Facebook Twitter WhatsApp

Ədəb-Həya-İffət

Sual: Ədəbin dinimizdəki yeri nədir?

CAVAB

Ədəb gözəl tərbiyə, yaxşı davranış, gözəl əxlaq, həya, nəzakət, zəriflik kimi mənaları əks etdirir. Məsələn, tərbiyəli uşaq ədəbli uşaq deməkdir. Hədisi-şərifdə, “Övladınızı ədəbli, tərbiyəli yetişdirin” buyurulur. Dinimiz başdan-başa ədəbdir. Ədəb, qulun Cənabı Haqqın iradəsinə tabe olması, gözəl əxlaqlı olması deməkdir. Hədisi-şərifdə, “Sizin ən yaxşınız, əxlaqı ən gözəl olandır” buyuruldu.

Həzrəti Ömər, “Ədəb elmdən əvvəl gəlir” buyurdu. Çox heybətli olmasına baxmayaraq ədəbindən, həyasından Rəsulullahın hüzurunda çox yavaş danışardı. Peyğəmbər əfəndimiz də insanların yanında iki dizi üstündə oturar, qarşısındakına hörmət əlaməti olaraq mübarək ayağını uzadıb oturmazdı. Əbu Səid Hudri həzrətləri, “Rəsulullahın həyası, bakirə İslam qızlarının həyasından  çoxdur” buyurdu.

İbni Mübarək həzrətləri, “Bütün elmləri bilənin ədəbində nöqsanı varsa, onunla görüşə bilmədiyimə üzülmərəm, bunu itki saymaram. Lakin ədəbli ilə görüşməsəm üzülərəm” buyurdu.

Hər zaman hər yerdə ədəbli, həyalı olmağa çalışmaq lazımdır! Hədisi-şərifdə, “Həyasızlıq insanı küfrə salar” buyuruldu. Həya bir binanı saxlayan dirək kimidir. Dirəksiz binanın dayanmağı asan olmadığı kimi, həyasız kimsənin də imanını mühafizə etməsi çətindir.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təaladan həya edin! Allahdan həya edən pis düşüncədən uzaq durar, mədəsinə gedənlərə nəzarət edər, ölümü xatırlayar.” [Tirmizi]

“Həya başdan-başa xeyirdir.” [Müslim]

“Hər dinin bir əxlaqı vardır. İslamiyyətin əxlaqı da həyadır.” [İbni Macə]

“Həyasız olan ancaq pislik edər.” [İbni Macə]

“Həyasız olan əmanətə xəyanət edər, xain olar, mərhəmət hissi qalmaz, dindən uzaqlaşar, lənətə düçar olar, şeytan kimi olar.” [Deyləmi]

“Həya ilə iman əkiz qardaşdır. Biri gedərsə, o biri də gedər.” [Əbu Nuaym]

“Mömin ayıblamaz, lənət etməz, çirkin söz deməz və həyasız deyildir.” [Tirmizi]

“Həya imanın nizamıdır. Bir şeyin nizamı pozulanda parçaları da pozular.” [İ. Maverdi]

“Həya imandandır. Həyasızın imanı yox deməkdir.” [İbni Hibban]

“İnsan saleh iki qonşusundan utandığı kimi, gecə-gündüz onunla bərabər olan yanındakı iki mələkdən də utanmalıdır!” [Beyhəqı]

“Həyasızın dini olmaz və həyasız kişi Cənnətə girə bilməz.” [Deyləmi]

“İman çılpaqdır, bəzəyi həya, paltarı təqva, sərmayəsi fiqh,

“Həya insan olsaydı saleh, fuhuş insan olsaydı pis bir kimsə olardı.” [Tabərani]

 “Həya ilə iman bir yerdədir. Biri gedərsə, o biri də qalmaz.” [Hakim]

Dinimizdə həyanın yeri çox mühümdür. Allahu-təaladan utanmaq imanın qüvvətli olmağının, həyasızlıq da imanın zəif olmağının əlamətidir.

Qurani-kərimdə məalən buyurulur ki:

“İman edənlər arasında pisliyin, həyasızlığın yayılmasını istəyənlər və sevənlər üçün dünyada da axirətdə də şiddətli bir əzab vardır.” [Nur 19]

Qadın kişi əlaqələrində və tualet üçün istifadə olunan kəlimələri olduğu kimi demək insanlığa uyğun deyildir, həyanı yox edər və yaxşıları incidər. Belə kəlimələri söyləmək lazım olduqda açıq olaraq yox, kinayə olaraq deyilər.

Allahu təalanın nemətində neməti verəni görmək lazımdır, daima Onun hüzurunda olduğunu düşünmək lazımdır, məsələn oturarkən, yatarkən ədəbə riayət etmək lazımdır. Yeyərkən, içərkən, danışarkən, oxuyarkən, yazarkən hər cür iş görərkən bütün bunların Allahu təalanın qüdrəti ilə olduğunu, bütün işlərdə Onun əmrinə uyub qadağan etdiklərindən çəkinməyi düşünmək lazımdır. Belə düşünmək çox üstün bir ibadətdir.

Məhrəm mövzuları ədəblə soruşmaq lazımdır.

Bir qız məhrəm mövzuları anasından soruşmalıdır. O da bilməsə anasına “Atamdan öyrən” deməlidir. Atası da bilməsə, atasının bilən birindən soruşması lazımdır. Atası yoxdursa böyük qardaş, əmi, dayı kimi məhrəm əqrəbalarından öyrənməlidir. Onlar da öyrənib bildirməsələr onda məktubla və ya telefonla “Bir qadının müəyyən halı bu qədər davam eləyib kəsilsə nə lazımdır?” şəklində soruşmaq daha düzgün olar. Bir qadının əri bu bilgiləri öyrənib xanımına izah etməsə, qadın özü ən uyğun yolla bunları öyrənə bilər. Bilənlərdən bu mövzuları ədəb çərçivəsində soruşması ayıb olmaz.

 Həzrəti Əsmanın Peyğəmbər əfəndimizdən necə qüsl ediləcəyini soruşarkən utanmağına, Həzrəti Ayşə anamız, “Ənsar qadınları nə yaxşıdır, utanmaqları dinlərini öyrənməklərinə mane olmur” buyurdu. (Buxari)

Deməli ayıb olar deyə özünə fərz olan bilgiləri öyrənməmək düzgün deyil. Peyğəmbər əfəndimiz məhrəm mövzulardan danışarkən, “Allahu təala haqqın anladılmasından çəkinməz” buyurmuşdur. (Tirmizi)

Eyni mənada ayəti-kərimə də vardır:

“Allahu təala həqiqəti söyləməkdən çəkinməz.” [Əhzab 53]

Aşiq olmaq günahdırmı?

Sual: Günah işləməmək şərti ilə birini sevməkdə xəta vardırmı?

CAVAB

Sevgi insanın əlində olmayan bir duyğudur. İffəti, yəni namusu qorumaq və günah olan işlərdən çəkinmək şərti ilə birinə qarşı sevgi duymaqda ayıb bir şey yoxdur. Hətta iffətini qoruyaraq sevgisini gizləmək çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Eşqini gizləyib, iffətini mühafizə edərək ölən şəhiddir.” [Hakim, Hətib] 

“Eşqini gizləyib, iffətini mühafizə edərək səbir edənin günahlarını Allahu təala əfv edib Cənnətə qoyar.” [İbni Əsakir]

Deməli dinimizdə iffəti mühafizə etmək və sevgisi səbəbi ilə günah işləməməyə səbir etmək çox savabdır. Çünki ümumi olaraq sevgi insanı kor etdiyi üçün insanın özünün günah işləməkdən qorunması çətindir. Çətin olan işlərin bacarmağının savabı da böyük olar. Hədisi-şərifdə buyuruldu ki:

“Ümmətimin üstün olanları, eşq bəlasına məruz qaldığı vaxt iffətini mühafizə edənlərdir.” [Deyləmi]

İffətlinin həyat yoldaşı da iffətlidir

İmam Qəzali həzrətləri buyurur ki:

“Ağlı dinləməyən, ən çox ona üsyan edən şəhvətdir. İnsanların, başqalarının ayıblamalarına görə şəhvətdən uzaqlaşmaları faydalı olsa da böyük savabı olmur. Lakin günah işləmək üçün bütün imkanlara malik olduğu halda, ortada heç bir qorxu yox ikən, Sırf Allah rizası üçün, Allahdan qorxduğu üçün şəhvətinə əsir olmazsa, ona mane olarsa, ən böyük fəzilətə qovuşar. Bu dərəcə siddiqlər, şəhidlər məqamıdır.” Hədisi-şərifdə buyuruldu ki:

