Facebook Twitter WhatsApp

Məhrəmsiz səfərə çıxmaq

Sual: Qadın Şafii məzhəbini təqlid edərək məhrəmsiz səfərə gedə bilərmi?

CAVAB

Şafii məzhəbində də qadın məhrəmsiz səfərə [üç günlük yola] gedə bilməz. Digər məzhəblərdə də məhrəmsiz səfərə gedə bilməz. Çünki hədisi-şərifdə buyurulur ki:

Allaha və axirət gününə inanan bir qadının yanında əri və ya məhrəmi olmadan üç günlük və daha artıq bir yola səfərə çıxması halal olmaz. [İbni Macə]

Sual: Bəzi xanımlar, məsələn, Şəkidən Bakıya yanlarında məhrəmləri olmadan gedib-gəlirlərmiş. Bu mövzuda Şafii məzhəbini təqlid edirlərmiş. Belə bir şeyin əsli vardırmı?

CAVAB

Belə bir şeyin əsli yoxdur. Şafii məzhəbində də qadınlar məhrəmsiz səfərə çıxa bilməzlər. Sadəcə fərz olan həccə gedə bilərlər. Bu mövzuda da təqlid etmək caiz olmaz.

Şəkidəki xanımlar məhrəmsiz Bakıya gəlib-gedə bilməzlər. Tam Elmihalda deyilir ki:

Hürr qadının zövcü və ya əbədi məhrəm qohumundan biri yanında olmadan, yalnız və ya başqa qadınlarla, yaxud ağıllı, həddi büluğa çatmış və saleh olmayan məhrəmi ilə üç günlük yola getməsi [üç məzhəbdə] haramdır. Şafii məzhəbində qadınlar ilə məhrəmsiz fərz olan həccə gedə bilər. (Qadın mürahiq olan, yəni həddi büluğa yaxınlaşmış, on iki yaşındakı məhrəmi ilə səfərə gedə bilər). Qadihanda deyilir ki, “Qadın saleh camaat ilə səfərə gedə bilər”. [Bu iki qövl zərurət halında caiz olur.]

Bir qadın üç günlük səfərə ancaq əri ilə, fasiq olmayan əbədi məhrəm qohumu ilə və ya [ehtiyac halında] mürahiq oğlan uşağı ilə gedə bilər. Fasiq olan məhrəmi ilə səfərə çıxa bilməz. Saleh məhrəmi yoxdursa, zərurət halında tək başına çıxmaqdansa, fasiq məhrəmiylə çıxmaq daha doğru olar. [Mürahiq 12 yaşı tamam olmuş, hələ baliğ olmamış uşaq deməkdir. Məhrəm, qardaş, əmi, dayı kimi yaxın qohum deməkdir.]

Deyək ki, siz xanımınızı Lənkərana aparıb, özünüz qayıtdınız. Daha sonra o, ərinin yanına, yəni sizin yanınıza münasib nəqliyyat vasitəsilə məhrəmsiz gələ bilər.

Sual: Yaşlı qadın tək başına səfərə çıxa bilərmi?

CAVAB

Çıxa bilər. Amma fitnə zamanında çıxmamalıdır.

Sual:  Yaşlı qadın 55 yaşından böyük olandırmı?

CAVAB

Bəli.

Sual: Mükim xanım başqa şəhərdəki zövcünün və ya məhrəminin yanına məhrəmsiz gedə bilərmi?

CAVAB

Mükim gedə bilməz. Səfərdəki xanım gedə bilər.

Sual: Bir qızın bacısı və yeznəsiylə səfərə çıxması caizdirmi?

CAVAB

Zərurət halında caizdir.

Sual: Qadın ana-atasının yanına Naxçıvana getmək üçün Bakıdan tək başına təyyarə ilə gedə bilərmi? Heyz ikən gedə bilər deyə bir şey vardırmı?

CAVAB

Gedə bilməz. Heyz ikən də gedə bilməz. Naxçıvandadırsa, Bakıya ərinin yanına gələ bilər.

Sual: Qadın səfərdən tək başına nə zaman qayıda bilər?

CAVAB

Zövcünün, məhrəminin olduğu hər yerə tək qayıda bilər. Tənha olmaması da lazımdır.Yəni, münasib bir nəqliyyat vasitəsilə gəlməlidir.

Sual: Çox yaşlı qadın məhrəm olmayan qohumunu ziyarət üçün çox yaşlı kişi ilə səfərə çıxa bilərmi?

CAVAB

Bəli.

Sual: Xanımım tək başına Gəncədən Sumqayıta gedəcək. Heyz halında səfərə çıxır. Sumqayıtda səfəri olurmu?

CAVAB

Yanında əri və ya məhrəmi olmayan heyz qadının səfər niyyəti ilə yola çıxması əsassızdır. Yəni, Sumqayıtda səfəri ola bilməz. Təmizləndikdən sonra 104 kilometr daha getmədən öncə qaldığı yerdə səfəri ola bilməz. Əgər Sumqayıtdan təmiz çıxıb Gəncəyə geri dönsə, çıxdığından etibarən səfəri olur. Gəncə vətəni-əslisi deyilsə və orada 15 gündən az qalarsa Gəncədə də səfəri olar. Gəncə vətəni-əslisidirsə orada çox az qalsa belə səfəri olmaz.

Heyzlinin səfəri olması

Sual: Yanında əri və ya məhrəmi olmayan heyz qadın səfərə çıxsa, sonra hələ səfərdəykən heyzi bitsə, səfəri olduğu üçün namazlarını qısalda bilərmi?

CAVAB

Belə bir qadının səfəriliyi keçərsizdir. Təmizləndikdən sonra səfəri uzaqlığındakı yerə getməyə qərar verib yola çıxarsa, o zaman səfəri olar. Fiqh kitablarında deyilir ki:

Yanında əri və ya məhrəmi olmayan heyz qadın uzun yola çıxarsa, səfəri ola bilməz. Heyz bitdikdə olduğu yerdən üç günlük yola gedərsə, ancaq o zaman səfəri olar. (S. Əbədiyyə)

Səfərə çıxan heyz qadın təmizləndikdə çatmaq istədiyi yerə üç gündən az bir məsafə qalsa, bu qadın səhih qövlə görə namazlarını tam qılar. (Hələbi)

Hələbi kitabındakı bu ifadədə də səfərdəki heyz qadının gedəcəyi yerdə üç gündən az qalarsa, səfərilik hökmü keçərli olmur, namazlarını tam qılar deyilir.

Heyzli bir qadın təmizlənib, çatacağı yerə iki günlük məsafə qalarsa, səhih qövlə görə, büluğa çatmış uşaq kimi namazlarını tam qılar. (Dürrül-muxtar)

Dürr-ül-muxtar kitabındakı bu ifadədə də səfərdəki heyz qadın gedəcəyi yerə üç gündən az qalarsa səfəri sayılmadığı üçün namazlarını tam qılar deyilir. Səfərdə ikən büluğa çatmış uşaq da üç günlük yola getmədən səfəri olmaz deyilir.

Məhrəmsiz səfərə çıxmaq

Sual: Vətəni-əslim Ağdaşdır. Ailəm Bakıda qalır. Həyat yoldaşım bayrama yaxın məni Qobustana qədər gətirib, “Buradan Bakıya tək gedə bilərsən, çünki səfərilik məsafəsindən azdır” desə, Bakıya qədər məhrəmsiz getməyim caizdirmi? Bakıda 15 gündən az qalacağıma görə səfəri olurammı, qurban kəsməyim vacibdirmi?

CAVAB

Qobustan-Bakı arası səfərilik məsafəsindən az olduğu üçün məhrəmsiz gedə bilərsiniz. Ancaq Ağdaşdan Bakıya getmək niyyətilə yola çıxdığınız üçün səfərisiniz. Səfəri olduqda qurban kəsməniz vacib olmaz, amma kəssəniz yaxşı olar, savab olar.

Qadının tək başına yola çıxması

Sual: Bir qadın, tək başına qısa və ya uzun səfərə çıxa bilərmi?

CAVAB

Tam Elmihalda buyurulur ki:

Əbədi məhrəm qohumundan biri və ya zövcü yanında olmayan qadının üç günlük yola getməsi caiz deyildir. İmam Azam Əbu Hənifədən və imam Əbu Yusifdən (rəhmətullahi təala aleyhimə) gələn xəbərə görə hürr qadının bir günlük yerə məhrəmsiz getməsi məkruhdur. Bir gündən az məsafəyə saleh kişilər arasında məhrəmsiz gedə biləcəyi “Fətavayı-Hindiyyə” beşinci cilddə yazılıdır.

Qadının səfərə çıxması

Sual: Bir qadın səfər uzaqlığındakı, yəni 104 km-lik bir yerə tək başına təyyarə ilə və ya avtobusla gedə bilərmi?

CAVAB

Tam Elmihalda buyurulur ki:

“Bəriqə” “Hədiqə” kitablarında deyilir ki, “Hürr qadının zövcü və ya əbədi məhrəm qohumundan biri yanında olmadan tək və ya başqa qadınlarla, yaxud ağıllı, baliğ və saleh olmayan məhrəmi ilə üç günlük yola getməsi [üç məzhəbdə] haramdır. Şafii məzhəbində qadınlar ilə məhrəmsiz fərz olan həccə gedə bilər.” “Hindiyyə”də nəfəqə bəhsində və “Taxtavi”, “Dürrül-muxtar”“Dürrül-müntəqə”də həcc bəhsində deyilir ki, “Qadın mürahiq olan, yəni büluğa yaxınlaşmış, on iki yaşındakı məhrəmi ilə səfərə gedə bilər”. “Qadixan” da deyilir ki, “Qadın saleh camaat ilə səfərə gedə bilər”. [Bu iki qövl zərurət halında caiz olar.] “Məcəllə”də 986-cı maddədə deyilir ki, “Sinni-büluğun məbdəyi, kişidə on iki və qızda doqquz yaşlarının tamam olmasıdır. Müntəhası ikisinin də on beş yaşdır. On beş yaşını keçdikdə baliğ (həddi buluğda) sayılırlar.

On iki və doqquz yaşlarının tamamında baliğ olmamış uşağa “Mürahiq” deyilir”.

Qadın səfərdən qayıda bilər

Sual: Bir qız və ya evli qadın tək başına səfərə çıxa bilmir, lakin səfərdən qayıda bilir. Haralara qayıda bilər?

CAVAB

Sadəcə davamlı iqamət etdiyi yerə qayıda bilər. Çünki oraya gəlib orada yaşamaq məcburiyyətindədir. Orada ya əriylə və ya atasıyla qalır, ya oğlu, qardaşı, əmisi, dayısı kimi bir məhrəmiylə qalır. Yaxud məhrəm qohumu yoxdur, tək qalır. Bura davamlı qaldığı yer olduğu üçün buradan məhrəmsiz səfərə çıxa bilməzsə də, buraya qayıda bilər.

Qayıdarkən səfəri və ya mükim olmasının əhəmiyyəti yoxdur. Məşru (dinə uyğun) şəkildə səfərə çıxmışdır. Orada altı ay, bir il qalmışdır, saleh bir camaat və ya mürahiq bir məhrəmi də yoxdursa, əmin bir nəqliyyat vasitəsilə qayıda bilər.