Facebook Twitter WhatsApp

Namazdakı Üstünlüklər

    İmamı Rabbani “rahmətullahi aleyh” “Məktubat” kitabının birinci cild, 261-ci məktubunda buyurur ki:

    Bu hissəsi mütləq bilinməlidir ki, namaz İslamın beş şərtindən ikincisidir. Bütün ibadətləri özündə cəmləmişdir. İslamın beşdə bir parçası olsa da, bu toplamasından dolayı, təkbaşına müsəlmanlıq demək olmuşdur. İnsanı Allahü təalanın sevgisinə qovuşduran işlərin birincisi olmuşdur. Aləmlərin Əfəndisi və Peyğəmbərlərin “aləyhi və aləyhimüssaləvatü vəssəlam” ən üstünü olana mirac gecəsi, Cənnətdə nəsib olan rüyət şərəfi dünyaya endikdən sonra dünyanın halına uyğun olaraq, özünə yalnız namazda nəsib olmuşdur. Buna görə də: “Namaz möminlərin miracıdır” buyurulmuşdur. Bir Hədisi-şərifdə, “İnsanın Allahü təalaya ən yaxın olması namazdadır” buyurulmuşdur. Onun yolunda, tam izində gedən böyüklərə o rüyət dövlətindən bu dünyada böyük pay yalnız namazda olur. Bəli, bu dünyada Allahü təalanı görmək mümkün deyildir. Dünya buna əlverişli deyildir.  Lakin ona tabe olan böyüklərə namaz qılarkən rüyətdən bir şeylər nəsib olur. Namaz qılmağı əmr buyurmasaydı, məqsədin, qayənin gözəl üzündən pərdəni kim qaldırardı? Aşiqlər məşuqu necə tapardı? Namaz kədərli ruhlara ləzzət verəndir. Namaz xəstələrin rahat edənidir. Ruhun qidası namazdır. Qəlbin şəfası namazdır. “Ey Bilal, məni fərəhləndir!” deyə azan oxumasını əmr edən Hədisi-şərif bunu göstərir,“Namaz qəlbimin nəşəsi, gözümün bəbəyidir” hədisi-şərifi bu arzunu işarət edir. Zövqlər, vəcdlər, bilgilər, bacarıqlar, məqamlar, nurlar, rənglər, qəlbdəki təlvinlər və təmkinlər, anlaşılan və anlaşıla bilməyən təcəllilər, sifətli və sifətsiz zühurdan hansı namaz xaricində hasil olarsa və namazın həqiqətindən bir şey anlaşıla bilməzsə, bu hasil olanlar həmişə zildən, əksdən və surətdən meydana gəlmişdir. Bəlkə də vəhm və xəyaldan başqa bir şey deyildir. Namazın həqiqətini anlamış olan bir kamil namaza durunca, sanki bu dünyadan çıxıb axirət həyatına girər və axirətə məxsus olan nemətlərə qovuşur. Araya əks, xəyal qarışmadan, əsldən həzz və pay alar. Çünki dünyadakı bütün kəmalat, nemətlər zildən, surət və görünüşdən hasil olur. Zil, görünüş arada olmadan, doğruca əsldən hasil olmaq axirətə məxsusdur. Dünyada əsldən ala bilmək üçün mirac lazımdır. Bu mirac möminin namazıdır. Bu nemət yalnız bu ümmətə məxsusdur. Peyğəmbərlərinə tabe olmaq sayəsində buna qovuşurlar. Çünki bunların Peyğəmbəri “sallallahü aləyhi və səlləm” Mirac gecəsi dünyadan çıxıb axirətə getdi. Cənnətə girdi və rüyət səadəti, neməti ilə şərəfləndi. Ya Rəbb! Sən o böyük Peyğəmbərə “sallallahü aləyhi və səlləm” bizim tərəfimizdən Onun böyüklüyünə yaraşan yaxşılıqları ehsan et! Bütün Peyğəmbərlərə də “ala nəbiyyina və aləyhimüssaləvatü vəttəslimat” xeyirlər, yaxşılıqlar ver ki, onlar insanları səni tanımağa və razılığına qovuşmağa çağırmış və bəyəndiyin yolu göstərmişdir.

    Təsəvvuf yolunda olanların bir çoxu, özlərinə namazın həqiqəti bildirilmədiyi və ona məxsus kəmalat tanıdılmadığı üçün dərdlərinin dərmanını başqa  şeylərdə axtardı. Məqsədlərinə qovuşmaq üçün başqa  şeylərə sarıldı. Hətta bunlardan bəzisi namazı bu yolun xaricində, məqsəd ilə əlaqəsiz sandı. Orucu namazdan üstün bildi. Namazın həqiqətini anlaya bilməyənlərdən bir çoxu da, iztirablarını təskin və ruhlarını fərəhləndirməyi, sima və nəğmədə, yəni musiqidə, vəcdə gəlməkdə, özündən keçməkdə axtardı. Məqsədi, məşuqu, musiqi pərdələrinin arxasında sandı. Bunun üçün rəqsə, dansa sarıldılar. Halbuki “Allahü təala haramda şəfa təsiri yaratmamışdır” hədisi-şərifini eşitmişdilər. Bəli, boğulmaqda olan bir xam üzgüçü hər saman çöpünə yapışar. Bir şeyin eşqi aşiq olanı kar və kor edər. Bunlara əgər namazın kəmalatından bir şey daddırılmış olsaydı sima və nəğməni ağızlarına almaz, vəcdə gəlməyi xatırlarına belə gətirməzdilər.

   Ey qardaşım! Namaz ilə musiqi arasında nə qədər uzaqlıq varsa, namazdan hasil olan kəmalat ilə musiqidən hasil olan təəssür də bir-birindən o qədər uzaqdır. Ağılı olan bu qədər işarətdən çox sey anlayar.

   İbadətlərdən zövq hiss etmək və bunların yerinə yetirilməsi insan üçün çətin gəlməməsi Allahü təalanın ən böyük nemətlərindəndir. Hələ namazın dadını hiss etmək nəhayətə çatmayanlara nəsib olmaz. Hələ fərz namazların dadını almaq ancaq onlara məxsusdur. Çünki nəhayətə yaxınlaşanlara nafilə namazların dadını daddırırlar. Nəhayətdə isə yalnız fərz namazların dadı hiss edilir. Nafilə namazlar zövqsüz olub fərzlərin qılınması böyük kar, qazanc bilinir.

    (Nafilə namaz, fərz və vacibdən başqa namazlar deməkdir. Beş vaxt namazın sünnətləri və digər vacib olmayan namazlar nafilə namazlardır. Müəkkəd olan və olmayan bütün sünnətlər nafilədir).

   Namazların hamısında hasil olan ləzzətdən nəfsə bir pay yoxdur. İnsan bu dadı hiss edərkən nəfsi inləməkdə, fəryad etməkdədir. Ya Rəbb! Bu nə böyük rütbədir! Bizim kimi ruhları xəstə olanların bu sözləri eşitməsi də böyük nemət, həqiqi səadətdir.

   Yaxşı bilın ki, dünyada namazın rütbəsi, dərəcəsi, axirətdə Allahü təalanı görmənin yüksəkliyi kimidir. Dünyada insanın Allahü təalaya ən yaxın olduğu zaman, namaz qıldığı zamandır. Axirətdə ən yaxın olduğu da rüyət, yəni Allahü təalanı gördüyü zamandır. Dünyadakı bütün ibadətlər insanı namaz qıla biləcək bir hala gətirmək üçündür. Əsl məqsəd namaz qılmaqdır. Əbədi səadətə və sonsuz nemətlərə qovuşmaq ancaq namaz qılmaqla əldə edilir.

   Namaz  bütün ibadətlərdən və orucdan qiymətlidir.  Namaz var ki, qırıq qəlbləri zövqlə doldurur.Namaz var ki, günahları yox edər, insanı pislikdən qoruyur. Hədisi-şərifdə, “Namaz qəlbimin nəşəsi və sevinc qaynağıdır” buyuruldu. Namaz qəmli ruhlara ləzzət verir. Namaz  ruhun qidasıdır. Namaz qəlbin şəfasıdır. Namazda elə an olar ki, arifin dili Musa-əleyhissəlama söyləyən agac kimi olar.

 

İmamı-Rabbani həzrətləri “Məktubat” kitabının 1-ci cild, 266-cı məktubunda buyurur:

    İmanı, etiqadı düzəltdikdən sonra fiqh əhkamını (yəni dinimizin əmr və qadağan etdiyi işlər) öyrənmək, əlbəttə, lazımdır. Fərzləri, vacibləri, halal və haramları, sünnət və məkruhları, şübhəliləri lazımı qədər öyrənməli və öyrəndiyi ilə hərəkət etməlidir. Fiqh kitablarını öyrənmək hər müsəlmana lazımdır. (Bunları bilmədən müsəlmanlıq olmaz). Allahü təalanın əmrlərini yerinə yetirməyə, Onun bəyəndiyi kimi yaşamağa çalışmalıdır. Onun ən çox bəyəndiyi və əmr etdiyi şey hər gün beş vaxt namaz qılmaqdır. Namaz dinin dirəyidir. Namazın əhəmiyyətindən və necə qılınacağından bir neçə məlumat bildirəcəm. Can qulağı ilə dinləyin! İlk əvvəl sünnətə (yəni fiqh kitablarında yazılana) tam uyğun olaraq dəstəmaz almalıdır. Dəstəmaz alarkən yuyunması lazım olan yerləri üç dəfə və hər dəfə də hər tərəfini tam yumağa çox diqqət etməlidir. Beləcə sünnətə uyğun dəstəmaz alınmış olar. Başa məsh edərkən, başın hər tərəfini örtəcək şəkildə sığallamalıdır. Qulaqları və boyunun arxasını yaxşıca məsh etməlidir. Ayaq barmaqlarını hilal edərkən (yəni barmaq aralarını təmizləyərkən) sol əlin kiçik barmaqlarının ayağın alt tərəfindən aralarına salması bildirilmişdir. Buna əhəmiyyət verməli, “müstəhəbdir” deyib keçməməlidir. Müstəhəbləri əhəmiyyətsiz görməməlidir. Bunlar Allahü təalanın sevdiyi və bəyəndiyi şeylərdir. Əgər bütün dünyanı verməklə bəyəndiyi bir işin edilə biləcəyi məlum olsa və dünyayı verib o işi edə bilsə, çox qazanc əldə etmiş olar və bir neçə saxıl pul verib qiymətli bir almazı ələ keçirmiş olar. Yaxud bir neçə saxıl pulu verib ölmüş bir sevgilinin ruhunu geri gətirərək  həyat qazandırmaq kimidir. 

   Namaz möminlərin miracıdır. Yəni mirac gecəsində peygəmbərimizə “sallallahü aleyhi və səlləm” ehsan olunan nemətlər bu dünyada Onun ümmətinə yalnız namazda daddırılmaqdadır. Kişilər fərz namazları camaatla qılmağa çox diqqət etməli, hətta birinci təkbiri imam ilə almağı qaçırmamalıdır. (Qadınlar istər camaat ilə namaz qılmaq olsun, istər də hafiz və mövlud dinləmək üçün məscidlərdə kişilər arasına qarışmaları və hələ savab qazanmaq üçün Cümə namazlarına getmələri günahdır.)

   Namazları vaxtında qılmaq (və vaxtında qıldığını bilmək) şərtdir. Tək olduğu zaman hər namazı vaxtın əvvəlində qılmalı, əsri və işanı İmamı-azamın qavlinə görə qılmalıdır. Namaz nə qədər gec qılınarsa savabı o qədər azalır. Müstəhəb olan vaxtlar, camaat ilə qılmaq üçün məscidə getmək üçündür. Namaz qılmadan vaxt çıxarsa adam öldürmüş kimi günah olar. Qəza etməklə bu günah bağışlanmaz. Yalnız borc ödənmiş olur. Bu günahı əhv etdirmək üçün tövbəi-nasuh etmək və ya həcci-məbrur etmək lazımdır.

   Namazda Qurani-Kərim sünnət olan miqdarda oxunmalıdır. Rüküdə və səcdələrdə hərəkətsiz durmaq lazımdır. Çünki fərz və ya vacibdir. Rüküdən qalxanda elə dik durmalıdır ki, sümüklər yerinə yerləşsin. Bundan sonra bir miqdar bu şəkildə durmaq fərz ya vacib və ya sünnət deyilmişdir. İki səcdə  arasında oturmaq da belədir. Bunlara çox diqqət etməlidir. Rüküdə və səcdələrdə təsbeh ən az üş dəfədir. Ən çoxu yeddi və ya on birdir. İmam üçün isə camaatın halına görədir. Qüvvətli bir insanın dərd-qəmi olmadığı vaxtlarda tək qılarkən təsbehləri ən az miqdarda söyləməsi nə qədər utanc bir haldır. Heç olmasa beş dəfə söylənməlidir. Səcdəyə yatarkən yerə ən yaxın olan əzasını yerə daha əvvəl qoymalıdır. Ona görə də ilk əvvəl dizlər, sonra əllər, daha sonra burun, ən axırda alın qoyulur. Səcdədən qalxarkən yuxarıda olan əza əvvəl qaldırılır. Ona görə də əvvəl alın qaldırılmalıdır. Ayaqda ikən səcdə yerinə, rüküdə ikən ayaqlara, səcdədə burun ucuna və oturarkən iki əllərə və ya qucağa baxılır. Bu söylədiyimiz yerlərə baxıb gözlər ətraflara sürüşməzsə, namaz “cəmiyyətlə” qılına bilər. Yəni qəlb də dünya düşüncələrindən qurtula bilər. Huş hasil olur. Necə ki, Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” belə buyurmuşdur. Əl barmaqlarını rüküdə açmaq və səcdədə bir-birinə yapışdırmaq sünnətdir. Bunlara da diqqət etməlidir. Barmaqları açıq və ya bitişik saxlamaq səbəbsiz, boş şeylər deyildir. İslamiyyətin sahibi (yəni Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm”) faidələrini düşünərək bu cür etmişdir. Bizim üçün islamiyyətin sahibinə uymaq qədər böyük bir faidə yoxdur, “aleyhissaləvatü vəssəlam”.  Bu söylədiklərimiz fiqh kitablarında bildirirlən şeyləri etməyə təşviqdir, həvəsləndirməkdir. Allahü təala bizə və sizə islamiyyətin göstərdiyi saleh işlər etməyi nəsib etsin! Peyğəmbərlərin seyyidi, əfəndisi, ən yaxşısı, ən üstünü hörmətinə “aleyhi və aleyhim və alə əli küllin minəssaləvati efdalüha və minəttəslimati əkməlüha” bu duamızı qəbul etsin! Amin.

 

İmamı Rabbani “rahmətullahi aleyh” “Məktubat” kitabının yenə ikinci cild, altmış doqquzuncu məktubunda buyurur ki:

    Allahü təalaya həmd olsun! Onun seçdiyi, bəyəndiyi qullarına salamlar, rahatlıqlar olsun. Məktubunuz gəldi. Yoldaşların, dostların doğru olan yoldan ayrılmadıqları məlum olanda çox sevindirdi. Allahü təala doğruluğunuzu və doğru yolda olmanızı artırsın! Yoldaşlarımız ilə birlikdə verdiyiniz vəzifəni yerinə yetriməyə davam edirik. Beş vaxt namazı əlli-altmış nəfərlik camaat ilə qıldığınızı deyirsiniz. Bunun üçün Allahü təalaya həmd və təriflər olsun! Qəlbin Allahü təala ilə olması, bədənin, əzanın Əhkamı-şəriyyəni yerinə yetirməklə zinətlənməsi nə böyük bir nemətdir. Bu zəmanədə insanların çoxusu namaz qılmaqda tənbəllik edirlər. Tumaninətə və tadili-ərkana əhəmiyyət vermirlər. Bunun üçün siz sevdiklərimə bu nüansı bildirməyə məcbur oldum. Yaxşı qulaq asın! Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm”, “Ən böyük oğru öz namazından oğurlayandır” buyurdu. “Ey Rəsulallah! İnsan öz namazından necə oğurlayar?”-deyə soruşdular. “Namazın rüküsünü, səcdələrini tam yerinə yetirməməklə” buyurdu. Bir dəfə də buyurdu ki, “Rüküdə və səcdələrdə belini yerinə yerləşdirib bir az durmayanın namazını Allahü təala qəbul etməz”. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” bir nəfəri namaz qılarkən rükünü və səcdələri tam etmədiyini görüb, “Sən namazlarını bu cür qıldığın üçün Muhaməddin “aleyhissalətü vəssəlam” dinindən başqa bir dində olaraq ölməkdən qorxmursanmı?” buyurdu. Yenə buyurdu ki, “Sizlərdən biri namaz qılarkən rüküdən sonra tamam qalxıb dik durmadıqca namazı tam olmaz”  Bir dəfə də buyurdu ki: “İki səcdə arasında dik oturmasanız namazınız tam olmaz”.  Bir gün Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” bir nəfərin namaz qılarkən namazın əhkam və ərkanına riayət etmədiyini, rüküdən qalxanda dikəlib durmadığını və iki səcdə arasında oturmadığını görüb buyurdu ki, “Əgər namazlarını bu cür qılaraq ölsən, qiyamət günü sənə mənim ümmətimdən deməzlər.” Başqa bir yerdə də buyurdu ki, “Bu hal üzrə ölsən, Muhammədin“aleyhissəlam” dinində olaraq ölməmiş olarsan.” Əbu Hüreyrə “radıyallahü anh” buyurdu ki, “Altmış il bütün namazlarını qılıb, lakin heç bir namazı qəbul olmayan adam, səcdələrini tam yerinə yetirməyən adamdır”. Zeyd ibni Vəhb “rahmətullahi təala aleyh” bir nəfərin namaz qılarkən  və səcdələrini tam etmədiyini gördü. Yanına çağırıb nə qədər zamandır belə namaz qılırsan, dedi. Qırx ildir, deyəndə, sən qırx ildir namaz qılmamısan. Ölsən, Muhamməd Rəsulullahın “sallallahü aleyhi və səlləm” sünnəti (yəni dini) üzrə ölməzsən, dedi.

    Tabəraninin “rahmətullahi təala aleyh” “Əvsat”ında bildirilmişdir ki, bir mömin namazını gözəl olaraq qılar, səcdələrini tam yerinə yetirərsə, namaz sevinər və nurlu olar. Mələklər o namazı göyə çıxardar. O namaz, namazı qılana yaxşı dualar edər və sən məni qüsurlu olmaqdan qoruduğun kimi Allahü təala da səni mühafizə etsin, deyər. Namaz gözəl qılınmazsa, qaralar, mələklər o namazdan iyrənər və göyə götürməzlər. O namaz, qılana pis dualar edər. Sən məni zay etdiyin, pis hala saldığın kimi Allahü təala da səni zay etsin, deyər. O halda namazları tam qılmağa çalışmalı, tadili-ərkana riayət etməli, səcdələri, “Qavmə”ni (yəni rüküdən qalxıb dikəlmək) və “Cəlsə”ni (yəni iki səcdə arasında oturmaq) yaxşı etməlidir. Başqalarının da qüsurlarını görəndə onlara deməlidir. Din qardaşlarının namazlarını tam olaraq qılmalarına kömək etməlidir. Tumaninət (yəni üzvlərin artıq hərəkətlər etməməsi) və tadili-ərkana (bir dəfə sübhanallah deyəcək qədər hərəkətsiz durmaq) riayət olunmasına cığır açmalıdır. Müsəlmanların çoxusu bunlara riayət etmək şərəfindən məhrum qalırlar. Bu nemət əldən çıxmışdır. Bu əməli meydana çıxartmaq çox mühümdür. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” buyurdu ki,“Unudulmuş bir sünnətimi meydana çıxarana yüz şəhid savabı veriləcək”.

    Camaat ilə namaz qılarkən sıraları düz tutmağa da diqqət etməlidir. Sıradan irəlidə və geridə durmamaq lazımdır. Hər kəs bir xətt boyunca durmalıdır. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” əvvəl sıraları düzəldər, ondan sonra namaza durardı. “Sıraları düzəltmək namaz qılmağın bir parçasıdır” buyururdu. Ya Rəbb! Bizə sonsuz rəhmət xəzinəndən nəsib elə! Hamımızı döğru olan yoldan ayırma!

_______________

 

    Bir müsəlman dünyada əziz, axirətdə said (Cənnətlik) olmasını istəyirsə, bu üç əxlaqa sahib olsun: Məxluqatdan heç bir şey gözləməmək, Müsəlmanları [və zimmi kafirləri, ölmüş olsalar da] qeybət etməmək, başqasının haqqı olan bir şeyi almamaq.