Facebook Twitter WhatsApp

Mal, vəzifə həvəsi

Sual: Halal mala sevgi bəsləməyin zərəri varmı?

CAVAB

       Halal malı ehtiyacından çox yığmaq məkruhdur. Zəkatını verməzsə əzaba səbəb olar. Hədisi-şərifdə, “Pulun quluna, pula tapınana lənət olsun!” buyuruldu. Dünya malı arxasından qaçmaq, nəfsinin şəhvətləri [arzuları] arxasından qaçmaqdan daha pisdir. Mal, pul arxasından qaçmaq, Allahu təalanın əmrlərini unutdurarsa, “dünya məhəbbəti” deyilir. Allah zikri [düşüncəsi] olmayan qəlbə şeytan yerləşər. Şeytanın ən böyük hiyləsi, insana xeyirli işlər etdirərək özünü saleh, yaxşı zənn etdirməsidir. Belə kimsə özünün qulu olar. Hədisi-şərifdə, “Keçən ümmətlərin hər birinə fitnələr verildi. Mənim ümmətimin fitnəsi mal, pul yığmaq olacaqdır” buyuruldu. Dünyalıq arxasına düşərək, axirəti unudacaqlar. 

      Hədisi-şərifdə, “Allahu təala insanları yaradarkən, əcəllərini, ömürlərini və ruzilərini təqdir etmişdir” buyuruldu. İnsanın ruzisi dəyişməz, azalmaz, çoxalmaz və zamanından geri qalmaz. İnsan ruzisini axtardığı kimi, ruzi də sahibini axtarar. Çox kasıblar vardır ki, zənginlərdən daha yaxşı, daha məsud yaşayır. Allahu təala ondan qorxanlara, dininə sarılanlara, ummadığı yerdən ruzi göndərir. Hədisi-qüdsidə, “Ey dünya! Mənə xidmət edənə xidmətçi ol! Sənə xidmət edənə çətinlik göstər!” buyuruldu. Bir hədisi-şərifdə, “Ya Rəbbi! Məni sevənlərə, xeyirli mal ver. Mənə düşmənlik edənlərə, çox mal və çox övlad ver!” buyuruldu.

        Bir zəngin ölür. Bir saray ilə iki oğlu qalır. Sarayı paylaşmada anlaşa bilmədilər. Divardan bir səs gəldi. Mənim üçün bir-birinizə düşmən olmayın. Mən bir padşah idim. Çox yaşadım. Məzarda yüz otuz il qaldım. Sonra torpağımdan gil qab düzəltdilər. Qırx il evlərdə istifadə etdilər. Qırıldım. Küçəyə atdılar. Sonra, məndən kərpic düəltdilər. Bu divarın inşasında istifadə etdilər. Bir-birinizlə döyüşməyin. Siz də mənim kimi olacaqsınız, dedi. 

            Dünya məhəbbəti, yəni dünyaya düşkün olmaq demək, nəfsin arzularını, şirin gələn şeyləri və bunlara qovuşmağın səbəbi olan pulu, haram yollardan axtarmaq deməkdir. Dünyaya düşkün olmaq, xəyal arxasında qaçmaqdır. Çünki, dünya ləzzətlərinin zərərləri, faydalarından daha çoxdur. Əldə qalmaz, tez gedərlər. Bunlara qovuşmaq isə çox çətindir. Faydası heç olmayanlara Lab, yəni oyun və Lehv, yəni əyləncə deyilir.

            Hədisi-şərifdə, “Dünyalıq olan şeylər lənətlənmişdir. Allah üçün olan şeylər, Allahu təalanın razı olduğu şeylər, məlun deyildir” buyuruldu. Dünyalıq olan şeylərin Allahu təala qatında heç bir dəyəri yoxdur. Əhkamı-islamiyyəyə uyaraq qazanılan və istifadə edilən ruzi, dünyalıq olmaz. Dünya neməti olar.

            Hədisi-şərifdə buyuruldu ki:

            “Dünyalığa düşkün olmaq, xətaların başıdır.” Yəni hər cür yanlışlığa, günaha səbəb olar.

            Dünya arxasında qaçan, şübhəli şeylərə, sonra məkruhlara, sonra haramlara, hətta küfrə dalar. Keçmiş ümmətlərin Peyğəmbərlərinə inanmamalarının səbəbləri dünyaya düşkün olmaları idi. Musa əleyhissəlam Tur dağına gedərkən birinin çox ağladığını gördü. Ya Rəbbi! Qulun, sənin qorxundan ağlayır dedi. Qan ağlasa belə, onu əfv etməm. Çünki o dünyaya düşkündür” buyurdu. Hədisi-şərifdə, “Dünyanı halaldan qazanana axirətdə hesab vardır. Haramdan qazanana, əzab vardır” buyuruldu. (İslam Əxlaqı)

Vəzifə həvəsi

            Vəzifə və şöhrət sahibi olmaq arzusu, insanlarda üç şeydən hasil olar:

            Birinci səbəb, nəfsin arzularına qovuşmaqdır. Nəfs, arzularının haram yollardan əldə edilməsini istəyər. İkincisi özünün və başqalarının haqlarını zalımlardan qurtarmaq və müstəhəb olan məsələn, sədəqə vermək üçün və xeyir, həsənat etmək üçün, yaxud mübah olan işlər görmək üçün, məsələn, yaxşı yemək, yaxşı geyinmək, yaxşı evlərdə yaşamaq və ailə sahibi olub rahat və məsud yaşamaq üçün və ya ibadətlərinə mane olacaq şeylərdən xilas olmaq üçün, islam dininə və müsəlmanlara xidmət etmək üçün vəzifə sahibi olmaq istənilər. Bu niyyət ilə vəzifəyə qovuşarkən, riya kimi və haqqı batil ilə qarşılaşmaq kimi, İslamiyyətin qadağan etdiyi şeyləri etməzsə və vacibləri, sünnətləri tərk etməzsə, bunun vəzifə sahibi olması caizdir, hətta müstəhəbdir. Çünki, caiz və lazım olan şeylərə qovuşdurucu səbəbləri, vasitələri etmək də, caiz və lazım olar. Allahu təala Qurani-kərimdə, yaxşı insanların necə olacağını bildirərkən, bunların Müsəlmanlara imam olmaq istədiklərini” də bildirir. Süleyman əleyhissəlam, “Ya Rəbbi! Məndən sonra kimsəyə nəsib etməyəcəyin bir mülkü mənə ehsan et!” deyərək məlik və əmir olmaq istəmişdir. Hədisi-şərifdə, “Haqq və ədalət üzrə bir gün hakimlik etməyi, bir il davamlı savaş etməkdən daha çox sevirəm” buyuruldu. Bir hədisi-şərifdə, “Bir saat ədalət ilə idarəçilik etmək, altmış il nafilə ibadət etməkdən daha yaxşıdır” buyuruldu. Riya ilə və haqqı batil ilə qarışdıraraq vəzifə sahibi olmaq caiz deyildir. Yaxşı niyyət ilə olsa da caiz deyildir. Hətta, bəzi haramların yaxşı niyyət ilə edilməsi daha böyük günah olar. Niyyətin yaxşı olması, taət və ibadətlərdə faydalı olur. Mübah, hətta fərz olan bir əməl, niyyətə görə günah ola bilər. Günah işləyənin, “Sən qəlbimə bax! Qəlbim təmizdir. Allah qəlbə baxar” sözünün səhv, hətta zərərli olduğu buradan da aydın olur. 

            Vəzifə sahibi olmağı istəməyin səbəblərindən üçüncüsü, nəfsini əyləndirməsidir. Nəfsi, maldan olduğu kimi, vəzifədəm də ləzzət alır. Arada, İslamiyyətə uyğun olmayan işlər olmazsa, nəfsi ləzzət aldığı şeyə qovuşdurmaq haram olmaz isə də, təqvanın, himmətin az olduğunu göstərir. Vəzifə əldə etdikdən sonra, insanların könüllərini qazanmaq üçün riya, yaltaqlıq və göstəriş etməsindən qorxulur. Hətta, münafiqlik, haqqı batil ilə qarışdırmaq, hətta hiylə və yalan kimi təhlükəli hallar da ola bilər.

            Halal ilə haram qarışıq olan şeyi etməmək lazımdır. Vəzifə sahibi olmağın bu üçüncü səbəbi, haram deyil isə də, yaxşı olmadığı üçün çarəsini bilmək və əməl etmək lazımdır. Əvvəl vəzifənin keçici olduğunu və zərərlərini, təhlükələrini düşünmək lazımdır. Şöhrətdən və hörmət əldə edərək kibrli olmaqdan xilas olmaq üçün, İslamiyyətdə mübah olan, caiz olan, xalqın bəyənmədiyi işləri etmək lazımdır.

            Bir zaman, bir əmir bir zahidin ziyarətinə getmişdi. Zahid, əmirin və ətrafındakıların özünə yaxınlaşmaq istədiklərini anlayanda, ziyafət vermişdi. Özü, böyük tikələri həvəslə tez-tez yeməyə başlamış. Əmir bu vəziyyəti görəndə zahidi bəyənməyərək, oradan ayrılmışdı. Zahid arxasından, Əlhamdulilləh! Rəbbim məni xilas etdi, demişdi.

            Vəzifə sahibi olmaq arzusunu aradan qaldıran ən qüvvətli çarə, özünü insanlardan təcrid etməkdir. Din və dünya üçün zəruri vəzifələrdən başqa, insanlar arasına qarışmaması lazımdır. Hədisi-şərifdə bu çarə tövsiyə edilir.

Şöhrətli olmaq pisdirmi?

Sual: Şöhrət pisdir?

CAVAB

            Məşhur olmaq deyil, məşhur olmağı, barmaqla göstərilməsini istəmək fəlakətdir. Bununla birlikdə din və ya dünya işlərində məşhur olanın fəlakətdən qurtulması çətin olur. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Mal və şöhrət həvəsinin insana verəcəyi zərər, iki ac qurdun bir qoyun sürüsünə hücum etdiyi zaman verəcəyi zərərdən daha çoxdur.” [Müslim]

            “Allahu təalanın qoruduqları müstəsna, insana zərər olaraq din və dünya işlərində barmaqla göstərilməsi bəs edər.” [Beyhəqı] Yəni, insanın din və dünya işlərində şöhrət sahibi olması, dininə də, dünyasına da çox zərər verər.

            “Bir kimsənin barmaqla göstərilməsi zərər olaraq özünə bəs edər.” “Ya Rəsulallah, xeyir işlərdə barmaqla göstərilmək də bunlardandır?” deyə sual etdilər. Buyurdu ki:

            “Bəli, xeyirli işlərdə də olsa onun üçün şər olur. Ancaq Allahu təalanın mərhamət etdiyi, qoruduğu müstəsnadır. Şər işlərində barmaqla göstərilmək onsuzda zərərlidir.” [Tabərani]

            İnsanların tərifləməsinə səbəb olan şöhrət bir fəlakət ola bilər. Onun üçün məşhur olmaqdan uzaq olmağa çalışmaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

            “Siz, əmirliyə [baş olmağa] düşkünsünüz. Halbuki əmirlik, qiyamətdə peşmanlıqdır. Ancaq, onun haqqını qoruyanlar bundan müstəsnadır.” [Buxari]

            “İstəmədən əmir olan, kömək görər, istəyərək bir vəzifəyə keçən aciz qalar.” [Buxari]

            “Mədh olunmağı sevmək, insanı kor edər və kar edər. Qəbahətlərini, qüsurlarını görməz olar. Doğru sözləri, özünə edilən nəsihətləri eşitməz olar.” [Deyləmi]