Facebook Twitter WhatsApp

Əbu Lübabə

Tövbəsi ilə məşhur səhabədir.

İslam nurunu söndürmək istəyən Məkkəli müşriklərə qarşı hazırlanan mücahid ordusunda az sayda dəvə vardı.  Bu səbəblə bir dəvəyə üç səhabə növbə ilə minirdi.

Rəsulullah əfəndimiz də Əbu Lübabə və Həzrəti Əli ilə bir dəvəyə növbə ilə minəcəkdilər. Dəvəyə ilk olaraq Rəsulullah əfəndimiz minmişdi. Hər ikisi də Rəsulullahın dəvədən enməməsini və haqlarını sevə-sevə verməyi arzu edirdilər. Özlərinin minib, Rəsulullahın getməsini qəbul  edə bilmirdilər.

Biz piyada gedək

Piyada getmək sırası Rəsulullah əfəndimizə gəldiyi vaxt ikisi birdən bu təklifi etdilər:

— Ya Rəsulallah! Siz enməyin, biz piyada gedə bilərik.

Onların bu səmimi və içdən təkliflərinə Rəsulullah əfəndimiz bu cavabı verdilər:

— Siz getməkdə məndən daha güclü deyilsiniz. Ayrıca mənim də sizin qədər savaba ehtiyacım var.

Əbu Lübabə cihad eşqiylə yanır, müşriklərlə bir an əvvəl qarşılaşmağa can atırdı. Hələ düşmənlə qarşılaşmadan Rəsulullah əfəndimiz Əbu Lübabəni öz yerinə vəkil olması üçün Mədinəyə göndərdi. Oradakı vəzifəsi qadın və uşaqları qorumaqdı.

Ancaq Rəsulullah əfəndimiz Bədirdə qazanılan qənimətlərdən ona da pay verdi.

Peyğəmbər əfəndimizlə Bəni Qurayza Yəhudiləri arasında bir razılaşma vardı. Buna görə Məkkə müşrikləri ilə edilən Xəndək müharibəsində Müsəlmanlarla bərabər Mədinəni müdafiə etmələri  lazım idi.  Ancaq onlar, belə bir şeyə yanaşmadıqları kimi, hərbin ən həssas bir zamanında müşriklərlə iş birliyi etdilər.  Peyğəmbər əfəndimizin vəziyyəti araşdırmaq və sülh üçün göndərdiyi heyəti də təhqir etdilər. Bununla da kifayətlənməyib, Mədinə üzərinə basqınlar təşkil edib,Müsəlmanları öldürməyə təşəbbüs etdilər.

Onların üzərinə get

Xəndək hərbində on min nəfərlik müşrik ordusunun böyük itki verərək geri çəkilməsi Qurayza Yəhudilərinin ümidlərini puç etdi. Narahatlıqla Mədinəyə iki saatlıq məsafədə olan qalalarına çəkildilər.  Peyğəmbər əfəndimizin üzərinə getməsindən çox qorxurdular.

Peyğəmbər əfəndimiz Xəndəkdən qayıdıb evinə gəldi. Üzərindəki silahları çıxardı. O sırada Cəbrayıl əleyhissəlam gəldi. Sarığının ucu iki çiyinin arasında idi və üzərində zirehdən köynək vardı.

— Ey Allahın Rəsulu! Silahlarınızı çıxardınız? Vallah biz daha silahlarımızı çıxarmadıq.  Düşmən sənə gəldiyindən bəri mələklər silahlarını çıxarmadılar. Qalx, silahını al və onların üzərinə get, dedi.

Peyğəmbərimiz soruşdular:

— Kimin üzərinə gedim?

Cəbrayıl əleyhissəlam da;

— Bax oraya

deyərək  əliylə Bəni Qurayza tərəfini göstərdi.

Rəsulullah əfəndimiz buyurdu ki:

— Əshabım çox yoruldular. Bir neçə gün istirahət etsələr necə olar?

— Ya Rəsulallah! Allahu təala dərhal Bəni Qurayza qəbiləsi üzərinə getməni əmr edir. Mən indi yanımdakı mələklərlə birlikdə, Qurayza Yəhudilərinin qalalarına gedirəm. Allahu təala onları həlak edəcəkdir.

Cəbrayıl əleyhissəlam Allahu  təalanın əmrini bildirəndə, Peyğəmbər əfəndimiz Bilali Həbəşiyə;

— Eşidib itaət edən hər kəs əsr namazını Bəni Qurayza yurdundan başqa yerdə qılmasın, deyə səslənməsini əmr etdi.

Peyğəmbər əfəndimiz və Əshabı-kiram silahlandılar. Cəbrayıl əleyhissəlamın izini təqib edərək yola çıxdılar. Bəni Qurayza Yəhudilərinin olduğu yerə gəldilər. Qalanın çox yaxınına qədər yaxınlaşdılar. Bəni Qurayza Yəhudiləri yaxşıca mühasirə altına alındı. Mühasirə son dərəcə şiddətlənmişdi. Yəhudilər Peyğəmbər əfəndimizdən görüşmək və danışmaq üçün Əbu Lübabəni özlərinə göndərilməsini istədilər.

Bizə nə edərlər

Əbu Lübabənin uşaqları və malları Bəni Qurayza yurdunda idi.  Rəsulullah əfəndimiz Əbu Lübabəni çağırdı və buyurdu ki:

— Yəhudilərin yanına get! Onlar Evslilər arasından səni istədilər.

Rəsulullah əfəndimiz ayrıca Əbu Lübabəyə onların yanına çatdığı vaxt necə davranacağını da göstərdi. Əbu Lübabə yanlarına çatanda onu qarşıladılar. Qadınlar və uşaqlar ağlaşaraq kömək gözləyirdilər. Yəhudilər Əbu  Lübabəyə dedilər ki:

— Ey Əbu Lübabə! Mühasirə bizi məhv etdi. Muhamməd icazə versəydi buradan çıxıb Şama və ya Xeybərə gedərdik,  bizim vuruşmağa taqətimiz yoxdur. Ey Əbu Lübabə biz təslim olsaq bizə nə olacaq?  Bizə təslim olmağı tövsiyə edirsənmi?

Əbu Lübabə də belə cavab verdi:

— Bəli, təslim olmağınızı tövsiyə edirəm. (Belə söyləyərkən əlini boğazına apararaq təslim olsalar boğazlarının kəsiləcəyini ifadə edən bir işarə etmişdi.)

Əbu Lübabə deyir ki:

— Vallah onların yanından da  hələ ayrılmamışdım ki, bu hərəkətimlə Allah və Rəsulunə qarşı yaxşı bir iş etmədiyimi anlamışdım.

Əbu Lübabə səlahiyyətli olmadığı və ya gizli qalması lazım olan bir şeyi söyləmişdi.  Ancaq bir dəfə ağzından çıxmışdı.

Allahu təala ürəyimi bilir

Əbu Lübabə bu vəziyyətə çox kədərləndi, çox peşman oldu. Gözlərindən axan yaşlar saqqalını islatdı. Qalanın arxasından tapdığı bir yolla doğru Mədinəyə gedib Məscidi Nəbəviyə girdi. Özünü dirəyə bağlatdı.

— Allahu təala qəlbimi bilir. Mənə həqiqi bir tövbə ehsan edənə qədər vallah mən Rəsulullahın üzünə də baxa bilmərəm. Allahu təala işlədiyim günahdan tövbəmi qəbul etmədikcə bu yerimdən ayrılmayacağam,  deyə and içdi.

Əbu Lübabənin düşdüyü bu xəta ilə əlaqədar olaraq bu məaldəki ayəti-kərimə nazil oldu:

“Ey iman edənlər, Allaha və Rəsuluna xəyanət etməyin. Bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin.” (Ənfal 27)

Əbu Lübabə Rəsulullahın möhtərəm xanımlarından Ümmi Sələmənin Məscidi Nəbəviyə açılan qapısı önündəki  dirəyə özünü bağlatmışdı. Hava bir xeyli isti idi. Bir həftə heç bir şey yeməyib qulaqları eşidə bilməyəcək hala gəlmişdi.

Əbu Lübabə etdiyinə peşman olub özünü dirəyə bağlatdığı sırada Müsəlmanlar onun bu halından xəbərsiz yəhudilərin qalasından qayıtmasını gözləyirdilər. Aradan uzun bir zaman keçməsinə baxmayaraq Əbu Lübabə dönmədi. Nəhayət vəziyyətdən xəbərdar olunub  Rəsulullaha ərz edildi. Peyğəmbər əfəndimiz buyurdu ki:

— Əgər birbaşa yanıma gəlsə idi bağışlanmasını Allahu təaladan mən diləyərdim.  Madam ki, o özünü bağlatmış, artıq Allahu təala tövbəsini qəbul edənə qədər onu olduğu yerdə  buraxıram.

Əbu Lübabə bu şəkildə dirəyə bağlı qalaraq altı gecə qaldı. Hər namaz vaxtında xanımı  tərəfindən bağları açılar,  namazını qıldıqdan sonra,  təkrar dirəyə bağlanardı.

Müjdə verimmi?

Peyğəmbər əfəndimiz Ümmi Sələmənin otağında idi. O sırada, Əbu Lübabənin tövbəsinin qəbul olduğuna dair ayəti-kərimə nazil oldu.  Ayəti-kərimədə məalən buyuruldu ki:

“Onlardan başqa bir qismi də günahlarını etiraf etdilər və əvvəl etmiş olduqları yaxşı  bir əməli  sonradan etdikləri başqa bir pis əməl ilə qarışdırdılar.  Olar ki, Allah,  onların tövbələrini qəbul edər.  Çünki Allah, bağışlayıcıdır,  Rəhimdir.” (Tövbə 102)

Ümmi Sələmə anamız səhər vaxtı Peyğəmbər əfəndimizin güldüyünü eşidincə soruşdu:

— Nə üçün gülürsünüz ya Rəsulallah?

— Əbu Lübabənin tövbəsi qəbul olundu.

— Müjdəliyimmi ya Rəsulallah?

— Olar! Müjdələmək istəyirsən, müjdələ!

Bu xəbəri eşidən hər kəs iplərini açıb buraxmaq üçün Əbu Lübabəyə doğru qaçdılar.  Əbu Lübabə  bunu qəbul etmədi.  Dedi ki:

— Vallah Rəsulullah əfəndimiz şəxsən əli ilə buraxmadıqca buradan ayrılmaram.

Peyğəmbər əfəndimiz də namaza gedərkən, yanına getdi.

Əbu Lübabə dirəyə incə, möhkəm bir iplə bağlanmışdı. Onun üçün ip onun iki qolunu kəsmişdi. Uzun zaman bu kəsiklər keçmədi, izi qollarında qaldı.

Əbu Lübabə həzrətləri bu hadisə ilə əlaqədər olaraq belə deyir:

“Bəni Qurayza yəhudilərini mühasirə etmişdik. O zaman bir yuxu gördüm. Belə idi:  Qurayza yəhudiləri çox pis iy verən bir qara palçıq olmuşdular! Onlardan uzaqlaşma imkanım da yox idi. Az qalsın onların o pis qoxularından öləcəkdim. Sonra, bir çay gördüm, onda yuyundum. Tərtəmiz oldum. Gözəl bir ətir vurdum.

Yuxumu Həzrəti Əbu Bəkirə danışdım.  O yuxumu belə yozdu:

— Dilin tutulacaq, çox çətin bir işə girəcəksən, ancaq  xilas olacaqsan.

And pozmanın kəffarəsi

Dirəkdə bağlı olduğum vaxt Əbu Bəkirin sözü ağılıma gəldi. Tövbəmin qəbul olacağına dair ayə nazil olacağını ümid etmişdim.

Əbu Lübabə bu günahın işləndiyi  Bəni Qurayza yurduna dönmək istəyirdi. Halbuki Allah və Rəsuluna qarşı günah işlədiyi bu məmləkətə bir daha heç girməyəcəyinə dair and da içmişdi. Vəziyyəti Rəsulullaha ərz etdi. Allah və Rəsulu uğrunda bütün malını belə verə biləcəyini söylədi.  Rəsulullah əfəndimiz buyurdu ki:

— Malının üçdə birini vermək sənin kəffarənə yetər.

Həzrəti Əbu Lübabə, malının üçdə birini ayırıb lazımi kimsələrə payladı. Ondan sonra, vəfat edənə qədər özündən xeyirdən başqa bir şey görülmədiyi bildirilmişdir.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину