Facebook Twitter WhatsApp

Aişə Siddiqə

Peyğəmbərimizin xanımlarındandır.

Həzrəti Aişə anamız kiçik yaşda ikən oxumaq-yazmaq öyrənmiş olub çox zəki və qabiliyyətli idi. Hər bir hadisə üzərinə dərhal şer söyləməsi onun zəkalı olmasına bir dəlildir.  Öyrəndiyi və əzbərlədiyi bir şeyi qətiyyən unutmazdı. Çox ağıllı, zəki, alimə, ədibə , afifə  və salehə idi.

Üç  gecə yuxuda gördüm

            Rəsulullah əfəndimiz Həzrəti Xədicənin vəfatından sonra ikinci dəfə olaraq Həzrəti Əbu Bəkirin qızı Həzrəti Aişəni kəbinlədi, ancaq toy olmadı. Peyğəmbərimizin Həzrəti Aişə  ilə evlənməsində ən əhəmiyyətli xüsus, kəbin əqdinin Həzrəti  Peyğəmbərin arzusu ilə deyil, Allahu təalanın əmri ilə olmasıdır. Buxari və Müslimin rəvayətlərində Peyğəmbərimiz Həzrəti Aişəyə belə buyurdu:

— Səni üç gecə yuxuda gördüm. Bir mələk ipək parçaya bürümüş “Bu sənin xanımındır” dedi. Mən də üzünü açdım və “Əgər Allah tərəfindən isə Cənab Haqq imza etsin” dedim.  (Yəni, əgər yuxu Rəhmani isə Allahu təala müyəssər etsin, deməkdir.)

Rəsulullah əfəndimiz Mədinəyə hicrət etdiyi zaman ailəsini Məkkədə qoymuşdu. Mədinəni şərəfləndirincə Əbu Rəfii ilə azadlı köləsi Zeyd ibn Harisəni iki dəvə və başqa ehtiyacları almaq üçün 500 dirhəm xərcliklə Məkkəyə göndərdi.

Həzrəti Əbu Bəkir də Abdullah ibn Urəykiti iki dəvəni onların yanına qatıb xanımı  Ümmi Ruman və qızı Həzrəti Aişə ilə bacısı Əsmanı dəvələrə mindirərək göndərməsini, oğlu Abdullaha məktub yazaraq əmr etdi. Həzrəti Aişə anası Ümmi Ruman və Rəsulullahın qızları karvan olaraq yola çıxdı. Qubeyd adlanan yerdə Həzrəti Zeyd 500 dirhəmlə üç dəvə daha satın aldı. Karvana Talha ibn Ubeydullah da qatıldı. Mina ərazisindən Bəyda adlanan yerə çatdıqları zaman Həzrəti Aişənin dəvəsi qaçdı. Həzrəti Aişə buyurdu ki:

“Dəvəm qaçdı. Mən dəvənin üstündə mahfənin içindəydim. Anam da yanımda idi.  Anam, “Eyvah qızım, eyvah gəlinciyim” deyərək çırpınırdı. Allahu təala dəvələrimizi saxladı və bizi qurtardı. Nəhayət Mədinəyə gəldik. Mən Həzrəti Əbu Bəkirin ev əhli ilə birlikdə endim.”

Hər kəsə ev

O zaman Məscidi Nəbəvi və ətrafındakı evlər tikilmişdi. Məscidi-şərif inşa edilərkən  Peyğəmbərimizin xanımları Həzrəti Aişə və Sevdə üçün hər birinə otaq inşa edildi. Sonra, ehtiyac olduqca bir otaq inşa edilərək, ədədləri doqquz oldu. Otaqlar ərəb adəti üzrə xurma budağından idi. Üstləri tükdən keçə ilə örtülü idi.

Otaqlar məscidin cənub, şərq və şimal tərəflərində idi. Kərpicdən inşa edilmiş olanı da vardı. Çoxunun qapısı məscidə açılardı. Tavanlarının yüksəkliyi orta boylu insan boyundan bir qarış çox idi. Həzrəti  Fatimə ilə Həzrəti Aişənin otaqları arasında qapı vardı.

Məkkədən gələn Rəsulullahın ev xalqı öz otaqlarının önündə endi. Həzrəti Aişə anamız Həzrəti Əbu Bəkirin evində bir müddət qaldılar. Həzrəti Əbu Bəkir bir gün  Rəsulullaha belə ərz etdi:

— Ya Rəsulallah, əhlinlə evlənməkdən səni saxlayan nədir?

Xəstəliyi bol yerdi

Bunun üzərinə Rəsulullah əfəndimiz gərəkli hazırlıqları edərək Həzrəti Aişə ilə nikahlarının baş tutduğu Şəvval ayında evləndilər.

Həzrəti Aişə anamız buyurur ki:

“Mədinəyə hicrət edib gəldiyimiz vaxt bura xəstəliyi bol olan bir yer idi. Bütün Əshabı-kiram xəstəliyə tutuldular. Bu xəstəlikdən ancaq Rəsulullah əfəndimiz Allahu təalanın qorumasıyla xilas oldu.”

Həzrəti Aişə də xəstələndi. Peyğəmbərimiz Həzrəti Aişəyə, “Səndə gördüyüm nədir?”  deyə soruşanda Həzrəti Aişə bu cavabı verdi:

— Anam-atam sənə fəda olsun ya Rəsulullah, qızdırmadır. Allah onu qəhr etsin.

Bunun üzərinə Peyğəmbər əfəndimiz buyurdu ki:

— Xeyr, ona pis danışma! O, vəzifəlidir. İstəsən sənə bir dua öyrədim. Onu oxuduğun zaman Allahu təala səni ondan xilas edər.

Həzrəti Aişə  də,  “Öyrət ya Rəsulullah” dedi.

Peyğəmbər əfəndimiz duanı  öyrədəndə qızdırması keçdi.

Həzrəti Aişə anamız Mədinədə Rəsulullahın döyüşlərinə qatılmış digər səhabə xatunları kimi yaralıların müalicəsi və baxımıyla məşğul olmuş, böyük  xidmətləri olmuşdur.  Cəbhələrdə əlinə qılınc alıb vuruşmağı istəmiş isə də Rəsulullah əfəndimiz buna icazə verməmişdir. Məsələn Ühüd günü Peyğəmbər əfəndimiz yaralanmış, mübarək üzü müşriklərin atdığı daşla yaralanıb qan içində qalmışdı.

Həzrəti Fatimə anamız Rəsulullahın mübarək üzünü yumuş, qan durmayınca, yundan həsir yandırmış və külünü aləmlərə rəhmət olaraq gələn Peyğəmbərimizin mübarək üzünə basaraq, qanı durdurmuşdu.

Arxalarında su daşıyırdılar

Həzrəti Aişə anamız da kürəyində yemək və içmək üçün su daşıyaraq Ühüdə gəlmişdi.  Həzrəti Aişə və Ümmi Süləym tuluq ilə su daşıyırlar, Hamnə isə susuzlara su verirdi. Ənəs ibn Malik deyir ki:

“Ühüd döyüşündə müsəlmanlar sırası pozulub, Rəsulullahın yanından dağıldıqları zaman Həzrəti Aişə ilə Ümmi Süleymi gördüm. Arxalarındakı tuluqlarla qaça-qaça su daşıyır, yaralıların ağızlarına tökürdülər. Tuluqları boşaldıqca qaçaraq gedirlər, doldurunca qaçaraq gəlib,  yenə yaralılara su verirdilər.”

Qadınların Ühüd döyüşünə qatılmasına icazə verilməsinin səbəbi yaralıları müalicə üçün idi.

Həzrəti Aişə Mürəysi döyüşünə qatılmış və bu döyüşdə bəzi münafiqlərin çıxardığı bir böhtana məruz qalmış, buna görə də Allahu təala  Nur surəsində 17-ci ayəti kəriməni göndərərək, onun təmizliyini bildirdi. Həzrəti Aişə buyurdu ki:

“Rəsulullahın ilk xəstəliyi, Həzrəti Meymunənin evində oldu. O gün Rəsulullahın  Həzrəti Meymunəyə baş çəkdiyi gün idi. Burada Rəsulullahın xəstəliyi artdı. Digər əzvacı tahiratı (xanımları) gələrək  Rəsulullahın xidmətinə qoşuldular.  Peyğəmbərimiz də buyurdular ki:

— Ey mənim zövcələrim, məni üzrlü görün, taqətim yoxdur ki, evlərinizi gəzim. İcazə verərsəniz Aişənin evinə gedim, mənə orada xidmət edərsiniz.

 

Həzrəti Aişənin otağına getdi

Rəsulullah əfəndimiz Həzrəti Abbas və Həzrəti Əlinin çiyinlərinə söykənib mənim evimə gəldilər. Döşəyə uzandılar. Bu otaqda mübarək başı sinəmdə olduğu halda vəfat etdilər.”

Rəsulullahın vəfatından sonra da Əshabı-kiramın Həzrəti Aişə anamıza hörmətləri, ikramları və izzətləri çox idi. Hətta bu barədə Həzrəti Ömər bunda o dərəcə irəli getdi ki, Həzrəti Aişə, “Rəsulullahın vəfatından sonra Həzrəti Ömər mənə çox yaxşılıq etdi. Ya Rəbbi, bundan belə məni onun ehsan və yaxşılıqları üçün ayaqda tutma” buyurdu.

Həzrəti Aişə anamız Həzrəti Osman zamanında da İslam dinini öyrətməklə məşğul oldu. Həzrəti Aişə müctəhid idi. Bütün İslam elmlərində çox böyük dərəcəsi vardı.  Xüsusilə qadınlara məxsus hallara dair fiqhi hökmləri ondan soruşulardı. Çünki Həzrəti Aişə həm möminlərin anası, həm də dinlərini öyrənəcəkləri bir müfti müctəhid idi. Ayəti kərimə ilə mədh və səna olundu. Alim, ədib, çox ağıllı və  ustad idi. Çox fəsih və bəliğ danışardı.

Aişə Siddiqə həzrətlərinin fəzilətləri üstünlükləri sayıla bilməyəcək qədər çoxdur.  Əshabı-kirama fətva verərdi. Alimlərin çoxuna görə fiqh biliklərinin dörddə birini Həzrəti Aişə xəbər vermişdir. Hədisi-şərifdə buyuruldu ki:

— Dininizin üçdə birini Huməyradan öyrənin!

Rəsulullah əfəndimiz  Həzrəti Aişəni çox sevdiyi üçün, ona “Huməyra” deyərdi.

Aişə barəsində məni incitməyin!

            Əshabı kiramdan  və Tabiindən çox kimsə  Həzrəti Aişədən eşitdikləri hədisi-şərifləri xəbər vermişlərdir.  Ürvət übnü Zübəyr həzrətləri  buyurur ki:

“Quranı kərimin mənalarını, halal və haramları, Ərəb şeirlərini, nəsəb elmini Həzrəti Aişədən daha çox bilən kimsə görmədim.”

Əshabı-kiram hədiyyələrini Rəsulullaha, Aişənin evində gətirib beləcə sevgisini qazanmaq üçün yarışardılar. Zövcələr iki qrup idi. Aişə tərəfində Hafsa, Safiyyə, Sevdə vardı.  İkincisi, Ümmü Sələmə və digərləri idi. Bunlar Ümmi Sələməni Rəsulullaha göndərib “Əshabına əmr buyursanız da hədiyyə gətirmək istəyən hansı zövcə yanında isəniz oraya gətirsə” dediklərində Rəsulullah əfəndimiz buyurdu ki:

— Məni, Aişə barəsində incitməyin! Cəbrayıl mənə yalnız Aişənin yanında ikən gəldi.

Ümmi Sələmə də dediyinə peşman olub tövbə və əfv dilədi.

Rəsulullah əfəndimiz bir dəfə qızı  Həzrəti Fatiməyə buyurdu ki:

— Ey qızım, mənim  sevdiyimi sən sevərsənmi?

Həzrəti Fatimənin “Əlbəttə sevərəm” deməsi üzərinə  yenə buyurdular ki:

— O halda , Aişəni sev!

Ən çox kimi sevərdi?

Rəsulullah əfəndimiz Həzrəti Aişəni çox sevərdi.  Rəsulullaha, “Ən çox kimi sevirsən” deyildiyində buyurdular ki:

— Aişəni.

“Kişilərdən kimi” dediklərində, buyurdu ki:

— Aişənin atasını.

Yəni ən çox Həzrəti Əbu Bəkiri sevdiyini bildirdi.

Həzrəti Aişəyə  soruşdular ki:

— Rəsulullah əfəndimiz ən çox kimi  sevərdi?

— Fatiməni sevərdi.

— Kişilərdən kimi sevərdi?

— Fatimənin zövcünü.

Bundan aydın olur ki, zövcələri arasında  Həzrəti Aişəni, uşaqları arasında Həzrəti Fatiməni, Əhli beyti arasında  Həzrəti Əlini, əshabı arasında  isə  Həzrəti Əbu Bəkiri ən çox sevərdi.

Həzrəti Aişə buyurur ki: “Bir gün Rəsulullah əfəndimiz mübarək ayaqqabılarının  qayışlarını taxırdı. Mən də sap əyirirdim. Mübarək üzünə baxdım. Parlaq alnından tər damlayırdı. Tər damcısı hər tərəfə nur saçır, gözlərimi qamaşdırırdı. Çaşdım. Mənə doğru baxaraq  buyurdular ki:

— Sənə nə oldu ki,  belə dalğın dayanırsan?

Mən də, “Ya Rəsulullah! Mübarək üzünüzdəki nurların parlaqlığına və mübarək alnınızdakı  tər dənələrinin saçdıqları işıqlara  baxaraq özümdən keçdim” dedim.

Bunun üzərinə Rəsulullah əfəndimiz qalxıb yanıma gəldi. Alnımdan öpdü və buyurdular ki:

— Ya Aişə! Allahu təala sənə yaxşılıqlar versin! Məni sevindirdiyin kimi səni sevindirə bilmədim.

Qiyamət günündə insanlar

Yəni, sənin məni sevindirməyin mənim səni sevindirməmdən çoxdur, buyurdu.  Həzrəti Aişənin mübarək alnından öpməsi, Rəsulullahı sevərək onun camalını anlayaraq gördüyü üçün afərin və təqdir olmaqdadır.

Bir gün Peyğəmbər əfəndimiz qiyamət günündən bəhs ilə Həzrəti Aişəyə buyurdu ki:

— Qiyamət günündə insanlar paltarsız olaraq  həşr ediləcəkdir.

— Kişilər də qadınlar da belə olacaq?

— Bəli.

— O zaman bir-birlərinə baxmayacaqlar?

— Ey Aişə, o gün insanlar məşğuliyyətlərindən bir-birlərinə baxmağa zaman tapa bilməyəcəklər. Gözləri göyə dikilmiş halda qırx il eləcə qalacaqlar. Yeməyəcək, içməyəcəklər. Şiddətli tərləyəcəklər. Kiminin tərindən yığılan su ayaqlarını örtəcək.  Kiminin də dizlərinə, kiminin də qarnına qədər yüksələcəkdir. Kiminin də təpəsinə qədər çıxacaqdır.

Musa ibn Talha deyir ki:

— Həzrəti Aişədən daha fəsih, gözəl danışanı görmədim. Rəsulullahı mədh edən bu mənada bir şeir söyləmişdir:

“Misirdəkilər Onun yanaqlarının gözəlliyini eşitmiş olsaydılar, Yusif əleyhissəlamın  bazarlığında heç pul verməzdilər. Yəni, bütün mallarını Onun yanaqlarını görə bilmək üçün saxlayardılar. Züleyxanı pisləyən qadınlar Onun parlaq alnını görsələrdi əllərinin yerinə qəlblərini kəsərdilər də ağrısını hiss etməzdilər.”

Allahu təalanın nemətləri

            Həzrəti Aişə özünün Peyğəmbərimizin digər xanımlarının hamısından daha üstün olduğunu söyləyərək Allahu təalanın nemətlərini sayar, öyünərdi. Bunlardan bəziləri bunlardır:

1- Rəsulullah əfəndimiz, məni istəmədən əvvəl Cəbrayıl əleyhissəlam mənim surətimi gətirib  Peyğəmbər əfəndimizə göstərdiyini və “Bu sənin zövcəndir” dediyini söyləyərdi.

2- Rəsulullahın zövcələri içində ər görmədən Rəsulullah ilə evlənən məndən başqa olmamışdır.

3- Rəsulullahın zövcələri içində tək mənim yanımda ikən vəhy gəldi. Rəsulullah əfəndimiz  bəzi zövcələrinə, “Aişəni üzərək məni incitməyin! Bilin ki, onun yanında mənə vəhy gəlməkdədir”  buyurmuşdu.

4- Rəsulullahın zövcələri arasında məndən başqa heç birinin həm atası həm də anası hicrət etməmişdir.

5- Allahu təala mənim haqqımda bəraət ayəsini nazil etdi.

6- Rəsulullah vəfat edərkən mübarək başları mənim sinəmdə idi.

7- Rəsulullah mənim otağımda vəfat etdi.

8- Mənim otağım Rəsulullahın türbəsi olmuşdur.

Rəsulullahı təsəlli edərdi

            Həzrəti Aişə anamız Rəsulullahın razılığına qovuşmaq üçün gecəsini gündüzünə qatardı. Onu bir az kədərli görsəydi, onu təsəlli etmək üçün əlindən gələn hər şeyi edərdi. Hətta Rəsulullahın qohumlarına da şəfqət, onlara qarşı da hər cür yaxşılığı edərdi.

Həzrəti Aişə buyurur ki:

“Gündə iki dəfə yemək yeyirdim. Rəsulullah əfəndimiz görüncə buyurdu ki:

— Ya Aişə! Yalnız mədəni doyurmaq sənə hər işdən daha dadlı gəlir? Gündə iki dəfə yemək də israfdandır.  Allahu təala israf edənləri sevməz.”

Hadimi həzrətləri buranı belə açıqlayır: “Rəsulullah əfəndimiz Həzrəti Aişənin ikinci yeməyi  acımadan yediyini anlayaraq belə buyurmuşdur. Yoxsa, kəffarələr üçün gündə iki dəfə yedirmək lazım  olduğu meydandadır.”

Rəsulullahın vəfatından sonra Həzrəti Aişəyə yemək yeyib-yemədiyini soruşdular. “Heç bir zaman  doyuncaya qədər yemədim”  buyurdular və ağladılar.

Həzrəti Aişə buyurar ki: “Peyğəmbər əfəndimizin qarını heç bir zaman yemək ilə doymamışdır. Bu barədə heç kimsəyə şikayətlənməmişdir. Ehtiyac içində olmaq onun üçün zənginlikdən daha yaxşı idi. Bütün  gecə aclıqdan qıvrınsa belə Onun bu halı gündüz orucundan saxlamazdı.

Səbr göstərdilər

            İstəsəydi Rəbbindən yer üzünün bütün xəzinələrini, meyvələrini və rifah həyatını istəyərdi. And olsun ki, Onun o halını gördüyüm zaman kədərlənərdim və ağlayardım.  Əlimlə qarnını oxşayıb deyərdim ki:

— Canım sənə fəda olsun! Sənə güc verəcək bu dünyadan bəzi mənfəətlər, yemək və içəcəklər təmin etsəm olmazmı?

Bu sözün qarşılığında mənə buyurardı ki:

— Ey Aişə,  dünya mənim nəyimə? Ulul-azm olan peyğəmbər qardaşlarım bundan daha çətin olanına qarşı səbr göstərdilər. Ancaq o halları ilə yaşayışlarına davam etdilər, Rəbblərinə qovuşdular. Bu səbəblə Rəbbləri onların özünə dönüşlərini çox gözəl bir şəkildə etdi, savablarını artdırdı. Mən rifah bir həyat yaşamaqdan həya edirəm. Çünki belə bir həyat məni onlardan geri qoyar. Mənim üçün ən gözəl və sevimli şey qardaşlarıma, dostlarıma qovuşmaq və onlara qatılmaqdır.

Bu sözlərindən sonra çox zaman keçmədi,  bir aydan sonra vəfat etdilər.”

Peyğəmbər əfəndimiz Həzrəti Aişəyə bir çox tövsiyələr vermişdir.  Bunlardan bəziləri bunlardır:

“Peyğəmbər əfəndimiz buyurdu ki:

— Ey Aişə! Gecələri bu dörd şeyi etmədən yatma:

1- Quranı-kərimi xətm etmədən,

2- Mənim və digər peyğəmbərlərin şəfaətlərinə qovuşmadan,

3- Möminləri özündən razı etmədən,

4- Həcc etmədən.

Ondan asan nə var?

            Rəsulullah əfəndimiz bunları söylədikdən sonra namaza durdu. Namazını bitirdikdən sonra yanına gedib dedim ki:

— Ey iki dünyanın günəşi olan Əfəndim! Anam, atam, canım sənə fəda olsun. Mənə dörd şeyi etməyimi əmr edirsən. Mən bunları qısa müddət içində necə edə bilərəm?

Bunun üzərinə təbəssüm edərək buyurdular ki:

— Ya Aişə! Ondan asan nə var? Üç İxlası-şərif və bir Fatihə surəsini oxuyarsan, Quranı-kərimi xətm etmiş; mənə və digər peyğəmbərlərə salavat gətirərsən,  şəfaətimizə qovuşmuş; əvvəl möminlərin və sonra da öz əfvini diləyərsən, möminləri özündən razı etmiş; “ Sübhanəllahi vəlhamdulillahi və la ilahə illallahu vahdəhu lə şərikə ləh. Ləhül mülkü vələhül hamdü və hüvə ala külli şeyin qadir” təsbehini oxuyarsan həcc etmiş  sayılarsan.”

— Ey Aişə, yumşaq ol, çünki Allahu təala bir xalqına yaxşılıq arzu etsə, onlara rifq, yumşaqlıq qapısını göstərər.

— Ey Aişə bilmirsənmi ki, qul səcdə etdiyi zaman, Allah onun səcdə yerini yeddi qat yerin sonuna qədər tərtəmiz edər.

— Ey Aişə, heç həyasız söz söylədiyimi gördünmü? Qiyamət günü Allah qatında ən pis insan şərindən qaçaraq insanların tərk etdiyi kimsədir.

— Ey Aişə, Allah qullarına lütf ilə rəftar edəndir. Hər işdə yumşaq davranılmasını sevər.

— Ey Aişə, sənə biri istəmədən bir şey versə, qəbul et! Çünki o, Allahu təalanın sənə göndərdiyi bir ruzidir.

Özünü tuta bilmədi

            Sevgili Peyğəmbərimizin hüzurlarına bəzi yəhudilər girdilər. “Essamü aləyk” deyərək  güldülər. Allahu təalanın Rəsulu də; “Və aleykum” qarşılığını verdilər. Bunları eşidən Həzrəti Aişə  yəhudilərə “lənət” etməyə başladı. Çünki “Essamü aləyk!” sözlərinin mənası, “Ölüm, sənin üzərinə olsun” deməkdir. Ona görə də bu səbəbdən Peyğəmbər əfəndimizin xanımı özünü tuta bilməmişdi.

Bu çaşqın yəhudilər guya hiyləgərlik etdilər! Salam verər kimi görünüb, Haqq təalanın ən şərəfli Peyğəmbərinə təhqir etməyə çalışdılar. Həzrəti Aişəni üzən də onların bu “səfil” niyyətləriydi.

Ancaq Peyğəmbər əfəndimiz sakit görünürdülər.  Xanımından soruşdular:

— Ey Aişə! Sənə nə oldu ki,  onlara lənət etdin?

Həzrəti Aişə Siddiqə hələ hiddətini yenə bilməmişdi. “Nə söylədiklərini eşitmədinizmi, ya Rəsulullah” dedi. Peyğəmbər əfəndimiz də, “Sən də mənim onlara, (Və aleykum…) dediyimi eşitmədinmi” buyurdu.

Həqiqətən, “Və aleykum” demək, “Sizin də üzərinizə olsun” mənasına gəlirdi. Beləcə, yəhudilərin “ölüm”  diləyini,  sevgili Peyğəmbərimiz eynilə özlərinə geri vermişdi.

Şəhidlərin dərəcəsi

Həzrəti Aişə bir gün Rəsulullah əfəndimizdən soruşdu:

— Şəhidlərin dərəcəsinə yüksələn olurmı?

— Hər gün iyirmi dəfə ölümü düşünən kimsə şəhidlərin dərəcəsini tapar.

— Ya Rəsulallah! Sizin üzərinizə Uhud günündən (hərbindən) daha şiddətli bir gün gəldimi?

— Ya Aişə! Gördüyüm əziyyətin ən şiddətlisi Taif şəhərində olmuşdur.

Həzrəti Aişənin anası Ümmi Ruman binti Amirdir. Ləqəbi Siddiqədir. Həzrəti Aişənin övladı yox idi. Bunun üçün ləqəbi də yox idi. Ərəblərdə ləqəbə çox əhəmiyyət verərdilər.  Bunun üçün Həzrəti Aişə kədərlənərdi. Bir gün Həzrəti Peyğəmbərə bunu ərz etmiş və  Peyğəmbərimiz də buyurmuşdu ki:

— Sən qardaşın oğlu Abdullah ibn Zübəyri özünə övlad götürsən və onun  adına izafədən də ləqəb  alarsan.

Bundan sonra Həzrəti Aişə qardaşı oğlu Abdullah ibn Zübəyrə izafədən ümmi Abdullah deyə ləqəbi oldu.

Həzrəti Aişə hicrətdən doqquz il əvvəl Məkkə mükərrəmədə doğuldu. 676-cı ilinin  Ramazan ayının 17-ci çərşənbə axşamı günü Mədinə münəvvərədə vəfat etdi.