Facebook Twitter WhatsApp

Seyid Abdulhakim Arvasi

Son əsrdə yetişən, zahir və batin elmlərində kamil və dörd məzhəbin fiqh bilgilərində mahir, böyük alim və ruh bilgilərinin mütəxəssisi böyük vəlidir. Atası Seyid Mustafa Əfəndidir. 1865-ci ildə Vanın Başqala qəzasında doğuldu. 1943-cü ildə Ankarada vəfat etdi. Qəbirləri Ankaranın Bağlum nahiyəsindədir.

Atası Seyid Mustafa Əfəndi və bütün babaları dövrünün alim və fazilləri idilər. İmam Əli Rza ibn Musa Kazım nəslindən olub, seyid olduqları İraqdakı şəriət məhkəmə dəftərlərində qeyd edilmişdir. Arvasi ailəsi altı yüz ildən bəri elm yaymaqla və ən üstün insanlıq məziyyətlərində nümunə olmaqla tanınmış və xalq arasındakı ayrılıqları aradan qaldırmaqda, milli birliyi təmin etməkdə böyük vəzifələr öhdəliyə götürmüş və bunları davam etdirərək gəlmişlərdir.

İlk təhsilini atasının hüzurunda gördü. Seyid Abdulhakim Arvasi həzrətləri Nəhridə gördüyü bir yuxu üzərinə təhsilinə daha böyük əhəmiyyət verdi. Bu yuxunu belə anlatmaqdadır:

Nəhri adlı qəsəbədə din və fənn elmləri üzərinə təhsil alırdım. Ramazan ayını ailəmlə birlikdə keçirmək üçün məmləkətimə qayıtdım. Hələ ilk məktəb kitablarını təhsil etdiyim zamanlar idi. Ramazan ayının on beşinci Çərşənbə axşamı gecəsi yuxuda Allahın Rəsulunu gördüm. Uca bir taxt üzərində, risalət məqamında oturmuşdular. Onun heybət və cəlalı qarşısında dəhşətə düşmüş, yerə baxarkən, arxamdan bir kimsə yavaş-yavaş sağ tərəfimə yanaşdı. Göz ucuyla ona baxdım. Qısaya yaxın orta boylu, saqqallı, aydın alınlı bir şəxs idi. Bu şəxs sağ qulağıma eşidilə bilməyəcək qədər yüngül bir səslə, fiqh elminin heyz məsələlərindən bir sual soruşdu: “Heyz zamanında bir qadının, məscidə girməsi uyğun deyilkən, iki qapılı bir məscidin bir qapısından girib o biri qapısından çıxmaqda dinən sərbəstdirmi?” Allah Rəsulunun heybətindən büzülmüşdüm. Sualı təkrar soruşmaması üçün çox yavaşca və alçaq bir səslə; “Dinin sahibi hazırdır, buradadır” deyə cavab verdim. Məqsədim, Peyğəmbərin hüzurunda heç kimin din məsələləri haqqında başqasına sual soruşmamasını izah etmək idi. Rəsulullah əfəndimiz, səs eşidilə bilməyəcək bir məsafədə olmasına baxmayaraq cavabımı eşitdilər. Dayanmadan; “Cavab veriniz!” deyə üst-üstə iki dəfə əmr buyurdular.

Sabahısı gün, zöhr namazı vaxtında atamın məscidə gəliş yolları üzərində dayandım. Bir şeyi ərz edəcəyimi hiss edərək yanıma gəldilər. Yuxumu danışdım. Üzlərində böyük bir sevinc dalğası yayılarkən; “Səni müjdələyirəm! Aləmin Fəxri səni məzun və din bilgilərini təbliğə məmur buyurdular. İnşaallah alim olarsan! Bütün gücünlə çalış” deyərək yuxumu təbir etdi. Atama; “Kainatın əfəndisi hüzurunda, bu qədər din məsələsi var ikən mənə heyz bəhsindən sual verilməsinin və cavabının tərəfimdən verilməsi haqqındakı Rəsulullahın əmrinin hikməti nədir?” deyə soruşdum və bu cavabı verdi:
“Heyz, fiqh bilgilərinin ən çətini olduğu üçün, belə bir sual, sənin irəlidə din elmləri baxımından çox yüksələcəyinə işarədir.”

Bu yuxudan sonra on il müddətlə, Cümə gecələrindən başqa heç bir gecəni yorğan altında keçirdiyimi xatırlamıram. Səhərə qədər dərslə məşğul olub insanlıq gərəyi yuxunu kitab üzərində keçirdim. İnsan gücünün üstündə deyilə biləcək bir səy və istəklə çalışdım.

Seyid Abdulhakim Arvasi həzrətləri öyrəndiyi fiqh, təfsir kimi elmlərin yanında onu mənəvi yoldan yetişdirəcək bir rəhbərə qovuşma arzusu ilə yanırdı. Digər tərəfdən Seyid Taha Hakkarinin xəlifəsi Seyid Fəhim Arvasi, yuxusunda Allahu təalanın Rəsulunu gördü. Peyğəmbər əfəndimiz ona; “Abdulhakimin tərbiyəsini sənə ismarladım” buyurmuşdu.

Nəhayət, Seyid Abdulhakim Arvasi 1878-ci ildə (hicri 1295) Seyid Fəhim Arvasi həzrətlərinin hüzuruna qovuşdu və xocasından aldığı ilk əmr, tövbə və istixarə oldu. İstixarədə belə bir yuxu gördü:
Seyid Taha həzrətləri məsciddə tələbəsi Seyid Fəhimə bu əmri verirdi: “Abdulhakimi al, paltarını çıxar, cəvazimatı-xəms bulaqlarında öz əlinlə tamamilə yu! Sonra ikimizə də imam olsun!.. Seyid Fəhim həzrətləri onu alıb cəvazımatı-xəms bulaqlarında yuyur, o da əlini onun çiyininə qoyaraq, sağ ayağını özü üçün sərilmiş olan səccadəyə qoyurdu.

Bu yuxu onun tələbəliyə qəbul edildiyinə dair çox açıq bir sübut idi. Təbirə möhtac qismi yalnız cəvazımatı-xəms təbiri idi. Cəvazımat, cəzmin cəm halı olub qəti, dəqiq deməkdir. Xəms yəni beş ədədi isə aləmi-əmrin, lətifənin təsfiyəsinə işarə olduğu açıq idi. Yuxunun başqa təbirə möhtac olmayan açıqlığı ayrı bir ilahi lütf və sonsuz bir ehsan idi.

Seyid Abdulhakim Arvasi gördüyü bu yuxunun təsiri ilə böyük bir eşqlə elm təhsil edib, elmdə irəlilədiyi kimi, Seyid Fəhim həzrətlərinin söhbət və təvəccöhləri ilə könlünü nurlandırdı.

Yüksək təhsilini zamanın ən böyük alim və övliyası Seyid Fəhim Arvasi həzrətlərinin hüzurunda tamamladı. 1300-cü hicri il başında elmi-sərf, nəhv, məntiq, münazirə, vad, bəyan, məani, bədi, bəlağət, kəlam, üsuli-fiqh, təfsir, təsəvvüf, ülumi-hikəmiyyə, yəni hikməti-təbiiyyə (fizika, biologiya), hikməti-ilahiyyə, riyaziyyə (yəni riyaziyyat, həndəsə), heyət (astronomiya) kimi zahir elmlərdə icazət (diplom); təsəvvüfün Nəqşibəndiyyə, Qadiriyyə, Kübrəviyyə, Sührəvərdiyyə və Çeştiyyə yollarından xilafət aldı. Başqalada otuz il qədər tədris və irşad ilə məşğul oldu. Yəni dərs oxutdu və insanlara Allahu təalanın əmr və qadağalarını anlatdı.

1914-cu ildə (hicri 1332) Birinci Dünya Müharibəsi çıxıb Ruslar Şərqi Anadolunu işğal etdikdə, Başqaladan hicrət edib, İraqa, oradan Adana, Əskişəhər və 1919-cu ildə (hicri 1337) İstanbula gəldi. Əyyub Sultanda əvvəl yazılı mədrəsəyə, sonra Gümüşsuyu Təpəsindəki Mürtəza Əfəndi Dərgahına yerləşdi və Qaşqari Xanəgahı məşixətinə təyin olundu. İslam xəlifələrinin və Osmanlı Sultanlarının sonuncusu olan Sultan Vahidəddin tərəfindən Mədrəsəyi-mütəxəssisin deyilən İlahiyyat Fakültəsində təsəvvüf müdərrisi, yəni ordinar professor olaraq 8 Zilqadə 1919 (hicri 1337) tarixli fərman ilə təyin edildi.

Anadoluda vuruşan Qüvayi-Milliyyənin qalib gəlməsi üçün pul, mal və dua ilə kömək edilməsi, əli silah tutanların onlara qatılmaları üçün milləti təşviq edərək çox kimsəni Anadoluya göndərdi. Çox yardım edilməsinə səbəb oldu. Uzun zaman irşad, vəz və tədris ilə məşğul olub həyatının sonuna doğru İzmirə göndərildi. Çətin şərtlər altında İzmirdə yaşadığı sırada qocalığın da verdiyi taqətsizliklə xəstələndi. Ankaraya gətirildi. Ankaraya gəldikdən bir neçə gün sonra 27 Noyabr 1943 (hicri 1362) tarixində çətinliklərlə dolu dünyadan axirətə intiqal etdi. Ankaranın şimalında olan Bağlum nahiyəsində dəfn oldu. Qəbri ziyarət edilməkdə, hüzurunda edilən dualar qəbul olunmaqdadır.

Seyid Abdulhakim Arvasi bədən olaraq son dərəcə mötədil və qüsursuz idi. Buğdayı bənizli idi. Alnı geniş və açıq idi. Qaşları birər hilal kimi olub, qabarıq incə və ölçülüydü. Nur baxışlı gözləri iricəydi. Burnu ahəngli və normaldan böyükcəydi. Üzü bir qədər arıq olub saqqalı sıx idi. İri bədənli olub, insana mütləq surətdə hörmət təlqin edici bir vüqar və heybəti vardı.

Hər halı və hərəkəti ilə İslamiyyətə tabe olardı. Çox təvazökar olub; “Mən” dediyi eşidilməmişdi. Çox heybətli və təmkin sahibi idi. Çox qonaqsevər idi. Kömək etməkdən xoşlanardı. Ziyarətlərə gedər, dəvətlərə icabət edərdi.

Seyid Abdulhakim Arvasi din bilgilərində və təsəvvüfün incə mərifətlərində dərin bir dərya idi. Universitet mənsubları, fənn və dövlət adamları, həll edilə bilməz zənn etdikləri çətin bilgiləri soruşmağa gələr; söhbətində, dərsində bir saat qədər oturunca, cavabını alar, soruşmağa ehtiyac qalmadan o bilgi ilə doymuş olaraq qayıdardı. Təvəccöhünü, sevgisini qazananlar, saysız kəramətlərini görərdi. Çox təvazökar, pək alçaqkönüllü idi. Əyyub Sultan, Fateh, Bayəzid, Bakırköy, Qadıköy, Bəyoğlunda Ağa Məscidi-şərifləri kürsilərində illərlə elm nəşr etmişdir. Sultan Səlim Məscidi-şərifi yanındakı Süleymaniyyə Mədrəsəsində, təsəvvüf müdərrisi (professoru) ikən Ər-Riyadüt-Təsəvvüfiyyə kitabını yazmışdır. Təsəvvüf haqqında risalə böyüklüyündə mütəəddid məktubları vardır. Mövlud oxunmasının və təsbeh istifadə etmənin başlanğıcı və məşru olması haqqında bir risalə, Rabitəyi-Şərifə Risaləsi, Səhabeyi-Kiram və Əcdadı-Peyğəmbəri risalələri, İslam Hüququ, Kəşkül və Səfəri-Axirət adlı əsərləri, Ərəbcə, Farsca və Türkcə şeirləri çox qiymətlidir.

Yetişdirdiyi seçkin din adamlarının ən səlahiyyətlisi; müxtəlif din və fənn kitablarının müəllifi, əczaçı, kimyagər və təqaüdçü müəllim polkovnik Hüseyn Hilmi İşıq bəy əfəndidir. 1929-dan 1943-cü ilə qədər o böyük şəxsdən dərs almış, Ərəbcə və Farsca tərcümələr edərək gəncliyə xidmət üçün çalışmışdır. Türkcə, Ərəbcə, Farsca, Almanca, Fransızca və İngiliscənin yanında, başqa dillərdə də müxtəlif din kitabları nəşr etmişdir. Bütün elm və feyzini, Abdulhakim Arvasidən aldığını əsərlərində ifadə etməkdədir.

25 il əvvəlki yuxudakı şəxs

Seyid Abdulhakim Əfəndi, 1897-ci ildə həcc vəzifəsi ilə Hicaza gəldiyi zaman əvvəl Mədinəyə gəlib Peyğəmbər əfəndimizin Qəbri-şərifini ziyarət etdi. Yanında Hacı Ömər Əfəndi adında əşrafdan bir şəxs var idi. Onunla birlikdə bir gecə, mübarək Rövzədə axşam namazından sonra, üzünü səadət şəbəkəsinə çevirmiş, son dərəcə ədəb və hörmət içərisində gözləyərkən, sağ tərəfində oturan Hacı Ömər Əfəndi qulağına əyilib yavaşca:

“Rəfiqəm, indi üzr sahibidir. Peyğəmbər Məscidini ziyarətə gələ bilməz. Babüs-Səlamdan girərək Peyğəmbər hüzurunda bir salam verib, Babı-Cibrildən çıxmasına dinən icazə vardırmı?” dedi.

Seyid Abdulhakim həzrətləri o anda 25 il əvvəlki yuxunun xatirinə gəlməsi ilə qorxuyla sarsıldı. Hacı Ömər Əfəndinin üzünə bir daha baxdı. Bəli 25 il əvvəl yuxusunda gördüyü şəxs də bu şəxs idi.

Yavaşca:
“Bu sualın cavabına məzun olmaq belə dursun, əksinə məmuram!” buyurdu. Ancaq yuxuda olduğu kimi Rəsulullah əfəndimizin hüzurunda olduğundan cavab verməkdə üzrlü olduğunu bildirdi. Babı-Rahmədən çölə çıxdıqdan sonra həm məsələni cavablandırdı və həm də yuxunu təfsilatı ilə danışdı.

Sultanın dua və yardım istəməsi

Sultan Vahidəddin Xan onu çox sevər, təqdir edərdi və dualarını istəyərdi. Necə ki, Abdulhakim Əfəndi həzrətləri belə anlatdı: “Məmləkətin işğal altında olduğu və qurtuluş savaşının başladığı günlər idi. Beşiktaşda Sinanpaşa Məscidində vəz edib çıxırdım. Qapı qarşısında dayanan bir saray arabasından, nəzakətli bir bəy enib; “Əl məlikü yəqraükəssəlam və yədukə iləttaam” yəni “Sultan sənə salam edir və səni iftara çağırır” dedi. Araba ilə saraya getdik. İstanbulun seçilmiş vaizləri, imamları çağırılmışdı. Yeməkdən sonra sər müsahib gəldi. Sultanın salamı var. Hamınızdan xahiş edir. Anadoluda kafirlərlə vuruşan qüvayi-milliyyənin qalib gəlməsi üçün dua etmənizi və Anadoludakı mücahidlərə pul və dua ilə kömək etmələri, əli silah tutanların onlara qatılmaları üçün milləti təşviq etmənizi xahiş edir, dedi. Bu əmr üzərinə çox kimsəni Anadoluya göndərdim. Çox kömək edilməsinə səbəb oldum.

Bir dəfə də Sultan Vahidəddin Xan, Ramazanı-şərif ayında Xirqəyi-səadətin olduğu otağı ziyarət edəcəkdi. Seyid Abdulhakim Əfəndini də dəvət etdi. Digər qabaqcıl dövlət adamları və din adamları da oradaydı. Bu hadisənin davamını xidmətlərini görən Şakir Əfəndi belə nəql etməkdədir:
Sultan tam Xirqəyi-səadətin olduğu otağın qapısına gəldikdə, Abdulhakim Əfəndi haradadır? deyə soruşdu. Oradakı camaat bir-birlərinə baxışdılar. O adda bir kimsəni tanımırdılar. Arxaya doğru xəbər verdilər. Əfəndi həzrətləri, mənim adım Abdulhakimdir deyər-deməz, sultan sizi gözləyir deyərək, dərhal yol açdılar. Sultan gözləyib yan-yana biri dünya, biri axirət sultanı olaraq, Sultanül-ənbiya Peyğəmbər əfəndimizin səadətli xirqələrinin olduğu otağa girdilər. Bərabərcə ziyarət etdilər. Çıxanda Sultan bərəkət sayaraq orada olanlara birər yaylıq, ona isə iki yaylıq hədiyyə etmişlər. Mən çöl qapıda Əfəndini gözləyirdim. Gəldilər və ziyarətlərini anlatdılar. “Sultan hər kəsə bir yaylıq verdi, mənə iki dənə verdi. Biri sənindir”, buyurub birini mənə verdilər.

Abdulhakim Arvasi həzrətləri siyasətə heç qarışmamış, siyasi firqələrə bağlanmamışdır. Separatçılığa qarşı idi. Tələbələri ona təkkələrin bağlanması ilə əlaqədar olaraq soruşduqları zaman:

“Hökumət, təkkələri deyil, boş məkanları bağladı. Onlar öz-özlərini çoxdan bağlamışdılar” demişdir. Bu müəzzəm görüş, o günlərin ümumi mənada təkkə və dərgah növünə aid təşxislərin ən gözəlidir.

Qanunlara tabe olmaqda çox diqqətli davranar, nitqlərində də bunu tövsiyə edərdi.

Abdulhakim Əfəndinin yeməsi, içməsi, yatması, qalxması, danışması, susması, gülməsi, ağlaması daim İslamiyyətə və Rəsulullah əfəndimizin halına uyğun idi. Onun yeməsini görən sanki adət yerini tapsın deyə yeyir zənn edərdi. Az yeyər, tikələri kiçik alar və yavaş yeyərdi. Yaxınları onu otuz ildir qaylulə edərkən və ya yatarkən bir dəfə olsun kürək üstə və ya sol tərəfinə dönüb yatmadığını söyləmişlərdir. Həmişə sağ yanı üzərinə yatar, sağ əlinin içini sağ yanağı altına qoyar, elə yatardı. Hər halı istiqamət üzrə idi. “İstiqamət, yəni Allahu təalanın bəyəndiyi doğru yol üzrə olmaq kəramətin üstündədir” sözünü sıx-sıx təkrar edərdi.

Çox təvazökar, pək alçaqkönüllü idi. Mən dediyi heç eşidilməmişdi. İslam alimlərinin adı keçdiyi zaman:

“Bizlər o böyüklərin yanında hazır olsaq soruşulmarıq, qaib olsaq axtarılmarıq.” Və, “Bizlər o böyüklərin yazılarını anlaya bilmərik. Ancaq bərəkətlənmək üçün oxuyuruq” buyurardı. Halbuki özü bu bilgilərin mütəxəssisi idi.

Abdulhakim Arvasi həzrətlərinin qiymətli sözlərindən bəziləri:
“Hər peyğəmbər, öz zamanında, öz məkanında, öz qövmünün hamısından, hər baxımdan üstündür. Muhamməd əleyhissəlam isə hər zamanda, hər məmləkətdə, yəni dünya yaradıldığı gündən qiyamət qopana qədər, gəlmiş və gələcək, bütün varlıqların, hər baxımdan ən üstünüdür. Heç kim, heç bir baxımdan Onun üstündə deyildir. Bu ola bilməyəcək bir şey deyildir. Dilədiyini edən, hər istədiyini yaradan Onu belə yaratmışdır. Heç bir insanın Onu mədh edəcək gücü yoxdur. Həç bir insanın Onu tənqid edəcək iqtidarı yoxdur.”

“Haqq təalanın hakimliyini tanıdığınız, əmanəti və əmniyyəti pozmayaraq çalışdığınız zaman, bir-birinizi nə qədər sevəcək, bir-birinizə nə qədər bağlı qardaşlar olacaqsınız. Sizin o qardaşlığınızdan Allahın mərhəməti nələr yaradacaqdır. Qovuşduğunuz hər nemət daim Haqqa imanın hasil etdiyi qardaşlığın nəticəsi və Allahu təalanın mərhəmət və ehsanıdır. Gördüyünüz hər müsibət və fəlakət də; daim hirsliliyin, nifrətin və düşmənliyin nəticəsidir. Bunlar isə haqqı tanımamanın, zülm və haqsızlıq etmənin cəzasıdır.”

“Böyüklərin sözü, sözlərin böyüyüdür.”

“Övliyanın sözündə rəbbani təsir vardır.”

“İnsanı bürüyən sıxıntıların birinci səbəbi, Haqqa qarşı şirk və müşriklikdir. Elm və fənn irəlilədiyi halda, insanlığın üfüqlərini sarmış olan fəsad qaranlığı bütünlüklə şirkin, imansızlığın, vəhdətsizliyin və sevişməzliyin nəticəsidir. Bəşəriyyət nə qədər uğraşırsa-uğraşsın, sevib-sevilmədikcə, iztirab və fəlakətdən xilas ola bilməz. Haqqı tanımadıqca, Haqqı sevmədikcə, Haqq təalanı hakim bilib, Ona qulluq etmədikcə, insanlar, birbiri ilə sevişə bilməz. Haqqdan və Haqq yolundan başqa hər nə düşünülsə, hamısı ayrılıq və pərişanlıq yoludur.”

“Müsəlmanların öyrənməsi lazım olan bilgilərə Ülumi-İslamiyyə (İslamiyyət bilgiləri) deyilir. İslam dininin əmr etdiyi bu bilgiləri Rəsulullah əleyhissəlam ikiyə ayırmışdır. Biri, “ülumi-nəqliyyə”, yəni din bilgiləri; digəri “ülumi-əqliyyə” yəni fənn bilgiləridir, buyurmuşdur. Din bilgiləri dünya və axirətdə, hüzuru, səadəti qazandıran bilgilərdir.

Bunlar da ikiyə ayrılır: “Ülumi-aliyyə”, yəni yüksək din bilgiləri və “ülumi-ibtidaiyyə”, yəni ibtidai elmləri. İslam elmlərinin ikinci qismi olan ağıl bilgilərinin, yəni təcrübi elmlərin yaxşı öyrənilməsi, incə və dərin din bilgilərinin asan və aydın anlaşılmasına kömək edər. Riyaziyyat, fizika öyrənmək din bilgilərini qüvvətləndirər. Astronomiya, arifmetika və həndəsə, dinə köməkçi bilgilərdir. Təcrübi fizikadakı (təcrübə və isbat edilənlərə əsasən uymayan) bir neçə yanlış nəzəriyyə və hipotezdən başqa hamısı dinə uymaqda, imanı qüvvətləndirməkdədir. İlahi fizika (metafizika) bilgilərindən, çürük, zay olanları dinə uyğun gəlməz. Bu elmlər öyrənildikdə, din bilgilərinin əqli elmlərə uyan və əqli bilgilərlə həll edilməyən yerləri və səbəbləri meydana çıxar və ağla uyğun sanılmayan, ağlın çata bilmədiyi məsələlərin inkar edilə bilməyəcəyi aydın olar.”

“Qurani-kərimdən və Rəsul əleyhissəlamın hədisi-şəriflərindən sonra ən qiymətli kitab, İmam Rabbani həzrətlərinin Məktubat kitabıdır. Hənəfi məzhəbində ən mükəmməl və ən qiymətli fiqh kitabı, İbni Abidinin Dürrül-Muxtar haşiyəsidir. Şəfiidə Tuhfətül-Muhtac kitabıdır.”

“İslam dini Allahu təalanın Cəbrayıl adındakı mələk vasitəsi ilə sevgili Peyğəmbəri Muhamməd əleyhissəlama göndərdiyi, insanların dünyada və axirətdə rahat və məsud olmalarını təmin edən üsul və qaydalardır. Bütün üstünlüklər, faydalı şeylər İslamiyyətin içindədir. Köhnə dinlərin görünən-görünməyən bütün yaxşılıqlarını İslamiyyət özündə cəmləmişdir. Bütün səadətlər, müvəffəqiyyətlər ondadır. Yanılmayan, çaşmayan, ağılların qəbul edəcəyi əsaslardan və əxlaqdan ibarətdir. Yaradılışında qüsursuz olanlar onu rədd etməz və nifrət etməz, İslamiyyətin içində heç bir zərər yoxdur. İslamiyyətin xaricində heç bir mənfəət yoxdur və ola bilməz.”

“Son zamanlarda təkkələr cahillərin əlinə düşdü. Dindən, imandan xəbəri olmayanlara şeyx deyildi. Din düşmənləri də bu şeyxlərin sözlərini, oyunlarını ələ alaraq dinə xurafatlar qarışmışdır, dedi. Halbuki pozulmuş təriqətcilərin sözlərini, işlərini din zənn etmək, bunları təsəvvüf böyükləri ilə qarışdırmaq çox səhvdir. Dini bilməmək, anlamamaqdır. Dində söz sahibi olmaq üçün, Əhli-sünnət alimlərini tanımaq, o böyüklərin kitablarını oxuyub, yaxşı anlaya bilmək və bildiyini etmək lazımdır. Belə bir alim olmazsa, din düşmənləri meydanı boş tapıb, din adamı şəklinə girər. Söhbətləri ilə, kitabları ilə gənclərin imanını oğurlayaraq millət və məmləkəti fəlakətə apararlar.”

“Təmiz və yeni paltar geyinin. Getdiyiniz yerlərdə əxlaqınızla, sözlərinizlə, İslamın vüqarını, qiymətini göstərdiyiniz kimi, geyiminizlə də hörmət və diqqət qazanın.”

“Müxtəlif, ləzzətli yeməklərlə və şirin, soyuq şərbətlərlə bədənlərinizi rahat və xoş tutun.”

“Allahu təala hər şeyi bir səbəb altında yaratmaqdadır. Bu səbəblərə iş edə biləcək təsir, qüvvət vermişdir. Bu qüvvələrə təbiət qüvvələri, fizika, kimya və biologiya qanunları deyirik. Bir iş etməyimiz, bir şeyi əldə etməyimiz üçün, bu işin səbəblərinə riayət etməyimiz lazımdır. Məsələn, buğdanın əmələ gəlməsi üçün, tarlanı şumlamaq, əkmək, əkini biçmək lazımdır. İnsanların bütün hərəkətləri, işləri, Allahu təalanın bu adəti içində meydana gəlməkdədir. Allahu təala sevdiyi insanlara yaxşılıq, ikram olmaq üçün və azğın düşmənlərini aldatmaq üçün bunlara adətini pozaraq səbəbsiz şeylər yaradır.”

“Tək vaxt namazımı qaçırmaqdansa, min dəfə ölməyi üstün tutaram.”

“Namaz, aman namaz, harada və nə şərt altında olur-olsun mütləq namaz qılın.”

“Ən böyük ədəb, ilahi hüdudu mühafizədir, diqqət etməkdir.”

“Allahu təala bir quluna iman vermişsə, ona daha nə verməmişdir. İman verməmişsə, ona daha nə vermişdir!”

“Bizim məclisimizdə olanlar, sükut içində otursalar və sükutdan başqa bir şey görməsələr belə, din mövzusunda özünü alim imiş kimi göstərənlərin xətalarını kəşf edərlər, bir-bir çıxararlar.”

“Qurani-kərim şəfadır. Lakin şəfa suyun gəldiyi boruya tabedir. Pis borudan şəfa gəlməz.”

“Gerçək kəramət, kəramətin gizlənməsidir. Bunun xaricində görünənlər, vəlinin iradə və ixtiyarı ilə deyildir. İlahi hikmət elə gərəkdirir deməkdir.”

“Allahu təala sirrini əmininə verər. Bilən söyləməz, söyləyən bilməz.”

“Axmaqlıq, xətada israr etməkdir.”

“Din bilgiləri, dünyada və axirətdə, hüzuru, səadəti qazandıran bilgilərdir.”

“Allahu təala dilədiyini edər. İstər səbəbli istər səbəbsiz, dilədiyi kimi əzab və ya lütf edər. Gözəl və doğru Onun dilədiyidir.”

“Allahu təala bizə rəhmətilə rəftar etsin. Ədalətilə rəftar etsə yanarıq.”

“Riya olmasın deyə camaatdan qaçanlar ayrı bir riya içindədirlər.”

“Elm cəhaləti aradan qaldırar, yox edər, axmaqlığı deyil.”

“Cəmiyyətdəki ruh xəstəliklərinin səbəbi, iman əskikliyidir.”

Tələbələrindən bəziləri o elm dəryası böyük vəlidən bu sözləri və mənqibələri nəql etmişlərdir.

 

Tələbələrindən Hafiz Hüseyn Əfəndi anladır:

Təhsilimi İstanbulda aldım. Ərəbcə və farscanı yaxşı bilirdim. Hər yığıncaqda söz sahibiydim. Bir gün məni Abdulhakim Arvasi həzrətlərinə apardılar. Məqsədim orada da söz sahibi olmaq idi. Ona çox yaxın bir stulda oturdum. Söhbətə başladı. Dərhal sonra stulda oturmaqdan həya edib, yerə endim. Söhbətdə heç bilmədiyim, eşitmədiyim şeyləri anladırdı. Yaxınında yerə oturmaqdan da həya edib bir az geri çəkildim. Bir az daha bir az daha deyə-deyə nəhayət özümü qapının qarşısında gördüm. Az qala qapıdan çölə çıxacaq vəziyyətə gəlmişdim. Mən illərlə şeyxlik məqamında oturmuş, tələbələri olan biriydim. Seyid Abdulhakimi görəndə ancaq tələbə olacağımı anladım və tələbələrimə:
“Seyid Abdulhakim Əfəndini görüncə, tanıyınca şeyxliyin nə olduğunu anladım, ətəyinə yapışmaqdan başqa işim qalmadı” dedim. O böyük şəxsə tələbə olmaqla şərəfləndim.

Otuz il boyunca yanından ayrılmayan yaxını Şakir Əfəndi anladır:
Bir səhər dərgahın məscidində namaz qılırdıq. Əfəndi ilə ikimiz idik. Hər zamankı kimi məni imam təyin etdilər. Məscidin giriş qismi başdan-başa şüşədən olduğu üçün girişdəki sofa şəklində oturma yerindən məscidin içi açıq-aydın görünürdü. Biz namaza hazırlaşarkən zövcəm də gəlib sofa qismində çaylarımızı hazırlamağa başlamışdı. Namaz və dua bitdikdən sonra, sofaya keçdik. Gördük ki, samovarın ətrafında iki çay fincanı yerinə bir çox fincan var. Zövcəmə, bu qədər fincana gərək olmadığını söyləyib, nə üçün ikidən çox fincan gətirdin, deyincə, bu cavabı aldım: “Heyrət! Arxanızda böyük bir camaat var idi. İndi dağılışıblar.”

 

Tələbələrindən İlyas Əfəndi anladır:

Bir gün qoca bir qadın dülgər dükanıma gəlib; “Bir otaqlı evim var. İkinci bir otaq tikdirirəm. Kirəyə verib onunla dolanacağam. Ödənişini kirə pulundan vermək üzrə, mənə bir qapı və pəncərə düzəldərsənmi?” dedi. Sabah gəl, danışarıq dedim. Məqsədim, Seyid Abdulhakim Əfəndiyə gedib məsləhətləşmək idi. Əsr vaxtı dərgahlarına getdim. Halımı soruşdular. “Müştəri gəlirmi?” dedilər. “Gəlir” dedim. Amma soruşmaq üçün getdiyim qadını unutmuşdum. “Sifariş verən olurmu?” dedilər. “Bu gün yoxdur” dedim. “Qadın müştəriləriniz olurmu?” buyurdular. Yenə xatırlamadım. Bunun üzərinə; “Bu gün gələn qadının işini gör!” buyurdular. Ancaq o zaman xatırlaya bildim.

Bir gün Bayəzid Məscidində nəsihət verərlərkən mövzu ilə heç əlaqəsi olmadığı halda; “Sizdən biriniz evə gedib, uşağını damda kirəmitlər üzərinə çıxmış, göyərçin qovalar görərsə, qışqırmadan, gözəlliklə, balam, bax sənə nələr gətirdim, şəkər aldım, desin, onu tutub içəri gətirdikdən sonra danlasın” buyurdu. Söhbəti dinləyən Ağhisarlı bir şəxs içindən, indi bunun da nə əlaqəsi var deyə keçirdi. Söhbətdən sonra evinə getdiyi zaman baxdı ki, uşağı evin damına çıxmış, kirəmitlər üzərində göyərçin tutmaq üçün, az qala kənardan düşəcək haldadır. Uşaq kiçik olub üç-dörd yaşında idi. Dərhal Abdulhakim Əfəndinin nəsihətlərini xatırladı və dediyi kimi də etdi. Uşaq düşməkdən xilas oldu.

 

Nəcib Fazil Qısakürək anladır:

1941-ci il… Almanlar sərhədimizdə. Mən bir qəzetdə çıxan yazılarımda da üzərində durduğum kimi, İkinci Dünya Müharibəsinə girməyimizin bir an məsələsi olduğuna inanıram. Bu məsələni hüzurlarında müdafiə edirəm. Lütf edib dinləyirlər. Ətraflarında yaxınlarından bir neçə nəfər və hüquqşünas Mahmud Vəziroğlu adında onu sevənlərdən bir şəxs var. Hərbə sürüklənmək məcburiyyətimizi riyazi bir vaqiə halında göstərir və anladıram. Axıra qədər dinlədikdən sonra buyurdular ki: “Hərbə girilməz. Yalnız Birinci Dünya Müharibəsində olduğu kimi bahalılıq olmasa, talon qaydası çıxmasa.” Buyurduqları kimi oldu. Hərbə girmədik. Lakin bahalılıq, talon qaydası milləti məhv etdi. Mahmud Bəy, mənə bu kəraməti sıx-sıx təkrar edər və; “Müdhiş, müdhiş!... Hər kəs hərbi gözləyərkən; “Hərbə girilməz” və kimsə talon qaydası gözləməzkən “O olacaq” buyurmaları böyük kəramətdir” deyərdi.

 

Faruq Bəy anladır:

Bundan illər əvvəl oğlum Növzad, o zamanlar yaşadığımız binanın mərtəbəsinin balkonundan aşağıya, beton bir zəmin üzərinə düşdü. Uşağı koma vəziyyətində xəstəxanaya çatdırdıq. Ayıldı. Lakin əqli qabiliyyətlərini itirmiş halda idi. İstanbula apardıq. Bütün mütəxəssis sinir və ağıl həkimlərinə göstərdik. Demək olar ki, hamısı ümid görə bilmədiklərini söylədilər. Bir yunan həkim erkən demensiya diaqnozunu qoydu və şəfası yoxdur, hökmünü basdı. Büluğ dövründəki uşağımı böyük əmisi Abdulhakim Əfəndinin qollarına təslim etdim. Uşaq təkkədə qırx gün qaldı. Bu müddət ərzində, onu nəzərlərindən ayırmadılar. Yalnız; “Məhzunum, məhzunum!” deyə qüssələnərək işi, Allahu təalaya həvalə etdilər. Qırx gün sonra Növzad, heç bir zaman sahib olmadığı maddi və mənəvi bir səhhətə qovuşdu. Hüquq Fakültəsini bitirdi. Uzun illər DSİ-də vəkillik etdi, oradan təqaüdə çıxdı. Abdulhakim Əfəndi, qardaşoğlusu olan Faruq İşıq Əfəndini çox sevərdi. Bir kəsi mədh etmək istəsəydi; “Faruq xaric hamımızdan yaxşıdır” deyərdi. Qəbri, Abdulhakim Arvasinin ayaq ucundadır.

Bayəzid Məscidində; Ərzincan zəlzələ fəlakətindən bir həftə qədər əvvəl: “Allahu təala zinanın aşkar halda olduğu yerlərə zəlzələ ilə cəza verər. Ərzincan kimi” buyurmuşlar. Heç kim o əsnada bu mənanı anlaya bilməmiş, amma bir həftə sonra, eşidənlər bu böyük bir kəramət idi, anlaya bilmədik demişlərdir.

 

Tələbələrindən Tahir Əfəndi anladır:

Abdulhakim Əfəndi həzrətləri buyurdular ki: “Övliyanın hüzuruna dolu gedən boş, boş gedən dolu qayıdar.” Bir gün mənə: “Tahir Əfəndi, evində kitab qalmasın, kitabları evdən çıxar, başqalarına ver” buyurdular. Evə getdim. Qiymətli kitablarıma qıya bilmədim. Əmrləri yerinə gəlsin deyə, bir neçə kitab verdim. İşadan sonra yatdım. Abdulhakim Əfəndini gördüm. “Tahir, kitabları evdən çıxardınmı?” buyurdular. Qalxdım. Dəstəmaz aldım. İki rükət namaz qıldım. Yenə yatdım. Hələ yuxuya getməmişdim. Abdulhakim Əfəndi gəldi. “Hələ kitabları evdəmi saxlayırsan?” buyurub, hiddətləndi. Qorxdum. Dərhal qalxıb, bütün kitablarımı evdən çıxardım. Gəldim yatdım. Ancaq yuxuya gedə bilmədim. Sonradan anladım ki, bizi tərbiyə etmək üçün, kitablardan uzaqlaşdırıb, məndə olanları alıb, özündə olanları bizə vermək üçün bu yolu seçmişdilər.

Nə zaman Abdulhakim Əfəndi həzrətlərinə getsəm, Ziya Bəy yanında oturardı. Ziya Bəyə bir kitab verər, oxudarlar və izah edərdilər. Bir gün yenə elə bir söhbətdə Ziya Bəyə kitab oxudub, özləri izah edirdi. İçimdən, mənim Ərəbcə və Farscam Ziya Bəydən yaxşıdır. Nə üçün həmişə ona oxudarlar da, mənə heç oxutmazlar deyə keçdi. O gecə yuxuda Abdulhakim Əfəndinin hüzurunda idim. Yenə Ziya Bəyə bir kitab vermişlər, oxudurdular. Amma Ziya Bəyi sarıqlı, alim paltarında gördüm. Abdulhakim Əfəndi, Ziya Bəyi mənə göstərib; “Biz, boş yerə əmək vermərik” buyurdular. Oyananda o düşüncəmə çox peşman oldum.

Bir gün Abdulhakim Əfəndiyə gedirdim. Yolda, öz-özümə, Abdulhakim Əfəndiyə ərz edim, övliyalıqda yüksəlmək böyük işdir, bizim kiçik səyimizlə əldə edilməz, himmət buyursunlar, təvəccöh etsinlər də, o yüksək məqamlara məni qovuşdursunlar, deyə düşünürdüm. Çatdım. Bağçada tək otururdular. Salam verib, əllərini öpdüm. Üzümə baxıb; “Tahir, bu ağac nə ağacıdır?” buyurdu. “Maqnoliya” dedim. “Bu nədir?” buyurdu. “Gül” dedim. “Ya Tahir, bunların suyu bir, havası bir, torpağı birdir də, nə üçün boyları fərqlidir? Məsələn, bu çəmənə nə edilsə gül ağacı ola bilərmi, gül də, maqnoliya qədər böyüyərmi?” buyurdu. “Xeyr əfəndim” dedim. “Demək ki, fərqlilik istedadlarından qabiliyyətdən gəlir. Və demək ki, çəmən; ot, gül kimi, gül də maqnoliya kimi olmaz!” buyurub təkrar mənə baxdılar. “Qüsurumu bağışlayın əfəndim” dedim.

Diş həkimi təqaüdçü polkovnik Səbri Bəy anladır:
Abdulhakim Əfəndi, arada bir mənə təyəmmüm necə edilir deyə göstərərək öyrədərdi. Öz-özümə, indi su olmayan yer yoxdur, görəsən niyə bu qədər təyəmmüm üzərində dayanır deyərdim. Vəfatından otuz il sonra, əllərimdə yara çıxdı. Hətta bir baş barmağımı kəsdilər. Həkimlər əllərinə su vurmayacaqsan dedilər. Üç il təyəmmümlə yəni onların göstərdiyi şəkildə təyəmmüm edərək namaz qılmaq məcburiyyətində qaldım.

 

Xalid Turxan Bəy anladır:

Bir gün ziyarətlərinə getmişdim. Kitabxanalarından bir kitab götürüb, bir yerini açıb mənə verdilər və; “Buyurun, oxuyun!” buyurdular. Ərəbcə idi. Oxumağa çalışdım. Səhv oxuyanda düzəldirdilər. Bir daha oxutdular və yenə səhvlərimi düzəltdilər. Sonra; “Türkcəyə tərcümə edin!” buyurdular. Çətinlik çəkdiyim çox ibarələr oldu. Kömək etdilər, hətta özləri tərcümə etdilər. Bir daha oxudub, bir daha tərcümə etdirdilər. Yaxşıca anlamışdım. Vəfatlarından iyirmi il qədər sonra, kitabxana müdirliyi üçün, Ankarada imtahana girdim. İmtahanda əlimə bir Ərəbcə kitab verdilər və bir yerini açıb, oxuyun dedilər. Bir də nə görüm, Abdulhakim Əfəndinin verdiyi kitab və açdıqları səhifə deyilmi? Oxudum, tərcümə etdim. İmtahanı qazandım. Kitabxana müdiri oldum. Amma imtahandan çıxdıqda, Əfəndinin bu böyük və açıq kəramətini görüncə hönkür-hönkür ağladım.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину