Facebook Twitter WhatsApp

Təhəccüd namazı

Sual: Təhəccüd namazı qılmaq üçün əvvəlcə yatıb, sonra qalxmaq şərtdirmi? Qəzası olan təhəccüd qıla bilərmi? Gecə namazı qılmağın əhəmiyyəti nədir?
CAVAB
Təhəccüd, gecənin üçdə ikisi keçdikdən sonra, imsaq vaxtına qədər qılınan nafilə bir namazdır. Təhəccüd, yuxunu tərk etmək deməkdir. Təhəccüd üçün əvvəlcə yatıb, sonra qalxıb qılmağın şərt olduğunu bildirənlər də olmuşdur. (Şira şərhi)


Nafilə namazları gecə qılmaq daha fəzilətlidir. Çünki gecə oyanmaq çətindir. Hədisi-şərifdə, “Ən qiymətli ibadət zəhmətli olandır” buyuruldu. (M. Fəlah, İbn Əsir, Nihayə)

Təhəccüd namazı gündüz qılınan min rükətdən daha fəzilətlidir. Bir saat elm öyrənmək, [məsələn, elmihal oxumaq] gecəni ibadətlə keçirməkdən daha çox savabdır. (Dürrül-muxtar)

“Əməllərin qiymətlisi, az da olsa davamlı olanıdır” hədisi-şərifi məşəqqətli ibadəti arada-bir etməkdənsə, çətinliyi az olana davamlı əməl etməyin daha faydalı olduğunu bildirmişdir. (Beyhəqı)

Hədisi-şəriflərdə buyuruldu ki:
“Gecə səhər vaxtında qılınan iki rükət namaz, dünyadan və içindəkilərdən daha dəyərlidir. Əgər çətin gəlməyəcəyini bilsəydim, gecə namazını ümmətimə fərz qılardım.” [Müslim]

“Fərzlərdən sonra ən fəzilətli namaz, gecə namazıdır.” [Müslim]

“Gündüz qaylulə edərək təhəccüdə, sahura qalxaraq da oruca yardım edin!” [İbn Macə]

“Cənnətdə elə müəzzəm köşklər vardır ki, bunlar şirin dilli olan, salamı yayan, yemək yedirən, çox oruc tutan və gecə namazı qılanlara verilir.” [İbn Nəsr]

“Gecənin sonunda qılınan iki rükət namaz dünyadan və dünyadakılardan xeyirlidir. Ümmətimə çətin gəlməyəcəyini bilsəydim onlara təhəccüdü məcburi edərdim.” [Müslim]

“Camaatla namazlarını qılan gecə namazına qalxmış kimi savab alır.” [Tirmizi]

“İşa və ya sübh namazını camaatla qılan, gecə namazı qılmış kimi savaba qovuşur.” [Xatib]

“Gecə namazına davam edin! Bu, sizdən əvvəlki salehlərin adətidir. Gecə namazı Allaha yaxınlaşdıran, günahlardan uzaqlaşdıran və onlara kəffarədir. Bədənə də sağlıqdır.” [Hakim]

“Cəbrayıl əlehissalam gecə namazını o qədər çox tövsiyə etdi ki, çox az yatanların ümmətimin xeyirliləri olduğunu anladım.” [Deyləmi]

“Ramazanda inanaraq və savabını umaraq gecə namazı qılanın günahları əfv olur.” [Buxari] (Təravih qılan da gecə namazı qılmış sayılır.)

“Dəvə və ya qoyun sağımı qədər də olsa, gecə namazı qılınmalıdır. İşadan sonra yatmadan əvvəl qılınan namaz gecə namazı sayılır.” [Əbu Nuaym]

“Təhəccüd qılma adəti olub, amma yatıb qalana, Allahü təala qılmış kimi savab verir; yuxusu da onun üçün bir sədəqə sayılır.” [Nəsai]

“ Salamı yayıb, acları doyurub, sılayi-rəhim etsəniz, gecələri hər kəs yatarkən namaz qılsanız, salamatlıqla Cənnətə girərsiniz.” [Tirmizi]

“Möminin şərəfi gecə namazı qılmasındadır.” [Hatib]

“Təhəccüd, günahları əfv etdirir və xəstəliklərə şəfa verir.” [Tirmizi]

“Gecə namaz qılanların üzü gözəl olur.” [Rıyadun-Nasıhin]

“Qış, möminin baharıdır. Gündüzləri qısadır, oruc tutar; gecələri uzundur, ibadət edər.” [Beyhəqı]

“Gecənin sonunda oyana bilməyəcəyindən qorxan, gecənin əvvəlində vitri qılsın, sonra yatsın! Gecə sonunda oyanacağını ümid edən, vitri o zaman qılsın! Çünki gecənin sonunda yuxudan qalxarkən rəhmət mələkləri hazır olur.” [Müslim]

“Gecə səhər vaxtında və namazlardan sonra edilən dua qəbul olur.” [Tirmizi]

“Səhər vaxtı Allahü təala buyurur ki: İstiğfar edən yoxdurmu, onu məğfirət edim! İstəyən yoxdurmu, istədiyini verim, duasını qəbul edim!” [Müslim]

Allahü təala yaxşıları tərifləyərkən, “Onlar səhər vaxtında istiğfar edirlər” buyurur. (Zariyət 18)

Həzrəti Yaqub oğullarına, “Sizin üçün səhər vaxtı Rəbbimə istiğfar edəcəyəm” dedi. (Yusif 98)

Ali İmran surəsinin 17-ci ayəsində, səbir edənlər, sadiqlər [söz, iş və niyyətlərində doğru olanlar], namaz qılanlar, zəkat verənlər və səhər vaxtı istiğfar edənlər təriflənir. Beş vaxt namaz tədili-ərkanla və camaatla əda edilməlidir! Təhəccüd namazı qılmalı, səhər vaxtlarını istiğfarsız keçirməməli, qəflətə dalmamalı, ölümü və axirəti düşünməli, haramları tərk edib, axirətə yönəlməliyik. (Mək. Məsumiyyə)

Allahü təala Musa əlehissalama, “Mənim üçün ibadət et!” buyurduqda, Həzrəti Musa, “Ya Rəbb, Sənə nə zaman ibadət edim ki, məqbul olsun?” deyə soruşdu. Cənab Haqq “Gecə namaz qıl!” buyurdu. (Ey Oğul Elmihalı)

Təhəccüd namazının çox fəzilətli olmasına baxmayaraq nafilə bir namazdır. Ömründə heç vaxt Təhəccüd qılmayana, axirətdə heç bir cəza verilməz, çünki nafilədir, amma fərzin qəzasını qılmayan cəzalara məruz qalacaq. İmam Rəbbani həzrətləri buyurur ki: Fərzin yanında nafilənin və sünnətin heç qiyməti yoxdur. Dəniz yanında damla belə deyildir. (1/29)

Hənəfi alimlərindən Abdülhaqq Dəhləvi həzrətləri buyurdu ki:
Fütuh-ul-qayb kitabındakı “Allahü təala fərz namaz borcu olanın, nafilə namazlarını qəbul etməz” hədisi-şərifi göstərir ki, fərz borcu olanın sünnətləri də qəbul olmaz. Çünki sünnətlər də nafilədir.

Gecə qəza qılan həm qəzasını ödəyər, həm də təhəccüd savabına qovuşar. (Nəvadiri Fiqhıyyə)

Qəzası olan gecə qəza qılarsa, Təhəccüd də qılmış sayılar. Əgər Təhəccüdə də niyyət etsə, niyyət savabı da alar. Qəzası olmayanın da qəza namazı qılmasının heç bir zərəri olmaz.

Təhəccüd namazının sayı
Sual: S. Əbədiyyədə, təhəccüd və quşluq namazlarının ən çoxunun, 12 rükət, əvvabin namazının isə 6 rükət olduğu bildirilir. Bu namazlar saysız-sərhədsiz deyildir?
CAVAB
Bunlar sünnət namazlardır. Peyğəmbər əfəndimiz nə qədər bildirmişdirsə o qədəri sünnətdir. Sünnətlərə də nafilə deyilir. Hər sünnət nafilədir, lakin hər nafilə sünnət deyildir. Nafilələr, rəvatib  rəqaib olaraq iki yerə ayrılır. Rəvatib, fərzlərdən əvvəl və ya sonra qılınan müəkkəd və qeyri-müəkkəd sünnətlərdir. Rəqaib isə quşluq, təhəccüd və əvvabin kimi digər sünnətlərdir. (Neməti-İslam)

Təravih namazı da sünnətdir və sünnət olan miqdarı 20 rükətdir. Daha çox qılınarsa nafilə olar. Quşluq, əvvabin və təhəccüd namazlarının da sünnət olan miqdarı bildirilən miqdardır. Bir kimsə quşluq vaxtı 40 rükət namaz qılsa, bunun 12 rükəti sünnət, qalanı nafilə olar. Şam namazının fərzindən sonra, 20 rükət nafilə namaz qılınsa, bunun 6 rükəti sünnət, qalanı nafilə olacaq. Bir kimsə, gecə min rükət nafilə namaz qılsa, bunun 12-si sünnət olan təhəccüd namazı, digərləri nafilə olacaq.

Sual:
 Hansı nafilə namaz digərlərindən üstündür?

CAVAB
Təhəccüd namazı digər nafilələrdən daha üstündür. Bir hədisi-şərif məalı belədir:

“Fərzlərdən sonra ən fəzilətli namaz gecə qılınan təhəccüd namazıdır.” [Müslim]

Qəzaya da niyyət edilsə, həm qəza borcu ödənmiş, həm də təhəccüd savabına qovuşulmuş olacaq.

Sual: Gecə bir saat oyaq qalsaq, bu bir saatda, qısa surə oxuyaraq 30 rükət qəza qılmaq, yoxsa uzun surə oxuyaraq 2 rükət qəza qılmaqmı daha yaxşı olar? Yoxsa cəmi bir saat ibadət edildiyi üçün ikisi də bərabər olacaqmı?
CAVAB
Nafilə ibadət fərqlidir. Ancaq qəza namazı üçün nə qədər çox qəza qılınsa o daha yaxşı olar. İşadan səhərə qədər iki rükət qəza qılan kimsə, iki rükət qəza borcunu ödəmiş olacaq. İki dəqiqədə iki rükət qılan da iki rükət qəza borcunu ödəyər. Qədr gecəsi işadan sübhə qədər iki rükət qəza qılan da yenə iki rükət qəza borcunu ödəyər. Savab tərəfi ayrıdır. O gecə bir saat ibadət etmək, başqa vaxt min saatdan daha dəyərlidir.


Gecə namazı
Sual: Səhər vaxtı oyanıb qəza namazı və ya vitri qılan, təhəccüd namazı da qılmış sayılırmı?
CAVAB
Bəli, qılmış sayılır. Gecə hansı namaz qılınırsa qılınsın, təhəccüd namazı da qılınmış olacaq. Hədisi-şərifdə, “İşa namazından sonra [səhər vaxtında] qılınan namaz, gecə namazındandır” buyurulmuşdur. (İbn Abidin)


Gecə qəza qılan, həm qəzasını ödəyər, həm də təhəccüd savabına nail olar. (Nəvadiri-Fiqhıyyə)

Deməli, gecə qəza namazı qılan, təhəccüd namazı da qılmış sayılır, ancaq niyyət savabına da qovuşmaq üçün, həm qəza namazına, həm də təhəccüd namazına niyyət etmək lazımdır. Yeni dəstəmaz alınmışsa, Sübha namazı da qılınmış olar. Niyyət savabına da qovuşmaq üçün Sübha namazına da niyyət etmək lazımdır.