Facebook Twitter WhatsApp

Əbu Səidi Xudri

Çox hədis rəvayət edən yeddi səhabədən biridir.

Əbu Səid Xudri həzrətləri Peyğəmbər əfəndimizin hicrətindən sonra Mədinədəki Məscidi Nəbəvinin  inşasında çalışmışdı.

Yaşı kiçik olması səbəbiylə Bədir və Ühüd hərblərinə qatıla bilmədi. Bədir hərbinə atası Malik ibn Sinan qatıldı. Şəhid olmaq üçün ön sıralarda qəhrəmanca döyüşdü.

Əbu Səid Xudri Ühüd hərbinə qatılmaq üçün atasıyla Peyğəmbər əfəndimizə müraciət etdilər. Bu hadisəni Əbu Səid həzrətləri belə danışır:

İri sümüklüdür

“Ühüd günü Peyğəmbər əfəndimizə ərz edildiyim vaxt on üç yaşında idim. Atam məni Rəsulullahın yanına aparıb dedi ki:

— Ya Rəsulallah! Bu balamın yaşı hər nə qədər kiçik olsa da iri sümüklüdür. Bədəni inkişaf etmişdir. İcazə versəniz bizimlə gələr.

Peyğəmbər əfəndimiz məni yuxarıdan aşağıya qədər süzdükdən sonra buyurdu ki:

— Onu geri göndərin!

Mənim kimi yaşı kiçik olanlar Mədinədə qadınları və uşaqları qorumaqla vəzifələndirildilər”.

Atası Malik ibn Sinan həzrətləri Ühüd hərbində şəhid oldu.

Ühüd hərbindən qayıtdıqları zaman Peyğəmbər əfəndimizi necə qarşıladıqlarını Əbu Səid Xudri həzrətləri belə danışmışdı:

“Anam ilə birlikdə Peyğəmbər əfəndimizi qarşılamağa, Onun mübarək camalını görməyə gedəndə atamın şəhid olmaqla şərəfləndiyini öyrənmişdik. Peyğəmbər əfəndimizə baxarkən O da bizi gördü.  Mənə buyurdu ki:

— Sən Malik ibn Sinanın oğlusan?

Mən də belə cavab verdim:

— Bəli, anam, atam sənə fəda olsun ya Rəsulallah.

Rəsulullah əfəndimiz at üzərində idi. Dərhal yanlarına yaxınlaşdım və mübarək dizlərini öpməklə şərəfləndim. Mənə buyurdular ki:

— Allahu təala atana mükafatını versin.”

Qorxduqlarımızdan əmin et

Xəndək hərbində müşriklər çox şiddətli hücum edirdilər. Həzrəti Əbu Səidi Xudri bir ara  Peyğəmbərimizə yaxınlaşaraq dedi ki:

— Ya Rəsulallah, ürəyimiz ağzımıza gəlmişdir, oxuyacağımız bir dua varmı? Peyğəmbərimiz buyurdu ki:

— Bəli var. “Ya Rəbbi, açıq və qorxulu yerlərimizi bağla, bizi bütün qorxularımızdan əmin et” deyərək dua edin!

Hamımız dua etdik, yalvardıq. Çox keçmədən şiddətli bir fırtına əsdi. Düşmən qərargahını alt-üst etdi və düşmən məğlubiyyətə uğradı, dağılıb getdi.

Əbu Səid Xudri həzrətləri həmişə Rəsulullahın yanında olar, Ondan bir çox hədisi-şərif dinləyərdi.  Bu hədisi-şəriflərin birində buyuruldu ki:

“Əshabıma dil uzatmayın! Allahu təalaya and içirəm ki, sizdən biriniz Ühüd dağı qədər qızıl sədəqə versə, Əshabımdan birinin bir mud (875 qr), hətta yarım mud sədəqəsinə çata bilməz.”

Atasının şəhadətiylə evin bütün yükü Həzrəti Əbu Səidin çiyinlərinə yükləndi. Evin dolanışığını təmin edəcək kimsə olmadığı üçün ailəsi bir xeyli çətinliyə düşdü. Anası ilə birlikdə çox səbrli olduqları üçün dərdlərini, çətinliklərini kimsəyə söyləməzdilər. Ac qaldıqları zaman qarınlarına daş  bağlayaraq aclıqlarını dindirməyə çalışardılar.

Bir gün anası dözə bilməyərək və “Övladım, Rəsulullah əfəndimiz ona müraciət edənləri heç geri çevirmir, onlara yemək üçün bir şeylər tapıb verir. Sən də get, bəlkə haqqımızda xeyirli olar” deyərək  Əbu Səidi Rəsulullaha göndərdi.

Səbrdən üstün ruzi yoxdur

Əbu Səid Rəsulullahı Əshabına nəsihət verərkən gördü.  Oturub dinləməyə başladı.  Bir ara Rəsulullah əfəndimiz buyurdu ki:

— Kim Allahu təaladan başqa hər şeydən üz çevirər və hər şeyi Allahu təaladan gözləyərsə, Allahu təala onu qəni eylər, zəngin edər. Səbrdən üstün ruzi yoxdur. Əgər səbrə razı deyilsəniz istəyin, verək.

Bu mübarək sözləri eşidən Həzrəti Əbu Səid Xudri Peyğəmbər əfəndimizdən bir şey  istəyə bilmədi. Evə qayıdıb vəziyyəti anasına olduğu kimi danışdı.

Əbu Səid Xudrinin bu hərəkətindən sonra işləri yolunda getdi. Mədinənin ən zənginlərindən oldular.

Əbu Səid Xudri həzrətləri Bəni Mustalıq savaşına, sonra da Xəndək döyüşünə qatıldı.  Çox qəhrəmanlıqlar göstərdi. Göstərdiyi qəhrəmanlıqları Peyğəmbərimiz çox bəyənmişdi.

Həzrəti Əbu Səid Xudri Xəndək döyüşünün səngidiyi bir günorta vaxtı Rəsulullah əfəndimizdən evinə qədər getmək üçün icazə istədi. Peyğəmbərimiz icazə verib buyurdu ki:

— Yanına silahını al!  Bəni Qureyza Yəhudilərinin sənə zərər vermələrindən qorxuram.

Həzrəti Əbu Səid Xudri də əmri dinləyərək silahlarını alaraq evinə getdi. Xanımı qapıda dayanırdı. Nə üçün evdə gözləmədiyini soruşduqda, xanımı dedi ki:

— Nə üçün mənə hirslənirsən? İçəriyə gir və gör!

Evə girdikləri zaman yatağın üzərində  böyük qara bir ilanın yatdığını gördü.

Müsəlman olan cinlər

Həzrəti Əbu Səid Xudri nizəsini ilana batırdı. Sonra ilanı yataqdan qaldıranda, yataq üzərində ilanın yerində bir gəncin yatdığı görüldü. Nizənin ucundakı ilanı bağçaya çıxarıb  asdılar. İlan çapalayaraq öldü. İçəridə yataqdakı gənc də can çəkişərək öldü. İlanın yoxsa gəncin əvvəl öldüyünü təsbit edə bilmədilər.

            Həzrəti Əbu Səid Xudri dərhal gəlib Peyğəmbər əfəndimizə hadisəni bildirdi.

Peyğəmbərimiz də buyurdu ki:

— O Mədinədəki Müsəlman olan cinlərdəndir. Onlardan bir şey görsəniz onlara oradan getməsi üçün üç gün icazə verin! Bundan sonra sizə təkrar görünsələr onu öldürün. Çünki o, şeytandır.

Əbu Səid Xudri həzrətləri 630-cu ildə Əlkamə ibn Mahrəzin əmri altında kiçik bir səfərə çıxdılar. Bu səfər haqqında Həzrəti Əbu Səid Xudri belə danışdı:

“Rəsulullah əfəndimiz Əlkaməni bir səfərə göndərmişdi. Mən də səfərdə idim. Hədəfə yaxınlaşdığımız zaman komandirimiz əsgəri iki hissəyə ayırdı. Bir qismini Abdullah ibn Huzafəyə verdi. Mən də onunla birlikdə idim.

Hər dediyimi etməlisiniz!

Abdullah ibn Huzafə Əshabi kiramın qəhrəmanlarından olub çox zarafatcıl bir kimsə idi. Yolda bir yerdə istirahət üçün fasilə verildi. Od qalandı. Kimimiz odla qızınır, kimimiz də odda bəzi işlərimizi görürdük.  Bir ara Həzrəti Abdullah əsgərlərə dedi ki:

— Sizlər mənə itaət etməklə vəzifəlisiniz, deyilmi?

— Bəli…

— Elə isə hər dediyimi etməlisiniz, deyilmi?

— Əlbəttə edərik.

— Elə isə indi sizə əmr edirəm ki, hamınız bu yanan oda girin!

Bunun üzərinə əsgərlərin çoxu dərhal yerlərindən qalxıb atəşə atılmağa hazırlaşdılar.  Həzrəti Abdullah yerlərindən qalxan bu əsgərlərin əmrə  itaətdəki səylərini görüb çox sevindi və buyurdu ki:

— Dayanın! Mən sizin itaətinizi sınamaq üçün belə söylədim.

Bu səfərdən qayıtdıqdan sonra bu atəş hadisəsini Peyğəmbər əfəndimizə danışdıq.  Buyurdular ki:

— Sizə bir günahı əmr edənə itaət etməyin!”

Əbu Səid Xudri həzrətləri belə deyir:

“Peyğəmbər əfəndimizin hüzuruna bir kimsə gəldi. “Qardaşımın qarnında narahatlığı var. Nə edim?” deyə soruşdu. Peyğəmbər əfəndimiz də buyurdu ki:

— Bal şərbəti içirt!

Soruşan şəxs gedib qardaşına bal şərbəti içirtdi. Ertəsi gün geri gəlib qardaşına bal şərbətini içirtdiyini, amma narahatlığının artdığını söylədi. Rəsulullah əfəndimiz yenə buyurdu:

— Get və ona bal şərbəti içirt!

Qüsur qardaşının qarnındadır

O kimsə getdi və ertəsi gün təkrar gəlib qardaşına bal şərbəti içirtdiyini  və narahatlığının daha da artdığını söyləyəndə, bu dəfə Peyğəmbər əfəndimiz belə buyurdu:

— Allahu təalanın kəlamında səhv ola bilməz.  Qüsur qardaşının qarnındadır.  Get və ona bal şərbəti içirt!

O şəxs bu dəfə də bal şərbətini içirəndə qardaşı yaxşı oldu.”

Əbu Səid Xudri həzrətləri eşitmiş olduğu hədisi-şərifləri dərhal hər yerdə rəvayət edərdi. Ancaq, “Haqq və həqiqətdə xidmətdə qüsur edərəm” narahatlığı ilə ağlayardı. Rəvayət etdiyi hər kəs tərəfindən bilinən bir hədisi-şərifdə,  Peyğəmbərimiz buyurdular ki:

— Aranızdan biri bir münkəri, qadağan ediləni görərsə və ona əli ilə mane ola bilsə  dərhal ona mane olsun. Əli ilə mane ola bilməzsə dili ilə, dili ilə də mane ola bilməzsə, qəlbi ilə nifrət etsin. Bu da  imanın ən zəifidir.

Həzrəti Əbu Səid Xudri 30 nəfərlik bir səriyyəyə sərkərdə təyin edildi. Bu səriyyə Mədinədən hərəkət etdi. Yolda müsəlman olmayan bir Bədəvi qrupuna rast gəldilər və onlara qonaq olmaq istədilərsə də qəbul edilmədilər.

Rəisimizi əqrəb sancdı

Müsəlmanlar onların yaxınlarında istirahət edərkən bu  Bədəvinin rəislərini bir əqrəb sancdı. Oradakılar rəislərini xilas etmək üçün bir çox çarələrə əl atdılarsa da şəfa hasil olmadı.  Bədəvilərdən bəziləri dedilər ki:

— Bu qarşıda istirahət edən karvana gedib, əqrəb sancmasına qarşı ediləcək müalicəni soruşaq.  Bəlkə bilən vardır.

Bir neçə nəfər Əshabı-kiramın yanına gəlib soruşdular:

— Ey insanlar! Rəisimizi az əvvəl əqrəb sancdı. Bildiyimiz çarələrə əl atdıq, ancaq şəfa hasil olmadı.  Aranızda bu işi bilən varmı?

Əbu Səid Xudri həzrətləri dedi ki:

— Siz bizim tələbimizi az əvvəl rədd etdiniz, bizi qonaq qəbul etmədiniz. Xəstənizi müalicə edərəm. Ancaq, buna qarşılıq olaraq sizdən bir çox qoyun alarıq.

Onlar da qəbul etdilər. Rəisin yanına gəldilər. Əbu Səid Xudri rəisin yarasını sarıdı, yeddi dəfə Fatihə surəsini oxudu. Oxuma bitər bitməz,  rəis dərhal ayağa qalxdı. Artıq üzərində heç bir xəstəliyin əsəri qalmadı.

Bədəvilər Əshabı-kirama razılaşdıqları sürünü verdilər. Əbu Səid Xudri həzrətləri, “Bu sürünü aramızda paylaşaq” deyən Əshaba dedi ki:

— Xeyr! Peyğəmbər əfəndimizə bu hadisəni danışarıq, qoyunları da özlərinə verərik. Necə əmr buyursalar elə hərəkət edərik.

Səfərdən qayıtdıqdan sonra bu hadisəni danışdılar. Peyğəmbərimiz;

— Fatihənin bu qədər təsirli bir dua olduğunu sənə kim öyrətdi? -buyuraraq təqdir etdilər.    Sonra yaxşı hərəkət etdiklərini açıqladılar.

Həzrəti Əbu Səid Xudri belə danışır:

“Bir gün Peyğəmbərimiz Əshabı arasında bir şey paylaşdırırdılar. Bir adam gəlib dedi ki:

— Ya Rəsulallah! Ədalətli hərəkət et!

Kim ədalət edər?

Peyğəmbərimiz də buyurdu ki:

— Mən ədalət etməsəm, kim edər?

Bu hadisə əsnasında Həzrəti Ömər də orada idi. Bu adama çox hirsləndi və Rəsulullaha dedi ki:

— Ya Rəsulallah! İcazə verin bu adamın kəlləsini uçurum.

Rəsulullah ona dönərək buyurdu ki:

— Xeyr, burax! Onun bəzi yoldaşları olacaq ki, onlar sizin namazlarınızı, oruclarınızı bəyənməyəcək. Ancaq, onlar bir ox yaydan necə çıxarsa, dindən elə çıxacaqlar.  Bunların içində elə bir adam olacaq ki, məmələrindən biri qadın məməsi kimidir.  Bunlar, insanlar fetret dövründə ikən  zühur edəcəklər.

Bu əsnada, “İnsanlar içində elələri vardır ki,  sən zəkatı paylayarkən səni qaş-gözlə ayıblayarlar” ayəti-kəriməsi nazil oldu.”

Həzrəti Əbu Səid Xudri buyurur ki:

— Mən, Peyğəmbərimizin işarə buyurduğu bu adamı Həzrəti Əlinin Nəhrəvan səfərində öldürdüyünü gördüm. Bu adam eynilə Peyğəmbərimizin  təsvir etdiyi kimi idi.

Əbu Səid Xudri həzrətləri Hüdeybiyyə, Xeybər, Məkkə, Huneyn, Təbuk savaşlarında da iştirak etmişdir. Peyğəmbərimizlə birlikdə 12  döyüşə qatılmaqla şərəfləndiyi açıqlanmışdır.

Əbu Səid Xudri Peyğəmbər əfəndimizin axirətə təşriflərindən sonra Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osmanın xəlifəlikləri zamanlarında Mədinədə fətva ilə məşğul oldu. 656-cı ildə Həzrəti Əlinin zamanında hər cür fitnədən uzaq olmağa çalışsa da yanlış firqələrdən Xaricilərlə edilən Nəhrəvan hərbinə qatıldı.

İstanbulun fəthinə gəldi

            Bir rəvayətə görə Əbu Səid Xudri həzrətləri İstanbulun fəthi üçün gələn əsgər arasında idi. Düşmənlə çarpışarkən Ədirnəqapı ətrafında şəhid oldu. Qəbrini Fateh Sultan Məhməd Xanın ustadı Ağşəmsəddin həzrətləri kəşf etdi. Qəbri əvvəllər  kilsə olub, məscidə çevrilən Qariyə Məscidinin bağçasıdır. Bir rəvayətə görə də 693-cü ildə bir Cümə günü vəfat etdi.  Mədinədə Baqi qəbiristanlığına dəfn edildi.

Həzrəti Əbu Səid Xudri hədisi-şərif və fiqh elmlərində çox üstün dərəcələrə sahib idi.  1170 ədəd hədisi-şərif rəvayət etmişdir. Həzrəti Əbu Səid Xudri dərs verərkən ətrafında böyük bir izdiham hasil olar, soruşulan bütün suallara cavab verərdi.

Əbu Səid Xudri həzrətləri buyurur ki:

Peyğəmbər  əfəndimiz nəşələnib əylənən bəzi insanları görüncə buyurdu ki:

— Əgər ölümü düşünsəydiniz, ləzzətlər sizə dadsız gələrdi və olduğunuz bu haldan  dönərdiniz.

Əbu Səid Xudri belə buyurur:

“Bir nəfər Rəsulullah əfəndimizin arxasında namaz qıldı. Peyğəmbər əfəndimizdən əvvəl rükuya əyilir, yenə  ondan əvvəl başını qaldırırdı. Peyğəmbərimiz namazdan sonra:

— Bunu edən kim idi?  deyə soruşdular. O kimsə dedi ki:

— Mənəm ya Rəsulallah.

Bununla əlaqədar Peyğəmbər əfəndimiz, “Namazın nöqsan olanından çəkinin! İmam  rükuya əyiləndə rüküya  əyilin.  Başını qaldırdığında başınızı qaldırın”, buyurdu.”

Ən şiddətli çətinlik

Həzrəti Əbu Səid Xudri buyurur: “Rəsulullah əfəndimizin hüzuruna getdim. Məxmər ilə örtünmüşdü . Hərarəti o məxmərdən hiss olunurdu. Əlimizi mübarək bədəninə qoya bilmədik. Heyrət etdik. Buyurdu ki:

— Ən şiddətli çətinlik peyğəmbərlərə olur. Amma peyğəmbərlərin çətinliklərə sevinməsi, sizin ehsanlara sevinmənizdən çoxdur.”

Həzrəti Əbu Səid Xudri, doğru bildiyi bir məsələni söyləməkdən çəkinməzdi. Çox cəsur, fədakar və səbrli bir şəxs idi. Təmiz və sadə bir yaşayışı vardı. Belə olmağı sevərdi. Möhtac olanlara kömək edər, onları evinə aparıb tərbiyə edərdi.

Əbu Səid Xudri belə buyurur:  “Rəsulullah əfəndimizdən eşitdim. Buyurdu ki:

“İnsanların etdiklərini yazan mələklərdən başqa mələklər də vardır. Yollarda, küçələrdə gəzərlər. Allahu təalanı zikr edənləri axtararlar. Zikr edənləri tapınca, bir-birlərinə səslənərlər:

— Bura gəlin, bura gəlin!

Necə insandılar?

Qanadları ilə onları örtərlər. O qədər çoxdurlar ki, göyə çatırlar. Qulların hər işini bilən Allahu təala mələklərdən soruşaraq buyurar ki:

— Qullarımı necə gördünüz?

— Ya Rəbbi! Sənə həmd və səna edirlər və sənin  böyüklüyünü söyləyirlər.

— Onlar məni gördülərmi?

— Xeyr görmədilər.

— Görsəydilər necə olardılar?

— Daha çox həmd edər və daha çox  təsbeh edər və daha çox  təkbir söyləyərdilər.

— Onlar məndən nə istəyirlər?

— Ya Rəbbi! Cənnətini istəyirlər.

— Onlar Cənnəti gördülərmi?

— Görmədilər.

— Görsəydilər necə olardılar?

— Daha çox yalvarardılar, daha çox istəyərdilər. Ya Rəbbi!  Bu qulların Cəhənnəmdən qorxurlar.  Sənə sığınırlar.

— Onlar Cəhənnəmi gördülərmi?

— Xeyr görmədilər.

— Görsəydilər necə olardılar?

— Əgər görsəydilər, daha çox yalvarardılar və ondan xilas olmaq yoluna daha çox sarılardılar.

Bunun üzərinə Allahu təala mələklərinə  buyurar:

— Şahid olun ki, onların hamısını əfv etdim.

— Ya Rəbbi! O zikr edənlərin yanında, filan kimsə zikr etmək üçün gəlməmişdi. Dünya mənfəəti üçün gəlmişdi.

— Onlar mənim qonaqlarımdır. Məni zikr edənlərlə birlikdəyəm. Onların yanında olanlar da,  zərər etməzlər.”

Rəsulullah əfəndimiz buyurdu ki:

            “Məzar, ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur.”

           ''Yatağa girən zaman üç dəfə Əstağfirullah əl-azim əlləzi la ilahə illa hüvəl- hayyəl-qayyum  və ətubü  iləyh''  deyən kimsənin  günahları dəniz köpükləri və ya Təmim diyarının qumları və ya ağac  yarpaqlarının sayı və ya dünyanın günləri qədər çox olsa da Allahu təala onun  günahlarını əfv edər.”

Allahdan qorx!

            Əbu Səid Xudri həzrətləri özündən nəsihət istəyən birinə buyurdu ki:

— Allahdan qorx. Çünki hər şeyin başı Allah qorxusudur. Cihada sarıl! Çünki cihad, İslam dininin dünyanın zövq və ləzzətlərinə  qapılmaması hissidir. Allahu təalanı zikr etməyə və  Qurani-kərim oxumağa  davam et ki, səni göydə mələklər, yerdə insanlar arasında yaşadacaq olan budur. Doğrunu söylə, ya da sükutu seç! Bunları etsən şeytanı məğlub edərsən.

Əbu Səid Xudri həzrətləri buyurar ki:

Rəsulullahdan eşitdim. Buyurdu ki:

“Sizdən əvvəlkilərin arasında bir adam vardı. Doxsan doqquz adamı öldürmüşdü.  Sonra, “Dünyanın ən böyük alimi kimdir?” deyə araşdırdı. Ona bir keşiş göstərildi.  Beləliklə, keşişin yanına getdi.

“Doxsan doqquz adam öldürdüm,  tövbə etsəm qəbul olarmı?” deyə  soruşdu.  Keşiş, “Tövbən qəbul olunmaz” dedi.

Tövbənə kim mane ola bilər?

Bunun üzərinə o adam keşişi də öldürdü. Onunla yüzü tamamladı. Sonra yer üzü əhalisinin ən böyük alimini soruşub araşdırdı. Ona, alim bir nəfəri tövsiyə etdilər.  Alimdən soruşdu:

— Yüz adam öldürdüm. Tövbə etsəm qəbul olarmı? 

Alim dedi ki:

— Bəli, sənin tövbə etməyinə kim mane ola bilər? Filan yerə get, orada Allahu təalaya ibadətlə məşğul olan insanlar vardır. Onlarla birlikdə Allahu təalaya ibadət et.  Məmləkətinə qayıtma! Çünki ora pis bir yerdir.

Bunun üzərinə tövbə edən adam yola çıxdı. Yarı yola çatdığı zaman öldü. Rəhmət mələkləri ilə əzab mələkləri bu adamı almaq üçün gəldilər.  Rəhmət mələkləri dedilər ki:

— Bu adam səmimi tövbə edərək gəldi.

Əzab mələkləri də dedilər ki:

— Bu adam heç bir yaxşılıq etməmişdir.

Bunun üzərinə insan paltarında bir mələk onların yanına gəldi. Mələklər onu aralarında hakim seçdilər. Mələk belə dedi:

— İki tərəfdəki məsafəni müqayisə edin! Hansı tərəfə daha yaxın isə adam o tərəfdədir.

Məsafəni ölçdülər. Adamı çatacağı yerə daha yaxın gördülər. Bu səbəblə onu rəhmət mələkləri apardılar.”

Əbu Səid Xudri buyurdu ki:

Rəsulullah əfəndimiz heyvana ot verərdi. Dəvəni bağlayardı. Evini süpürərdi.  Qoyunun südünü sağardı. Ayaqqabısının söküyünü tikərdi. Paltarını yamayardı. Xidmətçisi ilə birlikdə yemək yeyərdi. Xidmətçisi əl dəyirmanını çəkərkən yorulduğu zaman ona kömək edərdi. Bazardan ərzaq alıb torba içində evə gətirərdi.

Kasıbla, zənginlə, kiçiklə qarşılaşanda, əvvəl salam verərdi. Bunlarla müsafəha etmək üçün mübarək əlini əvvəl uzadardı. Köləni, əfəndini, bəyi, qaranı və ağı bir tutardı. Kim olursa olsun dəvət edilən yerə gedərdi.

Gözəl xasiyyətli idi

            Önünə qoyulan şeyi az olsa da, xor, aşağı görməzdi. Gözəl xasiyyətli idi. Yaxşılıq etməyi sevərdi. Hər kəslə yaxşı dolanardı. Gülər üzlü, şirin sözlü idi. Danışarkən gülməzdi.

Kədərli görünərdi. Ancaq, çatıq qaşlı deyildi. Təvazökar idi, lakin alçaq təbiətli deyildi.  Heybətli idi. Yəni hörmət və qorxu hasil edərdi.  Ancaq, kobud deyildi. Nəzakətli ,səxavətli idi. Ancaq, israf etməz, faydasız yerə bir şey verməzdi. Hər kəsə mərhəmət edərdi. Mübarək başı həmişə önünə əyik idi. Kimsədən bir şey gözləməzdi. Səadət, hüzur istəyən Onun kimi olmalıdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину