Facebook Twitter WhatsApp

Malikini təqlidlə bağlı oxuyuculardan gələn suallar

Sual: Tam Elmihalda “Dəstəmazda, qulaq yumşağı hizasındakı dəri və saçlar, Hənəfidə üzdən sayılır, yumaq fərzdir. Malikidə başdan sayılır, məsh etmək fərzdir” deyilir. Qulağı da məsh etmək fərzdirmi?
CAVAB
Dəstəmazda, qulaq ilə saç arasında qalan arxadakı və üstdəki saçsız dərini və qulaq yumşağının önündəki saç və dərini məsh fərzdir. Üzü yuyarkən onsuz da qulaq yumşağı hizasındakı dəri yuyulur. Yumaq məsh yerinə də keçir, ayrıca məsh etməyə ehtiyac yoxdur.

Baş məsh edilərkən də əlləri qulaqlara çəkəndə saçlı dəri ilə birlikdə qulağın arxasındakı və üstündəki saçsız dəri də məsh edilmiş olur.
Yəni qulağın özünü məsh etmək fərz deyildir. Yuxarıda bildirilən şəkildə, üstdəki və yanlardakı saçlarla qulağın arasındakı saçsız dərini məsh fərzdir.

Qan dəstəmazı pozurmu?
Sual: 
Bir yerim qanayanda dəstəmazım pozulurmu?

CAVAB
Əlimizi bıçaq kəssə, qan çıxsa dəstəmazımız pozulur, ancaq bundan sonra o yaralı yerdən qan çıxsa artıq dəstəmazımız pozulmuş olmaz. İlk çıxan qan pozur, ondan sonrakılar Malikini təqlid edənin dəstəmazını pozmur. İlk dəfə sözünü doğru anlamaq lazımdır! Əlin kəsildi, qan çıxdı dəstəmaz pozuldu. Оndan sonra oradakı yaradan, yəni eyni yaradan çıxan qan və irin dəstəmazı pozmaz. Amma digər yerimizi bıçaq kəsərsə yenə dəstəmaz pozulur, oradan da sonrakı çıxanlar dəstəmazı pozmaz. Yəni xəstəlik səbəbilə gələn qan, irin, yel, sidik və s. dəstəmazı pozmaz. Birdən-birə burnumuz qanasa səmavi üzr olduğu üçün dəstəmazımız pozulmur. Əldə olmadan qaz qaçırma, yəni köpü, qazı saxlaya bilməmək, əldə olmadan sidik qaçırma kimi səmavi üzrlər Malikidə dəstəmazımızı pozmaz.



Səmavi üzrlə dəstəmazın pozulması
Sual: 
Malikidə səmavi üzrlər dəstəmazı pozmaz?

CAVAB
Bəli pozmaz. O anda üzrlü sayılır, namaza davam edilir.
Səmavi üzrlər, yəni insanın əlində olmadan hasil olan şeylər, Malikidə dəstəmazı pozmaz. Məsələn, namazda ishal olsa, çibandan və ya yaradan qan axsa, qulaqdan irin axsa, anusdan qurd çıxsa, prostat xəstəsindən sidik damcılasa, qadınlardan axıntı çıxsa, babasildən qan çıxsa, əlində olmadan qaz qaçırma olsa, ağız dolusu qusma kimi problemlər səmavi üzr olduqları üçün, heç biri Malikidə dəstəmazı pozmaz. Dəstəmaz pozulmadığı üçün namaza davam etmək olar. Bir adamın ayağını bıçaq kəssə qan çıxsa, dəstəmazı pozulur, çünki bu səmavi üzr deyildir. Amma ondan sonra ayağı yara olduğu üçün, artıq o yaradan çıxan qan və ya irin dəstəmazını pozmaz. Şişmiş çibanın partlaması da səmavi üzrdür. Birdən-birə burnun qanaması da səmavi üzrdür. Sidik qaçırma, ishala mane ola bilməmək kimi şeylər səmavi üzrdür, Malikini təqlid edən Hənəfinin dəstəmazını pozmaz. Soyuqdan əl və ya dоdaq çatlayıb qanasa Malikini təqlid edənin dəstəmazını pozmaz. Yəni səmavi səbəblər pozmaz.

Təyəmmüm
Sual: 
Malikini təqlid edən üçün təyəmmümdə fərqlilik varmı?

CAVAB
Təyəmmümdə fərqlilik yoxdur. Sadəcə namaz vaxtı girdikdən sonra təyəmmüm edilir və hər namaz vaxtı üçün yenidən təyəmmüm almaq lazımdır.

 

Yuyulmamış yer görülsə
Sual: 
Malikini təqlid edən, dəstəmaz alıb namaz qıldıqdan bir ay sonra, əlində yağlı boya görsə, boyanı qazıyıb yusa, qıldığı namaz və dəstəmazı səhih olarmı?

CAVAB
Bəli səhihdir.

Muvalat nədir?
Sual: 
Maliki məzhəbində fərz olan muvalat nədir?

CAVAB
Muvalat, hər üzvü, bir-birinin arxasından ardıcıllıqla, tez-tez yumaqdır. Başqa bir ifadə ilə, normal şərtlərdə, birinci yuyulmuş üzv quruyacaq qədər ara verməməkdir.

Çox qısa zamanda görülən bir iş, muvalata əngəl olmaz. Məsələn, dəstəmaz alarkən qapıdan biri girsə, gələnin kim olduğuna baxılsa, muvalata mane olmaz. Krandan su kəsilsə, tasdakı suyu götürmək və ya yan otaqdakı su kranına gedib, o krandan dəstəmaz almaq muvalatı əngəlləməz. Normal şərtlərdə, bir üzv quruyacaq qədər ara verilsə, muvalata mane olar. Dəstəmaz alarkən corabın birini və ya ikisini çıxarmaq muvalata mane olmaz.

Üzvlərin quruyub-qurumaması mütləq ölçü deyildir. Çünki isti və küləkli havada üzvlər tez quruya bilər. Yaxud soyuq və küləksiz bir yerdə üzvlər gec quruya bilər. Üzvlər qurumadı deyə, başqa bir iş görmək muvalata mane olar. Hərarətli bədəndə, üzv tez quruya bilər. Deməli, quruyub-qurumaması dəqiq ölçü deyildir.

İbni Abidin həzrətləri də, Hənəfiyə görə muvalatı izah edərkən, “Torpaqla təyəmmüm edərkən də, su ilə yumaq mümkün olmadığı halda, normal şərtlərdə bir üzv quruyacaq qədər ara vermək muvalata manedir” buyurur.

Diş çəkdirmək
Sual: 
Bu gün günortaya doğru dişimi çəkdirdim. Çəkdirdikdən sonra diş ətində qanamalar davam edir. Malikini təqlid edirəm. Zöhr namazını ötürməmək üçün dəstəmaz aldım, namazımı qıldım, amma qanama hələ də davam edir. Qıldığım zöhr namazının qəzasını qılmaq lazımdırmı?

CAVAB
Sizin dəstəmazınız belə pozulmamışdır. O dəstəmazla əsr namazını da, axşamı da qıla bilərsiniz. Əlbəttə ki, dəstəmazı pozan başqa bir şey olmayıbsa. Qanama Malikidə dəstəmazı pozmaz. Namazı qəza etmək lazım deyil.

Niyyət etməyi unudan
Sual: 
Maliki məzhəbini təqlid edən kimsə, qüsldə və ya dəstəmazda, Maliki məzhəbinə uymağı, yaxud həm buna, həm də qüslə və ya dəstəmaza niyyət etməyi unudarsa, qüsl və ya dəstəmaz bitdikdən sonra və ya 3-5 gün sonra yadına düşsə, xatırladığı vaxt, “Bu dəstəmazı, qüslu Malikiyə görə aldım” deyə niyyət etsə, səhih olarmı?

CAVAB
Bəli, səhih olar.

Əsri-əvvəldə qılmaq
Sual:
 Malikini təqlid edən, zəruri səbəblərdən, məsələn, unudaraq zöhrü əsri-əvvələ qədər qıla bilməsə, təkrar Hənəfini təqlid edib zöhrü əsri-əvvəldə qılması caizdirmi?

CAVAB
Bəli caizdir, çünki bir ehtiyac hasil olmuşdur. Bilərək gecikdirmək caiz olmaz.

İkindini (əsri) əsri-sanidə qılmaq
Sual: 
Hənəfinin ikindini əsri-sanidə qılması yaxşı olduğuna görə, Malikini təqlid edən də qıla bilərmi?

CAVAB
Malikini təqlid edənin də ikindini əsri-sanidə qılması yaxşı olar, bir zərəri olmaz. Çətinlik olmadığı halda zöhrü əsri-əvvəldə qılmaq olmaz.

Şəhvətsiz öpmək
Sual: 
Malikini təqlid edən bir kimsə, yoldaşını şəhvətlə və ya şəhvətsiz öpsə, dəstəmazı pozularmı?

CAVAB
Şəhvətlə öpsə pozular, vida öpüşü olan öpüşlə öpsə pozulmaz. Adətən insan həyat yoldaşına qarşı çox da şəhvət duymaz, yəni öpməklə tez şəhvətlənməz. Amma şəhvətlənsə dəstəmazı pozulur. Hənəfidə şəhvətlənsə də pozmaz.

Qanlı paltarla namaz
Sual: 
Malikini təqlid edən, babasildan qan axdığı üçün paltarına çox qan bulaşmış vəziyyətdə namaz qılsa, caiz olarmı?

CAVAB
Bəli, çünki təmizləmək çətindir.

Namazda çibanın partlaması
Sual: 
Maliki məzhəbini təqlid edirəm. Namaz qılarkən çibanım partladı. Namazda bunu hiss etdim. Namazdan sonra baxdım ki, qan və irin əl ayasından daha çox yerə yayılıb. Dəstəmazım pozuldumu, namazım səhih oldumu?

CAVAB
Dəstəmaz pozulmadığı kimi, namaz da səhih olub. Namazdan əvvəl olsaydı, yenə dəstəmazınızı pozmazdı, ancaq imkan və vaxt varsa paltarı dəyişdirmək lazım idi, çünki öz məzhəbimizdən çıxmamışıq. Buna da imkan yoxdursa, o vəziyyətdə qılmaq olar.

Əli hilallamaq
Sual:
 Malikidə dəstəmazda və ya qüsldə əl barmaqlarının arasını hilallamaq da fərzdir. Bu fərz sadəcə barmaqlarımızı açıb-bükməklə yerinə gəlirmi? Çünki iki barmaq öz-özünə bir-birinə toxunur.

CAVAB
Bəli, açıb-bükməklə yerinə gəlir. Ayrıca hilallamağa ehtiyac yoxdur.

Hörüklü saçları açmaq
Sual:
 Malikini təqlid edən qadın, dəstəmazda və qüsldə, hörüklü saçını açmalıdırmı?

CAVAB
Malikidə, qadının, dəstəmazda hörüklü saçını açması lazım deyil. Hörüyün üstündən hamısını məsh etməlidir. Qüsldə də saçların dibinə, yəni başın dərisinə su dəyirsə, hörüyü açmaq yenə lazım deyil. Hənəfidə də belədir. Yəni qadınlar, hörüklü saçın diblərini islatdıqda, hörüyü yumaq lazım deyildir. Saç dibləri islanmazsa, hörüyü açmaq lazım olar. Hörülməmiş saçların hər tərəfini yumaq fərzdir. Malikidə qüsl alarkən saçları hilallamaq dalazımdır.

Hamiləlikdə gələn qan
Sual:
 Malikini təqlid edən hamilə qadından gələn qan heyzdirmi?

CAVAB
Bəli heyzdir. Malikidə, hamiləliyin ilk iki ayında heyzin ən uzun müddəti 15 gündür. İki ayından altı ayına qədər 20, altı aydan doğuşa qədər 30 gündür.

Müxtəlif suallar:
Sual:
 Tam Elmihalda, “Malikidə dəstəmaza başlayarkən niyyət etmək şərtdir” yazılıb. Qüsl bəhsində isə, “Dəstəmaza başlayarkən və ya üzü yuyarkən niyyət fərzdir” yazılıb. İslam Əxlaqı kitabında isə, “Əlləri yuyarkən fərzdir” yazılıb. Nə vaxt niyyət etmək lazımdır?

CAVAB
Malikidə dəstəmazda niyyət; əlləri yuyarkən də olar, üzü yuyarkən də olar. Tam Elmihalda iki ayrı qövl olduğu bildirilmişdir. Üz yuyulduqdan sonra olmaz. Əgər yaddan çıxsa da dəstəmazdan sonra, nə qədər vaxt keçirsə keçsin yada düşsə, dərhal bu dəstəmazı Malikiyə görə aldım deməklə dəstəmaz səhih olar. Yəni bu cür niyyətlə unudulan namazı da qəza etmək lazım olmur.

Sual: Maliki məzhəbini təqlid edən biri qaz qaçırsa, dəstəmazı pozulmazmı?
CAVAB
Qaz qaçırma Maliki məzhəbində də dəstəmazı pozur. Ancaq qaz qaçıran, yəni qazını, köpünü saxlaya bilməyən üzrlü olduğu üçün onun dəstəmazını pozmaz. Yoxsa qaz qaçırma hər zaman dəstəmazı pozur.

Sual: Malikini təqlid edən, yanlışlıqla qollarını yumadan əvvəl başını məsh edir, sonra dəstəmazın davamında xatırlayır. Qollarını yusa dəstəmazı səhihdir?
CAVAB
Səhihdir, çünki Malikidə sıra ilə yumaq şərt deyildir.

Sual: Hənəfidə, qüsl və namaz dəstəmazında bir yerin yuyulması yaddan çıxarsa sonradan yumaq olar. Malikidə ardıcıllıqla yumaq fərz olduğuna görə eyni vəziyyət Malikidə də keçərlidirmi?
CAVAB
Xatırladıqda gecikdirmədən yuyularsa Malikidə də səhih olar.

Sual: Malikini təqlid edənin tüpürcəyində çoxlu qanı varsa dəstəmazını pozurmu?
CAVAB
Ağızdakı yara və ya xəstəlik səbəbilə qan nə qədər çox çıxırsa çıxsın Malikini təqlid edənin dəstəmazını pozmaz.

Sual: Malikini təqlid edirəm. Hənəfidə bir şey dəstəmazımı pozmazkən, Malikidə pozsa nə olacaq və ya Hənəfidə pozub, Malikidə pozmursa necə hərəkət etməliyik?
CAVAB
Öz məzhəbində dəstəmazı pozan şey digər məzhəbdə də dəstəmazı bozar. Təqlid etdiyi məzhəbdə də pozan şey yenə dəstəmazı pozar. Təqlid etdiyimiz məzhəbin sadəcə fərzlərinə tabe olub, müfsidlərindən çəkinməliyik. Öz məzhəbimizin isə tamamına tabe olmalıyıq. Səmavi üzrlər, əldə olmayan hallar ayrıdır.

Sual: Malikidə, qüsl alarkən saçı hilallamaq, barmaqları daraq kimi keçirməkdir?
CAVAB
Bəli.

Dəstəmaz alarkən
Sual: 
Malikidə, dəstəmaz alarkən, çox sıx saqqalın altındakı dərini yumaq fərzdirmi?

CAVAB
Sadəcə saqqalı yumaq fərzdir. Dəstəmazda sıx saqqalın altındakı dəriyə suyun dəyməsi lazım deyil. Qüsldə isə, hilallayaraq suyu dəriyə dəydirmək lazımdır.

Əli qanayanın namazı

Başqa bir məzhəbi, ancaq ehtiyac halında, yəni məşəqqət olduqda təqlid etmək olar.

 

Sual: Əli qanayan Hənəfi məzhəbindəki bir Müsəlman, “Şafii və ya Maliki məzhəbində qan dəstəmazı pozmaz, mən Şafii məzhəbinə uyaraq namazımı qılıram” desə, qıldığı namaz səhih olarmı?

Cavab: Başqa bir məzhəbi, ancaq ehtiyac halında, yəni məşəqqət olduqda və o məzhəbin bütün şərtlərinə əməl edildikdə təqlid etmək olar. Hənəfi məzhəbində olan bir Müsəlmanın Şafii məzhəbini təqlid etməsi, ancaq bir fərzi edərkən və ya haramdan qaçarkən qarşılaşdığı məşəqqətdən (çətinlikdən), sıxıntıdan qurtulması üçün caiz olar. Caiz olduğu zaman da, təqlid edilən məzhəbin bütün şərtlərinə əməl etmək lazımdır. Çünki Bəhrül-fətava kitabında:

“Hənəfi məzhəbində olanın bədənindəki yarasından durmadan qan axsa, hər namaz vaxtında dəstəmaz alması çətin olsa, Şafii məzhəbinə tabe olaraq namaz qılması caiz olmaz” deyilir. Çünki Şafii məzhəbinin şərtlərinə də əməl olunmazsa, namazı səhih olmaz.

Sual: Bir səbəbdən ötrü başqa məzhəbi təqlid edən şəxs öz məzhəbindən çıxmış sayılır?

Cavab: Bir ibadəti edərkən başqa bir məzhəbi təqlid edən şəxs, öz məzhəbindən çıxmış, məzhəb dəyişdirmiş sayılmaz. Yalnız o işi edərkən digər məzhəbin şərtlərinə də riayət etmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину