Facebook Twitter WhatsApp

Abdullah ibn Atiq

Mədinəli ilk müsəlmanlardandır.

Mədinədə hicrətdən əvvəl Həzrəti Əsad ibn Zürarənin və  Peyğəmbərimiz tərəfindən  oraya Quranı-kərimi və  İslamiyyəti öyrətmək üçün  göndərilən Həzrəti Musab ibn Uməyrin  təbliğ xidmətləri sayəsində bir çox kimsə iman etmişdi. Hələ Peyğəmbərimizin hicrəti  baş tutmadan əvvəl  müsəlman olmaqla şərəflənənlərdən biri də  Həzrəti Abdullah ibn Atiq idi.

Həzrəti Abdullah ibn Atiq Bədir və Uhud hərblərində Rəsulullahın yanında çox xidmətlər etmişdir. 627-ci ildə Mədinənin müdafiə edilməsi üçün edilən Xəndək hərbinə də qatılmışdır.

Hər xüsusda köməkçi oldular

            Məkkədə müşriklərin zülmündən xilas olmaq üçün  Peyğəmbərimiz və  müsəlmanlar Mədinəyə hicrət etmişdilər.  Burada yaşayan Əvs və  Həzrəc qəbilələrinin hamısı İslamiyyəti qəbul etmişlər, Rəsulullaha hər xüsusda köməkçi  olmuşdular.

Əvvəldən bəri bunlara düşmən olan yəhudilərin kini İslam düşmənliyi ilə birləşmişdi.  Rəsulullah əfəndimizə düşmənlikdə çox irəli gedənlərdən biri də  Xeybər yəhudilərinin rəisi olan Əbu Rəfi Səlam ibn Əbu  Hukayq idi.

Xeybər Yəhudilərinin rəisi olan Əbu Rəfi azğın İslam düşməni idi. Tez-tez Rəsulullahı narahat etdiyi kimi Əshabını da rahat buraxmır, fürsət tapdıqca onlara əziyyət edirdi. Müsəlman olmayanları İslama qarşı düşmənçilik üçün bir araya yığır, davamlı onları qızışdırırdı.

Zəngin olduğu üçün  Rəsulullahın düşmənlərinə maddi köməklik də edirdi.

Əshabı-kiram özlərinə edilən çətinliklərə qatlanır, lakin Rəsulullaha verilən narahatçılığa heç cür razı ola bilmirdilər. Bunun üçün öz aralarında toplanıb, bunun bir çarəsini axtardılar. Sonunda Əbu Rəfini öldürməyə qərar verdilər. Beş nəfər bu işi etməyə icazə almaq üçün  Rəsulullaha getdilər.

Peyğəmbər əfəndimiz icazə verərək başlarına Həzrəti Abdullah ibn Atiqi əmir təyin etdi. Yalnız Əbu Rəfinin öldürülməsini,  qadınlara, uşaqlara toxunulmamasını əmr etdi.

Əbu Rəfinin özünə  aid  möhkəm bir qalası vardı. Buradan kənara çıxmazdı.

Qalaya yaxınlaşdıqları zaman  Həzrəti Abdullah yoldaşlarına dedi ki:

— Siz burada qalın,  qalaya yaxınlaşmayın! Mən qalada qalanlardan birisi kimi,  içəri girməyə çalışacam.

Hər kəs içəri girsin!

Qala qapısına çox yaxınlaşdığı zaman qapılar bağlanmaq üzrə idi. Qapının  yaxınlığındakı insanların arasına girib onlardan biri kimi bir şeylərlə məşğul olmağa başladı.  O sırada qapıçı səsləndi:

— Hər kəs içəri girsin, qapıları bağlayıram, sonra çöldə qalarsınız!

Bu fürsəti yaxşı dəyərləndirən Həzrəti Abdullah dərhal içəri girdi. Bundan sonrasını özü belə danışır:

İçəri girəndə tövləyə girib gizləndim. Gizləndiyim yerdən qapıcını təqib etdim. Qapını kilidlədi,  açarları dirəyə asıb getdi. Açarları götürüb hər  tərəfi gəzdim. Baxdım ki, ən üst qatda  Əbu Rəfi yoldaşları ilə söhbət edirdi.

Əbu Rəfinin söhbət etdiyi yerdən ayrılmasını gözlədim. Söhbət bitdikdən sonra  hərəkətə keçdim. Bir çox qapıdan keçdim. Hər qapını açdıqca, qapını içəridən sürgüləyirdim.  Bunu, əgər Əbu Rəfinin adamları məni görərsələr, adamı öldürənə qədər, mənə zaman qazandırsın deyə edirdim. Bu surətlə Əbu  Rəfinin yatdığı otağa qədər gəldim.

Bir şey istədiniz?

            Otağı qaranlıq olduğu üçün yatanlardan hansının olduğunu bilmək üçün, “Ya Əba Rəfi” deyə səsləndim.  “Kimdir?” deyə yatağın birindən  səs gəldi. Dərhal səsin gəldiyi tərəfə  atılıb qılıncımı endirdim.  Ancaq qılınc tam yerinə düşmədi.

“Yetişin, biri məni öldürmək istəyir!” deyə qışqırdı. O arada dərhal otaqdan çıxıb dəyişik bir səslə dedim ki:

— Ya Əba Rəfi,  bir şey istədiniz?

— Canı Cəhənnəmə!  Sən səslənmədən əvvəl biri gəlib, məni otaqda qılıncla yaraladı!

Atıq hədəfimi tam təsbit etmişdim. Yaxşı bir qılınc zərbəsi daha endirdim. Yenə yıxılmadı. Bu dəfə qılıncımı qarnına saldım. Yerə yıxılanda, otaqdan çıxıb nərdivanları  iki-iki enməyə başladım. Nəhayət, nərdivanların sonuna gəldiyimi zənn edərək, özümü yerə atdım.  Halbuki daha yüksəkdəymişəm. Yerə düşüncə,  baldır sümüyüm qırıldı. Ayağımı bir parçayla sarıyıb, oraya oturdum və öz özümə, “Bunu öldürüb öldürmədiyimi yaxşıca anlayana qədər, bu gecə qaladan çıxmayacam” dedim.

Böyük ağrılar içində qıvrıla-qıvrıla gözləməyə başladım. Bir zaman sonra qalanın divarına biri çıxıb qışqırdı:

— Ey Hicaz xalqı! Böyük tacir Əbu Rəfi otağında öldürülmüş olaraq  tapıldı. Elan edirəm!

Əbu Rəfinin işi tamam oldu!

            Artıq məqsəd hasil olmuşdu. Sevincdən ayağımın ağrısını çoxdan unutmuşdum.  Dərhal yoldaşlarımın yanına gedib dedim ki:

— Artıq xilas olduq!  Əbu Rəfinin işi tamamdır!

Hamımız  birlikdə  Rəsulullahın hüzuruna gedib müjdəni verdik. Rəsulullah çox sevindi.  Ayağımın qırıldığını eşidincə mənə buyurdu ki:

— Ayağını uzat!

Mən də ayağımı uzatdım. Rəsulullah əfəndimiz  ayağımı oxşadı. Heç ağrı hiss etməmiş  kimi oldum. Qırıq tamamilə yaxşılaşmışdı.

Həzrəti Abdullah ibn Atiq bu qəhrəmanlığından sonra Xeybərin fəthinə qatılaraq,  burada da böyük faydalar verdi. Sonra Məkkənin  fəthinə və  Hunəyn hərbinə qatıldı və çox xidməti görüldü.

Abdullah ibn Atiq həzrətləri mürtədlərlə edilən döyüşdə çox arzuladığı şəhidlik rütbəsinə qovuşdu.