Facebook Twitter WhatsApp

Doğruluq

Sual: Doğru olmağın dindəki yeri nədir?

CAVAB

Yalançılıq nə qədər pisdirsə, doğruluq da o qədər yaxşı, gözəl və fəzilətlidir. Peyğəmbər əfəndimizdən tam olmağın əlaməti soruşulduqda “Doğru danışmaq və doğruluqla iş görməkdir” buyurdu. (İmam Qəzali)

Sədaqət [doğruluq] haqqında İslam alimləri buyururlar ki:

“Ən gözəl əməl doğruluq, ən çirkini də yalançılıqdır.”

“Dünyada doğru insan görmədim deyən; əgər özü doğru insan olsaydı, doğru olanları tapardı.”

“İslam dini üç təməl üzərindədir: Bunlar; haqq, sədaqət və ədalətdir.”

“Bir insanda üç şey olarsa, onun saleh bir insan olduğu məlum olar. Bunlar, nəfsi arzulardan uzaq olmaq, Allah rizası üçün doğruluq, halal və təmiz yeməkdir.”

“Günahların içində boğulan bir kimsənin, doğruluğu tapması çox çətindir.”

Hər şeyin əvvəli doğruluqdur. Hər işin nizam və intizamı doğruluq ilədir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Şübhələrdən uzaqlaş! Şübhəli olmayana bağlan! Doğruluq, sakitlik və dinclikdir.” [Tirmizi]

“Təhlükənin doğruluq içində olduğunu görsəniz də, doğrunu axtarın! Çünki doğruluqda qurtuluş və salamatlıq vardır.” [İbni Əbiddünya]

“Doğru olan yaxşı davranar, yaxşı davranan güvəndə olar. Güvənli olan Cənnətə girər.” [İmam Əhməd]

“Bu üç seydən biri kimdə olarsa, o kimsə namaz qılsa da, oruc tutsa da münafiqdir. Yalan danışmaq, sözünün üstündə durmamaq, əmanətə xəyanət.” [Əbu Davud]

“Qiyamətdə fasiq-saleh hər kəs peşman olacaq. Fasiqlər günahdan əl çəkib doğru və təqvalı olmadıqlarına, salehlər isə daha çox ibadət etmədiklərinə peşman olacaqlar.” [Fəraid-ül fəvaid]

Tam doğru, yəni siddiq ola bilmək üçün:

Doğru sözlü olmaq lazımdır. Zərurət yoxdursa tərzli və üstü örtülü danışmamalıdır. Böyüklərdən biri zalımlardan qaçıb Həbibi-Əcəminin bir otağına girib gizləndi. Zalımın zülmündən qurtulmaq üçün yalan danışmaq caiz olduğundan, “Soruşan olsa, yoxdur deyərsən” dedi. Biraz sonra zalımlar gəlib soruşanda: “İçəridə…” deyə cavab verdi. İçərini yaxşıca axtardılar. Tapa bilməyib oradan çıxıb getdilər. “Niyə belə etdin” deyə soruşdu. Həbibi-Əcəmi, “Yalan desəydim ikimiz də həlak olmuşduq. Doğru deməyimin bərəkəti ilə ikimiz də qurtulduq” deyə cavab verdi.  

Doğruluq üçün niyyətdə ixlas şərtdir. Əgər davranışlarda nəfsin arzuları qarışarsa bu niyyətdə ixlas olmaz. Həmin kəs yalançı olar.

Vədində doğru olmaq lazımdır. Məsələn, “Allahu təala mənə bu malı verərsə və ya bu məqama keçərsəm bu xidməti edərəm” deyən kimsə, o mala və ya o məqama sahib olarsa, zərurətsiz sözünə əməl etməzsə vədində doğru deyildir. 

Verilən sözün üstündə durmaq lazımdır. Həzrəti Ənəs ibn Malik anladır: Əmim Nadrın oğlu Ənəs Bədir döyüşündə Rəsuli Əkrəmin yanında döyüşdə iştirak edə bilmədiyinə görə çox üzülmüşdü. “Əgər Allahu təala məni bir döyüşə qovuşdurarsa, bütün gücümlə döyüşəcəyəm” deyə qərar verir. Ertəsi il Uhud döyüşündə iştirak edir. Sad ibn Muaz onu görəndə, “Hara gedirsən?” deyə soruşdu, “Uhud dağının arxasında Cənnətin iyini hiss elədim. Cənnətə gedirəm” dedi. Elə döyüşdü ki, şəhid olduğu zaman vücudunda səksəndən artıq yara var idi. Bacısı, “Tanınacaq halı qalmamışdır. Ancaq paltarından onu tanıya bildim” dedi. 

Doğru iş görmək lazımdır. Daxili ilə zahirin bir olması ədalətdir. Daxilinin zahirindən yaxşı olması fəzilətdir. Daxili zahirinə uyğun gəlməyən insana doğru deyilməz.

Bütün işlərdə doğru olmaq lazımdır. Hədisi şərifdə, “Qəlbi doğru olmayanın, imanı doğru olmaz. Dili doğru olmayanın da qəlbi doğru olmaz.” buyuruldu.[İbni Əbiddünya]

Böyüklər buyurur ki:

Doğruluq əmanətdir. Yalançılıq xəyanətdir. [Həzrəti Əbu Bəkir]

Oğlum, yalandan qaç, o sərçə əti kimi dadlıdır. Ondan çox az adam qurtulur. [Loğman Hakim]

Allah qatında ən böyük xəta yalan danışmaqdır. [Həzrəti Əli]

Yalançı ilə xəsis Cəhənnəmə girər. Lakin hansı daha dərinə atılacaq, onu bilmirəm. (Şabi)

Doğru ilə yalan, biri digərini çıxarana qədər qəlbdə boğuşar. (Malik ibn Dinar)

 

Daxilin zahirə, sözün əmələ uyğun gəlməməsi nifaqdandır. Nifaqın təməli isə yalandır. (Həsəni Bəsri)

Əshabi-kiram qatında yalandan pis şey yoxdur. Çünki onlar yalan ilə imanın bir yerdə olmayacağını bilirdilər. (Həzrəti Aişə)

İstiqamət [hər işdə daimi doğruluq], kəramətdən üstündür. (Seyid Abdülhakim Arvasi)

Həzrəti Loğmana, “Bu dərəcəyə nə ilə qovuşdun?” deyə soruşdular. “Doğruluq, əmanətə riayət və mənə lazım olmayanı tərk etməklə” deyə cavab verdi.

Seyid Abdülqadir Qeylani həzrətləri, “Bu işə başlayanda təməli nəyin üzərində qurdunuz? Hansı əməlinizə görə belə yüksək dərəcələrə çatdınız?” deyə soruşanlara buyurdu ki: “Təməli doğruluq üzərində qurdum. Heç yalan danışmadım. Daxilim də zahirim də eyni oldu. Bunun üçün işlərim həmişə doğru getdi.” 

Bütün pisliklərin əsası yalandır. Peyğəmbər əfəndimizin ən sevmədiyi əxlaqdır. Yalan danışmaq haramdır. Ancaq üç yerdə caizdir. Hərbdə, iki müsəlmanı barışdırmaq üçün, xanımı ilə yaxşı dolanmaq üçün.

Din düşmənlərinin zərərindən qorunmaq və ya müsəlmanları qorumaq üçün yalan danışmaq caizdir. Zalımdan bir müsəlmanın olduğu yeri, malını, günahını gizlətmək caizdir. İki müsəlmanın, ər-arvadın arasının açılmasının qarşısını almaq üçün, malını qorumaq üçün, müsəlmanın sirrini, ayıbını meydana çıxarmamaq üçün və bunlar kimi haramların qarşını almaq üçün yalan caiz olar, ölməmək üçün leş yeməyə bənzəyər. Yaxşılığa vəsilə olan yalan, fitnəyə səbəb olan doğrudan məqbuldur.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Yalan üç şeydə caizdir: Hərbdə, çünki hərb hiylədir. İki müsəlmanı barışdırmaq üçün, birindən digərinə yaxşı söz çatdırmaq. Xanımını idarə etmək üçün.” [İbni Lal]

“Pis şeylərlə məşğul olan, onları gizlətməyə çalışsın!” [Hakim]

Böyüklər, yalan danışmaq zərurət olduğu yerdə sözün mənasını dəyişdirərək doğru deməyi tərcih etmişlər. Muaz ibn Cəbəl həzrətləri vəzifəsindən qayıdan vaxt xanımı “Bu qədər çalışdın, zəkat topladın, bizə nə gətirdin?” dedi. O da “Məni güdən var idi, bir şey gətirə bilmədim” dedi. O Allahu təalanı nəzərdə tuturdu. Xanımı isə Həzrəti Ömərin onu nəzarətdə saxlamaq üçün birinin göndərdiyini sandı. Xanımı Həzrəti-Ömərin evinə gedib hirslənərək “Muaz, Rəsulullahın və Əbu Bəkri Siddiqin yanında etibarlı idi. Siz nə üçün onu güddürürsünüz?” dedi. Həzrəti Ömər, Həzrəti Muazdan işin əslini öyrənəndə güldü və xanımına vermək üçün ona bir miqdar hədiyyə verdi. 

Hər doğrunu hər yerdə deməmək lazımdır

Doğruluq və doğru söz dinimizin əsaslarından biridir. Lakin böyüklərimiz “Sözün doğru olmalı, amma hər doğru söz hər yerdə deyilməməlidir!” demişdilər. Açıq-aşkar  kora kor, kara kar demək düzgün deyildir. Dünya və axirətə yaramayan doğrunu söyləməkdə isə fayda yoxdur. Dənizdə su, meşədə ağac, çöldə qum olar” demək doğrudur. Lakin boş sözdür. Bu doğru söz insanların içində beş-on dəfə təkrar edilərsə ona dəli deyərlər. Doqquz kənddən qovulmamaq üçün doğru söz dinimizin əmrinə uyğun deyilməlidir! Məsələn, oğru, əxlaqsız, xain insan pisdir. Bunu islan üçün “Sən əxlaqsızsan” deyilərsə qəbul edilməz. Doqquz kənddə belə danışarıqsa, kənddən qovularıq. Yaxşı əxlaqın gözəlliyindən bəhs edilərək yamanlıqdan çəkindirməyə çalışmaq lazımdır.   

“İgidlik ondur. Biri qaçmaq, doqquzu heç görünməmək” sözündə bir passivlik görünsə də, igidlik qoçuluq demək deyildir. Dava salan, baş yaran, bəlasından yanında durulması mümkün olmayana igid deyilməz. İgid, haqlı olduğu, gücü çatdığı halda əfv edən, intiqam almayan, dava salmayan, yaxşı yol gedəndir. Hədisi-şərifdə buyurulur ki:

“İgidlik, qəhrəmanlıq, pəhləvanlıq rəqibini məğlub etmək deyil, əsəbini məğlub etməkdir.” [Buxari]

Hərbdə düşmən qarşısında cəsur, lakin müsəlmanlar arasında təvazökar olmaq lazımdır!

Ruzi üçün narahat olma!

Hər şeyin əsası doğruluqdur. Hər işin nizam və intizamı doğruluq ilədir. Hədisi-şərifdə buyuruldu ki:

“Düzgün olun, düzgünlük gerçəyi, gerçəkdə Cənnət yolunu göstərər. Bir kimsə düzgünlükdən ayrılmayıb, düzgünlüyü düstur edərsə, Allah qatında o kimsə siddiqlərdən olar.” [Buxari]

Bir haramdan qaçmaq milyonlarca nafilə ibadətdən daha üstündür. Günahdan qaçmaq ibadət etməkdən əvvəl gəlir. Bir hədisi-şərifdə, “Çox az bir günahdan qaçmaq, bütün cin və insanların [nafilə] ibadətlərinin cəmindən daha yaxşıdır” buyurulur. Hər günah Allahu təalaya üsyan olduğu üçün böyükdür; lakin bəzisi bəzisinə görə kiçik görünür. Bir kiçik günahı etməmək bütün cahanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyildir. Günahlardan qaçmaq isə fərzdir. (Riyad-un-nasıhin)

Ruzi üçün narahat olmamaq, bu səbəbdən doğruluqdan ayrılmayıb haramlara düşməmək lazımdır. Ruzi məlumdur. Yəni hər kəsin ruzisi bəllidir, artmaz, azalmaz, ruzisini almadan insan dünyadan ayrılmaz. İstəyənə halaldan gələr, istəyənə haramdan. Gələn miqdar eynidir. Əcəl də məlumdur. Yəni hər kəsin ömrü bəllidir, uzanmaz, qısalmaz, vaxtı çatanda dünyadan ayrılar. Qəza və təqdir, xeyir və şər onsuz da imanın şərtlərindəndir. Belədirsə, daha nə istəyirik, niyə şükür etmirik? Ruzimiz bəlli, ömrümüz bəlli, başımıza gələn Allahdan. İstəyən şükür etsin, istəyən də nankorluq.

Gəncin biri Kəbədə həmişə, “Ey doğruların yardımçısı olan Allahım, ey haramdan qaçanların yardımçısı olan Allahım, sənə hamdü-səna edirəm” deyə dua edər. Bir nəfər, “Niyə ancaq eyni duanı edirsən, başqa bir şey bilmirsən?” deyər. O da deyər:

“7-8 il əvvəl yenə Kəbədə ikən içi qızıl dolu bir torba tapdım. Tam 1000 qızıl var idi. İçimdən bir səs “Bu qızıllara filan-filan işlərini görərsən” deyirdi. Xeyr dedim, özüm-özümə bu mənim deyil başqasının malıdır, istifadə etməyim haram olar dedim. Bu arada bir nəfər “belə bir torba tapan varmı?” deyə qışqırırdı. Onu çağırdım, necə torba idi, içində nə var idi deyə soruşdum. Torbanı tərif etdi və içində 1000 qızıl var idi dedi. Buyur torbanı al, deyərək verdim. O torbanı açıb içindən mənə 30 qızıl verdi. 

Bazara  getmişdim. Saf üzlü gənc bir əsiri [köləni] tərifləyərək satırdılar. Gəncin saflığı diqqətimi cəlb elədi. Yanlarına getdim, bu kölə üçün nə qədər istəyirsiniz dedim. 30 qızıl dedilər. Həmin adamdan aldığım 30 qızılı verib gənci satın aldım. Gənc çox çalışqan, çox ədəbli idi. Onu aldığıma çox məmnun olmuşdum. Bir gün onunla gedərkən qarşıdan iki-üç kişi gəlirdi. Gənc mənə dedi ki. “Əfəndim, mən Fas əmirinin oğluyam. Bu gələnlər atamın adamlarıdır. Məni tapdılar. Səndən məni satın almaq istəyəcəklər. Sən yaxşı bir insansan, onlara 30 min qızıldan aşağıya satma.”

Kişilər yanıma gəldi, bu əsiri bizə satarsanmı dedilər. Sataram dedim. 60 qızıl verərik dedilər. Razılaşmadım. Yaxşı amma sən bunu 30 qızıla almamısanmı? Biz sənə iki mislini veririk dedilər. Elə isə gedin bazardan alın dedim. Artıra-artıra 20 min qızıla qədər çıxdılar. 30 mindən aşağı olmaz dedim. Çarəsiz qəbul etdilər. Qızılları verib, gənci də götürüb getdilər. Mən o 30 min qızılla iş yerləri açdım, ticarətlə məşğul oldum, daha çox zəngin oldum. Bir gün mənə yoldaşlarım çox zəngin bir ailənin yaxşı bir qızı var. Atası təzəlikcə vəfat edib. Onunla səni evləndirək dedilər. Mən  də razılaşdım.  Nikah kəsildi, dəvə yüklü cehizini gətirdilər. Cehizlərin arasında bir torba diqqətimi cəlb etdi, qıza bu nədir dedim. İçində 970 qızıl var, atam Kəbədə bunu itirmiş, tapan gəncə 30-unu vermişdir. Qalanını da mənə hədiyyə etdi, cehizinə qoyarsan dedi. Demək ki, tapdığım qızıllar mənim ruzim imiş, verməsəydim haram yoldan gələcəkdi, indi halal yoldan yenə mənə gəldi. 

Elə isə haramı atəş bilib ona yaxınlaşmamaq, günah qazanmamaq lazımdır.

İslamın ədaləti

Yunan İmperatoru Herakliyusun böyük ordularını pərişan edən İslam əsgərlərinin baş komandanı Əbu Ubeydə ibn Cərrah həzrətləri zəfər qazandığı hər şəhərdə adamlarını qışqırdaraq Rumlara Xəlifə Həzrəti Ömərin əmirlərini bildirdi. Xumus şəhərini alanda buyurdu ki:

“Ey Rumlar! Allahu təalanın yardımı ilə Xəlifəmiz Ömərin əmrinə uyaraq bu şəhəri də aldıq. Hamınız ticarətinizdə, işinizdə, ibadətlərinizdə sərbəstsiniz. Malınıza, canınıza, ismətinizə heç kim toxunmayacaqdır. İslamiyyətin ədaləti eynən sizə də tətbiq ediləcək, hər haqqınıza riayət ediləcəkdir. Xaricdən  gələn düşməndən müsəlmanları qoruduğumuz kimi sizi də qoruyacağıq. Bu xidmətimizə qarşılıq olaraq müsəlmanlardan heyvan zəkatı və uşr aldığımız kimi sizdən də ildə bir dəfə cizyə verməyinizi istəyirik. Sizə xidmət etməyimizi və sizdən cizyə almağımızı Allahu təala əmir etmişdir”

Xumus yunanları cizyələrini sevə-sevə gətirib Beytül-mal əmini Həbib ibn Müslimə təhvil verdilər.

Herakliyusun bütün ölkəsindən əsgər toplayaraq Antaqyaya hücuma hazırlaşdığı xəbəri alınınca Xumus şəhərindəki əsgərlərin də Yərmükdəki qüvvələrə qatılmasına qərar verildi. Əbu Ubeydə həzrətləri şəhərdə məmurların belə qışqırmaqlarını əmir etdi:  

“Ey xristianlar! Sizə xidmət etməyə, sizi qorumağa söz vermişdim. Buna qarşılıq olaraq sizdən cizyə almışdım. İndi isə Xəlifədən aldığım əmrə tabe olaraq Herakliyusa qarşı müharibə edən qardaşlarıma yardıma gedirəm. Sizə verdiyim sözü yerinə yetirə bilməyəcəyəm. Bunun üçün hamınız Beytül-mala gəlib cizyələrinizi geri alın! Adlarınız və verdikləriniz dəftərimizdə yazılmışdır.”

 

Suriya şəhərlərinin çoxunda da belə oldu. Xristianlar müsəlmanların bu ədalətini, bu şəfqətini görəndə illərdən bəri Yunan imperatorlarından çəkdikləri zülmlərdən və işgəncələrdən qurtulduqları üçün bayram etdilər. Sevinclərindən ağladılar. Çoxu sevə-sevə müsəlman oldu. Öz arzuları ilə Yunan ordularına qarşı İslam əsgərinə casusluq etdilər.  

İslam dövlətlərinin meydana gəlməsi, yayılması, qətiyyən hücumlarla olmadı. Bu dövlətləri ayaqda tutan, yaşadan, böyük və başlıca qüvvət iman qüvvəti idi və İslam dinində çox qüvvətli olan ədalət, yaxşılıq, doğruluq və fədakarlıq üstünlüyü idi. Qurani-kərimdə məalən buyuruldu ki: 

“Allah ədaləti, yaxşılıq etməyi, əqrəbaya baxmağı əmr edər. Həyasızlığı, fənalığı və həddi aşmağı qadağan edər.” [Nəhl 90]

“Ey iman edənlər! Bir millətə olan hirsiniz sizi ədalətsizliyə sövq etməsin. Adil olun!” [Maidə 8]

Sözünə sadiq

İbrahim əleyhissəlam Allahu təala bir oğul verərsə onu Allah üçün qurban edəcəyini dedi. Diləyi hasil olanda sözünün yerinə yetirilməsi yuxuda bildirildi.

Həzrəti İbrahim sözünün üstündə durub oğlunu qurban etmək istədi. Cənabı Haqq, ”İbrahim həqiqətən yuxusuna sədaqət göstərdi. Əlbəttə bu açıq bir imtahandır. Oğlunun yerinə ona bir qurbanlıq qoç fidyə verdik. Ehsan sahiblərini belə mükafatlandırarıq” buyurdu.

Həzrəti İbrahim Nəmrud tərəfindən atəşə atılanda canı ilə, Həzrəti İsmayılı qurban edilməsi əmr ediləndə övladı ilə, düzənlikləri örtən bütün sürülərini bağışlamaqla da malı ilə imtahan edildi. Üç imtahanı da qazandı. Qurani-kərimdə, ”Sözünə sadiq İbrahim” deyə tərifləndi. (Nəcm 37)

Belə sözün üstündə durmaq böyük fəzilətdir. Qurani-kərimdə sözünün üstündə duranlar təriflənmişdir:

 “Möminlər içində Allaha verdiyi sözünün üstündə duran neçə sadiqlər var.” [Əhzab 23]

 “Əlbəttə, İbrahim sadiq bir Peyğəmbərdir.” [Məryəm 41]

 “İsmayıl sözünə sadiq rəsul bir nəbi idi.” [Məryəm 54]

Hədisi-şərifdə isə buyuruldu ki:

“Doğruluq yaxşılığa, yaxşılıq Cənnətə aparar. İnsan doğruluq ilə Allah qatında siddiqlərdən yazılar.” [Müslim]

Həzrəti İbrahim Cənabı Haqqın göndərdiyi qoçu qurban etdi. Peyğəmbər əfəndimiz Əshabi-kirama, “Qurban kəsmək atanız İbrahimin sünnətidir” buyurdu. (Hakim)