Sual: Məzhəb nədir? Haqq bir məzhəbə tabe olmamaq nədir?
CAVAB
Bir müctəhidin ictihad edərək əldə etdiyi məlumatların hamısına o müctəhidin məzhəbi deyilir. Əshabi-kiramın hamısı böyük alim və müctəhid olmuşdur. Onlar din bilgilərində və həmçinin, siyasət, idarəçilik və dövrlərinin fənn elmlərində bilikli, təsəvvüf mərifətlərində bir dərya olmuşdur. Onlar bu bilgilərinin hamısını Rəsulullahın qəlbə işləyən, ruhu cəzb edən sözlərini eşitməklə az bir vaxtda qazanmışdılar. Hər birinin məzhəbi var idi. Məzhəbləri az və ya çox fərqli olmuşdur.
Tabiinin və təbə tabiinin arasında da müctəhidlər var idi. Bu müctəhidlərin məzhəblərindən təkcə dördü kitablara keçib dünyanın hər yerinə yayılmışdır. Digərlərinin məzhəbləri unudulmuşdur. Bu dörd məzhəbin imanları əshabi-kiramın ortaq imanıdır. Buna görə, dördünə də əhli-sünnə deyilir. İmanlarında əsasda ayrılıq yoxdur. Bir-birlərini din qardaşı bilib sevərlər. Uyğun gəlməyən işlərində zərurət olunca bir-birlərini təqlid edərlər. Allahu təala məzhəblərin belə ayrı olmasını istəmişdir. Bu ayrılığın müsəlmanlara Allahu təalanın rəhməti olduğunu Peyğəmbər əleyhissəlam xəbər vermişdir. Çünki dörd məzhəbin arasındakı kiçik fərqliliklər müsəlmanların işlərini asanlaşdırır. Hər müsəlman bədən quruluşuna, yaşadığı iqlim şərtlərinə, işinə və həyatına görə özünə daha asan gələn məzhəbi seçər. İbadətlərini və hər bir işini bu məzhəbin bildirdiyinə görə edər.
Allahu təala diləsəydi, Qurani-kərimdə hər şeyi açıq şəkildə bildirərdi. Beləcə, məzhəblər hasil olmazdı. Qiyamətə qədər dünyanın hər yerində, hər iqlimdə və müxtəlif şərtlərdə müsəlmanlar üçün tək bir nizam olardı. Müsəlmanların halı, yaşayışı çətin olardı.
Rəsulullahın yolu
Peyğəmbər əfəndimizin yolu Qurani-kərim, hədisi-şərif və müctəhidlərin ictihadları ilə göstərilən yoldur. Bu üç vəsiqə ilə bir də icmayi-ümmət vardır ki, əshabi-kiramın və tabiinin sözbirliyi olduğu “Rəddül-muxtar”da yazılmışdır. Bir hökmün üzərində dörd məzhəbin ictihadları arasında icma hasil olsa, bu icmaya da inanmaq lazımdır, inanmayan küfrə düşər. «Məktubat 2/36»
İslam alimləri səhv bir şey üzərində ittifaq etməzlər. Hədisi-şərifdə buyurulmuşdur:
«Ümmətim dəlalət üzərində birləşməz». [İ. Əhməd]
Bu dörd vəsiqəyə ədilleyi-şəriyyə deyilir. Bunların xaricindəki hər şey bidətdir. Hədisi-şərifdə buyurulub:
«Ümmətim 73 firqəyə ayrılacaq, onlardan yalnız biri Cənnətə girəcək. Onlar mənim və əshabımın yolunda olanlardır». [İbni Macə]
Bu ayrılıq üsul və imanda olan ayrılıqdır. Əshabi-kiramdan sonra yeni müsəlman olanlardan bir qisminin imanları pozuldu. Əshabi-kiramın doğru imanından ayrıldılar. Dəlalət firqələri meydana gəldi. Bu pozuq firqələrə bidət firqələri deyilir. Onlar bəzi nassları təvil edib yanıldığı üçün kafir deyillər. Lakin islama zərərləri kafirlərin zərərlərindən daha çoxdur. Bir-birlərinə və əhli-sünnəyə qarşı çıxıb müharibələrə səbəb oldular. Çoxlu müsəlman qanı töküldü. Müsəlmanların yüksəlməsinə və irəliləməsinə mane oldular.
Bidət firqələrini əhli-sünnənin dörd doğru məzhəbiylə qarışdırmaq olmaz.
Məzhəb və rəhmət
Allahu təala və elçisi möminlərə mərhəmət etdiyi üçün, bəzi işlərin necə ediləcəyi Qurani-kərimdə və hədisi-şəriflərdə açıq bildirilməmişdir. Açıq bildirilsəydi, eləcə etmək fərz və sünnə olardı. Fərzi etməyənlər günaha girər, qiymət verməyənlər də kafir olardı. Möminlər çətin vəziyyətə düşərdi. Belə işləri açıq bildirilmiş olanlara bənzədərək etmək lazımdır. Din alimlərinin arasında işlərin necə ediləcəyini belə bənzədərək anlaya bilənlərə müctəhid deyilir.
Dörd məzhəbin halı bir şəhər xalqının halına bənzəyir ki, önlərinə çıxan bir işin necə ediləcəyi qanunda olmazsa, o şəhərin böyükləri toplanıb, o işi qanunun uyğun bir maddəsinə bənzədib edərlər. Bəzən uyğunlaşmayıb bəzisi “Dövlətin məqsədi şəhərləri abadlaşdırmaq və insanlara hüzur və rahatlıq verməkdir” deyər. O işi rəy və fikirləri ilə qanunun bir maddəsinə bənzədər. Onlar Hənəfi məzhəbinə bənzəyir.
Bəziləri də dövlətin mərkəzindən gələn məmurların hərəkətlərinə baxaraq o işi onların hərəkətinə uydurar və “Dövlətin məqsədi belə etməkdir” deyərlər. Onlar da Maliki məzhəbinə bənzəyir.
Bəzisi isə ifadəyə, yazının gedişinə baxıb o işi görmək yolunu tapar. Bu da Şəfii məzhəbinə bənzəyir.
Bir qismi isə qanunun başqa maddələrini də toplayaraq bir-biri ilə müqayisə edib bu işi doğru edə bilmək üçün yol axtarar. Bunlar da Hənbəli məzhəbinə bənzəyir.
Dörd doğru yol
Beləcə, şəhərin böyüklərinin hər biri bir yol tapar və hamısı yolunun doğru və qanuna uyğun olduğunu söyləyər. Qanunun istədiyi isə, bu dörd yoldan biri olar və digər üçü səhv olar. Lakin qanundan ayrılmaları qanunu tanımadıqları və dövlətə qarşı gəldikləri üçün olmayıb hamısı qanuna tabe olmaq, dövlətin əmrini yerinə yetirmək üçün çalışdıqlarından heç biri günahkar olmaz. Bəlkə də, bu işləri bəyənilən olar. Lakin doğrusunu tapan daha çox bəyənilib mükafat alar. Dörd məzhəbin halı da buna bənzəyir. Hər məzhəbin imamı doğru yolu tapmaq üçün məşğul olduğundan yanılanlar bağışlanar. Hətta savab qazanar. Onlara bu səlahiyyəti Allahu təala və elçisi vermişdir.
Dörd məzhəbdən başqasına uymaq caiz deyil. Bu əshabi-kiramın və tabiinin məzhəblərini kiçik hesab etmək deyil. Çünki əshabi-kiramın və başqalarının məzhəblərini tam şəkildə bilmirik. O məzhəbləri də bilsəydik, onlara tabe olmağımız caiz olardı. Çünki hamısının məzhəbləri doğru idi. Dörd məzhəb tam bilindiyi və kitabları hər yerə yayıldığı üçün, hər bir müsəlman yalnız bunlardan birinə tabe olmalıdır.
İmam Rəbbani həzrətləri “Bir məzhəbə tabe olmayan mülhiddir” buyurur. «Məbdə və Məad»
Yusif Nəbhani həzrətləri “İndi hər bir müsəlman dörd məzhəbdən birinə tabe olmalıdır” buyurduğu kimi, imam Şarani, Seyid Əhməd Təhtavi həzrətləri kimi bir çox alim də eyni şeyi bildirmişdir.
Qurani-kərimdəki «Allahın ipinə sarılın!» əmri «Fiqh alimlərinin, məzhəb imamlarının bildirdiyinə uyun!» deməkdir.[Təhtavi «Dürrül-muxtar» haşiyəsi, zəbayih qismi]
Məzhəb dəyişdirmək
Dörd məzhəbin imamları və onları təqlid edən alimlər hər müsəlmanın dörd məzhəbdən dilədiyini təqlid etməkdə sərbəst olduğunu, bir məzhəbdən başqa məzhəbə keçməyin caiz olduğunu və çətinliyin olduğu vaxtlarda başqa məzhəbin təqlid ediləcəyini bildirdilər. Allahu təala möminlərin dörd məzhəbə ayrılmağını və bunun qulları üçün faydalı olacağını əzəldə təqdir və iradə buyurmuşdur. Əməldə məzhəblərə ayrılmağa razı olduğunu bildirmişdir. Razı olmasaydı, elçisi bu ayrılığın rəhmət olduğunu bildirməzdi. Etiqadda ayrılmağı qadağan etdiyi kimi, əməldə də ayrılmağı qadağan edərdi. «Mizan»
Rəsulullah əfəndimiz Qurani-kərimdə qısa və örtülü olaraq bildirilənləri açıqlamasaydı, Qurani-kərim örtülü qalardı. Rəsulullahın varisləri olan məzhəb imamlarımız hədisi-şəriflərdə mücməl olaraq bildirilənləri açıqlamasaydı, sünneyi-nəbəviyyə örtülü qalardı. Bu minvalla hər əsrdə gələn alimlər Rəsulullaha tabe olaraq mücməl olanı açıqlamışdır.
Bilinən dörd imamın dövründə başqa məzhəb imamları da var idi. Onların da məzhəbləri olmuşdur. Lakin onların məzhəblərində olanlar azalmış və bu gün heç qalmamışdır. «Hədiqə»
Əhli-sünnənin dörd məzhəbinin imanları, inandıqları şeylər bir-birlərinin eynidir. Aralarında heç bir fərq yoxdur. Ayrılıqları təkcə əməldədir. Bu da müsəlmanlara bir asanlıqdır. Hər bir müsəlman dilədiyi məzhəbi seçərək bunu təqlid edər. İşlərini seçdiyi məzhəbə görə görər. Müsəlmanların dörd məzhəbə ayrılmağı Allahu təalanın rəhmətidir. Bir müsəlman öz məzhəbinə görə ibadət edərkən çətinlik hasil olsa, başqa bir məzhəbi təqlid edərək bu işi asan şəkildə görər.
Ölçümüz nə olmalıdır?
İmam Rəbbani həzrətləri buyurur:
«Əhli-sünnə alimlərinin bildirdiyinə uyğun gəlməyən bütün mənalar səhvdir. Çünki hər pozuq Qurani-kərimə və hədisi-şəriflərə uyduğunu sanar və iddia edər. Qısa görüşü ilə bu qaynaqlardan səhv mənalar çıxarıb doğru yoldan azar və fəlakətə düşər. Allahu təala Qurani-kərimdə tərcümə olaraq «Qurani-kərimdə bildirilən misallar çoxlarını küfrə salar, çoxlarını da hidayətə və doğru yola çatdırar» buyurmuşdur.«Bəqərə, 26»
Əhli-sünnə alimlərinin anladığı məna doğrudur. Çünki bu mənaları sələfi-salehinin əsərlərini araşdıraraq əldə etmişlər. Doğru məlumatları bizlərə çatdıran onlardır. Qurtuluş yolunu səhv yollardan ayıran onlardır. Onların hidayət işıqları olmasaydı, bizlər doğru yolu tapa bilməzdik. Doğrunu səhvdən ayırmasadılar, dəlalətə düşərdik. İslamiyyəti pozulmaqdan qoruyan onların işidir. Onlara tabe olan xilas olar. Onlara tabe olmayan səhv yola düşər və başqalarını da öz yoluna sürükləyər». [1/286]
Məzhəblərə olan ehtiyac
Bəziləri “Hədislərə deyil, Qurana tabe olmaq lazımdır” deyir.Halbuki hədislər Qurandan ayrı deyil. Qurani-kərimin şərhidir. Allahu təala buyurub:
«Rəsula itaət edən Allaha itaət etmiş olar». [Nisa, 80]
«Peyğəmbərin əmrinə uyun, qadağan etdiklərindən çəkinin!» [Həşr, 7]
«Endirdiyimi insanlara açıqla!» [Nəhl, 44]
Alimlər də ayələri açıqlayıb Qurani-kərimdən hökm çıxara bilsəydilər, Allahu təala Peyğəmbərinə «Sadəcə sənə vəhy olunanları təbliğ et» deyərdi. Əlavə açıqlamasını əmr etməzdi. Rəsulullah Qurani-kərimdə qısa və örtülü olaraq bildirilənləri açıqlamasaydı, Qurani-kərim örtülü qalardı. Hədisi-şəriflər olmasaydı, namazların neçə rükət olduğu, necə qılınacağı, ruku və səcdədə oxunacaq təsbihlər, cənazə və bayram namazlarının qılınış şəkli, zəkat nisabı, oruc və həccin fərzləri, hüquq bilgisi naməlum qalardı. Yəni heç bir alim bunları Qurani-kərimdən tapıb çıxara bilməzdi. Bunları Peyğəmbər əfəndimiz açıqlamışdır. Məzhəb imamları hədisi-şərifləri açıqlamasaydı, sünnə örtülü qalardı. Sünnəni müctəhid alimlər açıqlamış, beləcə, məzhəblər meydana çıxmışdır.
Məzhəb nədir? Bir müctəhidin ədilleyi-şəriyyədən əldə etdiyi məlumatlara o müctəhidin məzhəbi deyilir. Səhabələrin hamısı müctəhid idi. Hamısının da məzhəbi olmuşdur. Məzhəblərdən yalnız dördü kitablara keçib dünyanın hər yerinə yayılmışdır. Dörd məzhəbin arasında əməllə əlaqədar fərqli ictihadlar işlərimizi asanlaşdırır. Hər bir müsəlman vəziyyətinə görə özünə asan gələn məzhəbi seçir.
Allahu təala diləsəydi, Qurani-kərimdə hər şeyi açıq şəkildə bildirərdi. Beləcə, məzhəblər ortaya çıxmazdı. Hər yerdə tək bir nizam olar, müsəlmanların yaşayışı çətinləşərdi.
Bu gün dörd məzhəbdən birinə tabe olmaq lazımdır. Çünki əshabi-kiramın və digər müctəhidlərin məzhəbləri tam olaraq bilinmir. Dörd məzhəb tam bilindiyi və kitabları hər yerə yayıldığı üçün, dörd məzhəbdən birinə tabe olmaq şərtdir. Məzhəblər rəhmətdir. Hədisi-şəriflərdə buyurulub:
«Alimlərin fərqli ictihadları [məzhəblərə ayrılmaları] rəhmətdir». [Beyhəki]
«Alimlərə tabe olun!» [Deyləmi]
«Üləma ənbiyanın varisidir». [Tirmizi]
Bir müsəlman öz məzhəbinə görə ibadət edərkən bir çətinlik hasil olsa, başqa bir məzhəbə uyub bu işi asan şəkildə görər. Məsələn, Şəfiilər həccdə qadına toxunanda dəstəmazı pozulur. Buna görə, Hənəfini təqlid edərək həcclərini edirlər. Bu açıq-aşkar bir rəhmətdir.
Uşağın məzhəbi
Sual: Ər-arvaddan biri Hənəfi, digəri Şəfii olsa, uşaq hansı məzhəbdə olar?
CAVAB
Ata-anaya tabe deyil. Uşaq dörd haqq məzhəbdən hansını yaxşı bilirsə, o məzhəbi seçər.
Bir məzhəbə tabe olmaq şərtdir
Sual: «Heç kim bir məzhəbin hamısına uymaq məcburiyyətində deyil. Hər məzhəbdən uyğun hesab etdiyi hökmləri götürə bilər» deyilir. Belə şəxsin məzhəbi nədir?
CAVAB
Belə söyləmək və belə etmək məzhəbsizlikdir. Din kitablarımızda deyilir:
Hər kəsin öz məzhəbinə tabe olması vacibdir [fərzdir]. Zərurət olmadıqca başqa məzhəbə görə iş görməsi caiz deyil. Bir şəxsin öz məzhəbindən ayrılmasının caiz olmadığı sözbirliyi ilə bildirilmişdir. «Bəhrür-raiq»
Böyük alim İbni Əmr Həcc “Təhrir”in şərhində «Bir müctəhidin sözüylə əməl edilər, ancaq ehtiyac olunca başqa bir müctəhid təqlid edilə bilər» deyir. «Rəddül-muxtar»
Bir işi və buna bağlı olan işləri bir məzhəbə görə edərkən, bu məzhəbi buraxmaq ittifaqla qadağandır. «Təhrirül-üsul, Müxtəsərül-üsul, Dürrul-muxtar»
Hər bir müsəlman ibadət edərkən və haramdan çəkinərkən, öz məzhəbinin hökmlərinə tabe olmalıdır. “Əbədi səadət”
Müctəhid olmayan bir alimin dörd məzhəbdən birini təqlid etməsi vacibdir. Təqlid etməzsə, doğru yoldan azar. Başqalarını da azdırar. «Mizani-kübra»
Müctəhid olmayanın məzhəb dəyişdirməsi caiz deyil. Bir məzhəbi təqlid etməlidir. «Rəddül-muxtar»
Bir şəxsin məzhəbini buraxmasının caiz olmadığı ittifaqla bildirilmişdir. «Təhrir»
Dörd məzhəbdən birində olan Allahu təalanın əmrinə uymuş olar. «Cövhərə şərhi»
Məzhəbinə zidd iş görməyi heç bir alim caiz görməmişdir. «Kimyayi-səadət»
İslamın binası bu dörd dirək üzərinə qurulmuşdur. Dilədiyi məzhəbi seçdikdən sonra bunu buraxıb başqa məzhəbə keçmək ilk məzhəbə sui-zənn olar. Sonra gələn alimlər bunu sözbirliyi ilə bildirmişdir. «Sifrüs-səadət şərhi»
Əhli-sünnə alimləri avamın müəyyən bir məzhəbin müəyyən bir imamına tabe olmasının lazım olduğunu bildirmişdir. Kəşf kitabı bunu geniş şəkildə izah edir. Hər məzhəbdə mübah və asan olanları araşdırıb bunları etməyə məzhəbləri təlfiq etmək deyilir. Belə edən fasiqdir. Təhavi şərhi bunu geniş şəkildə izah edir. «Müxtəsəri-viqayə şərhi»
Allahın ipinə sarılmaq
Sual: «Allahın ipinə sarılan xilas olar. Allahın ipi də Quran olduğuna görə, hədislərə, fiqh bilgilərinə və məzhəblərə ehtiyac yoxdur. Məzhəblər bidətdir» deyənlər olur. Məzhəbsiz olmaq lazımdır?
CAVAB
Qurani-kərimdə tərcümə olaraq buyurulur ki:
«Birlikdə Allahın ipinə möhkəm yapışın, bölünüb ayrılmayın». [Ali-İmran, 103]
Əbdülqani Nəblusi həzrətləri buyurur:
Bu ayəti-kərimə etiqadda bölünməməyi bildirir. «Etiqadda inanılası bilgilərdə bölünməyin, nəfsinizə və səhv düşüncənizə uyub doğru imandan ayrılmayın» deməkdir. Etiqadda ayrılmaq, bölünmək, əlbəttə caiz deyil. Hədisi-şərifdə «Camaatla birlikdə olun! Allahın razılığı, rəhməti, köməyi camaatda və birlikdədir. Camaatdan ayrılan Cəhənnəmə düşər» buyurulmuşdur.Əshabi-kiram gündəlik işləri açıqlayan bilgilərdə bir-birlərindən ayrılmışdılar; lakin etiqadda heç bir ayrılıqları yox idi. «Ümmətimin ayrılığı rəhmətdir» tərcüməsindəki hədisi-şərif fərqli ictihadın və fərqli fiqhi məzhəblərin caiz olduğunu göstərir. «Hədiqə»
Seyid Əhməd Təhtavi həzrətləri buyurur:
Qurani-kərimdə bildirilən Allahın ipində məqsəd camaatdır. Camaat da fiqh və elm sahibləridir. Fiqh alimlərindən bir qarış ayrılan yolundan azar. Sivadi-əzəm fiqh alimlərinin yoludur. Fiqh alimlərinin yolu da Rəsulullahın və xüləfayi-rəşidinin yoludur. Bu yoldan ayrılanlar Cəhənnəmə gedər. Xilas olan firqə bu gün dörd məzhəbdə toplanmışdır. Bu dörd məzhəb Hənəfi, Maliki, Şəfii və Hənbəlidir. Bu dövrdə bu dörd haqq məzhəbdən birinə tabe olmayan bidət sahibi olub Cəhənnəmə gedər. (Dürrul-muxtar haşiyəsi)
Sual: Bir Müsəlmanın dörd məzhəbin bildirdiyi rüxsətlərlə əməl etməsinin dini cəhətdən bir zərəri vardırmı?
Cavab: Mövzu haqqında Abdülməlik ibn Əbu Muhammədül-Cüveyni həzrətləri, “Muhit” kitabında:
“Gücü çatanın, dörd məzhəbdə əzimət (çətin) olan yolda olmaları vəra və təqvadır, çox yaxşıdır. Aciz olanların dörd məzhəbin rüxsətlərini etməsi caizdir. Lakin rüxsət (icazə, asanlıq) üçün o məzhəbdəki şərtlərə riayət etmək lazımdır” buyurur.
В корзине: 0 шт.
на сумму: 0