Facebook Twitter WhatsApp

Seyid Taha Hakkari

Seyid Taha Hakkari həzrətləri, Anadoluda yaşayan böyük vəlilərdəndir. Silsiləyi-aliyyənin otuz birincisidir. Peyğəmbər əfəndimizin nəslindən olub Seyid Əbdülqadir Geylani həzrətlərinin on birinci nəvəsidir. Mövlana Xalid Bağdadi həzrətlərinin xəlifələrindəndir. 1853-cü ildə Şəmdinli yaxınındakı Nəhridə vəfat etdi. Qəbri orada olub ziyarət edilməkdə, feyz və bərəkətlərindən istifadə olunmaqdadır.

Nəcib və təmiz bir ailəyə mənsub olun Seyid Taha Hakkaridə uşaqlığında böyüklük və yetkinlik halları görülər, zəka, istedad, vüqar və heybəti ilə hərkəsin diqqətini çəkərdi. Onu hər görən irəlidə çox böyük bir şəxs olacağını söyləyərdi. Kiçik yaşda Qurani-kərimi xətm etdi və əzbərlədi. Sonra elm təhsilinə başladı. Süleymaniyyə, Kərkük, İraq, Ərbil, Bağdad kimi elm mərkəzlərinə gedərək şöhrətli alimlərdən, təfsir, hədis, fiqh kimi zahiri elmləri, zamanın elm və ədəbiyyat biliklərini öyrəndi.

Seyid Taha, hələ elm tələbəsi ikən, bir gün Bağdada yaxın bir yerdə, çox kiçik bir axar sudan dəstəmaz alırdı. Yoldaşları; “Bu su çox azdır, bununla dəstəmaz olmaz” deyincə; “Bu, mai-caridir, yəni axar sudur. Dinimizdə bununla dəstəmaza icazə vardır. Siz elm tələbəsisiniz, bunları bilərsiniz. Həm də bu suda balıq belə yaşayar” buyurdu və əlini orada yığılan suya soxub çıxardı. Yoldaşlarına; “Baxın bu suda iri balıqlar yaşamaqdadır” deyərək əlindəki balığı göstərdi. Bu böyük kəraməti görən yoldaşları; “Bundan sonra sən nə edirsən et, bir daha sənə etiraz etməyəcəyik” dedilər.

Hicri on üçüncü əsrin qütbü olan Mövlana Xalid, Hindistana gedərək, Qulam Əli Abdullah Dehləvinin hüzuru ilə şərəflənib, layiq və müstəhəq olduğu fəzilət və kəmalatı aldı. Sonra, Allahu təalanın qullarına doğru yolu göstərib Haqqa qovuşdurmaq üçün vətəninə qayıtdı. Hər tərəf, Mövlananın qəlbindən saçılan nurlarla aydınlanmağa başladı. Bu sırada yoldaşı olan Seyid Abdullah da Süleymaniyyədə olan Mövlananı ziyarətə getdi. Söhbətinə qatılaraq, kamala gəldi və xəlifəyi-əkməli yəni ən yetkin xəlifəsi oldu. Mövlana Xalid Bağdadiyə, qardaşının oğlu Seyid Tahanın, xariqüladə və yüksək istedadını anlatdı. Mövlana Xalid Bağdadi həzrətləri də, bir daha gəlişində, onu özü ilə gətirməsini əmr buyurdu. Seyid Abdullah, ikinci ziyarətində qardaşı oğlu Seyid Tahanı da apardı. Mövlana həzrətləri, Bağdadda Seyid Tahanı görər-görməz, Əbdülqadir Geylani həzrətlərinin qəbri-şərifinə gedib, istixarə etməsini əmr etdi. Seyid Taha da qəbrə gedib istixarə etdi. Cəddi Əbdülqadir Geylani həzrətləri, “Mövlana Xalid, zamanının alimi, övliyanın böyüyüdür. Dərhal ona get, təslim ol, onun əmrinə tabe ol” buyurdu.

Seyid Taha, böyük babası Seyid Əbdülqadir Geylani həzrətlərinin mənəvi əmri və icazəsi üzərinə, Mövlananın hüzuruna gəldi. Bu elə bir gəliş idi ki, çox az kimsələrə nəsib olmuş, necə və nələr əldə edərək gedəcəyi, bu başlanğıc və gəlişdən bəlli olurdu. Mövlana, Seyid Tahanın yetişməsinə, gözlərin görmədiyi, qulaqların eşitmədiyi, qəlblərin düşünə bilmədiyi məqamlara çatmasına himmət göstərib kömək etdi. İrəlidə zamanın ən böyük alim və vəlisi olacaq tərzdə, qayğı və ciddiyyətlə onu tərbiyə etdi. Riyazət və mücahədəsində heç əskiklik etmədi.

Mövlana Xalid həzrətləri, yetişdirmə və tərbiyə əsnasında, Seyid Tahaya dağdan daş getirdərdi. Bu hal, tələbələri arasında, təəccüblə qarşılanar; “Xocamız Mövlana, Rəsulullahın Əhli-beytinə olduqca çox bağlı olduğu halda, Seyid həzrətlərini dağa göndərməsindəki hikmət nədir?” deyərdilər. Həzrəti Mövlana isə, bu barədə danışmaz sükut edərdi.

Seyid Taha həzrətləri, Mövlana Xalid Bağdadinin yanında səksən gün qaldıqdan sonra, vəlilikdə çox yüksək dərəcələrə qovuşdu. Kəşf və kəramət sahibi olaraq xilafəti-mütləq ilə şərəfləndi.

Seyid Taha həzrətləri, xilafətlə müşərrəf olub Bərdəsura hərəkət edəcəyi zaman, Mövlana onu böyük bir camaat ilə yola saldı. Vidadan sonra, Seyid Taha, Mövlananın ayrılmış olduğunu hiss edib, atına minmək istəyəndə, üzənginin bir kimsə tərəfindən tutulduğunu anladı. Baxanda, üzəngiyə yapışan və onu tutanın xocası Mövlana olduğunu gördü. (Əstağfirullah) dedi və geri çəkildi. Mövlana, Seyid Taha həzrətlərinə xitabən; “Bir zaman nəfsinin tərbiyəsi üçün sizə dağdan daş gətirdirdim. İndi Rəsuli-əkrəmin Əhli-beytinə olan bağlılığım səbəbilə üzəngini məndən başqa kimsə tuta bilməz. Siz də bundan qaçına bilməzsiniz” buyurdu. O da sıxılaraq; (Əmr ədəbdən üstündür) sözü gərəyi olaraq ata mindi. Bir müddət minlərlə alim, saleh, tələbə və xalqın qatıldığı yola salma mərasimi ilə yol getdi. Sonra, Mövlana dayandı. Əlindəki cilovu, Seyid Tahaya verib; “Bundan sonra cilovun sənin əlindədir. Tərbiyə və yetişməndə qüsur etmədim. Cənabı-Haqq köməkçin, böyüklərin ruhları sığınağın olsun” buyurdu. Taha Hakkari həzrətləri Mövlana Xalid Bağdadinin xəlifəsi olaraq Bərdəsura gəldi.

Əmisi Seyid Abdullah, Nəhridə tələbə yetişdirmək ilə məşğul ikən, oraya çox yaxın olan Bərdəsura Seyid Tahanın da göndərilmiş olmasının hikmətini anlaya bilməyən bir çoxları: “Belə iki böyük xəlifənin bir yerə göndərilməsinin səbəbi nədir?” dedilər. Lakin bunu, qısa bir müddət sonra Seyid Abdullah vəfat etdiyi zaman anladılar. Bunun üzərinə, oranın xalqı tərəfindən Seyidi-Büzürg (Böyük Əfəndi) deyə bilinən Seyid Taha həzrətləri, Nəhri qəsəbəsinə gəlib irşada başladı. Burada qırx iki il, elm tələbəsinə, Haqq aşiqlərinə və Haqqı axtaranlara elm, feyz və nur saçdı. Aşiqlər, uzaqdan-yaxından pərvanə kimi bu irşad və nur qaynağının ətrafına toplandılar.

Seyid Tahanın söhbətləri bərəkətilə bir çox kimsə Allahu təalanın rizasını qazandı. Onu görən müsəlman və ya qeyri-müsəlman, o anda Allahu təalanı xatırlayardı.

İnkarçılardan və bidət sahiblərindən qaçınmaq xüsusunda buyurdu ki:
“Münkirdən (inkarçıdan) və bidət əhlindən aslandan qaçan kimi qaçın! Münkirin çörəyini yeyənin qəlbi, zikrə qarşı qırx gün ölər. Bu münkirlər, Rəsulullah zamanında olsaydılar, ona iman etməzdilər.”

Seyid Taha həzrətləri, vəfa və sədaqətdə Həzrəti Əbu Bəkir Sıddıqı, şücaət və ədalətdə Həzrəti Öməri, həya və helmdə Həzrəti Osmanı, vilayəti-kübrada Həzrəti Əlini (radıyallahü anhüm) təmsil edərdi. Eynilə Rəsulullaha yaxın Əshabı-kiramdan biri kimiydi.

Vüqar və heybətindən mübarək üzünə baxıla bilməzdi. Üzündəki heybət işığı, on dördüncü gecədəki ay kimi gözləri qamaşdırardı. Alnı geniş, qaşları gur, iki qaşları arası açıq, mübarək gözləri qara, üzü yumru, saqqalı top, orta boylu bir nur parçası idi. Könül sahibləri görüncə, ruhən aşiq olardılar. Söhbətlərinin əhli olanlar, eşqlə özlərindən keçərdilər. Nəhri hüduduna girildiyi zaman, feyz və məhəbbət qoxuları, ağıllı olanları və könül sahiblərini zəbt edərdi. Ziyarətçilər, dəstəmazsız olaraq Nəhriyə girə bilməzdi.

Seyid Taha həzrətləri, təhəccüd namazını əksərən bərəkətli evində, bəzən öz məscidlərində əda edərdi. Quşluq namazını daim camidə qılardı. Hər gün mədrəsələri yoxlayar, müdərris və tələbələrin təhsillərini tədqiq buyurardı. Müdərrislərin müşkül məsələlərini həll edərdi. Nəhri, qarışqa yuvası kimi, daim saleh kimsələr və tələbələrlə dolu idi. Minlərlə könül sahibi feyz almaq üçün boyunlarını büküb, o dərgaha axın edərdilər. Gecə-gündüz o məqamın, zikr, fikir, ibadət və taətsiz bir anı olmazdı. Seyid Taha həzrətlərinin dərgahı təşrifində, hər kəsin könülləri, inci saçılan dilindən çıxacaq sözlərə bağlanardı.

İkindi namazından sonra “Xətmi-xacəganı-kəbir” sonra imam Rabbani həzrətlərinin Məktubatı oxunardı. Seyid Fehim həzrətləri Nəhridə isə ona, yox isə, möhtərəm kürəkəni və xəlifəsi Seyid Əbdülləhad həzrətlərinə oxudardı.

Bu müddətdə bəzi söz və ya cümlə üzərində edilən geniş izahlar, söhbətlərinin əsasını təşkil edərdi. Nəhridə qonaqlardan, fərz edək ki, sədrəzəm olsa belə, şamla işa arasında yemək fasiləsi yox idi. Bu müddət zikr, fikir və ibadətlə keçirilərdi. Axşam yeməyi, axşam namazından əvvəl yeyilərdi. Onu sevənlərdən və tələbələrindən heç kimi unutmaz, hər kəsin halını geniş şəkildə sual buyurardı. Kimin bir sıxıntısı olsa, dərhal aradan qaldırmağa çalışardı. Sılayi-rəhmə, qohum ziyarətinə əhəmiyyət verər, möhtac olanların ehtiyaclarını qarşılayardı. Xocasının tövsiyələrinə uyaraq dövlət adamlarıyla təmas buyurmaz, ancaq bəzi müsəlmanların zərərini önləmək üzrə məktub yazardı. Halbuki başda Sultan Əbdülməcid Xan olmaq üzrə, bütün dövlət adamları hər əmrinə amadə və hazır idi.

Seyid Taha həzrətlərinin olduqca çox kəramətləri vardır.

Bir gecə, oğru, Seyid Taha həzrətlərinin anbarına girib bir çuval un almaq istəmişdi. Çuvalı doldurdu, amma qaldıra bilmədi. Yarıya qədər boşaltdı, yenə qaldıra bilmədi. Bir az daha boşaltdı. Yenə qaldırıb apara bilmədi. O sırada, Seyid Taha həzrətləri anbara gəldi və: “Nə olub çuvalı qaldıra bilmirsənmi? Kömək edim” deyincə, oğru, donub qaldı və bir şey deyə bilmədi. Seyid həzrətləri çuvalı qaldırıb, oğrunun kürəyinə verdikdən sonra; “Bunu al get, bizim adamlarımız görməsin, bəlkə sənə xəsarət verərlər. Bir daha ehtiyacın olarsa, anbara deyil, bizə gəl!” buyurduqda oğru, tövbə edib, sadiq tələbələrindən oldu.

Xocası Mövlana Xalid Bağdadi həzrətləri, ona yazdığı bir məktubunda buyurdu ki: “Allahu təala qəlbimin sevgilisi Seyid Tahanı fəna və bəqa məqamlarının nəhayətinə qovuşdurmaqla şərəfləndirsin. Bu fəqirə məhəbbət və ixlas bağı ilə bağlılığınızı bildirən məktubunuz gəldi. Yüksək Nəqşibəndiyyə yoluna xidmət üçün çalışdığınız və Qurani-kərimi bir üsul ilə xətm etmə xəbərinizə çox sevindik. İxlaslı olmaq şərti ilə insanlar sizin vasitənizlə Allahu təalaya ibadət etmək, Peyğəmbər əfəndimizin sünnəti-səniyyəsinə tabe olmaq kimi hər nə etsələr onların qazandığı savab qədər sizin də əməl dəftərinizə yazılacaqdır. “Yaxşı bir cığır açan müsəlman kimsəyə, açdığı o cığırın savabı veriləcəyi kimi, o yolda gedənlərin savabı da verilər. Bununla birlikdə onların savabından heç bir şey əskilməz” hədisi-şərifi bu sözümüzə açıq dəlildir. Allahu təalanın salamı, rəhmət və bərəkəti üzərinizə olsun. Qulların ən zəifi Xalidi-Nəqşibəndi.”

Seyid Taha həzrətləri, tələbəsi Seyid Sıbqatullah Arvasiyə yazdığı Farca bir məktubda belə buyurur: “İki şeyi mühafizə etmək lazımdır. Bunlar; dinin sahibinə son dərəcə bağlılıq və xocasına ixlas və məhəbbət üzrə olmaqdır. Bu iki şey olduqda, nə verilərsə nemətdir. Bu ikisi qüvvətli olub, başqa bir şey verilməsə, heç kədərlənməməlidir. Nəhayətdə veriləcəkdir. Əgər, Allah qorusun, bu iki şeydən birində xələl və qüsur olarsa, bununla birlikdə hallar və zövqlər olsa da, bunları istidrac bilməli, özünün xarablığı görməlidir. Doğru yol budur. Allahu təala müvəffəq etsin!”

İraqdan iki seyid gənc, altı qatırı hədiyyələrlə yükləyib, Nəhriyə, Seyid Taha həzrətlərinə gətirmək üçün yola çıxdılar. Harunan kəndindən keçərkən, Seyid Taha həzrətlərinin böyüklüyünü inkar edən Musa Bəy adındakı şəxs, qatırları yükləri ilə birlikdə qəsb etdi. Gənclər ağlayaraq, Nəhriyə gəlib Seyid Taha həzrətlərini xəbərdar etdilər. Seyid Taha, Musa Bəyə xəbər göndərib: “Bu qatırların yükləri mənə aid olduğu üçün, yüklər sənin olsun. Bu gənclər seyiddirlər. Onlara mərhəmət et, qatırlarını təslim et” buyurdu. Musa Bəy əmrlərini dinləmədi, qatırları vermədi. İkinci dəfə xəbər göndərib: “Mənim namimə və xatirimə versin” buyurdu. Buna da qarşı çıxınca, Seyid Taha böyük hiddətlə: “Cümə gecəsi gəlsin də o verməsin görək” buyurdu. Cümə gecəsi, Nəhridən, tələbələr gedib, nəticəni öyrənmək üçün keşikdə durdular. Məgər Bəy, divanxanasında özünə tabe olanlarla oturmuş, Seyid Tahanın övliyalığını inkar barəsində danışırmış.

Bu fisq məclisinin bitməsindən sonra, yataq otağına girib yatağına uzanarkən, mədəsinə bir ağrı girərək “Qarnım!... Qarnım!...” deyə qışqıraraq can veribmiş. Vəziyyəti anlayan doqquz oğlu dərhal Nəhriyə gəlib, qatırları yükləri ilə birlikdə təslim edərək Seyid Tahaya sığındılar. “Lütfən, mərhəmət edin, atamızın dəfn mərasimində olub, dua buyurun” dedilər. Onlara cavab olaraq; “Mənim orada olmağım, ona bir mənfəət verməz” buyurdu. Uşaqları çox israr etdilər. Həzrəti Seyid nəhayət qalxıb, cənazəyə getdi. Cənazənin qapqara olduğu görüldü. Dəfndən sonra, Seyid Taha; “Mənim gəlişimdən zərrə qədər mənfəətlənmədi” buyurdu. Cənabı-Haqq, bir seyidə həqarət etmənin, onu kədərləndirmənin cəzasını verdi. Bunu hər kəs açıqca gördü.

Vanın Gürpınar qəzasından bir şəxs, Nəhriyə gedib, Seyid Tahaya tələbə olmaq istədi. Qəbul edilincə də qayıdıb evinə gəldi. Tələbə olduqdan bir neçə gün sonra, heyvanlarının bir qismini qurd qaparaq tələf etdi. Şeytan; “Bu xocaya bağlanmaq sənə yaramadı, uğursuz gəldi” deyə vəsvəsə verdi. O tələbə nəhayət Seyid Taha həzrətlərinin daha əvvəl ona hədiyyə etdiyi təsbehi özünə verilməsi üçün Kosa Xəlifəyə qaytardı. Məqsədi xocasından ayrılmaq idi. Təsbeh, Seyid Tahaya təqdim edildiyi zaman, təbəssüm buyurdu. Aradan aylar keçmişdi. Seyid Taha həzrətləri, bir gün günorta vaxtı namaza qalxarkən, birdən mübarək əllərini uzadıb: “Dəf ol, ya ləin!” buyurub namaza başladılar. Namazdan sonra Xəlifə Kosa; “Əfəndim, mübarək əllərinizi uzatmadaqdakı hikmət nə idi?” deyə sual etdi. O da; “Gürpınarda bir müsəlman ölüm halında ikən, şeytan ələyhillənə imansız getməsinə çalışırdı. Böyüklərin bərəkətilə dəf edildi. Adam imanla vəfat etdi” buyurdu. Xəlifə Kosa; “Təsbehi qaytaran olmasın?” dedi. “Bəli, odur” buyurdu. “Əfəndim, niyə kömək etdiniz, o ədəbsizlik edib hədiyyənizi qaytarmışdı” dəyincə də: “Olsun, bir zaman bizi azacıq sevmişdi” buyurdu.

Seyid Taha həzrətləri, özünü Mövlana Xalidi Bağdadiyə aparan vəlineməti əmisi Seyid Abdullah həzrətlərinə, bu böyük nemətin şükrü olaraq, həmişə hörmət və xidmət etdi. Onu həmişə yaxşılıqla andı və ruhuna pək çox savablar hədiyyə etdi. Bundan əlavə buyurdu ki: “Vəfat etdiyim zaman mənim qəbrimi qəbiristanın ən üst tərəfinə düzəldin ki, yalnız məni ziyarətə gələnlər, əmim Abdullah həzrətlərinin qəbrinə dəymək məcburiyyətində qalsınlar. Onu da ziyarət edərək mübarək ruhuna savablar hədiyyə etsinlər.” (O qəbiristanın bir yolu vardı. Seyid Abdullahın qəbri girişdə idi. Seyid Taha həzrətlərinin qəbrinə getmək istəyənin Seyid Abdullahın qəbrinin yanından keçməsi lazımdır.)

Bir gün Seyid Taha həzrətləri Seyid Sıbqatullaha buyurdu ki:
“Molla Sıbqatullah! Ustada məhəbbət və onunla söhbət, hər şeydən üstündür. Çünki ustad, kamal mərtəbələrinin ən ucasına qovuşdurmaq və ona mərifətləri verməklə, tələbəsinin xəstəliklərini izalə edər, aradan qaldırar.”

Yenə belə buyurdu:
“Şahı-Nəqşibənd həzrətləri, yolunun əsasını Əshabı-kiramın yolu üzrə qurdu. Onlar Rəsulullahın məhəbbəti ilə kifayətləndikləri kimi, bizə də, ustada məhəbbət yetər.”

Bir xəlifəsinə belə buyurdu:
“Xalqla əvvəl işarə ilə rəftar et, bu fayda verməzsə ibarə ilə (söz ilə) söylə. Bu da fayda verməzsə, ondan üz çevir. Sən birindən üzünü çevirərsənsə, Rəsulullaha qədər bütün “Silsiləyi-aliyyə” böyükləri ondan üz çevirər.”

Müxtəlif zamanlardakı söhbətləri əsnasında buyurdu ki:
“Əməllərinizi ucb (özünü bəyənmək, ibadəti özündən bilmək) ilə örtüb yox etməyin.”
“Bizim yolumuzdakı yolçuların faydaları ana və atalarına da çatar.”

Taha Hakkari həzrətləri Nəhridə qaldığı qırx iki il müddətində İslamiyyətin əmr və qadağalarını insanlara anladaraq onların dünya və axirətdə qurtuluşları üçün çalışdı. Bütün xocaları kimi İslamın gözəl əxlaqını yaydı. Siyasətə qarışmadı. Olduqca çox vəli yetişdirib onlara xilafət verdi. İslamiyyətin əmr və qadağalarını anlatmaqla vəzifələndirdi. Xəlifələrinin ən məşhurları; qardaşı Seyid Muhamməd Saleh, Seyid Sıbqatullah Arvasi, Seyid Fəhim Arvasidir. Bunlardan başqa xəlifələri də vardır.

Seyid Taha Hakkari həzrətləri 1852-ci ildə bir ikindi vaxtı, Haram Bulağı deyilən ağaclıq bir mövqedə tələbələri ilə söhbət edirdi. Söhbət anında ona iki məktub ərz edildi. Bunları qiymətli kürəkəni Əbdüləhad Əfəndiyə oxutduqdan sonra; “Əbdüləhad! Şöhrət fəlakətdir. Artıq bizim bu dünyadan getməyimizin zamanı gəldi” buyurdu. Əbdüləhad da; “Aman Əfəndim, Şamdan gələn bu iki məktub nədir ki?” dedi. O gün söhbətdən sonra xanəyi-səadətlərinə getdi və orada xəstələndi. On bir gün xəstə yatdı. Xəstəliyinin ağır olmasına baxmayaraq namazlarını mümkün olduğu qədər ayaqda qılmağa çalışdı. Xəstəliyin on ikinci, Şənbə günü tələbələri və yaxınları ilə halallaşdı, vidalaşdı, vəsiyyətini bildirdi. Qardaşı Seyid Saleh həzrətlərini çağırtdı. Onun üçün; “Qardaşım Saleh, kamil, yetkin bir vəlidir. Hərkəsin başı onun ətəyi altındadır” buyurdu. Yerinə qardaşı Saleh həzrətlərini xəlifə buraxdı. İkindi vaxtında, tələbələrinin Yasini-şərif tilavətləri arasında, mübarək ruhunu Kəlmeyi-tövhid gətirərək təslim etdi.

Qəbri Nəhridədir. Onu sevən aşiqləri, uzaq yerlərdən gələrək, mübarək qəbrindən yayılan nurlardan, feyzlərdən istifadə etməkdə, bərəkətlənməkdədirlər.

Sənin axtardığın şey bu qapıda yoxdur
Mosul tərəflərində şeyxlik iddiasında olan bir kimsə, tələbəsindən, birini Seyid Taha həzrətlərinin yanına göndərdi və; “Seyid Tahaya, sünnəyə uyğun olmayan bir iş etdirmədən, buraya qayıtma!” dedi. O da qalxıb Nəhriyə gəldi. Bir əsr namazından sonra, Seyid Taha həzrətlərinin məscidin qapısında duran ayaqqabılarından sol ayağınınkını uzağa qoydu. Bununla məsciddən sağ ayaqla çıxmasını və sünnəyə uyğun olmayan bir iş etməsini düşünmüşdü. Lakin Seyid Taha həzrətləri, izdiham içərisində, o adama xitab edərək; “Aldığın ayaqqabını yerinə qoy! Sənin axtardığın şey, bu qapıda yoxdur” buyurdu.

Əsa və kötək
Hərki əşirətindən Molla Abdullah adında bir müdərris, iki tələbəsi ilə ziyarət üçün Nəhriyə gedərkən, çayın başına oturdular. Molla Abdullah, tələbələrinə; “Hər kəs dəstəmaz alaraq Nəhriyə gedər. Dəstəmazsız heç kim getməz. Mən bu adəti pozub, dəstəmaz almadan gedəcəyəm” dedi. Tələbələri: “Xocam biz bu adəti pozmayaq, dəstəmaz alıb da gedək” dedilərsə də, Xoca Əfəndi; “Sanki bu dini bir hökmdürmü? Mən etmərəm” dedi. Bu əsnada əl-üzünü yuyarkən, qoltuğundan əsası suya düşdü. Əlini uzadıb, əsanı almaq istəyərkən, hikməti-ilahi əsa, onun başına, üzünə vuraraq üz-gözünü qan içində buraxdı. Sonra əsa itdi. O da, belə söylədiyinə peşman oldu. Yaralarını sarıyıb, dəstəmaz aldı. Nəhriyə getdi. Seyid həzrətlərinin dərgahına girəndə, əsanı divarda asılı gördü. Gözləri əsaya ilişib qalınca, Seyid Taha həzrətləri; “Hər halda bu əsadan kötək yemisiniz.” buyurdu. Molla Abdullah etdiklərinə peşman olub, tövbə etdi, tələbələrindən olmaqla şərəfləndi.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину