* Cəhənnəmlik görmək istəyən, özü oturduğu halda, başqasını ayaq üstə saxlayan adama baxsın!
* Arxasından insanların gəlməsindən xoşu gələn, Allahdan uzaqlaşar.
* Hər nemət sahibinə həsəd edilir. Həsəd edilməyən tək nemət, təvazökarlıqdır.
* Bu üç şey təkəbbürdəndir: Sual soruşmamaq [məsləhətləşməmək], səhvini söyləyənə təşəkkür etməmək və insanlardan dua istəməmək.
* Allahü təala elm kimi, qüdrət kimi bütün sifətlərindən qullarına bir az ehsan buyurmuşdur. Lakin yalnız üç sifəti Özünə məxsusdur. Bu üç sifətdən heç bir məxluquna verməmişdir. Bu üç sifəti təkəbbür, qəni olmaq və yaratmaq sifətləridir. Təkəbbür - böyüklük, üstünlük deməkdir. Qəni olmaq, başqalarına möhtac olmamaq, hər şeyin Ona möhtac olması deməkdir. İnsan isə ehtiyac sahibidir. Allah yaradıcıdır, insan isə yaradılmışdır, fanidir. Ona görə də təkəbbürlənmək, Allahü təalanın sifətinə, haqqına təcavüz etmək sayılır. Qula təkəbbürlənmək yaraşmaz, ən böyük günahdır.
* Təvazö sahibi ola bilmək üçün dünyaya nə üçün gəldiyini, haraya gedəcəyini bilmək lazımdır. İnsan heç yox idi. Əvvəlcə bir şey bacarmayan, hərəkət edə bilməyən körpə oldu. İndi də hər an xəstə olmaq, ölmək qorxusundadır. Nəhayət öləcək, çürüyəcək və torpaq olacaqdır. Dünya zindanında hər an, nə zaman əzaba aparılacağını gözləməkdədir. Öləcək, leş olacaq, böcəklərə yem olacaq, qəbir əzabı çəkəcək, sonra dirildilib qiyamət sıxıntılarını çəkəcəkdir. Cəhənnəmdə sonsuz yanmaq qorxusu içində yaşayan insana təkəbbürmü yaraşır, yoxsa təvazökarlıqmı?
* Təkəbbür, özünü başqasından üstün görməkdir. Təkəbbürlü, özünü başqasından üstün görməklə qəlbi rahat olur. Burada başqasını düşünməz. Özünü və ibadətlərini bəyənir. Təkəbbür; pis xasiyyətdir, haramdır. Allahü təalanı unutmağın əlamətidir. Çox insan bu pis xəstəliyə tutulmuşdur. Təkəbbürlü olan saleh insan ola bilməz.
* Təkəbbür, nə üçün digər günahlardan daha böyükdür? Çünki , təkəbbür, yəni böyüklük ancaq Allahü təalaya məxsus ikən, qulun təkəbbürlənməsi, bir kölənin hökmdarın tacını başına keçirərək onun taxtında oturub hökm etməsinə bənzəyir. Hökmdarın bir əmrini yerinə yetirməyərək xəta etməklə, hökmdarlığına sahib çıxmaq arasında əlbəttə böyük fərq vardır. Təkəbbürlənmək, Allahın əmrini yerinə yetirməmək kimi bir qəbahət deyil, birbaşa ilah olmaq kimi böyük qəbahət sayılır. Bu xətanın bir az daha aşağısı ilahlığa ortaq olmaqdır. Hökmdarın idarəsini təhqir edən, onlara üstünlük taslayan və onları öz idarəsinə almaq istəyən kimsə, hardasa hökmdara ortaq olmuş sayılır. Hər nə qədər onun taxtına oturmaq kimi deyilsə də ona yaxındır. Bütün varlıqlar Allahü təalanın qullarıdır. Bunlar üzərində böyüklük, hakimiyyət, yalnız Ona məxsusdur. İnsanlara bu şəkildə təkəbbürlənən, Allahü təalaya ortaq olmuş sayılır. Ağlı olan, özünü və Rəbbini tanıyan, heç təkəbbür edə bilərmi? İnsan alçaqlığını, acizliyini, Rəbbinə qarşı hər an izhar etmək məcburiyyətindədir. Buna görə də, hər an hər yerdə əczini göstərməli, təvazökar olmalıdır.
* Bir mənqibə:
Bir abid ibadət etmək üçün dağa çıxar. Bir gecə yuxusunda ona “Filan çəkməçiyə get! Sənin üçün dua etsin” deyilir. Abid dağdan enər, gedər adamı tapar, nə iş gördüyünü soruşar. Adam, gündüzləri oruc tutub, ayaqqabı işində işlədiyini, qazandığı puluyla ailəsini dolandırdıqdan sonra artığını sədəqə verdiyini söyləyir. Abid, adamın gözəl bir iş gördüyünü anlayır, lakin özünün dağda sırf ibadətlə məşğul olmasının daha yaxşı olduğunu düşünüb və yenidən ibadətinə qayıdır. Yenə gecə yuxusunda, “Çəkməçiyə get və ona, “Bu üzündəki saralmağın səbəbi nədir?" deyə soruş” deyilir. Abid, gedib soruşur. Çəkməçi, “Kimi görsəm, bu qurtulacaq, amma mən həlak olacam deyib və özümdən qorxuram. Üzümün saralması bundandır” deyir. Elə o zaman abid, çəkməçinin bu qorxu və təvazö ilə üstünlük qazandığını anlayır.
В корзине: 0 шт.
на сумму: 0