Facebook Twitter WhatsApp

Bəra ibn Azib

Qiblənin dəyişdiyini xəbər verən səhabədir.

Bəra ibn Azib, Rəsulullahın hicrətindən əvvəl Mədinəyi-Münəvvərədə kiçik yaşda Müsəlman oldu. Atası Azib də Səhabə idi. Dini hökmləri Peyğəmbərimizdən əvvəl hicrət edən Əshabi-kiramdan və atasından öyrəndi. Həzrəti Bəra, Rəsulullahın və digər səhabənin hicrətlərini belə rəvayət edir:

Mədinə xalqının sevinci

“Rəsulullahın Əshabından Mədinəyə ilk gələnlər, Musab ibn Umeyr ilə Abdullah ibn Ümmi Məktum idi. Bunlar Mədinədəki Müsəlmanlara Qurani-kərim oxudurdular. Sonra Bilali Həbəşi, Sad ibn Əbi Vaqqas, Ammar ibn Yasər hicrət etdilər. Bunlardan sonra Həzrəti Ömər iyirmi adam ilə birlikdə gəldi.

Nəhayət Rəsulullah əfəndimiz Mədinəyə hicrət etdilər. Elə bu zamanlarda Mədinə xalqının Rəsulullahın təşrifinə sevindiyi qədər heç bir şeyə sevindiyini görmədim. Mən də Peyğəmbərimiz gəlmədən az əvvəl uzun surələrdən sayılan surələrlə birlikdə “Səbbihismə Rabbikəl ala”  surəsini oxumuşdum.”

Bəra ibn Azib, Rəsulullah ilə birlikdə on beş döyüşdə iştirak etmişdi. Bədir hərbində uşaq yaşlarında idi.  Bu barədə özü demişdir ki:

— Rəsulullah əfəndimiz mən və İbni Ömər kiçik yaşda olduğumuz üçün bizi Bədir hərbinə göndərmədi.

Həzrəti Bəra qiblənin Kəbəyə çevrilməsini bildirən səhabədir. Belə deyir:

“Rəsulullah əfəndimiz Mədinəyə təşrif etdikləri vaxt on altı və ya on yeddi aya qədər  Məscidi Əqsaya doğru namaz qıldı. Allahu təalanın əmri ilə qiblə Kəbəyə doğru oldu.  Peyğəmbərimizin  Kəbəyi-Müəzzəməyə doğru qıldırdığı ilk namaz əsr namazı idi.

Peyğəmbərimizlə namaz qılanlardan biri məsciddən çıxdı. Yolda gedərkən bir məsciddə camaatla namaz qılanlara rast gəldi ki, onlar rükuda idilər. Onlara:

— Rəsulullah əfəndimizlə birlikdə Məkkəyə doğru namaz qıldığıma Allah üçün şəhadət edirəm, deyincə, namazlarını pozmadan olduqları kimi Kəbəyi-Müəzzəməyə döndülər.

Peyğəmbərimiz Məscidi-Əqsaya doğru namaz qılarkən Yəhudilərlə digər Əhli Kitab  bundan xoşlanardı. Qiblə dəyişib üzünü Beyti-şərifə doğru döndərəndə bunu bəyənmədilər.

Qiblə dəyişmədən əvvəl Məscidi-Əqsaya doğru namaz qılıb, vəfat edən kimsələr vardı. Bunlarla əlaqədar olaraq Allahu təala: “Allah sizin imanınızı, ibadətinizi boşa çıxarmaz” (Bəqərə:143) məalindəki ayəti-kəriməni endirdi.

 

Əvvəl  Müsəlman ol

            Həzrəti Bəra Ühüd hərbində meydana gələn bir hadisəni belə nəql edir:

“Ühüd hərbində üzü zireh ilə örtülü bir adam Peyğəmbər əfəndimizə gələrək ərz etdi:

— Ya Rəsulallah! İndi hərb edim sonra Müsəlman olum, yoxsa dərhal Müsəlman olum?

Rəsulullah buyurdu ki:

— Əvvəl Müsəlman ol, sonra hərb et!

O şəxs Müsəlman oldu. Sonra hərbə girərək şəhid oldu. Bunun üzərinə Rəsulullah əfəndimiz:

— Az iş gördü, ancaq çox savab qazandı, buyurdu.

Bəra ibn Azib buyurur ki:

“Bir gün Rəsulullah əfəndimiz ilə birlikdə  Ənsardan bir şəxsin cənazəsinə getmişdik.  Rəsuli-əkrəm mübarək başı önə əymiş olaraq məzarın başına oturaraq üç dəfə;

— Ya Rəbbi! Qəbir əzabından sənə sığınıram, dedikdən sonra bunları dedilər:

Bütün qapılar açılar

Mömin öləcəyi vaxt Allahu təala yanlarında kəfən və gözəl qoxu olan, üzləri günəş kimi parlayan mələkləri göndərər. Onlar bu möminin görəcəyi bir yerdə gözləyərlər. Ruhunu təslim etdiyi vaxt yer ilə göy arasındakı və göylərdəki bütün mələklər onun üçün istiğfar edib, Allahu təalaya, onun bütün günahlarını əfv etməsi üçün dua edərlər. Göylərin bütün qapıları  onun üçün açılar, hər qapı özündən keçməsini istəyər.

Ruhu Allahu təalanın hüzuruna çıxdığı zaman, mələklər deyərlər ki:

— Ya Rəbbi! Bu filan qulunun ruhudur.

Allahu təala buyurar ki:

— Onu geri çevirin və onun üçün hazırladığım mükafat və ehsanları özünə göstərin. Çünki mən ona vəd etdim: “Sizi torpaqdan yaratdım və təkrar torpaq edəcəyəm, təkrar torpaqdan çıxaracağam.” (Taha:55)

Ruh qəbrinə dönər və hətta özünü dəfn edib gedənlərin ayaq səslərini belə eşidər.  Mələklərlə arasında bu söhbət keçər:

— Rəbbin kimdir?

— Rəbbim Allahdır.

— Dinin nədir?

— Dinim İslamdır.

— Sizə doğru yolu göstərmək üçün Allah tərəfindən göndərilən şəxs kimdir?

— O şəxs Muhamməd əleyhissəlamdır.

Bu cavabı verincə birisi:

— Doğru söylədin, deyər.

Bu Allahu təalanın buyurduğu, “Allah iman  edənlərə  dünya və  axirət həyatında o qərarlı sözlərində daim səbat ehsan edər” (İbrahim:27)  sözün mənasıdır.

Sonra  qarşısında üzü, paltarı və qoxusu gözəl biri gələr və deyər ki:

— Nemətləri davamlı olan Allahu təalanın Cənnət və rəhməti ilə sənə müjdələr olsun.

Cənnətdən qapı açın

Mömin kimsə soruşar:

— Allah sənə xeyirli qarşılıqlar versin, sən kimsən?

— Mən sənin dünyadakı yaxşı əməllərinəm. Sən daim Allaha ibadət etmək üçün qaçar, üsyana isə yaxınlaşmazdın. Bunun üçün Allahu təala səni xeyirli, gözəl nemətlərlə mükafatlandırdı.

Bundan sonra birisi deyər ki:

— Buna Cənnətdən bir döşək gətirin və Cənnətdən qəbrinə bir qapı açın.

Bir döşək gələr və Cənnətə doğru bir qapı açılar. O mömin də deyər ki:

— Ya Rəbbi! Qiyaməti tez gətir də bir an əvvəl ailəmə, uşaqlarıma qovuşum.

Kafirlər dünyadan əlaqəsini kəsib öləcəyi zaman şiddətli əzab edən mələklər atəşdən paltar və qatrandan köynəklər ilə qarşısında dayanarlar. Ruhu çıxdığı zaman yer və göydəki  bütün mələklər ona lənət edərlər. Göylərin qapıları bağlanaraq heç bir qapı onun xəbis, pis ruhunun özündən keçməsini  istəməz.  Beləcə ruhu geri qaytarılar.

Böyük əzabı göstərin!

Mələklər deyərlər ki:

— Ya Rəbbi! Bu filan qulunun ruhudur,  yerlər və göylər bunu qəbul etmirlər.

Allahu təala buyurar ki:

— Onu geri çevirin və ona hazırladığım böyük əzabı göstərin. Çünki ona da; “Sizi torpaqdan yaratdım, yenə torpağa geri göndərəcəm və təkrar torpaqdan çıxaracağam” deyə vəd etdim.

Sonra ruhu məzarına götürərlər. Hətta məzarının yanından dağılmaqda olanların ayaq səslərini də eşidər. Ondan da mələklər soruşar:

— Rəbbin kim, Peyğəmbərin kim və dinin nədir?

O kafir kimsə də deyər ki:

— Bilmirəm.

Bundan sonra çirkin paltarlı, pis qoxulu və vəhşi üzlü biri gəlib qarşısında dayanaraq deyər ki:

— Allahın qəzəbi və sonsuz əzabı sənə müjdə olsun.

— Sən kimsən?

— Mən sənin dünyada ikən etdiyin pis əməlinəm. Sən pisliyə, Allahu təalaya üsyana qaça-qaça  gedərdin, ancaq ibadətə və itaətə zəif davranar, etməzdin. Bax elə bu gün Allahu təala pisliyinin və küfrünün cəzasını sənə çəkdirəcək.

Sonra gözləri görməyən, danışmayan və qulaqları eşitməyən bir mələk onu tutar.  Onun üçün dəmirdən bir toxmaq hazırlanar. Bütün insanlar və cin yığışsalar onu yerindən qaldıra bilməzlər. Hətta dağlara vurulsa, kül və torpaq halına gətirər. Bununla özünə bir dəfə vurulduğu zaman parçalanar, kül halına gələr. Təkrar dirilər və alnına elə şiddətli vurular ki,  insan və cindən başqa yer üzündəki bütün canlılar onun qışqırmasını eşidərlər. Sonra bir mələk səslənər:

— Buna oddan iki dəmir  lövhə gətirin və  məzarından Cəhənnəmə doğru bir qapı açın!

Dərhal onun qəbrinə oddan iki dəmir lövhə döşənər və Cəhənnəmdən də bir qapı açılar.

Cənnətə aparan əməl

Bəra ibn Azib deyir ki:

“Bir kəndli, Rəsulullaha gəlib dedi ki:

— Ya Rəsulallah!  Məni Cənnətə aparacaq bir əməl  öyrət.

Peyğəmbərimiz bunun üzərinə buyurdu ki:

— Ac kimsələri doyur, susuz olana su ver, əmri maruf və nəhyi münkər et, yəni Allahu təalanın əmrlərini, yaxşı əməlləri insanlara öyrət, haram və qadağan olan pis şeylərdən insanları çəkindir.  Bunlara gücün çatmazsa xeyirli, gözəl olmayan sözlərdən dilini qoru.

Bəra ibn Azib, Mədinənin ətrafına hərb üçün xəndək qazılarkən, Rəsulullahın halını belə  təsvir edir:

Rəsuli-əkrəmi xəndək qazıldığı əsnada bizimlə birlikdə torpaq daşıyarkən gördüm.  Qucağında daşıdığı torpaq mübarək qarnının ağlığını örtmüşdü. Bu sırada Abdullah ibn Rəvaha və ya Amir ibn Əkvanın bir şeirini söyləyirdi.

“Ya Rəbbi! Sən bizə hidayət və doğru yolu göstərib bizə rəhmət etməsəydin, biz şübhəsiz dəlalətdə qalardıq. Üzərimizə hücum edən kafirlər,  çəkindiyimiz fitnə və fəsadı bizə çatdırmaq istədikləri zaman, Sən bizim qəlblərimizə səbr və rahatlıq ver, bizi onlara qarşı güclü et!”

Su fışqırdı

            Yenə Həzrəti Bəra, Peyğəmbərimizin Hudəybiyyədəki möcüzəsini belə bildirir:

“Hudəybiyyədə bir quyu vardı. Biz bura gələndə quyunun suyunu tamamilə çəkərək bir damcı su saxlamamışdıq. Bu hal Rəsulullaha ərz ediləndə quyunun yanına gəlib kənarına oturdu. Sonra içində bir az su olan bir qab istədi. Gətirilən su ilə dəstəmaz aldı. Sonra ağzını çalxaladı. Səssizcə dua edib, dəstəmaz və çalxaladığı suyu quyuya tökdü. Quyunu Rəsulullahın əmri ilə qısa bir müddət bu vəziyyətdə buraxdıq. Bir müddət sonra quyuda istədiyimiz qədər su hasil oldu. Biz və sürülərimiz gedənə qədər  suya doyduq”.

Həzrəti Bəra buyurdu ki:

“Rəsulullahı şam namazında Tin surəsini oxuyarkən dinlədim. Daha əvvəl ondan gözəl səsli heç bir kimsəni dinləməmişdim”.

Bir dəfə Rəsulullah əfəndimiz Bəra ibn Azibə buyurdu ki:

— Yatacağın vaxt əvvəl dəstəmaz al. Sonra sağ tərəfinə uzan və belə dua et: Allahummə inni əsləmtü vəchi iləykə və fəvvədtü əmri iləykə və əlcətü zahri iləykə raqbətən və  rahbətən iləykə la məlcəə minkə illə iləykə. Aməntü bikitabikəlləzi ənzəltə və binəbiyyikəlləzi ərsəltə.

Ya Bəra! Bunlar son sözün olsun. Əgər bu gecə ölsən Müsəlman olaraq ölmüş olarsan.

Yeddi şeyi əmr etdi

Bəra ibn Azib  buyurdu ki:

“Rəsulullah əfəndimiz bizə yeddi şeyi əmr edib, yeddi şeyi qadağan etdi. Əmr etdikləri:

Birincisi, cənazəyə qatılıb qəbirə qədər getmək. İkincisi, xəstələri ziyarət etmək. Üçüncüsü, dəvəti qəbul etmək. Dördüncüsü, məzluma kömək etmək. Beşincisi, andını yerinə yetirmək.  Altıncısı, salama cavab vermək. Yeddincisi, asqırdığın zaman Əlhamdülillah deyənə, Yərhamükəllah demək.  Qadağaları:

Birincisi, gümüş qabdan istifadə etmək. İkincisi, qızıl üzük taxmaq. Üçüncüsü, kişilərə ipək paltar geyinmək. Dördüncüsü, kişilərə ipək parça geyinmək. Beşincisi, kişilərə ipək saplı paltar geyinmək. Altıncısı, qalın ipəkdən istifadə etmək. Yeddincisi, ipək yataqdan istifadə etmək.

Bəra ibn Azib həyatının son zamanlarında Kufəyə yerləşdi. 691-ci ildə Musab ibn Zübeyr zamanında burada vəfat etdi.  Ölənə qədər burada fiqh və hədisi-şərif öyrətdi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину