Facebook Twitter WhatsApp

Comərdlik

Sual: Comərdliyin fəziləti nədir?

CAVAB

Comərdin az ibadəti xəsisin çox ibadətindən üstün olduğu kimi, comərd cahil də xəsis alimdən üstündür. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təala comərdi, gecə-gündüz ibadət edən xəsisdən daha çox sevər.” [Tirmizi]

“Allah qatında comərd bir cahil, xəsis alimdən daha üstündür. Çünki xəsislik ən ağır xəstəlikdir.” [Darə Qutni]

Comərdin imanı qüvvətli, xəsisin imanı isə zəifdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Comərdlik iman sağlamlığından irəli gəlir. İmanı sağlam olan Cəhənnəmə girməz. Xəsislik şəkdən, şübhədən meydana gəlir. [İmanda] şübhəsi olan da Cənnətə girməz.” [Deyləmi]

“Bir qulun qəlbində xəsisliklə iman bir yerdə ola bilməz.” [Nəsai]

“Comərd Allaha, insanlara, Cənnətə yaxın, Cəhənnəmdən uzaqdır. Xəsis isə bunun əksinədir.” [Tirmizi]

Comərd olun ki, Allahu təala da sizə comərdlik etsin! Yaxşı bilin ki, xəsislik küfrdəndir, küfrün yeri də Cəhənnəmdir.” [Deyləmi]

Comərd müsəlman olmasa belə Cəhənnəmdəki əzabı digər kafirlərinki qədər şiddətli olmaz. Hədisi-şərifdə buyuruldu ki:

“Comərd kafir Cəhənnəmə girərkən Allahu təala, [Cəhənnəmdə vəzifəli mələklərin ən böyüyü olan] Malikə, “Bunu, dünyadakı comərdliyi qədər Cəhənnəmin əzabı yüngül olan tərəfinə qoy” buyurur.” [Deyləmi] 

Comərdin qazancı, malı bərəkətli olur. Comərdliyi hesabına malı artar. Qonağın ruzi ilə gəldiyi, qırx gün bərəkət qoyduğu, sədəqə verməklə malın əskilməyəcəyi hədisi-şəriflərdə bildirilmişdir.

Comərd olmağa çalışmaq, xəsislikdən çəkinmək lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Aman, xəsislikdən son dərəcə çəkinin! Sizdən əvvəlkiləri xəsislik həlak etmişdir.” [Müslim]  

Xəsislikdən qurtulub comərd olmaq

Sual: Xəsislik nədir? Comərd olmaq üçün nə etmək lazımdır?

CAVAB

Xəsislikdən qurtulub comərd olmaq üçün xəsisliyin dünya və axirətdəki zərərlərini, comərdliyin də faydalarını yaxşı bilmək və inanmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təalanın övliyasının hamısı comərd və gözəl əxlaqlıdır.” [Darə Qutni]

“Əbdal deyilən övliya çox namaz qıldığı, çox oruc tutduğu üçün deyil, comərdlik və xalqa nəsihət etmələri səbəbiylə Cənnətə girər.” [Əbu Nuaym]

“Cənnət comərdlər yurdudur.” [Əbuşşeyx]

“Cənnətdə comərdlər sarayı vardır.” [Tabərani]

“Rəbbim “İbrahim comərd olduğu üçün özümə dost etdim” buyurdu.” [Tabərani]

  “Comərd olan və insanlardan az şikayət edən bu ümmətin əfəndisidir.” [Tabərani]

Comərd Allaha hüsni-zənn olduğu üçün comərddir. Xəsis də Allaha sui-zənn olduğu üçün xəsisdir.” [Əbuşşeyx]

“Comərdlik budaqları dünyaya sallanmış bir Cənnət ağacıdır. Kim bu ağacın bir budağına bağlanarsa bu budaq onu Cənnətə götürər. Xəsislik də budaqları dünyaya sallanan Cəhənnəm ağacıdır. Bu budağın birinə yapışan Cəhənnəmə gedər.” [Beyhəqı]

“Allahu təala comərdliklə gözəl əxlaqı sevər, xəsisliklə pis əxlaqı sevməz.” [Bəriqa]

“Mən zaminəm ki, comərd Cənnətə, xəsis Cəhənnəmə girəcəkdir.” [İsfəhani]

“Comərdin yeməyi dərman, xəsisinki xəstəlikdir.” [Darə Qutni]

“Öz ehtiyacı var ikən, başqasına ehsan edənin günahı əfv olar.” [İ. Hibban]

{Qurani-kərimdə Əshabi-kiram belə təriflənir: “Özləri zərurətdə ikən, başqalarını özlərindən üstün tutarlar.” [Həşr 9]}

“Comərd olsanız Allahu təala da sizə comərdcə ehsan edər.” [Deyləmi]

“Yuxarıdakı əl aşağıdakından, verən əl alan əldən üstündür.”

[İ. Huzeymə]

[Qeyd: “Xəsis Cənnətə girməz”, “Xəsislik küfrdür” kimi hədisi-şərifləri açıqlaması ilə birlikdə oxumaq lazımdır. Açıqlamasız oxunarsa düzgün başa düşülməyə bilər. Xəsislik hər nə qədər pis əxlaq olsa belə imansızlıq deyildir. “Xəsis günahının cəzasını çəkməyənə qədər Cənnətə girə bilməz” deməkdir. Hətta, savabı günahından çox gələrsə Cəhənnəmə girmədən də Cənnətə gedər. Əfvə və şəfaətə nail olaraq Cənnətə gedə bilər.

“Comərd Cənnətə yaxındır” hədisi-şərifi də belədir. Yəni comərdin imanı yoxdursa əbədi olaraq Cəhənnəmdə qalar. İmanı varsa, savabları artıqdırsa Cənnətə gedər. Əhli-sünnətə görə yaxşılıq edən mütləq Cənnətə, pislik edən mütləq Cəhənnəmə gedər, deyə bir şey yoxdur. Bir möminin günahı savabından çoxdursa, əfvə və şəfaətə də nail olmamışdırsa, günahının cəzasını çəkdikdən sonra Cənnətə gedər. İmanı olmayan isə nə edərsə etsin, heç bir yaxşılığı onu Cəhənnəmdən qurtara bilməz. (İslam Əxlaqı”] 

Comərdlik üçün nə dedilər?

Sual: Comərdlik nədir, comərd kimə deyirlər?

CAVAB

Comərdlik heç bir qarşılıq gözləmədən ehsan, hədiyyə etmək deməkdir. Təşəkkür edilməyi, təriflənməyi istəmək də comərdliyə yaraşmaz. Kərəm sahibi olan bir comərddən soruşarlar:

- Möhtaclara çox ehsan edirsən. Bunun qarşılığında onlar sənə minnətdarlıq edirlərmi?

- Heç biri mənə minnətdar olmaz. Yəni onlara o hissi verəcək şəkildə hərəkət etmirəm. Bir şey verərkən özümü aşpazın əlindəki çömçə kimi qəbul edirəm. Çömçənin öyünməyə, minnətə səbəb olmağa haqqı yoxdur.

 Bir zat buyurdu ki:

“Sərvəti ilə ölkələr satın aldığı halda edəcəyi ikram ilə könülləri satın almayan adama təəccüb edərəm.”

Bir bədəviyə “Sahibiniz kimdir?” deyirlər. O da, “Pis sözlərimizə dayanan, istəyənə verən, cahilliklərimizə göz yumandır” deyər.

Həzrəti Hüseynin oğlu Əli: “Mən hər istəyənə vermərəm” deyən comərd sayılmaz. Həqiqi comərd Allaha itaət edən qullarına Allah haqqını ödəyən, bunun qarşılığında təşəkkür gözləməyən və bunu yalnız Allah üçün edən kimsədir, demişdir.

Mala bağlanmaq

Həsəni-Bəsri həzrətlərindən soruşarlar:

- Comərdlik nədir?

- Allah rizası uğrunda sərvətini sərf etməkdir.

- Mala necə bağlanmalı? [Yəni malı qorumaq üçün nə etmək lazımdır?]

- Onu Allah yolunda dağıdaraq...

- İsraf nədir?

- Mal və məqam sevgisi yolunda sərf etməkdir.

Xəsislik və comərdliyin ölçüsü insandan insana dəyişir. Məsələ bəzi şeylər kasıb üçün normal qarşılanarkən zəngin üçün ayıb olur. Yadlar normal qarşılasa belə ailə ətrafı onu ayıblar. Gənclərə normal olan bir xüsusiyyət yaşlı üçün xoş görünməyə bilər. Kişilər edərlərsə pis, lakin qadınlar edərlərsə önəm verilməz.

Qəssabdan, baqqaldan aldığı şey bir az nöqsanlıdır deyə geri qaytaran xəsisdir. Bir şey yeyərkən pəncərədən evinə gələn birini görüb dərhal yediyini saxlayan xəsisdir.

Dünyalıq əldə etmək üçün və ya nəfsin pis arzularına qovuşmaq üçün vermək də comərdlik sayılmır. Heç bir qarşılıq gözləmədən dünyalıq vermək malda comərdlikdir. Dində comərdlik isə yenə heç bir qarşılıq gözləmədən Allah yolunda, yalnız Allah sevgisi üçün canını verməkdir.

Mal insan oğluna bir fayda üçün verilmişdir. O malı saxlayıb faydalı bir işdə istifadə etməmək xəsislikdir. Faydalı işlər dinin və mürüvvətin verilməsini yaxşı gördüyü şeylərdir. Mürüvvət faydalı olmaq, yaxşılıq etmək arzusudur. İnsanlıq igidlik deməkdir.

Qarşılıq gözləmək

Comərdlik heç bir qarşılıq gözləmədən verməkdir. Ehtiyacları güdmədən verməkdir. Ehtiyacları güdmədən, istəmədən vermək və verdiyini az görmək comərdlikdir.

Zaman zərurəti, gələcəkdə bir sıxıntıya düşməmək üçün malı, pulu saxlamaq avam üçün xəsislik sayılmasa da, elm əhli saleh kimsələr üçün xəsislikdir.

Təriflənmək və ya təşəkkür almaq üçün verən də comərd sayılmaz. “Biz bunu verək o da mənə əvəzində bir şey verə bilər, verməsəm ayıb olar, yoxsa xəsis deyərlər” kimi düşüncələrlə verən də comərd deyildir.

Böyüklər buyurur ki: “Comərd verənə deyil, verdiyinə sevinənə deyilir.”

Comərdliyin üstün mərtəbəsi olduğu kimi, xəsisliyin də artıq dərəcəsi vardır. Bu da özünə lazımi şeyi verməməkdir. Canının istədiyi şeyləri almağa gücü çatarkən pulum gedəcək deyə almır. Hətta xəstələnsə, havayı dərman alma yollarını axtarar. Bunu da tapa bilməsə müalicə olmaqdan imtina edər.

Comərdlikdə zirvə

Comərdlik özünə ehtiyacı olmayan şeyləri başqasına verməkdir. İsar isə özünə lazım olan şeyləri verməkdir. Yəni başqalarını özündən üstün tutmaqdır.

Comərdliyin üstün dərəcəsi olan isar böyük bir xüsusiyyətdir. Ancaq bunu böyük insanlar edər. Allahu təala Əshabi-kiramı tərifləyərkən buyurur ki:

“Onlar ehtiyac içində olsalar belə, digərlərini özlərinə tərcih edib öz canlarından daha üstün tutarlar.” [Həşr 9]

Hədisi-şərifdə buyuruldu ki:

“Özünə lazım olanı, öz arzu və ehtiyacını təxirə salıb başqasına verərsə Allahu təala onun günahlarını əfv edər.” [Ibni Hibban]

Yerli Mədinəli olanlar [Ənsari-kiram], Mədinəyə hicrət edən müsəlmanlara [Mühacirlərə] böyük fədakarlıq göstərmişdilər. Bütün mallarına onları ortaq etmişdilər.

Rəsuli-əkrəm əfəndimiz qənimətlərin bölünməsində iki təklif irəli sürdü. Ya Ənsarın evlərindən çıxıb başqa bir yerdə qalmaqları şərti ilə qənimətlərin hamısı Mühacirlərə veriləcək və ya Mühacirlər Ənsarın evində bir müddət daha qalmaq şərti ilə qənimətlər Ənsar ilə Mühacirlər arasında bölünəcəkdir. Bu təkliflər üçün Ənsarı-kiram, “Biz qənimət istəmirik. Hamısı Mühacirlərə verilsin! Onların evimizdən çıxmalarına da heç cür razı ola bilmərik” dedilər. Buna Peyğəmbər əfəndimiz çox məmnun oldu.

Başqasını özünə tərcih etmək

Peyğəmbər əfəndimizə qonaq gəldi. Evdə yeyiləcək heç bir şey yox idi. Ənsardan biri bu qonağı öz evinə apardı. Onun da evində yalnız bir adamlıq yemək var idi. Şamı söndürüb yeməyi qonağın qabağına qoydu. Özü də süfrəyə əyləşib özünü yemək yeyən kimi göstərdi, əllərini yemək qabına aparıb gətirirdi. Səhər Rəsulullah Əfəndimiz ev sahibinə buyurdu ki:

 “Allahu təala sizin qonağa göstərdiyiniz comərdliyə çox məmnun oldu. “Özləri ehtiyac içində olsalar da başqalarını özlərindən üstün tutarlar” ayəti-kəriməsini göndərdi”

Həzrəti Musaya Peyğəmbər əfəndimizin sahib olduğu məqamlardan birinin nuru göstəriləndə özündən gedəcək hala gəldi, bu dərəcəyə necə nail olduğunu soruşdu. Allahu təala, “Yüksək əxlaqı sayəsində bu dərəcəyə qovuşdu. Bu əxlaq isardır. Ya Musa, ömründə bir dəfə isar edənə, isar əxlaqı ilə mənə qovuşana hesab soruşmaqdan həya edərəm” buyurdu.

Əvvəl can sonra canan

Sual: Əvvəl can sonra canan demək doğrudurmu?

CAVAB

Əvvəl can sonra canan demək doğrudur. Yəni əvvəl özümüzü qurtaracağıq sonra başqalarını. Öz etiqadımız, öz əxlaqımız düzgün deyilsə başqalarını necə qurtara bilərik?

Əvvəl can gəlir sonra canan deyiblər,

Gəmisini qurtaran kapitan deyiblər.

Mal cəhətdən də belədir. Özümüz yoxsulluq içində ikən, əlimizdəkini başqalarına vermək doğru deyildir. Dinimiz, “Sədəqə verəndə israf etməyin” buyurur. Sabit ibn Qays həzrətləri bir gündə 500 ağacın xurmalarını yığıb hamısını sədəqə verərək evi üçün xurma saxlamadı. Muaz ibn Cəbəl həzrətlərinin də bir xurma ağacı var idi. Xurmalarını yığıb hamısını sədəqə verdi. Özünə bir şey qalmadı. Ondan sonra “İsraf etməyin” ayəti gəldi. Bir ayət məalı da belədir:

“Əlini boynuna bağlayıb asma [xəsislik etmə], büsbütün də açıb saçma. [İtidalli (elmli) ol, qənaətə riayət et. Malını özünə qalmayacaq şəkildə dağıtma!] Sonra qınanmış olar və əli boş açıqda qalarsan.” [İsra 29]

İbni Məsud həzrətləri anladır: “Bir uşaq Rəsulullah əfəndimizin yanına  gəlib bəzi lazımlı şeyləri sayıb “Anam məni sənin yanına göndərib bunları istədi” dedi. “Bu gün məndə bunların heç biri yoxdur” buyurdu. “Köynəyini mənə ver” dedi. Dərhal mübarək köynəyini çıxarıb uşağa verdi və özü köynəksiz qaldı. Məscidə gedə bilmədi. O zaman bu ayət gəldi.” Hədisi-şəriflərdə buyurulur ki:

“Pulunuz ilə əvvəl öz ehtiyaclarınızı alın. Artıq qalarsa uşaqlarınızın ehtiyaclarına sərf edin. Bundan da artıq qalarsa əqrəbanıza yardım edin!” [Müslim]

“Özü və ya uşaqları möhtac ikən və ya borcu var ikən verilən sədəqə qəbul olmaz. Borc ödəmək sədəqə verməkdən, kölə azad etməkdən və hədiyyə verməkdən daha önəmlidir. Başqasının malını sədəqə verərək yox olmasına səbəb olmayın!” [Buxari]

Həzrəti-Əbu Hüreyrə anladır: Rəsulullah əfəndimizin yanına biri gəlib bir qızılım var, nə edim, dedi. “Bununla öz ehtiyaclarını al” buyurdu. Bir qızılım da var dedi. “Onunla da uşağına lazım olanları al” buyurdu. Biri də var dedi. “Onu da ailənin ehtiyaclarına sərf et” buyurdu. Bir qızıl da var dedi. “Qulluqçunun ehtiyaclarına istifadə et” buyurdu. Biri də var deyəndə [Bu bildirdiklərimi ölçü olaraq] “Onu istifadə edəcəyin yeri sən daha yaxşı bilərsən” buyurdu.[Bəqavi]

Comərdlik rəvayətləri

Comərd əsir

Rəsuli-Əkrəm götürülən düşmən əsirlərinin birini işarə edib azad olunmasını əmr edəndə Həzrəti-Əli soruşdu ki:

- Bunların hamısı düşməndir, hamısının günahı da eynidir, onu nə üçün istisna edirik?

Peyğəmbər əfəndimiz buyurdu ki:

Cəbrayıl əleyhissəlam gəldi, onu buraxmağımı; çünki onun comərd olduğunu, comərdliyi Allahu təalanın xoşuna gəldiyini söylədi.” [İ.Qəzali]

Məktubu açmadan

Bir nəfər Həzrəti-Həsənə bir məktub gətirir. Məktubu açmadan, istəyin yerinə yetiriləcəkdir deyərək gələni göndərir. Oradakılar “Məktubu oxumadan niyə cavab verdin?” dedilər. Buyurdu ki:

“Məktubu oxuyana qədər gözlətsəydim çəkəcəyi sıxıntıdan Allahu təala məni məsul tutar.”

Hər kəsin dəyəri

Yanına əyləşən kasıb bədəviyə Həzrəti-Əli “Bir istəyinmi var?” buyurur. Bədəvi utandığından dili ilə bir şey deməyib işarə ilə bildirir. Həzrəti-Əli yanında olan iki paltarının ikisini də Bədəviyə verir. Bədəvi sevinərək gözəl bir beyt oxuyur. Beyt Həzrəti-Əlinin çox xoşuna gəlir. Uşaqları üçün ayırdığı üç qızılın hamısını Bədəviyə verir. Bədəvi, “Ey Əmir əl möminin, məni öz ailəmin ən böyük zəngini etdin” deyir. Həzrəti-Əli də bu hədisi-şərifi nəql edər:

“Hər kəsin dəyəri söylədiyi gözəl sözlərə, etdiyi yaxşı işlərə görə ölçülür.” [M. Cami]

Sahibini tapan kəllə

Əshabi-kiramdan birinə bir qoyun kəlləsi hədiyyə edilir. “Məndən daha çox ehtiyacı olan var” deyərək bir başqasına verir. Kəllə eyni şəkildə yeddi nəfərdən dolaşdıqdan sonra təkrar ilk verən şəxsə gəlir. Onun digərlərindən daha çox möhtac olduğu meydana çıxır.

İbadətdə isar

Sual: İbadətdə isar doğrudurmu?

CAVAB

İbadətlərdə isar edilməz. Məsələn, məsciddə birinci səfdəki yerini başqasına vermək, namaz vaxtı gələndə dəstəmazsız birinin dəstəmaz suyunu başqasına verməsi caiz deyildir.

Özünün ehtiyacı olmadığı şeyləri başqasına vermək comərdlikdir. Özünə lazım olan şeyləri vermək isə isardır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину