Facebook Twitter WhatsApp

Həlimə Xatın

Peyğəmbərimizin süd anası.

Məkkənin havası yeni doğulan uşaqlara yaramırdı. Sağlam və güclü böyümələrinə mane idi. Bu səbəblə uşaqlarının sağlam yetişməsini istəyən bəzi ailələr uşaqlarını Məkkədən kənarda səhralarda yaşayan süd anaya verərdilər. Çünki, oraların həm havası gözəl, suyu təmiz və dadlıydı, həm də orada yetişən uşaqlar Ərəb dilini daha səlis şəkildə danışırdı.

Gecikmişdilər

Süd ana olacaq qadınlar ildə iki dəfə Məkkəyə gələr, körpə uşaqları alıb yurdlarına aparardılar. Peyğəmbərimizin dünyaya təşrif etməsindən dərhal sonra Bəni Sad qəbiləsinə mənsub qadınlar ərləri ilə birlikdə Məkkəyə gəldilər. Bunlardan biri də Həzrəti Həlimə idi.

Həlimə xatın belə danışır:

“Düçar olduğumuz quraqlıq və qıtlıq ilində heç bir şeyimiz qalmamışdı. Mən zəif bir ulağa minmişdim. Yanımızda da qoca bir dəvəmiz var idi. Bu dəvə bizə bir damcı belə süd vermirdi. Biz Məkkəyə bir rəhmət yağışına qovuşmağı, kasıblıqdan xilas olmağı ümid edərək gəlmişdik. Mindiyim zəif eşşəyin gedişinin yavaşlığı yol yoldaşlarımın canını sıxacaq dərəcəyə çatmışdı. Bunun üçün məni gözləməyib Məkkəyə məndən əvvəl çatdılar.”

Həzrəti Həlimə Məkkəyə gəldiyi zaman qadınların demək olar ki, hamısı əmizdirəcək bir uşaq tapmış, sevinc içərisində yurdlarının yolunu tutmuşdular da.

Abdülmuttalib də sevgili nəvəsi Peyğəmbərimizi bir süd anaya verməyi çox istəyirdi. Fəqət, qadınlardan kimə təklif etdisə, “Yetimdir” deyərək götürmədilər. Heç kim bu uşağın hörmətinə bərəkətə qovuşacaqlarını xəyal belə edə bilmirdilər. Rəsulullahın babası çarəsizlikdən gəzərkən, əmizdirəcək bir uşaq tapa bilməməyin kədərini ürəyində hiss edən Həlimə ilə qarşılaşdı. Ona soruşdu:

  • Sən hansı qəbilədənsən?

Həzrəti Həlimə cavab verdi:

  • Bəni Sad qəbiləsindən.

Abdülmuttalib, ondan adını soruşdu. “Həlimə” olduğunu öyrənəndə gülümsədi və dedi ki:

  • Çox gözəl! Sad və həlim iki xüsusiyyətdir ki, dünyanın xeyri də, axirətin izzət və şərəfi də bunlara bağlıdır. Ey Həlimə, mənim yanımda yetim bir uşaq var. Digər qadınlar, “Biz, aparacağımız uşaqların atalarından faydalanmağı ümid edirik. Yetimi götürüb nə edəcəyik” deyərək onu almaq istəmədilər. Heç olmasa  sən bunu al. Bəlkə onun səbəbilə xoşbəxtliyə qovuşarsan.

Başqa uşaq yoxdur

Həlimə bir az irəlidə olan ərinə məsləhətləşmək üçün icazə istəyib ərinin yanına getdi. Ərinə xəbər verərək dedi ki:

  • Məkkədə bu yetim uşaqdan başqa əmizdiriləcək uşaq yoxdur. O uşağı almağımızı uyğun görürsən? Çünki mən yurdumuza, əmizdiriləcək uşaq götürmədən əliboş qayıtmağı xoş görmürəm. Uyğun görürsənsə O yetimi 

Əri Haris onun təklifini qəbul edərək dedi ki:

  • Götürməyində bir zərər yoxdur. Bəlkə, Allahu təala bizə Ona görə bərəkət və bolluq ehsan edər.

Həlimə xatın heç olmazsa bir uşaq tapa bilməyin sevinciylə Peyğəmbərimizin babasının yanına gəldi. Uşağı almaq istədiyini söylədi. Abdülmuttalib buna çox sevindi. Onu Həzrəti Əminənin yanına apardı. Həzrəti Əminə Həliməni, “Xoş gəldin, səfa gətirdin” deyərək qarşıladı. Birlikdə Rəsulullahın yatdığı otağa getdilər.

Müşk qoxuları yayırdı.

Peyğəmbərimiz süddən daha ağ bir yun qundağa sarılmışdı. Altına da yaşıl bir parça sərilmişdi. Arxası üstə uzanmış, mışıl-mışıl yatır, ətrafa müşk kimi qoxular yayırdı.

Həzrəti Həlimə Peyğəmbərimizi görəndə gözəlliyinə və sevimliliyinə heyran qaldı. Belə bir uşağı yanına aldığı üçün çox sevincli idi. Peyğəmbərimizi qucağına aldı. Mübarək bala süd anasına gülümsədi. Həlimə də onu öpdü. Sevincli idi. Həzrəti Əminə isə kədərliydi. Balası ancaq bir neçə gün yanında qala bilmişdi. Həsrətinə necə dözə biləcəkdi? Fəqət, sevgili oğlunun səhhətli böyüməsi üçün buna məcbur olduğunu düşünərək təsəlli tapdı.

Həzrəti Əminə, Həlimə xatına dedi ki:

  • Mənə üç gecə; “Oğlun Bəni Sad qəbiləsindən Əbu Züeyb ailəsi içində əmizdiriləcək”

Bunun üzərinə Həzrəti Həlimə dedi ki:

  • Elə bu qucağımdakı uşağın süd atası Əbu Züeybdir. O mənim ərimdir.

Bunun üzərinə Əminə xatının içi rahatladı. Eşitdiyi sözlər onu sevindirdi.

Həzrəti Həlimə Peyğəmbərimiz qucağında olduğu vəziyyətdə ərinin yanına gəldi. Sonra sağ döşünü Peyğəmbərimizə, sol döşünü də oğluna verdi. Əmdi və yatdılar. Bundan belə Rəsulullah həmişə sağ döşdən əmr, sol döşü heç əmmədi.

Həzrəti Həlimənin əvvəllər südü çox az idi. Daha əvvəl öz oğluna belə çatmaz, uşaq acından ağlayıb dayanırdı. İndi hər ikisinin də doyduğunu görüncə sevindilər. Dərhal sonra daha əvvəl çox az südü olan dəvənin məmələrinin də südlə dolduğunu görəndə sevincləri bir qat daha artdı. Həlimənin əri dedi ki:

  • Ey Həlimə, bil ki, sən mübarək və uğurlu bir uşaq almısan.

Dayan, bizi də gözlə!

Həqiqətən də bundan sonra bu ailə ilə birlikdə Sadoğulları qəbiləsi quraqlıqdan, qıtlıqdan xilas olub, bolluq və bərəkətə qovuşacaqdı.

Bütün hazırlıqlarını tamamlayan Həzrəti Həlimə və əri bir az sonra yola çıxdılar. Bu arada minik heyvanlarında böyük bir dəyişikliyin olduğunu gördülər. Gələrkən çox geridə qalan ulaq gec çıxdığı halda, karvanın bütün heyvanlarını geridə buraxırdı. Digər qadınlar bunu görəndə çaşıb qaldılar və dedilər ki:

  • Ey Həlimə, başına rəhmət yağsın! Yoxsa bu ulaq gələrkən mindiyin heyvan deyilmi? Dayan bizi də gözlə!

Yorucu bir səfərdən sonra karvan yurdlarına çatdı.

O il Sadoğulları yurdunda böyük bir quraqlıq hakim idi. Heyvanların yayılıb qarınlarını doyura biləcəkləri heç bir otlaq yox idi. Buna görə qoyunlar səhər getdikləri kimi axşam ac olaraq evə qayıdırdılar. Heyvanlar çox cılızlaşmışdı. Fəqət, Həzrəti Həlimə bolluq və bərəkətə qovuşmuşdu. Digərlərindən fərqli olaraq qoyunları da axşam evə qarınları doymuş, məmələri südlə dolmuş bir şəkildə qayıdırdı.

Təəssüflər olsun sizə!

Bu vəziyyət qəbilə xalqının da diqqətini çəkmişdi. Çobanlarına Deyirdilər:

  • Təəssüflər olsun sizə! Siz də bizim qoyunlarımızı Həlimənin çobanının qoyunlarını otlatdığı yerdə otlasanız!

Həlimə və əri bu bolluq və yaxşılığa, yetim deyə heç kimin almağa yanaşmadığı uşaq üzündən qovuşduqlarını bilir, şükür edirdilər. Günlər beləcə keçdi.

Peyğəmbərimiz gün keçdikcə gözəlləşir, güclənirdi. Onun uşaqlığı da digər uşaqlara bənzəmirdi. Hələ səkkiz aylıq ikən danışır, danışıldığı zaman da dinləyirdi. Doqquz aylıq ikən çox səlis bir şəkildə danışmağa başlamışdı. On aylıq ikən ox atmağa başlamış, iki yaşına gəldiyi zaman isə möhkəm bir uşaq olmuşdu.

Peyğəmbərimiz iki yaşında süddən də kəsilmişdi. Onun süddən kəsilməsi Həzrəti Həliməni də ərini da dərindən kədərləndirdi. Onun səbəbiylə xeyir və bərəkətə nail olduqları üçün bir müddət daha yanlarında qalmasını çox istəyirdilər. Fəqət artıq onu yanlarında saxlaya bilməzdilər. Anasına təslim etmələri lazım idi.

Bir gün yanlarına alıb Məkkəyə getdilər. Həzrəti Əminə birdən ciyərparəsini qarşısında görəndə çox həyəcanlandı. Nə qədər də böyümüş, güclənmişdi. Artıq bundan sonra həmişə birlikdə olacaqlarını düşünərək sevinirdi. Fəqət, bu mübarək uşaqdan ayrılmaq istəməyən Həzrəti Həlimə Peyğəmbərimizin anasına dedi ki:

  • Oğulcuğumu böyüyənə qədər yanımda saxlasan yaxşı olar. Onun Məkkə vəbasına yoluxmasından qorxuram.

Həzrəti Əminə oğlunun xəstə olmasını düşünmək belə istəmirdi. Artıq həsrətinə razı idi. Yetər ki, yeganə oğlu xəstələnməsin. Bu düşüncə ilə Həzrəti Həlimənin təklifini qəbul etdi. Beləcə Peyğəmbərimiz bir müddət daha Bəni Sad yurdunda qalmaq üzrə Məkkədən ayrıldı.

Kralımıza aparacağıq

Bu arada Həlimə xatın Məkkəyə gedərkən Sirər Vadisində bəzi Həbəş xristianlarına rast gəlmişdi. Xristianlar Həlimə xatına hara getdiyini soruşdu. Sonra da Peyğəmbər əfəndimizə diqqətlə baxdılar.

Peyğəmbər əfəndimizin iki kürəyi arasındakı peyğəmbərlik möhürünə və gözlərindəki qırmızılığa baxdılar. Sonra da bu qırmızılığın davamlı olub olmadığını soruşdular. Həlimə xatın bu qırmızılığın davamlı olduğunu söyləyəndə, xristianlar dedilər ki:

  • Biz bunu kralımıza aparacağıq. Çünki bunun bizimlə əlaqəsi vardır. Biz onun halını bilirik.

Həzrəti Həlimə çox qorxdu və dərhal Peyğəmbərimizi alaraq onlardan uzaqlaşdı.

Peyğəmbərimiz süd anasının yanında süd qardaşı Abdullah ilə birlikdə qoyun otladacaq qədər böyümüşdü. Bir gün yenə evin arxasında yeni doğulan quzuların yanında olduqları bir sırada iki adam gəldi. Peyğəmbərimizi yerə uzatdı. Sonra da sinəsini açaraq qəlbini yardılar. Qan laxtasına bənzər bir şeyi çıxararaq dedilər ki:

  • Bu, səndə olan şeytana aid bir şey idi.

Qureyşli qardaşım

Rəsulullahın süd qardaşı Abdullah, bu iki yad insanın sevgili qardaşına etdikləri şeyi görüncə çox qorxdu. Qaçaraq evə gəldi və ana və atasına səsləndi:

  • Qaçın, Qureyşli qardaşım öldürüldü!

Onun bu fəryadı üzərinə ər-arvad dərhal çölə qaçdılar. Rəsulullahın olduğu yerə doğru qaçdılar. Peyğəmbərimiz ayaqda idi. Üzü saralmış fəqət gülümsəyirdi. Dərhal ondan soruşdular:

- Balam sənə nə oldu?

- Ağ paltarlı iki adam gəlib, məni yerə yatırtdı. Sonra da qarnımda bilmədiyim bir şeyi axtardılar.

Həzrəti Həlimə ilə əri çox qorxmuşdu. Rəsulullaha bir zərər gəlməsindən narahat oldular. Əri Haris Həliməyə dedi ki:

  • Həlimə, mən bu uşağın başına bir fəlakət gəlməsindən qorxuram. Başına bir şey gəlmədən onu apar ailəsinə təslim et!

Həlimə də heç vaxt keçmədən Peyğəmbərimizi götürüb Məkkəyə apardı. Fəqət Məkkədə onu bir ara itirdi. Buna çox kədərləndi. Bütün axtarışlara baxmayaraq tapa bilmədi. Dərhal Abdülmuttalibə getdi. Kədər içərisində vəziyyəti xəbər verdi. O da bir neçə adam ilə birlikdə onu axtarışa çıxdı. Nəhayət Peyğəmbərimiz tapıldı.

Həzrəti Əminə oğlunu təkrar gördüyünə sevinmiş, tələsik geri gətirilməsini isə anlamamışdı. Həliməyə dedi ki:

- Uşağı nə üçün gətirdin? Onu, yanında saxlamaq üçün israr edib dayanmışdın.

- Oğulcuğumu Allah böyütdü. Mən yalnız üzərimə düşəni etmişəm. Onun başına bir fəlakət gəlməsindən qorxuram. Sənə gətirib sağ-salamat təslim etmək istədim.

Anacan, anacan!

Aradan illər keçdi. Peyğəmbərimizin anası da babası da vəfat etdi. Peyğəmbərimiz də artıq böyüyüb evləndi. Zaman-zaman Həzrəti Həliməni görərdi. Süd anasına qarşı dərin bir sevgi bəsləyərdi. Onu gördükcə, “Anacan, anacan!” deyər, hörmət göstərərdi. Dərhal üzərindəki artıq paltarı çıxarıb, onun altına sərər, bir ehtiyacı varsa, dərhal yerinə yetirərdi.

Bir gün Həzrəti Həlimə onu ziyarətə gəlmişdi. Sadoğulları yurdunda yenə qıtlıq olduğunu, xəstəlikdən heyvanların qırıldığını söylədi. Peyğəmbərimizin ona verə biləcək çox bir şeyi yox idi. Fəqət, Həzrəti Xədicə Peyğəmbər əfəndimizin süd anasını boş olaraq göndərməyə könlü razı olmadı. Qırx qoyunla bir dəvə verdi.

Həzrəti Həlimə bu ikram qarşısında məmnuniyyətini bildirdi. Sevinc içərisində evinə qayıtdı.

Sonrakı illərdə Müsəlman olaraq səhabiyə olma şərəfini qazanan Həzrəti Həlimə, Cənnət-ül-Baqi qəbiristanlığında dəfn edilmişdir. Allah ondan razı olsun!


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину