Facebook Twitter WhatsApp

Riyazət nədir, ibadət nədir?

Sual: Qəlbi günahlardan riyazətlə təmizləmək mümkün imiş. Riyazət nədir?
CAVAB
Günahlar qəlbi qaraldır. Günahkar insanda ibadət etmək istəyi qalmır. Günahı silmək üçün yaxşılıq və ibadət etmək lazımdır. Günah işləmədən yaxşılıq və ibadət edilsə, qəlb daha da parlayar, cilalanar. Qurani-kərimdə məalən buyurulur ki:

“Bizim üçün, bizim uğrumuzda mücahidə edənləri, əlbəttə, öz yollarımıza qovuşdurarıq.” [Ənkəbut 69]
Nəfsi-əmmarə ilə cihad iki yolla olur. Birincisinə “Riyazət”, ikincisinə “Mücahidə” deyilir.
Riyazət, nəfsin arzularını etməməkdir. Nəfs axmaq olduğu üçün hər istədiyi öz zərərinədir. Nəfs daim haramları istəyir.
Mücahidə isə nəfsin istəmədiyi şeyləri etməkdir. Nəfsimiz, yaxşılıq və ibadət etməyimizi istəmir. Nəfsə günahlardan çəkinmək, ibadət etməkdən daha çətin gəlir. Ona görə günahdan qaçmaq daha savabdır.
Yəhya ibn Muaz Razi həzrətləri buyurur ki:
“Riyazət dörd şeylə olur: Az yemək, az yatmaq, az danışmaq və günahlardan gələn sıxıntıya qatlanmaqla.”
Bir insan mücahidə və riyazət etsə, yəni bildiyi mövzularda dinimizin əmrlərinə əməl etməyə çalışsa, bilmədiyi mövzuları da asanlıqla öyrənər. Hədisi-şərifdə buyuruldu ki:
“Bildiyi ilə əməl edənə, Allahü təala bilmədiklərini də öyrədər.” [Buxari]
Allahü təalanın bildirdiyi yola girib, o yolda getməyə çalışana gördüyü işlər asanlaşdırılır. Allahü təala bir yaxşılığa on mislindən yeddi yüz mislinə qədər, hətta daha çox savab verir. Allahü təalanın ehsanı boldur. Allahü təala, hədisi-qüdsidə, “Mənə bir qarış yaxınlaşana, bir arşın yaxınlaşaram” buyurur. Əlbəttə, bu yaxınlaşma mənəvi yaxınlaşmadır.
Birinə yaxın dostum demək, evimiz yaxındır demək deyil, dostluğumuz yaxşıdır deməkdir. Allahü təalanın yaxınlığını da belə anlamaq lazımdır. “Yerə-göyə sığmaram, mömin qulların qəlbinə sığaram” və “Möminlərin qəlbindəyəm” hədisi-qüdsiləri də bunlardandır.
Bir insan hər cür pisliyi etdikdən sonra qəlbim təmizdir deyə bilməz. İnsanın yaxşı və ya pis olması əməllərinə görə dəyişir. Bir insanın əgər heç kimə zərəri toxunmursa, əlindən gəldiyi qədər hamıya faydalı olmağa çalışırsa, Allahü təalanın əmrlərinə əməl edib, qadağalarından qaçırsa, o insan həm xoş niyyətli, həm də təmiz qəlblidir. Lakin hər pisliyi edirsə, Allahü təalanın əmrlərinə əməl etməyib qadağalarından çəkinmirsə, nə qədər niyyətim xoşdur, qəlbim təmizdir, sən qəlbimə, ürəyimə bax, desə də inanmaq olmaz və onun yaxşı adam olduğunu da demək olmaz. Çünki “Hadiqa” adlı dəyərli kitabda buyurulur ki:
Haram işləyənlərin, sən qəlbimə bax, qəlbim təmizdir demələri səhvdir, müsəlmanları aldadmaqdır. Ancaq dinin əmr və qadağalarına əməl edənin qəlbi təmiz olur.

İbadət nədir
Sual:
 Allahın əmrini yerinə yetirməyən, qadağalarından da çəkinməyən küfrə girərmi? İbadət nədir? İnsan bildiyi halda ibadət etməsə, ancaq qəlbi təmizdirsə Cənnətə gedərmi?

CAVAB
Üç sualınız var:
1- Təkliflərə, yəni əmrlərin yerinə yetirilməsinin lazım olduğuna və qadağalara əməl olunmasının lazım olduğuna inanmaq, imanın şərtidir. Təkliflərin çoxuna inanıb, yalnız birinə inanmayan, bəyənməyən, buna tabe olmaq istəməyən, Muhamməd əleyhissalama inanmamış sayılır, kafir olur. Müsəlman olmaq üçün təkliflərin hamısına inanmaq, hamısını bəyənmək lazımdır. Bir müsəlman, təkliflərə inandığı halda bunlara əməl etmirsə, məsələn, tənbəlliklə namaz qılmırsa, pis yoldaşlara və nəfsinə uyub içki içirsə, qadın hicaba riayət etmirsə, imanı getməz, kafir olmaz. O, günah işləyən, asi müsəlmandır. Təkliflərin sadəcə birinə tabe olmaq istəmirsə, yəni bəyənmir, vəzifə olduğuna əhəmiyyət vermirsə, barmaqarası baxırsa, imanı gedər, kafir olar. “Namaz qılmasam da, açıq gəzsəm də nə olacaq ki? Əsas qəlbimə, ürəyimə bax. Qəlbim təmizdir” demək və ya “Əvvəlcə çörək pulu qazanmaq, hamıya yaxşılıq etmək lazımdır, sonra namaz qılmaq…” kimi sözlər, təkliflərin bir qismini bəyənib, bir qismini bəyənməməkdir. Hər müsəlman bu incəliyə diqqət etməli, təklifləri qəbul etməyənlərin imanlarının getməməsi üçün oyaq olmalıdırlar. Təklifə əməl etməmək başqa, qəbul etməmək, bəyənməmək başqadır. Bu ikisini qarışdırmaq olmaz!
2- İbadət, Peyğəmbərimiz Muhamməd əleyhissalama tabe olmaq deməkdir. Yəni bütün sözlərini və hərəkətlərini Onun əmrlərinə və nəhylərinə uyğunlaşdırmaqdır. Bunu da yaxşı bilmək lazımdır ki, ibadət şəklində görülən işlər əgər Onun əmri ilə olmursa, ibadət sayılmır, hətta günah olur. Namaz və oruc da bunlardandır. Ramazan Bayramının birinci günü və Qurban Bayramının hər dörd günü oruc tutmaq günahdır. Halbuki, oruc bir ibadətdir. Lakin əmrlə olmadığına görə günah oldu. Həmçinin, başqasından zorla götürülən geyimlə və ya belə bir yerdə namaz qılmaq da günahdır. Halbuki namaz bir ibadətdir. Ancaq əmrə uyğun olmadığına görə üsyan sayılır. Bunlar kimi, insanın nikahlı həyat yoldaşı ilə hər cür əyləncə və zarafat etməsi ibadətdir, yəni savabdır. Halbuki bunlar oyun və əyləncədir. Amma əmrə uyğun olduğuna görə savabdır.
Görünür ki, ibadət yalnız namaz qılmaq, oruc tutmaq deyil. İbadət demək, İslamiyyətin əmrlərinə tabe olmaqdır. Çünki namaz və oruc İslamiyyətə uyğun olduqda ibadət sayılır.
3- İmam Qazali həzrətləri buyurur ki: Bunu yaxşı bil ki, əməlsiz elm insanı xilas etməz. İnsan dağda bir aslana rast gəlsə, yanında tüfəngi və qılıncı olsa, bunlardan istifadə etməyi yaxşı bacarsa və nə qədər cəsur olsa da, bu alətlərdən istifadə etmədikcə aslandan qurtula bilərmi? Bunun kimi də, insan nə qədər elm sahibi olur-olsun, bildiyi ilə hərəkət etməsə, elminin faydası olmaz.
Mütəxəssis bir həkim xəstələnsə, xəstəliyi də öz ixtisasına uyğun olsa, bunun ən təsirli əlacını da bilsə və bu dərman həqiqətən o xəstəliyə qarşı çox faydalı gəlirsə, dərmanı istifadə etmədikcə, yalnız savadı onu sağalda bilməz. Bir insan da, nə qədər elmli olur-olsun, nə qədər kitab oxuyur-oxusun, bildiklərini tətbiq etmədikcə faydası yoxdur. (Əyyühəlvələd)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину