Facebook Twitter WhatsApp

İbadət dili ərəbcədir

Sual: Bir yazıçı, “Hər millət, namazda oxunan surələri, ayələri namaz qılarkən öz dilində, yəni tərcüməsini oxuya bilər” deyir. Doğrudurmu?
CAVAB
Türkiyə Cümhuriyyətinin Dəyanət Nazirliyinin hazırladığı Qurani-kərim məalının ön sözündə deyilir ki:
“Qurani-kərim yalnız türkcəyə deyil, heç bir dilə haqqıyla tərcümə edilə bilməz. Köhnə təfsirlərin işığı altında verilən mənalara da tərcümə deyil, məal demək uyğundur. Quranın yalnız mənasını ifadə edən sözlərini Quran hökmü ilə bir tutmaq, namazda oxumaq caiz deyil. Heç bir tərcümə əslinin yerini tuta bilməz.”

İbn Həcəri Məkki həzrətləri buyurur ki:
“Qurani-kərimi ərəb hərflərindən başqa hərflə yazmaq və başqa dilə tərcümə edib, Qurani-kərim yerinə bunu oxumaq söz birliyi ilə haramdır. Ərəb hərflərindən başqa hərflə yazmaq və belə yazılmış Quranı oxumaq haramdır. Qurani-kərimi ərəb hərflərilə oxunduğu kimi yazmaq surətilə dəyişdirmək belə yekdilliklə haramdır.” [Fətavayi-fıqhiyyə s.37]

Sual: Allah yerinə tanrı deməyin caiz olmadığını bildirdiniz. 1940-cı ildən 1950-ci ilə qədər müəzzinlik etdim. “Allahü əkbər” yerinə “Tanrı uludur” dedim. Azanı da, iqaməni də hər zaman türkcə oxudum. Namazımı da ayələrin tərcüməsilə qılıram. Dinimizdə məcburiyyət yoxdur. Tanrı heç kimə gücünün çatmadığını yükləməz. İzn verin hər cəmiyyət öz dili ilə ibadətini etsin! Heç kimi zorla ərəb edə bilmərik. İslamiyyətin şərti təmizlik və gözəl əxlaqdır, dil deyildir. Hansı dillə ibadət edirsən et, heç bir zərəri olmaz. Elə deyilmi?
CAVAB
Xeyr, elə deyil. Namazda surələr və dualar ərəbcə oxunduqda sadəcə iftitah təkbiri “Allahü əkbər” yerinə “Tanrı uludur” deyilsə və ya başqa bir şey söylənsə, namazın yenə də səhih və qəbul olmayacağı bütün fiqh kitablarında yazılıdır. Məsələn, Rəddül-muxtarda açıq-aydın qeyd olunub. Hətta salamdan əvvəl oxunan duaları belə ərəbcə oxumaq şərtdir. Qurani-kərimdə və hədisi-şərifdə olmayan duaları oxumaq belə namazı pozar. Ərəbcədən başqa hər hansı bir dildə namaz qılmağın səhih olmadığını bütün alimlər ittifaqla bildirmişlər. (Hindiyyə)

Biz başqa millətlərin milli marşlarını tərcümə edərək söyləsək, onlar da bizim himnimizin tərcüməsini söyləsələr uyğun görülməz. Hər dövlətin qanununda bildirilən əsaslara tabe olmaq lazım olduğu kimi, Allahü təala da bizə namazı necə qılmağı əmr edirsə elə də qılmalıyıq. Dinimizdə asanlıq vardır. Ancaq rahatına gəldiyi kimi dini dəyişdirmək yoxdur.

Məsələn, sizin adınız İsmətdir, günahsızlıq, təmizlik mənasındadır. Bir kimsə sizi, ərəbcə olan İsmət kəlməsilə deyil tərcüməsi olan təmizlik kəlməsilə çağırsa, İsmət Bəy yerinə, Təmizlik Bəy desə nə deyərsiniz? Bir adın belə tərcüməsini söyləmək çox qəribə olarkən, namazdakı surələri türkcə oxumaq necə caiz ola bilər?

Dində sizin və ya bizim fikrimizə etibar etmək olmaz. Mötəbər din kitablarında nə yazılıbsa ona baxmaq lazımdır. Allahü təalanın əmri olduğu üçün ibadət dili ərəb dilidir. Dinin sahibi necə istəyibsə elə də əməl olunmalıdır. Başqa cür istəmək dinə ziddir. Qurani-kərimin tərcüməsini Quran hökmündə tutmaq və namazda oxumaq qətiyyən caiz deyildir. Allahü təala Qurani-kərimdə, “Mənim kitabım ərəbcədir, Quranı ərəb dilində endirdim” buyurur. O halda Allahü təalanın mələk vasitəsilə endirdiyi kəlmələrin, hərflərin və mənaların cəmi Qurandır. Qurani-kərim indiki ərəb dilinə tərcümə edilsə belə, yenə Quran olmaz. Quranın izahı olar. Mənası pozulmadan da bir hərfi belə dəyişsə, o artıq Quran olmaz.

Fətavayi-fiqhiyyədə buyurulur ki:
“Qurani-kərimi başqa dilə tərcümə edib, Qurani-kərim yerinə bunu oxumaq və Qurani-kərimi ərəb hərflərilə oxunduğu kimi yazmaqla dəyişdirmək belə yekdilliklə haramdır. Qurani-kərimi belə yazarkən və başqa dilə tərcümə edərkən, Allah kəlamının ecazkarlığı pozulmaqda, nəzmi-ilahi dəyişməkdədir. Bunun kimi səbəblərlə də Qurani-kərimin tərcüməsi namazda oxuna bilməz.”

Namaz xaricində hər millətin öz dilində dua etməsi caizdir. Moizə və nəsihətləri hər millət öz dilində etməlidir. Din üçün əməl olunacaq digər bütün xidmətlər də belədir.

Dəyanət İşləri Nazirliyinin qərarı
Türkiyə Cümhuriyyəti Dəyanət İşləri Nazirliyi Din işləri Yüksək Qurumunun 4.12.1997 gün və 103 saylı qərarının məzmunu:
“Qurandan sizə asan gələni oxuyun” ayəsində olduğu kimi, Peyğəmbər əfəndimiz də namaz qılmağı tərif edərkən, “Qurandan, hafizəndəkilərdən asan olanı oxu” buyurmuşdur. Bundan etibarən namazda Qurani-kərim oxumaq; kitab, sünnət və icma ilə sabit bir fərzdir. Quran, sadəcə məna olaraq deyil, Rəsulullahın qəlbinə əlfazı [sözləri] ilə endirilmişdir. Bu əlfazdan başqa kəlmələrlə ifadə edilən məna Quran deyildir. Çünki, endirildiyi əlfazdan başqa, hətta ərəbcə belə olsa, başqa sözlərlə ifadə edilən məna Quran deyildir. Quran qavramında sadəcə məna deyil, bir rüknü olaraq onun əlfazı da vardır. Buna görə tərcüməsinə Quran deyilməməsi və Quran hökmündə olmaması mövzusunda İslam alimləri fikir birliyi içərisindədirlər.

1926-cı ildə Göztəpə camisinin imamı Cəmal Əfəndinin Cümə namazında Qurani-kərimin tərcüməsini oxumasından sonra, İstanbul müftülüyü Dəyanət İşləri Naziri Rıfat Börəkçinin də imzası olan Müşavirə heyəti belə bir qərar aldı:
“Namazda Quran oxumaq icma ilə fərz və Quranın hər hansı bir tərcüməsini Quran yerinə qoymaq qətiyyən caiz deyildir. Bu xüsus İslam alimlərinin yekdilliyi ilə sabitdir. Bu cəhətdən Cəmal Əfəndinin vəzifəsindən azad edilməsinə zərurət hasil olmuşdur.”

İbadət dili ərəbcədir
Sual: 
Bir professor, “Allah hər dili bilir, namazda ərəbcə oxumaq şərt deyil, Allahdan heç bir şey gizli deyildir. O hər şeyi görür. Ona görə də, tək olarkən çılpaq namaz qılmağın zərəri olmaz” dedi. Mənə də məntiqli gəldiyi üçün doğrudurmu deyə soruşmaq ehtiyacı hiss etdim.

CAVAB
Məntiqlə din olsa, hər kəs özünə görə bir din meydana çıxarar. İnsan sayı qədər din olar. Dində nəql əsasdır. Nəql də səlim olan ağla zidd deyildir. Bəli, Allahü təala hər dili bilir, bütün dilləri O yaratdı. Ancaq ibadət dilini ərəbcə olmasını bildirdi. Onun əmrinə tabe olmaq şərtdir.

Bəli, Allah gizli olanları da bilir və görür. Amma çılpaq durmağı, çılpaq ibadət etməyi qadağan etdi. Namaz qılarkən ən gözəl paltarımızı geyinməyi əmr etdi. Peyğəmbər əfəndimiz də yuyunarkən belə örtünməyi bildirərək buyurur ki:
“Övrət yerlərinizi örtün! Yalnız olarkən də Allahü təaladan həya edin!” [Tirmizi]

“Allahü təala həyanı və örtünməyi sevir. Elə isə yuyunarkən övrət yerinizi örtün.” [Əbu Davud]

İbadət dili
Sual: 
Oxuduğumuzu anlamadan qılınan namazların və ibadətlərin faydası olurmu? Hər millət anlaması üçün ibadətlərini öz dilində etsə daha doğru olmazmı?

CAVAB
Dinimiz ibadət dilinin ərəbcə olduğunu bildirmişdir. İbadətin keçərli olması üçün ərəbcə oxumaq şərtdir, anlamaq şərt deyildir. Anlamayıb öyrənmək üçün nəqli əsas götürən elmihal kitabları oxunmalıdır. Qurani-kərimi ana dili ərəbcə olanlar belə anlaya bilməz. Hətta övliyanın və üləmanın ən böyükləri olan Əshabı-kiram belə, ayələrin mənalarını Rəsulullahdan soruşardılar. Bir hədisi-şərif məalı:
“Qurani-kərim Allahü təalanın mətin [sağlam] ipidir. Mənalarının hamısı anlaşıla  bilməz. Çox oxumaq və dinləməklə köhnəlməz.” [İbn Macə]

Qurani-kərimin çox vəciz, bitməz-tükənməz mənalarının olduğu bütün mənaları bildirilsə belə, yazmaq üçün kağız və mürəkkəbin tapılmayacağı Qurani-kərimdə də bildirilməkdədir:
“De ki, Rəbbimin [elmini, hikmətini bildirən, heyrətə düşürən] sözləri üçün dənizlər mürəkkəb olsa, bir o qədər daha dəniz əlavə edilsə, dənizlər tükənər, Rəbbimin sözləri tükənməz.” [Kəhf 109]

Deməli, hər ərəbcə bilən adam Qurani-kərimi anlaya bilməz. İmam Qəzali həzrətləri buyurur ki:
İmam Əhməd ibn Hənbəl, Cənab Haqqın, “Anlayaraq da, anlamayaraq da Qurani-kərim oxuyan mənim rızama qovuşar” buyurduğunu bildirmişdir. (Ehya)

Namaz surəsini bilməyən
Sual: 
“Yeni Müsəlman olan, ancaq ərəbcə namaz surələrini bilməyən bir fransız, bir alman və ya bir türk namazı surələrin və duaların tərcümələrini öz dilində öyrənib qıla bilər” deyir. İbadət dilini dəyişdirmək caizdir?

CAVAB
Qətiyyən caiz deyil. (Fətavai-fiqhiyyə)

Çox insan bilir ki, Qurani-kərimi əzbərləmək, öz dilindəki bir kitabı əzbərləməkdən çox daha asandır. Surə və dua bilməyən bunları bir kağıza yazıb namaz qılarkən qarşısına qoyub öyrənənə qədər ordan oxuyaraq namazını qıla bilər.

İmam əzam xaric, İmameynə, yəni İmam Muhammədlə İmam Əbu Yusifə görə Mushafa və ya kağıza baxaraq oxumaq, Əhli-kitaba, yəni yəhudilərə və xristianlara bənzəmək qəsdilə olsa məkruh olar, lakin Əhli-kitaba bənzəmək qəsdi olmadan oxumaq məkruh da olmaz. (Dürrül-muxtar, Hələbi, Mültəka, Hindiyyə, Məcmuai-Zühdiyə)

Heç bir dua və surə bilməyən, buna görə namazda kağıza baxaraq oxuya bilər. Şafii məzhəbində isə Mushafa və ya yazılı kağıza baxaraq oxumağın, onsuz da heç bir zərəri olmaz. Yeni Müsəlman olanın və ya heç bir surə və dua bilməyənin, hansı məzhəbdə olduğu da mühümdür. Öz məzhəbində caiz olmayan şey başqa məzhəbdə caizdirsə, o məzhəbi təqlid edərək o işi etməyin bir zərəri olmaz.

Allahü təala hər dili bilir
Sual:
 Məzhəbsiz bir molla, “Allah sadəcə ərəb dilini deyil, hər dili bilir. Namazda hər kəs öz dilində oxumalıdır” deyir. Namazda ərəbcə oxumaq şərt deyildir?

CAVAB
Əlbəttə şərtdir. Allah hər dili bildiyi halda, namazda əslini oxumağı əmr etmişdir. Allah bizə hansı dildə oxumağı əmr etmişsə o dildə oxumalıyıq.

Ərəb dilindən başqa dildə qılınan namaz səhih olmaz. (İbn Abidin)

Namaz qılarkən başqa dildə dua oxumaq haramdır. (Dürrül-muxtar)