Sual: Dinimizdə boşanmaq haqqında geniş bilgi verərsinizmi?
CAVAB
“Sən məndən boş ol”, “Mən səni boşadım” kimi sözlər açıq sözlərdir. Bu sözləri zarafat olaraq və ya çaşaraq da söylədiyi anda, mənasını bilməsə belə boşamış olar.
“Səni buraxdım, səni tərk etdim” sözləri açıq söz qəbul edilir. Bir və ya iki dəfə belə açıq sözlə boşamağa, yəni geri dönüşü mümkün olan boşamağa talaqı-rici deyilir. Amma yenə də üç haqdan biri getmiş olar. Bu sözlərdən hər hansı biri bir dəfə deyildiyi zaman peşman olunmuşsa, əvvəlki nikaha dönmək niyyəti ilə xanımının əlini tutar və ya öpərsə, təkrar nikah etmədən iki bağ ilə evliliyə davam edər.
Bu şəkildə boşamada, iddət müddəti keçib yenidən nikah edilmədikcə bir yerdə yaşamaq olmaz.
Evlilik vəzifəsini edə bilməyən, məsələn, sehr edilmiş, əlaqədən aciz olan kişinin xanımı ayrılmaq istəyərsə, bunu boşaması vacib olar.
Bu qadını təkrar ala bilmək üçün, hüllə lazım olar. Hüllə demək, iddət vaxtı keçdikdən sonra qadın başqa kişilə nikahlanıb, toy olub, əlaqə olub, o kişi də boşayıb və bundan sonra, təkrar iddət zamanı keçməsi deməkdir. Ancaq bundan sonra birinci əri yeni bir nikahla təkrar ala bilər. Bu mövzuda bir hədisi-şərif məali belədir:
“Aybaşı zamanı olmadan boşanan qadın, başqa bir kişilə evlənmədikcə və o kişi də onu boşamadıqca, əvvəlki əri ilə evlənməsi halal olmaz.” [Tabərani]
Bir ayəti-kərimə məali də belədir:
“Əgər kişi qadını üçüncü dəfə boşayarsa, ondan sonra qadın bir başqa kişilə evlənmədikcə onunla evlənməsi ona halal olmaz. Əgər bu adam da o qadını boşayarsa, [hər iki tərəfin də] Allahın hədlərini mühafizə edəcəklərinə inandıqları təqdirdə, təkrar evlənmələrində mani yoxdur. Bunlar Allahın qoyduğu həddlərdir.” [Bəqərə 230]
Hüllə isə, bir kişi üçün zillətdir, alçaqlıqdır. Allahu təala, kişilərə boşamaq haqqını verdi isə də, bu haqqı istədikləri kimi istifadə etməmələri və qadınlar kişilərin əlində oyuncaq olmamaları üçün kişilərə bu hüllə zillətini yükləmişdir. Hüllə qorxusundan Müsəlman bir kişi boşama sözünü ağzına belə ala bilməz. Ailə arasında boşanmaq sözünün zarafatı ola bilməz.
Üç talaqla boşanan qadın iddət vaxtı keçdikdən sonra başqa bir kişilə evlənib, o kişi də, zifafdan sonra bunu boşamadıqca və təkrar iddət zamanı keçmədikcə əvvəlki əri ilə evlənə bilməz.
Belə bir vəziyyətdə, ilk nikahları Şafiiyə uyğun edilməmiş isə, başqa biri ilə evlənməyə gərək qalmadan, Şafii məzhəbi təqlid edilərək, Şəfiiyə uyğun nikah etmələri caiz olar. (Rədd-ül-muxtar)
Dinimizdə qadının bilməsi fərz olan şeyləri əlbəttə öyrətməsi lazımdır.
Xanımının geyinməsində, evdən çölə çıxmasında, çox sərt davranmaması və başı boş da buraxmaması lazımdır. Özünü və xanımını şübhəyə, iftiraya salacaq hallardan çəkinməyə çox əhəmiyyət verməsi lazımdır. Xanımını yad kişilərin olduğu yerlərə göndərməməli, yadların görməsinə mane olması lazımdır.
Ev işləri ilə vaxt keçirməsi, onun zövqü olması lazımdır. Ona sərt davranmaması lazımdır. Zarafat olaraq da, əsəbi olanda da heç bir vaxt boşamaq sözünü ağza almamalı, ikinci dəfə evlənmək söhbətini etməməlidir.
Sual: Nikahı pozan şeylər nələrdir?
CAVAB
Boşadım demək, boşamaq niyyəti ilə kinayə sözlər söyləmək, məsələn, xanımına çıx get demək. Bir də küfrə düşəcək söz söyləmək.
Sual: Xanıma çıx get (rədd ol) desək nikah pozular?
CAVAB
Rədd ol get, deməklə nikah pozulmaz. Əgər niyyəti boşamaq isə, yəni artıq səndən ayrıldım, boş ol mənasında isə, o vaxt bir talaqı-bain olar. İddət müddəti keçdikdən sonra nikah etmək lazımdır.
Sual: İnsan xanımı ilə mübahisə əsnasında, mən səni buraxdım, deyərsə nikah pozularmı yoxsa boşadım demədiyi müddətcə nikah pozulmazmı?
CAVAB
Buraxdım = boşadım deməkdir. Bir talaqla boşamış olar.
Sual: İnsan əlfazı-küfr (imanın getməsinə səbəb olan sözlər) söyləyəndə imanı və nikahı gedir?
CAVAB
Bəli, imanı da, nikahı da gedir.
Boşamaq ayrı, küfrə düşmək ayrıdır. Bu talaq sayılmır. Yəni, bağın biri qopmur. Min dəfə küfrə düşsə, min dəfə nikah təzələmək lazımdır, fəqət, bu talaq sayılmaz.
Sual: Bir talaqı-bain olanda, bir boşama olduğunda, iddət müddəti boyunca bu ər-arvad ayrı olarlar? Eyni evdə qala bilərlər? Danışmaları, görüşmələri uyğun olar?
CAVAB
Eynilə yad kimi olar. Adam fasiqdirisə eyni evdə birlikdə qalmamaları lazımdır. Saleh isə haramdan qorxacağı üçün eyni evdə qala bilər. Ancaq yad kimi davranar. Zərurətsiz danışa bilməzlər. Oturub birlikdə yemək belə yemələri caiz olmaz.
Sual: Üçdən doqquza şərt etmək nədir? Dinimizcə zərəri nədir? Belə şərt edənin nə etməsi lazımdır?
CAVAB
Üçdən doqquza demək səhvdir, şişirtməkdir. Hamısı üçdür çoxu çoxdur. Üç talaqla xanım boşananda bir daha o kişilə evlənə bilməz.
Sual: Kişi talaq versə, xanım eşitmədiyi müddətcə boş olar?
CAVAB
Xeyr.
Sual: Birisi, xanımını hər kəsin yanında boşasa, xanımı bunu 20 il sonra eşitsə, 20 il sonra boş olar?
CAVAB
Bəli.
Sual: Kinayəli sözlə xanımını boşayan, sonra bunu qəsdən inkar etsə, yenə boşamış olar?
CAVAB
Bəli, boşamış olar.
Sual: Talaqı-rici ilə boşayan, boşadığını xatırlaması niyyəti ilə, bir neçə dəfə “Artıq işin bitmişdir” desə, talaqı səlasə olar?
CAVAB
Bəli.
Sual: Xanıma “Səndən ayrılmaq istəyirəm” deməklə talaq olar?
CAVAB
İstəyirəm deməklə talaq olmaz.
Sual: İki talaqı baindən sonra bir talaqı rici verilsə, üç talaq olar?
CAVAB
Bəli.
Sual: Qayınataya boşamaq niyyəti ilə “ Qızını apar” dedim. Xanım eşitməzsə talaq vaqe olar?
CAVAB
Olmaz.
Sual: Xanıma “Bakıya çatanda səni boşayacağam” dedim. Belə söyləməklə talaq vaqe olar?
CAVAB
Xeyr, boşayacağam deməklə talaq vaqe olmaz. Boşadım deyilirsə talaq vaqe olar.
Sual: Xanıma “Anan bizə gələrsə, şərt olsun səni boşayaram” dedim. Anası bizə gəldi. Talaqı rici oldu?
CAVAB
Bəli.
Sual: Oğluma, “Evimə girərsən, xanımım boş olsun” dedim. Oğlum mübahisə əsnasında istəməyərək evə girmişdi. Talaqı-rici oldu?
CAVAB
Bəli.
Sual: Talaqda istifadə edildiyini bilməyənin şərt sözü ilə talaq olar?
CAVAB
Xeyr.
Sual: Hamilə qadının da boşanması səhih olar?
CAVAB
Bəli, səhihdir.
Sual: Xanımdan ayrılmaq günahdır?
CAVAB
Xanımdan ayrılmaq günah deyildir, halaldır. Ancaq Allahu təala halal da olsa, talaqı sevməz. Peyğəmbər əfəndimiz buyurur ki:
“Allahu təalanın heç sevmədiyi halal şey talaqdır.” [Hakim]
Sual: Saytdakı yazı belədir: Bir kimsə xanımına “Səni boşadım” desə, sonra zarafatla boşamaqdan imtina etdiyini bildirsə, boşanmadan imtina etmiş olar. Hədisi-şərifdə, “Üç şeyin zarafatı da, ciddisi kimi səhihdir. Nikah, boşamaq, boşamaqdan imtina etmək” buyuruldu. Boşanmadan imtina edəndə, yenə üç talaq olur, yoxsa biri getmiş olar?
CAVAB
Zarafatdan boşayanda da bir talaq vermiş olur, iki talaq qalır. Rici-talaqda kişi, iddət vaxtı içində, söz ilə və ya həqiqətən əvvəlki nikaha dönə bilər. Yəni, xanımı istəməsə də, nikah etmədən evliliyə davam edər. Təkrar almaq üçün, Hənəfi və Malikidə şahidə lüzum olmadan, “Əvvəlki nikaha döndüm” deməsi yetər. Yaxud, əvvəlki nikaha dönmək niyyəti ilə öpməsi və ya şəhvətlə əlindən tutması da bəs edər. Nikah təzələnmiş olar. Şafii və Hənbəlidə isə, iki şahid yanında, “Əvvəlki nikaha döndüm” deməsi lazımdır. Fəqət, vəlinin olması və icazə istəməsi lazım deyildir.
Sual: Ərimə sehr edilmiş, evlilik vəzifəsini edə bilmir, ayrılmaq istəyirəm. Ərimin məni boşamaması günah deyil?
CAVAB
Evlilik vəzifəsini yerinə yetirməkdən aciz olan kişinin xanımı ayrılmaq istəyərsə, ərinin bunu boşaması vacib olar. Yəni, boşamaması günahdır.
Sual: Uzun vaxt ayrı qalmaqla nikah pozulmuş olar?
CAVAB
Uzun vaxt ayrılmaqla nikah pozulmuş olmaz. Boşanmadıqca boşanılmış olmaz.
Sual: Dəli olanın nikahları davam edər?
CAVAB
Bəli.
Sual: Toyda oynamaq nikahı pozar?
CAVAB
Xalq arasında bu çox məşhurdur, toyda ər-arvad oynayarsa, nikah pozular deyirlər. Bu bəzi din cahillərinin uydurmasıdır. Lüt soyunsalar da nikaha zərər verməz.
Haram ayrı, günah ayrı, nikah ayrıdır. Orada haram işlənər və bu harama əhəmiyyət verilməzsə, “Hər kəs bunu edir, biz də etsək nə olar” deyərək günaha əhəmiyyət verməzsə, o zaman küfrə düşər, küfrə düşənin nikahı da gedər. Açıq gəzənin vəziyyəti də belədir. Açıq gəzməyin günah olduğunu bilər, amma “Məcburən açıq gəzirik” deyərsə küfr olmaz. “Açıq gəzmək günah deyil, bu qədər günahın nə əhəmiyyəti olar” kimi deyərək, günah kiçik görülərsə küfr olar. İçki içmək də belədir.
Sual: Boş ol, deməklə qadın boş olar? Boşamaq belə asandır? Kişinin bunu söyləməyə üç dəfə haqqı varmış, üçüncüsündə o qadınla bir daha evlənə bilməzmiş. Bunlar Qurani-kərimdə vardır?
CAVAB
Dində dəlil yalnız Quran deyildir. Elə olsaydı, Allahu təala Quranı göndərərdi, alın bununla əməl edin deyərdi, Peyğəmbər göndərməzdi. Allahu təala Peyğəmbər əfəndimizə, “Quranı insanlara açıqla” buyurur. Hər şey Qurani-kərimdə açıqca yazılmaz. Onun üçün hədisi-şəriflər və alimlərin şərhi də dəlildir.
Mövzu ilə əlaqədar dörd ayəti-kərimə məali:
“Boşanmış qadınlar üç ay iddət müddəti gözləyər.” [Bəqərə 228]
“Boşanma iki dəfədir. Ya yaxşılıqla tutular, və ya yaxşılıqla buraxılar.” [Bəqərə 229]
“Əgər kişi qadını üçüncü dəfə boşayarsa, ondan sonra qadın bir başqa kişilə evlənmədikcə onunla evlənməsi halal olmaz. Əgər bu kişi də o qadını boşayarsa, [hər iki tərəfdə] Allahın hədlərini mühafizə edəcəklərinə inandıqları təqdirdə, təkrar evlənmələrində zərər yoxdur. Bunlar Allahın qoyduğu hədlərdir.” [Bəqərə 230]
“Bu deyilənlər Allahın qoyduğu hədlərdir. Əsla onları aşmayın. Kim Allahın hədlərini aşarsa, onlar zalımdırlar, yəni kafirdirlər.” [Bəqərə 229]
Bir hədisi-şərif məali də belədir:
Aişə anamız buyurur: Bir kimsənin üç talaqda boşadığı qadınla, bir başqası evləndi, ancaq bu kimsə, zifafa girmədən o qadını boşadı. Qadın təkrar əvvəlki ərinə dönmək istəmişdi. Vəziyyət Rəsulullaha soruşulanda buyurdu ki:
“Xeyr, ikinci evliliyində cinsi əlaqə olmamışsa, əvvəlki əriylə evlənə bilməz.” [Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, Muvatta]
Sual: Bir ateist ilə talaq mövzusunda söhbət edirdik. “Bir söz ilə talaq olarmı?” dedi. Nə cavab vermək lazımdır?
CAVAB
Bu hökm Müsəlmanlar üçündür, ateistlər üçün deyildir, deməniz bəs edər. Din elə deyirsə elədir.
Müsəlman üçün vəziyyət belədir:
Bir söz ilə [boşadım deməklə] insanın xanımı yad olduğu kimi, bir söz [nikah] ilə də yad qızı bizim xanımımız olar.
Bir söz ilə [kəlmeyi-şəhadət ilə] müsəlman olar. Bir söz ilə [məsələn: Allah yoxdur, deməklə] insan kafir olar.
Qanunlar bir Bəli ilə qəbul olar, bir Xeyr ilə rədd edilir.
Bütün həyatımız bir bəli və xeyr ilə cərəyan edər. Gündəlik işlərdə bunu ateist də bilir və edər, ancaq mövzu din olanda, ateistliyini göstərər. Unutmamaq lazımdır ki, Allahu təala Cənnəti boşuna yaratmadığı kimi, Cəhənnəmi də boşuna yaratmadı.
Hədə-qorxu ilə talaq
Sual: Xanımına zülm edən, döyən, dinin əmrlərinə riayət etməsini qadağan edən, ərlik vəzifəsini etməyən, evə gəlib nəfəqə belə verməyən, buna baxmayaraq onu boşamayan sadist bir kişiyə qadının yaxınları, “Zövcəni boşa yoxsa səni öldürərik” deyə hədə-qorxu gəlsələr, o da qorxub xanımını boşasa, bu boşama dinən səhih olar?
CAVAB
Bəli, səhih olar. O qadın iddət bitdikdən sonra başqasıyla evlənə bilər. Evləndikdən sonra da artıq o qadını geri ala bilməz. Din kitablarındakı ifadə belədir:
Təhdid edilən şəxsin sözü, məktubu, telefonu, mesajı ilə talaq, yəni boşama Hənəfi məzhəbində səhih olar. Digər üç məzhəbdə səhih olmaz. Təhdid bitdikdən sonra təhdid edilərək zövcəsini boşayan kimsənin, qadın başqasıyla evlənməmişsə və keçmiş əriylə də evlənmək istəyirsə, boşadığı qadını iki talaq haqqı daha olduğu üçün təkrar nikah edərək alması səhih olar.
Talaqı-bain və talaqı-rici
Sual: Talaqı-bain ilə talaqı-rici arasındakı fərq nədir?
CAVAB
Talaq, boşamaq deməkdir. Talaqı-bain qəti boşama deməkdir. Talaqı-rici, açıq boşamadır. Məsələn, səni boşadım deyilirsə, talaqı-rici olar. Amma istədiyi vaxt əvvəlki nikahına dönə bilər. İddət bitənə qədər dönməzsə, talaqı-rici talaqı-bain halını alır. Üç talaq haqqından birini itirmiş olur.
Talaqı-baində isə kinayəli sözlərlə qadın boşanar. Məsələn, boşamaq niyyəti ilə, “Atanın evinə get” deməsi kimi. İddət bitmədən artıq o qadınla evlənilə bilməz. Boşama niyyəti olmadan söyləyərsə talaq olmaz.
Talaqı-ricinin, talaqı-baindən fərqli tərəfləri bunlarıdır:
İla: Xanımına dörd ay və ya daha çox zaman və ya zaman söyləməyərək, “Sənə yaxınlaşmayacağam” deyə and içməkdir. Dörd ay içində yaxınlaşmazsa, bir talaqı bain olar. Dörd ay içində andı pozarsa, xanımı boş olmaz. And pozma kəffarəsi verər.
Zıhar: Kişinin xanımını və ya üz, baş, fərc kimi bir orqanını, məhrəminin baxması haram olan yerinə bənzətməsidir. “Sənin başın anamın kürəyi kimidir” demək kimi. Kəffarəsiz xanımına sarılması, öpməsi, birlikdə yatması haram olar. Zıhar kəffarəsi, oruc kəffarəsi kimidir.
Lian: Xanımına, zaniyəsən (zina edən) və ya bu uşaq məndən deyil desə, zövcəsi hakimdən lian istəsə, hakim lian edilməsini əmr edər. Lian etmək üçün əvvəl kişi, “Sözüm doğrudur” deyə and içər. Dörd dəfə təkrar edər. Beşincisində, “Yalan deyirəmsə, Allahın lənəti mənim üzərimə olsun” deyər. Sonra qadın, dörd dəfə “Allah şahid olsun ki, bu adam zaniyə deməklə, yalan söylədi” deyə and içər. Beşincisində, “Doğru söylədi isə Allahın qəzəbi mənim üzərimə olsun” deyər. Sonra hakim bunları bir talaqı bain ilə ayırar.
Kazf: Namuslu bir qadına zina etdi deyə böhtan etməkdir.
Sərxoşun sözlərinin hökmü
Sual: Sərxoşun talaqı və küfrü etibarlı olar?
CAVAB
Dəlinin, uşağın, ağlını itirmiş qocanın, huşsuzun, yatanın, xəstəliklə və əsəbləşərək dalğın olanın söyləməsi ilə talaq olmaz. Hirslənərək dalğın olmaq, söylədiyini bilməmək deməkdir. Bu da iki cür olur: Mənasını bilmədən, qəsd və arzu etmədən söyləyəndə talaq vaqe olmaz. Mənasını bilərək və istəyərək söyləyib, sonra söylədiyini bilməmək, xatırlamamaqdır. Bu sözünü iki şahid eşidib, sonra söyləsələr, talaq vaqe olar.
Huşunu itirənin, ağlını itirənin, dərmanla və ya içki içərək sərxoş olanın dəstəmazı pozular.
Talaq verən kişinin ayıq olması lazımdır. Sərxoşun sözü ilə və ya məktubu ilə talaq vaqe olar. Şafii məzhəbində sərxoşun sözü ilə talaq vaqe olmaz. (Məcmuəyi Zühdiyyə)
Sərxoş ikən bilməyərək küfrə səbəb olan bir şey söyləyənin imanı getməz. Mürtəd olmaz. Ancaq sərxoş ikən zövcəsini boşaması, alış-verişi səhih olar. (Emali qəsidəsi)
Sərxoş ikən nə söylədiyini bilərək qıldığı namazları səhih olar, borcdan xilas olar, ancaq namaz qılmaqla hasil olacaq böyük savaba qovuşa bilməz.
Boşanmadan evlənmək olmaz
Sual: Bir hadisə üzündən həbsə düşdüm. Zövcəm, uzun illər həbsdə qalacağımı zənn edərək, dərhal gedib başqa biri ilə evlənir. Bu hadisədən heç xəbərim olmadı. Çox keçmədən həbsdən çıxdım. Zövcəm yeni ərindən ayrılıb təkrar mənimlə evləndi. Amma boşananda iddət gözləmə deyə bir şey varmış, biz iddət gözləmədik. Biz günah oldumu?
CAVAB
O sizin onsuzda nikahlı xanımınız idi. Siz onu boşamamışdınız. Onun başqası ilə evlənməsi caiz deyildi. Təkrar sizinlə birlikdə olması üçün iddət gözləməsi lazım deyil, hətta nikah da lazım deyildir. Amma hər vaxt nikah təzələmək yaxşı olar. Siz boşamadan xanımınız başqası ilə əsla evlənə bilməz. Başqası da xanımını boşamadan sizinlə evlənə bilməz.
Boşamaq niyyətiylə
Sual: Bir kimsə, xanımını boşamaq niyyəti ilə “Atanın evinə get!” kimi kinayəli bir söz söyləsə, xanımı da, “Boşamaq niyyətiyləmi söylədin?” desə, o da, inkar edib, “ Xeyr, gəzmək üçün get demək istədim” desə xanımını boşamış olar?
CAVAB
Bəli, boşamış olar, çünki burada niyyət etibarlıdır.
Boşanma ərizəsi
Sual: Xanımla vəkilə gedib boşanmaya qərar verdik deyə bir ərizə yazdırdıq. Ərizəyə, ayrılmağa qərar verdik deyə imza atanda, dinən bir talaq vaqe oldu?
CAVAB
Bəli.
Təhdidlə boşatmaq
Sual: Şafii məzhəbində işkəncə ilə talaq vaqe olmadığını bilən Hənəfi bir kişi talaq verməsi üçün təhdid ediləndə, boşanmağın səhih olmaması üçün Şafii məzhəbini təqlid edə bilər?
CAVAB
Bəli, edə bilər.
Talaq olmaz
Sual: Ərim, “Şərt olsun, səni tək heç bir yerə göndərmərəm” dedi. Ondan xəbərsiz xalama gedib gəlsəm talaq vaqe olar?
CAVAB
Əriniz göndərmədiyi üçün talaq vaqe olmaz. Əriniz eşitsə də yenə talaq vaqe olmaz.
Talaqı bain
Sual: Boşamaq niyyəti ilə xanımına, “Səni xanımım olaraq saxlasam Allah mənim canımı alsın” deməklə, bir talaqı bain olar?
CAVAB
Bəli.
İddət müddəti içində talaq
Sual: S.Əbədiyyənin talaq bəhsinin başında, “Rici olsun, bain olsun, üçdən az olaraq boşanmış qadına, iddət zamanında ikən təkrar talaq verilə bilər” deyilir. Bir talaq verməklə qadın onsuzda boş olur. İkinci talaq verməsi etibarsız deyilmi?
CAVAB
“İddət vaxtında ikən təkrar bir talaq verilə bilər” deyilir, çünki o qadın hələ o adamın xanımı sayılır. Kişi, nəfəqə vermək məcburiyyətində olur. Qadın da bu iddət müddəti bitmədən başqasıyla evlənə bilmir. Ölüm iddətində də qadın iddət bitmədən başqasıyla evlənə bilmir, ölən adamın xanımı sayılır. Ölüsünə baxa bilir.
Talaqı səlasə
Sual: S.Əbədiyyədə, başqa-başqa üç vaxtda bir dəfə boşamağın talaqı səlasə [üç boşama] olacağı bildirilir. Bir kimsə xanımına arxa-arxaya “Səni boşadım, səni boşadım, səni boşadım” desə və ya bir saat ara ilə üç ayrı yerdə “Səni boşadım” desə, yenə talaqı səlasə olar?
CAVAB
Bəli, üç bağ da qopmuş olar.
Sən mənə haramsan
Sual: S.Əbədiyyədə, “Kişi zövcəsinə “Sən mənə haramsan” deyəndə, niyyət etməsə belə, bir talaqı bain vaqe olur” deyilir. Bu söz kinayəli isə niyə niyyət lazım deyildir? Sarih yəni açıq bir sözdürsə niyə talaqı rici olmur?
CAVAB
Bu, istisna bir sözdür. “Sən mənə haramsan” sözü kinayə olmasına baxmayaraq, bunda sarih söz kimi niyyətə ehtiyac qalmır. Kinayə söz olduğu üçün də talaqı bain olur.
Sən haramsan
Sual: Nikah qıyılarkən, boşama səlahiyyəti verilmiş olan qadın, ərinə “Sən haramsan” desə boşama vaqe olar?
CAVAB
Boşama olmaz. Əgər, “Sən mənə haramsan” desə o vaxt bir talaqı bain olar. (Hindiyyə)
Çünki bir kişi nikahı olmayan bütün qadınlara haramdır. Sən mənə haramsan deyiləndə, kimə haram olduğu bildirilir. O zaman da talaq vaqe olur.
Birinci talağı təsdiq
Sual: Vəkilə gedib, “ Zövcəmi boşamağa qərar verdim” deyə bir ərizə yazdırdım. Vəkil mənə “Ciddi olaraq xanımından ayrılmağı qəbul edirsəmi?” deyə soruşanda da, bəli dedim. Sonra peşman oldum. Ərizəyə “Boşamağa qərar verdim” deyə imza atanda da bir talaq vaqe oldu? Vəkil soruşanda bəli deməyim ikinci bir talaqdırmı?
CAVAB
Boşamaya qərar verdim deyiləndə, yəni keçmiş zaman şəklində deyiləndə, bir talaq baş verir. Vəkilə bəli deyiləndə, birinci söz təsdiq edilmiş olur. İkinci bir talaq, yəni boşama olmaz.
Xanımına qızım demək
Sual: Xanımıyla telefonda danışana, “Kiminlə danışdın?” deyilsə, o da, “Qızımla danışdım” desə və ya xanımını göstərib “Bu mənim qızımdır” desə nikaha zərəri olarmı?
CAVAB
Xeyr, zərəri olmaz. Yalan danışmış olar. Bunun kimi şəxsən xanımına, “qızım”, “anam” və ya “bacım” deməklə də talaq olmaz, amma belə söyləmək doğru deyildir. “Artıq bundan sonra anam, bacım ol!” deyilərsə, bir talaqı bain olar.
Mübahla sərxoş olmaq
Sual: Qida, dərman kimi mübah bir şey yeyib-içməklə sərxoş olanın, sərxoş ikən söylədiyi sözlə boşama etibarlı olar?
CAVAB
Etibarlı və etibarsız olduğunu bildirən mötəbər fiqh kitabları vardır. (Rədd-ül muxtar, Hindiyyə)
Belə vəziyyətlərdə ehtiyata riayət etmək lazımdır.
Şərtə bağlı boşama
Sual: Bir kimsə, xanımına, “Filan yerə gedərsən, üç talaqla boş ol!” desə, xanımının da o yerə getməsi mütləq lazımdırsa, bunun qurtuluş çarəsi vardırmı?
CAVAB
Bəli, çarəsi vardır. Xanımını bir talaqla boşayar. İddət vaxtı bitdikdən sonra, xanımı boş olduğu üçün, artıq gedilməsi lazım olan yerə gedər. Daha sonra, xanımla təkrar nikah qıyarlar. Xanımı artıq oraya getsə də üç talaqla boşanmış olmaz. Bağın biri qopduğu üçün, qalan iki bağ ilə evliliyə davam edərlər.(Neməti İslam)
Nikah və talaq
Sual: “Kişi cünüb ikən, qadın da hayzlı ikən nikah edilməz və boşama da etibarlı olmaz” deyilir. Dində belə bir şey vardır?
CAVAB
Xeyr, nikah da, talaq da etibarlıdır. Hayzlı ikən boşamaq bidətdir, haramdır, fəqət boşama yenə etibarlı olar. (Rədd-ül-muxtar)
Nikah qıyarkən
Sual: İndiki vaxtda çox kimsə boşamaqla əlaqədar hökmləri bilmir. Üç talaqla boşamalar çox olur. O zaman da peşman olanda geri dönüş imkanı olmur. Şafiyə görə bir çıxış yolu buraxılması üçün, ilk nikah Şafiyə uyğun edilməzsə, məsələn dini nikah qıyılarkən qızın atasının və ya vəlisinin orada olmaması uyğun olar?
CAVAB
Bəli, yaxşı olar. O zaman irəlidə üç talaqla boşama kimi bir vəziyyət olarsa, Şafiyə görə nikah qıyma imkanı olar.
Hirsli ikən boşamaq
Sual: S.Əbədiyyədə, “Kinayə söyləyəndə boşamağa niyyət etdi isə və ya hirsli isə bir bain talaqla boşamış olar” deyilir. Bu ifadədən, hirsli olduğu zaman kinayə söz söyləsə, məsələn, “Atanın evinə get” desə, fəqət boşamağa niyyət etməsə də yenə boş olduğu aydın olur?
CAVAB
Bəli, qadaən boşamış olur. İbni Abidin həzrətləri buyurur ki:
Talaq müzakirəsi ilə hirs halı da niyyət hökmündədir. Bir kimsə “Sən məndən üç dəfə” desə, boşamağa niyyət etmişsə yaxud talaq müzakirəsi halında isə qadın boş olur. Hirs və müzakirə hallarında niyyətsiz talaq vaqe olar. Hirs və müzakirə, qadaən yəni qanunən [məhkəmə] niyyətin yerini tutar. (Rədd-ül muxtar)
Talaq müzakirəsi demək, ər-arvad arasında mübahisə əsnasında boşanma mövzusunun danışıldığı vəziyyətdir.
Boşanma növləri
Sual: Sünnətə uyğun boşanma necə olar?
CAVAB
Boşanma, sünnətə uyğun əhsən və həsən talaq ilə bidət talaq olmaq üzrə üçə ayrılar:
Zifafa girilməmiş bir qadını iddəti tamam olana qədər, bir daha boşamamaq üzrə, cinsi əlaqə vaqe olmayan bir təmizlik halında, yalnız bir talaqı rici ilə boşamaq, həm sünnətə uyğun, həm də həsən qisminə görə əhsən yəni daha gözəldir.
Zifafa girmiş xanımını, içində cinsi əlaqə vaqe olmayan bir təmizlik halında bir dəfə boşadıqdan sonra, iddət tamam olana qədər üç ayrı təmizlik zamanında, hayz görməyən qadınlardan olduğu təqdirdə də cima etmədən ayrı-ayrı üç ayda üç dəfə boşamaqdır. Bu da sünnətə uyğundur.
Birinci və ikinci qismə zidd olan talaq şəklidir. Belə boşama etibarlı olmaqla birlikdə haramdır. Bir təmizlik müddəti içində bir dəfədə üç dəfə boşamaq və ya üç ayrı təmizlik zamanında boşayacaq şəkildə ara vermədən, ayrı-ayrı üç dəfədə boşamaq, iki talağı bir dəfədə və ya ayrı-ayrı zamanlarda vermək, cinsi əlaqədə olduğu təmizlik müddəti içində və bir də qadın hayzlı ikən edilən boşamadır. Nifas da hayz kimidir. Yəni, yeni doğum etmiş qadını da boşamaq bidətdir. (Məcmuəyi-Züdiyyə)
Zifafa girmədən əvvəl
Sual: Zifafa girmədən əvvəl verilən talaq etibarlı olar?
CAVAB
Bəli, etibarlı olar. Talaq, zifafa girmədən əvvəl verilərsə, qadın iddət gözləmədən ayrılmış olar.
Bir kimsə zifafa girmədiyi xanımına “Sən üç dəfə boşsan” desə, boşama sayı ilə deyildiyi üçün boşama vaqe olur, fəqət ayrı-ayrı edilən boşamada, üç talaqın yalnız birincisi vaqe olub, ondan sonrakı ikinci və üçüncüsü etibarlı olmaz.
Zifafa girilmiş qadında isə boşamaların hamısı baş verir. Bu səbəblə ərin zifafa girdiyi xanımı haqqında etdiyi üç boşama üçün, “Yalnız birinci boşamağı qəsd etmişdim” deməsi etibarlı olmaz, yəni üç boşama da vaqe olar.
“Bir dəfə boşsan” və ya “iki dəfə boşsan” yaxud “üç dəfə boşsan” deyilsə, qadın zifafa girilmiş olsun və ya olmasın, boşama, ancaq deyilən saya görə gerçəkləşər.
Bir kimsə zifaf görmüş xanımına “Sən boşsan, sən boşsan” desə iki boşama vaqe olar. Əgər məqsədinin, ilk söylədiyini qüvvətləndirmə olduğunu söyləyərsə, bu sözü dini baxımdan təsdiq olunar, amma qadaən, yəni qanunən iki boşama vaqe olar. Bir şeyə niyyət edilməzsə, o zaman dinən də iki boşama olar. (Məcmuə-i Zühdiyyə)
Zarafat və yanılma
Sual: Xanımına zarafat olaraq “Boşadım” deməklə, bunu yanılaraq, dil dolaşmasıyla söyləməyin hökmü eynidir?
CAVAB
Eyni deyildir. Zarafat ilə söyləmək, bilərək, şüurlu söyləməkdir. Dil dolaşması isə, insanın əlində olmayan bir vəziyyətdir.
Zarafat ilə yanılma arasındakı fərq, zarafat edənin, həm qadaən, həm də dinən, yanılanın isə yalnız qadaən yəni qanunən boşaması vaqe olar. Yəni yanılaraq deyiləndə dinən talaq olmaz. (Məcmuəyi Zühdiyyə)
Dəlinin və yatanın boşaması
Sual: Dəlinin, ağılını itirmiş qocanın, huşsuz olanın və yatanın boşaması etibarlı olar?
CAVAB
İstər heç yaxşılaşmayan, istərsə də bəzi vaxtlarda yaxşı olan dəlinin xəstəliyi halında boşaması etibarlı olmaz. Ağlı başında ikən söyləyərsə boşaması vaqe olar. Ağılını itirmiş qocanın, huşsuzun və yatanın boşaması da etibarlı olmaz. (Məcmuəyi Zühdiyyə)
Zifaf olmamışsa
Sual: Zifafa girilməmiş olan qadını sünnətə uyğun boşamaq üçün hayzdan təmizlənməsini gözləmək lazımdır?
CAVAB
Xeyr. (Məcmuəyi Zühdiyyə)
Hayzlı qadını boşamaq
Sual: Qadına, hayz halındakən “Boşsan” deyilsə, boşama etibarlı olar?
CAVAB
Hayzdan təmizlənənə qədər boş olmaz. Hayzdan təmizlənəndə boşama gerçəkləşmiş olar. (Məcmuəyi Zühdiyyə)
Boşama vaqe olar demək
Sual: Kişi, “Evdən çıxarsan, boşama vaqe olar” deyərsə, yəni açıqca “Sən boşsan” ifadəsindən istifadə etməzsə, xanımını boşamış olar?
CAVAB
Xeyr. Burada boşamağın kimə və ya hansı qadın üçün olduğunu ifadə etmədiyi üçün, yəni “Boşama vaqe olar” sözünün kim üçün deyildiyi bəlli olmadığı və açıqca “Sən boşsan” demədiyi üçün boşama vaqe olmaz. “Evdən çıxarsan sən boşsan” deyilirsə, o vaxt boşama gerçəkləşər. (Məcmuə-i Zühdiyyə)
Boşadın mı?
Sual: Birisinə, “Xanımını boşadınmı?” deyilsə, o da “Bəli” desə, xanımını boşamış olar?
CAVAB
Bəli, bir talaqı rici olar. Niyyəti bain də olsa, üç talaq da olsa, yenə bir talaqı rici olar. (Məcmuəyi Zühdiyyə)
Boşsan demək
Sual: Kişi xanımına, iplə bağlı deyilsən mənasında, yəni “boş” sözünün talaqla heç əlaqəsi olmayan bir mənasını qəsd edərək “Boşsan” desə, yenə talaq vaqe olar?
CAVAB
Dinən boşama olmaz, qadaən yəni qanunən bir talaqı rici olar. (Məcmuəyi Zühdiyyə)
Mənə haramsan
Sual: Xanımına, “Mənə haramsan” deməklə, boşama gerçəkləşər?
CAVAB
Bəli, boşama niyyəti olmasa da, belə deməklə boşama gerçəkləşmiş olar. (Məcmuəyi Zühdiyyə)
Sən boşandın
Sual: Bir kimsə, evləndiyi dul xanımına, “Sən boşandın” desə, xanımı boşanmış olar?
CAVAB
Köhnə ərindən talaqla deyil də, ölərək boşanmışsa, talaq vaqe olar. (Məcmuəyi Zühdiyyə)
Səndən boşam
Sual: Kişi xanımına, “Mən səndən boşam” desə, boşama gerçəkləşər?
CAVAB
Xeyr. Bu sözlə kişi boşamağı qəsd etsə belə boşama vaqe olmaz, çünki kişi boşanmaz, qadın boşanar. Qadın, “Mən özümü boşadım” desə, əri də təsdiq edərsə, o vaxt niyyətə baxılmadan qadın boş olar. (Məcmuə-i Zühdiyyə)
Nikahını bağışladım
Sual: “Sənə nikahını bağışladım” deməklə talaq olar?
CAVAB
Bəli, olar. (Məcmuəyi Zühdiyyə)
Məni boşa!
Sual: Bir kişi, “Məni boşa” deyən zövcəsinə, “Səni boşamazsam iki əlim qurusun” desə, boşama vaqe olar?
CAVAB
Bəli, xanımını boşamış olar. (Məcmuəyi Zühdiyyə)
Zövcəlikdən uzaqlaşdırdım
Sual: Xanımına, “Səni xanımlıqdan uzaqlaşdırdım” deməklə, boşama gerçəkləşər?
CAVAB
Bəli, boşamaya niyyət etməsə də boşama baş verər. (Məcmuə-i Zühdiyyə)
Xanımın varmı?
Sual: “Sənin xanımın var?” deyə soruşulduğunda, “Yox” cavabını verilirsə, talaq vaqe olar?
CAVAB
Xeyr. Boşamaya niyyət etsə belə, nikahı inkar, talaq olmayacağı üçün, talaq vaqe olmaz. (Məcmuəyi Zühdiyyə)
Şərtli boşama
Sual: “Filankəslə danışarsan boşsan” və ya “Bu evə girsən boşsan” deyildikdən sonra, filankəs dediyi kimsə ölsə və ya o ev bağça olsa, nə olar?
CAVAB
Edilən şərtli boşama hökmdən düşər. (Məcmuəyi-Zühdiyyə)
Bir boşama üçün üç imza
Sual: Həyat yoldaşımla aramızda razılaşaraq boşanmağa qərar verdik. Üç nüsxə boşanma sənədi hazırlayıb imzaladıq. Belə üç nüsxəyə üç imza atmaqla bir talaqmı oldu? And içmək də belədir?
CAVAB
Boşanma razılaşmasına min dənə də imza atılsa, bir talaq olar. Bir kimsə, xanımına, “Səni boşadım” desə, sonra xanımının eşitmədiyini zənn edərək təkrar, “Səni boşadım dedim, eşitmədin?” desə yenə bir talaq olar. Təkrar, “Anlamırsan, səni boşadım deyirəm” deyə ilk söylədiyini xatırlatmaq üçün söyləyəndə bir talaq olar. Boşadığını xatırlatmaq məqsədilə min dəfə söyləsə, hərəsi ayrı bir boşama olmaz, əvvəlkini açıqlamaq olar. Nə niyyətlə söylədiyini ancaq kişi bilə bilər. Onun sözü etibarlıdır. Yalan söyləyərsə məsul özü olar. Xanımına günah olmaz. Xatırlatmaq üçün deyil, üç dəfə boşamaq üçün, “Səni boşadım, səni boşadım, səni boşadım” deyərsə üç talaq olar. Əvvəlki söylədiyini xatırlatmaq məqsədilə dəfələrlə söyləsə, bir talaq olar. Xanımına bir dəfə, “Səni boşadım” dedikdən sonra xanımı “Məni boşadınmı?” deyə soruşsa, o da “Bəli, boşadım dedim axı” desə yenə bir talaq olar. Yəni, ilk söylədiyini bildirmiş olar, ikinci bir talaq olmaz. Başqaları, “Xanımını boşadınmı?” deyə soruşsa, o da əvvəlki boşadığını bildirmək üçün “Bəli, boşadım” desə ikinci bir talaq olmaz. Belə neçə adam soruşarsa soruşsun, bir talaq olar.
Bu vəziyyət and içmədə də eynidir. Eyni şeyi qüvvətləndirmək məqsədiylə, ard-arda və ya başqa vaxtlarda dəfələrlə “Vallah bunu etməyəcəm” deyə and içsə, bu andını pozanda yenə bir and kəffarəsi lazımdır, çünki sonrakı andlar birinci andı xatırlatmaq, vurğulamaq üçün deyilmişdir. Ayrı bir and deyildir. Vurğulamaq üçün deyilməmişsə, hamısı ayrı and olar.
And və talaq
Sual: “Şərt olsun” və ya “Üçdən doqquza şərt olsun...” deyiləndə, dinən boşama gerçəkləşər?
CAVAB
Bir kimsə, o sözün boşamada istifadə edildiyini bilirsə, elə söyləyəndə, boşama etibarlı olar. Bilmirsə boşama olmaz. Yəni şərt olsun deməyin, “Xanımımı boşadım” mənasında olduğunu bilmirsə, boşama olmaz.
Şərtə bağlı talaq
Sual: Bir kimsə, “Bu işi etsəm və ya bu adamla danışsam xanımım boş olsun” desə, bu şərtindən imtina edə bilər?
CAVAB
Xeyr. Şərtə bağlı talaq verən bundan imtina edə bilməz. (Neməti İslam)
Məktubla boşamaq
Sual: S.Əbədiyyədə, “Öldüyünü eşidib və ya boşadığını bildirən məktubunu alıb, başqasıyla evləndikdən sonra, birinci əri gəlsə, ikinci nikahı batil olar” yazılır. Birinci əri boşadığını məktubla bildirir. Məktubla boşamaq səhih olduğuna görə, niyə nikah batil olur?
CAVAB
Birinci əri, boşadığını məktubla bildirmir. Başqaları onun öldüyünü və ya boşadığını məktubla bildirirlər. Sonra özü gəlib, “Öldüyümü və ya boşadığımı məktubla bildirmişlər, amma mən ölmədim, boşamadım da...” deyir. Məktubla yazılanların səhv olduğunu bildirir. Yəni, məktubu göndərən başqalarıdır.
Təhdidlə boşamağın hökmü
Sual:”İmam Azama görə, təhdidlə edilən boşanmanın etibarlı olması kimi, sərxoşun boşamasının da etibarlı olması, səhvdir. Bu, ağla, məntiqə zidd bir zorbalıqdır” kimi çirkin ifadələrdən istifadə edilir. Sərxoşun və təhdid edilənin boşaması etibarlı deyil?
CAVAB
İmam Azam həzrətlərinin bildirdiyi hökmə kim etiraz edə bilər ki? Etiraz edənin sözünə etibar edilməz. Hər yoldan keçənin din haqqında mötəbər kitablarda olmayan şeyləri söyləməsinə fikir vermək olmaz. Bəhs edilən mövzu bütün fiqh kitablarında açıqca bildirilir. Bir neçəsi belədir:
Zarafatdan da söyləsə, sərxoş da olsa, boşama etibarlıdır. (Dürr-ül muxtar, Rədd-ül muxtar)
İçki içərək sərxoş olan kimsənin sözüylə talaq etibarlı olar.
В корзине: 0 шт.
на сумму: 0