Sual: Namazda niyyəti qəlblə etmək lazımdır, yoxsa dillə?
CAVAB
Namaza başlayarkən, niyyətin necə olmasının lazım olduğu haqqında kitablardakı məlumatlar qısaca belədir:
Niyyətin yeri qəlbdir. Dil ilə də deyilməsi yaxşıdır. Dil ilə deyilməzsə, bir şey lazım deyil. «Əl-Kafi, Fətavayi-Hindiyyə»
Peyğəmbər əfəndimizin namaza başlayarkən, dillə niyyət etdiyi bildirilməmişdir. Səhabə və tabiindən də belə bir şey bildirilməmişdir. “Hilyə”də dörd məzhəb imamından dillə niyyətin ediləcəyi haqqında bir şey bildirilməmişdir. Niyyəti dillə etməyin bidət olduğunu bildirən alimlər vardır. “Fəth”in müəllifi bunu nəql etmişdir. “Hilyə”də «bəlkə ən uyğunu qəlbi əmin etmək üçün, dillə söyləmək bidəti-həsənə olar» deyilmişdir. «Rəddül-muxtar»
Hənəfidə namaza dillə niyyət bidətdir, ancaq vəsvəsədən xilas olmaq üçün, caiz görülmüşdür. «Məzahibi-ərbəa»
İmami-əzəm həzrətlərinin fətvalarını bildirən “Əl-ihtiyar” kitabında «niyyət o namazın hansı namaz olduğunu qəlbən bilməkdir. Bu işdə dil ilə söyləməyə etibar edilməz» buyurulur.
“Dürər və qurər”də«“Hidayə”də bildirildiyinə görə, niyyət qəlblə hansı namazı qıldığını bilməkdir. Dillə söyləməyə etibar edilməz. Qəlbin hazır olması üçün, dillə də deyilməsi müstəhəbdir, yaxşı olar» buyurulur.
“Hələbi”də «niyyət qəlblədir, dillə də deyilməsi müstəhəbdir. Qəlbən niyyət edib dillə deyilməsə, zərəri olmaz» buyurulur.
İslam alimlərinin göz bəbəyi olan imam Rəbbani həzrətləri Kabil müftisinə yazdığı bir məktubunda buyurur:
Alimlər namaza başlayarkən, qəlbdə niyyət etməklə bərabər, ağızla da söyləməyin müstəhəb olduğunu demişdir. Halbuki Rəsulullah əfəndimizin, əshabi-kiramın və tabiinin sözlə niyyət etdiyi zəif bir xəbərlə də bildirilməmişdir. Ağızla niyyət etmək bidətdir. Buna bidəti-həsənə deyirlər. Halbuki bu bidət tək sünnəni yox etməklə qalmayıb, fərzi də yox edir. Çünki çox adam təkcə ağızla niyyət edib, qəlbində niyyət etmir. Rəsulullahın sünnəsinə bir şey qatmaq olmaz və onun əshabi-kiramına tabe olmaq lazımdır. «1/186»
İbni Abidin həzrətləri buyurur:
Niyyət yalnız qəlbdə olar. Təkcə sözlə niyyət etmək bidətdir. Qəlbində niyyət edənin şübhə və vəsvəsədən xilas olmağı üçün, sözlə də niyyət etməsi caizdir.
Niyyət qəlbdə olar. Təkcə söyləməklə niyyət edilmiş olmaz. Qəlb ilə birlikdə olmaq şərtiylə söyləyərək, niyyət etməyin caiz olacağı da deyilmişdir. Qəlbdəki niyyət sözlə deyilən niyyətə bənzəməzsə, qəlbdəki niyyətə baxılır. İbadətlərdə niyyətin sözlə ediləcəyini bildirən heç bir hədisi-şərif və xəbər mövcud deyil. Dörd məzhəbin imamları da bildirməmişdir. «İslam əxlaqı»
İbadətə başlayarkən, təkcə ağızla söyləməyə niyyət deyilməz. Qəlbdə niyyət edilməzsə, dörd məzhəbdə də namaz səhih olmaz. Rəsulullahın, əshabi-kiramın, tabiinin və hətta dörd imamın ağızla niyyət etdiyi eşidilməmişdir. Hənəfidə dəstəmaz alanda üzü yuyarkən, qəlbində niyyət etmək sünnədir. [Ağızla da niyyət etməyə sünnə, müstəhəb və bidət deyildiyi “İbni Abidin”də yazılmışdır. Sünnə və ya bidət deyilən bir şeyi etməməyin lazım olduğu “Bəriqə”, “Hədiqə” və “İbni Abidin”də bildirilmişdir. Buna görə, ağızla niyyət etməmək lazımdır.] «Ə. Səadət»
Sözün özü budur ki, niyyətin yeri qəlbdir. Qəlbində niyyət edənin şübhədən xilas olmağı üçün, sözlə də niyyət etməsi caizdir.
Məzhəb təqlidində niyyət
Sual: Maliki məzhəbini təqlid edən namaza başlayarkən, qəlbində niyyət etməlidir, yoxsa dillə də söyləməlidir?
CAVAB
Dörd məzhəbdə də niyyət qəlbdə olur. Qəlbində niyyət etməyi bacarmayanın dillə də söyləməsi caizdir.
Nə vaxt niyyət edilir?
Sual: Namaza başlayarkən, niyyət əllər qulağa qaldırılanda edilir?
CAVAB
Onda da edilir, əllər qulaqlara qədər qaldırılıb “Allahu əkbər” demədən əvvəl də edilir.
Şam namazının fərzinə bir neçə niyyət
Sual: Şam namazının fərzini tək və ya camaatla qılarkən, təhiyyətül-məscid namazına da niyyət etmək olarmı?
CAVAB
Bəli, niyyət etmək olar. Hətta, təzə dəstəmaz almışsa, sübha namazına da niyyət etmək olar. Məsələn, «bu günkü şam namazının fərzinə, təhiyyətül-məscid və sübha namazını qılmağa» deyə niyyət etmək olar.
Vaxt, qiblə və niyyət
Sual: Namaza niyyət edərkən, qiblə istiqamətini və vaxtın girdiyini düşünmək lazımdır?
CAVAB
Qibləyə döndüyümüzü biliriksə, ehtiyac yoxdur. Yəni səccadəni başqa tərəfə sərmiş olsalar, “belə sərilməməliydi” deyə biliriksə, qibləyə dönmüş sayılırıq. Vaxtın girdiyini də bilmək lazımdır.
Niyyətdə qəlbə etibar edilir
Sual: Zöhr namazını qılarkən “əsr namazına” deyə niyyət edilsə, namaz səhih olarmı?
CAVAB
Hansı namazı qıldığını bilmək və ona görə niyyət etmək fərzdir. Zöhr namazını qılarkən əsr namazına niyyət edilsə, namaz səhih olmaz. Niyyət qəlbdə olar. Bir adam zöhrü qılmağa başlayarkən, qəlbində zöhrün fərzini qıldığını bilsə, lakin dilində əsr desə, qəlbə etibar edilər, dilə etibar edilməz. Belə niyyətlə qılınan namaz səhih olar.
Niyyət etməyin əhəmiyyəti
Sual: Deyilir ki:
"Gün imsaq vaxtından sonra başlayır. Buna görə, imsaq vaxtından əvvəl oruca niyyət edərkən, “sabahkı oruca” deyə niyyət edilir. İmsaq vaxtı keçəndə niyyət edərkən, “bu günki oruca” deyə niyyət edilir. Bu baxımdan bir şəxs imsaqdan əvvəl önümüzdəki günü nəzərdə tutaraq “bu günkü oruca” deyə niyyət etsə, niyyəti səhih olmaz. Hətta imsaqdan sonra oruca deyə niyyət etsə, hansı günü qəsd etdiyini bildirmədiyi üçün, orucu yenə səhih olmaz. Bunun kimi, bir şəxs zöhr namazını qılarkən, “bu günkü zöhrə” deməsə, yalnız “zöhr namazına” deyə niyyət etsə, hansı günün zöhrünü qıldığını bildirmədiyi üçün, namazı səhih olmaz».
Bu deyilənlər doğrudur? Bir nəfər “imsaqdan əvvəl və ya sonra oruca” deyə niyyət etsə, “bu günkü və ya sabahkı” deməsə, orucu səhih olmazmı? Zöhrü və ya başqa vaxtı qılarkən, “bu günkü” deyə ifadə etməsə, niyyəti səhih olmazmı?
CAVAB
Günün tərifi doğru, digərlərinin hamısı səhvdir. Fiqh kitablarında açıqlanır. “Oruca” deməklə niyyət səhih olar. Çünki o orucun ramazan orucu olduğunu bilir, hansı gün tutacağını da bilir. Ona görə, səhvən “bu gün” demək əvəzinə “sabah” desə və ya gecə niyyət edərkən, “sabah” deməli olduğu halda “bu gün” desə, yenə orucu səhih olar.
Heç bir namazda “bu günkü” demək şərt deyil.Çünki bu günkü namazı qıldığını bilir. “Bu günkü” deməsə də niyyəti səhihdir.
Bir şəxs zöhr vaxtı zöhr namazına niyyət edərkən, diliylə “bu günkü əsr namazına” deyə niyyət edib, qəlbində də zöhr olduğunu bilsə, zöhrü qılmağa niyyət etsə, zöhr üçün niyyət etmiş sayılar, dillə söylədiyinə etibar edilməz. Əksinə, zöhrü qılmağa başlayarkən, əsr olduğunu zənn etsə, lakin diliylə “bu günkü zöhrə” deyə niyyət etsə, namazı səhih olmaz. Qəlbində etdiyi etibarlıdır.
Bunun kimi, namaz qılarkən qibləyə dönmək, qiblənin Kəbə olduğunu bilmək şərtdir. Ancaq namaza niyyət edərkən, bunları söyləmək şərt deyil. Yəni “döndüm qibləyə”, “qibləm Kəbə” demək şərt deyil. Çünki müsəlman qibləsinin Kəbə olduğunu bilir. Səccadəsi qibləyə doğru deyilsə düzəldər. Heç araşdırmadan dursa və qibləyə isabət etsə, belə namazı səhih olmaz. Qibləyə döndüyünü demək lazım deyil. Demək “bu günki oruca”, “bu günki zöhrü qılmağa”, “döndüm qibləyə” demək şərt deyil. «Rəddül-muxtar, Dürər və Qürər»
Ağızla niyyət
Sual: “Tam elmihal”da namazın niyyəti bəhsində «Rəsulullahın, əshabi-kiramın, tabiinin, hətta dörd imamın ağızla niyyət etdiyi eşidilməmişdir» deyildiyi halda, Şəfii və Hənbəlidə ağızla niyyət etməyin sünnə olduğu da bildirilir. İmam Şəfii və imam Əhməd bin Hənbəl də ağızla niyyət etmədiyinə görə, bu iki məzhəbdə ağızla niyyət etmək necə sünnə olur?
CAVAB
Bu o iki məzhəbdə müctəhid olan alimlərin seçilən sözüdür. Hər kəs məzhəbinin seçilən sözünə tabe olmalıdır.
В корзине: 0 шт.
на сумму: 0