Facebook Twitter WhatsApp

Evliliyi

Muhamməd əleyhissalam iyirmi beş yaşında ikən ilk dəfə həzrəti Xadicə ilə evlənmişdir. Həzrəti Xadicə, Qüreyş qəbiləsinin Əsədoğulları qolundan, qırx yaşlı dul bir xanım idi. Ancaq malı, cəmalı, ağlı, elmi, şərəfi, nəsəbi, iffət və ədəbi çox idi. Yüksək əxlaqı və üstün vəsfləri səbəbilə Qüreyş arasında “Tahirə” (çox təmiz) İslamiyyət gəldikdən sonra da “Xadicətül-Kübra” adıyla məşhur olmuşdu. Xadicə Xatun mallarını Şam tərəfinə aparıb Busrada satan Muhamməd əleyhissalamı ədaləti, üstün əxlaqı və haqqında eşidib şahid olduğu hadisələr səbəbilə son dərəcə təqdir etdi. Bu hadisədən qısa bir müddət sonra, yaxınlarının da qəbul etməsilə evlənməyə qərar verdilər. Nikah məclisi həzrəti Xadicənin evində quruldu. Əbu Talib və Varaqa ibn Novfəl tərəfindən təqdim nitqi söyləndi. Nikahı Varaqa ibn Novfəl kəsdi. Qüreyş qəbiləsinin başçıları da nikah şahidi olaraq orada idilər. Dövrünün bənzərsiz bir qadını olan Xadicə validəmiz evlilik həyatı boyu Muhamməd əleyhissalama daima xidmət edib, Onun köməkçisi olmuşdu. Muhamməd əleyhissalamın bu evliliyi, onun vəfatına qədər on beş ili peyğəmbərlikdən əvvəl, onu da Peyğəmbərlikdən sonra olmaqla iyirmi beş il davam etmişdir. Muhamməd əleyhissalam, ilk zövcəsi həzrəti Xadicə həyatda ikən başqası ilə evlənmədi. Muhamməd əleyhissalamın həzrəti Xadicədən ikisi oğlan, dördü qız olmaqla Qasım, Zeynəb, Rüqayyə, Ümmü Gülsüm, Fatimə və Abdullah (Tayyib) adlarında altı uşağı oldu. Peyğəmbərliyi əsnasında evləndiyi həzrəti Mariyədən də İbrahim adlı oğlu olmuşdu. Digər zövcələrindən uşağı olmadı. Zeynəb, qızlarının ən böyüyü idi. Ən kiçik qızı Fatimə atasının ən sevgilisi idi. Həzrəti Fatimə Peyğəmbər əfəndimiz qırx yaşında olarkən dünyaya gəlmişdi. Oğlan övladları kiçik yaşda vəfat etdikləri kimi, həzrəti Fatimədən başqa bütün qızları da Ondan əvvəl vəfat etdilər. Həzrəti Fatimə də Muhamməd əleyhissalamdan altı ay sonra vəfat etdi. Həzrəti Əli ilə evlənmişdi. Muhamməd əleyhissalamın soyu həzrəti Fatimənin övladları olan, həzrəti Həsən və həzrəti Hüseyn ilə davam etdi.

Rəsuli-əkrəm əfəndimiz ikinci dəfə, əlli beş yaşında, Əbu Bəkrin (radıyallahü anh) qızı Aişə radıyallahü anha ilə evləndi. Onu, Xadicətül-Kübranın vəfatından bir il sonra, Allahü təalanın əmri ilə nikah etmişdi. Ölümünə qədər, səkkiz il onunla yaşadı.

Digərlərini, həzrəti Aişədən sonra, dini, siyasi səbəblərlə və ya mərhəmət və ehsan edərək Allahü təalanın iznilə nikah etmişdir. Onların hamısı dul və çoxu yaşlı idi. Məsələn, Məkkədəki kafirlərin, Müsəlmanlara əziyyət və zərərləri dözülməyəcək bir həddə çatdıqda Əshabı-kiramın bir qismi Həbəşistana hicrət etmişdi. Həbəş padşahı Nəcaşi xristian idi. Müsəlmanlardan müxtəlif suallar soruşub, aldığı cavablara heyran qalaraq imana gəldi. Müsəlmanlara çox yaxşılıqları oldu. İmanı zəif olan Ubeydullah ibn Cəhş, yoxsulluqdan qurtulmaq üçün, keşişlərə aldanıb mürtəd olub, dinini dünyaya dəyişmişdi. Rəsulullah əfəndimizin bibisinin oğlu olan bu məlun adam, arvadı Ümmü Həbibəni də (radıyallahü anha) dindən çıxıb zəngin olmağa məcbur və təşviq etsə də, o, yoxsulluğa və ölümə razı olacağını, ancaq Muhamməd əleyhissalamın dinindən çıxmayacağını söylədikdə, onu boşadı. Sürünərək, səfalətdən ölməsini gözləyirdi. Amma çox keçmədən özü öldü. Ümmü Həbibə, Qüreyşin (Məkkənin) o zamankı başçısı Əbu Süfyanın qızı idi. Peyğəmbər əfəndimiz o zamanlarda, Qüreyş orduları ilə çox çətin müharibələr aparırdı və Əbu Süfyan, İslamiyyəti yox etmək üçün son gücüylə çarpışırdı. Peyğəmbər əfəndimiz Ümmü Həbibənin dininin qüvvətini və başına gələn bu acı halı eşitdi. Nəcaşiyə məktub yazaraq: “Oradakı Ümmü Həbibə ilə evlənəcəyəm. Nikahımı sən kəs! Sonra onu buraya göndər!” şəklində tələbi oldu. Nəcaşi daha əvvəl Müsəlman olmuşdu. Məktuba çox hörmət edib, oradakı Müsəlmanları sarayına dəvət edərək, ziyafət verdi. Hicrətin yeddinci ilində nikah kəsib, hədiyyə və ehsanlar verdi. Bu surətlə, Ümmü Həbibə, imanının mükafatına qovuşaraq, orada zəngin və rahat oldu. Onun sayəsində, oradakı Müsəlmanlar da rahatlığa çıxdılar. Cənnətdə, qadınlar ərlərinin yanında olacaqları üçün, Cənnətin ən yüksək dərəcəsilə müjdələnmiş oldu, hansı ki, dünyanın bütün naz-nemətləri, bu müjdə yanında çox kiçik qalır. Bu nikah, Əbu Süfyanın gələcəkdə Müsəlman olmaqla şərəflənməsini hazırlayan səbəblərdən biri oldu. Görünür ki, bu nikah, kafirlərin iftiralarının nə qədər yanlış və çürük olduğunu bildirdiyi kimi, Rəsulullahın ağlının, zəkasının, dahiliyinin, ehsanının və mərhəmətinin dərəcəsini də göstərməkdədir.

İkinci misal: həzrəti Ömərin qızı Hafsa (radıyallahü anha) dul qalmışdı. Hicrətin üçüncü ilində, Ömər (radıyallahü anh), Əbu Bəkrə və Osmana (radıyallahü anhüma) qızımı alarsanmı dedikdə, düşünüm, demişdilər. Bir gün, Rəsulullah əfəndimiz, hər üçü və başqalarının yanında: “Ya Ömər! Səni üzüntülü görürəm, səbəbi nədir?” deyə soruşdu. Bir şüşədəki mürəkkəbin rəngi asan göründüyü kimi, Rəsulullah əfəndimiz də, hər kəsin düşüncəsini, bir baxışda anlayardı. Lazım bilsə soruşardı. Ona, hətta hər kəsə doğru söyləmək fərz olduğu üçün həzrəti Ömər də: “Ya Rəsulallah, qızımı Əbu Bəkrə və Osmana təklif etdim, almadılar.” cavabını verdi. Rəsulullah əfəndimiz ən çox sevdiyi üç əshabının üzülməsini heç vaxt istəmədiyinə görə, onları sevindirmək üçün dərhal buyurdu ki: “Ya Ömər! Qızını, Əbu Bəkrdən və Osmandan daha yaxşı birinə versəm istəyərsənmi?” Həzrəti Ömər təəccübləndi. Çünki, Əbu Bəkrdən və Osmandan daha yüksək və daha yaxşı adamın olmadığını bilirdi. “Bəli, ya Rəsulallah!” dedi. “Ya Ömər, qızını mənə ver!” buyurdu. Bu vəsiləylə, Hafsa radıyallahü anha, Əbu Bəkrin, Osmanın və bütün möminlərin anası oldu və bunlar, ona xidmətçi oldu, Əbu Bəkr, Ömər və Osman radıyallahü anhüm bir-birlərinə daha yaxın və daha sevgili oldular.

Üçüncü bir misal, hicrətin beş və ya altıncı ilində, Bəni Müstələq qəbiləsindən alınan yüzlərlə əsirin arasındakı Cüveyriyyə radıyallahü anha qəbilənin rəisi olan Harisin qızı idi. Onu satın alıb azad edərək, özünə nikah etdikdə, Əshabı-kiramın (aleyhimürrıdvan) hamısı, biz, Rəsulullahın ailəsinin, anamızın qohumunu cariyə və xidmətçi olaraq istifadə etməkdən həya edərik dedilər. Hamısı əsirlərini azad etdi. Bu nikah, yüzlərlə əsirin azad olmasına yol açdı. Cüveyriyyə radıyallahü anha bu halı hər zaman söyləyərək öyünərdi. Aişə radıyallahü anha Cüveyriyyədən daha xeyirli, daha bərəkətli bir qadın görmədim.” deyərdi.

Rəsulullah əfəndimizin çox evlənməsinin mühim bir səbəbi də, İslam dininin əmr və qadağalarını bildirmək üçün idi. Hicab ayəsi gəlmədən, yəni qadınların örtünmələri əmr olunmadan əvvəl, qadınlar da Rəsulullah əfəndimizin yanına gəlib, bilmədiklərini soruşar, öyrənərdilər. Rəsulullah əfəndimiz birinin evinə getsə, qadınlar da gəlib oturub dinləyib, bəhrələnərdilər. Hicab ayəsi gəlib, qadınların yad kişilərlə oturmaları, danışmaları qadağan edildikdə, yad qadınları qəbul etmədi, onların bilmədiklərini, mübarək zövcəsi həzrəti Aişədən soruşub öyrənmələrini əmr etdi. Gəlib soruşanların çoxluğundan, həzrəti Aişə, hamısına cavab verməyə çatdırmırdı. Bu mühim xidməti asanlaşdırmaq və onun yükünü yüngülləşdirmək üçün lazım olduğu qədər xanımı nikah etdi. Qadınlara aid yüzlərlə həssas məlumatları, Müsəlman qadınlarına, mübarək zövcələri vasitəsilə bildirdi. Zövcələri bir olsaydı, bütün qadınların ondan soruşması çətin və hətta imkansız olardı. Allahü təalanın dinini tam olaraq bildirmək üçün, çox evlənmək yükünü də üzərinə götürdü.

Muhamməd əleyhissalam həzrəti Xadicə ilə evləndikdən sonra da Məkkədə ticarətlə məşğul oldu. Ticarəti Saib ibn Abdullah ilə ortaqlıq şəklində aparırdı. Qazanclarıyla qonaqları qarşılayar, yetimlərə və yoxsullara yardım edərdilər. Muhamməd əleyhissalam yenə bu sıralarda həzrəti Xadicənin köləsi Zeydi himayəsinə götürüb onu köləlikdən azad etdi. O zaman yaşı kiçik olan həzrəti Əlini də yanında saxlayıb övladı kimi böyütdü.

Otuz beş yaşında ikən Kəbə hakimliyi etdi. O zaman yağış və sellər səbəbilə Kəbənin divarları xeyli xarab olub, bir yanğın səbəbilə də təxrib olmuşdu. Buna görə Qüreyş qəbiləsi Kəbəni İbrahim əleyhissalamın qoyduğu təmələ qədər söküb yenidən tikməyə başlamışdı. Hər qəbiləyə bir bölümünü verərək divarları yüksəltdilər. Bu işin böyük bir şərəf olduğunu bilən qəbilələr, Həcərül-əsvəd daşını yerinə qoyma xüsusunda anlaşa bilmədilər. Hər qəbilə belə bir şərəfə sahib olmaq istədiyinə görə aralarında getdikcə artan böyük bir anlaşmazlıq çıxdı. Dörd-beş gün davam edən bu anlaşmazlığa görə az qala qan töküləcəkdi. Bu sırada Abdülmuttalibin dayısı və yaşlı bir şəxs olan Huzeyfənin: “Ey Qüreyş camaatı! Anlaşa bilmədiyiniz iş haqqında hökm vermək üçün bu qapıdan ilk girən şəxsi aranızda hakim təyin edin.” deyərək Bəni Şeybə qapısını işarə etdi. Oradakılar bu təklifi qəbul edib, Bəni Şeybə qapısına baxaraq ilk girəcək və işin ən həssas anında bu işi həll edə biləcək şəxsi gözləməyə başladılar. Nəhayət qapıdan, doğruluğunu, üstün əxlaqını son dərəcə təqdir etdikləri və Əl-Əmin (hər zaman güvənilən) dedikləri Muhamməd əleyhissalamın gəldiyini gördülər. “Budur, Əl-Əmin! Onun hökmünə razıyıq.” dedilər. Vəziyyət Muhamməd əleyhissalama izah edildikdən sonra bir örtü istədi. Həcərül-əsvədi örtü üzərinə qoyub “Hər qəbilədən bir nəfər bir ucundan tutsun.” dedi. Daşı qoyulacağı yerə qədər qaldırtdı. Sonra da özü daşı qucaqlayıb yerinə qoydu. Məkkədə çıxmaq üzrə olan böyük bir hərbin beləliklə qarşısının alındığını görən qəbilələr, Onun bu hərəkətindən çox məmnun oldular. Sonra da yarım qalan divarları tikib tamamladılar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину