1058) ildə Tus şəhərinin Qazal qəsəbəsində təvəllüd etmişdir. Atası yoxsul və saleh bir şəxs idi. Alimlərin söhbətlərində iştirak edərdi. Alimlərin nəsihətlərini dinlədikdə ağlayar və Allahü təaladan ona alim olacaq bir övlad verməsini yalvararaq istəyərdi. Vəfatının yaxınlaşdığını anladıqda oğlu Muhamməd Qazalini və oğlu Əhmədi dövrünün xeyirxah insanlardan olan dostuna bir miqdar mal verərək vəsiyyət etdi və belə dedi: “Mən özüm alim şəxs ola bilmədim, bu yolla kəmala gələ bilmədim. Məqsədim mənim ötürdüyüm kəmal mərtəbələrinin bu oğullarımda hasil olması üçün yardım etməyindir. Qoyduğum bütün pul və ərzağı onlara sərf edərsən."

Dostu vəsiyyəti eynilə yerinə yetirdi. Atalarının qoyduğu pul və mal bitənə qədər onların təhsil və tərbiyəsi üçün çalışdı. Pul bitdikdə onlara: “Atanızın sizin üçün qoyduğu pulu təhsil və tərbiyənizə xərclədim. Mənim pulum yoxdur. Artıq sizə yardım edə bilməyəcəyəm. Sizin üçün ən doğru çarəni, elm tələbələri kimi mədrəsədə davam etmənizdə görürəm.” dedi. Bundan sonra iki qardaş mədrəsəyə getdilər və yüksək alimlərdən olmaq səadətinə  qovuşdular.

▪️İmam Qazali uşaqlığında fiqhin bir hissəsini öz məmləkətində oxuduqdan sonra Cürcana getdi. İmam Əbu Nəsr İsmayıldan dərs aldı. Sonra Tusa qayıtdı. Cürcandan Tusa qayıdarkən başlarına gələnləri belə danışdılar: “Bir qrup yol kəsən quldur qarşımıza çıxdı. Yanımda olan hər şeyimi götürüb getdilər. Arxalarından gedib onlara yalvardım. Nə olar işinizə yaramayan dərs dəftərlərimi mənə geri verin.” Onlar nədir? Necə şeylərdir?” deyə soruşduqda “Onları öyrənmək üçün məmləkətimi tərk etdim. Filan yerdə bir neçə kağızlardır.” dedim. Quldurların rəisi güldü; “Sən o elmləri necə bilirsən ki, biz onları səndən alsaq elmsiz qalırsan.” dedi və mənə geri verdi. Sonra düşündüm ki, Allahü Təala yol kəsən quldura mənə xəbərdarlıq etməsi üçün o şəkildə söylətdi. Tusa gəldikdə üç ilimi bunları əzbərləməyə sərf etdim. Elə bir hala gəlmişdim ki, yol kəsən quldur qarşıma çıxsa artıq mənə zərəri dəyə bilməzdi”.

  Təhsilini davam etdirmək üçün dövrün elm və mədəniyyət mərkəzi olan Nişapura getdi. Dövrün alimlərindən olan İmam Xarəmeyn Əbul-Məali əl-Cüveyninin tələbəsi oldu. Burada üsuli-hədis, üsuli-fiqh, kəlam, məntiq, hüquq və münazirə elmlərini öyrəndi. Əbu Həmid ər-Rəzəqani, Əbul Hüseyn əl-Mərvəzi, Əbu Nəsr ət-İsmaili, Əbu Səhl əl-Mərvəzi, Əbu Yusif ən-Nəssac kimi dövrün böyük alimlərindən dərs almışdır.

  Nişapurda təhsilini tamamladıqdan sonra, böyük bir elm və ədəbiyyat hamisi olan Səlçuq vəziri, üstün dövlət adamı Nizamülmülkün dəvətilə Bağdada getdi. Nizamülmülkün topladığı elm məclisində iştirak edən dövrün alimləri, İmam Qazali həzrətlərinin elminin dərinliyinə və məsələləri izah etməkdəki üstün qabiliyyətinə heyran qaldıqlarını etiraf etdilər. O zaman ortaya çıxan azğın firqələrin mənsubları, onun yüksək elmi və ən çətin, incə mövzuları ən açıq bir şəkildə izah etməsi, xitabət və izah etmə qabiliyyətinin yüksəkliyi, zəkasının parlaqlığı qarşısında pərişan olub tab gətirə bilmirdilər.

▫️O vaxtlar 34 yaşında olan İmam Qazali həzrətlərinin İslamiyyətə etdiyi böyük xidmətləri görən Səlçuq vəziri Nizamülmülk, onu Nizamiyyə mədrəsəsinin baş müdərrisliyi vəzifəsinə təyin etdi. Üniversitenin rəhbəri vəzifəsinə keçən İmam Qazali həzrətləri 300 seçilmiş tələbəyə lüzumlu elmləri öyrətdi. Yetişdirdiyi tələbələrin sayı-hesabı yox idi. Əbu Mənsur Muhamməd, Muhamməd ibn Əsəd ət-Tusi, Əbul Həsən əl-Bələrgi, Əbu Abdullah Cümərt əl-Hüseyni tələbələrinin məşhurlarındandır.

▪️Bir tərəfdən də dəyərli kitablar yazan İmam Qazali həzrətləri, elm əhli dövlət adamları və xalq tərəfindən böyük hörmət gördü. Şöhrəti hər gün artdı. “Kitabül-bəsit fil Füru”, “Kitabül Vəsit”, “Əl-Vəciz”, “Məahiz-ül Xilaf” adlı kitabları yazdı.

İsmailiyyə adlı azğın firqənin görüşlərini çürütmək üçün “Kitabül Fədahil-Batiniyyə”“Fədailil Müstəhzariyyə” adlı əsərlərini yazdı. Həmçinin yunan dilini öyrənərək fəlsəfəçilərin azğınlığını ifşa etmək üçün qədim Yunan və Latın filosoflarının kitabları üzərində 3 il diqqətlə araşdırma apardı. Bunların nəticəsində filosofların məqsədini açıqlayan “Məkasidül Fəlasifə” və filosofların görüşlərini rədd edən “Təhafütül Fəlasifə” kitablarını yazdı. Avropalı filosofların o əsrdə dünyanın sini kimi düz olduğunu iddia edərkən, İmam Qazali həzrətləri dünyanın kürə formasında olduğunu, qaraciyərdə qanın zəhər və mikroblardan təmizlənib təzələnməsi kimi, avropalıların bilmədikləri məlumatları kitablarında yer verdi.

▫️İmam Qazali həzrətlərinin bu çalışmaları haqqında eşidən bəzi insanlar onu filosof zənn etmişdilər. Bunun səbəbi Fəlsəfə ilə Təfəkkür arasındakı fərqi bilməmək ola bilər. Fəlsəfəçilər ağlı rəhbər edirlər, mütəfəkkirlər isə ağılla yanaşı Peyğəmbərləri və onların bildirdiyi imanı da özlərinə rəhbər edirlər. Göz üçün işıq nədirsə, ağıl üçün də iman odur. İşıq olmayınca göz görə bilməz, iman olmayınca da ağıl doğru yolda gedə bilməz. İmam Qazali həzrətləri filosof deyil, müctəhiddir.

▪️İmam Qazali həzrətləri bu çalışmalarından sonra yerinə qardaşı Əhməd Qazalini vəkil qoyaraq Nizamiyyə Üniversitetindəki vəzifəsinə fasilə verdi və Bağdaddan getdi. Müxtəlif elmi işlər və səyahətlər etdi. Şamda qaldığı iki il ərzində ən dəyərli əsəri “İhyaü-Ülumiddin”i yazdı. Daha sonra Qüdsə getdi. Orada Batini adlanan azğın firqəyə qarşı “Mufassılul-Xilaf”, “Cavabül-Məsail” və Allahü təalanın Əsmai-Hüsna adlanan adları haqqında “Əl-Məqsədül-Hüsna” adlı əsərlərini yazdı. Qüdsdə bir müddət qaldıqdan sonra həccə getdi. Həccdən sonra Bağdada geri qayıtdı. Nizamiyyə Üniversitetində, Şamda yazdığı İhyasını izdihamlı bir tələbə kütləsinə dərs olaraq oxutdu. Bu səfərki tədris həyatı uzun çəkmədi. Doğulduğu yer olan Tusa getdi. Burada yenə Batinilərə qarşı “Əd-Dərcülmərkum” ilə “Əl-Qıstasül-Müstakim”, “Faysalüt-Təfrika”, “Kimyayi-Səadət”, “Nəsihətül Mülk”“Ət-Tibrül-məsbuk” adlı qiymətli əsərlərini yazdı. On ilə yaxın davam edən bu xidmətlərindən sonra Səlcuq vəziri Fəxrül-Mülkün ricasıyla bir müddət daha Nizamiyyə Üniversitetində dərs keçdi. Təsəvvüf haqqında “Mişkətül-Ənvar” kitabını burada yazdı.

▫️İmam Qazali həzrətlərinin təsəvvüfdə mürşidi, Silsiləyi-Aliyyə böyüklərindən olan Əbu Əli Farmədi həzrətləridir. Onun hüzurunda kəmala gəldi. Zahir elmlərində tayı-bərabəri olmayan alim olduğu kimi, təsəvvüf elmlərində də mürşid oldu. Hər iki elmdə də Peyğəmbərimizin varisi oldu. Qısa bir müddət daha Nizamiyyə Mədrəsəsində dərs keçdikdən sonra dünyaya gəldiyi yer olan Tusa geri döndü. Əlli beş il qədər qısa bir ömür sürən İmam Qazali həzrətləri, ömrünün son illərini Tusda keçirdi. Evinin yaxınlığına mədrəsə və dərgah qurdurdu. Günlərini insanları irşad etməklə keçirdi. Əlli yaşına çatdığı bu ərəfədə “Əl-Munkızu Aniddalal”, fiqhin qaynaqlarına aid “Əl-Mustəsfə” və sələfi- salihinə tabe olmaq haqqında “İlcamül-Avam an Elmil-Kəlam” adlı əsərlərini yazdı.

▪️İmam Qazali həzrətlərinin dövründə  siyasi qarışıqlıqlarla yanaşı, bir də fikir ayrılıqları vardı. Bütün bunlar İslam düşmənlərinin yanlış və azğın fikirlərinin yayılmasında çox münasib bir zəmin təşkil edirdi. İslam dünyasında etiqad birliyi sarsılmış, düşüncə və fikir ayrılıqları əmələ gəlmişdi. Bir tərəfdən qədim Yunan fəlsəfəsi haqqında kitabları oxuyaraq yazılanları İslam inancları ilə qarışdıranlar, digər tərəfdən ayələrə öz yanlış düşüncələrini qataraq izah etməyə çalışan Batinilər və Mötəzilə ilə digər firqələr İslam etiqadını pozmağa çalışırdılar. Bunlara qarşı Əhli -Sünnətin müdafiəsinə qalxmış İslam alimlərinin başında əqli və nəqli elmlərdə dövrün ən böyük alimi, müctəhid və əsrin mücəddidi olan İmam Qazali həzrətləri gəlirdi.

▫️O, bir tərəfdən dəyərli tələbələr yetişdirdi, bir tərəfdən də yanlış inancları çürütmək üçün və Müsəlmanların onlara aldanmamalarını təmin etmək üçün qiymətli kitablar yazdı. 300 mindən artıq hədisi-şərifi ravilərilə bilən və Hüccətül-İslam adı ilə məşhur olan İmam Qazali həzrətləri, İslamın iyirmi təməl elmi ilə bunların köməkçiləri olan müsbət elmlərdə də söz sahibi idi. Hədis və üsuli-hədis elmlərində elm dəryası olan bu böyük alimin kitablarında əksik axtarmaq, mövdu hədis var deyərək fitnə çıxarmaq bu böyük alimin dərəcəsini bilməməkdir. Onun dövründə yaşayan və sonra gələn alimlər onun kitablarını dəlil qəbul etmişlər və nəticədə İmamı Qazali həzrətlərinin kitablarını ancaq məzhəbləri qəbul etməyən, dində reform etmək üçün çalışanların bəyənmədikləri bildirilmişdir.

    İmam Qazali həzrətlərinin vəfatı

▪️ İmam Qazali həzrətləri 505-ci ildə (m. 1111) cəmaziül-əvvəlin 14-cü Bazar ertəsi günü çox hissəsini zikr, taət və Qurani-Kərim oxumaqla keçirdiyi gecənin sübh namazı vaxtında dəstəmazını təzələyib namazını qıldı. Sonra yanındakılardan kəfən istədi. Kəfəni öpüb başına qoydu “Ey mənim Rəbbim, malikim! Əmrin başım-gözüm üstünə olsun” dedi və otağına girdi. İçəridə hər zamankindən çox qaldı, heç çıxmadı. Bundan sonra oradakılardan 3 nəfər içəri girdikdə, İmam Qazali həzrətlərinin kəfənini geyinib, üzünü qibləyə dönüb ruhunu təslim etdiyini gördülər. Baş ucunda bu beytlər yazılı idi:

Məni ölü görən və ağlayan dostlarıma,

Belə söylə, üzülən o din qardaşlarıma:

 

Sanmayın ki, sakın, mən ölmüşəm gerçəkdən,

Vallahi siz də qaçın, buna ölüm deməkdən.

 

Mən sədrin içindəyəm, bu cəsəd isə mənə,

Ev kimi, köynək kimi örtü olmuşdu, cana!

 

Mən bir inciyəm, örtüm, hicabım bir sədəfdir,

Sübhan ilə ülfətim, məni bəri etmişdir.

 

Mən bir sərçəyəm və bu bədən mənim qəfəsim,

Mən uçdum o qəfəsdən, girov qaldı bədənim.

 

Məni təxlis eyləyən Rəbbimə həmd edirəm,

Mənə yüksəkdə məqam verənə həmd edirəm.

 

Bu səhər aranızda bir ölü kimi idim,

Və bir müddət yaşadım və sonra kəfən geydim.

 

Lövhdə durub, oxuyaram yazılı olanları,

Və bütün nidaları, görüb yaxınlaşmaları.

 

Anlayın sirrimi onda bir xəbər vardır,

Və bilin ki, sözümün altındakı mənadır.

 

Budur, rihlət eylədim, arxada sizi buraxdım.

Dünyadakı yurdumu, xəyalımdan çıxardım.

 

Sakın sanmayın ki, ölüm, daim ölməkdir,

Bilin ki, həyatdır və nə yüksək qayədir.

 

Sanmayın ölüm, əzab, şiddət, ələm çəkməkdir,

O sadəcə bir evdən, başqa evə keçməkdir.

 

Azığınızı alın və yola hazırlanın,

Əgər ağlınız varsa, başqa şeyə qanmayın!

 

Mən özüm necə isəm, sizi elə bilirəm,

Etiqadımca sizə, həp özüm kimi deyirəm.

 

Əslində hamımızın ünsürü birdir bizim,

Belə toplandığını görürük cismimizin.

 

Mənə rəhmət oxuyun, rəhmət olunasınız,

Biz getdik, bilin ki, sırada siz varsınız.

 

Yalvarıram Allaha, özümə rəhmət üçün,

Və Rəbbim dostlarıma çox mərhəmət eyləsin.

 

Son sözüm olsun sizə “aleyküm salam” dostlar!

Allah salamat versin, deyəcək başqa nə var.

 

  İmam Qazali həzrətləri, onu məzara Şeyx Əbu Bəkir ən-Nəssac qoysun deyə vəsiyyət etmişdi. Şeyx bu vəsiyyəti yerinə yetirib məzardan çıxdığında üzü kül kimi olmuş görüldü. Oradakılar “Sizə nə oldu? Nə üçün belə saralıb-soldunuz?” deyə soruşdular. Cavab vermədi. İsrar etdilər, yenə cavab vermədi. And verib təkrar soruşanda məcbur qalaraq bunları danışdı: “İmamın nəşini məzara qoyanda  qiblə tərəfindən nurlu bir sağ əlin çıxdığını gördüm. Yüngül bir səs mənə “Muhamməd Qazalinin əlini, Seyyidül mürsəlin Muhamməd Mustafanın Sallallahu Aleyhi Vəsəlləm əlinə qoy”. Mən deyiləni etdim. Məzardan çıxdığımda rəngimin solmasının səbəbi budur. Allah rəhmət eyləsin."

    Əsərləri

  İmam Qazali həzrətləri ömür boyu gecə-gündüz demədən yazmışdır. O qədər kitab yazdı ki, ömrünə bölsək gündəlik 18 səhifə düşür. Əsərlərinin sayı minə çatdığı “Mövduatul Ülum” kitabında bildirilmişdir. Bunlardan 400-nün adını Şeyx Əbu İshaq Şirazinin Hazain kitabında bildirilmişdir

  Əsərləri üzərində avropalılar geniş və uzun sürən araşdırmalar aparmışlar. Bunlardan P. Bouyges adlı müstəşrik Essaie de Chronologie des Oeuvres de al-Ghazali adlı əsərində İmam Qazalinin 404 kitabının adını vermişdir. Məşhur müstəşrik Brockelmann da Geschichte Der Arabischen Litteratur adlı əsərində, əsərlərindən 75-nin siyahısını vermişdir. 1959-cu ildə dörd Alman ordinaryus professoru, imam Qazali həzrətlərinin kitablarını oxuyaraq, İslam dininə aşiq olmuşlar və həzrəti İmamın kitablarını Alman dilinə çevirərək sonunda Müsəlman olmuşdular.

 İmam Qazali həzrətlərinin vəfatından sonra İslam dünyasının məruz qaldığı Moğol fəlakəti əsnasında yandırılıb-dağıdılan minlərlə kitabxana içərisində Qazali həzrətlərinin saysız əsəri məhv edilmişdir. Bu səbəbdən bu günə qədər əsərlərinin tam bir siyahısı və təsnifi aparılmamış, elm dünyası bu xüsusda əksikliyini tamamlaya bilməmişdir.

 

     Əsərlərindən bəziləri ;

“Əhyau-Ülumiddin”

“Kimyayi-Səadət”

“Cəvahirül-Quran”

“Kavaidül-Əqaid”

“Kitabül-İqtisad fil Etiqad”

“İlcamül-Avam an Elmil-Kəlam”

“Mizanül-Əməl”

“Dürrətül-Fahirə”

“Əyyühəl-Vələd”

“ Qıstasül-Müstəqim”

(3)

 

▪ İmam Qazali həzrətlərinin ən dəyərli əsəri İhyau-ülumiddindir. Osmanlı alimlərindən Saffət Əfəndi “Təsəvvüfün zəfəri” adlı əsərində, “İmam Qazalinin İhyau-ülumiddin kitabı elə qiymətli bir əsərdir ki, Qurani-Kərimin və Peyğəmbər Əfəndimizin hədislərinin mənalarını Müsəlmanlara izah etmək və Allahü Təalanın qullarına doğru yolu göstərmək, hüzur və səadətə qovuşduran İslam əxlaqını öyrətmək üçün din alimləri olaraq əlimizdə bundan başqa heç bir kitab olmasaydı, yalnız bu kitab kifayət edərdi.” demişdir.

  Qərbdə Əbül-Həsən İbn Xarəzhəm adlı bir imam var idi. İmam Qazali həzrətlərinin İhya kitabını oxuyub bəyənməyib, onu yandırmağı əmr etmişdi. Xalqın əlində olanları da toplayıb bir Cümə günü yandırılmasına qərar vermişdilər. O Cümə gecəsində Əbül-Həsən yuxusunda gördü ki: Özünün dərs verdiyi məscidinin qapısından içəri girdi. Bir də gördü ki, məscidin içində Rəsulullah (əleyhissalam) və yanında Əbu Bəkr (radıyallahü anh) və Ömər (radıyallahü anh) oturublar. İmam Qazali də orada ayaq üstə durub və əlində İhya kitabını tutub: “Ey Allahın Rəsulu! Bu adam mənim düşmənimdir” deyib, sonra dizləri üzərinə çöküb, İhya kitabını Rəsulullaha verib: “Ya Rəsulallah, bu kitaba baxın, əgər bu adamın dediyi kimi bunda sünnətə uyğun olmayan, əsasa müxalif olan bir yanlışlıq varsa, mən Allahü təalaya tövbə etdim. Əgər sizin bildirdiyiniz dinə uyğundursa, bu adamdan haqqımı alıb məni sevindirin” dedi. Bunun üzərinə Rəsulullah, İhya kitabını başdan sona qədər oxuyur və “Vallahi bu əlbəttə gözəl bir kitabdır”. buyurdu. Sonra onu Həzrəti Əbu Bəkrə (radiyallahü anh) və Həzrəti Ömərə (radiyallahü anh) verdilər. Onlar da oxuyaraq bu kitab əlbəttə gözəldir, dedilər. Bunun üzərinə Rəsulullah: “Adı keçən Əbül-Həsənin paltarını soyundurun, iftira edənlərə vurulduğu kimi həd cəzası vurun” buyurdu. Beşinci sopadan sonra Həzrəti Əbu Bəkr, “Ya Rəsulallah belə etməsi yenə sənin sünnətini təzim üçün idi, ancaq yanılmışdı” dedi. İmam Qazali də əfv etdi. Əbül-Həsən oyandıqda gördüklərini tələbələrinə danışdı, tövbə etdi. Bir ay yuxusunda yediyi sopaların ağrısından əziyyət çəkdi, canı yandı. Sonra keçdi, ancaq ölənə qədər sopaların izi kürəyində qaldı. Bu yuxusundan sonra daim İhya kitabını oxuyar və ona hörmət edərdi.

▪ İmam Qazali həzrətləri Kimyayi-Səadət kitabının 5-ci babında buyurur ki: Bir kimsənin dünya ticarəti axirət ticarətinə mane olarsa, bu insan bədbəxtdir. Bir saxsı almaq üçün qızıl külçə verənə nə deyərlər? Dünya, saxsı parçası kimidir. Həm dəyərsizdir, həm də tez qırılır. Axirət isə, qızıl külçə kimidir ki, həm çox dəyərlidir, həm də dözümlüdür, qırılmaz. Hətta heç tükənməz. Dünya ticarətinin axirətə yaraması üçün və Cəhənnəmə sürükləməmək üçün çox çalışmaq lazımdır. İnsanın sərmayəsi, dini və axirətidir. Bu sərmayəni əldən qaçırmamaq üçün çox oyaq olmaq lazımdır. Dininə əməl etmək istəyənlər 7 şeyə diqqət etməlidirlər:

 

1- Hər səhər belə niyyət edilməlidir: Özünün, övlad və ailəsinin ruzisini qazanmaq, onları heç kimə möhtac etməmək, Allahü Təalaya rahat və təmiz ibadət edə bilmək üçün vəzifəmə gedirəm deyilməlidir. O gün Müsəlmanlara yaxşılıq, əmri-məruf və nəhyi-münkər etməyi qəlbdən keçirilməlidir. O vaxt Müsəlmanın etdiyi hər işi ibadət olar, daima savab qazanar və dünyada qazandığı da nəticəsi olar.

2- Minlərlə insan işləməsə, yaşaya bilməyəcəyini düşünməlidir. Bu dünyada hər kəs bir yolçu kimidir, gəldik, gedirik. Yolçular əl-ələ verməli, bir-birlərinə dəstək olmalıdırlar. Hər Müsəlman bu cür düşünməli, vəzifəsinə başlayarkən Müsəlman qardaşlarıma da yardım etmək niyyətilə də deməlidir. Hər Müsəlman yaxşı bilməlidir ki, hər sənət fərzi-kifayədir. Bunu düşünərək bir sənətə yiyələnmək ibadət sayılır. Kitablı kafirlər kəşf etsə də, ən gözəl şəkildə öyrənmək lazımdır. Namaz qılan insanın hər hərəkəti ibadət sayılır. Namaz qılmayanın isə günah olur. Hədisi-şərifdə “Ən yaxşı ticarət, bəzzazlıqdır. Ən yaxşı sənət dərzilikdir”.

3- Dünya işləri axirət üçün çalışmağa mane olmamalıdır. Allahü Təala “Münafiqun” Surəsi 9-cu ayəsində buyurur ki: “Mallarınız və övladlarınız, Allahü Təalanı xatırlamağınıza mane olmasın.”

Xəlifə Ömər (radıyallahu anh) “Ey tacirlər, əvvəlcə axirət rüzinizi qazanın, sonra dünya ruzisinə çalışın.” Ticarətlə məşğul olan böyüklərimiz səhər-axşam axirət üçün çalışardılar. Qurani-Kərim oxuyar, dərs dinləyər, tövbə, dua edər, elm öyrənər və gənclərə də öyrədərdilər. Kəllə-kabab, xaş kimi şeyləri uşaqlar və gənclər satardılar. Çünki müsəlmanlar səhər-axşam məscidlərdə olurlar. Əməl yazan 2 mələk hər səhər və axşam dəyişirlər. Bir hədisi-şərifdə buyurdu ki: “Mələklər insanların əməl dəftərlərini götürdükləri zaman, başında və sonunda yaxşı iş yazılıdırsa, günün ortasında olunanları ona bağışlayarlar.” Yenə buyurdu ki: “Gündüz və gecə mələkləri, səhər və axşam, gedib gələrkən bir-birləri ilə qarşılaşırlar. Haqq Təala, gedən mələklərə - Qullarımı necə gördünüz buyurur. Ya Rəbb! Namazda gördük və namaz qılarkən qoyub gəldik, deyərlər.  Allahü Təala da, şahid olun, onları əfv etdim.” buyurar.

4- Bazarda, işdə Allahü Təalanı zikr, təsbeh etməli, hər an Onu xatırlamalıdır. Dili və qəlbi boş qoymamalıdır. Qafillər arasında edilən zikrin savabı çox olur. Rəsulullah əleyhissalam buyurdu ki: “Qafillər arasında Allahü təalanı zikr edən kimsə, qurumuş ağaçlar arasında olan yaşıl fidan kimidir və ölülər arasında canlı kimidir və müharibədə qaçanlar arasında aslan kimi döyüşənlər kimidir.” Bir dəfə də buyurdu ki: “Bazara girərkən, La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhül mülkü və ləhül hamdü, yuhyi və yumit, və hüvə hayyun la yəmut, bi yedi-hil-xayr, və hüvə ala külli şəyin kadir, deyən kimsəyə iki milyon savab yazılar.”

5- Dünya işlərinə düşkün olmamalıdır. Sübh namazını qılmadan, kitablardan bir neçə şey öyrənmədən işə getməməlidir. Ehtiyacı qədər dünyalıq qazanmalıdır. İmam Əzəm Əbu Hənifənin xocası Hammad ticarətlə məşğul olardı, baş örtüsü satardı. İki həbbə qazansa dükanını yığıb camiyə gedərdi, ibadətlə axşam edərdi.

6- Şübhəli şeylərdən çəkinmək lazımdır. Harama yaxınlaşan asi, fasiq olar. Qəlbinə sıxıntı gətirən şübhəlini almamalıdır. Zalimlarla, hiylə edənlərlə, and-amanla satanlarla, fasiqlərlə alış-veriş etməməlidir. Zalımlara və fasiqlərə yardım etmək caiz deyildir. Ümumiyyətlə, hər kəslə münasibət qurmamalıdır. Doğru insanları axtarmaq lazımdır. Bir vaxt vardı ki, bir tacir hər istədiyi ilə alver edə bilərdi. Çünki, hamı alış-veriş elmini bilirdi və bildiyinə görə hərəkət edərdilər. Sonralar elə dövr gəldi ki, çox adamla münasibət qurmaq mümkün olmadı. Daha sonralar isə ancaq bir neçə nəfərlə alış-veriş edər olduq. Bir zaman gəlmək qorxusu vardır ki, alış-veriş edəcək heç kim tapılmayacaqdır. Bunu çox zaman əvvəl söyləmişdilər. Biz bəlkə də böyüklərimizin qorxduğu o dövrə gəldik. Kimlə, necə oldu alış-veriş edilməkdədir.

7- Alış-veriş etdiyimiz kimsə ilə olan sözlərini, hərəkətlərini, aldığını, verdiyini yaxşı və doğru hesablamalıyıq. Qiyamətdə bunların hamısından hesab verəcəyimizi bilməliyik. Böyüklərdən biri, bir baqqalı yuxusunda gördü və Allahü Təala sənə necə rəftar etdi, dedi. Qarşıma 50000 səhifə qoydular. “Ya Rəbb! Bu səhifələr kimlərindir?” dedim. “50000 insanla alış-veriş etmisən, hər səhifə bunların biri ilə olan haqq-hesabınızı göstərir.” dedilər. Hər xırdalığın yazılmış olduğunu gördüm dedi. Bir quruş hiylə edən, bir quruş haqq yeyən cəzasını çəkəcəkdir və heç bir şeydən yardım gəlməyəcəkdir.

 

Halal qazanmaq

 Halal qazanmağın üstünlüyü və savabı:

Allahü Təala, Qurani-Kərimdə “Müminun” Surəsi, 52-ci ayəsində məalən buyurur ki: " Ey Peyğəmbərlərim! (Salavatullahi aleyhim əcmaın) halal və təmiz şeylər yeyin və Mənə layiq ibadətlər edin!” Rəsulullah (sallallahu aleyhi və səlləm) buna görə, "Halal qazanmaq hər Müsəlmana fərzdir" buyurdu. Həmçinin buyurdu ki: "Bir kimsə, heç haram qarışdırmadan, 40 gün halal yeyərsə, Allahü Təala, onun qəlbini nurla doldurar. Qəlbinə çaylar kimi hikmət axıdar. Dünya məhəbbətini qəlbindən silər. "

Halal və haramda vəranın dərəcələri:

1 - Bütün Müsəlmanların vərası - İslamiyyətin haram dediyi şeylərdən çəkinməkdir. Bu ən aşağı dərəcədir. Bu dərəcə vəradan da nəsibi olmayanların ədaləti yoxdur. Bunlara asi və fasiq deyilir.

2- Salehlərin vərası - haramlarla yanaşı, şübhəlilərdən də çəkinməkdir. Şübhəlilər də üç qismə ayrılır: bəzisindən çəkinmək vacibdir. Bəzisindən, müstəhəbdir. Bəzisindən çəkinmək isə vəsvəsədir, quruntudur və faydasızdır.

3- Müttəqilərin vərası – haram və şübhəli olmayan, şübhəli və ya harama səbəb olmaq qorxusu olan şeylərdən çəkinməkdir. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu ki: “Bir kimsə, təhlükəli şeyin qorxusundan, təhlükəsiz şeydən çəkinmədəkcə, müttəqi ola bilməz!” Əli ibn Məbəd deyir ki, bir vaxt bir evdə kirayəçi idim. Bir gün, bir nəfərə məktub yazmışdım. Məktubu divarın tozu ilə qurutmaq ağlıma gəldi. Sonra dedim ki, bu divar mənim malım deyil, qurutmamalıyam. Ancaq yenə dedim ki, bu qədər şeyin zərərə olmaz. Divardan torpaq ovub mürəkkəbi qurutdum. O gecə yuxuda, bir nəfər dedi ki, “Divar torpağının zərəri olmaz deyənlər, sabah qiyamət günündə anlayacaqlar”. Bu dərəcədə olanlar, ən kiçik şeydən çəkinirlər. Bəlkə, bu şey, böyük şeylərə yol açar deyə düşünürlər.

4- Siddiqlərin vərası - Siddiqlər, harama səbəb olmaq qorxusu olmayan halallardan da çəkinirlər. Bunları əmələ gətirən səbəblərdən birinə haram qarışmış olmasından çəkinirlər.

5- Müqərrəblər və müvahhidlərin vərası - Allahu Təala üçün olmayan hər şeydən; yeməkdən, içməkdən, yatmaqdan, danışmaqdan çəkinirlər. Yəhya ibn Muaz dərman içmişdi. Zövcəsi, otaqda bir az gəzin dedi. Gəzməyə bir səbəb görmürəm. 30 ildir hesablayıram. Allah rizası üçün olmayan bir hərəkət etmədim dedi. Onlar, din üçün niyyət etmədikcə hərəkət etməzlər.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину