Facebook Twitter WhatsApp

Hansa xatın

Məşhur qadın şair səhabələrdən.

Peyğəmbər əfəndimiz zamanında Amr-ın qızı olan məşhur qadın şair Hansa, çox gözəl qəhrəmanlıq şeirləri söyləyərdi. Müsəlman olduqdan sonra İslam onu üstün bir mətanətlilik və fədakarlıq timsalı etmiş və imanda kamala çatdırmışdı. Dörd uşağı Qadisiyə müharibəsində şəhid olduğu halda cəsarət və səbatında əsla bir dağılma olmamışdı. Şəhid anası olmağın verdiyi təsəlli ona övlad acısını belə unutdurmuşdu.

Başqa sözə nə hacət?

Hansa Xatın Qadisiyə savaş meydanına gedərək uşaqlarını bu tarixi sözləri ilə coşdurmuşdur:

“Mənim qəhrəman övladlarım! Allaha and olsun ki, Ondan başqa ibadət ediləcək bir məbud yoxdur. Siz eyni ananın və eyni atanın övladlarısınız. Mən ərimə xəyanət etmiş bir qadın olmadığım kimi, atanız da keçmişi ləkəli bir insan deyildir. Həm də mən çətinliklə deyil, öz istəyimlə İslamiyyəti qəbul etdim və yenə öz istəyimlə hicrət etdim. Sizlər bax belə tərtəmiz bir keçmişə sahibsiniz.

Sizdən, girəcəyiniz döyüşdə bu kübar, uyğun bir cəsarət və qəhrəmanlıq gözləyirəm. Din düşmənlərinə ilk hücum edən sizlər olmalısınız. Sizlərin arxada deyil, daim ən ön səfdə döyüşdüyünüzü görməliyəm. Çünki bu müharibə köhnə döyüşlərimiz kimi adi, bəsit mənfəətlər uğruna edilən soyğunçuluq və talançılıq savaşı deyil.

Əlləriylə etdikləri bütlərə tapınan, qız uşaqlarını diri-diri basdıracaq qədər vəhşiliyə davam edən bütpərəstlərə, doğrunu və haqqı göstərmə hərəkətidir. Qısaca bu cihadda əmr Allahdan, komanda da Rəsulullah əfəndimizdəndir. Başqa sözə nə hacət?”

Bu sözlərdən sonra uşaqlarını ayrı-ayrı qucaqlayan Həzrəti Hansa əlavə edərək dedi ki:

“Ya İslamın zəfər sancağını Qadisiyədə dalğalandıracaqsınız, yaxud da din uğrunda şəhid olduğunuzu eşidəcəyəm! ..”

Bir ananın uşaqlarına qarşı belə qəhrəmanca çıxışı, orada olan digər mücahidləri də coşdurur və Qadisiyədə İslamın zəfər sancağının dalğalanmasına səbəb olurdu.

Şəhid anası

Necə ki, elə də oldu. Xəstə yatağında yatarkən dörd oğlunun da şəhadət xəbəri gətiriləndə, xəbəri gətirənə soruşdu:

- Yəni mən, şəhid anasımı oldum indi?

- Bəli, şəhid anası, həm də dörd şəhid anası ...

- Zəfər kimlərdə?

- Zəfər, Müsəlmanlarda ... İndi Qadisiyədə İslamın sancağı dalğalanır!

“İslamın bir zəfəri üçün dörd oğlum da fəda olsun!” deyən Hansa Xatın əllərini qaldıraraq belə yalvarır:

  • Ya Rəbbi! Mənə əmanət etdiyin dörd qəhrəmanı yenə sənin dinin uğrunda fəda etmişəm. Artıq məni şəhid anaları dəftərinə qeyd et! Mənim üçün şəhid anası olmaq kifayət ikramdır. Bunu mənə nəsib et!

Hər nə vaxt Hansa Xatından söz edilsə Rəsulullah əfəndimiz, onun üçün, “Örnək bir İslam qadını” buyurardı.

Hansa Xatın ilk əvvəl Süleymoğulları qəbiləsindən Rəvaha ibn Abdüləziz Səlmi adlı bir şəxs ilə evlənmişdi. Onun vəfatından sonra Mirdas ibn Əbi Amir ilə evləndi.

Mədinənin yolunu tutdu

Risalət günəşi Məkkədə doğulub dünyanı işıqlandırdığı vaxt bu günəşin nuru hər tərəfə yayıldı. Həzrəti Hansanın gözü də bu nur ilə işıqlandı. Öz qəbiləsindən bir neçə adamı yanına alaraq Mədinənin yolunu tutdu. Hüzuru səadətə çataraq İslamiyyət ilə şərəfləndi.

Hansa Xatın dövrünün məşhur şairlərindəndir. Peyğəmbər əfəndimiz onun şeirlərini bir xeyli dinlədilər. Bu xanımın fəsahat və bəlağətini təqdir buyurdular.

Həzrəti Hansa ilk olaraq şairliyə belə başlamışdı:

Arada sırada bir-iki şeir söyləyirdi. Fəqət Əsədoğulları qəbiləsi ilə onun qəbiləsi arasındakı döyüşdə öz qardaşı Müaviyə öldürüldü. Digər ögey qardaşı Sahr da nizə ilə yaralandı. Hansa Xatın bir il qədər qardaşına qayğı ilə baxdı, fəqət yara bir cür yaxşılaşmadı. Sahr da bu yaradan qurtula bilməyib öldü.

Həzrəti Hansa da bu iki qardaşının ayrılığından mütəəssir olub bunlar üçün mərsiyə söyləməyə başladı və şair oldu.

Həzrəti Ömər Hansa Xatının uşaqlarının Qadisiyədə şəhid olmaları üzərinə şəhidlərin uşaqlarının hər biri üçün illik iki yüz dirhəm maaş təyin etdi və Həzrəti Hansanın adı da şəhid uşaqları ilə birlikdə xatırlandı.

Bir gün Hansa Xatın Həzrəti Aişənin hüzuruna gəlmişdi. Başında matəm işarəsi var idi. Həzrəti Aişə də Həzrəti Hansanı belə görüncə dedi ki:

  • Ey Hansa, belə etmə! Bu şəkildə matəm tutmağı dinimiz qadağan etmişdir.

Həzrəti Hansa da belə cavab verdi:

  • Mən bunu bilmirdim, belə etməyin qadağan edildiyindən xəbərim yox idi. Fəqət bunu belə etdiyimin bir səbəbi vardır.

Hansa Xatın belə söylədikdən sonra bu səbəbi belə izah etdi:

“Cahiliyyə dövründə atamın məni ərə verdiyi ərim çox bədxərc bir kimsə idi. Özünün də, mənim də bütün varımı, yoxumu payladı. Qumara verdi. Bunun üçün pulsuz qalıb möhtac vəziyyətə düşdük. Qardaşım Sahr malını ikiyə bölüb bizə bir şeylər vermişdi. Az zaman sonra bu mal da həba olub getdi.

Həmişə paylayır

Qardaşım Sahr mənim pulsuz qalıb möhtac vəziyyətə düşdüyümü görmüş və buna çox kədərlənmişdi. Geridə qalan digər hissədən də mənə yenə verdi. Zövcəsi ona dedi ki:

  • Bu belə olmaz, sən daha nə vaxta qədər bacın Hansaya malını verməkdə davam edəcəksən? Onun əri elə qumar oynayır və nəyi var, nəyi yox hamısını paylayır.

Sahr zövcəsinə cavab olaraq bu şeri söylədi:

  • And içirəm ki, ona malımın yaxşısını verəcəyəm, o pak bir qadındır. Əgər mən ölsəm, o da öz baş örtüsüylə mənim matəmimi tutar.”

Bunları söyləyən Hansa Xatın sözlərini belə bitirdi:

  • Bax, mən də onun matəmi üçün belə etdim.

Həzrəti Hansa 646-cı ildə vəfat etdi.