Sual: Qadınların da toy üzüklərini və digər zinətlərini yad insanlara göstərmələri caizdir? Məsələn, xəz dəri və ya sırğasını yadlara göstərə bilərmi? İpək köynək və ipək qalstuk kişiyə caizdirmi?
CAVAB
İpək kişiyə haramdır. Ancaq paltardakı dörd barmaq enindəki ipək lentlər, məsələn, ipək qalstuk caizdir. İpək köynək və ipək paltar kişiyə haramdır. Hədisi-şərifdə buyuruldu ki:
“Qızıl və ipək ümmətimin qadınlarına halal, kişilərinə haramdır.” [Tabərani]
Qızıl və digər bəzək əşyalarından qadınların istifadə etməsi caizdir. Ancaq, ərindən başqasına bəzənməsi caiz deyildir.
Donuz istisna olmaqla, yırtıcı heyvanların dəriləri də tabaqlananda təmiz olur. Bunlarla ikilən paltarları, kürkləri, xəz dərili paltarları kişilərin geyməsi caizdir. (Rədd-ül Muxtar c.5, s.223)
Qadınların özlərinə caiz olan hər növ bəzəklərini yadlara göstərmələri caiz olmadığı kimi, xəz dərilərini də ərindən başqa kimsəyə göstərməsi caiz deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Axır vaxtda ümmətimin qadınları bədənlərini göstərəcək paltarlar geyəcəklər, saçlarını da dəvə hörgüçünə bənzədəcək şəkildə toppuz edəcəklər. Onlar lənətlikdir.” [İbni Hibban]
“Hər kəs baxsın deyə [bəzəkli] paltar geyən, onu çıxardıb atana qədər Allahu təalanın rəhmətindən uzaq olar.” [Tabərani]
Bu hədisi-şərifi İslam alimləri belə açıqlayır:
Camal ilə zinəti [bəzəyi] bir-birinə qarışdırmamaq lazımdır! Camal, çirkinliyi aradan qaldırmaq, vüqarlı olmaq və şükür etmək üçün neməti göstərmək deməkdir.
Nümayiş üçün, öyünmək üçün gözəl geyinmək camal deyil, kibr olur. Nəfsin azğın olduğunu göstərir. Camal isə, nəfsin tərbiyə edilmiş olduğunu göstərir. Camal üçün gözəl geyinmək yaxşıdır. “Allahu təala cəmildir, camal sahiblərini sevər” hədisi-şərifi camal sahibi olmağı bildirir. (Bəhr-ür Raik)
Gözəl paltar geymək müstəhəbdir. İmam Azəm həzrətləri 400 qızıl qiymətində paltar geyərdi. Tələbələrinə də gözəl geyinmələrini əmr edərdi. (Tahtavi)
Camal, çirkinliyə, başqalarının iyrənmələrinə, təhqir etmələrinə səbəb olacaq şeyləri etməmək, bunları izalə yəni yox etməkdir.
Zinət, başqalarını qibtə etdirəcək, onlara üstünlük göstərəcək, öyünəcək şeyləri etməkdir. Bu baxımdan kişilərin ipək xaric, camal niyyətiylə gözəl geyinmələri yaxşıdır. (S.Əbədiyyə)
Qızıl və gümüşü bəzək olaraq taxmaq yalnız qadınlara halaldır. Lakin, bunları məhrəm olmayan kişilərə göstərmələri haramdır. (Rədd-ül-muxtar)
Sual: Qadın və ya kişinin gözəl ətir vurmaları günahdır?
CAVAB
Ətir vuran, yaxşı geyinən, dünya ləzzəti üçün və ya göstəriş, öyünmək üçün yaxud yad qadın və qızlara qəşəng görünmək üçün gözəl geyinərsə, günah işləmiş olar.
Qadının əri üçün özünün dinə uyğun zinətlərini taxaraq, gözəl ətir vuraraq bəzənməsi lazımdır və çox savabdır. Qadınların küçəyə çıxarkən ətir vurmaları haramdır. Qadınların ətir vurması kişiləri cəlb edir. Bir hədisi-şərifdə buyurulur ki:
“Bir qadın cəlb edici ətir vurar və kişilər də ona baxarsa, evinə gələnə qədər Allahu təalanın qəzəbində olar.” [Tabərani]
Bir kimsə, sünnət olduğu üçün gözəl ətir vurar, qəşəng geyinərsə, məscidə hörmət, məsciddə yanına oturan müsəlmanlara əziyyət verməmək, təmiz olmaq, sağlam olmaq, İslamın vüqarını, şərəfini qorumaq üçün niyyət edəndə, hər niyyəti üçün ayrı savablar qazanar. Hər mübah işdə, hətta yeyib-içmədə, yatmada və ayaq yoluna girməkdə belə yaxşı niyyət etməsi lazımdır. Niyyətinə görə sürmə çəkmək də günah və ya savab olar. Bir hədisi-şərifdə, “İnsan gözünün sürməsindən də məsuldur” buyurulur. Müalicə niyyətiylə sürmə çəkmək caizdir. (Bəhr-ür-raiq)
Ətir vurmaqda və digər mübah işlərdə niyyətin əhəmiyyəti böyükdür. Hədisi-şəriflərdə buyuruldu ki:
“Allah üçün ətir vuran müşk kimi ətirləndiyi halda, başqa məqsədlərlə ətir vuran da leşdən daha pis qoxaraq Məhşər yerinə gələr.” [İ.Qəzali]
“Gözəl ətir bədəni bəslər.” [S.Əbədiyyə]
“Dünya nemətlərindən mənə gözəl ətir sevdirildi.” [Nəsai]
“Özünə gözəl ətir ikram edilən, rədd etməsin, alıb vursun!” [Hakim]
Bayram günləri gözəl ətir vurmaq, yeni və təmiz geyinmək, misvaq ilə dişləri təmizləmək, sevindiyini bəlli etmək sünnətdir. Cümə günü də eyni şeyləri etmək lazımdır! Cüməyə gedərkən gözəl ətir vurmaq lazımdır! Mələklər də gözəl qoxudan xoşlanar.
Sual: Kişilərin gümüş və ya digər materialdan olan boyunbağı, bilərzik taxması caizdirmi?
CAVAB
Caiz deyildir. Ancaq romatizm kimi bir xəstəliyi müalicə məqsədiylə istifadə etmək caizdir.
Sual: Qadınların qol saatı taxmaları zinətə sayılır?
CAVAB
Bəli.
Sual: Bəzi bölgələrdə qadınlar ayaqlarına xal-xal deyilən bilərzik kimi bir şey taxırlar. Bunları taxmaq və səsini eşitdirmək caizdir? Dəstəmaz alarkən çıxarmaq şərti ilə dırnaq boyası sürtmək caizdirmi?
CAVAB
Qadınlara hər cür bəzək caizdir. Ancaq yadlara göstərə bilməzlər. Örtülü olaraq taxa bilərlər. Ancaq xal-xalın səsini eşitdirmələri caiz olmaz. Bir ayət məali belədir:
“Gizlədikləri [örtülü] zinətləri bilinsin deyə, ayaqlarını [yerə, bir-birinə] vurmasınlar.” [Nur 31]
Diqqət edilərsə, ayaqdakı örtülü zinət kəliməsi keçir. Yəni, zinətlərin gizlədilməsi lazımdır.
Qoldakı bilərzikləri və əldəki üzükləri də göstərməmək lazımdır. Boyunbağı, xına, sürmə kimi digər zinətlərini də göstərməmək lazımdır. Ayənin başında buna da işarə edilir.
Digər bəzəklər kimi dırnaq boyası da caizdir. Ancaq yadlara göstərilə bilməz. Altına su keçməyəcəyi üçün dəstəmaz və qüsldə boyası təmizləmək lazımdır.
Sual: Bir qadın boyunbağı, nişan üzüyü kimi zinətlərini naməhrəmə göstərsə, rəngli ipək baş ötrüləri geyərək qəşəng bir paltarla gəzsə, dinən zərəri olarmı?
CAVAB
Faydalı Bilgilər kitabında deyir ki:
İmamı Zəhəbi buyurur ki: Kişilərə zinətini göstərən qadınlara, məsələn, qızıl, inci kimi şeyləri örtüsünün üstünə taxan, ətir vuran, rəngli və ipək parça örtünmüş olan, qol ağızları geniş olub qolları görünən və bunlar kimi özlərini kişilərə göstərən qadınlara Allahu təala dünya və axirətdə əzab edəcəkdir. Bu pis əməllər qadınlarda çox olduğu üçün Peyğəmbər əfəndimiz, “Meraca çıxdığım gecə Cəhənnəmdəkilərin çoxunun qadın olduğunu gördüm” buyurdu. (Tirmizi)
Sual: Qadınlar zinətlərini yadlara göstərə bilməz. Burada yad dedikdə yalnız yad kişi, yoxsa qadın da nəzərdə tutulur? Qardaş, ata, qayınata kimi məhrəmlərinə də göstərə bilməz?
CAVAB
Yad dedikdə yad kişi nəzərdə tutulur, qadın deyil. Əmi, dayı, qayınata kimi məhrəm qohuma zinətlərini, saçını və qollarını göstərməsi caizdir. İmam Rəbbani həzrətləri buyurur ki:
“Qadınların ərindən başqasına, kişi və qadın, kim olarsa olsun, yada bəzənmələri caiz deyildir.”
Diqqət edilərsə, bəzənmək ifadəsi keçir. Bəzəyini, zinətini göstərmək ayrı, onlar üçün bəzənmək ayrıdır. Qadının qadına bəzənməsi caiz deyil, amma bəzəklərini göstərməsi caizdir.
Sual: Qadının qadına, camal niyyətiylə bəzənməsi caizdir?
CAVAB
Camal caiz, zinət caiz deyildir, yəni məkruhdur.
Sual: Kişilərin qaşlarını alması və daha yaraşıqlı görünməsi üçün saç əkdirməsi caizdirmi?
CAVAB
Niyyətə bağlıdır. Yeni paltar geymək kimidir. Yəni, müsəlman gözəl geyimli olar, niyyətiylə olarsa caizdir. Qadınlara, qızlara göstərmək niyyətiylə edilərsə caiz olmaz. Nə niyyətlə olursa olsun, qadınların qaşlarını alması, incəltməsi isə haramdır.
Sual: Kişilərin saç əkdirməsi caizdir?
CAVAB
Kişilərin saç əkdirməsi və ya parik taxması günah deyildir. (Hadiqa, Fətavayi kübra)
Sual: Qadın və ya kişinin saç boyatması caizdir, qüslə manedirmi?
CAVAB
Caizdir, qüslə manesi yoxdur. Xına kimidir.
Sual: Dinimizin qadınların saçlarını kəsmədəki hökmü nədir? Kəsilən saçları nə etmək lazımdır?
CAVAB
Qadınlar saçlarını kəsməz, hörgü edər. Qadının saçını qırxması və ya kəsməsi tahrimən məkruhdur. Kişiyə bənzədərək qırxması, təraş etməsi haram olar. Saçını örtməsi çətin və ya fitnəyə səbəb olduğu vaxt, kişilərə bənzətməmək şərti ilə qulaq yumşağına qədər kəsməsi caizdir.
Bir xəstəlikdən dolayı saleh mütəxəssis bir həkim qırxması lazımdır desə, qırxmaq da caiz olar.
Kəsilən saçların bir yerə basdırılması lazımdır. Buna imkan olmazsa, bir paket içinə qoyub suda batması üçün yanına daş qoyaraq dənizə atması lazımdır. Qadınların kəsilən parçaları kişilərə göstərməsi haramdır.
Sual: Qadınların qaşlarını almaları, incəltmələri haramdır, lakin mən qaşlarımı almayanda gözüm ağrıyır. Bu səbəblə qaş aldırmağım caiz olar?
CAVAB
Bəli, belə bir üzrlə caiz olar.
Sual: Qadınlar üçün saçlarını təpədə olduğu kimi, arxaya da, dəvə hörgüçü kimi toppuz etməsi caiz olmazmı?
CAVAB
Bəli, caiz olmaz.
Sual: Bir qadının hormon pozuqluğundan üzündə çıxan tükləri lazerlə yandırtmasında bir zərər vardırmı?
CAVAB
Zərəri yoxdur.
Sual: Qadınların səs çıxartmayan yüksək topuqlar geyməsi caizdir?
CAVAB
Caizdir. Ancaq, uzun topuqla getmək bir az çətin və narahatlıqlara da səbəb olur. Bir də diqqət çəkici şeylərdən uzaq durmaq lazımdır.
Sual: İpək corab, qalstuk, alt paltar, bunlar saf ipək olarsa caiz olarmı?
CAVAB
Caiz deyildir. Yalnız qalstuk 4 barmaq enində isə caizdir.
Sual: İpək geymək kişiyə haramdır, ipək qarışıqlı corab, alt paltarı caizdirmi?
CAVAB
Həqiqi ipək isə, 50 %-dən çox olarsa haramdır, 50 %-dən az olarsa məkruh olar.
Sual: Qadınlar saçlarını boyadır və ya xına yaxırlar ya da müxtəlif dərmanlarla saçlarının rənglərini açdırırlar. Bunlar caizdir?
CAVAB
Caizdir. Ancaq yadlara göstərə bilməzlər. Qadının hər bəzəyi caizdir, yad kişilərə göstərməmək şərti ilə. Amma bəlkə deyəcəksiniz ki, “biz yadlar üçün bəzənirik, evdə bəzənməyə nə gərək var”. Ərə bəzənmək sünnətdir. Yada bəzənmək haramdır.
Sual: Qadın və kişilərin bədəndə alınması lazım olan tüklərini epilyasiya alətiylə və ya başqa alətlə təmizləmələrində bir zərər vardır?
CAVAB
Bir zərər yoxdur.
Sual: Qadınların ayaqlarında olan tükləri, hər hansı bir üsulla almaları uyğundur?
CAVAB
Tənzihən məkruhdur. Əri əmr edərsə alması caiz olar.
Sual: Kişilərin qulaqlarında, burunlarında tüklər olur. Bunları yandırmaqda zərər vardır?
CAVAB
Caizdir.
Sual: Makiyajin nə qədəri qadağandır?
CAVAB
Hamısı qadağandır. Qadının ərindən başqasına gözəl görünməsi caiz deyildir. Ona nə qədər bəzənərsə bəzənsin caizdir, amma yadlara göstərə bilməz.
Sual: Kişilər saçlarının yanlarını və arxalarını qısa, önünü bir az daha uzun kəsdirmələri kərahətsiz caizdirmi? Bəziləri bunun hədisi-şərif ilə mən edildiyini söyləyirlər?
CAVAB
Şaç şəkli adətdir, adətdə bidətin zərəri olmaz.
Sual: Kişiyə caiz olub da qadınların qaşlarını almasının haram olmasının hikməti nədir?
CAVAB
Qadınlar ərlərindən başqalarına bəzənə bilməzlər. Qaş almaları bəzənmək deməkdir. Qadınların qaşlarını almaları, incəltmələri haramdır. Alın, yanaq və çənədəki tükləri almaları caizdir.
Kişilərin isə camal niyyətiylə qaş aldırmaları caiz, bəzək, zinət üçün olarsa onlara da günah vardır, yeni paltar geymək kimi. Yeni paltarı bəzək üçün, göstəriş üçün, lovğalıq üçün, qadınlara qəşəng görünmək üçün geymək günahdır. Camal üçün, yəni Müsəlmanın şərəfini qorumaq üçün olarsa günah olmaz.
Sual: “Zərurət varsa haramlar mübah olar.” Burada zərurət nə deməkdir?
CAVAB
Bəli, zərurət varsa haramlar mübah olar. Lakin, ehtiyacla zərurəti qarışdırmamaq lazımdır. Zərurət, aç, susuz, çılpaq və evsiz qalmaq, mübah heç bir çarə tapa bilməmək deməkdir.
Sual: Gümüş boyunbağı içində olan duaları daşımaq caizdir?
CAVAB
Kişilərin gümüşdən də olsa boyunbağından istifadə etmələri caiz deyildir.
Sual: Qız uşaqlarına xoşlaşdıqları üçün bijüteriya alırıq. Zərəri vardır?
CAVAB
Qız uşaqlarına, bilərzik, boyunbağı, zəncir və sairə hansı mədəndən olarsa olsun zərəri olmaz, şüşə olar, ağac olar, neylon olar, brilyant olar, inci olar, mərcan olar, daş olar, əqiq olar, və s. Lakin, üzük olaraq yalnız qızıl və gümüşdən başqası olmaz.
Sual: Xanımların sünnət niyyətiylə, çölə çıxarkən sürmə çəkmələri uyğundur?
CAVAB
Sağlamlıq baxımından, sünnət deyə çəkə bilər. Mələsən, axşam sürülər, səhər yuyulur. Ancaq, sürmə də makiyajdır. Yadlara qarşı makiyajlı görünmək caiz olmaz. Qadın yalnız ərinə qarşı bəzənər. Evlənmədən əvvəl bəzənmək də caiz olmaz.
Sual: Qadınların qulaqlarını sırğa taxmaq üçün deşdirmələri caizdir?
CAVAB
Caizdir, yəni günah deyildir. Amma deşməmək daha yaxşıdır.
Sual: Bu dəliyin qapanması üçün və ya doğru şeyi etmək üçün, heç taxmasam düzələrmi?
CAVAB
Heç sırğa taxılmazsa, zamanla sırğa dəliyi qapana bilər. Qapanarsa qüslə zərəri olmaz.
Sual: Modaya uymaq caizdir?
CAVAB
Faydalı şeydə modaya uymaq caizdir.
Sual: Kəpənək qalstuk taxmaq uyğundur?
CAVAB
Kəpənək qalstuk da digər qalstuklar kimidir. Kafirlərin haram olmayan adətlərini etməkdə, istifadə etməkdə zərər yoxdur. Belə ki, Peyğəmbər əfəndimizin qolları dar Yunan cübbəsi geydiyi Tirmizi-dəki hədisi-şərifdə bildirilmişdir.(Məvahibi lədünniyyə)
Sual: Toxuma baş örtüsünün kənarını çölə çıxartmaqda dinən zərər vardırmı?
CAVAB
Heç zərəri yoxdur.
Sual: Qadının iki qaşının birləşdiyi yerdəki tükləri alması caizdirmi?
CAVAB
Bəli.
Sual: Süni məxmər, məxmər kimi zinətə aitdir?
CAVAB
Bəli.
Sual: Müasir insanlar mühitində, qadın, ətək-pencək geyə bilərmi?
CAVAB
O mühitdə geyə bilər.
Sual: Aldığım manto donuz dərisi imiş. Satmağım caizdir?
CAVAB
Donuz dərisini satmaq caiz deyildir. Müsəlman olmayana satmaq bir qövlə görə caizdir.
Sual: Qadına bənzəmək üçün saç uzatmaq, Buddistə bənzəmək üçün saç qırxmaq, Fidel Kastroya bənzəmək üçün saqqal buraxmaq haramdır
CAVAB
Təhrimən məkruhdur.
Sual: İki qaşı fərqli qadın, bir-birinə uyğun olması üçün boyasa caiz olar?
CAVAB
Bəli.
Sual: Qadınların bot və ya çəkmə geymələri uyğundurmu?
CAVAB
Zinət olduğu üçün uyğun deyildir. Amma ayağında rematizm kimi bir xəstəlik varsa və ya ayaqları normal ayaqqabı ilə üşüyürsə, o vaxt bot və çəkmə geyə bilər isə də, yenə yadlara göstərməməsi lazımdır. Əgər bot və çəkmə görünmürsə, zərəri olmaz.
Sual: Kişilərin gözlərinə sürmə çəkməsi caizdirmi?
CAVAB
Kişilərin bəzək, zinət üçün sürmə çəkmələri caiz deyildir. Lakin, müalicə məqsədilə sürmə çəkmələri caizdir. Kirpiklərin tökülməməsi, gözlərin qüvvətlənməsi üçün sürmə çəkmək yaxşıdır. [Sürmə, göz qələmi deyilən boyalardan fərqlidir. Əttarda olur. Bəzi hacılar, Hicazdan gələrkən sürmə də gətirirlər.]
Sual: İpək əşyanın haram və caiz olduğu yerlər hansılardır?
CAVAB
Alt və üst paltar olaraq ipək geymək haram, qadınlara hər növ ipək əşya caizdir. Döyüşdə ipək geymək caizdir. Hədisi-şərifdə buyuruldu ki:
“Qızıl və ipək, qadına halal, kişiyə isə haramdır.” [Tabərani]
İpək kəfən və tabutu ipəklə örtmək haramdır. İpək süfrə örtüsü və ipək yorğan caiz deyildir.
Oğlan uşağına ipək geydirmək məkruhdur. İpəkdən süfrə salfeti, alt paltarı və araqçın məkruhdur. Paltardakı dörd barmaq enindəki ipək zolaqlar və dörd barmaq enindəki ipək qalstuk caizdir. Süni ipək, yataq tülü, dəsmal, təsbeh ipi, çanta, mushaf örtüsü və boxçanın ipəkdən olması caizdir. Divara ipək xalça asmaq bəzək üçün olmazsa caizdir. İpək xalçaya oturmaq və ipək səccadədə namaz qılmaq caizdir.
Əshabi-kiramdan Həzrəti Zübəyr və Həzrəti Abdurrahmanın ipək geymələrinə icazə verilməsi, tək bunlara məxsusdu. Arfəcə ibn Sad həzrətlərinə də, qızıl burun taxması üçün icazə verilməsi, yalnız ona məxsusdu.
Sual: Qadınların, şüşə, neylon, tunc, düyü, platin, mis və digər mədənlərdən zinət olaraq bilərzik və boyunbağı taxmaları caizdir?
CAVAB
Bəli, caizdir. Bu maddələrdən edilmiş üzükləri taxmaq qadınlara da haramdır. Yadlara göstərməmək şərti ilə yalnız qızıl və gümüş üzük taxmaq qadınlara caizdir. Kişinin qızıl üzük taxması haramdır. (İbni Abidin, Məvahibi lədünniyyə)
Sual: Qadınların saçlarını bir yerə yığaraq başda, boyunda dəvə hörgüçü kimi toppuz etmələrini qadağan edən hədisi-şərif hansı kitabda yazılıdır?
CAVAB
Bəriqa və Hadiqada vardır. Müslim, Muvatta və sairədə vardır. Bəlkə məzhəbsizlərə sənəd olar deyə yazırıq. Məzhəbsiz Yusif Qərdavinin “Əl-halal vəl-haram...” kitabında da yazılıdır. Qərdavi deyir ki:
“Örtülü çılpaq və başları dəvə hörgüçü kimi yüksəltmiş qadınlar Cənnətə girməyəcək. Qoxusunu belə hiss etməyəcəklər. Halbuki, Cənnətin qoxusu çox uzaqlardan hiss ediləcəkdir” hədisi-şərifi qadınların incə, şəffaf və ya dəriyə yapışıq dar paltar, baş örtüsü ilə örtünmələrini və saçlarını, başlarının üstündə yığma, toppuz etmələrini qadağan edir.
Ətir vurmaq
Sual: Qadınların ətir vuraraq küçəyə çıxması caiz olmadığı kimi, kişilərə caizdir? Babam cümə günləri məscidə gedərkən ətir vurur, caiz deyilmi?
CAVAB
Kişilərin sünnətə riayət etmək, din qardaşı kişilərə gözəl iy vermək niyyətiylə ətir vurmaları caizdir. Qadınlara gözəl iy vermək niyyətiylə olursa, caiz olmaz.
Sual: Köynəyin qolundakı düymələrin qızıldan olması caizdir?
CAVAB
Xeyr. Çünki qızıl zinətdir.
Əri üçün bəzənmək
Sual: Yeni evləndik. Ərim müğənni qadınlarla işləyir. Ərimin onlara həvəs salmaması üçün ərə bəzənmək caiz olduğuna görə, mən də makiyajdan istifadə edirəm. Bu makiyajlı halımla çölə də çıxıram. Günah olurmu? Günahsa yalnız mənəmi, yoxsa ərimə də günah olurmu?
CAVAB
Əgər əriniz harama baxmaqdan çəkinmirsə, nə qədər gözəl olsanız olun, nə qədər bəzənərsəniz bəzənin, hətta dünyanın ən gözəl qadını siz olsanız belə, yenə o, çirkin birinə baxa bilər. Çünki insanın nəfsi haramlardan xoşlanar, qidası haramlardır. Onun üçün əvvəl nəfsin tərbiyəsi lazımdır. Haramların atəş olduğunu bilən, xanımı çox çirkin olsa da harama baxmaz.
Çölə makiyajlı çıxmaq haramdır. Mübah olsa da, yəni evdə də etsəniz, makiyaj ərinizin harama baxmasına mane ola bilməz. Bu, yalnız özümüzü aldatmaq olar. Makiyajlı olaraq çölə çıxan qadından əri də, sözü keçən digər ailə böyükləri də məsul olar. Qoldakı bilərzikləri və əldəki üzükləri, boyunbağı, xına, sürmə, tonal krem kimi digər zinətləri də göstəməmək lazımdır. Bəzənib, ətir vuraraq küçəyə çıxmaq günahdır. Bir hədisi-şərif məali belədir:
“Bir qadın ətir vurub çölə çıxar və qoxusunu hiss etdirmək üçün bir camaat yanından keçərsə, ona baxana da, özünə də zina günahı [göz zinası] yüklənər.” [Nəsai]
Gümüş nişan
Sual: Gümüş nişan taxmaq caizdirmi?
CAVAB
Bəli.
Sual: Bir kişi sağlamlıq üçün zərəri olmaz deyərək, boynuna taxdığı duaya ip olaraq qadınların istifadə etdiyi inciləri taxır. Başqa bir gənc də qızıl zəncir boyunbağından dua ipi olaraq istifadə edir. Kişiyə inci və qızıl boyunbağı taxmaq haram deyilmi?
CAVAB
Bəli, haramdır. Qızıl, gümüş, inci mərcan kimi şeylər, qadınlara caizdir. Ancaq onlar da bu zinətləri yad kişilərə göstərə bilməzlər.
Kişilərin boyunbağı olaraq inci və ya qızıl zəncirdən istifadə etmələri caiz deyildir. Gümüş, mis və ya başqa mədəndən boyunbağı taxmaları da caiz olmaz. Sağlamlıq üçün mis boyunbağı, mis bilərzik və ya başqa mədən taxmaq caiz olar. Bu ifadədən boyna taxılan duanın ipinin inci, qızıl və ya başqa mədəndən olmasının caiz olduğu aydın olmaz.
Burna, gözə, dişə taxılan bəzəklər
Sual: Qadınların burnuna sırğa, gözə rəngli linza və ya dişə rəngli daş taxmaları zinət sayılırmı? Qüslə mane olarmı?
CAVAB
Bəli, zinət sayılar. Gözü zəif olanlar rəngli linza yerinə rəngsiz linza taxması lazımdır. Linza qüslə mane olmaz, çünki gözün içini yumaq fərz deyildir, lakin dişə taxılan daş qüslə manedir. Qüslə mane olmaması üçün, Maliki məzhəbini təqlid etmək lazımdır. Sırğalar iki növdür: birincisi, sırğa kimi burna halqa olaraq taxılır. Bunlar sərbəst şəkildə, sırğa kimi olub qüslə mane olmaz. Bir də, burna iynə kimi batırırlar. Bunların altına su keçməyəcəyi üçün, dörd məzhəbdə də qüslə mane olar. Məzhəb təqlidinə də imkan olmadığı üçün çıxarmaqdan başqa yolu yoxdur. Əgər dəstəmazda və qüsldə çıxarma imkanı varsa, dəstəmaz və qüsl baxımından problem olmaz, amma zinət olduğu üçün ilişməsi caiz olmaz.
Qadının qadına bəzənməsi
Sual: S.Əbədiyyədə, “Qadının qadına bəzənməsi caiz deyildir” buyurulur. Buradakı bəzənmək nədir? Nə edilərsə bəzənmək sayılar?
CAVAB
Bəzək, zinət deməkdir. Qadının digər qadınlar üçün dəbdəbəli paltar geyinməsi, dekolte paltarla oturması, zinətlərini görünüş yerlərə taxması, saçlarını düzəlməsi və boyatması qadının bəzənməsidir. Bunları xüsusilə qadınlar üçün etmək caiz olmaz.
Əqiq üzük taxmaq
Sual: Qadın və kişi, hamısı əqiq olan üzük taxa bilərmi?
CAVAB
Qadına da, kişiyə də əqiq üzük caiz deyildir, fəqət çətinliyi aradan qaldırmaq üçün müalicə məqsədilə, qadının da kişinin də əqiq üzük taxmaları caiz olar. Ancaq qadınların, küçədə üzüklərini göstərmələri caiz olmaz.
Sırğa taxmaq
Sual: Qadınların burunlarına brilyant, qızıl və ya gümüş taxmaları caizdirmi?
CAVAB
Caiz deyildir.
Gümüş zəncir
Sual: Cib saatının zəncirinin gümüş olması caiz ikən, kişinin boynuna taxdığı duanın ipinin gümüş zəncir olması nə üçün caiz deyildir?
CAVAB
Gümüş zənciri boyunbağı olaraq taxmaq caiz olmur. Boyunbağı taxmaq, bənzəmək niyyəti olmasa belə qadınlara bənzəmək olur. Müalicə niyyətiylə mis və ya başqa metal boyunbağı taxmaq caiz olar.
Xəz və məxmər
Sual: Qadınların dəri, xəzli manto və ya məxmər geyməsi caizdir?
CAVAB
Dar və bədənə yapışıq olmazsa, dəri paltar caizdir. Xəz və məxmər zinətə girər, caiz olmaz. Bir hədisi-şərif:
“Bir qadın gözəl ətir vurub [xəz və məxmər kimi] cəlb edici gözəl paltarlar geyərək bir topluluğun qarşısından keçsə, zina etmiş kimi günaha girər.” [İbni Hibban]
Alınmış belə paltarları başqalarına satmaq caiz olar.
Rəsm şəklində sırğa
Sual: Hər hansı bir heyvan şəklində sırğa və ya boyunbağı taxmaq caizdirmi?
CAVAB
Caiz deyildir.
Köynəyin qol düyməsi
Sual: Qalstuku tutdurmaq üçün qalstuk iynəsi taxmaq, köynəyə qol düyməsi keçirmək və pencəyə nişan taxmaq caizdirmi?
CAVAB
Qızıldan başqası caizdir.
Saçları boyamaq
Sual: Oxuduğum bir hədisi-şərifə görə ərinə gözəl görünmək üçün qadın saçını boyada bilər. Saçını əri üçün boyadıb, başqalarına da göstərmək günahdır? Hər rəngə boyada bilərmi?
CAVAB
Yad kişilərə göstərməmək şərtiylə, özünün və ya ərinin istədiyi hər rəngə boyada bilər.
Makiyaj üzün dərisini xarab edir
Sual: Anamdan yaşca kiçik olan xalam çox makiyaj edir. Anam, yadlara bəzənməyin caiz olmadığını bildiyi üçün makiyaj etmir. Xalam ona, “Sən özünə baxmırsan” deyir. Amma anamın üzü çox yumşaq və gözəldir. Xalamın üz dəriləri sərtləşib çirkinləşmişdir. Görəsən makiyajın bir zərəri varmı?
CAVAB
Bu mövzuda gözəllik mütəxəssisləri deyir ki:
Pudra, dodaq boyası və digər boyalardan istifadə edən qadınların dəriləri aşınar, sərtləşər, daha tez çirkinləşər, qarın kimi büzülər. Bu büzülməni aradan qaldırmaq üçün hər səhər ayna qarşısında makiyaj etmək məcburiyyətində qalar. Makiyaj olmazsa, üzü çox çirkin görünər, lakin, makiyaj da onun üzünü daha çox pozar. Makiyaj etməyən qadın qocalsa belə, onun üz dərisi yumşaq olar.
Dinimizə görə də makiyaj uyğun deyildir.
В корзине: 0 шт.
на сумму: 0