Facebook Twitter WhatsApp

Onun mülkündə Ona üsyan edilərmi?

İmam Rabbani həzrətləri buyurur ki:
Fürsət qənimətdir. Ömrün hamısını faydasız işlərlə tələf etməməli, Haq təalanın rızasına uyğun şeylərə sərf etməlidir! Beş vaxt namazı, tədili-ərkanla və camaatla qılmalı, təhəccüd namazını əldən qaçırmamalı, səhər vaxtlarını istiğfarsız keçirməməli, qəflət yuxusuna dalmamalı, ölümü düşünməli, axirət hallarına diqqət etməli, fani dünyanın haram olan işlərindən üz çevirib, baki olan axirət işlərinə dönməlidir. Dünya işləri ilə zərurət miqdarı qədər məşğul olmalı, digər vaxtlarda axirəti qurmaqla məşğul olmalıdır.

Sözün qısası, Allahdan qeyri şeylərin sevgisindən qorunmalı və bədəni dinin hökmlərinə tabe olmaqla bəzəməli, onunla məşğul olmalıdır. İş budur, bundan qeyrisi heçdir.

Abdül Quddüs həzrətləri də buyurur ki:
Vaxtın qiymətini bil! Gecə-gündüz elm öyrənməyə çalış! Həmişə dəstəmazlı ol! Beş vaxt namazı, sünnətləri ilə və tədili-ərkanla, sükunət və huşu ilə qılmağa çalış! Bunlara əməl etsən, dünyada və axirətdə, saysız nemətlərə qovuşarsan. Elm öyrənmək ibadət üçündür. Qiyamətdə, işdən soruşulacaq, çox elm öyrəndinmi deyə soruşulmayacaqdır. İş və ibadət də, ixlas əldə etmək üçündür. İxlas da, həqiqi məbud və qeydsiz, şərtsiz var olan sevgilini [Allahü təalanı] sevmək üçündür.

İbrahim Ədhəm həzrətləri buyurur ki:
1- Günah işləyəcəksənsə, Allahın verdiyi ruzini yemə! Ruzisini yeyib, Ona üsyan etmək olarmı?

2- Günah işləyəcəyin zaman, mülkündən çıx! Onun mülkündə Ona üsyan etmək olarmı?

3- Günah işləyərkən Onun görmədiyi bir yerdə et! Onun mülkündə, ruzisini yeyib, gördüyü yerdə günah işləmək olarmı?

4- Can alan mələk, ruhunu almağa gəldikdə, bir müddət izn istəyə və ya o mələyi qova bilərsənmi? O zaman dərhal tövbə et! Çünki o mələk qəflətən gəlir.

5- Məzarda mələklər sual soruşduqda, “məni imtahan etməyin” deyərək onları qova bilərsənmi? Elə isə, indidən onlara cavab hazırla!

6- Qiyamətdə “Günahkarlar Cəhənnəmə…” deyildiyi zaman, mən getmirəm deyə bilərsənmi?

Allahü təala, “Ey qullarım! Məndən istəyin! Qəbul edər, verərəm” buyurur. Amma verilməyənlər də olur. Çünki Ona dua edir, amma itaət etmirlər. Peyğəmbərini tanıyır, Ona tabe olmurlar. Quranı oxuyur, onun göstərdiyi yolda getmirlər. Nemətlərindən faydalanırlar, amma şükür etmirlər. Cənnətin, ibadət edənlər üçün olduğunu bilir, hazırlıq etmirlər. Cəhənnəmi, asilər üçün yaratdığını bilirlər, Ondan çəkinmirlər. Əcdadının nə olduqlarını görürlər, ibrət almırlar. Öz eyiblərinə baxmayıb, başqalarının eyiblərini araşdırırlar. Belə insanlar, üzərlərinə daş yağmadığına, yerə batmadıqlarına şükür etsinlər! Dualarının nəticəsi, yalnız bu olarsa, yetməzmi?

İmam Rabbani həzrətləri buyurur ki:
Ölmək fəlakət deyil, öldükdən sonra başa gələcəkləri düşünməmək fəlakətdir. Məzhəbsizlik dinsizlikdir. Əhli- sünnət alimlərinə uyanlara müjdələr olsun.