Sual: Kimlər fitrə verməlidir? Hansı məhsullardan vermək lazımdır?
CAVAB
Ehtiyacı olan əşyadan və borclardan artıq qalan, zəkat nisabı qədər malı, pulu olan Müsəlmanın fitrə verməsi vacibdir. Nisaba malik deyilsə fitrə verməsi vacib olmaz, lakin verməsi yaxşı olar. Bir neçə hədisi-şərif məalı:
“Fitrə sədəqəsi, zənginlərinizə bir təzkiyədir. Yoxsullarınız da versələr, Allahü təala onlara daha çoxunu verər.” [Əbu Davud] (Təzkiyə, təmizə çıxma, təmizləmə deməkdir.)
“Ramazan orucu göylə yer arasında durur. Sədəqəyi-fitr verildikdə yüksəlir.” [Əbu Hafs]
“Fitrə sədəqəsi oruclunun uyğunsuz sözlərindən əmələ gələn günahlarını təmizləyər.” [Beyhəqı]
Digər üç məzhəbdə, bir günlük yeməyi olanın fitrə verməsi fərzdir. Hədisi-şərifdə, “Fitrə sədəqəsi - böyük-kiçik, zəngin-kasıb hər kəsin verməsi lazımdır” buyuruldu. (Əbu Davud)
Dinən zəngin olmayan hər kəs fitrə, zəkat ala bilər. Ehtiyacı olan əşya və borclarından artıq, zəkat nisabı qədər malı, pulu olan Müsəlmanın fitrə verməsi vacibdir. Zəngin Müsəlmanın fitrə, zəkat alması haramdır. Fitrə nisabına qatılan malın ticarət üçün olması şərt olmadığı kimi, əlində bir il qalması da vacib deyil. Xəstəlik kimi hər hansı bir üzürlü səbəbdən oruc tuta bilməyən şəxsin də zəngindirsə fitrə verməsi lazımdır.
Ticarət üçün olmayan malların zəkatı verilməz. Gəlirlər nisaba daxil edilir.
Nisaba malik olmayan hər kəs kasıb, yoxsul sayılır, zəkat ala bilər. Nisaba malik olanın fitrə verməsi vacibdir. Orta əmək haqqı alan şəxs, borcları çıxdıqdan sonra, nisaba malikdirsə, zəngin sayılır, fitrə verməsi lazımdır. [Nisab - 96 qr qızıl və ya bu dəyərdə pul, ticarət malı deməkdir.]
Fitrə sədəqəsi, Ramazanı-şərifdə verilir. Ramazandan əvvəl və bayramdan sonra da vermək caiz olsa da bayram namazından əvvəl verilməsi daha çox savabdır. Şafiidə Ramazandan əvvəl verilməz. Bayramdan sonraya da saxlamaq olmaz.
Ana-ataya, babaya, nənəyə, övlada, nəvəyə, xanımına və kafirə fitrə verilməz. Kasıb olmaq şərtilə gəlinə, qardaş, bacı, bibi, xala, əmi, dayı, kimi qohuma, kürəkənə, qaynanaya, qaynataya, qayna, ögey uşağa vermək olar. Əgər salehdilərsə, yaxın qohuma vermək, daha çox savab olar. İmameynə görə, borclu və kasıb adama, öz xanımı fitrə verə bilər. (Mövkufat)
Fitrə sədəqəsinin miqdarı hər il dəyişməz. Bir nəfərin fitrəsi hər gün üçün deyil, bir ay üçün yarım sa buğda və ya un, yaxud bir sa arpa, xurma və ya kişmiş verilir. Yarım sa ölçü, ehtiyatlı olaraq 1750 qramdır. 1750 qram buğda və ya un, yaxud 3500 qram arpa, kişmiş və ya xurma verilir. Bu məhsullardan birini və ya dəyərini vermək lazımdır. Hər il, “Bu il fitrə neçə manatdır?” deyə soruşmağa ehtiyac yoxdur.
Fitrə əksəriyyətin sözünə tabe olaraq qızıl və ya gümüş şəklində verilməlidir. Bunları vermək çətin olarsa, başqa maldan və ya kağız pul verməyib, yarım sa, yəni [1750 qram] buğda və ya un verilməlidir. Buğda, un vermək də çətin olarsa, bunların qiyməti qədər, çörək və ya qarğıdalı da vermək olar.
Bir şəxs yanında yaşayan ana-atasının və həddi-büluğ olan oğlunun fitrəsini, onlardan xəbərsiz versə, sonradan bildirmək şərtilə caiz olar. Başqalarınınkini, onlar ver demədən verə bilməz. Səfəri, yəni yolda olan şəxsin də nisaba malikdirsə fitrə verməsi lazımdır.
Sual: Fitrə nə zaman vacib olur?
CAVAB
Qurban bayramının üçüncü günü nisaba malik olan zəngin sayılır. Nisab, zəkat nisabı kimidir. Qurbanda fərqlilik belədir:
Ehtiyacı olan əşyadan və borclarından artıq olan, zəkat nisabı qədər malı, pulu olan hər azad Müsəlmanın Ramazan bayramının birinci günü səhəri, dan yeri aydınlanarkən, “Fitrə” verməsi vacib olur. Daha əvvəl və daha sonra vacib olmaz. Fitrə və qurban nisabı hesabına qatılacaq malın ticarət üçün olması şərt olmadığı kimi, əlində bir il qalması da lazım deyildir. Bayramın birinci günü sübh namazı girdiyi anda, nisab miqdarı qədər mala malik olmaq şərtdir.
Sual: Fitrə kimlərə verilir, kimlərə verilməz, zəkatın hökmləri fitrədə də keçərlidirmi?
CAVAB
Bəli. Yəni zəkatdakı kimidir.
Ana-ataya, babaya, nənəyə, övlada, nəvəyə, öz xanımına və kafirə fitrə verilməz. Kasıb olmaq şərtilə, qardaşa, bacıya, gəlinə, kürəkənə, qaynanaya, qaynataya, qayna, ögey uşağa, ögey ataya, ögey anaya fitrə vermək olar. Xala, əmi, dayı, bibi, qardaş, qardaş uşağı kimi qohuma fitrə vermək daha çox savabdır. İmameynə görə borclu və kasıb kişiyə öz xanımı fitrə verə bilər. (Mövkufat)
Sual: Fitrədəki vəkalət zəkatdakı kimidir?
CAVAB
Bəli.
Sual: Zəkat kimi, fitrəni də hədiyyə deyib vermək caizdirmi?
CAVAB
Bəli.
Sual: Xurma ilə iftar edən şəxs, fitrəsini xurmadan verməlidir?
CAVAB
Xeyr. İlin əksər vaxtlarında yediyi şeydən verə bilər.
Sual: Telefonda vəkalət vermək olarmı?
CAVAB
Olar. Elektron məktubla da olar.
Sual: 4 nəfərin adam başı 1750 qram un verərək cəmi 7 kiloqram ilə bir nəfərə vəkalət verərək fitrəsini ödəməsi doğru olarmı?
CAVAB
Doğru olar.
Sual: Bir nəfərə verib (ya da daha sonra vermək üçün anlaşıb) bu pulla payıma düşən miqdarda un alıb istədiyin adama istədiyin qədər adıma fitrə verməyə səni vəkil təyin etdim, desək, o da qəbul etdim desə, bu şəkildə verilən fitrə caiz olarmı?
CAVAB
O adam da un alıb verərsə problem yoxdur. Daha asan yol: 15-20 nəfərdən vəkalət alıb, alınan pulla bir qızıl alıb kasıba verilsə, bu iş həll edilmiş olar.
Sual: Bibiyə, xalaya, əmiyə, dayıya fitrə və zəkat verilirmi?
CAVAB
Verilir.
Sual: Fitrə sadəcə kasıblara verilməlidir?
CAVAB
Bəli.
Sual: Kasıblar üçün dostumdan vəkil olaraq fitrəni necə ala bilərəm?
CAVAB
Zənginlərin vəkili də ola bilərsiniz, kasıbların da. Bir kasıbdan vəkalət alarsınız, yəni fitrəmi almaq və istədiyin yerə xərcləmək üçün səni vəkil etdim desin, siz də hər kəsdən fitrə yığıb istədiyiniz yerə verərsiniz.
Sual: Həyat yoldaşımın və həddi-büluğ olmamış uşaqlarımın onlardan xəbərsiz və vəkalətsiz fitrələrini verə bilərəm?
CAVAB
Həyat yoldaşınıza və uşaqlarınıza baxmaq məcburiyyətində olduğunuz üçün xəbərsiz verə bilərsiniz.
Sual: Böyük qardaşımın və evli bacımın fitrəsini onlardan xəbərsiz verə bilərəm?
CAVAB
Verə bilməzsiniz. Bir şəxs öz şəxsi malından, başqası üçün fitrə verdikdə, o əvvəldən əmr edibsə, caiz olar. Əmri ilə verməyibsə, sonradan razı olsa da caiz olmaz. Onların malı və ya pulu ilə veribsə, razı olduqlarında caiz olar. Yaxud onların sizə, “Fitrəmi vermək üçün səni vəkil etdim” demələri lazımdır.
Sual: Beş nəfərin fitrələrini vermək üçün vəkiləm. Fitrələri cəm halda, yoxsa hər biri üçün ayrı-ayrı verməliyəm?
CAVAB
Hamısını birdən verə bilərsiniz.
Sual: Şafii məzhəbində olan şəxs fitrəni necə və nə qədər verməlidir?
CAVAB
1680 qram buğda, düyü, xurma, noxud, pendir vermək olar. Bunların yerinə kağız pul verilmədiyi kimi qızıl və gümüş də verilməz. Həmçinin səkkiz sinif insana verilməsi lazımdır. Üç sinfə verilməsini caiz görən alimlər olsa da, bu üç sinfi axtarıb tapmaq çox çətindir, demək olar ki, yoxdur. Ona görə də Hənəfi məzhəbi təqlid edilərək verilməlidir.
Sual: Keçmiş illərdə verilməyən fitrələr verilməlidirmi? Verilərsə necə veriləcək?
CAVAB
Verilməlidir. Qəza edilmiş olacaq. Eynilə qızıl şəklində verilməlidir.
Sual: Səfərdə olduğum üçün oruc tuta bilmədim. Fitrə verməliyəm?
CAVAB
Bir üzür səbəbilə oruc tuta bilməyənin də, fitrə sədəqəsi verməsi lazımdır.
Sual: Ana bətnindəki doğulmamış uşağın fitrəsini vermək lazımdırmı?
CAVAB
Lazım deyil.
Sual: Nisab miqdarı pulum var, amma hələ 1 il dolmadı, fitrə verməliyəm?
CAVAB
Fitrə üçün bir il keçməsi lazım deyil. O an nisaba maliksinizsə verməlisiniz.
Sual: Ramazan ayında bayram namazından əvvəl verilməsi lazım olan fitrəni, caiz olmayan insanlara verdiyini bayramdan sonra xəbər tutan bir adamın nə etməsi lazımdır?
CAVAB
Yenidən bir kasıba verər.
Sual: Zəkatım fitrələrimizlə birlikdə bir qızıl tutur. Bir qızılı həm zəkatım üçün həm də fitrələrim üçün verə bilərəmmi?
CAVAB
Bəli, verə bilərsiniz.
Sual: Fitrəni artıq vermək yaxşıdırmı?
CAVAB
Əlbəttə yaxşıdır.
Sual: Fitrəni illərlə kağız pulla verən şəxsin, qızılla dövr etdirməsi lazımdırmı?
CAVAB
Dövr etdirmək yaxşı olar.
Sual: Zəkat və fitrəni eyni şəxsə vermək olarmı?
CAVAB
Bəli.
Sual: Kasıb qardaşa fitrə vermək olarmı?
CAVAB
Bəli.
Sual: Bacıya fitrə vermək olarmı?
CAVAB
Fitrənizi zəngin deyilsə, bacınıza və ya uşaqlarına vermənizdə zərər yoxdur.
Başqasının fitrəsini vermək
Sual: Bir şəxs, yanında qalan ana-atasının və həddi-büluğ olan oğlunun fitrəsini, onlardan xəbərsiz versə, caiz olarmı?
CAVAB
Sonradan bildirmək şərtilə caiz olar.
Dəlinin fitrəsi
Sual: Dəlinin, fitrə verməsi lazımdır?
CAVAB
Bəli, malı varsa fitrəsi onun öz malından verilir. Vəlisi verməzsə, dəli sağalarsa, keçmiş fitrələrini də özü verər. Sağalmazsa, o zaman məsuliyyət daşımayacaq. (Dürrül-muxtar)
Yolda olan fitrə verməlidirmi?
Sual: Səfəri, yəni yolda olan kimsənin, nisaba malikdirsə fitrə verməsi lazımdırmı?
CAVAB
Bəli, lazımdır.
Uşağın fitrəsi
Sual: Kiçik uşaq və dəli zəngindirsə, fitrələri öz mallarından verilə bilərmi?
CAVAB
Kiçik uşağın və dəlinin malları varsa, yəni zəngindirsə, bunların fitrələri öz mallarından verilməlidir. Vəliləri verməzsə, uşaq böyüdükdə, dəli sağaldıqda, keçmiş fitrələrini də özləri verərlər. Dəli sağalmasa, onsuz da məsuliyyət daşımayacaq.. (S. Əbədiyyə)
Fitrəni kağız pulla vermək
Sual: S. Əbədiyyədə, Cövhərə kitabından alınaraq, “Fitrə sədəqəsi olaraq, arpa, buğda yerinə qiymətləri qədər qızıl, gümüş və ya fülus, yəni mis, bürünc pul [kağız pul] və hər çeşid mal verilə bilər” qeyd edilir. Ehtiyac halında, fitrəni bu qövlə görə, kağız pul şəklində verməkdə zərər varmı?
CAVAB
Fitrəni, əksəriyyətin sözünə uyaraq, qızıl və ya gümüş şəklində vermək lazımdır. Bunları vermək çətin olarsa, başqa maldan və ya kağız pul verməyib, yarım sa, yəni [1750 qram] buğda və ya un verilməlidir. Buğda, un vermək də çətin olsa, bunların qiyməti qədər, çörək və ya qarğıdalı vermək olar.
Fitrənin vacib olması
Sual: S. Əbədiyyədə, “Bayramın birinci günü sübh namazı girdiyi anda, nisab miqdarı qədər mala malik olmaq şərtdir. O andan sonra nisaba çatanın, dünyaya və ya imana gələnin fitrə verməsi vacib olmaz” deyilir. Bayramın birinci günü günortadan sonra, nisaba malik olana da fitrə vermək vacib olacaqmı?
CAVAB
Vacib olmaz. (İbn Abidin)
Vacib olmasa da, fitrə az olduğu üçün hər kəsin verməsi yaxşı olar. Digər üç məzhəbdə, bir günlük yeməyi olanın fitrə verməsi fərzdir. Bir hədisi-şərif məalı da belədir:
“Sədəqəyi-fitr, zənginlərinizə bir təzkiyədir. Kasıblarınız da versə, Allahü təala onlara daha çoxunu verər.” [Əbu Davud]
Fitrə verərkən
Sual: S. Əbədiyyədə oxuduğumuza görə, andiçmə kəffarəti üçün, “On yoxsula hər gün bir fitrə dəyərində başqa mal vermək də olar” deyilir. Kəffarət orucunu tuta bilməyən xəstələr üçün də, “Bir günün kəffarəti üçün, altmış yoxsula bir gün və ya bir yoxsula altmış gün bir fitrə dəyərində başqa mal vermək də olar” deyilir. Başqa mal dedikdə, din kitabı vermək daha uyğun olar. Elmihalda, “Sədəqəi-fitr verərkən, bir fitrə dəyəri qədər qızıl, gümüş və ya fülüs [kağız pul] və hər çeşid mal verilə bilər” deyir. Hər çeşid malın içərisinə din kitabı da aid olduğunu anlayırıq. Fitrə yerinə din kitabı verə bilərikmi?
CAVAB
Bəli, mötəbər bir din kitabı, məsələn, İslam Əxlaqı kitabı da vermək olar. Ancaq, fitrə, əksəriyyətin sözünə uyaraq, qızıl və ya gümüş verilməlidir. Bunları vermək çətin olarsa, başqa maldan və ya kağız pul verməyib, yarım sa, yəni [1750 qram] buğda və ya un verilməlidir. Buğda, un vermək də çətin olarsa, bunların qiyməti qədər, çörək və ya qarğıdalı vermək olar.
Sədəqəi-fitr vermək
Sual: Ramazan ayında verilən sədəqəi-fitri, zəngin olanların mütləq verməsi lazımdırmı?
Cavab: Sədəqəi-fitir haqqında Rəddül-muxtarda qeyd edilir ki:
“Ehtiyacı olan əşyadan və borclarından artıq qalan, zəkat nisabı qədər malı, pulu olan hər Müsəlmanın, Ramazan Bayramının birinci günü səhəri, dan yeri aydınlanarkən, fitrə verməsi vacibdir. Daha əvvəl və daha sonra vacib olmaz. Fitrə və qurban nisabı hesabına qatılacaq malın ticarət üçün olması şərt olmadığı kimi, əldə bir il qalması da lazım deyildir. Bayramın birinci günü sübh namazı girdiyi anda, nisab miqdarı qədər mala malik olmaq şərtdir. O andan sonra nisaba çatanın, dünyaya və ya imana gələnin fitrə verməsi vacib olmaz. Qonaq olanın da fitrə verməsi lazımdır. Ramazani-şərifdə və ya Ramazandan qabaq və bayramdan sonra vermək də caizdir. Hətta bir kimsə, fitrə və ya zəkat, kəffarət və ya nəzir dediyi, adadığı şeyi vermədən ölərsə və verilməsini vəsiyyət etmədisə, varislərindən birinin, ölənin deyil, öz malından, bunları kasıblara verməsi caiz olar. Lakin varis, bunları verməyə məcbur deyildir. Əgər ölən şəxs, həyatda ikən vəsiyyət edibsə, qoyduğu malın üçdə birindən verilməsi lazım olacaq. Mal qoymayıbsa, vəsiyyəti olunmaz.”
Sual: Fitrəni, bayram namazından əvvəl vermək lazımdır?
Cavab: Hənəfi məzhəbində bayram namazından əvvəl verilsə, savabı daha çox olar. Şafii məzhəbində Ramazandan əvvəl, Maliki və Hənbəli məzhəbində isə bayramdan əvvəl vermək olmaz.
Sual: Bir kimsə, fitrəsini bölərək bir neçə kasıba verə bilərmi?
Cavab: Bir nəfərin fitrəsi, bir kasıba və ya bir neçə kasıba verilə bildiyi kimi, bir kasıba bir neçə nəfərin fitrəsi də verilə bilər.
Sual: Kiçik uşağın və dəlinin malı varsa, fitrəsi, bu mallardanmı verilməlidir?
Cavab: Kiçik uşağın və dəlinin malları varsa, bunların fitrələri də, mallarından verilir. Vəliləri verməzsə, uşaq böyüdükdə, dəli sağaldıqda, keçmiş fitrələrini də özləri verərlər.
Sual:Yeniyetmə dövrünə çatmamış kiçik uşaqların fitrələrini, ataları verməlidir?
Cavab: Həddi-büluğ olmayan uşaqların malı yoxdursa, onların fitrəsini ataları, öz fitrəsı ilə birlikdə verər. Yəni özü zəngin, nisaba malikdirsə verər. Xanımı və böyük uşaqları üçün verməz. Ancaq verərsə savab olar.
Sual: Bir kimsə, öz malından, başqasının fitrəsini verə bilərmi?
Cavab: Mövzu ilə əlaqədar olaraq, Rəddül-muxtarda qeyd edilir ki:
“Bir şəxs, öz malından, başqası üçün fitrə verərkən, o şəxs əvvəlcədən fitrəsini vermək üçün əmr etmişsə, caiz olar. Əmri, istəyi ilə verməmişsə, sonradan razı olsa da, caiz olmaz. Onun malı ilə vermişsə, razı olduqda caiz olar.”
Sual: Bir ata, öz uşaqlarının fitrəsini, onlardan vəkalət almadan da verə bilərmi?
Cavab: Bir şəxs, nəfəqəsini verdiyi kimsələrin, uşaqlarının fitrələrini, onların əmri və vəkaləti olmadan verə bilər.
Sual: Bir kimsəyə, fitrə və qurban vacib olduqdan sonra, əlindəki mal yox olsa, bu kimsə məsuliyyətdən qurtulacaqmı?
Cavab: Bir kimsənin nisaba malik olduqdan, fitrə və qurban vacib olduqdan və həcc fərz olduqdan sonra mal əlindən çıxarsa, əfv olmazlar. Halbuki, zəkat və uşur, malın əldən çıkması ilə əfv olur. Amma, bunların əldən çıxarılması ilə bunlar da əfv olmaz..
Sual: Dinimizin bildirdiyi bir üzür səbəbilə oruc tuta bilməyənlər də, fitrə sədəqəsi verməlidirlərmi?
Cavab: Üzürlü səbəbdən oruc tuta bilməyənlərin də, sədəqəi- fitir vermələri lazımdır.
Sual: Fitrə üçün buğda və un verməkdə çətinlik çəkən bir kimsə, bunların yerinə çörək də verə bilərmi?
Cavab: Bir kimsəyə, fitrə üçün, buğda, un vermək də çətin olsa, bunların qiyməti qədər, çörək və ya qarğıdalı verə bilər. Çörək və qarğıdalı verərkən, çəkiyə deyil, puluna, qiymətinə baxılır.
Fitrə sədəqəsinin miqdarları
Sual: Hər il fitrə neçə manatdan olacaq deyə gözləyirlər. Bu mövzuda İslamiyyətin bildirdiyi müəyyən bir ölçü yoxdurmu?
Cavab: Fitrə miqdarları hər il dəyişməz. İslamiyyətin bildirdiyi ölçü; buğda və undan 1750 qram, arpa, kişmiş və xurmadan insan başına 3500 qramdır. Hər il bu ölçüyə görə verilir. Hənəfi məzhəbində, buğda, arpa və un bol olduğu zamanlarda bunların qiymətini qızıl və ya gümüş olaraq vermək daha yaxşıdır. Qıtlıq dövründə bunların özlərini vermək daha savabdır.
Şafii, Maliki və Hənbəli məzhəblərində, bir günlük yeməyi olanın fitrə verməsi fərzdir və buğdadan, arpadan da, həmişə bir sa vermək lazımdır. Şafii məzhəbində bir sa 1680 qramdır.
Fitrə sədəqəsi az olduğu üçün, gümüş şəklində verilir. Cövhərədə; “Sədəqəi-fitir verərkən, arpa, buğda yerinə qiymətləri də verilə bilər” deyilir. Dürrül-muxtarda; “Qiymət olaraq qızıl və gümüş verilir” deyilir.
Bu səbəbdən, fitrə, əksəriyyətin sözünə uyaraq, qızıl və ya gümüş şəklində verilməlidir. Bunları vermək çətin olsa, başqa maldan və ya kağız pul verməyib, 1750 qram buğda və ya un, 3500 qram arpa, kişmiş, yaxud xurma verilməlidir. Malikidə və Hənbəlidə xurma vermək, Şafiidə buğda vermək, Hənəfidə qiyməti çox olanı vermək üstündür.
Fitrə miqdarları, buğda, un, arpa, kişmiş və xurma qiymətlərinə görə üç manatdan üç yüz manata qədər çıxa bilər. Hər kəs öz vəziyyətinə görə, buğda, un, arpa, kişmiş və xurmadan birini, bildirilən miqdarda birbaşa məhsulun özünü və ya qiymətini qızıl, gümüş şəklində verə bilər.
Sual: Bir kimsə, xanımının və evdəkilərin fitrəsini, onların izni olmadan da verə bilərmi?
Cavab: Bir kimsə, xanımının və evində olanların fitrələrini, izinləri olmadan qarışdırıb verə biləcəyi kimi, cəmi qədər buğdanı və ya dəyəri olan qızılı, bir dəfəyə, bir və ya bir neçə kasıba verə bilər. Ancaq ayrı-ayrı hazırlayıb, sonra qarışdırmaq və ya ayrı-ayrı vermək daha ehtiyatlı olar.
Sual: Dinimizin bildirdiyi bir üzür səbəbilə oruc tuta bilməyənlər də, fitrə sədəqəsi verməlidirlərmi?
Cavab: Üzrü səbəbilə oruc tuta bilməyənlər də, fitrə sədəqəsi verməlidirlər.
В корзине: 0 шт.
на сумму: 0