Facebook Twitter WhatsApp

Abdullah ibn Səlam

Tövratda Rəsulullahın əlamətlərini görüb Müsəlman olan səhabədir.

Abdullah ibn Səlam həzrətləri Əshabı-kiramdan olub, Ənsarın böyüklərindəndir. Mədinədəki Yəhudi Bəni Qaynuqa qəbiləsindən idi. Soyu Həzrəti Yusifə çatırdı. Əsl adı Hüseyn idi. Müsəlman olanda Rəsulullah əfəndimiz ona Abdullah adını verdi.

İman etmədən əvvəl Yəhudi alimlərindən idi. Müsəlman olması çox ibrətlidir. Müsəlman olmasını özü belə danışır:

Axır zaman peyğəmbəri

“Atam Yəhudilərin irəli gələn alimlərindən idi. Mənə Tövratı oxudar, dindar yetişməyim üçün əlindən gələni edərdi. Bir gün axır zaman Peyğəmbərinin əlamətlərini və edəcəyi işləri danışaraq dedi ki:

— Əgər axır zaman Peyğəmbəri Harun əleyhissəlamın nəslindən yəni öz qövmümüzdən gələrsə inanaram,  başqa qövmdən gələrsə inanmaram! Sən də inanma!

Rəsulullah əfəndimiz Mədinəyə hicrət etmədən əvvəl atam vəfat etdi.

Rəsulullah əfəndimiz Mədinəyə hicrətindən əvvəl Məkkədə Peyğəmbərliyini bəyan etdikdən sonra, xüsusiyyətlərinə və etdiyi işlərə baxdım, eynilə atamın danışdıqlarına uyğun gəlirdi. Ancaq, qövmümüzün irəli gələnləri sırf  Ərəb qövmündən gəldi deyə Rəsulullaha qarşı çıxırdılar. Tövratda bildirilən əlamətlər çox açıq idi.

Bir gün Yəhudilərin xurma bağlarına getdim. Öz aralarında, “ Ərəblərin adamı gəldi!” deyə danışırdılar. Bu sözü eşidincə məni bir titrəmə tutdu. Əlimdə olmadan “Allahu Əkbər” deyə qışqırdım. Mənim təkbir gətirdiyimi görən bibim Xalidə binti Haris mənə hirslənib dedi ki:

— Allah səni ümid etdiyinə qovuşdurmasın, əlini boşa çıxarsın! Vallah sən Musa ibn İmranın  gələcəyini eşitmiş olsaydın bundan çox sevinməzdin.

Mən də ona belə cavab verdim.

— Ey bibi! Vallah O,  Həzrəti Musa kimi Peyğəmbərdir. Musa əleyhissəlamın tövhid dinindəndir. Buna nə üçün qarşı çıxırsınız?

— Ey qardaşımın oğlu! Yoxsa o Qiyamətə yaxın göndəriləcəyi bizə bildirilən Peyğəmbərdirmi?

— Bəli.

— Elə isə sevinməkdə haqlısan.

Dözə bilməyib, Rəsulullahı görmək üçün olduğu yerə getdim. Daha ilk gördüyümdə öz özümə, “ Bu gözəl üzün sahibi yalan söyləyə bilməz!”  dedim.  Rəsulullah insanlar arasında oturmuş, onlara nəsihət edirdi.  İlk eşitdiyim hədisi-şərif  bu idi:

— Salamı aranızda yayın, aç kimsələri doyurun, silai-rəhm edin, yaxın qohumlarınızı ziyarət edin! İnsanlar yuxuda ikən  namaz qılın! Beləcə Cənnətə  salamatlıqla girərsəniz.

Allah birdir

Sonra mənə dönüb soruşdu:

— Sən Mədinə alimi İbni  Səlam deyilsənmi?

— Bəli.

— Ey Abdullah, Allah üçün söylə!  Tövratda mənim  vəsflərimi oxuyub öyrənmədinmi?

—  Bəli, öyrəndim.  Ya Rəsulallah Cənabı Haqqın sifətlərini söyləyərsənmi?

Rəsulullah əfəndimiz mənə İxlas surəsini oxudu.

“De ki: O Allah birdir. Heç bir şey Onun ortağı deyildir!” məalindəki ayəti-kəriməni eşidincə:

— Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur.  Sən  Onun qulu və  Rəsulusan, deyərək iman etdim.

Abdullah ibn Səlam Müsəlman olduqdan sonrasını belə buyurur:

Müsəlman olduqdan sonra Rəsulullaha dedim ki:

— Ya Rəsulallah! Yəhudilər qədər yalançı, inadçı, zalım kimsə yoxdur. Heç bir böhtandan  çəkinməzlər. İndi mənim Müsəlman olduğumu öyrənsələr mənə böhtan edərlər, bunu açıqlamadan əvvəl məni onlardan soruşun!

Çox böyük alimimizdir

Sonra mən bir pərdənin arxasına gizləndim. Rəsulullah bir qrup Yəhudini çağırdı. Onlardan soruşdu:

— Aranızdakı Hüseyn (Abdullah) ibn Səlam  necə bir kimsədir?

— Çox böyük bir alimimizdir. Onun kimi xeyirli biri az tapılar. O doğru sözlüdür.

— Əgər o Müsəlman oldusa siz nə deyərsiniz?

— Allah onu belə bir şeydən qorusun!

Sonra gizləndiyim yerdən çıxıb dedim ki:

— Ey Yəhudi birliyi, Allahdan qorxun! Sizə gələni qəbul edin! Allaha and içərəm ki, siz Rəsulullahın haqq Peyğəmbər olduğunu bilirsiniz. Çünki əlamətləri Tövratda açıq olaraq yazılıdır. Başqa qövmdən gəldiyi üçün inadınızdan iman etmirsiniz. Mən şəhadət edirəm ki,  Allahdan başqa ilah yoxdur. Və yenə şəhadət edirəm ki, Muhamməd  əleyhissəlam Allahın Rəsuludur.

Bunun üzərinə Yəhudilər:

— Bizim ən pisimiz budur. Aramızda bundan daha pis biri yoxdur, deyib necə böhtanlar etməyə başladılar. Peyğəmbər əfəndimiz Yəhudilərə dönüb buyurdu ki:

— Birinci şəhadətiniz bizə kafidir, ikincisi isə gərəksizdir.

Həzrəti Abdullah dərhal evinə qayıtdı. Ailəsini və qohumlarını İslamiyyətə dəvət etdi.  Bibisi də daxil hamısı Müsəlman oldular.

Onun iman etməsi Yəhudiləri çox hirsləndirdi. Bunun üçün onu sıxışdırmağa başladılar.  Hətta Yəhudi alimlərindən bəziləri:

— Ərəblərdən Peyğəmbər çıxmaz. Sənin adamın hökmdardır, deyərək, Abdullah ibn Səlamı  İslamiyyətdən imtina etdirməyə çalışdılarsa da müvəffəq ola bilmədilər.

Özü ilə birlikdə Sələbə ibn Sayə, Üsəyd  ibn Sayə, Əsad ibn Ubəyd və bəzi Yəhudilər  səmimi olaraq Müsəlman oldular.  Lakin bəzi Yəhudilər dedilər ki:

— İslamiyyətə yalnız bizim pislərimiz inandı. Əgər, onlar xeyirlimizdən olsaydılar, atalarının dinini buraxmazdılar.

Bunun üzərinə enən ayəti-kərimədə məalən belə buyuruldu:

“Onların, Əhli kitabın hamısı bir deyildir. Əhli kitabın içində bir camaat vardır ki,  onlar gecə vaxtlarında səcdəyə qapanaraq Allahın ayələrini oxuyarlar.” (Ali-İmran: 113)

Adil şahid

            Abdullah ibn Səlamın iman etdiyinə və fəzilətlərinə Quranı-kərimin bu ayəti kəriməsinin şəhadət etdiyini  təfsirçilər ifadə etməkdədirlər. Bu ayəti kərimə məalən budur:

“Kafir olanlara de ki: Əgər Quranı-kərim Allah tərəfindən göndərilmiş olub lakin siz inanmayıb inkar etmişinizsə və İsrailoğullarından bir şahid Quranı-kərimi  bənzərinə, Tövrata görə bu da Allah kəlamıdır deyə şəhadət edib  inandı da siz yenə də böyüklük göstərərsəniz, mənə söyləyin özünüzə yazıq etmiş olmazsınızmı? Şübhəsiz  Allah zalım milləti doğru yola müvəffəq etməz.” (Əhqaf:10)

Təfsir alimlərinə görə ayətdəki İsrailoğullarından bir şahid olaraq bəhs edilən kimsə  Abdullah ibn Səlamdır. Çünki O öz millətinə:

— Həzrəti Musaya enən Tövratı Allah kəlamı olaraq qəbul edib də Həzrəti Muhammədi və Ona enən Quranı-kərimi  inkar etmək zülmdür, deyərək Müsəlman olmuşdur.

Abdullah ibn Səlam  həzrətləri Yəhudi alimi ikən Müsəlman olub iman ilə şərəflənəndə,  özünü tamamilə İslam dininə verdi. Yəhudilərin onun haqqında uydurduqları böhtanlara qulaq asmadı. Quranı-kərimə dörd əllə sarılıb, Rəsulullahı bir kölgə kimi təqib etməyə başladı.  Peyğəmbər əfəndimiz onun haqqında buyurdu ki:

— Cənnətlik birini görmək istəyən, Abdullah ibn Səlama baxsın.

Bağçada gördüm

            Bir gün Rəsulullahın hüzuruna gəlib dedi ki:

— Ya Rəsulallah, yuxumda özümü bir bağçada gördüm. Bağçanın içində dəmirdən bir dirək vardı. Dirəyin bir ucu yerdə, bir ucu göydə idi. Yuxarısında bir qulp, bir çənbər vardı. Mənə, “Haydı bu dirəyə çıx!” deyildi. Mən də “Gücüm çatmaz” dedim.  Bundan sonra yanıma biri gələrək, kürəyimdəki paltarı çıxardı. Beləliklə, rahat bir şəkildə dirəyin təpəsinə çıxdım, qulpundan  tutdum. “Yaxşı tut, buraxma!” dedi.  Beləcə dirəyin qulpu əlimdə olduğu halda oyandım.

Peyğəmbər əfəndimiz yuxusunu belə yozdu:

— Gördüyün bağça İslam dinidir. Dirək də İslam dininin dirəyi, tövhiddir. O qulp da möhkəm olan imandır. Sən ölənə qədər İslam dini üzrə yaşayacaqsan!

Başqa bir zamanda Peyğəmbər əfəndimiz, Əshabı-kiram ilə söhbət edərkən buyurdu ki:

— Bu qapıdan ilk girəcək olan Cənnət əhlindən biridir.

Əshabı-kiram maraqla kimin girəcəyini gözləyərkən, Abdullah ibn Səlamın girdiyini gördülər. Daha sonra bu müjdəli xəbəri ona bildirərək soruşdular:

— Ya Abdullah, bu dərəcəyə hansı əməl ilə çatdın?

— Mən zəif bir kimsə idim. Ən qüvvətli ümidim, qəlb salamatlığı, yəni heç kimə qarşı içimdə pislik bəsləməmək və boş sözləri tərk etməmdir. Bundan başqa məni qurtaracağından  ümidli olduğum  bir əməl bilmirəm.

Qürurlu Cənnətə girməz

Abdullah ibn Səlam həzrətləri nəfsini pis xasiyyətlərdən və istəklərdən tamamilə  təmizləyib tərbiyə etmişdi. Özü zəngin olduğu halda, bəzən Mədinə bazarında kürəyində yük daşıdığı görülərdi. Bir gün yenə onu bu halda görənlər dedilər ki:

— Sənin uşaqların, xidmətçilərin var.  Bu işləri nə üçün onlara etdirmirsən?

— Bəli, bu işləri görəcək kimsələrim vardır. Ancaq mən nəfsimi sınamaq istəyirəm. Belə işlər nəfsimə ağır gəlirmi, gəlmirmi? Məqsədim bunu anlamaqdır. Çünki Peyğəmbər əfəndimiz bir hədisi-şəriflərində, “Qəlbində xardal dənəsi qədər qürur, təkəbbür olan kimsə Cənnətə girməyəcəkdir”  buyurmuşdur. Başqa bir hədisi-şəriflərində də, “Meyvə və ya hər hansı bir şeyi öz əliylə evinə aparan, qürurdan uzaqlaşmışdır” buyurmuşdur. Buna görə də yükümü özüm daşıyıram.

Abdullah ibn Səlam həzrətləri, Həzrəti Osmanın şəhadəti əsnasında yanında idi.  Üsyançılara dedi ki:

— Tarixdə öldürülən hər peyğəmbər üçün yetmiş min əsgər öldürülmüşdür.  Öldürülən hər xəlifə üçün də on beş min adam öldürülmüşdür. Gəlin bu işdən imtina edin! Yoxsa axirətdə bunun cəzasını çox şiddətli olaraq çəkəcəksiniz! Həmçinin, Həzrəti Osmanın üzərinizdə çox haqqı vardır.

Lakin üsyankarlar sözünü dinləmədilər,həm də onu təhqir etdilər.

Həzrəti Abdullah həqiqətən əxlaq və elm ilə özünü bəzəyən Cənnətlik insanlardan idi.

Əshabı-kiramdan Muaz ibn Cəbəl 639-cu ildə Suriya tərəflərində ortaya çıxan vəba xəstəliyinə tutulmuşdu.  Vəfat edəcəyi sıralarda başında ağlayan tələbəsi Yezid ibn Amirəyə dedi ki:

— Nə üçün ağlayırsan?

— Mən dünya üçün ağlamıram. Elmi səndən öyrənməkdə idim, bunu itirəcəyimə kədərlənirəm!

Bunun üzərinə Muaz ibn Cəbəl buyurdu ki:

Elm itməz

— Elm mənim vəfatımla itməz. Məndən sonra elmi bu dörd adamdan öyrən: Abdullah ibn Məsud, Abdullah ibn Səlam, çünki Rəsulullah onun haqqında, “O Cənnətlik olan on adamın onuncusudur” buyurdu. Həzrəti Ömərdən və  Səlmanı Farisidən öyrən.

Abdullah ibn Ömər belə deyir:

Mədinədə bir qrup Yəhudi birliyi Rəsulullaha  gələrək dedilər ki:

— Sənin gətirdiyin dində rəcm (zina edən evli insanlara verilən daşlama cəzası) vardırmı?

Rəsulullah əfəndimizdə onlardan soruşdu:

— Rəcm cəzası haqqında Tövratda nə yazır?

— Tövratda rəcm cəzası yoxdur.

Abdullah ibn Səlam Yəhudilərə dedi ki:

— Yalan söyləyirsiniz! Tövratda rəcm ayəsi vardır.

Bunun üzərinə Tövratı gətirib açdılar. Yəhudilərdən biri əlini rəcm ayəsinin üzərinə qoyaraq bundan əvvəlki və sonrakı ayələri oxumağa başladı. Abdullah ibn Səlam  ona:

— Əlini qaldır! dedi.

O da əlini qaldırınca rəcm ayəsi göründü. O zaman Yəhudilər dedilər ki:

— Ey Muhamməd!  Abdullah ibn Səlam doğru söylədi. Tövratda həqiqətən rəcm ayəsi vardır.

Bir gün Həzrəti Abdullah ibn Səlam, Kəb-ul Ahbərdan belə  bir sual soruşdu:

— Alimlər elmi öyrənib zehinlərinə yerləşdirdikdən sonra, onu oradan söküb atan nədir?

Həzrəti Kəb dedi ki:

— Tamah (acgözlük), ehtiras və ehtiyac arxasından qaçmaqdır.

Ehtirasın qaynağı

Biri də Fudayl ibn İyada dedi ki:

— Kəbin sözününün mənasını mənə izah edə bilərsinizmi?

Bunun üzərinə Fudayl belə cavab verdi:

— Tamah, insanın bir şeyi axtarması və müqəddəs dəyərlərini bu istəkdə fəda etməsidir. Ehtiras isə nəfsinin hər şeyi istəməsi, sənin də onun istədiklərini yerinə gətirməndir. Bunun üçün də ona buna, pis insanlara vs. ehtiyacın olar. Ehtiyacını yerinə yetirənlər də səni burnundan yaxalamış olarlar. Yəni, səni əmrləri altına alarlar, istədikləri yerlərə sürükləyərlər, sən də onlara boyun əyərsən. Onlar xəstə olduqları zaman dünya sevgisindən ötrü onların ziyarətlərinə gedər, təsadüf etdiyin vaxt onlara salam verərsən. Bu verdiyin  salamı,  etdiyin ziyarəti  Allah rizası üçün etməzsən.  Əgər bu kimsələrə ehtiyac göstərməsən, sənin üçün çox daha xeyirli olardı. Bu mənim sənə izah etdiyim yüz hədisi-şərif rəvayət etməkdən sənin üçün daha xeyirlidir.