Facebook Twitter WhatsApp

Kitablara inanmaq

   Və kütübihi: Allahü təalanın endirdiyi kitablara inandım deməkdir. Allahü təala bu kitabları bəzi Peyğəmbərlərə Cəbrail adlı mələklə vəhy edərək, yəni oxudaraq, bəzilərinə isə mələksiz eşitdirərək endirdi. Hamısı Allahü təalanın kəlamıdır. Əzəli və əbədidirlər. Məxluq deyildirlər. Hamısı haqdır. Səmavi kitablardan bizə bildirdikləri yüz dörddür. Bunlardan on suhuf Adəm-əleyhissəlama, əlli suhuf Şit-əleyhissəlama, otuz suhuf İdris-əleyhissəlama, on suhuf İbrahim- əleyhissəlama, “Tövrat” Musa-əleyhissəlama, “Zəbur” Davud-əleyhissəlama, “İncil” İsa-əleyhissəlama, “Qurani-Kərim” Muhamməd əleyhissəlama enmişdir.
   Allahü təala, insanların dünyada dinclik içində yaşaması, axirətdə sonsuz səadətə qovuşmaları üçün ilk insan və ilk Peyğəmbər olan Adəm-əleyhissəlamdan son Peyğəmbər Muhamməd əleyhissəlama qədər bir çox Peyğəmbər vasitəsilə kitablar göndərmişdir. Bu kitablarda iman və ibadət əsaslarını açıqlamış, insanların möhtac olduqları hər mövzuda məlumat verilmişdir.

   Bunlardan Qurani-Kərim son ilahi kitabdır. Qurani-Kərimin göndərilməsindən sonra digər bütün ilahi kitabların hökmləri qüvvədən düşmüşdür. Cəbrail-əleyhissəlam Qurani-Kərimi Muhamməd əleyhissəlama iyirmi üç il ərzində endirmişdir. Qurani-Kərim 114 surə, 6236 ayətdən ibarətdir. Bu rəqəmin bəzi kitablarda dəyişik verilməsi bir uzun ayətin bir neçə ayət sayılmasındandır. Çünki Qurani-Kərim endirildiyindən bəri heç bir dəyişikliyə məruz qalmamış, bundan sonra da qalmayacaq. Qurani-Kərim Allahü kəlamıdır. Belə bir kitabın insanlar tərəfindən yazılması mümkün deyil. Bir ayətə belə oxşar bir şey söyləmək mümkün olmamışdır.

   Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” axirətə təşrif etdikdən sonra birinci xəlifəsi Əbu Bəkri Sıddıq “radıyallahü anh” Qurani-Kərimin ayətlərini bir yerə topladı. Beləcə də bir Mushaf (kitab) meydana gəldi. Əshabi-kiramın hamısı bu mushafın Allahü kəlamı olduğunu söz birliyi ilə bildirdilər. Üçüncü xəlifə Osman “radıyallahü anh”, bu mushafdan altı ədəd də yazdırıb bəzi vilayətlərə göndərdi. Qurani-Kərimi əsli ilə oxumaq lazımdır. Başqa hərflərlə yazılmış olanlara Qurani-Kərim deyilməz.
  a) Mushafı ələ alarkən dəstəmazlı olmaq, qibləyə tərəf oturmaq, diqqətlə oxumaq lazımdır.
  b) Ağır-ağır, huşu ilə oxunmalıdır.
  c) Mushafa baxaraq, hər ayətin haqqını verərək oxunmalıdır.

  d) Təcvid qaydalarına uyğun oxunmalıdır.
  e) Oxuduğunun Allahü kəlamı olduğunu düşünməlidir.
  f) Qurani-Kərimin əmr və qadağalarına uymalıdır.