Hikmət əhli zatlar buyurur ki:
Bəzzazlıq işiylə məşğul olan bir gənc vardı. İşinin çoxluğunu bəhanə edərək namazlarını həmişə son vaxtına saxlayardı. Dükanın yaxınlığındakı məsciddə vaxtın çıxmasına az vaxt qalmış namazını qılardı. Bir gün gecə qan-tər içində qalmışdı. Yuxusunda ölmüş, hesab üçün mizanın yanına gətirmişdilər. «İbadətlərimi etdim, haram işləmədim, hesabım asan keçər» deyə ümid edirdi. Mələklər əvvəl iman və doğru etiqad axtardılar, dərhal önlərinə çıxdı. Sonra növbə namaza gəldi; lakin axtardılar, heç cür tapa bilmədilər. «Mən heç bir namazımı qəzaya saxlamadım, mütləq tapmalısınız» deyə fəryad edirdi. Nəhayət mələklər «Qüsura baxma, sənə aid tək bircə namaz tapa bilmədik. İndi səni Cəhənnəmə atacağıq» deyərək yüksək bir dağa çıxardılar. Gənc çırpınaraq «Xeyr, bunda bir səhvlik var, mən namazlarımı heç buraxmadım» dedisə də, dinləmədilər; dağın təpəsindən aşağıda olan Cəhənnəmə atdılar. O, şiddətli qorxuya düşdü. Birdən qarşısına üzü nurlu birisi çıxdı, düşərkən havada tutub «Mən sənin qıldığın namazlarınam» dedi. Gənc həyəcanla «Mən çox pərişan oldum, bir azdan Cəhənnəmə düşəcəydim, niyə bu qədər gecikdin?» deyə soruşdu. O da «Sən də məni həmişə son vaxta saxlayırdın» dedi.
Gənc o gündən sonra vaxtı girən kimi namazlarını qılmağa başladı.
Salehlərlə birlikdə olmaq
Saleh müsəlmanlarla birlikdə olmaq və daim əhli-sünnə alimlərinin kitablarını, nəqli əsas alan doğru din kitablarını oxumaq lazımdır. Şeytan çöldə qalana və ya ayrı düşünənə, qəlbən iştirak etməyənə vəsvəsə verər. Sürüdən ayrılan qoyunu qurd qapar. Qəti şəkildə ayrılmamaq, öz başına hərəkət etməmək lazımdır. İnsanın da qurdu şeytandır. Yəni ayrı düşmək, ayrı düşünmək, ayrı hisslərlə yaşamaq şeytana yem olmaq deməkdir. Şeytan qəlbə vəsvəsə verir. Çünki işi odur. Bir şəxs ondan «Qəlbimə çox pis fikirlər dolur, çox qorxuram. Çarəsi nədir?» deyə soruşana cavab verir ki, «Şeytan vəzifəsini edir. Sən onun vəzifəsinə qarışma, öz işini gör! Şeytan səni azdırmaq istəyirsə, sən də özünü qurtarmağa çalış, salehlərlə birlikdə ol, səni yaradana sığın! Görək, dayana bilərmi?
Peyğəmbər əfəndimiz «Şeytan insanın qəlbinə vəsvəsə verir. Lakin Allah xatırlananda qaçar» buyurur. Sən o anda Allah de! Tövhid kəlməsini söylə, salavat gətir və ya elmihal oxu, bir şeylə məşğul ol, yəni əksini et! Onda bir şey olmaz. Şeytan vəsvəsə vermək üçün yaradıldı. «Mən insanları azdıracağam» dedi və izn istədi. Allahu təala da izn verdi, ancaq «Sən mənim qullarımı azdıra bilməzsən, sən özün kimi olanları azdırarsan» buyurdu. “Mənim qulum” dedikləri də salehlərdir».
В корзине: 0 шт.
на сумму: 0