“Həya, iffət, dilə hakimiyyət və ağıl imandandır. Belə insanların axirət arzusu çoxalar, dünyaya ehtirası azalar. Xəsislik, ədəbsizlik, çirkin sözlülük, həyasızlıqdan, iki üzlülükdən irəli gəlir. Belələrində dünya ehtirası çoxalar, axirət arzusu azalar.” [Beyhəqı]  

Kişilər iffətsiz olarsa, yaxınları da pis yola düşə bilər. Peyğəmbər əfəndimiz, “Siz iffətli olsanız, qadınlarınız da iffətli olar.” [Tabərani]

İbni Nəccarın bildirdiyi “Zina edən eyni şeyə məruz qalar” məalındakı hədisi-şərif, iffətli olmayanın yaxınlarının da iffətsiz ola biləcəyini göstərməkdədir. İffətli olmağa səy göstərən bunu bacarar. “İffətli olmaq istəyəni Allahu təala iffətli edər” hədisi-şərifi buna dəlildir. (Hakim)

Doğru olmayan işlər dünyada insan üçün üz qarasıdır. Axirətdə isə əzabı çox şiddətlidir. “Mən ölməyəcəm” və ya Cəhənnəm atəşi mənə zərər verməz” deyən varsa, istədiyi pisliyi etsin! Hədisi-şərifdə buyuruldu ki:

“Dünya üçün dünyada qalacağın qədər çalış! Axirət üçün orada sonsuz qalacağına görə çalış! Allahu təalaya möhtac olduğun qədər itaət et! Cəhənnəmə dayana biləcəyin qədər günah işlə!” [Eyyühəl vələd]

Öləcəyinə inanan və öldükdən sonra başına gələcəklərini düşünən pislik edə bilərmi?

İffətli olmaq üçün

İnsana ən böyük zərər pis yoldaşdan gəlir. Pis yoldaşlarla durub-oturan, bələdçisi qarğa olan necə hər zaman təmiz ola bilər?

Yaxşı insanlarla bərabər olan kimsə bir müddət onlar kimi yaxşı iş görməsə də onların yanında pislik edə bilməz. Hədisi-şərifdə,

“İnsanın dini, dostunun dini kimidir” buyurulur. (Tirmizi)

O halda görüləcək iş, yoldaşlıq etdiyimiz kimsələrə diqqət etmək və pis yoldaşlardan uzaq durmaqdır. Namuslu, iffətli yaşamaq istəyənə Cənabı Haqqın bunu nəsib edəcəyi din kitablarında yazılıdır. Bir hədisi-şərifdə buyuruldu ki:

“İffət istəyəni, Allahu təala iffətli edər.” [Hakim]

 

İffətli olan ailə üzvlərinin də iffətli olmağını istəyər. Onları da pislikdən qoruyar. Özü pis olarsa bir gün övladları da Allah qorusun pis yollara düşə bilər. Övladlarının iffətsiz olmasını hansı ana-ata istəyə bilər?

Övladlara yaxşı nümunə olmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“İffətli olsanız, qadınlarınız da iffətli olar. Ana-atanıza ehsan etsəniz, övladlarınız da sizə ehsan edər!” [Tabərani]

“Pislikdən qorunmaq üçün nıkahlı yaşamaq və iffətli olmaq lazımdır.” [İbni Əsakir]

Kübarlılıq əhəmiyyəti

Kübarlılıq digər əxlaqlarla birlikdə olarsa qiymətlidir. Hər kəs Adəm əleyhissəlamdan gəlmişdir. Hər bir yaxşının övladları yaxşı olar, hər bir pisin övladları da pis olar deyə bir qayda yoxdur.

Həzrəti Adəmin və Həzrəti Nuhun oğlunun biri kafir olmuşdur. Nuh əleyhissəlam ilə Lut əleyhissəlamın xanımı kafir idi. Əbu Cəhil adlı kafirin oğlu isə insanların ən üstünlərindən, yəni səhabə idi. Peyğəmbər əfəndimizin öz əmisi Əbu Ləhəb kafir idi.

Ana-ata günahkardırsa, övladların da yaxşı bir insan olmayacağını fikirləşmək çox səhvdir. Allahu təala pisdən yaxşı, yaxşıdan da pis yaradar. Qurani-kərimdə bir neçə yerdə,

“Ölüdən diri, diridən ölü çıxarar” buyurur. (Ə. İmran 27)

İslam alimləri bu ayəti-kəriməni açıqlayarkən, “Kafirdən müsəlman, müsəlmandan kafir yaradar” buyurmuşdular. Bunun üçün soyundakı kimsələrin pis olması, özünün də pis olacağı demək deyildir. Hamımız Adəm əleyhissəlamdan gəldik. Dinimizdə irq üstünlüyü yoxdur. Allah qatında üstünlük ancaq təqva ilədir.

“Allah qatında ən üstününüz, Ondan ən çox qorxanınızdır” buyurulur. (Hucurat 13) 

[Təqva əhli olmaq, Allahdan qorxub dinin əmirlərinə uymaq və qadağan etdiklərindən çəkinmək deməkdir.]

Gözəl xasiyyət bir kübarlılıqdır

Mötəbər olmayan bir kitabda deyilir ki:

“Kübarlılıq olmasa verilən tərbiyənin çox təsiri olmaz. Misi nə qədər də silib parlatsanız üç gün sonra yenə qaralmağa başlayacaq. Süni parlaqlıq qısa bir zaman davam edə bilər. Qızıl heç bir zaman paslanmaz. Silməsəniz belə parlaqlığını yenə də saxlayar. Bu hadisə kübarlığın nə qədər əhəmiyyətli olduğunu açıq bir şəkildə göstərməkdədir.” 

Kitab mötəbər olmadığı kimi bu fikir də Qurani-kərimə və hədisi-şəriflərə ziddir.

Bir kimsə zadəgan bir ailəyə mənsub olmasa da, gözəl xasiyyətlidirsə, dindardırsa onun üçün xasiyyəti və dindarlığı zadəganlıqdan çox qiymətlidir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Gözəl xasiyyət kimi kübarlılıq olmaz.” [İbni Macə]

“Qadın malı, gözəlliyi, kübarlığı və dindarlığı səbəbilə nikah edilər. Sən dindar olanı seç ki, maddi və mənəvi nemətə qovuşasan!” [Buxari]

Nəsihət ilə kübar olmayan insan da tərbiyə edilə bilər. Onun üçün Qurani-kərimdə məalaən buyurulur ki:

“Nəsihət et, nəsihət möminlərə əlbəttə fayda verər.” [Zəriyət 55]

Kübar olmayanı da tərbiyə etmək mümkün olmasaydı, Peyğəmbər əfəndimiz, “Əxlaqınızı gözəlləşdirin” buyurardımı? (İbni Lal)

Həzrəti Loğmandan soruşdular:

- Ədəb, kübalılıq, mal və elmdən hansı daha üstündür?

- Ədəb kübarlıqdan, elm maldan xeyirlidir.

Oğlu Həzrəti Loğmandan soruşur:

- Ən yaxşı əxlaq nədir?

- Dindar olmaqdır.

- Yaxşı ata, bu xüsusiyyət iki olarsa?

- Dindarlıq və mal sahibi olmaq.

- Üç olarsa?

- Dindarlıq, mal, həya və gözəl əxlaq.

- Beş olarsa?

- Dindarlıq, mal, həya, gözəl əxlaq və comərdlikdir.

- Altı olarsa?

- Oğlum, bu beş xüsusiyyət kimdə olarsa o kimsə təqva əhli, təmiz bir kimsədir, Allahu təalanın dostudur, şeytandan uzaqdır.

İffətin əhəmiyyəti

Allahu təala insan nəslini davam etdirmək üçün kişi və qadınları bir-birinə cazibədar etmişdir. Eyni zamanda bu duyğu qarşısında insanları dünyada çətin bir imtahan qarşısında qoymuşdur. Bu imtahanı qazanan dünya və axirətin qəhrəmanıdır. İnsanların yaxşı və pis olması daha çox iffətli olmağında bəlli olur. 

Allahu təala Qurani-kərimin bir çox yerində iffətini qoruya bilənə böyük mükafatlar vəd vermiş, iffətini qorumayana da Cəhənnəm əzabını göstərmişdir. Allahu təala iffətsizləri adam öldürən bir qatil ilə eyni dərəcədə tutur. Möminlərin halını anladarkən buyurur ki:

“Möminlər namazlarını huşu ilə qılar, boş, lazımsız şeylərdən üz çevirər, zəkatlarını verər, iffətlərini qoruyar, əmanət və əhdlərinə riayət edərlər.” [Möminün 1-8]

İffətsiz olan Allah qatında günahkar, xalqın yanında da etibarsızdır. Bir namussuzun cəmiyyətdəki yaxşıların yanında etibarı [hörməti],bir köpəyin etibarı qədər yoxdur. Zəngin və çox gözəl bir qadın əgər iffətsizdirsə, etibarsızdır. Kasıb və namuslu bir qadın isə hər zaman etibarlıdır, hörmətə layiqdir.

Dünyadakı ən çox rəzalətlər, cinayətlər, mübahisələr, qısqanclıqlar, ümumiyyətlə bütün pisliklər iffətsizlik üzündən meydana gəlməkdədir. İnsanların çoxu iffətsizliyin pisliklərini bildikləri halda özlərini bu pis yollara düşməkdən qoruya bilmirlər. Bu qüvvətli duyğu qarşısında insanları kənarlaşdıracaq çarələr vardır. Bu, tərbiyə və əxlaq məsələsidir.

   Allahdan qorxan bir insan iffətsiz ola bilməz. O halda övladlarımıza Allah qorxusunu öyrətməyə çalışmaq bizim üçün ən başda gələn vəzifədir. Allahu təaladan qorxmaq üçün Allahı yaxşı tanımaq lazımdır. Allahı tanımaq üçün Onun böyüklüyünü və xüsusiyyətlərini öyrənmək məcburiyyətindəyik. Allahu təalanı heç düşünməyən bir cəmiyyət üçün Allah qorxusuna sahib olmaq asan deyildir. Allahu təaladan qorxmaq da bir bilgi, bir çalışma və bir cəsarət işidir. Durduğun yerdə Allah qorxusu meydana gələ bilməz. Dinin əmir və qadağalarına riayət edənə asan gələr.  

Adətən böyük şəhərlərdə iffət təhlükəli bir yoldadır. Bir gənc qızın öz başına, yalnız öz ağlı və anlayışı ilə iffətini qoruması həqiqətən çətindir. O gənc qız əgər bir az da gözəldirsə ağla və xəyala gəlməyən təhlükələrlə əhatə olunub deməkdir. Bu təhlükə məktəbdə, yollarda, avtobusda, qonşularda, hətta evin içində, telefonda, internetdə yaxasından əl çəkməz.  

Qızlarımız təhlükələr qarşısında aciz bir məxluq olaraq əxlaqsızların əlində bir oyuncaq olmamalıdır. Bu dövrdə hər kəsdən, hər yerdən ona zərər gələ bilər. Bu zərər onun puluna deyil, şərəf və ləyaqətinədir. Pula olan ziyanın əvəzi ödənilə bilər. Mənəvi zərər yerinə qoyula bilməz. Əxlaqsızların içində gənc bir qız üçün şərəflə yaşamaq çox çətindir. İffətli bir qız digər bəzi qızlar kimi eşqbazlıq etməyə həvəslənməməlidirlər. Bu təhlükəli bir təcrübədir. Əsasən eşqbazlıqla qurulan evlilik çox zaman xoşbəxtlik gətirmir. 

İffəti mühafizə etmək üçün gəncləri vaxtında evləndirməli, iffəti zədələyəcək yerlərdən uzaq durmaq lazımdır. Gəncliyin haqqı adı altında müxtəlif əyləncələr gənc qızı əldə etmək üçün bir tələdir. Bunun tələ olduğuna inanmayan bir qız tələyə düşdükdən sonra ağlı başına gəlir. Lakin iş-işdən keçmişdir. Tələnin görünüşdəki cazibəsinə düşən qızlar kişilərin əlində tez bir vaxtda oyuncaq halına gəlir. Özünə güvənən bir qız belə onların qarşısında axıra qədər dayana bilməz. Yaraşıqlı bir kişinin aldadıcı gülümsəməsi qarşısında təslim ola bilər. Artıq o qız tələyə düşmüşdür. O tələdən qurtulan azdır və ya heç yoxdur. Halbuki o tələ dediyimiz əyləncə yerinə getməmək daha asan bir işdir. “Göz görməsə, könül dözər” deyə bir atalar sözü vardır. Oraya getməyən bir gənc qız oranın təhlükəsindən qurtulmuş olar. Gedərsə qurtulması çətindir.  

İffət, bir gənc qızın və ya qadının dəyəri olmayan bir ləl-cavahiratıdır. Bu ləl-cavahiratı ələ keçirmək üçün Allahu təaladan qorxmayan hər kişi bütün şeytanlığından istifadə edər. Ələ keçirdikdən sonra məqsədinə çatmışdır. Artıq o, ləl-cavahiratlıqdan çıxmış, adi bir  daş olmuşdur. Bayıra atıla bilər. Bu alış-verışdə kişi bir namus oğrusu, qadın isə ləl-cavahiratını oğurlatmış bir zavallıdır. 

Rəsulullah əfəndimiz buyurdu ki:

“Bir qızın küfvü [tay] tapılarsa, dərhal evləndirin!” [Tirmizi]

Görünür ki, qadını, qızı tayına, yəni uyğun olan birinə vermək lazımdır. Küfv, kişinin soyda, malda, din işlərində və şərəfdə qadına uyğun olması deməkdir.

 Küfv demək,  zəngin olmaq, maaşı çox olmaq demək deyildir. Küfv olmaq, kişinin saleh müsəlman olması, namaz qılması, içki içməməsi, yəni İslamiyyətə uyması və lazımi qədər dolanmaq üçün iş sahibi olması deməkdir. Kişinin yalnız zəngin olmasını, evinin olmasını istəyənlər qızlarını fəlakətə sürükləmiş, Cəhənnəmə atmış olurlar. Qızın da namaz qılmağı, başı, qolu açıq bayıra çıxmaması lazımdır. 

Sual: Hədisi-şərifdə “Həya imandandır” buyurulmuşdur. İbadətlərini başqalarına göstərməkdən də həya etmək sayılır?

 

 

CAVAB

İbadətlərini  başqalarına göstərməkdən həya etmək caiz deyildir. Həya günahlarını, qəbahətlərini göstərməməyə deyilir. Bunun üçün moizə verməkdən və əmri-maruf və nehyi-münkər etməkdən [əhli-sünnət kitablarını yaymaqdan] və imamlıq, müəzzinlik etməkdən, Quran və mövlud oxumaqdan həya etmək caiz deyildir. “Həya imandandır” hədisi-şərifində, həya, pis, günah şeyləri göstərməkdən utanmaq deməkdir. Möminin əvvəl Allahu təaladan həya etməyi lazımdır. Bunun üçün ibadətlərini sidq ilə, ixlas ilə etməlidir. 

Ədəbi gözləmək

Sual: İmam Rəbbani həzrətləri, “Ədəbə riayət etmək zikirdən üstündür. Ədəbə riayət etməyən Allaha qovuşa bilməz” buyurur. Burada Allaha qovuşmaq nədir?

CAVAB

Övliya ola bilməz deməkdir. Din böyüklərinin yolu başdan sona qədər ədəbdir. Namazın sünnət və ədəblərindən birinə riayət etmək və tənzihi bir məkruhdan çəkinmək, zikir, fikirdən [təfəkkürdən] üstündür.

Həddini bilmək

Sual: Ədəb nə deməkdir?

CAVAB

Ədəb, həddini bilmək, sərhədi aşmamaq deməkdir. Ailədə, iş yerində, cəmiyyətdə hər kəsin bir sərhədi vardır.  Bütün sıxıntı və yola getməməklər çox vaxt sərhədi aşmaqdan qaynaqlanır. Hər kəs həddini bilib, sərhədi aşmazsa, məsələn, evin xanımı, kişi də öz sərhədini bilib ona görə hərəkət edərsə o ev Cənnət kimi olar. Cənnət kimi olan evdən axirətə gedənlər də əlbəttə ki, Cənnətə gedər. Hər xüsusda dinimiz nə əmr edirsə onu öyrənib ona görə hərəkət edən həddini bilmiş, sərhədi aşmamış olur. O zaman nə mübahisə, nə yola getməmək, nə da savaş olar. Dünya güllük, gülüstanlıq olar. Hər kəsin sərhədini isə dinimiz bildirmişdir.

Edənin başına gələr

Sual: Bir tanışım bir dostunun həyat yoldaşını qaçırıb evləndi. Dinən bu düzgündürmü?

CAVAB

Üç səbəbdən düzgün deyildir:

1- Başqasının həyat yoldaşını aldatmaq çox günahdır. Bir hədisi-şərif məalı:

“Kiminsə xanımını aldadan bizdən deyildir.” [Əbu Davud]

2- Əri o qadını boşamasa heç kim onunla evlənə bilməz. Elədikləri zina olar.

3- Əri arvadının qaçdığını bilən kimi dərhal boşasa belə iddət müddəti keçmədən qətiyyən evlənə bilməzlər. Evlənərlərsə zina olar.

Kimsə kiminsə xanımını aldadarsa başqası da onun xanımını aldada bilər. “Edənin başına gələr” deyiblər. Bir hədisi-şərif məalı:

“Siz namuslu olsanız, qadınlarınız da namuslu olar.” [Hakim]

Ərinə xəyanət edib başqası ilə qaçan qadın qaçdığı kişiyə də xəyanət edə bilər. O kişi ilə nəyə görə qaçdı? Ya malı üçün və ya yaraşıqlı gördüyü üçün, yaxud gənc gördüyü üçün qaçdı. Hansı səbəb olursa olsun ondan daha zəngini, ondan daha gözəli, ondan gəncini tapan kimi onunla qaçmayacağına kim zəmanət verə bilər. Allah qorxusu olmayan hər şey edə bilər.

Aşiq olmaq

Sual: Mən namaz qılmıram, təsəttürə riayət etmirəm, başqa günahları da işləyirəm, lakin “Aşiq olub, eşqini gizlədib, iffətini mühafizə edərək ölən şəhid olar” hədisi gəlincə, sevgilimlə zina etsəm, bunu çoxları bilsə, yenə şəhid olaraq ölmərəmmi?

CAVAB

Bəzi oxuyuculardan bu cür suallar gəlincə hədisi-şərifi açıqlamaq məcburiyyətində qaldıq. Hədisi-şərif açıq olmasına baxmayaraq, səhv şərh edilməsi çox pisdir. Hədisi-şərifdə üç xüsus ifadə edilir.

1-  Ən vacibi də bu gün eşq deyiləndə şəhvəti hisslər başa düşülür. Eşq ayrı, nəfsani, şəhvəti arzular ayrıdır. Nəfsinə tabe olan Cəhənnəmə gedər. Nəfsani hisslərə eşq deyilməz. Sevgi çox olarsa, buna eşq deyilir.

Mövlud kitabında, “Həbibim, sənə aşiq oldum” deyilir. Yəni Allahu təala Rəsulullahı çox sevir deməkdir. Bu eşqi günümüzün gəncləri kimi düşünən bir yazar, “Mövlud kitabının bu hissəsi səhvdir” deyir. Əsas səhv özündədir. Evlənməkdə məqsəd özünü günahlardan qorumaq və Allahu təalanın rizasını qazanmaq olmalıdır. Allahu təala üçün olmayan şəhvəti hisslərə eşq deyilməz.  

 

  • Eşqinin gizli qalması deyilir. Həm aşiq olduğunu heç kim bilməyəcək, həm də başqaları hiss etməyəcək. Heç kim bilmədən alışıb yanacaq. Eşqi üzündən günah işləməyəcək.
  • İffətini, yəni namusunu qoruyaraq ölmək deyilir. Zinanı qoyun kənara, bir-birinin əlini tutubsa haram işlənmiş olar, iffət qorunmamış olar. Hədisi-şərifdə iffəti qoruma şərti var. İffət qorunmayıbsa necə şəhid olmaq olar?

Eşqlə şəhvəti hissləri qarışdıran gənclər bu deyilənlərə qulaq asmırlar. Atalarımız boş yerə, “Cahilə kəlam, nafilə kəlam” deməyiblər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину