Facebook Twitter WhatsApp

Nəfəqə nədir?

Sual: Nəfəqə nə deməkdir? Nələr nəfəqə sinfinə daxildir?

CAVAB

Nəfəqə, insanın yaşaya bilməsi üçün lazımlı şey deməkdir. Bu da yemək, geyim və evdir. Yəni, mətbəx xərci, ev kirayəsi, geyim və ev əşyası xərcləridir. Bu xərclər zamana, hala, ənənə və adətə görə dəyişər. (Nikayə)

Xanımın nəfəqəsi

Sual: Kişinin xanımına nəfəqə verməsi nə zaman fərz olar? Qadın zəngindirsə də kişinin yenə nəfəqə verməsi lazımdırmı?

CAVAB

Bəli, xanım zəngin olsa belə onun nəfəqəsini vermək əri üzərinə fərzdir. Nəfəqə, nikahdan sonra dərhal fərz olur. Kişi və xanım kasıbdırlarsa, kasıb nəfəqəsi verər. Zəngindirsələr, zəngin nəfəqəsi verməsi lazımdır. İkisindən biri zəngin olub, o biri kasıbsa, orta hal nəfəqəsi verər.  

Ənənə və adətə görə qadına lazım olan qida, paltar və ev əşyasının hamısı nəfəqəyə daxil olar. Kişi bunları gətirər. Qadın öz malını istifadə etməyə məcbur edilə bilməz. İstifadə edərsə, kişi bunların pulunu xanımına ödəyər. Hər şeyi kişinin gətirməsi lazımdır. Qadını işləyib qazanmağa məcbur etmək haramdır. (Bəhr-ür-raik)

Qızın nəfəqəsi

Sual: Evli olmayan qadının nəfəqəsini kim verər?

CAVAB

Qız olsun, dul olsun, evli olmayan kasıb qadına atası baxmağa məcburdur. Atası yoxdursa və ya kasıbdırsa, zəngin qohumu baxar. Bunlar da yoxdursa və ya baxa bilməzlərsə, dövlət maaş kəsər.

Nikahlanan qızın nəfəqəsi

Sual: Dini nikah kəsilən qıza, toydan əvvəl də nəfəqə vermək lazımdırmı?

CAVAB

Kişi, nikahladığı qızı öz evinə aparmazsa, qız atasının evində qalsa da nəfəqəsini verməsi lazımdır. [Qız, çağırıldığı halda gəlməzsə və toy olmadan gəlməzsə, o zaman nəfəqə vermək lazım deyildir.] (Bəhcət-ül-Fətava)

Yaxın qohum

Sual: Qadın, ərinin yaxınlarının evdə qalmasına razı olmaq məcburiyyətindədirmi?

CAVAB

Xeyr, ana-atası da daxil, ərinin qohumundan heç kimin evdə olmamasını istəmək qadının haqqıdır. Qadın icazə verərsə, əri məhrəm qohumunu evdə saxlaya bilər. Kişi də xanımının ana, ata və qardaşlarını belə evə almaya bilər, ancaq onları görməsinə və onlarla danışmasına mane ola bilməz. (S.Əbədiyyə)

Mane olarsa kişi günaha girər. Buna baxmayaraq, qadın ərindən icazəsiz yaxınlarını ziyarətə gedə bilməz. Gedərsə, ərinin əmrinə tabe olmadığı üçün o də, günah işləmiş olar.

Evdən qaçan qadın

Sual: Hansı qadına əri nəfəqə vermək məcburiyyətində deyil?

CAVAB

Mürtəd olana, ərinin oğlunu şəhvətlə öpüb hörməti-müsahərəyə səbəb olana, ölüm iddəti gözləyən qadına, bir də ərinin evindən haqsız olaraq qaçıb gedən qadına nəfəqə vermək lazım deyildir. Ərindən qaçan qadına naşizə deyilir.

Atası ölən uşaq

Sual: Atası ölən uşağın nəfəqəsini kim verər?

CAVAB

Kasıb olan kiçik uşağın anası, bacısı və əmisi zəngin olsalar, nəfəqənin üçdə birini anası, yarısını qardaşı, qalanını da əmisi verər. Lakin, bir şəxsin zəngin bir bacısı və ata bir bacısı  və ana bir bacısı varsa, bu şəxsə üç bacı ortaq şəkildə baxar. Nəfəqənin beşdə üçünü bacısı, beşdə birini ata bir bacısı, beşdə birini ana bir bacısı verər, çünki bu şəxs ölsəydi, mirası bu nisbətdə paylaşılardı.

Kiçik uşağın, anası, iki bacısı və əmisi olsa və hamısı zəngin olsa, nəfəqənin altıda bir nisbətində anası və əmisi verər. Qardaşları da altıda iki nisbətində verərlər.

Atası ölən uşağa, varisləri miras miqdarına görə ortaq şəkildə nəfəqə verərlər. Bunlar, nəsəb  [soy] baxımından nikahı əbədi haram olan yeddi adamdır. Bunlardan zəngin olanları, kasıb olan qandan məhrəm qohumlarına ortaq şəkildə baxmağa məcburdur. Məsələn, bir kimsənin dayısı və əmisinin oğlu olsa, onun nəfəqəsini dayısı verər, çünki bu şəxs qadındırsa isə dayısı məhrəmdir. Əmi oğlu isə naməhrəm olar. Naməhrəmin nəfəqə verməsi fərz deyildir. Miras almasa da, nəfəqəni məhrəm verər. 

Qohuma nəfəqə

Sual: Hansı qohuma nəfəqə vermək lazımdır?

CAVAB

Kasıb və işləyəbilməyəcək halda olan qohuma nəfəqə vermək, zəngin olana vacibdir. İşləyəbilən kişi böyük qohuma, kasıb olsalar da nəfəqə verilməz. Kiçik yetim uşaqların və dul qadınların nəfəqələrini vermək, sağlam olsalar da, zəngin qohumuna vacib olar. Kiçik uşaqların anaları və əmiləri olsa, yaxud anaları və qardaşları olsa, bunlar zəngindirsə, uşaqların nəfəqələrini miras nisbətində ortaq verərlər.

Boşanan qadına nəfəqə

Sual: Boşanan qadına əri nə zamana qədər nəfəqə verər?

CAVAB

İddət bitənə qədər nəfəqə verməsi fərzdir. İddət zamanı bitəndə artıq dinən nəfəqə verilməz. Lakin, yetkinlik yaşına çatmamış oğlan uşağı və ya evlənməmiş qız uşağı da varsa, onların nəfəqəsini verməyə davam edər.

Əri zəngin qadın

Sual: Əri zəngin olan qadın oğlundan nəfəqə istəyə bilərmi?

CAVAB

Əri zəngin olan qadın oğlundan nəfəqə istəyə bilməz.

Anaya-ataya kim baxmalıdır?

Sual: Ana-ataya daha çox miras alacaq olan baxmalıdır?

CAVAB

Xeyr. Ana-ataya baxmaq, bunlar öldükdən sonra daha çox miras alacaq olana fərz deyildir. Bunlara daha yaxın olana və onların bir parçası olana fərzdir. Məsələn, oğlunun oğlu ilə qızı olan ana-ataya yalnız qızları baxar. Halbuki mirası qız ilə nəvə yarı yarıya alar. Qızın uşağı ilə qardaşı olana nəvəsi baxar. Halbuki mirasın hamısını qardaş alar. Qızların uşaqlarına heç miras düşməz.

Qadın zəngindirsə

Sual: Qadın zəngin olsa, malı olsa, yenə ərinin ona nəfəqə verməsi lazımdır?

CAVAB

Bəli, qadını öz malını istifadə etməyə məcbur etmək olmaz. Qadın məcbur qalıb malından istifadə edərsə, əri bunların pulunu xanımına ödəmək məcburiyyətindədir.

Nəfəqə üçün

Sual: Əri nəfəqə verməzsə, qadın ərinin evində saxladığı puldan xərcləyə bilərimi?

CAVAB

Yalnız nəfəqə üçün xərcləmək səlahiyyəti vardır. Nəfəqə, yemək, geyim və evdir.

Səfərə çıxa bilməyən qadın

Sual: Əri uzaqda olub ərinin yanına gedə bilməyən qadına nəfəqə verilərmi?

CAVAB

Bəli. Kişi səfərlilik məsafəsi qədər uzaqlıqda olan yerdə isə, yol pulu göndərərək xanımını yanına çağırar, o da məhrəmi olmadığı üçün gedə bilməzsə, qadının nəfəqəsi kəsilməz. Səfər məsafəsi qədər deyilsə və buna baxmayaraq gəlməzsə, nəfəqə vermək lazım deyildir.

Ərini evə buraxmasa

Sual: Qadın, ərini evə buraxmasa, qadına yenə nəfəqə verilərmi?

CAVAB

Ev, qadının mülkü olub, ərini evinə buraxmasa, nəfəqəsi verilməz. Qadın ərinə, məni evə apar, deyərsə, əri də öz evinə aparmasa,  nəfəqəsini kəsə bilməz.

Həccə gedən qadın

Sual: Həccə əriylə gedən qadının yol pulunu da ərinin verməsi lazımdır?

CAVAB

Verməsi lazım deyildir. Versə yaxşı olar.

Kafir ana-ata

Sual: Kafir olan ana, ata, baba, nənə və digər qohuma nəfəqə vermək lazımdırmı?

CAVAB

Kafir olan zi rəhmi-məhrəm qohuma nəfəqə vermək fərz deyildir, lakin, zimmi kafir olan ana-ataya və uşaqlara vermək fərzdir.

Zi rəhmi-məhrəm, qan ilə olan, soydan qohum deməkdir. Bu gün dünyada zimmi kafir olmadığı üçün kafir olan ana, ata və uşaqlara nəfəqə vermək lazım deyildir.

Uzaq dayanan qadın

Sual: Ərindən uzaq dayanan qadına nəfəqə verilərmi?

CAVAB

Ərinin icazəsi ilə xanımı, atasının evində olanda, nəfəqəsi kəsilməz. İcazəsiz getmişsə, nəfəqə vermək lazım deyildir. Ərinin evində özünü təslim etməsə də nəfəqəsini vermək lazımdır.

Ərindən qaçarsa

Sual: Ərindən uzaqlaşıb ayrı bir evdə qalan qadına nəfəqə verilərmi?

CAVAB

Ərindən qaçan qadına nəfəqə verilməz. Geri gələrsə verilər.

Uşağın  nəfəqəsi

Sual: Uşağın nəfəqəsini kim verməlidir?

CAVAB

Kasıb uşağın nəfəqəsini yalnız atası verməlidir. Atası kasıbdırsa, atasına ödətmək üzrə zəngin olan anası verər. Anası da kasıbdırsa, zəngin olan babası verər. Uşaq zəngindirsə, öz malından verilər. 

Oğlan və qız uşaq

Sual: Qız və oğlan uşağına nə zamana qədər nəfəqə verilməlidir?

CAVAB

Oğlan uşağına yetkinliyə çatana qədər nəfəqə verilməlidir. Qız uşaqlarına evlənənə qədər və yetkinliyə çatmış xəstə oğula sağalana qədər atası baxmalıdır. Zəngindirsələr öz mallarıyla baxılar. 

Ana-atanın nəfəqəsi

Sual: Kasıb ana-atanın nəfəqəsini kim verməlidir?

CAVAB

Zəngin olan qız və oğlan uşaqlar eyni miqdarda verməlidirlər. Mirasdan aldıqları paya görə verilməz.

Uşaqların nəfəqəsi

Sual: Ata, yetkinliyə çatmış uşağına nəfəqə verməyə məcburdurmu?

CAVAB

Yetkinliyə çatmış oğlan uşağına nəfəqə verməyə məcbur deyildir. Yetkinliyə çatmayan oğlanın və hər yaşdakı evlənməmiş qızın və ya dul qadının, xəstə, yaxud kor olan böyük oğlunun nəfəqələrini ataları verməyə məcburdur.

Kasıb ana-ataya nəfəqə

Sual: Kasıb övlad, kasıb ana-atasına nəfəqə verməlidir?

CAVAB

Qazancı ilə dolanışığını qarşılaya bilən kasıb övladın, kasıb atasına nəfəqə verməsi fərz deyildir. Kasıb olan ana-atasını öz evinə aparıb, birlikdə yaşayarlar.

Keçmiş zamanın nəfəqəsi

Sual: Qadın öləndə, əri bir neçə il üçün nağd vermiş olduğu nəfəqəni geri ala bilərmi?

CAVAB

Verilmiş olan nəfəqə qadının öz malı olduğu üçün onları geri ala bilməz.

Kasıbın nəfəqə verməsi

Sual: Kasıbın yaxın qohumlarına nəfəqə verməsi lazımdır?

CAVAB

Xeyr, lazım deyildir. Ancaq kasıb ərin xanımına və kasıb atanın kasıb uşaqlarına nəfəqə verməsi fərzdir.

Oğlunun malını satmaq

Sual: Ata, öz nəfəqəsi üçün oğlunun malını sata bilərmi?

CAVAB

Bəli, yalnız nəfəqə üçün sata bilər, ancaq binasını, torpağını sata bilməz. Ana isə, nəfəqə üçün belə oğlunun malını sata bilməz.

Kasıb oğula baxmaq

Sual: Zəngin ata, dini elmlər təhsil edən ağıllı, yetkin və kasıb oğluna baxmağa məcburdurmu?

CAVAB

Bəli.

Ev nəfəqədəndirmi?

Sual: “Ev nəfəqəyə daxil olduğu üçün, evi olmayan bank krediti ilə ev ala bilər” deyilir. Bu ev, Amerika, Çin kimi xarici bir ölkədə olsa yenə nəfəqəyə daxildir?

CAVAB

Xeyr, daxil deyildir. Saleh Müsəlmanların arasında olmayan ev, şəri-məskən sayılmadığı üçün nəfəqə sayılmaz. Çünki kafirlərin içində bidət və fisq [açıqdan günah işləmək] çoxalan yerlərdə yaşamaq caiz deyildir.

Dinini mühafizə üçün hicrət edən [başqa yerə köç edən] Cənnətlə müjdələnmişdir. Bir hədisi-şərif:

“Dinini mühafizə etmək üçün hicrət edən Müsəlmanın Cənnətə girməsinə zamin oluram.” [Hakim]

Bir məhəllədə saleh kimsə qalmayıb, fəsad və bidət artanda, başqa məhəlləyə hicrət etmək və ya belə bir şəhərdən başqa şəhərə hicrət etmək vacib olur. Yəni, fərzdir. Bütün şəhərlərdə Müsəlmanlara hücum edilirsə, başqa İslam ölkəsinə hicrət edilər. İslam ölkəsi də yoxdursa, insan haqlarına riayət edilən, ibadət etmək sərbəst olan qeyri-müsəlman bir ölkəyə məskunlaşmaq lazımdır. Çünki oradan uzaqlaşmazsa, onların arasında olan gələcək bəlaya ortaq olar. Bir ayət məali: 

“Elə bir fitnədən [qeyri-məşru işlərin meydana çıxması, əmri-məruf və nəhyi-münkər etməkdə zəiflik göstərilməsi, birliyin parçalanması, bidətlərin yayılması, dini yaymaqda tənbəllik göstərilməsi kimi günahlardan] çəkinin ki, içinizdən yalnız zülm edənlərin üzərinə düşməklə qalmaz, [ümumiləşər, hər kəsə hər kəsin üzərinə düşər], yaxşı bilin ki, Allahın əzabı çox şiddətlidir.” [Ənfal 25] (Kənzi mahfi)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину