Facebook Twitter WhatsApp

Kibrin (təkəbbür) dindəki yeri

Sual: Kibrin dindəki yeri nədir?

CAVAB

            Kibr, özünü başqasından üstün görməkdir. Hədisi-şərifdə buyurulur ki:

            “Kibr, haqqa razı olmamaq və insanları kiçik görməkdir.” ­[Müslim]

            Fudayl ibn İyad həzrətləri, “Təvazö, istər cahildən, istər uşaqdan eşidilsə də haqqı tərəddüdsüz qəbul etməkdir” buyurur. Qəbul edə bilməyən kibrlidir. Kibrli özünü başqasından üstün görməklə qəlbi rahat edər. Burada başqasını düşünməz. Özünü və ibadətlərini bəyənər.

            Kibr, pis əxlaqdır, haramdır. Allahu təalanı unutmağın əlamətidir. Kibrli olan saleh insan ola bilməz. Kibrli deyiləm deyən, kibrlidir. Kibr hər yaxşılığa maneədir, hər pisliyin açarıdır.   

            İki ayəti-kərimə məali belədir:

            “Cəhənnəm, kibrlilər üçün nə çirkin, nə pis bir yerdir.” [Nəhl 29]

            “Allah, kibrlənənləri sevməz.” [Nəhl 23]

Hədisi-şəriflərdə də buyurulur ki:

            “Ən şərliniz, qatı qəlbli və kibrli olandır.” [İ.Əhməd]

            “Kibrli, axirətdə Allahu təalanı qəzəbli görər.” [Buxari]

            “Allahu təala, kibrlini alçaldar, təvazö sahibini yüksəldər.” [Tabərani]

            “Kibrli, Cəhənnəmin ən dərin və əzabı ən şiddətli olan Bolis çuxuruna atılar.” [İ.Əxlaqı]

            “Qəlbində zərrə qədər kibr olan Cənnətə girə bilməz.” [Mülsim]

            “Yeyin-için, geyinin və sədəqə verin, fəqət israfdan və kibrdən çəkinin.” [İbni Macə]

            “Həzrəti Nuh ölərkən uşaqlarına, “Şirk və kibrdən çox çəkinin” buyurdu.” [Hakim]

            “Kibr, İblisi Həzrəti Adəmə səcdə etdirməmişdir.” [İ.Asaqir]

            “Kibrlilər qiyamətdə zərrə kimi ayaq altında qalar. Hər kəs onları tapdalayar.” [Tirmizi]

            “Allahu təalanın nifrət etdiyi üç kimsə: Zani (zina edən) qoca, kibrli kasıb və zalım rəhbər.” [Tirmizi, Nəsai]

            “Kibr, hər gözəlliyin (hər yaxşılığın, hər nemətin) fəlakətidir.” [Deyləmi]

            “Kibrli kasıba şiddətli əzab vardır.” [Müslim]

            “Cəhənnəm, kibrsiz olan müsəlmana haram olar.” [Beyhəqı]

            “İnsanların qarşısında ayaqda durmasını istəyən Cəhənnəmə hazırlansın!” [İ.Əhməd]

            “Kibr, xəyanət və borcdan təmiz olaraq ölənin gedəcəyi yer Cənnətdir.” [Nəsai]

            “Allahu təala buyurdu ki: Kibr və əzəmət mənə məxsusdur. Bu ikisində mənə ortaq olanı heç mərhəmət etmədən Cəhənnəmə ataram.” [Müslim]

            Kibr, digər günahlardan niyə daha böyükdür? Çünki kibr, yəni böyüklük ancaq Allahu təalaya məxsus ikən, qulun kibrlənməsi, bir kölənin hökmdarın tacını başına keçirərək onun taxtına oturub hökm etməsinə bənzəyir. Hökmdarın bir əmrini etməyərək günah işləməklə, hökmdarlığa sahib çıxmaq arasında əlbəttə böyük fərq vardır. On görə də kibrlənmək, Allahın əmrini etməmək kimi bir günah deyil, şəxsən ilah olmaq kimi böyük bir günah olur.

            Bu günahın bir az daha aşağısı ilahlığa ortaq olmaqdır. Hökmdarın vəzifə şəxslərini təhqir edən, onlara qarşı üstünlük göstərən və onları öz idarəsinə almaq istəyən şəxs, bir nöqtədə hökmdara ortaq olmuş sayılır. Hər nə qədər bunun taxtına oturmaq kimi deyilsə də ona yaxındır. Bütün varlıqlar Allahu təalanın qullarıdır. Bunlar üzərində böyüklük, hakimiyyət, tək Ona məxsusdur. İnsanlara bu şəkildə kibrlənən Allahu təalaya ortaq olmuş sayılır.

            Ağılı olan, özünü və Rəbbini tanıyan, heç kibrlənə bilər? İnsan alçaqlığını, acizliyini, Rəbbinə qarşı hər an bəlli etmək məcburiyyətindədir. Bunun üçün hər an hər yerdə acizliyini göstərməsi, təvazö üzrə olması lazımdır. Böyüklənərək “mən” demək feyz və bərəkəti kəsər.

            Həzrəti Əbu Bəkir buyurur ki:

            Kibrdən çəkinin. Torpaqdan yaradılıb, yenə torpağa dönəcək olan bir varlığın kibrlənməsi, bu gün var, sabah yox olan bir varlığın özünün bəyənməsi nə qədər mənasızdır.

Kibrli haqqı qəbul etməz

            Əsl düşmən içəridədir, bu da nəfsimizdir. Ən böyük düşmən insanın nəfsidir. Nəfsinin istəklərinə tabe olanın Allahu təalaya qul olması çətindir. Nəfs daim pis şeyləri istəyər. Haram işləmək nəfsə əsir olmağı göstərir. Nəfs, bütün yaxşılıqlardan süzülmüş, sadəcə bütün pisliklərin olduğu ən axmaq varlıqdır. Nəfs bir pislik anbarıdır. Özünü yaxşı zənn edər, halbuki çox cahildir. Hər istədiyi əleyhinədir. Qidası haramdır. Əsl arzusu ilah olmaqdır. 

Doymaq bilməz pislik etdirməklə,

Rahat olar özünə baş əydirməklə.

            Böyük-kiçik hər kəsdə nəfs vardır. Heç kim əmr almaq istəməz. Balacadır, uşaqdır deyərək heç kimin qüruru ilə oynamaq olmaz.

Qardaşım oğlunu ziyarətə getmişdim. Qardaşım oğlunun 2-3 yaşlarındakı qızı ayaqyalın idi. Bir ayağı beton da bir ayağı xalçanın üzərində idi. Ona, betona ayağını qoyma, o biri ayağını da xalçanın üzərinə qoy dedim. Sanki, nə işin var mənimlə, mən xeyrimi-şərimi bilərəm, deyər kimi mənə tərs-tərs baxdı. Sonra hirslə, inadla xalçadakı ayağını qaldırıb betondakı o biri ayağının yanına sərt şəkildə qoydu. Uşaq olduğu üçün reaksiyasını gizləyə bilmədi. Böyüklər də eynilə o cavabı göstərirlər, fəqət ayıb olar deyə cavablarını bəlli etməməyə çalışırlar. Bir yoldaş anlatdı: Kimə sübh namazına gəl dedim isə hər kəs bir bəhanə tapdı, inşallah gələrik deyən kimsə çıxmadı. Kimisi, “Sən işa namazına gəlmirsən, biz də sübh namazına, sən əvvəl özünə bax. Həm biz evdə ailəcə camaat qılırıq” dedi.

            Halbuki haqlı belə olsalar, etibarlı bir bəhanələri olsa belə, tərs cavab verməmələri lazımdır. Doğru söz kimdən gələrsə gəlsin, inad etmədən qəbul etmək lazımdı. Bəhanəsindən ötəri gələ bilmirsə, “İnşalah” da deyilə bilməzdimi? Nəfs, kibr hamımızda mövcuddur. Bunu azaltmağa çalışmağımız lazımdır. Dinin hər əmrinə tabe olmaqda və qadağan etdiyi hər şeydən çəkinməkdə mütləq nəfsi qırma payı vardır. Buna riyazət və mücahidə deyilir. Riyazət, nəfsin arzularını [haram və məkruhları] etməməkdir. Mücahidə, nəfsin istəmədiyi şeyləri [ibadətləri] etmək deməkdir.

            Kibr, şirkin (Allaha şərik qoşmaq) qardaşıdır. Kibr daşıyan başda ağıl olmaz. Nəfsi aradan çəkməliyik, özümüzü bəyənməməliyik, özümüzdən iyrənməliyik, özündən diksinməyən xilas ola bilməz.

            Bir kimsəyə əmri-məruf edəndə, Allahdan qorx bunu et, bunu etmə deyiləndə, əgər qəbul etməzsə o adam nəfsinə məğlub olmuş deməkdir.

            Hədisi-şərifdə buyurulur ki:

            “Allahdan qorx deyənə, sən əvvəl özünə bax deyəni Allahu təala sevməz.” [Beyhəqı]

            Haqqı, doğrunu kim deyirsə desin qəbul etmək lazımdır. Doğru olan bir şeyi qəbul etməməyə inad deyilir. İnad, qarşımızdakını aşağı görmək, ondan nifrət etmək, ona düşmənlik bəsləmək, həsəd etmək kimi səbəblərdən irəli gələr. Haqqı, düşmənimiz də desə qəbul etməyimiz lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Kiçik-böyük, yaxşı-pis və ya xoşlanmadığın biri, haqqı söyləyərsə qəbul et.” [Deyləmi]

            “Bilmədiyi bir məsələdə inad edənə, inadından imtina edənə qədər Allahu təala qəzəb edər.” [İ.Əbiddünya]

            “Kibrli haqqı kiçik görər, inkar edər, insanlara təhqir gözü ilə baxar.” [İ.Qəzali]

            “Müsəlmanı alçaq görmək, adama pislik olaraq yetər.” [Müslim]

            “Özünü bəyənən həlak olar.” [Buxari]

            Abdülkadir Qeylani həzrətləri də, “Qardaşının etdiyi öyüdü qəbul et. Ona etiraz etmə” buyurdu.

Özünü Cənnətlik, günahkarları Cəhənnəmlik bilməmək lazımdır

Sual: Bir Müsəlmanın, özünü Cənnətlik kimi, günahkarları da Cəhənnəmlik kimi görməsi doğrudurmu?

CAVAB

            Günahkarları bəyənməmək, fəqət özünü günahkarlardan üstün də görməmək lazımdır. Özü Cənnətlik, günahkarları Cəhənnəmlik bilməmək lazımdır. Hətta kafir üçün belə düşünməmək lazımdır. Kafir, bir Kəlmeyi-şəhadət gətirərək Cənnətlik, özü bir söz söyləyərək Cəhənnəmlik ola bilər.

            İsrail oğullarından bir quldur qırx il günah işləyir. Bir gün Həzrəti İsanı həvarilərdən biri ilə gedərkən görür. Etdiyi quldurluğa peşman olur. “Mən bunlara qatılım” deyərək arxalarına düşər. Həvarinin yanına yaxınlaşıb, “Mənim kimi bir quldurun belə bir şəxsin yanında getməsi uyğun olarmı?” deyə düşünər. Həvari də, “Bu yol kəsici haradan çıxdı? Mənimlə necə gələr?” deyərək ondan uzaqlaşıb İsa əleyhissəlama yaxınlaşır. Allahu təala Həzrəti İsaya vəhy edər ki:

            “İkisinə də söylə! İkisinin də keçmişini sildim. Yenidən əmələ başlasınlar. Özünü bəyəndiyi üçün həvarinin ibadətini məhv etdim. Özünü aşağı gördüyü üçün də quldurun günahını əfv etdim.”

            Həzrəti İsa vəziyyəti hər ikisinə də bildirər və qulduru həvariləri arasına alar. (İ. Qəzali)

            Amr ibn Şeybə həzrətləri danışır:

            “Məkkədə Səfa ilə Mərvə arasında idik. Bir adamın qatır üzərində gəldiyini, ətrafındakı xidmətçilərin hər kəsə qarşı sərt davrandıqlarını, adamın heybət və ehtişam içində olduğunu gördük. Aradan illər keçdi, dəvə üzərində Bağdada gəldim. Orada başı açıq, ayaqyalın, uzun saçlı pərişan bir adam gördüm. Mənə tanış gəldi. Adam, özünə diqqətlə baxmağımın səbəbini soruşdu. “Səni birisinə bənzədirəm” dedim və kimə bənzətdiyimi danışdım. Adam da, “Bax o gördüyüm mənəm. Təvazö göstərilməsi lazım olan yerdə kibrləndim. İndi isə bu hala düşdüm” dedi.”

            Bir kimsə, bir az bilgilidirsə, ibadət də edirsə, kibrdən çətin xilas olar. Bilgisiz insanı, heyvan kimi görər. Özü üçün sevdiyini başqası üçün sevə bilməz. Haqq və həqiqəti başqalarından eşitsə qəbul etmək istəməz. Onların nəsihətinə, tövsiyəsinə tabe olmağı nəfsinə yedirə bilməz.

Özünü üstün görmək

Sual: Məktubatda, özünü Frenk kafirindən aşağı görmək deyə bir ifadə var. Özünü Frenk kafirindən aşağı görmək nə deməkdir? Bir də orada İmamı Rəbbani həzrətləri, “Sol tərəfimdəki mələk dayanmadan  günahlarımı yazır, amma sağ tərəfimdəki mələk iyirmi ildir heç bir şey  yazmır” buyurur. Bu nə deməkdir?

CAVAB

            O böyüklərdə ruh və nəfs bir-birindən o qədər ayrılmışlardır ki, onlar nəfsi özləri olaraq görərlər. Nəfsdə heç bir yaxşılıq yoxdur, çünki nəfsin son hədəfi günah işlədə-işlədə insanı kafir etməkdir. Nəfs, sanki pisliklərin özəyidir. Sanki badam yağı ilə özəyi kimi. Halbuki kafirlərdə ruh ölüdür, amma dürüstlük, comərdlik kimi yaxşı xüsusiyyətləri vardır.  O böyüklər bundan dolayı öz nəfslərini o Frenk kafirlərindən üstün görməzlər. Buna görə də, sağ tərəfdəki mələyin heç yazmadığını, sol tərəfdəki mələyin isə davamlı yazdığını görərlər.

Bütün Müsəlmanlara dua etmək lazımdır

Sual: Məndə bir xasiyyət meydana gəlib, qarşımdakı adamın fasiq, məzhəbsiz, bidət əhli və s. olub-olmadığına çox diqqət edirəm. Elə olanda da özümü qorumaq üçün araya məsafə qoyuram. Bəzən kibrlənərəm deyə qorxuram. Kibrlanməmək üçün nə etmək lazımdır?

CAVAB

            O yaxşı xasiyyətdir. Kibrlənməmək əldə deyil, yəni bundan xilas olmaq çox çətindir. İnsanların halı ortadadır. Baxırıq ki, adam fasiq, yaxud məzhəbsiz bidət əhlidir. Fasiq, məzhəbsiz bidət əhli olmadığınız üçün istər-istəməz, əlhamdülillah mən belə deyiləm, deyirsiniz.

            Kibrlənməmək üçün, o bir gün tövbə edər xilas olar, Allah qorusun mən yolumu aza bilərəm, deyərək özümüzü ondan üstün bilməməliyik. Bütün müsəlmanların əhli-sünnət etiqadına qovuşmaları, dünya və axirət səadətinə nail olmaları üçün dua etməyimiz lazımdır.

Böyükləri ayaq-üstə qarşılamaq lazımdır

Sual: Hədisi-şərifdə, bir kimsə gələndə, ayağa qalxmağın qadağan olduğu bildirilirmişdi. İndi biri gələndə ayağa qalxınca günah işləyirik?

CAVAB

            Hədisi-şərifləri hər kəs anlaya bilməz. Hədisi-şərifləri alimlərin şərhi ilə oxumaq lazımdır! Bəli, hədisi-şəriflərdə “Haşimoğulları xaric bir-birinizə ayağa qalxmayın!” “Həsən və Hüseyn və onların sülaləsi (Şəriflər və Seyidlər) xaric, Qureyşə ayağa qalxmayın!” buyuruldu. Bu hədisi-şəriflərin şərhində, İslam alimləri, “Böyüklər gələndə qalxaraq qarşılamaq müstəhəbdir. Özü gələndə hər kəsin qalxmasını sevmək məkruhdur” buyurur. (Rədd-ül Muxtar)

Havalı məsləklər

Sual: Tanıdığım çox həkim var. Demək olar ki, hamısı özünü tanıdarkən mən həkim filankəs deyir. Çox yaxından tanıdığım həkim yoldaşım mənə belə, mən həkim filankəs deyir. Mənə mesaj və mail yazarkən də, yenə altına “həkim” filankəs yazır. Vəkil, mühəndis, müəllim niyə ünvanından belə istifadə etmir, lakin bu həkimlər istifadə edir? Görəsən kibrdən irəli gəlir?

CAVAB

            Vərdişdən ola bilər. Həkimliyindən bəhs etməyənlər də var. Hamısı üçün ümumi bir hökm vermək səhv olar. Təqaüdçü zabitlərdən də və ya başqa məslək sahiblərindən də vəzifəsindən istifadə edən çox olur. Hamısı üçün kibrli demək doğru olmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину