Kişinin qadına qarşı olan vəzifələrindən “Mərifətnamə” kitabında olduğu şəkildə aşağıdakı kimidir:
- Ey əziz! Kişinin xanımı ilə münasibətində 30 şeyə əməl etməsi lazımdır:
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurdu ki, “Müsəlmanların ən yaxşısı, ən faydalısı xanımına qarşı yaxşı davranan və faydalı olandır”.
[Bəzi insanlar Nisə sürəsinin 33-cü ayəsində qadınların döyülməsi əmr olunur, deyirlər. Halbuki bu ayəti-kərimədə məalən, “Kişilər qadınlar üzərində hakimdirlər. Çünki, Allahu təala bəzi qullarını bəzilərindən üstün yaratmışdır. Qadınların yaxşısı Allahu təalaya itaət edər və ərlərinin haqlarına riayət edərlər. Ərləri hazır olmadıqları zaman onların namuslarını və mallarını Allahın yardımı ilə qoruyarlar. Xəyanət etməsindən qorxduğunuz qadınlara zövcə haqlarını öyrədin və şirin sözlərlə nəsihət edin! Onları yatağınızdan ayırın. Yenə riayət etməzlərsə, yüngül döyün. Riayət edərlərsə, onları üzəcək şeylər etməyin!” buyurulur.
Göründüyü kimi mala və namusa xəyanət etməyən qadınları döymək deyil, onları heç bir şəkildə üzmək caiz deyil. Xain olanları da yumruqsuz açıq əllə və ya düyünsüz açıq dəsmal ilə yüngül vuraraq islah etməyə izin verilmişdir. Namusa və mala xəyanət edənlərə hər hökumət, hər qanun ağır cəza vermişdir. İslamiyyət qadınlara çox qiymət verdiyi, çox mərhəmət etdiyi üçün xain olanlarını qanun qarşısında cavab vermədən əvvəl yüngül şəkildə vurmaqla islah edilmələrinin də təcrübə olunmasını əmr edir.
Bir hədisi-şərifdə buyuruldu ki, “Bir kişi zövcəsini döyərsə, qiyamətdə mən ona qarşı iddiaçı olaram”. Dünya işlərindəki qüsuru üçün döymək bir yana dursun, acı, sərt belə söyləməməlidir.
Qadınların qəlbləri incə, zərif və hislərinə tabe olduğundan bir-birilərinə həsəd edənləri çoxdur. Bu baxımdan xüsusilə yeni evli olanlar oyaq olmalı, ana, bacı və başqa qadınların xanımını dedi-qodu etmələrinə aldanmamalı, belə şeylər söylənməsinə fürsət verməməlidir. Belə sözlərə aldanaraq zövcəsini incitməkdən çox çəkinməlidir. Anası və bacısı üçün zövcəsinin dediklərinə qarşı da oyaq olmalıdır. Anaya əziyyət olunmasına heç bir halda göz yummamalıdır. Anasına özü, zövcəsi və uşaqları hər bir halda hörmət etməlidir. Valideynlərə, qaynana və qaynataya hörmət, qulluq edilməsi birinci vəzifə olmalıdır. Böyüklərin rizasını, duasını almağa çalışmalı, xeyir-dualarını böyük qazanc bilməlidir].
[Ağlı olan zövc və zövcə bir-birilərini incitməzlər. Həyat yoldaşını üzmək, incitmək axmaqlıq əlamətidir. Zalım, pis xasiyyətli insanın həyat yoldaşı davamlı üzülərək əsəbi pozular, əsəb xəstəsi olar. Əsəbi pozularsa, müxtəlif xəstəliklər hasil olar. Həyat yoldaşı xəstə olan bir şəxs məhv olmuşdur,səadəti sona çatmışdır. Yoldaşının xidmətindən, yardımlarından məhrum qalmışdır. Ömrü onun dərdlərini dinləməklə, ona həkim axtarmaqla, ona alışmamış olduğu qulluğu etməklə keçər. Bütün bu fəlakətlərə, bitməyən sıxıntılara öz xasiyyəti səbəb olmuşdur. Dizlərini döysə də, təəssüflər olsun ki, bu peşmanlığın faydası yoxdur. Ona görə də ey müsəlman! Həyat yoldaşına qarşı xasiyyətinin, ona edəcəyin işgəncələrin zərərlərinin özünə də olacağını düşün! Ona qarşı hər zaman gülər üzlü, şirin dilli olmağa çalış! Bunu edə bilərsənsə, rahat və huzur içində yaşayar, Rəbbinin rizasını da qazanarsan!]
İbni Abidin 5-ci cild 253-cü səhifədə deyir ki, “Oyun, əyləncə, yarış boş vaxt keçirməkdir. Nərd, şahmat, beşdaş oynamaq və bütün musiqi alətlərində ifa etmək və qulaq asmaq, rəqs, dans etmək, hoqqabazlıq, təlxəklik etmək, başqalarını lağa qoymaq, əl çalmaq hamısı oyundur və təhrimən məkruhdur. Davamlı edilərsə və ya fərzləri yerinə yetirməyə mane olarsa və qumar ilə edilərsə yekdilliklə haram olurlar. Dəf və qaval, ney çalmaq və dinləmək də bunlardandır. Hədisi-şərifdə, “Hər növ ləhv (oyun) haramdır. Yalnız zövcə ilə oynamaq, at və silah ilə təlim, yarış keçirmək caizdir” buyuruldu. Savaşa hazırlanmaq üçün güləşmək caizdir”. Futbol oynamaq müxtəlif səbəblərdən haramdır.
“Hadiqa”da bütün bədənlə yerinə yetirilən günahların 32-cisində deyilir ki: Hürr(azad) olan qadının yanında əri və ya əbədi məhrəmlərindən biri olmadan 104 km. uzağa getməsi haramdır. Qadınlar çox olsa da haramdır. Ya Rəsulallah, zövcəm həccə gedir deyildikdə, “Sən də onunla get” buyurdu. “Məhrəm” demək qadınla evlənmələri əbədi haram olan, soydan, süddən və ya nikahdan qohumları deməkdir. Bacının, xalanın, bibinin zövcələri məhrəm deyildir. Çünki, bu qadın onlarla evlənə bilər. Birinci qisim, 58-ci maddəyə baxın! Zimmi məhrəmi də müsəlman məhrəmi kimidir. Fasiq olan [pis insan] əmin olmayan və həddi-büluğa çatmamış kiçik məhrəmi ilə getməsi caiz deyildir. Həddi-büluğa çatmamış boy-buxunlu qızlar da qadın kimidir. Qadınların məhrəmsiz olaraq səfərə getmələrinin haram olduğunu hənəfi alimləri yekdilliklə bildirmişdir. Şafii məzhəbində əmin olunan qadınların toplu olaraq məhrəmsiz, yalnız həccə getmələri caizdir. Yanlarında heç bir kişinin olmaması və fitnə çıxmamasından əmin olmaları lazımdır. [Hənəfi məzhəbində olan qadınların Şafii məzhəbini təqlid edərək məhrəmsiz həccə getmələri caiz deyildir. Bir hənəfinin Şafii məzhəbini təqlid etməsi, ancaq bir fərzi yerinə yetirərkən və ya haramdan çəkinərkən qarşılaşdığı məcburiyyətdən, sıxıntıdan qurtulması üçün caiz olur. Caiz olduğu zaman da təqlid edilən məzhəbin bütün şərtlərinə riayət etməsi lazım olur. Həccin hamısını Şafii məzhəbinə görə yerinə yetirməsi lazım olar. Çünki bir ibadəti edərkən xərac [sıxıntı] yox ikən iki məzhəbi qarışdırmaq “Təlfiq” olur. Müləffiqin ibadəti səhih olmaz, batil olar.]
“Haləbi-yi kəbir”də deyilir ki, “Hür qadının ovuc içindən, üzündən və ayaqlarından başqa bütün bədəni övrətdir. Çünki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “Qadın övrətdir. Açıq olaraq çıxarsa, şeytan gözlərini çox açaraq ona baxar” buyurdu. Ayaqlarına övrət deyənlər də oldu. Nur surəsindəki ayəti-kərimədə məalən, “Müsəlman qadınlar zinət əşyalarını göstərməsinlər! İş görərkən zəruri açılanlar günah olmaz. Baş örtülərini yaxalarına qədər örtsünlər [Beləcə saçları, qulaqları və sinələri yaxşı örtülsün]” buyurulur. Ayəti-kərimədə “Zinət” yəni “bəzək”ləri örtsünlər demək, zinət taxılan, bəzənilən yerlərinizi örtün deməkdir. Açılması günah olmayan zinət yerlərinin üz ilə əl olduğunu Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bildirdi. Yenə bu surədə “Qadınlar ayaqlarını yerə vuraraq gəzməsinlər ki, ayaqlarındakı örtülü zinətlərin səsləri eşidilməsin” buyuruldu. Ayaqların övrət olduğu buradan məlum olur.” Qadınların örtünmələri Qurani-kərimdə əmr olundu. Bunu qısqanc olan bəzi ərlər söyləmişdir demək doğru deyildir. Belə sözlər din cahillərinin hətta din düşmənlərinin müsəlman qadınlarını aldatmaq üçün etdikləri çirkin iftiralardır. Allahu təala Qurani-kərimdə hər şeyi açıq olaraq bildirmədi ki, din düşmənlərinin bu iftiralarının bir dəyəri olsun. Beş vaxt namazın neçə rəkat olduğu bildirilmədi. Bu fərzləri açıq olaraq Peyğəmbərimiz bildirmişdir. Peyğəmbərimizin bildirdiyi fərzlər və haramlar da Qurani-kərimdə açıq olaraq bildirilən fərzlər, haramlar kimi qiymətlidir. Bunlara da inanmayan, qəbul etməyən dindən çıxar, kafir olar. Çünki Qurani-kərimin on yeddi yerində məalı-şərifləri, “Allahı sevirsinizsə mənə tabe olun! Mənə tabe olanları Allahu təala sevər” və “Allaha və Rəsulə itaət edin. İtaət etməsəniz Allah kafirləri əlbəttə sevməz” olan ayəti-kərimələr vardır. Bu on yeddi ayəti-kərimə “Hadiqa”da və “Bəriqa”da uzun yazılmışdır. “Məcmaul-ənhür”dəki hədisi-şərifdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “Hür qadının üzündən və iki əlindən başqa bütün bədəni övrətdir” buyurdu. Övrət yeri açıq vəziyyətdə kişilərin yanına çıxmaq və başqasının övrət yerinə ehtirassız belə baxmaq haramdır. Yad qadının üzünə də şəhvət ilə baxmaq haramdır. Hədisi-şərifdə, “Qadının harasına olursa olsun şəhvət ilə baxanın gözlərinə qiyamət günü əridilmiş qurğuşun töküləcək, sonra Cəhənnəmə atılacaqdır” buyuruldu. Yad gənc qadının əlini, üzünü əl ilə şəhvətsiz belə tutmaq haramdır. Hədisi-şərifdə, “Yad gənc qadının əlini tutanın əlinə qiyamət günü atəş doldurulacaqdır” buyuruldu. “Zəvacir”dəki hədisi-şərifdə, “Zövcün evindən başqa yerdə başını açan qadın Rəbbi ilə öz arasındakı pərdəni yırtmış olar” və “Allaha və Qiyamət gününə inanan hamama getməsin, Allaha və Qiyamət gününə inanan şərab içməsin, Allaha və Qiyamət gününə inanan şərab içilən süfrədə oturmasın, Allaha və Qiyamət gününə inanan yad bir qadınla yalnız qalıb xəlvət etməsin” və “Axır zamanda ümmətimin kişilərinin övrət yerləri örtülü vəziyyətdə də hamama getmələri haram olar. Çünki orada övrət yerləri açıq olanlar olur. Övrət yerlərini açanlara və başqasının övrət yerinə baxanlara Allah lənət etsin!” və “Göbəklə diz qapağı arası övrətdir” buyuruldu. Hənəfi məzhəbində kişinin dizi övrətdir, açmaq haramdır. Şafidə diz övrət deyil. Maliki və Hanbəli məzhəblərində göbək də, diz də övrət deyil. Bu iki məzhəbdə yalnız səvətəyn (səvəteyn ön və arxa övrət yerinə deyilir) övrətdir. Bu hadisi-şəriflər qarşısında müsəlman xanımlarının örtünmələri, çılpaq olanların olduqları yerə getməmələri lazımdır. [Müsəlmanların bina evlərində yaşamayıb, həyət evlərində müstəqil evlərdə yaşamaları və evlərindəki hamamlarda yuyunmaları uyğundur. Müsəlman kişilər toplu halda çılpaq olanların olmadığı tənha sahillərdə dənizə girər. Hənəfi və Şafii məzhəbində olan kişinin qüsl alması üçün, dolanışığını, haqqını qurtarması üçün və ya fitnə çıxmasının qarşısını alması, çətin vəziyyətdə qalanda digər iki məzhəbi təqlid edərək dizlərini, budlarını örtməməsi caiz olar. Lakin çətin vəziyyət keçdikdə bir dəqiqə belə açıq qalması haram olar. Qadınların çətin vəziyyətlərdə məzhəb təqlid edərək heç bir yerlərini açmaları mümkün deyil. Çünki dörd məzhəbdə də qadınların hər yerini örtmələri lazımdır. Qadınları çətin vəziyyətə salacaq səbəb də yoxdur.]
“Təfsiri Mazhəri” sahibi (rahmətullahi təala aleyh) Nur surəsinin təfsirində deyir ki, “Qadın ancaq zərurət olduğu zaman və başı, saçları, boynu və bütün bədəni örtülü olaraq çölə çıxmalıdır. Qadının çölə çıxması üçün zərurət ehtiyac maddələrini alacaq və dinini öyrədəcək heç kimi olmamasıdır. Baş örtüsü ilə üzünü də örtərək və bədənini örtəcək hər şəkildə parça ilə örtünərək çıxması caizdir. Burada üzünü kəliməsi başını deməkdir. Çünki üzü açıq çıxması dörd məzhəbdə də caizdir”. Buradan anlaşılır ki, Osmanlı dövlətinin son zamanlarında qadınların örtündükləri çarşab ilə örtünmələri şərt deyildir. Geniş və dizdən aşağı manto, corab və baş örtüsü ilə örtünmələri də caizdir. 165-ci səhifəyə baxın! İmam Rabbani (rahmətullahi aleyh) birinci cildin, 313-cü məktubunda, “Bütün ərəb məmləkətlərində pirahən, yəni qamıs, yəni əntari deyilən uzun köynək geyən kişilərin də qadınların da çox olduğunu, qadın köynəklərinin yaxası bağlı, kişi paltarının önü açıq, kamis olduğunu” yazmaqdadır. Əhzab surəsi qadınların “Cəlabib”lərindən bəzisi ilə örtünmələrini əmr etməkdədir. Cəlabib cilbablar deməkdir. Əbussuud əfəndi təfsirində deyir ki, “Cilbab baş örtüsündən daha geniş və köynəkdən qısa olan örtüdür. Qadınlar bununla başlarını örtərlər. Üzü və bədəni örtən hər örtüyə də deyilir. Türkcə “Tibyan” təfsiri sahibi (rahmətullahi təala aleyh) buna Milhafə, yəni çölə geyinilən örtü deyir. “Məvakib” təfsirində də və “Lüğəti-Naci”də “car yəni fəracə uzun köynək” olduğu yazılıdır ki, manto deməkdir. Bunun iki parçadan tikilmiş çarşab demək olduğu və qadınların yalnız bu çarşabı geymələri lazım olduğu təfsirlərdə və fiqh kitablarında yazılı deyildir. Hətta “Haramdan olan Cilbab geyənin namazı qəbul olmaz!” hədisi-şərifindəki “Cilbab” kəliməsinə “Kitab-ül-Fiqhi aləl-məzahib-il ərbəa”da qamis, yəni uzun köynək mənası verilmişdir. “Müncid”də də cilbab qamis deməkdir, deyir. “Caliyət-ül-əkdar”ın son səhifəsində də, “Ya Rəbb! Bizə hikmətinin cəlabibini geydir” deməkdədir. Bu hədisi-şərif və bu dua cilbabı kişilərin də istifadə etdiyini bildirir. Şafidə “Əl-ənvər” kitabının haşiyəsində deyir ki, “Qadının namazda geniş, uzun əntari və baş örtüsü ilə örtünməsi ,paltarının üstünə qalın cilbab örtməsi müstəhəbdir. Cilbab, milhafə [fəracə, manto deyilən] uzun, geniş əntari örtü və ya baş örtüsü deməkdir”. Ayəti-kərimədəki cilbab kəliməsinə çarşab deyərək geniş və uzun manto ilə örtünməyi rədd etmək, Qurani-kərimi öz rəyi, öz görüşü ilə yanlış təfsir etmək sayılır.
İndi zəmanə belədir, zəmanəyə uyğunlaşmadan mümkün deyil, kimi sözlər doğru deyil. Masonların yaydıqları yalanlardır. Kommunistlər işgəncə edərək, öldürərək müsəlmanları yox edir. Masonlar isə yalan və pozğun sözlərlə müsəlmanları dindən çıxarırlar. Məzhəbsizlər [zındıqlar] da islamiyyəti dəyişdirirlər. Ayəti-kərimə də hədisi-şəriflərə yanlış mənalar verirlər.]
В корзине: 0 шт.
на сумму: 0