Facebook Twitter WhatsApp

Əbu Hüreyrə

Ən çox hədisi-şərif rəvayət edən səhabədir.

Əbu Hüreyrə Hicrətin 7-ci ilində Müsəlman oldu. Gəncliyində kasıblıq və çətinlik içində yaşamışdır. Müsəlman olduğu zaman 30 yaşını keçmişdi. Yəməndəki Dəvs qəbiləsinin tanınmış və məşhur şairi olan Tufeyl ibn Amr vasitəsilə Müsəlman oldu.

Tufeyl ibn Amr Peyğəmbər əfəndimizin duası və əmri üzərinə qəbiləsini İslama dəvət edincə ilk qəbul edən Əbu Hüreyrə oldu. Bundan sonra Tufeyl ibn Amr iman edənlərlə birlikdə Yəməndən ayrıldı. Yetmiş adamdan çox Müsəlman bir karvanla Mədinəyə gəldilər.

Ey səfər gecəsi!

Əbu Hüreyrə bir an əvvəl Peyğəmbərimizi görmək, Ona qovuşmaq eşqi ilə yanırdı. Səfərin uzun sürməsindən sıxılır, səbirsizlənir;

—  Ey səfər gecəsi! Bezdim yolun uzunluğundan və çətinliyindən. Ancaq bu səfərdir qurtaran məni, küfr inkar yurdundan, mənasında şeirlər söyləyirdi.

Karvan Mədinəyə gəldiyi sırada Peyğəmbər əfəndimiz Xeybərin fəthinə getmişdi. Əbu Hüreyrə bu gəlişindən belə danışırdı:

“Rəsulullah əfəndimiz Xeybərdə olduğu zaman Mədinəyə mühacir olaraq gəldim. Sübh namazını Rəsulullahın vəkil qoyduğu Sıbai ibn Urfutanın arxasında qıldım. Birinci rükətdə Məryəm surəsini, ikinci rükətdə Mutəffifin surəsini oxudu. Namazdan sonra Sıbai ibn Urfutanın yanına getdik. Bizə bir miqdar yemək ikram etdi. “

Bundan sonra Mədinəyə gələn bu karvan dərhal Xeybərə hərəkət etdi. Oraya çatanda Peyğəmbərimiz Natat qalasını fəth etmiş, Qatibə qalasını da mühasirəyə almışdı. Rəsuli əkrəmin yanına getdiyimiz zaman Əbu Hüreyrəyə baxıb:

  Sən kimlərdənsən? buyurdu.

— Dəvs qəbiləsindənəm!

— Dəvs içində kimi gördümsə, onda xeyir gördüm.

Bundan sonra Əbu Hüreyrə Rəsulullah əfəndimizə biyət etdi. Əliylə müsafəha edərək, bağlılığını bildirdi.

Əbu Hüreyrə yolda gələrkən köləsini itirmişdi. Rəsulullahın hüzurunda oturarkən köləsi gəlib çıxdı. Rəsulullah əfəndimiz buyurdu ki:

—  Budur kölə gəldi!

Bunun üzərinə Əbu Hüreyrə dedi ki:

—  Şahid olun ki, o, azaddır. Mən onu Allah rizası üçün azad etdim.

Kasıb bir kimsəydim

Xeybərin fəthindən sonra Peyğəmbər əfəndimiz Əbu Hüreyrəyə Xeybərdə alınan qənimətlərdən bir hissə verdi. Sonra Mədinəyə qayıtdılar. Bundan sonra Əbu Hüreyrə Yəmənə qayıtmayıb Mədinədə qaldı. Gecə-gündüz Rəsulullah əfəndimizin yanından heç ayrılmadı. Peyğəmbərimizin vəfatına qədər dörd il belə davam etdi. Yəməndən gələn anası da yanında qalmışdı. Əbu Hüreyrə belə demişdi:

—  Mənim çox hədis rəvayət etməyimin səbəbi budur: Mən kasıb bir kimsəydim. Bəlli bir işim yox idi. Hər zaman Rəsulullah əfəndimizə xidmət edirdim. Mühacirlər bazarda alış-verişlə, ənsar da öz malları, mülkləriylə məşğul olarkən, mən Rəsulullah əfəndimizin yanında oldum. Bu səbəbdən digərlərindən daha çox şey eşitdim.

Pişikcik atası

Əbu Hüreyrə bir gün cübbəsinin içində balaca bir pişik daşıyırdı. Rəsulullah əfəndimiz onu gördü. Buyurdu ki:

— Nədir bu?

 Pişik balası.

Bunun üzərinə Rəsulullah əfəndimiz ona;

— Ya Əba Hüreyrə, [yəni, ey pişikcik atası] buyurdu.

Əbu Hüreyrə bundan sonra bu adla məşhur olub, əsas adı unuduldu.

Örtünü uzat!

Peyğəmbərimizin yanında davamlı olduğu üçün bir çox hədisi-şərif eşitmiş və rəvayət etmişdir.

Bir gün Peyğəmbərimizə demişdi ki:

—  Ya Rəsulallah! Səndən eşitdiklərimi yaddaşımda çox tuta bilmirəm.

Bunun üzərinə Peyğəmbərimiz, “Örtünü uzat!” buyurdu. O da ridasını (Həcc və ya  ümrə etmək üçün ehrama girən kişilərin beldən yuxarısını bağlamaq üçün büründükləri örtü) uzatdı. Rəsulullah əfəndimiz ona dua etdi. İki mübarək əli ilə üç dəfə bir şeylər saçar kimi etdi və “Örtünü sinənə sürt!” buyurdu.

O da etdi. Beləliklə Allahu təala ona elə bir yaddaş ehsan etdi ki, eşitdiyi heç bir şeyi unutmadı. Ömrü də uzun oldu. Çox hədisi-şərif rəvayət etdi.

Əbu Hüreyrə bilmədiyi və öyrənmək istədiyi hər şeyi şəxsən Peyğəmbərimizdən soruşub öyrənmişdir.

Əbu Hüreyrə dörd ilə qədər bir zaman içərisində gecə-gündüz Rəsulullahın hüzurundan ayrılmamış, bütün işini-gücünü atıb, həmişə Peyğəmbərimizin buyurduqlarını dinləyib əzbərləmişdi. Hətta günlərlə ac qaldığı halda dini öyrənmək səyi ilə buna dözmüşdür. Bu barədə özü belə demişdir:

“Bir gün aclığa dözə bilməyərək evimdən çıxıb məscidə getdim. Günlərlə bir şey yeməmişdim. Oraya çatanda bir qrup Əshabın da orada olduğunu gördüm. Yanlarına çatanda dedilər ki:

—  Bu saatda nə üçün gəldin Ya Əba Hüreyrə?

—  Aclıq məni bura gətirdi.

—  Biz də aclığa dözə bilməyərək bura gəldik.

Bunun üzərinə həmişə birlikdə Rəsulullahın hüzuruna getdik. Hüzuruna çatanda buyurdu ki:

—  Bu saatda buraya gəlmənizin səbəbi nədir?

— Aclıq Ya Rəsulallah!

Nə üçün onu da yemədin?

Peyğəmbər əfəndimiz bir qab xurma gətirdi. Hamımıza iki dənə xurma verdi. Mən birini yedim, birini saxladım. Rəsulullah mənə buyurdu ki:

— Nə üçün onu da yemədin?

 Birini anama ayırdım.

— Onu da ye, sənə anan üçün iki dənə daha verəcəyik.

Sonra anam üçün iki dənə daha verdilər.”

Həzrəti Əbu Hüreyrə belə deyir: “Bir gün Rəsulullah əfəndimizə bir kasa süd hədiyyə gətirildi. Mən o gün çox ac idim. Rəsulullah əfəndimiz mənə buyurdu ki:

— Get Əshabı-Soffanı çağır!

Sən də iç!

Çağırmağa getdim. Gedərkən, “Bu südün hamısı mənə ancaq yetər” deyə düşündüm. Əshabı-Soffanı çağırdım, yüz nəfərə yaxın adam var idi. Rəsulullah əfəndimizin əmri üzərinə o süd qabını alıb hər birinə ayrı-ayrı verdim. Hamısı doyana qədər içdi. Rəsulullahın möcüzəsi olaraq süd heç azalmırdı. Sonra Rəsulullah əfəndimiz buyurdu:

— Mən və sən qaldıq, sən də iç!

Mən də bir az içdim. Təkrar, “İç!” buyurdu. Təkrar içdim. İçdikcə, “İç” buyurdular. O qədər içdim və doydum ki, artıq heç içəcək halım qalmadı. Sonra da qabı alıb, Rəsulullah əfəndimiz də içdi.”

Həzrəti Əbu Hüreyrə Müsəlman olduqdan sonra anasının da Müsəlman olmasını çox istəyir, bunun üçün çox çalışırdı. Lakin heç cür müvəffəq ola bilmirdi. Bu barədə belə demişdi:

“Bir gün Peyğəmbərimizin hüzuruna gedib dedim ki:

— Ya Rəsulallah! Anamı İslama dəvət edirəm, heç cür qəbul etmir. Bu gün də Müsəlman olmasını söylədim. Mənə xoş olmayan sözlərlə cavab verdi, qəbul etmədi. Hidayətə qovuşması üçün dua buyurun.

Bunun üzərinə Rəsulullah əfəndimiz, “Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!” deyə dua buyurdu. Duanı alınca sevinərək evə getdim. Evə çatanda anam, “Ya Əba Hüreyrə, mən Müsəlman oldum” dedi və kəlmeyi-şəhadəti söylədi. Mən sevincimdən yerimdə dayana bilmirdim. Təkrar Rəsulullahın hüzuruna qaçdım, sevincimdən ağlayaraq anamın Müsəlman olduğunu müjdələdim. Dedim ki:

—  Ya Rəsulallah! Anamı və məni möminlərin sevməsi üçün, bizim də möminləri sevməmiz üçün dua edin.

Rəsulullah əfəndimiz, “Allahım, bu qulunu və anasını mömin qullarına, möminləri də onlara sevdir” buyuraraq dua etdi. Artıq məni tanıyan və görən hər mömin sevdi.”

Axirət azuqəsi

Həzrəti Əbu Hüreyrənin Peyğəmbərimizdən şəxsən öyrəndiyi din bilgilərinin və eşitdiyi hədisi-şəriflərin, İslam dünyasına yayılmasında çox böyük xidməti olmuşdur. Hər Cümə günü namazdan əvvəl hədisi-şərif dərsləri verərdi. Hədisi-şərif öyrənmək üçün gələnlər onun ətrafında toplanardılar. Onun dərs məclisi çox geniş idi. Bir çox kimsə ondan elm öyrənib, elmdə yüksəlmiş və xidmət etmişdir.

İbadətlərdə çox ehtiyyatlı hərəkət edərdi. Həmişə dəstəmazlı olar və “Rəsulullah, Dəstəmazlı olan bədən üzvünə Cəhənnəm atəşi toxunmaz, buyurdu” deyərdi.

Həzrəti Əbu Hüreyrə ölümü yaxınlaşdığı zaman ağlamışdı. Səbəbi soruşulduqda demişdi ki:

— Axirət azuqəsinin azlığından və səfərin çətinliyindən.

Şaqya Əshahi belə rəvayət etmişdir: “Bir dəfə Mədinəyə Əbu Hüreyrəni ziyarət üçün gəlmişdim. Əbu Hüreyrə Rəsulullahın qiyamət gününə dair bir hədisi-şərifini rəvayət edərkən, birdən-birə fəryad edib, özündən getdi. Bir müddət sonra özünə gəlincə, niyə belə etdiyini soruşdum. Dedi ki:

— Qiyamət günü üçün Rəsulullah əfəndimiz buyurdu ki:

“Qiyamət günü Allahu təalanın insanları hesaba çəkəcəyi gündür. Qurani-kərimə, Onun əmrlərinə tabe olanlar məqbul olub, uyğun gəlməyənlər cəzalandırılacaqdır. Qurani-Kərimi bilib oxuyan, öyrənib öyrədənlərdən əməl etməyənlərin vay halına! ..”

Mənə nəsib et

Qurani-Kərimdə insanlara əmrlər vardır. Kasıbı himayə etmək, sədəqə vermək, qohumu ziyarət etmək … Bunların hamısını yerinə yetirmək lazımdır. Ona görə də bunun üçün qiyamət günündən qorxuram.”

Ömrünün son günlərində, 678-ci ildə xəstələndi. Xəstəliyini eşidənlərin ziyarətə gəlməsi səbəbi ilə böyük bir izdiham oldu. Bu xəstəliyi əsnasında, “Allahım sənə qovuşmağı sevirəm. Bunu mənə nəsib et” demişdir.

Əbu Hüreyrə belə buyurur:

Bir nəfər Rəsulullah əfəndimizə gələrək dedi ki:

—  Ey Allahın Rəsulu, kimə yaxşılıq edim?

Peyğəmbər əfəndimiz buyurdu ki:

—  Anana.

— Sonra kimə?

— Anana.

— Sonra kimə?

— Anana.

Adam təkrar, “Sonra kimə?” deyə soruşdu. Peyğəmbər əfəndimiz bu səfər, “Atana” buyurdu.

Bir nəfər də, Əbu Hüreyrəyə dedi ki:

— Elm öyrənmək istəyirəm, ancaq sonra itirərəm deyə qorxuram. Bunun üzərinə Əbu Hüreyrə belə cavab verdi:

— Əsl elmi itirmək, bu düşüncə ilə onu öyrənməməkdir.

Dostlarımı sevdin mi?

Əbu Hüreyrə buyurdu ki:

— Qurani-kərim oxunan evə bərəkət, yaxşılıq gələr. Mələklər oraya toplanar. Şeytanlar oradan qaçar. Qiyamət günü qul Allahu təalanın hüzuruna gətirildiyi zaman Cənab Haqq ona buyuracaq ki:

“Ey qulum, sən mənim üçün dostlarımı sevdinmi? Ta ki, mən də, o dostlarım üçün səni sevim”.

Əbu Hüreyrə buyurur ki:

Rəsulullahdan eşitdim. Buyurdu ki:

“Allahu təala gözəldir. Yalnız gözəl edilən ibadətləri qəbul edər. Allahu təala Peyğəmbərlərinə əmr etdiyini, möminlərə də əmr etdi və buyurdu ki: Ey Peyğəmbərlərim! Halal yeyin, saleh və yaxşı işlər görün! Möminlərə də əmr etdi ki: Ey iman edənlər! Sizlərə verdiyim ruzilərdən halal olanları yeyin!”

Əbu Hüreyrə buyurdu ki:

Qiyamət günü Allahu təalanın hüzurunda qiymətli olanlar vəra və zühd sahibləridir. Altmış il, bütün namazlarını qılıb, heç bir namazı qəbul olmayan kimsə, rükü və səcdələrini tam etməyən kimsədir.

Əshabi-kiramdan bir şəxs Zeyd ibn Sabitə gələrək ondan bir məsələ soruşdu. O da Əbu Hüreyrəyə getməsini söylədi və belə davam etdi:

— Çünki, bir gün mən, Əbu Hüreyrə və bir başqa səhabə Məsciddə otururduq. Dua və zikrlə məşğul idik. O sırada Rəsulullah əfəndimiz gəldi, yanımıza oturdu. Buyurdu ki:

— Hər biriniz Allahdan bir şey istəsin!

Qüvvətli bir yaddaş diləyirəm

Mən və yoldaşım, Əbu Hüreyrədən əvvəl dua etdik. Peyğəmbər əfəndimiz də bizim duamıza “Amin” dedilər. Sıra Əbu Hüreyrəyə gəldi. O da belə dua etdi:

Allahım, səndən, iki yoldaşımın istədiklərini və bir də qüvvətli bir yaddaş diləyirəm.

Rəsulullah əfəndimiz bu duaya da “Amin” dedilər. Biz də dedik ki:

— Ey Allahın Rəsulu, biz də Allahdan qüvvətli bir yaddaş istəyərik.

Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:

— Dəvsli gənc sizdən əvvəl istədi.

Əbu Hüreyrənin hər hansı bir hədisdə yanıldığı vaqe olmamışdır. Mədinə valisi Mərvan ibn Hakəm onu hüzuruna çağırıb bir çox hədisi-şərif soruşdu. Bunu bir yerə yazdı. Bir il sonra bu hədisləri Əbu Hüreyrədən soruşduğunda hədisləri eynilə əskiksiz olaraq bildirdi.

Əbu Hüreyrə bir gün Peyğəmbər əfəndimizdən soruşdu:

— Qiyamət günü şəfaətə qovuşacaq olanlar kimlərdir Ya Rəsulallah?

Peyğəmbər əfəndimiz buyurdu ki:

— Ey Əbu Hüreyrə, sənin hədisə qarşı çox istəkli olduğunu bildiyim üçün kiminsə səndən əvvəl bu sualı məndən soruşmayacağını bilirdim. Qiyamət günü mənim şəfaətimə qovuşacaq olan şəxs xulusi-qəlb ilə “La ilahə illəllah” deyən olacaqdır.

Həzrəti Əbu Hüreyrə tələbələrinə hədis rəvayət edərkən, “Kim bilərək mənə yalan istinad etsə, Cəhənnəmdəki yerinə hazırlansın” hədisini oxuyar, sonra hədis nəql etməyə başlayardı.

Rəsulullah əfəndimiz bir gün Əshabi-kiramdan soruşdular:

—  Sizlərə bir neçə söz öyrədim? İçinizdən onunla əməl edəcək və öyrənəcək kimdir?

Az olsa da razı ol

Əbu Hüreyrə cavab verdi:

— Mənəm Ya Rəsulallah.

Rəsulullah əfəndimiz, onun əlindən tutaraq buyurdu ki:

— Allahu təalanın haram etdiyi, qadağan etdiyi şeylərdən çəkin, insanların ən abidi, ən çox ibadət edəni olarsan!

Allahu təalanın sənə verdiyi şeyə hər nə qədər az olsa da razı ol, Allahu təalanın qəlb zənginliyi verdiyi insanların ən zəngini olarsan! Qonşuna ürəkdən və həqiqətən ehsan və kömək et, kamil bir mömin olarsan! Öz nəfsin üçün nəyi sevərsən, hər kəs üçün də onu sev, kamil bir Müsəlman olarsan!

Həzrəti Əbu Hüreyrənin dörd oğlu ilə bir qızı olmuşdur. Qızı Təbiinin böyüklərindən Səid ibn Müsəyyiblə evlənmiş, oğulları da az da olsa hədis rəvayətiylə məşğul olmuşdular. Əbu Hüreyrə eyni zamanda Həzrəti Osman ilə bacanaq olmuşdur.

Əbu Hüreyrə buyurur ki: “Bir döyüşdə aç qalmışdıq. Rəsulullah əfəndimiz mənə buyurdu ki:

—  Bir şeylər varmı?

— Bəli, Ya Rəsulallah! Torbamda bir miqdar xurma var.

— Onu mənə gətir!

Azuqə torbana qoy!

Azuqə torbamı gətirdim. Mübarək əlini torbama saldı və bir ovuc xurma alaraq, yerə sərdiyi dəsmal üzərinə qoydu və bərəkət üçün dua buyurdu. Orada olan Əshabi-kiram gəlib ondan yedilər və doydular. Sonunda mənə buyurdu ki:

— Ya Əba Hüreyrə! Sən də bu dəsmaldakı xurmadan bir ovuc al və azuqə torbana qoy!

Bir ovuc aldım və torbama qoydum. Torbamda bu xurmalar heç tükənmədi. Rəsulullahın həyatında və daha sonra Həzrəti Əbu Bəkir, Həzrəti Ömər və Həzrəti Osmanın xilafəti zamanlarında həm yedim, həm də qonaq etdim. Yenə bitmədi.

Nə zaman ki, Osmanı Zinnureyn xəlifə ikən şəhid edildi azuqə torbam oğurlandı.”

Əbu Hüreyrə Mədinə valisi ikən odun daşıyırdı. Muhamməd ibn Ziyad onu tanıyaraq, yanındakılara dedi ki:

—  Yol verin, Əmir gəlir!

Gənclər, valinin belə təvazökarlığına heyrət etdilər. Əbu Hüreyrə onlara belə dedi:

Rəsulullah əfəndimiz buyurdu ki:

“Əvvəlki ümmətlərdən qürur sahibi bir nəfər ətəklərini yerdə sürüyərək gəzərdi. Allaha xoş gəlmədi və yer onu uddu.”

“Eşşəyə minmək, yun paltar geyinmək və qoyunun südünü sağmaq, təkəbbürsüzlük əlamətidir.”

Əbu Hüreyrə belə buyurur: “Rəsulullah əfəndimiz ilə otururduq. İçimizdən biri qalxıb getdi. Bunun üzərinə deyildi ki:

—  Ya Rəsulallah! Hər halda narahat olub getdi.

Rəsulullah əfəndimiz buyurdu ki:

— Yoldaşınızı qeybət etdiniz, ətini yediniz.”

Sən daha yaxşı bilirsən

Əbu Hüreyrə buyurur ki:

Rəsulullah əfəndimizə bir nəfər gəlib dedi ki:

—  Bir qızılım var, nə edim?

— Bununla öz ehtiyaclarını al!

— Bir qızılım daha var.

— Onunla da uşağına lazım olanları al!

— Bir daha var.

— Onu da, ailənin ehtiyaclarına sərf et!

— Bir qızıl daha var.

— Xidmətçinin ehtiyaclarına sərf et!

— Bir daha var.

— Onu istifadə edəcəyin yeri sən daha yaxşı bilərsən!

Yenə Əbu Hüreyrə həzrətlərinin xəbər verdiyi hədisi-şərifdə;

—  Bir zaman gələr ki, Müsəlmanlar bir-birlərindən ayrılar, parçalanarlar. Dinlərinin əmrlərini buraxıb, öz düşüncələrinə, ağıllarına tabe olarlar. Qurani-Kərimi mizmarlardan, yəni çalğı alətlərindən mahnı kimi oxuyarlar. Allah üçün deyil, kef üçün oxuyarlar. Belə oxuyanlara və dinləyənlərə heç savab verilməz. Allahu təala bunlara lənət edər. Əzab verər! buyuruldu.

Peyğəmbər əfəndimiz Əbu Hüreyrəyə tez-tez nəsihət edərək buyurardı ki:

—  Ya Əba Hüreyrə! Mənim ilə Ərşin kölgəsində kölgələnmək istəyirsənsə, hər gün yüz dəfə salavatı-şərifə gətir! Məhşərdə mənim hovuzumdan içmək istəyirsənsə, mömin qardaşınla üç gündən çox küsülü qalma!

—  Ya Əba Hüreyrə! Möminlərin böyüyü məndən sonra o kimsədir ki, Allahu təala ona mal verər, o da gizli və aşkar Haqq yoluna xərcləyər və etdiyi yaxşılıqları kimsənin başına qaxmaz.

Oruc mənim üçündür

— Ya Əba Hüreyrə! Oruc tutduğun vaxt orucunu erkən aç! Yəni axşam olduğu aydın olunca dərhal iftar et! Mənim ümmətimdən xeyirli o kimsədir ki, iftarını tələsik edər və sahur yeməyini gec yeyər. Çünki sahurda çox rəhmət və bərəkət vardır.

Və mənim ümmətim Ramazanı-şərif orucunu gözəl və tam olaraq tutsa, Haqq təala həzrətlərinin bayram gecəsi verəcəyi savabı, nemət və ehsanı, öz şəxsindən başqası bilməz. Haqq təala həzrətləri əzəmətiylə buyurar ki: “Oruc mənim rizam üçündür, verəcəyim savabı da özüm bilərəm.” — Ya Əba Hüreyrə! Allahdan başqa heç bir şeyə ümid bağlama! Allaha təvəkkül et! Bir arzun varsa, Allahu təaladan istə! Allahu təalanın adəti-ilahiyyəsi belə cari olmuşdur ki, hər şeyi bir səbəb altında yaradar. Bir iş üçün səbəbinə yapışmaq və sonra Allahu təalanın yaratmasını gözləmək lazımdır. Təvəkkül də bundan ibarətdir.

— Ya Əba Hüreyrə! Yolunu azana doğru yolu göstər, cahilə elm öyrət, beləcə sənə şəhidlik mərtəbəsi verilər.

— Ya Əba Hüreyrə! Hər kim, gündə iyirmi beş dəfə bu duanı oxusa, Haqq Təala, o şəxsi abidlər zümrəsindən yazar. Dua budur: “Allahümmagfir li və li-validəyyə və li-üstaziyyə və lil mömininə vəl möminat vəl müsliminə vəl müslimat əl ahya-i minhüm vəl əmvat bi-rahmətikə yə ərhəmərrahimin.”

Əbu Hüreyrə buyurdu ki:

Bir savaşda Rəsulullah əfəndimizə kafirlərin yox olması üçün dua etməsini söylədik.

— Mən lənət etmək üçün, insanların əzab çəkməsi üçün göndərilmədim. Mən hər kəsə yaxşılıq etmək üçün, insanların hüzura qovuşması üçün göndərildim,buyurdu və Ənbiya surəsinin “Səni, aləmlərə rəhmət, yaxşılıq üçün göndərdik”məalindəki 107-ci ayəsini oxudu.

Onu qoruyaram

Əbu Hüreyrə həzrətləri ibadətlərinə çox diqqət edərdi. Fərz ibadətlərdən sonra nafilə ibadətlərə də davam edərdi. Mütləq gecə namazı da qılardı. Buyurdu ki:

— Rəsulullahdan eşitdim. Buyurdu ki:

“Allahu təala buyurdu ki: Qulum fərzləri etməklə mənə yaxınlaşdığı kimi başqa heç bir şeylə yaxınlaşa bilməz. Qulum nafilə ibadətləri edincə onu çox sevərəm. Elə olar ki, mənimlə eşidər, mənimlə görər, mənimlə hər şeyi tutar, mənimlə gedər. Məndən hər nə istəsə verərəm. Mənə sığınanda onu qoruyaram.”